Super User
Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib
Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev 22 iyul 2026-cı il tarixində ömrünün son illərini yaşadığı İsrailin Arad şəhərində torpağa tapşırılıb. Bu barədə "Ədəbiyyat və incəsənət" portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib.
“Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman çıxış edərək Azərbaycan icması adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.
Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin hörmət və ehtiramla yaşayacaq.
Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.
"Ədəbiyyat və incəsənət"
(23.07.2026)
“Sənə olduğun kimi nifrət etmələri olmadığın kimi sevmələrindən yaxşıdır” – ANDRE JİD
“Ədəbiyyat və incəsənət” portalı Ədəbiyyat üzrə Nobel mükafatçılarının təqdimatını davam etdirir.
Rubrikanı İlham Abbasov aparır.
1947-сi ilin ədəbiyyat üzrə Nobel mükafatına namizədlər siyahısında qarşıdakı illərin bir sıra laureatları, o cümlədən bu mükafatı 1948-ci ildə alacaq ingilis yazıçısı Tomas Eliot, 1954-cü ilin Nobel mükafatçısı, ABŞ təmsilçisi Ernest Heminquey, 1958-ci ilin laureatı -- sovet yazıçısı Boris Pasternak kimi görkəmli ədiblər olduğu halda, Nobel Komitəsinin qərarı ilə mükafat “insan probleminin, həqiqətən, qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirildiyi yüksək mənalı bədii əsərlərinə gorə” o dövrdə çox da tanınmayan, yəhudi əsilli Fransa yazıçısı Andre Jidə verildi.
Bir insan və şəxsiyyət olaraq son dərəcə ziddiyyətli, bir yazıçı kimi mürəkkəb həyat yolu keçmiş A.Jid özünün bənzərsiz əsərləri ilə ədəbiyyatda gedən yeniləşmə prosesinə güclü təsir göstərmişdi.
Sizə Andre Jid aforizmlərindən seçmələr təqdim edirik.
–İncəsənət və təbiət Yer üzündə rəqib kimi mövcuddur.
– Böyük sənətkar odur ki, qarşısına çıxan maneələrdən tramplin kimi istifadə edə bilir.
– Məxluq nə qədər zəifdirsə, onun üçün dəyişikliklər bir o qədər qorxuludur.
– Təhsil ancaq güclülər üçün faydalıdır.
– İnsan başqa şəxslərin təsirindən qaça bilməz; nə qədər özümüzü qorusaq da, nə qədər ətrafımıza çəpər çəksək də, təsirə məruz qalırıq.
– İnsan öz varlığının bir çox cəhətlərini aça bilmur; yalnız o cəhətləri açır ki, onları izah edə bilir.
– Sənə olduğun kimi nifrət etmələri olmadığın kimi sevmələrindən yaxşıdır.
– İncəsənət sıxıntılar hesabına yaşayır, sərbəstlikdən isə məhv olur.
– Allah qorxusu bitən yerdən müdriklik başlayır.
– Atasının kim olduğunu bilməməsi insanı ona oxşamaqdan xilas edir.
– İnsan xarakterinin səfalətini yalnız uzun sürən ünsiyyətdən sonra anlamaq olur.
– Çox zaman qadın öz sevgisini kişinin boynuna asılqan kimi asır.
– Həyatda o qədər gözəl şeylər var ki, zövqsüzlüyümüz onları görməyə mane olur.
– Başqasının səndən yaxşı edə biləcəyi bir işi heç zaman eləmə.
– İnsanın yaratdıqlarının ən yaxşıları mütləq qəm-kədər ifadə edir.
– Həyatda ən çətin şey nəyə isə uzun müddət ciddi münasibət bəsləməkdir.
– Əlindən xeyir iş gəlmirsə, həyata nə ilə bağlana bilərsən?!
– Hamının əyriliklə yaşadığı dünyada düz adam şarlatan kimi görünür.
– Bizim öz iradəmiz adlandırdığımız şey Allahıln bizi hərəkətə gətirmək üçün istifadə etdiyi ipdir.
– Qadının ağlını dəyərləndirməmək kişilərin ən böyük səhvidir.
– Axşama günün ölümü kimi baxırıq, əslində isə o, yeni günün doğuluşudur.
– Qəlbimiz dini təsəvvürlərə uyduqca real həyat öz mənasını itirir.
– Adi insanın Allahın səsini eşitmək qabiliyyəti yoxdur, qulağımıza həmişə yalnız şeytanın səsi gəlir...
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)
Ömrün 70-cı aşırımında “Payız havası”
Adilə Nəzərova,
filologiya üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
“Feysbuk”da qarşıma çıxan bir paylaşımdan öyrəndim yazıçı Əlabbasın “Payız havası” adlı yeni kitabının işıq üzü gördüyünü. Düzdür, kitabın çapdan çıxdığı vaxt ötən ilin sentyabr ayının son günlərinə təsadüf edirdi; yəni təbiətdə payızın ilk mehləri əsməyə, payız havası özünü yavaş-yavaş hiss etdirməyə başlayırdı. Lakin bu ad fəslin yox, elə müəllifin özünün də kitabdakı müsahibələrindən birində qeyd etdiyi kimi, ömrün qarşıdan gələn 70 yaşlı barlı-bəhərli payızının havası idi.
Çox keçmədi ki, yazıçı kitabı kuryer vasitəsilə mənə ünvanladı. Müəllifin göstərdiyi bu nəcib diqqət və gözəl jest qarşısında özümü mənəvi cəhətdən bu kitab haqqında söz deməyə, yazmağa borclu saydım. Amma həyatın adi axarı, baş qarışıqlığı, araya düşən fərqli olaylar və başqa mövzular bu niyyətimi bir qədər təxirə saldı. Nəhayət, indi – görkəmli yazıçımızın 70 illik yubileyi ərəfəsində, çoxdan planlaşdırdığım, hər vərəqini oxuduqca qeydlər götürdüyüm o yazını qələmə almağa qərar verdim.
“Payız havası” çoxşaxəli məzmunu və zəngin janr müxtəlifliyi ilə diqqəti cəlb edən fərqli topludur. Bu kitab yazıçı Əlabbasın ötüb-keçən illərinin bədii hesabatıdır və eyni zamanda onun həyata, insana, qələm adamına, ədəbiyyata baxışının vahid mətndə birləşmiş bədii-fəlsəfi mənzərəsini yaradır. Kitabın səhifələrini vərəqlədikcə müəllifin özünəməxsus nəsr üslubuna, səmimi dünyagörüşünə və ən əsası da, bütöv bir ömür ssenarisinə şahid oluruq.
Hekayə bölməsində cəmi iki nümunə yer alsa da, bura kitabın bədii əsasını təşkil edir. “Yadigar nəğmə” və “Yolda adam” əsərləri yazıçının psixologizmə, eləcə də insan mənəviyyatının gizli qatlarına nüfuz etmək bacarığını nümayiş etdirir. Müəllif real həyat lövhələri üzərində fəlsəfi düşüncələr yaradır.
“Yadigar nəğmə” hekayəsində oxucu Tapdıq adlı kimsəsiz, ayağı şikəst, ömrü boyu hər kəsdən “Axsaq”, “Topal”, “Cılız” kimi ayamalar eşidən və çətin şəraitdə süd sataraq dolanan bir uşağın acınacaqlı, lakin son dərəcə saf daxili dünyası ilə qarşılaşır. Onun səhər tezdən ucalan “Süd vaar, süüüd, qatıııq!” sədası səhərlər bir məhəlləni yuxudan oyadan səsdən çox, insanın daxili təmizliyinin, halal əməyinin musiqisidir. Müəllifin anasının ona göstərdiyi nəvaziş, təmiz geyimlər bağışlaması və uşağın bu sevgini “göydə Allahı görmək” kimi qəbul etməsi sarsıdıcı dərəcədə təsirlidir. Tapdığın özündən də acınacaqlı vəziyyətdə olan “Saymaz” adlı iti üçün narahat olması, heyvan öldürüldükdə çəkdiyi iztirab onun insanlıq dərsidir.
“Yolda adam” hekayəsində isə hadisələr ölüm ayağında olan anasının son istəyini – bircə dənə də olsa balıq yemək arzusunu – yerinə yetirmək üçün çırpınan Həbib müəllimin və onun arvadının ətrafında cərəyan edir. Şəhərdə balıq tapılmaması, fırtınada batmış balıqçıların gətirdiyi hüzn və gecənin qaranlığında yolda rast gəlinən tanımadıqları qəribə bir qarovulçunu maşına götürmələri mistik bir süjet yaradır. Sonda həmin yolçunun təsadüfən maşında unutduğu zənbildən çıxan iki balıq, insanın insana etdiyi yaxşılığın Tanrı tərəfindən anındaca mükafatlandırılmasının real möcüzəsidir.
Bu hekayələri oxuyanda öz-özümə düşünürəm: Biz gündəlik həyatın qaçhaqovunda neçə belə “Tapdıq”ların yanından laqeyd keçirik? Yaxud da çətin məqamda “yoldakı adam”a evimizin, maşınımızın qapısını açmağa cəsarətimiz çatırmı? Əlabbas müəllim bu yazılarda bizə itirdiyimiz həmin o böyük humanizmi – insanı insana sevdirən o ilahi şəfqəti və Tanrının mükafatına layiq olmağın əsl yolunu xatırladır.
Sorğu bölməsində yazıçının müxtəlif illərdə və fərqli mətbuat orqanlarında işıq üzü görmüş müsahibələri toplanıb. Bu söhbətlər müəllifin ədəbiyyatın missiyası, cəmiyyətin mənəvi durumu və yaradıcılıq prosesinin çətinlikləri barədə səmimi fikirləri ilə zəngindir. Xüsusilə Çingiz Aytmatov və onun “Gün var əsrə bərabər” romanı ətrafında aparılan bədii-fəlsəfi sorğu sənətkarın dünya ədəbiyyatına nə dərəcədə dərindən bələd olduğunu göstərir. Müəllif Ç.Aytmatovun “Cəmilə” povestindən başlayaraq, “Gün var əsrə bərabər” romanındakı Sarı-Özək çöllərindəki Boranlı razyezdində baş verən hadisələri, Yedigeyin daxili sarsıntılarını və manqurtlaşma bəlasını geniş təhlil edir. O, manqurtluq konsepsiyasını təkcə tarixi bir mif kimi deyil, həm də müasir dövrün milli mənliyini, dilini, soy-kökünü itirən Sabitcanlar, Tansıkbayevlər və Əbilovlar ordusunun timsalında real cəmiyyət faciəsi kimi qiymətləndirir. Yazıçı qeyd edir ki, yaddaşın itməsi insanı öz anasının qatilinə çevirir.
Əlabbas yazır ki, Ç.Aytmatovun Nobel mükafatı ala bilməməsi qlobal siyasi konyunktura və onun “qanı ilə türk, dini ilə müsəlman, ruhu ilə dünya vətəndaşı” olması ilə bağlıdır. Əlbəttə ki, o, bu fikri dərin bir ədəbi kinayə ilə ifadə edir. Nobel komitəsinin qərəzli və subyektiv meyarlarını, Şərq və türk-müsəlman dünyasından olan dahi sənətkarlara qarşı tətbiq edilən ikili standartları ifşa edir. Bu yanaşma, bəşəriyyətə “manqurtizm” kimi görünən və fəlsəfi fəlakəti xəbərdar edən bir dühanın mənsubiyyətinə görə qlobal sənət tribunalından kənarda saxlanılmasına qarşı müəllifin kəskin etirazıdır.
Anım bölməsi müəllifin vəfalı dost və həssas insan obrazını tamamlayır. Müəllif doğma Nursu kəndini real dünya ilə mifin birləşdiyi mənəviyyat ocağı, oranın ziyalılarını isə bütöv bir məktəb adlandırır. Bu mühitin yetirməsi, AMEA-nın müxbir üzvü Adil Bağırov yazıçının həyatında mühüm rol oynamışdır. Xatirələrdə onun 20 minlik şəxsi kitabxanası ilə müəllifə yol göstərməsi, gəncliyində sənədlərini filologiyaya yönəltməsi və illər sonra özünün “Köhnə kişi” əsəri ətrafında yaranan tənqidi məktub davasındakı sərt, lakin qoruyucu ağsaqqal mövqeyi bədii boyalarla canlandırılır.
AMEA-nın müxbir üzvü Adil Bağırovun, eləcə də bu mühitin yetirdiyi dəyərli ziyalılar – filoloq Akif Bağırov və uroloq Akif Bağırovun xatirəsinə ehtiramla yanaşılır, onların elmi-pedaqoji fəaliyyəti zəngin bir irsin davamı kimi işıqlandırılır.
Bölmənin digər mühüm sütununu müəllifin tələbəlik dostu, tanınmış tənqidçi alim Sabir Bəşirovun sarsılmaz dostluq və peşəkar vəfa hekayəsi təşkil edir. İnfarkt keçirməsinə baxmayaraq, digər dostları Arifin hüzrünə gəlməsi onun mənəvi bütövlüyünü nümayiş etdirir. Sabir yazıçıya “Sözün köhnə kişisi” kitabını həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir. Dostların vaxtilə Yardımlıya etdiyi səfər isə Azərbaycan hekayəçiliyinin mühüm nümunələrindən olan “Arvanada dəfn” əsərinin yaranmasına (kənd qadını Dəftər və ana Ağca obrazları vasitəsilə) ilham vermişdir.
Nəticə olaraq, bu bölmə sənət adamlarının bir-birinə olan mənəvi bağlılığını, “köhnə kişilərin” əyilməz xarakterini və ölümün amansızlığı qarşısında əbədiləşən dostluq tellərini təcəssüm etdirir.
Gəzişmə bölməsində yer alan və “Yazılar bəy libasında” başlığı altında təqdim olunan esselər müəllifin bədii-fəlsəfi təfəkkürünün məhsuludur. Burada sözün qüdrəti, yazıçılıq sənətinin görünməyən tərəfləri və estetik dəyərlər sərbəst düşüncə formatında təhlil edilir. Əlabbas yazının sənət tərəfinə toxunaraq, sözün bədii təfəkkürün bəy libası geyinmiş ən uca zirvəsi olduğunu göstərir. O, yaradıcılıq prosesindəki tərəddüdləri, yazı masası arxasında çəkilən mənəvi əzabları və sözün estetik missiyasını çox sərbəst, heç bir akademik qəlibə sığmayan səmimi bir dillə təhlil edir. Bu esselər oxucunu sözün sehrinə inanmağa dəvət edir.
Məktub bölməsi oxucuya ədəbi mühitin pərdəarxası məqamlarını göstərmək baxımından əvəzsizdir. Jurnalist Xalid Kazımlıya ünvanlanan birinci məktubda müəllif öz timsalında Azərbaycan ədəbiyyatında kök salmış pərdəarxası qruplaşmaları və “ədəbiyyat bosslarının” biət etməyən istedadları boğmaq cəhdlərini kəskin tənqid edir. Müəllif 1981-ci ildə yazdığı, dil və üslub şedevri olan “Köhnə kişi” povestinin yazıçı Mövlud Süleymanlı tərəfindən 8 il şkafda gizlədilərək çapına mane olunduğunu ağrıyla xatırladır. Oxşar şəkildə, Qazilərin müharibədən sonrakı faciələrindən bəhs edən ilk romanlardan olan “Qaraqovaq çölləri” əsərinə görə akademik Bəkir Nəbiyevin qorxu içində ondan uzaqlaşmasını və “Azadlıq Radiosu”ndakı müzakirələrdə tənqidçi İradə Musayevanın Qarabağ mövzusunu sükuta və unudulmağa bükmək çağırışını müəllif, cəmiyyətə yeridilən qorxaqlıq və təslimçilik siyasətinin (məsələn, “Dalles planı” tipli mənəvi aşınma layihələrinin) bir təzahürü kimi ifşa edir.
Xalq yazıçısı Anara yazılan ikinci məktubda müəllif AYB-nin son ev bölgüsü ətrafında yaranan qalmaqallar fonunda Anarın yazıçı və ziyalı mühitindəki silinməz yerini müdafiə edərək, ona qarşı yönələn aqressiyanın istedadına yox, tutduğu posta görə olduğunu vurğulayır. Məktubun əsas məqsədi ev bölgüsündən kənarda qalanların mənzil problemini diqqətə çatdırmaqdır.
Hər iki məktub oxucuya ləyaqət manifestini və dövlətin yaradıcı insana sahib çıxmaq ənənəsini xatırladır. Yazıçı müraciətinin kəsərini artırmaq üçün 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin gənc yazıçılarla görüşü zamanı şəxsən şahidi olduğu tarixi bir hadisəni örnək gətirir. Həmin vaxt hər kəsin qorxub çəkildiyi bir məqamda müəllif ev müraciətini cəsarətlə Prezidentə təqdim etmiş, Anarın da yerindəcə etdiyi cəmi beş-on cümləlik dürüst təqdimatı sayəsində dörd evsiz yazıçının mənzillə təmin olunmasını xatırladır. Müəllif yekunda qeyd edir ki, respublikanın o ağır illərində Heydər Əliyevin atdığı bu xeyirxah addımı, bu gün Zəfər nəşəsini yaşatdığı Möhtəşəm Qələbə ilə Azərbaycanı ləkədən xilas edən Prezident İlham Əliyev də mütləq təkrar edər; yetər ki, bu məsələdə düzgün vasitəçi olsun.
Təəssürat bölməsində “Dərs” başlığı altında yazıçının uzun illər ərzində topladığı zəngin həyat təcrübəsindən süzülüb gələn, aforizm səviyyəsində qəbul edilə biləcək lakonik həyat qənaətləri və dərsləri öz əksini tapıb. Bu lakonik fikirlər hər bir oxucu üçün həyat yolunda bələdçiyə çevrilə biləcək hikmət xəzinəsidir.
Rəy bölməsində isə yazıçının digər sənətkarların əsərlərinə, yeni nəşr olunmuş kitablara yazdığı obyektiv, peşəkar və estetik meyarlara söykənən ədəbi rəyləri cəmlənib. Bu bölmə onun ədəbi tənqidçi və analitik təfəkkürünü təsdiq edir. Əlabbas digər müəlliflərin əsərlərinə yanaşarkən qərəzdən uzaq, tamamilə estetik prinsipləri rəhbər tutan tənqidçi kimi çıxış edir.
Olub-keçənlər bölməsi kitabın səmimi və oxunaqlı hissələrindən birini təşkil edir. Ömrün gənclik illərində edilən səhvlərdən tutmuş yol polisi ilə maraqlı qarşılaşmalara, milli musiqimiz olan segahın insanda oyatdığı ruhani hisslərdən tutmuş gündəlik xırda məişət hadisələrinə qədər həyatın içindən süzülüb gələn real epizodlar bu toplunu bitkin, səmimi və bütöv bir ömür mətni kimi tamamlayır.
Buradakı kiçik əhvalatlar, yumoristik məqamlar oxucunu yormur, əksinə, yazıçının bizlərdən biri olduğunu, hamımız kimi eyni qayğılarla, eyni sevinclərlə yaşadığını təsdiq edir. “Segah”ın insanda oyatdığı ilahi ruhanilik isə yazıçının daxili musiqisinin və milli ruhunun ən gözəl təzahürüdür.
Əlabbasın “Payız havası” adlı bu dəyərli toplusu bütövlükdə insan mənəviyyatının, keçmişə olan ehtiramın və ədəbiyyata verilən böyük dəyərin bədii təcəssümüdür. Kitabdakı janr rəngarəngliyi, səmimi təhkiyə və dərin psixologizm oxucunu yormadan ömür yolunun ən gizli cığırlarına aparır və hər birimizi öz keçmişimiz, bu günümüz və mənəviyyatımız barədə dərindən düşünməyə məcbur edir.
Yazıçı Əlabbasın “Payız havası” əslində bir sənətkarın payız fəsli kimi zəngin, barlı-bəhərli ömür yolunun, yaradıcılıq hesabatının bədii güzgüsüdür. O, bu kitabla oxucusunu öz mənəvi dünyasına dəvət edir, sözün və ömrün ən səmimi məqamlarını bizimlə bölüşür. Bu gözəl əsər münasibətilə hörmətli yazıçımızı ürəkdən təbrik edir, ömrünün bu müdrik, 70-ci payız aşırımında ona cansağlığı, tükənməz yaradıcılıq enerjisi arzulayıram. Qoy ömrünüzün payızı da hər zaman yaz təravətli və yeni bədii töhfələrlə zəngin olsun!
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)
Özbəkistan Jurnalistlər Birliyinin sədri azərbaycanlı həmkarlarını Milli Mətbuat Günü münasibətilə təbrik edib
Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arif 22 İyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya təbrik məktubu ünvanlayıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Jurnalistlər Birliyi Mətbuat Xidmətindən məlumat verilib.
Təbrik məktubunda Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolundan bəhs olunaraq, Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçi mətbuat ənənələrinin bu gün də həqiqətə sədaqət, milli dəyərlərə bağlılıq və ictimai məsuliyyət prinsipləri ilə uğurla davam etdirildiyi vurğulanıb.
Şöhrət Arif vurğulayıb ki, Azərbaycan milli mətbuatı zəngin tarixi ənənələri, yüksək peşəkarlıq məktəbi və cəmiyyətin inkişafındakı müstəsna rolu ilə bütün Türk dünyasında böyük nüfuza malikdir.
Məktubda Özbəkistan ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında media qurumlarının və jurnalist təşkilatlarının əməkdaşlığının xüsusi önəm daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, Özbəkistan Jurnalistlər Birliyi ilə Azərbaycan Jurnalistlər Birliyi arasında formalaşmış səmərəli münasibətlər gələcəkdə birgə layihələr, qarşılıqlı səfərlər və peşəkar əməkdaşlıq təşəbbüsləri hesabına daha da genişlənəcək.
Özbəkistan Jurnalistlər Birliyinin sədri iki qardaş ölkənin jurnalistləri arasında yaradıcı əməkdaşlığın möhkəmlənməsinin bütövlükdə Türk dünyasının ortaq informasiya, mədəniyyət və mənəvi məkanının zənginləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda Şöhrət Arif Elçin Şıxlıya möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, Azərbaycan Jurnalistlər Birliyinə isə milli jurnalistikanın inkişafı naminə fəaliyyətində yeni başarılar diləyib, qardaş Azərbaycan xalqına və bütün Türk dünyasına sülh, firavanlıq və davamlı yüksəliş diləyib.
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)
Həmyerlimiz beynəlxalq teatr layihəsinə tamaşa məsləhətçisi kimi cəlb olunub
Fariz Əhmədov
"Ədəbiyyat və İncəsənət" portalının Naxçıvan təmsilçisi
Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyev Türkiyədə fəaliyyət göstərən "Ege Gösteri Sanatları" teatr cəmiyyətinin dəvəti ilə beynəlxalq teatr layihəsinə tamaşa məsləhətçisi kimi cəlb olunub.
Səhnə əsəri Türkiyənin tanınmış dramaturqu və teatr xadimi Mehmet Ümit Görgülünün "Don Kixot və Məddah tamaşası" ("Vəlimi, Səlimi? ") pyesi əsasında hazırlanacaq. Tamaşanın quruluşu üzərində Türkiyənin tanınmış sənət adamları Rasim Aşın, Bora Kaskan və Mehmet Ümit Görgülü çalışırlar.
Artıq layihə ilə bağlı ilkin yaradıcılıq müzakirələri başa çatıb. Müzakirələrdə məsləhətçi qismində yer alan Səməd Canbaxşiyev səhnə əsərinin bədii həlli, dramaturji quruluşu və konsepsiyası ilə bağlı təklif və mülahizələrini bildirib.
Qarışıq teatr üslubunda ərsəyə gələcək tamaşanın məşq prosesinə yaxın günlərdə başlanılacaq. Səhnə əsərinin premyerasının 2026-cı ilin sentyabr–oktyabr aylarında Türkiyədə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Səməd Canbaxşiyevin bu beynəlxalq layihədəki fəaliyyəti Naxçıvan Dövlət Milli Dram Teatrının beynəlxalq teatr əlaqələrinin genişlənməsi və yaradıcı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)
“Maraqlı söhbətlər”də ekizlərin inanılmaz taleyi
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Doğulduqdan sonra onları ayırıb fərqli ailələrə verirlər.
Hər iki ailə bir-birindən xəbərsiz olaraq oğlanlarına Ceyms adını verirlər. Hər ikisi böyüyəndən sonra Linda adlı qadınlarla evlənirlər...
İnanılmazdır, deyilmi?
Daha sonrası bundan da betər inanılmazdır.
Sonradan hər ikisi boşanır və bu dəfə yenidən evlənərkən, evləndikləri qadınların adı isə Betti olur. Oğullarına demək olar ki, eyni adlar verirlər: Ceyms Alan və Ceyms Allan. Hər ikisi eyni markalı siqaret çəkir, hər ikisi “Chevrolet” sürür, hər ikisi mühafizəçi işləyir və bir-birindən xəbərsiz həmişə Florida çimərliyində istirahət edirdilər. Nəhayət, 1979-cu ildə, 39 yaşında görüşürlər. Minnesota Universitetinin alimləri əkizləri araşdırırlar və onların tibbi qeydlərinin və psixoloji test nəticələrinin demək olar ki, eyni olduğunu aşkar edirlər.
Bu hadisə insanı daha güclü şəkildə formalaşdıran genlər, tərbiyə ilə, yoxsa tale ilə bağlı olduğu mübahisələrdə əsas arqumentlərdən birinə çevrildi.
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)
Türk dastanları – “Köç”
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə Türk dastanlarıdır. Bu dəfə Türklərin ortaq yaradıcılıq məhsulu sayılan "Köç" dastanı barədə danışacağıq.
Tarix bəzən daş kitabələrdə, bəzən hökmdar fərmanlarında, bəzən də xalqın yaddaşında yaşayan dastanlarda gizlənir. Qədim Uyğur türklərinin Köç dastanı da belə əsərlərdən biridir. İlk baxışda bu, sadəcə bir xalqın yurdunu tərk etməsi haqqında rəvayət təsiri bağışlayır. Lakin dastanın dərin qatlarına enəndə məlum olur ki, burada söhbət yalnız köçdən deyil, bir millətin taleyindən, dövlətin süqutundan və mənəvi dəyərlərin qiymətindən gedir.
Rəvayətə görə, Tanrı Uyğur elinə bənzəri olmayan bir nemət bəxş etmişdi. Bu, adi daş deyildi. Xalq ona Qut Daşı və ya Yada Daşı deyirdi. İnanca görə, dövlətin bərəkəti, ordunun qüdrəti və xalqın birliyi həmin müqəddəs daşla bağlı idi. Daş öz yerində olduqca torpaqlar məhsul verir, çaylar gur axır, sürülər çoxalır, düşmənlər isə bu yurda yaxınlaşmağa cəsarət etmirdi. Ağsaqqallar deyirdi ki, «dövləti qılınc deyil, qut yaşadır».
Lakin hər güclü dövlət kimi Uyğur eli də hiylə ilə üz-üzə qalır. Uzaq diyarlardan gələn elçilər hökmdarın etibarını qazanırlar. Onlar qızıl, ipək və qiymətli hədiyyələr qarşılığında yalnız bir istək irəli sürürlər – müqəddəs daşı onlara vermək. Hökmdar əvvəlcə tərəddüd edir. Ağsaqqallar xəbərdarlıq edirlər: «Bu daşı vermək, dövlətin ruhunu verməkdir». Ancaq hakim bu sözlərə əhəmiyyət vermir. O düşünür ki, dövlətin gücü daşda deyil, ordudadır.
Daş yurdu tərk etdiyi gün hər şey dəyişir.
Dastanda təsvir edilir ki, əvvəlcə külək qəribə səslə əsməyə başlayır. Sonra dağlardan, qayalardan, meşələrdən və çaylardan eyni nida yüksəlir:
"Köç!.. Köç!.. Köç!.."
Bu, insan səsi deyildi. Sanki bütün təbiət bir xalqın taleyinə ağı deyirdi.
Atlar səbəbsiz kişnəyir, quşlar yuvalarını tərk edir, bulaqların suyu azalır, otlaqlar qurumağa başlayır. İnsanlar qorxu içində bir-birinə baxır, lakin artıq gec idi. Xalq anlayır ki, itirdiyi sadəcə bir daş deyil, Tanrının onlara bəxş etdiyi qut, yəni dövləti ayaqda saxlayan mənəvi qüvvədir.
Beləliklə, böyük köç başlayır. Karvanlar günlərlə, aylarla yol gedir. Arxada isə yalnız boş qalmış yurdlar deyil, bir zamanlar qüdrətli olmuş dövlətin xatirələri qalır. Dastan burada oxucuya acı bir həqiqəti çatdırır: bəzən dövlətlər düşmənin qılıncı ilə yox, rəhbərlərin yanlış qərarları ilə süqut edir.
Araşdırmaçılar hesab edirlər ki, Köç dastanı qədim Uyğur dövlətinin yaşadığı siyasi sarsıntıları və köçləri mifoloji dillə izah edən ən mühüm əsərlərdən biridir. Buradakı müqəddəs daş dövlətin müstəqilliyini, milli birliyini və xalqın mənəvi dayağını təmsil edir. Daşın yad əllərə verilməsi isə milli sərvətin və dəyərlərin qorunmasının vacibliyinə dair simvolik xəbərdarlıqdır.
Bu gün Köç dastanını oxuyarkən onun yalnız keçmişdən danışmadığını görürük. Əsrlər əvvəl söylənilən bu rəvayət müasir dövr üçün də eyni sualı verir: Bir xalqı həqiqətən güclü edən nədir? Ordusu, sərvəti, yoxsa milli yaddaşı və mənəvi dəyərləri?
Bəlkə də buna görə Köç dastanı türk dünyasının ən düşündürücü əsərlərindən biri hesab edilir. O, bizə öyrədir ki, torpaq yalnız üzərində yaşayan insanlarla deyil, onların qoruduğu dəyərlərlə Vətənə çevrilir. Bir millət öz qutunu, tarixini və kimliyini itirdiyi an, ən möhkəm qalalar belə onu xilas edə bilmir. Amma bu dəyərləri qoruyan xalq, nə qədər uzaqlara köç etsə də, yenidən öz taleyini yazmağı bacarır.
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)
Misirdə azərbaycanlı alim təltif olunub
Misir Ərəb Respublikasında fəaliyyət göstərən Əfqanıstan Tələbələr Birliyi Misir–Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Misir Ərəb Respublikasında Azərbaycan icmasının sədri, Qahirə Universitetinin müəllimi, doktor Seymur Nəsirovu tələbələrə göstərdiyi uzunmüddətli dəstəyə və xeyriyyəçilik fəaliyyətinə görə təltif edib.
Təltif mərasimi doktor Seymur Nəsirovun Əl-Əzhər Universitetində təhsil alan tələbələrə, eləcə də müxtəlif ölkələrdən olan elm tələbələrinə 25 ildən artıq müddətdə göstərdiyi elmi, mədəni və sosial xidmətlərə minnətdarlıq əlaməti olaraq keçirilib.
Seymur Nəsirovun “Ədəbiyyat və incəsənət”ə verdiyi açıqlamaya görə, mərasimdə çıxış edən Əfqanıstan Tələbələr Birliyinin sədri Bərəkətullah Şirzad bildirib ki, doktor Seymur Nəsirov tələbələrin hər zaman yanında olub, onların elmi və mədəni inkişafına davamlı dəstək göstərib. Onun sözlərinə görə, Seymur Nəsirovun təşəbbüsü ilə həyata keçirilən layihə və proqramlar tələbələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına mühüm töhfə verir.
Bərəkətullah Şirzad vurğulayıb ki, doktor Seymur Nəsirov elmə və tələbələrə fədakar xidmətin nümunəsidir və onun fəaliyyəti müxtəlif millətlərdən olan minlərlə tələbənin həyatında dərin iz buraxıb.
Tədbirin sonunda Əfqanıstan Tələbələr Birliyinin nümayəndələri doktor Seymur Nəsirova göstərdiyi fədakar xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Doktor Seymur Nəsirov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək bildirib ki, hər bir mükafat yeni məsuliyyət yaradır. O qeyd edib ki, bu təltif yalnız onun deyil, tələbələrin inkişafı naminə çalışan bütün insanların əməyinə verilən dəyərin göstəricisidir.
Hazırda Misir–Azərbaycan Dostluq Cəmiyyətinin həyata keçirdiyi təhsil proqramlarından 61 ölkədən 670-dən çox tələbə faydalanır. Onların təxminən yarısını misirli tələbələr təşkil edir. Mərkəzdə "Qurani-Kərim"in qiraət elmi, ərəb dili və ədəbiyyatı, xəttatlıq, bədii tərtibat, Azərbaycan və ingilis dilləri, xalçaçılıq sənəti, Muğam sənəti, eləcə də uşaqlar üçün oxu və yazı bacarıqlarının inkişafına yönəlmiş müxtəlif ödənişsiz kurslar təşkil olunur.
Qeyd edək ki, Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə "Tərəqqi" medalı, 2024-cü ildə isə azərbaycançılıq ideyasının həyata keçirilməsində və dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub. O, həmçinin 2020-ci ildə ölkəmizin diaspor siyasətinə verdiyi mühüm töhfələrə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə mükafatlandırılıb.
Azərbaycanlı alim elmi və mədəni sahədəki xidmətlərinə görə Misir Prezidenti Əbdül Fəttah əl-Sisi tərəfindən də birinci dərəcəli "Elm və Fənlər" ordeni ilə təltif edilib.
Xəbər bir çox ərəb mətbuat orqanlarında dərc olunub.
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)
ŞEİR SAATI Səttar Temuçinin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün Səttar Temuçinin şeirləri ilə tanış olacaqsınız.
Səttar Temuçin (Səttar Novruzlu) 1998-ci ildə Bakı şəhərində anadan olub. Bakı Slavyan Universitetində alman dili müəllimliyi ixtisasını bitirib. Şeirləri və yazıları dövri mətbuatda dərc olunur. “Müqəvva kədəri” adlı ilk şeir kitabını çapa hazırlayır.
ÜMİD
Mənə ümid yeri ver,
Qalmağa yerim yoxdur.
Mənə denən, gələcəm,
Gəlməsən, eybi yoxdur.
Denən ki, gecələri xəyal dediyin mənəm,
Denən, uzaq dediyin yerlər sənin yanındır,
Denən, unutmamışam, denən, çox darıxmışam,
Denən, buz bildiyin qəlb hər gün, hər an yanırdı.
Gecə ay işığının otağımda kölgəsi,
Sənə aşiq olduğum o küçənin döngəsi,
Məni hər gün oyadan bala pişiyin səsi,
Harda olsan, necə olsan, sonda mənə gələsi ol.
Mənim sözüm,
Zəif gözüm,
Səbir, dözüm,
Şeir yazmaq həvəsi ol.
Qoy mənə toxunacaq əllərin də olmasın,
Mənə baxa biləcək gözlərin də olmasın,
Ürəyimi kül edən sözlərin də olmasın,
Mənə sənin varlığın, o gül qoxun bəs edir,
Səni yada salanda lal ürəyim səs edir.
Mən hər ulduz axanda səni arzulamışam,
Xəyalın yastıq olub baş ucuma hər axşam,
Sənə hər addımımda özümü unutmuşam,
Sənsiz ölən deyiləm, yaşayıram ölənədək,
Birdən durub gələrsən, sağ ol, görüşənədək.
Mənə ümid yeri ver,
Qalmağa yerim yoxdur.
Mənə denən, gələcəm,
Gəlməsən, eybi yoxdur.
OCAQ
Nə eliyim bu təkliyin əlindən,
Hara gedim, hara qaçım, bilmirəm.
Çox olur ki özümlə rastlaşıram,
O danışır, mən susuram, dinmirəm.
Danışır ki, cəhənnəm ol başımdan,
"Cəhənnəm ol" sözə bax e, ay Allah!
Dediyini etsəm əgər cənnətə,
cəhənnəmi alarsanmı, ay Allah?
Yavaş-yavaş tüstülənir ocağım,
Özümü qucaqlamasam, boş qalacaq qucağım...
Bir də bu mənasız qafiyələr var, yapışıblar yaxama,
Hələ dedim gəlsələr, deyərsiz ki, yoxam, ha!
Deyərsiz ki, üşüyür bir ocağın dibində,
Deyərsiz, imkan olsa, gizlənərdi cibində,
Deyərsiz, öz-özünə uzaqdı bu aralar,
Elə bilir, yazdıqca sağalacaq yaralar.
Dərdimə yansın deyə, bu gün ağac kəsmişəm,
Necə nankorlaşmışam, necə şirindi dərdim.
Mən ki şeir yazmaqçun bir ağac incitmişəm,
İnan, şeir olsaydım, küsüb çıxıb gedərdim.
Hər dərdim bir ağacdı, bir quşun yuvasıdı,
Mənim dərdim o quşun Allaha duasıdı,
Ocağımı söndürüb için-için yanacam.
Bir quşun duasında Allahla rastlaşacam.
RA
(Tanrının avtobioqrafiyası)
Mən daha əvvəlki kimi hər şeyə üzülmürəm,
Daha insan deyiləm, bəlkə də, bəlkə, yoxam,
Bəlkə, gözlərimdəki kədər şəkilləri də
Köhnəlib, köhnəlib, güvə yeyib onları?
Köhnə, naftalin iyi verən o uşağın
Pencəyinə bükülüb məscid qapılarına
Buraxılan gözlərim qiblə divarlarına, dikilib, dikilib (heykəl kimi)
Yanımdan keçənlər məni görmədi, keçdi,
Görünməzlik arzumu unutmamışdı Allah.
Elə onda anladım, uşaq arzusu heçdi.
Gözlərini itirmiş mənim balaca dostum,
Ağlaya bilməmişdi,
Elə onda anladım, uşaq arzusu heçdi.
Mən kilsə kandarından baxırdım minarəyə,
Quşlar pərvaz edirdi azan səsi gəlincə,
Bennu tanrısıydımı, ya adicə quş idi,
Musanın əsasını ilana dönən kimi
Dimdiyində möhkəmcə tutub günəşə sarı
Ra, Ra, Ra çağırışları,
Boş idi, bomboş idi…
Bir də yerə çırpılmağı vardı
Günəşin batmasıyla,
Ümidlər sonda ölür, deyirlər,
Sonda ümidlər bic doğulurmuş
Yiyəsi yoxmu bəs bu tikə-para ümidlərin?
Bir səs ucalar:
Var, var, var!
Dəli oluram, Allah,
Götür məni, apar bir qadının ovcuna,
De ki, cəzandı, götür!
Kimsən, nəçisən, qadın,
Kimin ovcundayam, nədir ki sənin adın?
Həvva, Həvva, Həvva...
...
Ağzımda süd tamıyla, dodağım şişkin-şişkin,
Tərin-suyun içində, bir az da bitkin-bitkin,
Toyuqların su içib başını qaldıranda,
Gizlənpaçda bir uşaq heç cür tapılmayanda,
Gözlərimi açıram sakitcə yatağımda.
Qaranlıqdı, gecədi, nədir, axı necədir?!
Bilmirəm ki, nə bilim, bəlkə, gözlərin çıxıb?
Baxım güzgüyə hələ...
Heç nə görə bilmədim.
Zibilə qalsın elə,
Ya hələ də yatıram, ya da yuxu çin çıxıb.
MÜQƏVVA
Buludlar yağardı yağışlara.
Mən bütün dağıdılmışlara biçarə,
Əllərim ağac, ayağım yox, başım saman.
Bir aman-zaman tarlam var,
Nə anam var, nə atam.
Mən unudulmuşlara işarə.
Allah, məndən alma bu tənhalığı,
Baxma insanlara, danışan mənəm, mən
Ağac adam – müqəvva
Bax, mən səndən üz döndərmərəm,
Mən nə Adəməm, nə Həvva...
Mənəm, mən – müqəvva.
Külək hər əsdikdə üzülürəm ki,
Hansısa quşun yuvası dağılar.
Və külək dayanarkən o quşlar
Hücum çəkər saman ürəyimə
Yeni yuva ümidinə...
Nə bu quşlar elçidir,
Nə adamlar Allah.
Yanılmışam və...
Yanılmışam və...
Yanılmışam və...
Başqa bir dünyanı xatırladım,
Son dəfə məni çarmıxa çəkirdilər.
Xatırladım və...
Xatırladım və...
Xatırladım və...
(Sərt küləkdən sonra Müqəvvadan bir daha xəbər olmadı.
Quşlar bir daha oraya qayıtmadı.
Uzaqdan karvan səsi gəlir...)
HEROQLİFLƏR
Kor olub güzgüdəki əksim,
Nəfsim – tar, həqiqət – tək sim.
Dilimi kəsdilər, amma
Hələ də öz-özümə danışa bilirəm.
Qulaqlarım ilan yuvası,
Yalan – ilan duası.
İnan, dost, inanılması çətin olsa da.
İnanmasan, bir gün biri gələr və
İlan yuvasına çomaq salar.
O zaman nə edərsən öz-özünlə?
Birdən ölərsən,
Kim danışar səninlə?
Heroqliflərlə dərdini yazsan,
Rəsm sanarlar,
Ah insanlar, insanlar...
Ona görə də inan.
Birdən "rəssam" dedikləri gələr,
Və öz-özünlə danışdıqlarının bir vəhy olduğunu deyər.
Əllərini qaldırmaq istəyərsən,
Amma əllərin olmaz.
Bəs bu heroqliflərlə yazını kim yazıb?
Rəssam?
OĞRU
Bu kölgə mənimlə bir gəlməliydi,
İşıq əyilməliydi qarşımda.
Başımda küçə itlərinin səsi
Güllə səsiylə kəsilməliydi.
Çünki işıq həqiqətin özü yox,
Onun kölgəsiydi.
Mən nəyisə dərk etmiş yox,
Tərk etmiş adamam.
Sənin ayaq izlərindən keçməz ləpirlərim.
Skamyada yatan əyyaşın
Ölmək arzusundan
Və özünü quş kimi gördüyü ucsuz yuxusundan,
"Birdən yağış yağar, islanar qanadları" qorxusundan,
Bax beləcə özünü ölü, yuxusunu sağ görmək duyğusundan keçər sətirlərim.
Əlimdən uşaqlıqda oğurlanan palıd qozasının indi ağac olması
Mərhəmət hissimə kölgə salır.
Başım elə fırlanır ki, dünya, elə fırlanır ki,
Bapbalaca komamın hər küncünü döngə sanır.
İndi əlimdə bir palıd qozası ilə günəşə əl etməyim,
Günəşə silah çəkməyim kimidir.
Ona görə də palıd ağacının küskünlüyü var günəşə,
Ona görə də həmişə altı kölgə olur palıd ağacının,
Qəlbim elə qırılıb ki, dünya, elə qırılıb ki,
Bir ağac misalı...
Yandırıla və canım qurtula bu zibilə qalmış ürəkdən.
İndi bir dəcəl uşaq tapılmayacaqmı burada
Ovuclarımdan palıd qozasını oğurlaya
Və ata günəşə sarı, güllə ədasıyla,
Canı qutara bu bəşərin... Canı qurtula...
SƏDA
Dəniz kənarı. Qədim daşlar.
Söykənib bütün keçmişini içən əyyaşlar,
Başladar başından keçənlərlə baş-başa qalmağı,
Allah, bəlkə də, sükutdur, vəhy hər kəsin öz-özüylə danışmağı.
Əuzu billahi minəş-şeytanir rəcim...
Torlar zindan, qırmaqlar dar ağacı, balıqlar münəccim.
Ulduzlar birləşər üfüqdə dənizlərə,
Ayaq qaçar, di gəl, qalar fikir sahildən izlərə.
Uzaqdan izlərəm, çökər qum üstdə dizlərə,
Dua – savab,
Sual-cavab,
Ümid – suda qarışqa gözləmək,
Unut, bağışla, gözləmə.
8-ci not
Sən bilərsən, bu durnalar başqa yerə köçəndə
Bu yerlərin soyuğundan küsürmü?
Sən bilərsən, balıqçının torunda çırpınanda balıqlar
Dənizlərdən, görən, incik qalırlar?
Sən bilərsən, payız olar, yarpaqlar xəzan olar,
Yarpaq kimi bir fəsillik yolunu azan olar?!
Asan olar, deyirlər, adamın qəlb qırmağı,
İçimdə natamamlıq – vergül balıq qırmağı.
Boğazıma ilişib belə çıxıb getməyi,
Amma kimə lazım ki, bir fəsillik qalmağı.
Unutmağın bəs edər inancımı qırmağa,
Soyuq idi, kaş qoyardın ürəyində qalmağa.
Sən bilərsən, yeddi notun hansı daha gözəldi?
Gözlərimi ağ bürüdü, səkkizinci düzəldi.
NANƏLİ ÇAY
Qapı cırıltısına oyanan körpələrin hıçqırıqları.
Son nəfəsini verən köpəyin çırpınışları.
Yay yağışının yaratdığı iyrənc səssizlik.
"İndi nəsə baş verəcək" simfoniyası.
Əsa, təsadüfən düşər yada,
dənizləri bölən səda
"Mən təkəm" demə,
Xuda dənizləri süzər qaba,
Deyər, için-için yanır içim,
bir qurtuma səma udar buludları,
yağışla püskürər, amma
Duama mübtəla, əks qütblərə səla.
Sükut.
Azan və fatihə, qunut...
Unut, sən hər şeyi unut
Diz çök!
Ki, yalvarış, qırış yaratsın diz qapaqlarında
Mənəm o Allaha dua edən ki,
Duam çatınca Allaha
qabaqlaram daha.
Bitdi.
Yağış yağır yay günü,
kimsə öləcək məhəlləmizdə.
Özümü pis hiss edirəm.
Gedirəm ölməyə – evin arxasında,
Siqaret çəkiyim yerdə,
İki divar arasında.
Cansız bədənim, qarışqalar,
Gözlərimin didilməsi,
Ölüm səsi.
Mən onsuz da ölmüşəm,
Siqaret kötüklərini yığın,
Anam görüb üzülməsin.
Siqaret qoxusunu hiss etməsin deyə,
Nanələri yeyərdim,
Anam da yazıq ilbizləri söyərdi...
Kaş ölmədən nanəli çay içəydim,
Burnum axır...
Eh, qan imiş.
SÜD QOXUSU, SÜD YOLU
Son duadı,
Sondu adı,
Söndü adı,
Ürəyimdə kül oldu.
Soldu adı,
Kitablarda qurudulan gül oldu.
Gün oldu ki, dövran dönsün,
Geri dönmə, mən dönərəm başına,
Unutduğun nəsə varmı, düşünmə,
Necə olsa, bir cür çıxar qarşına.
Gözlərinə, göz yaşına qarışsam,
Yanağından süzülməkçün yarışsam,
Bu yarışda uduzmaqla barışsam,
Qalsam orda həmişəlik, əbədi,
Yarış bitdi, mən uduzdum, necədi?!
Ocağımda süd daşır,
Süd qoxusu,
Süd yolu,
Məni münəccim bilib dar ağacından asır,
Məni sinəndə yatır, dar ağacı gül açır.
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)
Ən məşhur yay yeməkləri – Tabbule
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tabbule
Ərzaqlar:
- Bulqur
- Cəfəri
- Nanə
- Pomidor
- Soğan
- Limon suyu
- Zeytun yağı
Hazırlanması:
Bulquru isladın, digər ərzaqlarla qarışdırın və limonlu sous əlavə edin.
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)


