Super User

Super User

Cümə axşamı, 23 İyul 2026 08:19

Həm jurnalistikada, həm bədii ədəbiyyatda

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sumqayıtın qələm əhli arasında Rafiq Oday fərqlənir, çünki o, həm jurnalistikada, həm də bədii ədəbiyyatda qələmini sınamaqdadır. Bu gün onun doğum günüdür, 66 yaşı tamam olur.

 

Rafiq Oday 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurub. Təhsil arası (1978-1980-ci illər) Sevostopol şəhərində hərbi xidmətdə olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Orta məktəb illərindən rayonda nəşr olunan "İşıqlı yol" qəzetində məqalələri çap olunub.

"Vətən gəz" adlı ilk mətbu şeri isə 1983-cü ildə "Sovet Naxçıvanı" ("Şərq qapısı") qəzetində dərc olunub. Rayonda nəşr olunan "İşıqlı yol" qəzetində ictimai əsaslarla "Xalq yaradıcılığı və incəsənət" şöbəsinin müdiri olub. Xələc kənd məktəbindəki fəaliyyəti dövründə "Şaman" folklor dərnəyi və eyniadlı ansambl yaradıb, bir neçə il kəndbəkənd gəzərək folklor nümunələrini toplayıb.

Onları mütəmadi olaraq rayon qəzetində dərc etdirib, sonradan bu yazıları bir araya gətirərək "Şərur folkloru – Rafiq Odayın təqdimatında" adı altında kitab halında çap etdirib. 1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılan "Dan yeri" ədəbi birliyinə rəhbər təyin edilib, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görüb.

1988-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınıb, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir. 1990-cı ilin əvvəllərindən başlayan Sədərək döyüşlərinin fəal iştirakçısı olub. 1991-ci ildə Şərur rayon Sovetinə deputat seçilib.

1991-ci ildə Şərur rayon Uşaq-Gənclər Şahmat məktəbinə direktor təyin olunub. 1997-ci ildə Sumqayıt şəhər "Cırtdan" uşaq kino-teatrının direktoru təyin olunmuş, eyni zamanda "Dünyanın səsi" qəzetində redaktor kimi fəaliyyətini davam etdirib. "Gəncliyin səsi" qəzetində məsul katib, "Dəlidağ" qəzetində baş redaktor işləyib.

 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2003-cü ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri seçilib. Bu gün də bu vəzifəni icra edir. 2005-ci ildən 2008-ci ilin əvvəllərinə qədər "Şaman" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktoru olub

2008-ci ilin əvvəllərindən bu günə qədər "Möhtəşəm Azərbaycan" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktorudur. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin may ayına kimi eyni zamanda "Azərikimya" Dövlət Şirkətinin mətbu orqanı olan "Azərbaycan kimyaçısı" qəzetinin baş redaktoru işləyib.

Respublika Prezidentinin müvafiq Sərəncamı ilə "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə veriləndən sonra, Rafiq Oday fəaliyyətini "Azərikimya" İstehsalat Birliyinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirir.

Bir yol başlamışam", "Gecələr içimə göyüzü yağar", "Ömür gedir öz köçündə", "Şərur folkloru – Rafiq Odayın təqdimatında", "Qarabağ şikəstəsi", "Xatirələr işığında", "3 Aprel günəşi", "Əlli min də qayğısı var əllimin", "Ədəbi-tənqidi məqalələr", "Həyatın yaşama düsturu" və "Qərib ruhların nəğməsi" kitabları işıq üzü görüb.

Həsən Bəy Zərdabi, "Qafqaz - Media" və "Qızıl qələm" mükafatları laureatıdır. 20 kitabın tərtibçisi, 200-dən artıq kitabın redaktoru olub. 100-ə yaxın kitaba ön söz yazıb. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamilə "Respublikanın Əməkdar Jurnalisti" fəxri adına layiq görülüb.

 

Əsərləri

- Bir yol başlamışam (şerlər)

- Gecələr içimə göyüzü yağar (şerlər)

- Ömür gedir öz köçündə (şerlər, nəsr, ədəbi tənqid, publisistika, yubiley nəşri)

- Əsrlərdən gələn səslər (folklor nümunələri)

- Ruhum məni tərk edir (şerlər və poemalar)

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

Cümə axşamı, 23 İyul 2026 12:06

“Biri ikisində” İradə Aytelin şeirləri ilə

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün” İradə Aytelin şeirləritəqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

İradə AYTEL

 

***

Aman Allah, bu gecə

Çarmıxa çəkilirəm!

Çölümə ilmə düşüb,

İçimnən sökülürəm!

 

Bircə ağ gün dərmədən,

Yazım qışa girmədən,

Payızım bar vermədən,

Torpağa tökülürəm!

 

Arzular oyuq-oyuq,

Adamsız evim soyuq!

Kəfən biçənim də yox,

Dərdimə bükülürəm!

 

***

 

Günah işləyəsən xirtdəyə qədər,

Tutunub çıxmağa yer də qalmaya!

Bütləri sındırıb, qan eyliyəsən,

Arzu bağlamağa pir də qalmaya!

 

Mələklər hər yana salalar soraq,

Savab axtaralar əllərdə çıraq.

Göy yerə tökülə, hey varaq-varaq,

Nə “Quran”, nə “Zəbur” sir də qalmaya!

 

Öləsən, bir əsgər qoşunnan çıxa,

Əməl qul Əcəlin huşunnan çıxa,

Allahın tüstüsü başınnan çıxa,

Qanın bu qadalı yerdə qalmaya!

 

***

 

Savabdan huzur edən,

Günah boyda diriyəm.

Elə ağlat, İlahi,

Ağlat, bəlkə, kiriyəm.

 

Dövrəmdən mövlam uzaq,

Hücrəmdən laylam uzaq,

Cənnətdən xeylam uzaq,

Cəhənnəmdən bəriyəm!

 

Sinəm Məhəmməd dağı,

Əməlim Sur tufağı,

Dirilərin qınağı,

Ölülərin sirriyəm!

 

***

 

Elə gözəl yandırırsan adamı,

Ürək canda gülə-gülə qovrulur.

Sözlərini  şərbət bilib içdikcə

Baxışların gözlərimdə qıvrılır.

 

Taleyimdən qopub düşən bahardın,

Nə gəlmədin, nə getmədin, nə durdun...

Bir ocağa sığışsaydıq nə vardı?

Küt gedəcək, bu xəmir kəm yoğrulur.

 

Qalib Allah, hər payınnan yarıdım,

Nənnin, dənnin hamsı mənnən geridi.

Alnım yerə, əlim sənə sarıdı,

Uralandım,  yerim göyə sovrulur.

 

***

 

İlk dəfə,

Lap körpəliyimdə

               barmağım əziləndə ağlamışdım,

Sonra məktəbdə ağladım,

İlk müəllimim bizi tərk edəndə.

Sonra kəndimizdən,

Daha sonra

           sevdiyimdən ayrılanda ağladım…

Sən demə, onların heç biri

                   ağlamaq deyilmiş…

 

Balam öləndə ağladım,

Atam öləndə ağladım,

Anam öləndə isə

Ağlamadım,

                     susdum…

İndi bilirəm ki,

             ağlamaq elə susmaqmış…

 

***

 

Və...

Sənsiz darıxmaq varıymış…

Həzin-həzin,

Gizlin-gizlin…

Ürəyimin altından dilimin ucuna qədər

Odla püskürən ahla yaşamaq,

Hər gecə

Saçlarına toxunan hənirdə üşümək,

Adını  oğurlayıb xəyallarda gizlətmək,

Beləcə

Bir ömür günahla yaşamaq

varıymış...

 

 

CANNAN DA BEZİR ADAM

 

“A, Zəlimxan, elə kövrək olmuşam,

Səhər-səhər meh də dəyir xətrimə!”

Bəhmən V.

 

Əzəl əyri gələndə

Sonnan da bezir adam.

Damarda dövr eləyən

Qannan da bezir adam.

 

Qara saça düşür dən,

Haraya çatmır bədən,

Elə bilmə özgədən,

“O”nnan da bezir adam!

 

Damaq ayrılır daddan,

Can qorğanır hər oddan,

Şan-şöhrətdən, lap addan -

Sannan da bezir adam.

 

Özülsüzsə tikilən,

Cücərmirsə əkilən,

Obaşdannan sökülən

Dannan da bezir adam.

 

Səbir ərşə çəkilir,

Dil dodağa tikilir,

Gözdən ölüm tökülür,

Cannan da bezir adam.

 

***

 

Yaylaq sanıb çıxdığın

Bir ananın qəlbinə çəkilən dağdır, bala,

Ayaqlama o dağı!

 

Şəhid qanı rəngində

Torpaqdan haray uman yaylıqlar ağdır, bala,

Ayaqlama yaylığı!

 

Mən al rəngli bayrağam!

Məni göylərdə tutan bu Vətən sağdır, bala,

Ayaqlama torpağı!

 

***

Aman Allah, bu boyda

Dünya mənə dar gəlir.

Gözümdən yaş əvəzi

Sanıram ki, qor gəlir.

 

A yığvalı talanlar,

Məni çoxunuz anlar.

Xalxa[1] ədat olanlar

Mənə sarı kor gəlir.

 

Tanrım, yolun başında,

Duracağam qarşında.

Üzün necə gələcək

Deməyə: – Aytel, əcəl

Qapındadır, dur, gəlir.

 

Elimə sülh gətirdin,

Çölümdə gül bitirdin,

Vətənimin çiynindən,

Ağır yükü götürdün,

Sən qələbəm, hünərim!

Noyabrım, zəfərim!

 

Yağıya verməz aman!

Dünya orduma heyran!

Yalnız “İrəli” dedi

Dəmir yumruq komandan!

Sən qələbəm, hünərim!

Noyabrım, zəfərim!

 

Müsəlləh əsgərinəm,

Qolunda təpərinəm!

Səmalarda bayrağın,

Sərhəddə sipərinəm.

Sən qələbəm, hünərim!

Noyabrım, zəfərim!

 

***

Akif Səmədə

 

Haqdan gələn halal yolla

Şuşaya gedirik, Paşam!

Bilirsənmi necə abad,

Necə azadədir Şuşam!

 

Sərkərdəm əlində qılınc,

Oğulları sıraladı.

Yağı düşmən göz açmamış

Ordusunu uraladıq.

 

Hələ tarix belə birlik,

Belə döyüş görməmişdi.

İndiyəcən düşmən belə

Öz qınına girməmişdi

 

Gözsüz qalan Qarabağa

Göz oldular igidlərim.

Haldan düşmüş Kəlbəcərə

Diz oldular igidlərim.

 

Susuz qalan torpaqlarım,

Suvarıldı al-qan ilə.

Hasarlandı sərhədlərim,

Hasarlandı min can ilə.

 

Türkəm, tatam, talışam mən,

Oğlun sağ olsun, ay Vətən!

Zirvə-zirvə ucalasan,

Təpən dağ olsun, ay Vətən!

 

Laçınlar uçan oylağın

Barlı bağ olsun, ay Vətən!

Sən qaliblər qalibisən,

Üzün ağ olsun, ay Vətən!

 

Şuşaya gedirik, Paşam,

“Vətən bağı al-əlvandı”.

Yol üstündə xarıbülbül,

“Zəfər yolu” çıraqbandı,

Şuşaya gedirik, Paşam!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

 



[1] Özgəyə

Çərşənbə, 22 İyul 2026 11:17

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Meksikanın nüfuzlu nəşri olan “Mundo Internacional” jurnalında Azərbaycan dövlətinin diaspor siyasətindən bəhs edilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun jurnalın baş redaktoru Karmen Mihalaskuya verdiyi müsahibə dərc olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə danışılıb. Qeyd olunub ki, Azərbaycan regionda davamlı sülhün, sabitliyin və təhlükəsizliyin əsas təminatçısıdır.

Komitə sədri xaricdə yaşayan azərbaycanlıların milli-mədəni kimliyinin qorunması, onların vahid diaspor platforması ətrafında birləşdirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib. Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əldə etdiyi nəticələri diqqətə çatdırıb. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətinin diaspor quruculuğu prosesində mühüm rol oynadığını söyləyib.

Bununla yanaşı, Meksika səfərinin məqsədləri barədə geniş danışan Komitə sədri keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb və Azərbaycan-Meksika münasibətlərinin perspektiv inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən Xaricdə Yaşayan Meksikalılar İnstitutu arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətinə diqqət çəkərək, bu sənədin diaspor sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcəyini bildirib.

Qeyd edək ki, “Mundo Internacional” jurnalı Meksika ictimaiyyəti ilə yanaşı, dövlət rəsmiləri, parlament üzvləri, akademik mühit və ölkədə akkreditə olunan diplomatik korpus nümayəndələri arasında geniş oxucu kütləsinə malikdir.

Müsahibə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.mundointernacional.com.mx/entrevista-con-sr-fuad-muradov/

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan jurnalistlərini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrikdə deyilir:

“22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edir, onlara bu şərəfli yolda uğur və müvəffəqiyyətlər arzulayıram.

Heç kimə sirr deyil ki, Azərbaycanın informasiya təhlükəsizliyinin qorumasında, ölkəmizə qarşı yalan və böhtanların çevik şəkildə ifşasında, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında  jurnalistlərimizin xüsusi əməyi mövcuddur. Məhz onlar Prezident İlham Əliyevin çağırışına uyğun olaraq hər zaman ciddi ayıq-sayıqlıq sərgiləyib, media və sosial media məkanında baş verənlərə adekvat reaksiya nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri erməni faşizmi ilə ölüm-dirim mübarizəsi apararkən, Azərbaycan jurnalistləri eyni mübarizəni media müstəvisində aparıb, düşmənin təxribatçı fəaliyyətinin qarşısının alınmasında mühüm rol oynayıblar. Onların bu mübarizəsi post-müharibə dönəmində də davam edib, böyük uğurlarla yadda qalıb. Bu fakt jurnalistlərimizin əməyinin böyüklüyündən, onların gərgin iş rejimindən, mənəvi fədakarlığından xəbər verir. Bu da bir həqiqətdir ki, Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlərimizin əməyinə hər zaman böyük hörmət və ehtiramla yanaşıb, onlara xüsusi diqqət və qayğı göstərib.

Mən bir daha veteranlar adından jurnalistlərimizi təbrik edir, onların hər birinə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər diləyirəm. Əminəm ki, jurnalistlərimiz bundan sonra da dövlətimizin hər bir çağırışını anındaca cavab verəcək, milli maraq və mənafeyimizi media müstəvisində qətiyyətlə müdafiə edəcəklər”.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə 20 iyul tarixində Locca Beach Baku-da ASAN könüllülərinin II yay festivalı keçirilib.

 

Festivalın əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, könüllülük dəyərlərinin təbliği, həmçinin gənclər arasında sosial əlaqələrin və komanda ruhunun gücləndirilməsi olub.

1500-ə yaxın könüllünü bir araya gətirən festival çərçivəsində stolüstü və komanda oyunları, çimərlik əyləncələri, müxtəlif idman yarışları, eləcə də tanınmış ifaçıların və istedadlı ASAN könüllülərinin iştirakı ilə zəngin konsert proqramı təşkil edilib.

Həmçinin tədbir çərçivəsində 2025-ci il üzrə fərqlənən könüllü qruplarının təltifetmə mərasimi keçirilib. Gün ərzində keçirilən yarışlar və interaktiv fəaliyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın uğurla həyata keçirilməsinə “Locca Beach Baku”, “Bizon”, “Bakcell”, “Badamlı”, “Milla” şirkətləri, həmçinin Azərbaycan Voleybol Federasiyası dəstək göstəriblər. Tərəfdaşların dəstəyi ilə iştirakçılar üçün müxtəlif hədiyyələr təqdim olunub, əyləncə və interaktiv zonalar yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

22 iyul – Azərbaycan Milli Mətbuat Günüdür. Bu əlamətdar gün münasibətilə keşməkeşli, çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının bütün nümayəndələrini ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar, peşə yollarında yeni nailiyyətlər arzulayırıq.

Bu əlamətdar gün münasibətilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nəmənd Rüstəmov portalımıza müsahibə verib.

 

– Əgər bu gün "Əkinçi" qəzetinin banisi Həsən bəy Zərdabi yaşasaydı, müasir Azərbaycan mediasına ilk tövsiyəsi nə olardı?

 

– Həsən bəy Zərdabi ixtisasca jurnalist deyildi. O, kənd təsərrüfatı sahəsinin mütəxəssisi idi, əkinçilik, maldarlıq və digər istiqamətlər üzrə təhsil almışdı. Amma hər şeydən əvvəl ziyalı idi. Azərbaycana kənardan baxaraq ölkəsinin nə qədər geri qaldığını görən və bunun fərqinə varan bir şəxsiyyət idi. Həsən bəy Zərdabi medianın, məlumatın və biliyin xalq, vətəndaşlar, bütövlükdə millət üçün nə qədər əhəmiyyətli olduğunu dərk etmişdi. Buna görə də ixtisası jurnalist olmasa da, üstəlik Çar Rusiyasının yaratdığı bütün maneələrə baxmayaraq, bu yola çıxdı. Həmin dövrdə Çar Rusiyası Azərbaycanda teatrın, ədəbiyyatın, milli mədəniyyətin və maarifin inkişafına imkan vermirdi. İnformasiyanın yayılması ilə məşğul olan qəzetin fəaliyyətinə də razılıq vermirdi. Həsən bəy Zərdabi diplomunu ortaya qoyaraq əsaslandırdı ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir, əkinçilik və maldarlıq sahəsində insanların maariflənməsinə ehtiyac var. Məhz bu əsasla "Əkinçi" qəzetinin nəşrinə icazə aldı və qəzetin adının "Əkinçi" seçilməsi də bununla bağlı idi. Beləliklə, məqsədinə bu yolla çatdı. Amma onun əsas məqsədi xalqın maariflənməsinə xidmət etmək, insanları məlumatlandırmaq, dünyada baş verən hadisələri ölkəyə çatdırmaq və cəmiyyətdə oxuma vərdişini formalaşdırmaq idi. O, bəlkə də hansı təməli qoyduğunu, necə nəhəng bir ağacın toxumunu səpdiyini bu qədər dərindən təsəvvür etmirdi. Lakin sözsüz ki, möhtəşəm və misilsiz bir iş gördü. Azərbaycan media tarixinin banisi kimi ölkə qarşısında əvəzsiz xidmət göstərdi. Zərdabinin yazılarını oxuyanda görürük ki, o, cəhalətdən, məlumatsızlıqdan və pərakəndəlikdən bəhs edirdi. Bilirik ki, həmin dövrün gənc maarifçiləri inkişaf yolunun formalaşmasını istəyirdilər. Təbii ki, o da deyərdi: "Hər şey xalq üçündür, hər şey millət üçündür". Daha doğrusu, hər şey xalqın rifahı, millətin inkişafı, maariflənməsi, mədəniləşməsi və dünyadan geri qalmaması üçündür.Əminəm ki, Zərdabi bu gün də yaşasaydı, eyni fikirləri səsləndirərdi. Deyərdi ki, gördüyünüz işin mahiyyətini anlayın, nəyi və necə etdiyinizin fərqində olun. Çalışın ki, fəaliyyətiniz insanlara, vətəndaşlara, cəmiyyətə və bütövlükdə bəşəriyyətə fayda versin. Məncə, Həsən bəy Zərdabi bu gün də yaşasaydı, yenə də bir maarifçi kimi çıxış edər və ömrünün sonunadək bu mövqeyinə sadiq qalardı.

 

– Süni intellekt artıq xəbərlər yazır, şəkillər və videolar hazırlayır. Sizcə, bu texnologiyalar jurnalistin rəqibidir, yoxsa köməkçisi?

 

– Süni intellekt vasitəsilə bu gün müxtəlif audio-vizual kontentlər, foto, video, audio materiallar, mətnlər, videoçarxlar, hətta qısa müddətdə böyük reytinq qazanan musiqi nümunələri yaradılır. Açığını deyim ki, onların bəzilərini mən də böyük zövqlə dinləyir, izləyirəm və bəyənirəm. Bu dövrdə jurnalist olmaq, əlbəttə ki, asan deyil. Çünki biz informasiya bolluğu dövründə yaşayırıq. İnformasiya axını son dərəcə sürətlidir və bu axının içərisində çoxlu sayda saxta, manipulyativ məlumatlar da var. Belə bir şəraitdə həqiqəti yalandan ayırmaq heç də asan deyil. Bu gün fəaliyyət göstərən jurnalistlər çalışmalıdırlar ki, peşənin əsas prinsipləri dəyişməsin. İnformasiya dəqiq, operativ və əhatəli təqdim olunmalı, tərəflərin mövqeyi işıqlandırılmalı, balans prinsipi qorunmalıdır. Bütün bunları isə süni intellektin tam şəkildə yerinə yetirməsi hələ ki, mümkün deyil. Çünki süni intellekt mövcud məlumatlar əsasında işləyir. Həmin məlumatların ilkin mənbədən əldə olunması isə jurnalistin vəzifəsidir. Mənbələri tapmaq, faktları araşdırmaq, məlumatları toplamaq və onları informasiya məkanına çıxarmaq jurnalistin gördüyü işdir. Data olmasa, süni intellekt də həmin məlumatlar əsasında xəbər və ya audio-vizual məzmun yarada bilməz.  Ona görə də hesab edirəm ki, süni intellekt dövründə jurnalist bu alətlərdən peşəkar və səmərəli şəkildə istifadə etməyi bacarmalıdır. Bu, artıq zamanın tələbidir. Zamanın nəbzini tutmaq, texnoloji inkişafdan geri qalmamaq lazımdır. Məsələn, kimsə sənin üzərinə dronla gəlirsə, adi tüfənglə ona nə qədər müqavimət göstərə bilərsən? Düzdür, hazırda dronlarla mübarizədə qırma tüfənglər müəyyən hallarda effektiv vasitələrdən biri hesab olunur. Amma ümumilikdə ən müasir texnologiyalara primitiv üsullarla qarşı çıxmaq çətindir. Elə buna görə də texnoloji inkişafdan kənarda qalmamalıyıq. Süni intellekt də bu inkişafın ayrılmaz hissəsidir. Elə yaşamalı, elə davranmalı və elə işləməliyik ki, zamandan geri qalmayaq.

 

 

– Bəzən gənclər jurnalistikaya məşhur olmaq üçün gəlirlər. Sizcə, yaxşı jurnalisti fərqləndirən əsas keyfiyyət nədir?

 

– Jurnalistika dürüstlüklə, dəqiqliklə, savadla, intellektlə və peşəkarlıqla başlayır. Jurnalist ilk növbədə həqiqəti sevən insan olmalı, peşə etikasına sadiq qalmalı, həqiqəti bilməyin və onu cəmiyyətə çatdırmağın nə üçün vacib olduğunu dərk etməlidir. Bunun üçün müəyyən mənada romantizm də lazımdır. Təəssüf ki, indiki gənclərin hamısında bizim dövrümüzdə olduğu kimi həmin romantizmin olduğunu düşünmürəm. Onlar daha praqmatikdirlər, duyğularını daha yaxşı idarə edir və gizlədə bilirlər. Eyni zamanda daha konkret, məqsədyönlüdürlər, niyyətlərini və maraqlarını daha qətiyyətlə ifadə edirlər. Hesab edirəm ki, bu, əvvəlki nəsillə müqayisədə onların üstün cəhətlərindən biridir. Tələbələrin jurnalistikaya məşhur olmaq arzusu ilə gəlməsində qeyri-adi heç nə yoxdur. Burada personifikasiya amili, yəni tanınmaq və bu tanınmışlığı monetizasiya etmək istəyi var. Başqa sözlə, məşhurluğu maddi gəlirə çevirmək arzusu günümüzün reallığıdır. Uşaqlar artıq kiçik yaşlarından gələcəklə bağlı xəyallar qurarkən bunları da nəzərə alırlar. Biz 1996–2000-ci illərdə bakalavr təhsili alarkən Türkiyədən qrupumuza 15-dən çox tələbə gəlmişdi. Həmin dövrdə Türkiyədə məşhur bir ifadə var idi: "Uşaq ya popçu olacaq, ya topçu". Burada "topçu" dedikdə futbolçu nəzərdə tutulurdu. Çünki futbolçular böyük pullar qazanırdılar, pop ifaçıları isə həm məşhurlaşır, həm də yüksək gəlir əldə edirdilər. İnsanların hər hansı peşəni seçməsinin əsas səbəblərindən biri də onun cəlbedici olmasıdır. Bu cəlbedicilik kimisi üçün romantizm, kimisi üçün şan-şöhrət və nüfuz, kimisi üçün populyarlıq, digəri üçün isə yüksək gəlir deməkdir. Mən Freydin bütün fikirləri ilə razı deyiləm. Amma onun bir fikri xoşuma gəlir. O deyirdi ki, normal gənci üç şey düşündürür: şan-şöhrət, var-dövlət və sevgi. Düşünürəm ki, insan təbiəti etibarilə malik olduğu bütün imkanlardan həm özünü ifadə etmək, həm də məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışır. İnsanlar həmişə proseslərin içində olmaq və bundan müəyyən fayda əldə etmək istəyirlər. Məşğul olmaq, pul qazanmaq və var-dövlət sahibi olmaq istəyi tamamilə normaldır. Amma bu, heç vaxt peşə prinsiplərinin arxa plana keçməsi demək deyil. Xalq, millət və dövlət üçün çalışmaq bizim həm insanlıq, həm vətəndaşlıq, həm də dövlətçilik borcumuzdur. Eyni zamanda insan ailəsini və yaxınlarını da düşünməlidir. Əgər əlində resursu, imkanı və gücü varsa, ilk növbədə yaxınlarına dəstək olmalıdır. Onların bundan faydalanması da, insanın öz əməyinin bəhrəsini görməsi də təbiidir. Unutmayaq ki, biz kapitalizm şəraitində yaşayırıq. Kapitalizmin öz reallıqları və qanunauyğunluqları var və bunları nəzərə almalıyıq. Buna görə də bir gəncin məşhur jurnalist olmaq, bu məşhurluq sayəsində tanınmaq və yaxşı gəlir əldə etmək istəyi tamamilə normaldır.

 

 

 

– Siz uzun illər jurnalistlər yetişdirmisiniz. Bugünkü tələbələrlə əvvəlki nəsil arasında hansı əsas fərqləri görürsünüz?

 

– Artıq 16 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində televiziya və radio istiqaməti üzrə gənc jurnalistlərin, peşəkar kadrların hazırlanması ilə məşğulam. Jurnalistika fakültəsi çox maraqlı və özünəməxsus bir mühitdir. Burada zaman-zaman fikir ayrılıqları, ziddiyyətlər və incikliklər yaşansa da, hamı çalışır ki, bunlar tələbələrə zərər verməsin və tədris prosesinə mənfi təsir göstərməsin. Fakültədə gözəl bir ənənə var – insanlara kömək etmək, gəncləri yaxşı yetişdirmək və onların cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşmasına çalışmaq. Mən bunu öz müəllimlərimdən öyrənmişəm və pedaqoji fəaliyyətimi də özüm üçün mənəvi borc hesab edirəm. Həqiqətən hiss edirəm ki, bu fakültəyə və universitetə borcluyam. Həyatımda qazandığım uğurların böyük hissəsi məhz bu fakültə ilə bağlıdır. 1996-cı ildən bu fakültə ilə bağlıyam. Təxminən 30 ildir ki, həyatım bakalavr, magistratura, aspirantura və müəllimlik fəaliyyəti ilə bu fakültədə keçir. Hesab edirəm ki, tələbə bütün dövrlərdə tələbədir. Əsas fərq informasiyanın əldə olunması üsullarındadır. Bizim dövrümüzdə kitabxanaya getmək, müxtəlif mənbələri araşdırmaq lazım gəlirdi. Bu gün isə tələbələr internet və süni intellekt alətləri vasitəsilə informasiyaya daha sürətli çıxış əldə edirlər. İnformasiya bazalarına çatmaq imkanları da xeyli genişlənib. Amma bu inkişafın mənfi tərəfləri də var. Mənə elə gəlir ki, tənbəllik amili getdikcə daha çox ön plana çıxır. İnsanlar əvvəlki qədər kitab oxumaq istəmirlər, mövzuların qısa məzmununu ChatGPT və digər süni intellekt platformalarından əldə etməklə kifayətlənirlər. Düzdür, bununla mövzunun mahiyyətini öyrənmək mümkündür. Ancaq kitabı oxumaqla süni intellektdən qısa cavab almaq arasında ciddi fərq var. Oxu prosesi insanın düşüncə tərzini, analiz qabiliyyətini və dünyagörüşünü daha çox inkişaf etdirir. Bu baxımdan indiki tələbələrlə əvvəlki nəsil arasındakı əsas fərq informasiyanı əldə etmə üsulundadır. Bu da onların xarakterinə və davranışına təsirsiz ötüşmür. İndiki tələbələr daha səbirsiz, daha tələskən və müəyyən mənada daha tənbəldirlər. Amma bu, təkcə Azərbaycana xas olan proses deyil. Süni intellekt alətlərinin həyatımıza sürətlə daxil olmasının həm müsbət, həm də mənfi tərəfləri var. Düşünürəm ki, zaman keçdikcə bu məsələlərin əksəriyyəti öz həllini tapacaq. Mən bu prosesi faciə kimi qiymətləndirmirəm. Sadəcə hesab edirəm ki, bizim dövrümüzlə müqayisədə indiki gənclərin həyatdan zövq alma imkanları müəyyən qədər azalıb. Hər şey daha əlçatan olduqca, bir qədər də adiləşir. İnsan nəyisə zəhmətlə əldə edəndə, onun uğrunda mübarizə aparanda qazandığının dəyərini və sevincini daha dərindən hiss edir. Bu məsələ məni həmişə düşündürür.

 

 

– Sizə görə jurnalistin ən böyük məsuliyyəti cəmiyyət qarşısındadır, dövlət qarşısındadır, yoxsa vicdanı qarşısında?

 

– Əslində, insan öz-özünə şəxsiyyət olmur. İnsanın fərddən şəxsiyyətə çevrilməsi uzun və çətin bir prosesdir. İnsan zaman keçdikcə, həyat təcrübəsi qazandıqca şəxsiyyət olmağın mahiyyətini daha yaxşı anlayır. Fərd bioloji varlıqdır. Dərin mənada onu digər canlılardan fərqləndirən düşüncəsi, şəxsiyyəti, mərhəməti, sevgisi, təbəssümü, gülüşü, xoşgörüsü, bəzən isə haqsızlığa qarşı qəzəbi və nifrətidir. Çünki düşmən sənin vətənini işğal edir, doğmalarına işgəncə verirsə, hər şeyə yalnız xoşgörü ilə yanaşmaq mümkün deyil. Bəzən hərəkət də, hərəkətsizlik də cinayət ola bilər. Ona görə də jurnalistin məsuliyyətinin kimin qarşısında daha çox olması sualı olduqca mürəkkəbdir. Təbii ki, hər bir insanın, hər bir şəxsiyyətin və hər bir vətəndaşın vətəni, dövləti və doğmaları qarşısında öhdəlikləri, borcu var. Bu gün dünyanın inkişaf etmiş, insanların yaşamaq üçün can atdığı ölkələrinə – Qərbi Avropaya, ABŞ-yə, Yaponiyaya baxanda görürük ki, onları fərqləndirən əsas xüsusiyyət vətəndaşların birliyi, birlikdə düşünməsi, paylaşması və ümumi dəyərlər ətrafında birləşməsidir. Düzdür, kapitalizm iqtisadi mahiyyət etibarilə tam bərabərliyi qəbul etmir. Amma Danimarka, İsveç, İsveçrə, Lüksemburq kimi ölkələr bu gün yüksək həyat səviyyəsinə görə dünya liderləridir. Onların uğurunun əsas səbəblərindən biri milli birlik və dövlət ətrafında həmrəyliyin formalaşmasıdır. İnkişaf etmiş xalqların və dövlətlərin tarixinə baxanda görürük ki, onların hamısı azadlıq uğrunda mübarizə aparıb, çətin sınaqlardan, təlatümlərdən və çaxnaşmalardan keçiblər. Nəticədə anlayıblar ki, insanların normal yaşayış hüququ təmin olunmalıdır. Jurnalist insan üçün, cəmiyyət üçün, dövlət üçün və bütövlükdə bəşəriyyət üçün çalışır. Həsən bəy Zərdabi "Əkinçi" qəzetini yaşatmaq, onun növbəti nömrələrini çap etdirmək üçün öz maddi imkanlarından, sərvətinin böyük hissəsindən keçmişdi. Qəzet populyar deyildi, gəlir gətirmirdi. İnsanlar kifayət qədər savadlı deyildilər, qəzetin satışı və nəşri müxtəlif maneələrlə üzləşirdi. Bütün bunların yükünü isə Zərdabi öz üzərinə götürmüşdü. Amma o vaxt əkilən toxum bu gün böyük bir media ağacına çevrilib. Bu ağacın kölgəsində minlərlə insan toplaşır, ondan bəhrələnir, hər kəs bu ağacın verdiyi nemətlərdən istifadə edir. Çox istərdim ki, hər kəs bu ağacdan bəhrələnərkən Həsən bəy Zərdabini xatırlasın, onun ruhuna dua etsin və bu qəzeti hansı niyyətlə yaratdığını unutmasın. Onun məqsədi xalqa xidmət etmək, insanları maarifləndirmək, cəmiyyətin inkişafına töhfə vermək idi. Biz də həmin prinsiplərə sadiq qalmalı, fərdi məsuliyyətimizi dərk etməli, dövlətimiz, xalqımız və millətimizlə bir olmalıyıq. Gördüyümüz iş insanlara və cəmiyyətə fayda vermirsə, deməli, doğru işlə məşğul olmuruq. Jurnalistika əqidə işidir, prinsip işidir. Jurnalistika sevgidir, romantizmdir. Mənim bu sahədə 25–26 illik fəaliyyətim ərzində gəldiyim qənaət budur ki, jurnalistika insanlar haqqında insan dilində məlumat verməkdir. Nə qədər kosmosdan, elmdən və ya başqa mövzulardan yazsaq da, insanları ən çox yenə də insanlar haqqında olan məlumatlar maraqlandırır. Hələlik reallıq budur. Ona görə də bu dərin fəlsəfi suala cavabım belədir: insan öz mahiyyətinə xəyanət etməməlidir. İnsanları sevməli, mənsub olduğu cəmiyyətə sadiq qalmalı və çalışmalıdır ki, dünya yaşasın, ölkə yaşasın, Vətən yaşasın, vətəndaş yaşasın, insanlar yaşasın.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

2016-cı ildə Əfqanıstandan olan Murtaza Əhmədi adlı gənc oğlanın şəkli ağ-mavi plastik torbadan evdə hazırlanmış Argentina köynəyi geyindiyi zaman internetdə böyük populyarlıq qazandı. Ailəsi əsl formanı ala bilmədikləri üçün uşaq arxasına markerlə "Messi" və "10" rəqəmini yazmışdı.

 

Bu sadə jest onun heyran olduğu oyunçuya çatdı. Messi bu hekayədən çox təsirləndi və UNICEF-in köməyi ilə Murtazaya imzalı iki forma, biri Argentinadan, biri də Barselonadan, hər birində "Con mucho cariño, Leo" ("çox sevgi ilə, Leo") mesajı olan imzalı futbol topu göndərdi.

Həmin ilin sonlarında Murtazanın arzusu gerçəkləşdi, o, Barselonanın yoldaşlıq oyunundan əvvəl Messi ilə görüşməyə dəvət olundu, ikisi əl-ələ meydana çıxdı və Murtaza o qədər həyəcanlandı ki, oyun başlamazdan əvvəl Messini buraxmaqdan imtina etdi.

Bəzən ən kiçik heyranlıq hərəkətləri ən böyük anlar yaradır.

Bir neçə gün bundan əvvəl növbəti dünya çempionluğu qazanmaq şansını əldən verən və hazırda çox pəjmürdə olan Messinin bax bu cür insanpərvərliyi də var imiş.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Çərşənbə, 22 İyul 2026 18:18

“Şəbəkə”dən “Cavid ömrü”nədək

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Haqqında danışacağım aktrisanı mən “Cavid ömrü” filmindən tanımışam, ifasını bəyənmişəm. Azərbaycanın əməkdar artisti Həcər Ağayevadan danışıram. Bu 22 iyul günündə 40 yaşını- yubileyini qeyd edən aktrisa 1986-cı ildə anadan olub. Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini və   S.Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib.

 

2004-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb.

2004-cü ildən S.Vurğun adına Rus Dram teatrının aktrisasıdır. Rus Dram Teatrına gedən tamaşaçılar onun ifalarını xüsusən bəyənirlər, böyük izləyici ordusu vardır.

Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib.

Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına və Prezident Mükafatına layiq görülüb.

 

Filmoqrafiya

 

- Bir dəfə Qafqazda

- Cavid ömrü

- Tanrıverdinin nağılı

- Laplandiyalı qonaq

- Sonuncu dərviş

- Aramızda qalsın

- Vəkil hanı?

- Şəbəkə

- Sirr

- Həyat, sən nə qəribəsən.

- 2 ömür

- Həddən artıq uyğunluq.

 

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

“- Qədeş, nə yaxşı şlyapan var?

- Yeri ala, sən yaxşı adam deyilsən.

- Hə, ürəyini yemə, iki manatını verəcəm də...

- Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, iş “vinimatelni” olmaqdadır. Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə...

- Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır?

- Ala, sən mənim dostumsan? Hə! Harda işləyirsən- ət kombinatında. Bir dəfə də olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə...”

 

Söhbətimə nahaq yerə məşhur “Uşaqlığın son gecəsi” filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, “vinimatelni” adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. Və adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır...

 

Müsahibələrindən birində deyir ki: - “Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz...”

 

Hər şeydə lider olmağı xoşlayır və ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir və gördüyü hər yeri və obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən və onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir və həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir...

 

“Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki!  Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər.  Mən də hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır.”- söyləyir.

 

Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik və mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq və etibarlıdır. Bir sözlə, şən və gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir və bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var...

 

Deyir ki:- “Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur...”

 

Evində yaratdığı rahatlıq və geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir və ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli və bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi və hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal və aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə və tez düşünən zəka yatır...

 

Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək "Azad söz" qəzetinin, həmçinin "Xüsusi bulleten"lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə "Ordu" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. “Tərəqqi” medallı “Əməkdar mədəniyyət işçisi”-dir...

 

Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. "Oğuz" kəlməsi isə fərqlənməsi üçündür...

Bu gün – Milli Mətbuat Günündə - iyulun 22-də Yunus Oğuzun 66 yaşı tamam olur. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Tələbə yaradıcılığı” rubrikasında bu gün sizlərlə Rəqsanə Həsənli öz “Atadır” adlı şeiri ilədir.

 

NDU-nun Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Rəqsanə Həsənli bədii yaradıcılığa maraq göstərir və müxtəlif janrlara müraciət edir.

 

Dünyanın nurunu bizə bəxş edən

Daim zəhmətiylə bizi böyüdən

Özünü bu yolda şamtək əridən

Ömrümüzə bəzək, zinət atadır

 

İbrətdir hər sözü bu gündə yenə

 Hamıdan, hər kəsdən, əzizdir mənə

Ömür dəftərimin ən saf yerinə

Ən gözəl naxışım, misram atadır.

 

Qurantək müqəddəs nəsihətləri

Qızıltək qiymətli hər cümlələri

Saçında olsada ağ dənələri

İnsana ən böyük dayaq atadır.

 

Ən ülvi sevgidir onun sevgisi

Taleyin  vergisi, dürü, incisi

Çətin anlarımın qayğıkeş səsi

Şükrümə ən böyük səbəb atadır.

 

Soruşsan əgər ki atanın səncə,

Haqqını nə ilə necə ödəyək.

Bir onu bilirəm dünyada məncə

Haqqı ödənməyən insan atadır.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.