Super User
Mir Cəlal adına V Hekayə Müsabiqəsi mükafatçılarının hekayələri
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Bir müddət idi ki, seçmə hekayələr “Ədəbiyyat və incəsənət” portalınada yayımlanırdı. Bu həftədən etibarən mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim edilir.
2-Cİ YER
ELNUR MƏMMƏDLİ
“KƏKƏLƏMƏ”
– Kaş sәn dә müalicә olunaydın. Dayım oğlu loqopedә getdi – bir-iki görüş, vәssalam. Sәnin üçün dә bu iş bir anın içindә hәll oluna bilәr. Niyә heç olmasa cәhd etmәyәsәn? – sevgilim çәkingәn sәsi ilә ehtiyatla pıçıldadı. “Niyә?” Bu kövrәk irad sinәmdә daş kimi asıldı, çünki bu cür sözlәri daha әvvәl dә eşitmişdim. İyirmi dörd yaşım var. Altı ildir kәkәlәyirәm. Kәkәlәmәdәn heç vaxt şikayәt etmәmişәm, amma bu altı il әrzindә eyni fikir mәnә müxtәlif sözlәrlә dönә-dönә deyilib. Elә bil istidәn bişәn adama papaq uzadırlar: – Yarlı-yaraşıqlı, sağlam bәdәnli oğlansan, niyә qırıq-qırıq danışırsan? Bunun çarәsi var axı. Elә danışırlar ki, guya mәn naz edirәm. Guya qarşımdakı düymәni görürәm, amma barmağımı qәsdәn ona uzatmıram. Halbuki mәsәlә düymәdә deyil. Mәsәlә ondadır ki, o düymә basılan kimi… bәlkә dә, içimdәki mәn birdәfәlik susacaq. “Sәs mexaniki dalğadır”, – fizika müәllimәm deyәrdi. O vaxtlar kәkәlәmirdim. Amma elә o vaxtdan hәr sәsdә söz eşidәrdim vә heç bir sözü “titrәyiş” adlandırıb bәsitlәşdirmәzdim. Hәr sözün öz hәyatı vardı: şәkli, sәsi, keçmişi – vә bәdәnimdә öz yeri. Tәnәffüslәrdә gözlәrimi yumub sözlәrlә şәkillәr çәkәr, bәzәn tamam başqa zamana sürüşәrdim. Hәrdәn mәktәbdә eşitdiyim bir söz bütün günümü qaraldırdı. Amma ertәsi gün o sözlәrlә dil tapar, yenidәn özümә gәlәrdim. Bir gün müәllimәmiz xәstәlәndi. Yerinә gәlәn müәllim hamımızdan özümüzü tәqdim etmәyimizi istәdi. Ailәm haqqında danışanda atamı soruşdu. “Ata” sözü mәnә yad idi. Karıxdım. Sinifdә biri arxadan: – Müәllim, o, atasızdır… – dedi. Ucadan yox, elә-belә, sakitcә. Amma hamı eşitdi. Mәn dә. Sinәm içәriyә çökdü. Elә bil başıma qara torba keçirdilәr. Gözüm qaraldı. İçimdә bir istilik yayıldı – istilik yox, alov.
O gündәn sonra “atasız” sözü mәnimlә gәzmәyә başladı: sinifdә, hәyәtdә, yolda. Hәr kәsin baxışlarında bu sözü eşidirdim, çünki demәsәlәr dә, bu söz baxışlarına hopmuşdu. Hәmin hәftә hәr axşam evә qayıdanda susurdum. Anam bunu görürdü. Analar görür. Onlar uşağın dilinin susduğunu da eşidir, gözlәrinin danışdığını da. Bir axşam ev tapşırıqlarımı qurtarıb mәtbәxdә oturmuşduq. Tünd çay dәminin әtri gәlirdi, radioda sakit bir musiqi axırdı. Anam çayımı qarışdırırdı, qaşığın cingiltisi musiqiyә qarışırdı. Mәn masaya zillәnmişdim, anam isә gözlәrini mәndәn çәkmirdi. – Mәktәbdә nәsә olub? – soruşdu. – Deyirlәr ki, ... – boğazım düyünlәndi, – deyirlәr ki, mәn atasızam. Anam qaşığı fincandan çıxardı. Bir anlıq dayandı. Sonra fincannı kәnara qoyub dәrin köks ötürdü. Baxışında nә qәzәb vardı, nә dә acıma. Daha çox ehtiyat vardı – elә bil bu söz onu da yaralaya bilәrdi. – Bәzi sözlәr adama ağır gәlir, – dedi, – bilirәm. Bir az susdu, sanki sözlәrini seçirdi. – Yadda saxla, – dedi. – Hәr dәrdin dәrmanı hәkimdә olmur. Bәzәn adam öz sözünü özü sağaltmalıdır. Mәn dikәldim: – Necә? Anam әlini masanın üstünә qoyub, dәrs deyirmiş kimi davam elәdi: – Sәnә kimsә “atasız” deyәndә, o söz böyüyür. Sәni özü ilә doldurmaq istәyir, amma sәn onun içini boşalda bilәrsәn. – Necә ki? – tәlәsik soruşdum. – Tәkrar elә. – Nәyi? – Elә o sözü. Çoxlu-çoxlu. Tez-tez. Ta ki, söz yorulsun. Ta ki, içindә nә varsa, tökülsün. Mәn anamın gözlәrinin içinә baxdım. Gülümsәmirdi. Özü itmişdi, baxışları isә yerindәydi. – İndi tәkrarla, – dedi, – “atasız”. – Atasız. – Yenә. – Atasız. – Tez-tez. Udqundum. – Atasız… atasız… atasız… atasız… Əvvәl-әvvәl hәr söz dişә dәyәn soyuq su kimi sancırdı. Sonra isә qәribә bir şey oldu. Söz boşalmağa başladı. “Atasız” artıq söz deyildi — sәs idi. Fizika dәrsindәki kimi. Dayandım. İlk dәfә idi daxili nitqim susmuşdu. İçimdәki sükutu eşidirdim. Anam soruşdu:
– İndi necәdir? Özümü dinlәdim: söz fırtınası yatmışdı. Hәmin sözü bir dә dedim. Bu dәfә yüngül idi, rәngi dә açılmışdı.
– Maraqlıdır… – dedim heyranlıqla. Anam gözlәrini yumub açdı.
– Bax belә, – dedi, – imkan vermә söz sәnin üstündә hökmran olsun. O gecә özümü qәribә güclü hiss edirdim. Elә bil mәnә sehrli çubuq vermişdilәr. Yellәdikcә ağrı susurdu, tәhqir boşalırdı, utanc çәkilirdi. Sonra bu, vәrdişә çevrildi. Kimsә mәni incitmәk istәyәndә, sözü içimdә qәsdәn tәkrar edirdim. Sakitcә. Sözlәr rәngini itirәnә, şәkillәr solana, hisslәr hisә dönәnә qәdәr. Mәn bunu azadlıq adlandırdım. O vaxt bilmirdim ki, sözlәr bir gün geri qayıdacaq. Amma bu dәfә çubuq işlәmәyәcәk. Çünki dilim… dilim artıq sözümә baxmayacaq. Anam mәni birdәfәlik tәrk edәn gündәn evin içi sәssizlәşdi. Divarlar yerindәydi. Masalar, pәncәrәlәr, qapılar da. Amma evin nәfәsi kәsilmişdi. “Ana”. Əvvәl asta dedim: – Ana. Sonra bir dә: – Ana. Sonra sürәtlә: – Ana, ana, ana… Bilirdim nә etmәliyәm. Söz yorulmalı idi. İçindә nә varsa, tökülmәliydi. Axı “ana” da bir sözdür. Amma bu dәfә olmadı. – An-a… Dilimin ortasında nәsә ilişirdi. Sәs yarımçıq kәsilirdi. Bütün gecәni yatmadım, “ana”nı ağrıkәsicimlә keyitmәliydim. Alınmadı. “Ana” – şirin çayın qoxusu. “Ana” – mәtbәxdә stәkanların cingiltisi. “Ana” – “tez ye, soyuyur” demәsi. “Ana” – çantamın toqqasını bağlayanda barmaqlarına dәyәn әlim. “Ana” – pәncәrәdәn gәlәn sәs: “Ay bala, gecdir, gәl evә”. Dayandım. – A… a-na… İndi söz sәs deyildi. İşıq idi. Toxunuş idi. İstilik idi. Anamın sığalı idi. Onun tanış danışıq tәrzi idi. İstәmirdim; onun olduğu mәtbәxdә, onun iliyimә işlәyәn sәsindә, onun geri qayıtmayacaq toxunuşunda әrimәk istәmirdim. Yadırğamışdım. Yenә bu sözü boşaltmağa cәhd elәdim. Amma dilim “a”da dayanırdı. Söz irәli getmirdi. Dilim sözümә tabe olmurdu. Elә bil “ana” deyirdi: bu dәfә dayan. Dayandım.
Mәn sözün içindәn çıxmadım. Söz mәnim içimdәn keçdi. Artıq sözlәri tez deyә bilmirdim, sözlәrin hәr hecası qırtlağımda partlayırdı. Sözlәr sәsә dönmәk üçün mәni divarları güzgüdәn olan otağa salırdı: hәr hecada özümә baxırdım. Qaça bilmirdim, gizlәnә bilmirdim, “mәn”imin sәsini boğa bilmirdim. Bundan sonra dünya yavaşladı, rәnglәr dolğunlaşdı, sәslәrә mәna doldu: qapının cızıltısına da, pәncәrәnin fısıltısına da, döşәmәnin xırtıltısına da. Çubuğumun azadlığı bitdi. Otağım qaldı. Sevgilim soruşdu: – Axı niyә getmәk istәmirsәn? Mәn köks ötürdüm: – Bu… uzun he-hekayәdir. Gözlәrindә narahatlıqla maraq yanaşı durmuşdu. – Bә-bәlkә, bi-bir gün da-danışaram, – dedim.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
22 iyul tarixi Azərbaycanda təqvimə Milli Jurnalistika Günü kimi düşüb. Bu münasibətlə Azərbaycan Jurnalistlər Birliyi (AJB) milli jurnalistikanın inkişafında xidmətləri olan bir qrup media nümayəndəsini Həsən bəy Zərdabi adına mükafat ilə təltif edib.
“Ədəbiyyat və incəsənət” portalı AJB Mətbuat xidmətinə istinadən xəbər verir ki nükafatın laureatları peşəkar jurnalistika sahəsində qazandıqları uğurlar, milli-mənəvi dəyərlərin təbliği, araşdırma jurnalistikasının inkişafı, regional medianın gücləndirilməsi, ictimai kommunikasiyanın inkişafına verdikləri töhfələr və mediada səmərəli fəaliyyətləri nəzərə alınmaqla müəyyənləşdirilib.
Bəri başdan qeyd edək ki, laureatlar arasında “Ədəbiyyat və incəsənət” portalının redaktoru Əkbər Qoşalı da vardır.
2026-cı il üzrə Həsən bəy Zərdabi Mükafatının laureatları
Alqış Həsənoğlu – peşəkar jurnalistika prinsiplərinin qorunmasına və uzunillik redaktorluq fəaliyyətinə görə;
Anar Niftəliyev – peşəkar, operativ və müstəqil xəbər jurnalistikasının inkişafına verdiyi töhfələrə görə;
Anar Tağıyev – vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğinə verdiyi töhfələrə görə;
Elçin Zahiroğlu – səhiyyə və sosial mövzularda hazırladığı araşdırma yazılarına, eləcə də uğurlu media rəhbərliyi fəaliyyətinə görə;
Əkbər Qoşalı – Türk dünyasının milli-mənəvi dəyərlərinin və Turan düşüncəsinin təbliğinə verdiyi töhfələrə görə;
Günel Habilqızı – “GünEllə səyahət” və “Orda bir kənd var” layihələri vasitəsilə kənd həyatının özünəməxsus dəyərlərinin və milli-mədəni irsin tanıdılmasına verdiyi töhfələrə görə;
Hüseynbala Səlimov – analitik jurnalistika və siyasi publisistika sahəsində uzunillik səmərəli fəaliyyətinə görə;
Xanım Xatun – regional televiziya jurnalistikasına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrə görə;
İlham Tumas – araşdırma jurnalistikası və müəllif televiziya layihələrinin inkişafına verdiyi töhfələrə görə;
İqbal Məmmədəliyev – regional televiziya jurnalistikası, televiziya istehsalı və sənədli film sahəsindəki fəaliyyətinə görə;
Murat Akkoç – Qarabağ həqiqətlərinin və Azərbaycanın milli maraqlarının beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyətinə görə;
Mübariz Yunus – “Füyuzat” dərgisinin inkişafına və maarifçi publisistikanın zənginləşdirilməsinə verdiyi töhfələrə görə;
Nicat Abdullayev – media ilə açıq və şəffaf münasibətlərin qurulmasına, eləcə də ictimaiyyətlə əlaqələr sahəsində innovativ fəaliyyətinə görə;
Oktay Hacımusalı – analitik publisistikanın və Türk dünyası mediası arasında işbirliyinin inkişafına verdiyi töhfələrə görə;
Zərnişan Turan – “Turan” proqramları vasitəsilə Türk dünyasının ortaq irsinin təbliğinə görə.
Qeyd edək ki, Həsən bəy Zərdabi adına mükafatın təqdimetmə mərasimi 22 iyul – Milli Mətbuat Günü keçiriləcək.
Bütün həmkarlarımızı ürəkdən təbrik edirik.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)
Ağdamda Özbəkistanın gənc şairi Şöhrət Arifin “Məktubdur ömrüm” kitabının təqdimatı keçirilib
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
II Türk dünyası gənc şairlər festivalı çərçivəsində Ağdam Muğam Mərkəzində Özbəkistan Jurnalistlər Birliyinin sədri, tanınmış şair və publisist Şöhrət Arifin Azərbaycan dilində nəşr olunan “Məktubdur ömrüm” kitabının təqdimat mərasimi keçirilib.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşarın moderatorluğu ilə baş tutan törəndə TÜRKSOY-un baş katibi, yazıçı Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullaoğlu, Ankara Sosial Bilimlər Universitetinin rektoru Musa Kazım Arıcan, Türkiyə Yazarlar Birliyinin sədri Muhammed Enes Kala, Türkmənistan Mədəniyyət Nazirliyinin əməkdaşı Akmurad Rəcəbov, eləcə də Türk dünyasından Azərbaycana səfər etmiş ədəbiyyat və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşardan aldığımız aşıqlamaya görə, çıxış edən natiqlər Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin son illərdə daha da inkişaf etdiyini vurğulayaraq, Şöhrət Arifin yaradıcılığının Azərbaycan oxucusuna təqdim edilməsini iki qardaş xalqın ortaq mənəvi dəyərlərinin təbliği baxımından mühüm hadisə kimi qiymətləndiriblər. Bildirilib ki, kitabın nəşri Türk dünyasının ədəbi inteqrasiyasına, qarşılıqlı tərcümə ənənələrinin zənginləşməsinə və mədəni əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Qeyd olunub ki, “Məktubdur ömrüm” kitabı Dünya Gənc Türk Yazarlar Birliyi ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə layihəsi çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mənəvi irsinin təbliği, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin daha da möhkəmləndirilməsi, çağdaş özbək poeziyasının Azərbaycan oxucularına tanıdılması və Türk xalqları arasında ədəbi-mədəni əməkdaşlığın genişləndirilməsidir.
Qeyd edək ki, nəşrin Azərbaycan dilinə uyğunlaşdırılmasını Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı həyata keçiriblər. Kitabın redaktoru Əkbər Qoşalı, məsləhətçiləri “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və Özbəkistanın “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmdir. Bədii rəyçilər Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, layihənin koordinatoru isə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Nilufər Lətifdir.
Tədbirdə müəllifin yaradıcılığı haqqında geniş məlumat verilib, kitabdan nümunələr səsləndirilib və nəşrin Türk dünyasının mədəni həyatına dəyərli töhfə olduğu qeyd edilib.
Sonda qonaqlar müəllifi təbrik edərək nəşrin gələcəkdə Azərbaycan və Özbəkistan arasında yeni ədəbi layihələrin həyata keçirilməsinə stimul verəcəyinə əminliklərini ifadə ediblər.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Topçu dühası və səngər fədaisi: Şəhid Mayor Emin Süleymanov
Murad Vəlixanov,
“Ədəbiyyat və incəsənət” portalının İncəsənət şöbəsi
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canından keçən, 44 günlük Vətən Müharibəsinin peşəkar sərkərdələrindən biri də Azərbaycan Silahlı Qüvvələrinin artilleriya mayoru Emin Bəhmən oğlu Süleymanovdur. Ömrünün 25 ildən çoxunu ordu sıralarına və hərb sənətinə şərəflə həsr edən Emin Süleymanov, tabeliyindəki divizionla düşmənin çoxsaylı strateji obyektlərini sıradan çıxarmış topçu dühasıdır.
Həyatı, təhsili və hərbi karyerası
Doğum tarixi: 21 iyul 1977-ci il.
Doğum yeri: İmişli rayonu, Xubyarlı kəndi. Polis ailəsində anadan olmuşdur.
İlk təhsili: Namiq Şirinov adına 5 saylı orta məktəbin rus bölməsində oxumuşdur.
Hərbi lisey təhsili: 1992–1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə orta təhsilini başa vurmuşdur.
Ali hərbi təhsili: 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, indiki Heydər Əliyev adına Hərbi İnstitutda ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnmişdir.
Ailə vəziyyəti: Evli idi, bir oğlu və bir qızı yadigar qalıb.
Aprel döyüşlərindən Vətən müharibəsinə
Emin Süleymanov 1999-cu ildə hərbi məktəbi bitirdikdən sonra Gəncədə yerləşən "N" saylı hərbi hissədə leytenant kimi xidmətə başlamışdır. Yalnız ön cəbhədə xidmət etməyi üstün tutan zabitimiz pillə-pillə yüksələrək mayor rütbəsinə ucalmış və divizion komandiri təyin olunmuşdur. O, 2016-cı ilin Aprel döyüşlərində tabeliyindəki topçularla birlikdə erməni təxribatının qarşısının alınmasında böyük şücaət göstərmişdir.
Müharibə marşrutu və qəhrəmanlıqları
2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda divizion komandiri mayor Emin Süleymanov topçu batareyaları ilə düşmənin müdafiə xətlərini alt-üst etdi.
Murovdağ silsiləsi: Müharibənin ilk günlərində şimal istiqamətindəki əməliyyatların artilleriya dəstəyini uğurla idarə etdi.
Xocavənd və Şuşa: Cənub cəbhəsinə ezam olunaraq Xocavəndin azadlığı və Şuşanın Daşaltı kəndi istiqamətində gedən ən ağır əməliyyatlarda topçu atəşlərinə rəhbərlik etdi.
Son döyüşü və şəhadəti
Şuşanın azad olunmasından dərhal sonra xidmətini Laçın dəhlizi istiqamətində davam etdirən Emin Süleymanov, 8 noyabr 2020-ci il tarixində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhid oldu. Nəşi doğulduğu İmişli rayonunun Xubyarlı kənd qəbiristanlığında əbədiyyətə uğurlandı.
Onun əziz xatirəsinə həsr olunmuş, yazıçı Şahanə Müşfiq tərəfindən “Qutsal Yolçu” adlı xatirə kitabı yazılmışdır.
Dövlət təltifləri
Mayor Emin Süleymanov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı orden və medallarla təltif olunmuşdur:
"Vətən uğrunda" medalı
"İgidliyə görə" medalı
"Cəsur döyüşçü" medalı
"Xocavəndin azad olunmasına görə" medalı
"Şuşanın azad olunmasına görə" medalı
"Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medalları
"Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi" yubiley medalları
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)
Pakistan öz jurnalistlərinin Şuşa Qlobal Media Forumunda fəal iştirakını əhəmiyyətli inkişaf sayır
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətləri son illər bütün istiqamətlər üzrə dinamik inkişaf edir və əməkdaşlıq gündəliyi getdikcə daha da genişlənir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Pakistan Televiziyasına müsahibəsində Bakı ilə İslamabad arasında ticarət, investisiya, turizm, media və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Bəs bu potensialın reallaşdırılması üçün hansı addımlar atılmalıdır?
Beynəlxalq münasibətlər üzrə pakistanlı ekspert Xalid Teymur Əkrəm məhz bu sualların cavabını "Ədəbiyyat və İncəsənət" portalına özəl müsahibəsində açıqlayıb.
-Azərbaycan və Pakistan arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi qarşısındakı əsas maneələr hansılardır? Bu potensialın reallaşdırılması üçün hər iki ölkə hansı praktik addımları atmalıdır?
-Azərbaycan və Pakistan qardaşlıq münasibətlərinə malik olsalar da, iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün hələ böyük potensial mövcuddur. Hər iki ölkənin imkanları genişdir, lakin Hikmət Hacıyevin də vurğuladığı kimi, ticarət, investisiya, turizm və media sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var. Əsas problemlərdən biri şirkətlərin qarşılıqlı investisiya imkanları barədə kifayət qədər məlumatlı olmamasıdır. Bundan əlavə, biznesdən-biznesə (B2B) əməkdaşlıq müqavilələrinin sayı olduqca azdır. Digər çətinliklərə logistika və nəqliyyat əlaqələrindəki problemlər, birbaşa və sərfəli tranzit marşrutlarının çatışmazlığı, eləcə də qeyri-tarif maneələri daxildir. Bu məsələlər daha sıx əməkdaşlıq sayəsində aradan qaldırıla bilər.Hər iki ölkə ticarət sərgilərinin, biznes forumlarının, investisiya təqdimatlarının və özəl sektor nümayəndələri arasında görüşlərin sayını artırmaqla mövcud potensialdan daha səmərəli istifadə edə bilər. Bununla yanaşı, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, tikinti və digər perspektivli sahələrdə birgə müəssisələrin yaradılması təşviq edilməlidir. Turizm sektoru da böyük imkanlar vəd edir. Biznes prosedurlarının sadələşdirilməsi, ticarət nümayəndə heyətlərinin müntəzəm qarşılıqlı səfərləri və ticarət-sənaye palataları arasında əməkdaşlığın gücləndirilməsi investisiya və ikitərəfli ticarətin həcmini əhəmiyyətli dərəcədə artıra bilər.
-Birbaşa uçuşların sayının artması, turizm və mədəni əlaqələrin güclənməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə necə töhfə verə bilər?
-Birbaşa uçuşların sayının artması, turizm sektorunun inkişafı və mədəni əlaqələrin möhkəmlənməsi Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Bu təşəbbüslər iki ölkənin qarşıya qoyduğu 2 milyard dollarlıq ikitərəfli ticarət hədəfinə çatmasına dəstək göstərir. Daha yaxşı hava əlaqələri turistlərin, iş adamlarının, investorların, tələbələrin və mədəniyyət nümayəndələrinin səfərlərini asanlaşdırır, vaxt və xərclərə qənaət etməyə imkan yaradır, qarşılıqlı səfərlərin sayını artırır. Turizmin inkişafı xalqların bir-birinin mədəniyyəti, dəyərləri, tarixi və ənənələri ilə daha yaxından tanış olmasına şərait yaradır. Bu isə biznes əməkdaşlığı və investisiya münasibətlərinin genişlənməsi üçün vacib olan qarşılıqlı etimadı gücləndirir. Eyni zamanda, mədəniyyət festivalları, tələbə mübadilə proqramları, birgə turizm layihələri və səyahət prosedurlarının sadələşdirilməsi insanlar arasında əlaqələrin inkişafına xidmət edir. Turist axınının artması otellərə, restoranlara, nəqliyyat xidmətlərinə və yerli bizneslərə tələbatı yüksəldəcək, nəticədə hər iki ölkədə yeni iqtisadi imkanlar formalaşacaq.
-Pakistan mediası Şuşa Qlobal Media Forumunda fəal iştirak edir. Sizcə, bu, Azərbaycan və Pakistan arasında media və informasiya sahəsində əməkdaşlıq üçün hansı yeni imkanlar yaradır?
-Pakistan jurnalistlərinin Şuşa Qlobal Media Forumunda fəal iştirakı müsbət və əhəmiyyətli inkişaf kimi qiymətləndirilə bilər. Forum artıq jurnalistlərin, media mütəxəssislərinin və ekspertlərin jurnalistikanın gələcəyi, rəqəmsal media və məsuliyyətli informasiya yayımı ilə bağlı fikir mübadiləsi apardıqları beynəlxalq platformaya çevrilib. Pakistanlı jurnalistlərin forumda fəal iştirakı təkcə xalqlar arasında əlaqələrin möhkəmlənməsinə deyil, həm də media və jurnalistika sahəsində peşəkar əməkdaşlığın inkişafına xidmət edir. Bu platforma hər iki ölkənin jurnalistlərinə təcrübə mübadiləsi aparmaq, birgə reportaj və sənədli filmlər hazırlamaq, rəqəmsal jurnalistika sahəsində qabaqcıl təcrübələri bölüşmək, həmçinin dezinformasiyaya qarşı birgə mübarizə yollarını müzakirə etmək üçün mühüm imkan yaradır.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)
Bir dövrün tufanları və alovlanan talelər: "Od içində" filmi (1978)
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
70-ci illərin sonlarında Azərbaycan kinosunda tarixi-revolyusion mövzulara yanaşmada aydın bir transformasiya hiss olunurdu. Rejissorlar ideoloji çərçivələrin imkan verdiyi qədər insan faktoruna, mürəkkəb xarakterlərə və tarixin dönüş nöqtələrində fərdlərin yaşadığı mənəvi dramlara daha çox diqqət yetirməyə başlamışdılar. 1978-ci ildə "Azərbaycanfilm" kinostudiyasında işıq üzü görən "Od içində" bədii filmi məhz bu baxımdan diqqətəşayandır. Görkəmli rejissor Şamil Mahmudbəyovun quruluş verdiyi bu ekran əsəri, 1918–1919-cu illərdə Muğan bölgəsində cərəyan edən ziddiyyətli və gərgin tarixi hadisələri fərqli prizmadan təqdim edir.
Muğan hadisələri və mürəkkəb tarixi kontekst
Filmin ssenari müəllifi İsi Məlikzadə süjetin mərkəzinə Birinci Dünya müharibəsindən sonra imperiyanın dağılması fonunda Muğan bölgəsində (Lənkəran və ətraf ərazilərdə) yaranmış mürəkkəb siyasi xaosu gətirir. Ağqvardiyaçılar, ingilis müdaxiləçiləri, yerli bəylər, bolşeviklər və sıravi kəndlilər arasındakı amansız mübarizə filmdə sadəcə "ağ və qara" rənglərlə deyil, insan daxilindəki tərəddüdlərlə göstərilir.
Süjetin mərkəzində duran qəhrəmanlar bir yandan öz torpaqlarını, evlərini xarici qüvvələrdən və quldur dəstələrindən qorumağa çalışır, digər yandan isə hansı ideologiyanın doğru olduğunu anlamaq üçün ağır mənəvi imtahandan keçirlər. Filmin adı da təsadüfən seçilməyib — o dövrdə bütöv bir bölgə və orada yaşayan insanlar sözün əsl mənasında "od içində" yanırdı.
Güclü aktyor ansamblı və parlaq xarakterlər
Şamil Mahmudbəyovun rejissorluq dəst-xəttinin ən güclü tərəflərindən biri aktyorlarla işləmək və hər bir epizodik obrazı belə yaddaqalan etmək bacarığı idi. "Od içində" filmində də bu xüsusiyyət özünü aydın göstərir:
Yosif Qrabov və Yaşar Nuri: Filmdə gənc bolşevik və müqavimət iştirakçılarının daxili inamı, ədalət axtarışları və fədakar mübarizəsi aktyorların səmimi ifasında öz əksini tapır.
Səməndər Rzayev və Mikayıl Mirzə: Aktyorların canlandırdığı obrazlar dövrün siyasi ziddiyyətlərini, daxili çabalamaları və fərqli cəbhələrdə yer alan insanların faciəsini dolğunluqla çatdırır.
Həsənağa Turabov və Məlik Dadaşov: Bu ustad sənətkarların yaratdığı psixoloji cəhətdən mürəkkəb, həm sərt, həm də özünəməxsus məntiqi olan xarakterlər filmin dramaturji gərginliyini son dərəcə yüksək tutur.
Operator işi və dövrün vizual poetikası
Filmin operatoru Zaur Məhərrəmov Muğan təbiətinin özünəməxsus mənzərələrini — açıq düzənlikləri, qamışlıqları və xəzri küləklərini hadisələrin daxili dinamikası ilə ustalıqla sinxronlaşdırıb. Geniş kadrlar və döyüş səhnələrindəki dinamik çəkilişlər tamaşaçıda hadisələrin düz mərkəzində olmaq illüziyası yaradır.
Bəstəkar Fərəc Qarayevin film üçün bəstələdiyi musiqi isə vuruşma səhnələrinin gurultusunu deyil, insanın daxili gərginliyini və gələcəyə olan qeyri-müəyyənlik qorxusunu musiqi dili ilə ifadə edir.
Milli kino tariximizdəki yeri
"Od içində" filmi Azərbaycan kinosunda tarixi mövzuların necə geniş panoramda və dərin psixologiya ilə işlənə biləcəyini göstərən dəyərli bir nümunədir. O, tamaşaçıya 20-ci əsrin əvvəllərində Azərbaycan xalqının hansı mürəkkəb, qanlı və ziddiyyətli yollardan keçərək öz varlığını qoruduğunu bir daha xatırladır.
Portalının milli kino tariximizə, tarixi-dramatik lentlərə və retro ekran əsərlərinə dəyər verən intellektual oxucuları üçün bu məqalə, 70-ci illər kinomuzun bu vacib səhifəsini yenidən vərəqləmək üçün zəngin bir bələdçi olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)
Türklərin ortaq yaradıcılıq məhsulu sayılan "Oğuz Kağan" dastanı
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə Türk dastanlarıdır. Bu dəfə Türklərin ortaq yaradıcılıq məhsulu sayılan "Oğuz Kağan" dastanı barədə danışacağıq.
Türk xalqlarının yaddaşında elə dastanlar var ki, onlar yalnız keçmişi danışmır, bütöv bir millətin dünyagörüşünü, dövlətçilik anlayışını və mənəvi dəyərlərini gələcək nəsillərə çatdırır. Belə dastanların ən möhtəşəmlərindən biri də Oğuz Kağan dastanıdır. Bu əsər təkcə bir hökmdarın qəhrəmanlıq salnaməsi deyil, türk dövlətçilik fəlsəfəsinin, cəsarətinin və birlik idealının bədii ifadəsidir.
Dastan Oğuzun qeyri-adi doğuluşu ilə başlayır. Rəvayətə görə, o, adi uşaq kimi böyümür. Cəmi bir neçə gün içində dil açır, yeriyir, ov etməyə başlayır. Bu qeyri-adi təsvir onun gələcəkdə böyük hökmdar olacağının rəmzi kimi təqdim edilir. Dastanda belə deyilir: “Oğuzun üzü göy idi, ağzı od kimi qırmızı, gözləri dəniz kimi mavi idi.” Bu bənzətmələr onun adi insan deyil, Tanrının xüsusi lütf bəxş etdiyi bir igid kimi qəbul edildiyini göstərir.
Gənc yaşlarında Oğuz xalqına zülm edən nəhəng vəhşi məxluqla üz-üzə gəlir. Əlində nizəsi və yayı ilə onu məğlub edir. Bu hadisə dastanda yalnız bir qəhrəmanlıq səhnəsi deyil, həm də şərin üzərində xeyirin, qorxunun üzərində cəsarətin qələbəsini ifadə edir. Xalq Oğuzu öz xilaskarı kimi qəbul edir və onun ətrafında birləşməyə başlayır.
Dastanın ən maraqlı hissələrindən biri Oğuz Kağanın gördüyü ilahi işarələrdir. Bir gecə göydən parlaq bir nur enir. Oğuz həmin nurun içində fövqəladə gözəlliyə malik bir qız görür və onunla ailə qurur. Daha sonra başqa bir səfərində müqəddəs bir ağacın koğuşunda başqa bir qızla qarşılaşır. Dastanda bu hadisələr Tanrının Oğuza verdiyi xeyir-dua və onun hakimiyyətinin ilahi mənşəyə malik olduğunun rəmzi kimi təqdim olunur.
Oğuz Kağan böyüdükcə türk boylarını bir bayraq altında birləşdirir. Dastanda onun məşhur çağırışı yer alır:
“Ey mənim igidlərim! Günəş bizim bayrağımız, göy üzü çadırımız olsun. Daha çox yurd alaq, adımızı dörd bir yana yayaq!”
Bu sözlər sadəcə yürüş çağırışı deyil, türk dövlətçilik düşüncəsinin əsas ideyalarından biri olan birlik və güc fəlsəfəsini ifadə edir.
Dastanda boz qurd yenə də mühüm yer tutur. Rəvayətə görə, ordunun qarşısına göy tüklü, göy yallı bir boz qurd çıxır və Oğuz Kağana yol göstərir. Oğuz əmr verir:
“Qoyun boz qurd önümüzcə getsin, biz də onun ardınca gedək.”
Beləliklə, boz qurd türk mifologiyasında yalnız qoruyucu deyil, həm də xalqı zəfərə aparan yolgöstərən kimi təqdim edilir.
Dastanın sonunda Oğuz Kağan böyük imperiya qurduqdan sonra oğullarını yanına çağırır. O, yayı üç hissəyə bölərək böyük oğullarına, oxları isə kiçik oğullarına verir. Böyük oğullar Bozoxlar, kiçik oğullar isə Üçoklar adlandırılır. Türk boylarının mənşəyi haqqında ən məşhur rəvayətlərdən biri məhz bu hadisə ilə əlaqələndirilir. Oğuz Kağan oğullarına belə nəsihət edir:
“Birliyinizi qoruyun. Elinizi ədalətlə idarə edin. Gücünüzü xalqınızın rifahı üçün istifadə edin.”
Bu nəsihət əsrlər keçsə də, öz dəyərini itirməyib. Oğuz Kağan dastanı göstərir ki, böyük dövlətlər yalnız qılınc gücü ilə deyil, ağıl, ədalət, birlik və uzaqgörənliklə qurulur. Bu gün də türk xalqları üçün Oğuz Kağan təkcə əfsanəvi hökmdar deyil, ortaq mənəvi yaddaşın, dövlətçilik ənənəsinin və milli kimliyin ən qüdrətli simvollarından biridir. Dastan bizə xatırladır ki, bir milləti yaşadan yalnız onun keçmişi deyil, keçmişindən aldığı dərsləri gələcəyə daşımaq bacarığıdır.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)
Tanımadığım küçələrdə əsla yad deyildim...
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
Həsrətlə qürurun qoxusu duyulurdu hər qarışında Şuşanın. Körpə ayaq açarkən necə həssaslıqla, titrək formada addımlayırdısa, elə gəzdim Şuşanı. Addımlamağa qıymırdım, sanki içimdə bu səfər, bu gediş heç bitməsin istəyirdim.
Nə də vüqarlısan, ey Vətən, səssiz divarlar, küçələr belə tarix danışır.
Bəzən elə olur ki, insan bir şəhərə yox, öz xatirələrinin içinə gedir. Mənim üçün Şuşa məhz belə idi. Uşaqlıqdan haqqında eşitdiyim, kitablarda oxuduğum, mahnılarda dinlədiyim şəhər indi qarşımda idi. Tanımadığım küçələrdə gəzirdim, amma qəribədir, heç özümü yad hiss etmirdim. Elə bil, bu yollar məni çoxdan tanıyırdı.
Külək üzümə toxunduqca fikirləşirdim ki, görəsən, bu hava neçə-neçə nəslin nəfəsini özündə yaşadıb. Bu daşlara kimlər söykənib, bu küçələrdən kimlər keçib, neçə ana övladına Şuşadan danışıb, neçə insan bir gün buralara qayıtmağın həsrəti ilə yaşayıb... İndi isə mən həmin küçələrdə idim. Buna inanmaq bəzən çətin gəlirdi.
Ən çox da şəhərin sükutu məni düşündürdü. O sükut boş deyildi. İçində ağrı da vardı, qürur da, illərin həsrəti də. İnsan bəzən heç bir söz eşitmədən çox şeyi anlayır. Şuşada bunu hiss etdim. Danışan insanlar yox, daşlar idi, divarlar idi, külək idi.
Şuşadan ayrılanda geriyə dönüb son dəfə baxdım. Bilirdim ki, gördüyüm mənzərəni telefonun kamerası yadda saxlayacaq. Amma qəlbimdə qalan hissi heç bir şəkil olduğu kimi göstərə bilməyəcək. Çünki Şuşanı görmək başqa, onu hiss etmək tamam başqa imiş.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)
Üç gün qısa təmsil zamanı
Coşqun Xəliloğlu, AYB üzvü.
“Ədəbiyyat və incəsənət”
11.SƏLƏNİN DAYISI
Yabanı nəhayət ki,
Dırmığ saldı, tələyə:
-O, dayılıq eyləyir
Balıqvuran Sələyə.
12.GÜNAHKAR
Eşşək hər dəfə
Lilə batırdı,
Guya günahkar
O yox, Qatırdı.
13.EŞŞƏK MƏRİFƏTİ
-Mərifətdən sayılır, -
Belə söylədi Eşşək:
-Anqırmaq və ağnamaq,
Heç kəs eyləməsin şəkk.
14.İT ÖMRÜ
Kimə quyruq bulayıb
Kimisinə hürürdü,
İt it kimi yaşayıb,
İt ömrünü sürürdü.
15.KÖPƏK VƏ KƏPƏK
Nə vaxt idi ki,
Hürmürdü Köpək,
Çünki yeməyə
Tapırdı kəpək.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)
Ən məşhur yay yeməkləri – Gỏi Cuốn
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yay mövsümündə dünyanın müxtəlif ölkələrində daha çox yüngül, təravətləndirici, bol tərəvəzli və meyvəli yeməklərə üstünlük verilir. Dünya mətbəxinin yaya aid ən məşhur 10 yeməyi və onların qısa hazırlanma resepti təqdim olunur. Bələdçimiz dünya mətbəxinə aid minlərlə resepti ilə məşhur olan BBC good food nəşridir.
Ərzaqlar:
- Düyü kağızı
- Karides
- Kahı
- Nanə
- Xiyar
- Düyü əriştəsi
Hazırlanması:
Bütün ərzaqları düyü kağızına bükün və fındıq və ya balıq sousu ilə təqdim edin.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)


