Super User

Super User

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:

 

3-cü yer

Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

Həmid Piriyevin “Müjdə” hekayəsi;

 Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

1-ci yer

 Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Bir müddət idi ki, seçmə hekayələr “Ədəbiyyat və incəsənət” portalınada yayımlanırdı. Ötən həftədən etibarən mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim edilir.

 

3-CÜ YER

HƏMİD PİRİYEV

“MÜJDƏ”

 

Qədim-qədim zamanlarda, ötmüş-keçmiş əyyamlarda yer üzündə ancaq adamlar vardı, amma yuxu və ölüm yox idi. Adamlar ov edirdilər, yeyirdilər, amma yatmırdılar, yaşayırdılar, amma ölmürdülər. Bir gün adamlardan biri yerə uzanıb yatdı. Həmin adamın üzündə rahatlıq var idi, gülümsəyirdi, mışıl-mışıl yatırdı, hərdən də yüngülcə xoruldayırdı. Adamlar ona baxırdılar, amma yaxınlaşmağa, ona toxunmağa qorxurdular, çəkinirdilər. Çünki yatmağın nə olduğunu bilmirdilər. Xeyli keçəndən sonra yatan adam oyandı. Qollarını açıb ləzzətlə gərnəşdi. “Heç vaxt belə dincəlməmişdim”, – dedi. Adamlar gedib şamanı çağırdılar. Şaman ocaq qaladı, təbil çala-çala ocağın ətrafında dövrə vurdu, axırda huşunu itirib yıxıldı. Özünə gələndən sonra dedi ki, o adam yatmışdı, bu yuxudu, siz də yatın. O vaxtdan hamı yatmağa başladı. O vaxtdan yer üzünə yuxu gəldi. Yuxu gecəni özünə götürdü, gündüzü adamlara verdi. Amma yuxu tək gəlməmişdi, özüylə ölümü də gətirmişdi. Bir gün bir qoca kişi yıxılıb öldü. Adamlar elə bildilər yatıb. Amma kişinin gündüz vaxtı yatmağı onlara qəribə gəldi. Yatmaq üçün gecə var, gündüz yatmaq nəyə lazım? Kişini səslədilər, hay vermədi, oyatdılar, oyanmadı. Adamlar gedib şamanı çağırdılar. Şaman ocaq qaladı, təbil çala-çala ocağın ətrafında dövrə vurdu, axırda huşunu itirib yıxıldı. Özünə gələndən sonra dedi ki, o adam ölüb. Siz də öləcəksiniz. Hamınız öləcəksiniz... Bu rəvayət Qam Ğanın danışdığı axırıncı şey oldu. Qam Ğan bu rəvayəti danışandan sonra ocağın ətrafında təbil çala-çala dövrə vurdu, huşunu itirib yıxıldı, bir də ayılmadı. Bayındır bir həftəlik yuxuya gedəndə Qam Ğanın ölümündən beş il keçmişdi. Bayındır on dörd yaşlı, cüssəli, biləyi güclü, üzü təzə-təzə saqqal gətirən yeniyetmə olmuşdu. Yaşı az olsa da, mahir ovçu sayılırdı. Hələ ovdan boş qayıtdığı olmamışdı. Artıq qəbilə camaatı ona tək Qam Ğanın oğlu olduğuna görə yox, həm də əli gətirən ovçu kimi hörmət edirdi. Bayındır bir gün hazırlaşıb ova getdi. O, adətən, ova tək gedirdi. Həmişə ov ovlayəb quş quşladığı meşəyə az qalmış bulağın yanında oturub dincini almağa başladı. Sərin bulaq suyundan içib əl-üzünü yuyandan sonra yastı qayalardan birinə söykənib uzandı, yuxu onu apardı. Ayılanda uzaqda bir adam gördü. Amma adamı yuxuda, yoxsa doğrudan gördüyünü anışdıra bilmədi. Adamın görkəmi qəribə idi, buraların adamına oxşamırdı. Bayındıra maraqlı gəldi, durub adamı izləməyə başladı.

Adam qabaqda, Bayındır dalınca günlərlə getdilər. Bayındır bilmirdi hara gedirlər, qarasına adamın dalınca düşmüşdü. O hara getsə, Bayındır da gedirdi. Çalışırdı özünü bəlli etməsin. Adamın hərəkətləri də görkəmi kimi qəribə idi. Yaşayış yerlərinin yanından keçirdi, amma heç vaxt adamlara yaxın getmirdi, qəbilələrdən uzaq dolanırdı. Qəbilə yurd salan yerlərin yaxınlığındakı bulaqların, kəhrizlərin yanındakı qənbərlərdən hamarını seçirdi, ucu sivri balaca daşla qənbərin üstündə əyri-üyrü xətlər cızırdı, qənbəri suyun yanında qoyub gedirdi. Adam hər dəfə üstünü cızdığı qənbəri qoyub uzaqlaşandan sonra Bayındır gəlib baxırdı. Qənbərlərin üstündəki cızıqlar bir-birinə oxşayırdı, amma eyni deyildilər. Fəsil dəyişdi, havalar soyumağa başladı. Artıq Bayındırın əynindəki paltar onu soyuqdan qorumurdu. Elə özü də bu qaçdı-qovdudan yorulmuşdu. Bir dəfə adam bir bulağın yanında oturub qənbərin üstünü cızanda Bayındır onun yanına getdi, oturub kürəyini qayaya söykədi. Adam başını qaldırıb ona baxsa da, heç nə demədi, yenə başını aşağı salıb işinə davam elədi.

– Neynirsən?

 Bayındır soruşdu.

– Yazı yazıram, – adam dedi.

– Yazı nədi?

Bayındır soruşdu.

– Yazı yaddaşdı, – adam dedi.

– Cızdığın daşları görmüşəm, heç nə başa düşməmişəm, – Bayındır dedi.

– Haçansa başa düşənlər tapıb oxuyacaq, – adam dedi.

Adamın qənbəri cızmağına baxa-baxa Bayındırı yuxu apardı. Oyananda adam yox idi, Bayındırın yanında üstü cızıqsız hamar qənbər qoyub getmişdi. Bayındır qənbərə əl vurmadı, durub öz qəbiləsinə qayıtdı. Görənlər ona təəccüblə baxırdı, Bayındır birinci dəfəydi ovdan bir neçə ay sonra, özü də əliboş qayıdırdı. Görən-görən ondan nəsə soruşurdu, amma Bayındır heç kimi eşitmirdi. Birbaş öz alaçıqlarına getdi, anasının təəccüblü baxışları altında uzanıb yatdı. Yuxuda Bayındırı qızdırma basdı. Bayındır titrədə-titrədə, sayıqlaya-sayıqlaya bir həftə yatdı, özünə gəlmədi. Yatmağının dördüncü günü adam göndərib qonşu qəbilənin şamanını çağırdılar. Şaman böyük ocaq qalatdırdı, üç gün-üç gecə ocağı sönməyə qoymadı. Üç gün dayanmadan təbil çalıb ocağın ətrafında dövrə vurdu, uğuldadı, ruhları çağırdı. Bayındırın yatmağının yeddinci, özünün bura gəlməyinin üçüncü günündə axşam şamanın əlləri yanına düşdü. Taqətsiz yerə çöküb qəbilə başçısına dedi:

– O dünyanın qapısı bağlıdı. Nə özüm gedə bilirəm, nə də ruhları çağıra bilirəm. İndiyəcən belə şey görməmişdim. Bu vaxt Bayındırın anası alaçıqdan çıxıb oğlunun ayıldığını dedi. Qəbilə başçısı ilə şaman tez alaçığa girdilər. Bayındır yerinin içində oturub key-key yan-yörəsinə baxırdı.

– Mən hardayam? Mənə nə olmuşdu?

 Bayındır soruşdu.

– Evindəsən. Bir həftədi xəstə yatırdın, – qəbilə başçısı dedi. – Yuxuda nə gördün? – şaman soruşdu.

 – Heç nə.

Bayındır dedi.

– Heç nə. Şaman Bayındırın yanında çöküb başını aşağı saldı, uzun müddət fikirləşdi, heç nə demədi. Uzun müddət qəbilə başçısı Bayındıra, Bayındır şamana, şaman isə yerə baxdı. Axırda şaman başını qaldırdı:

 – Sənin qismətin bəlli olur, Qam Ğanın oğlu. Ya şaman olacaqsan, ya başçı. Səfərə çıxmalısan, – dedi.

– Nə səfər?

 Bayındır soruşdu.

– Tale yolu səfərinə. İndi dediklərimə yaxşı qulaq as, hamısını bircə-bircə yadında saxla. Sabah səhər açılan kimi yola düş. Piyada get, qismətini at ayaqlarının tappıltısı ilə səksəndirmə. Yeddi düzənlik keçib altı dağ aşandan sonra meşə görəcəksən. O meşədə ağ marallar yaşayır. O marallardan birini öldürüb dərisindən təbil düzəltməlisən. Meşədən o tərəfdə yeddinci dağ ucalır. O dağın zirvəsində şahinlər yuva salıb. O şahinlərdən birini tutub sol qanadından bir lələk çəkməlisən. Amma şahini öldürmək olmaz. Təbillə lələyi hazır eləyəndən sonra yeddinci dağa çıx, zirvəyə az qalmış mağara var. O mağaraya girib ocaq qala, şahinin lələyini ocaqda yandırıb təbili çalmağa başla.

– Bəs sonra?

Bayındır soruşdu.

 – Sonrası sənin qismətindi, – şaman bunu deyib getdi. Səhər açılan kimi Bayındır yola düşdü. Yeddi düzənlik keçib altı dağ aşdı, şamanın dediyi meşəyə çatdı. Ucu-bucağı bilinməyən bu meşədə ağaclar çox hündür idi, o qədər hündür idi ki, başları görünmürdü, kölgələrindən gündüz də gecə kimi qaranlıq olurdu. Bayındır adam ayağı dəyməyən heyvan cığırlarıyla meşəni dolaşmağa başladı. Günlərlə gəzdi, ayı gördü, canavar gördü, tülkü gördü, çöl donuzu gördü, xallı maral gördü, axırda ağ marallara rast gəldi. Oxunu yaya çəkib marığa yatdı. Amma bu marallar hər xışıltıdan səksənib qaçırdılar, qaçmaqları oxdan sürətli idi. Bayındırın atdığı oxlar onlara çata bilmirdi. Bayındır günlərlə maral sürüsünün dalınca düşdü, axırda birini vura bildi. Maralın dərisini soyub günün altında qurutdu, aşılayıb təbil düzəltdi. Meşədən çıxıb yeddinci dağın ətəyinə gəldi. Bu dağ keçdiyi altı dağdan daha uca, daha əzəmətli idi. Havada fırlanan şahinləri gözü kəsdirdi. Şahinləri güdməyə başladı. Gördü ki, şahinlər gündə bir dəfə zirvədən enib yem axtarırlar. Bayındır dağın ətəyindəki yamacda özü dərinliyində çuxur qazdı, çuxurun ağzını nazik budaqlarla hördü, budaqların üstünə ot döşədi. Dovşan tutub ayağından nazik çatı ilə çuxurun yanında yerə çaldığı budağa bağladı. Çuxura girib gözləməyə başladı. Birinci gün şahin gəlmədi. İkinci gün şahin gəlmədi. Üçüncü gün bir şahin yamacın üstündə dövrə vurub qıy çəkdi. Şığıyıb bir dimdik zərbəsiylə dovşanın başını parçaladı, leşini dimdikləməyə başladı. Bayındır təbildən artıq qalan dərini doladığı əllərini budaqların arasından çıxarıb şahinin ayaqlarından yapışdı. Çuxurdan çıxdı, əlindəki şahin üzünü dimdikləmək istəyəndə Bayındır hirsləndi, əl atdı bıçağına, amma şamanın sözü yadına düşdü. Şahinin sol qanadından bir lələk çəkib özünü havaya buraxdı. Şahin yenə yamacın üstündə dövrə vurdu, uçub zirvəyə qalxdı. Bayındır təbillə lələyi, bir də bir neçə quru budaq götürüb dağa çıxmağa başladı. Zirvəyə az qalmış mağaranı gördü. Mağaranın girişi dar, alçaq idi, Bayındır əyilib içəri keçdi. Gətirdiyi budaqları sındırıb ocaq qaladı, şahinin lələyini ocağa atdı. Lələk çırtıldayıb yanandan sonra təbili çalmağa başladı.

Tam-tam-tam... Təbili şaman kimi aramla, ahənglə çalırdı. Tam-tam-tam... Gündüz keçdi, gecə oldu, Bayındır isə çalmağa davam edirdi. Tam-tam-tam... Səhərə yaxın mağaranın dərinliyindən xışıltı eşidildi. Xışıltı getdikcə yaxınlaşdı, ayaq səslərinə çevrildi. Hardansa iri, gonbul bir arvad peyda oldu. Arvad gəzdikcə iri, sallaq döşləri yellənirdi. Bayındır onu görəndə heyrətdən və qorxudan əlləri boşalıb yanına düşdü. Arvad gəlib Bayındırın qabağında dayandı. – Gəldin, Qam Ğanın oğlu. Səni gözləyirdim. Sənə bir həftəlik yuxunu mən göndərmişdim. O yuxu mənim müjdəm idi. Amma özüm yuxuna gəlmədim. Məni yuxusunda görənlər, döşümdən süd əmənlər şaman olur. Sən şaman olmayacaqsan. Sənin qismətin xanlıqdı. Sən xanlar xanı olacaqsan. Arvad təbili Bayındırdan alıb qılınc verdi. – Get, – dedi. – Taleyinə get. Bayındır qılıncı götürüb mağaradan çıxdı. Dan sökülürdü. Altıncı dağın zirvəsindən yarısı görünən günəşin şüaları Bayındırın üzünə düşüb gözlərini qamaşdırdı. Bayındır artıq bilirdi nə etmək lazımdı. Əvvəlcə adamın onun üçün bulaq başında qoyduğu cızıqsız hamar qənbərin dalınca getməliydi...

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Habil Yaşar,

Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Növbəti təqdimatda Bayramlı Məhəmməddir. Ədəbi təxəllüsü Signor olan Bayramlı Məhəmməd 24 mart 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Avrasiya Universitetində Tərcümə (ərəb dili) ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə Biznesin idarə edilməsi (turizm və otelçilik) ixtisası üzrə magistr təhsili almışdır. Hazırda yazarlıqla birgə tərcüməçi kimi fəaliyyət göstərir.

O, “Bakirə”, “Samuray” və “Tanrıdan soruş” romanlarının, həmçinin “Xəyalların kölgəsində” hekayələr toplusunun müəllifidir.

 

Müəllifin “Rüqəyya” adlı hekayəsini sizlərə təqdim edirəm...

 

BAYRAMLI MƏHƏMMƏD,

“RÜQƏYYA”

 

Sənə vəd edilən həyatın bir əmanət olduğunu unutduğun gün, ruhun bir oyuncağa çevriləcək və sən onların əlində zülmətə doğru sürüklənəcəksən...

         

Biz ailədə üç uşaq idik. Böyük qardaşım müharibədə həlak olandan bəri evimizə çökən kədər ailəmizi məhv olmağa doğru aparırdı. Atam mən hələ üç yaşımda olanda itkin düşmüşdü. Onun üzünü belə xatırlamırdım. Nənəm hərdən atana oxşayırsan deyəndə nəyi nəzərdə tutduğunu anlamaqda çətinlik çəkirdim. Görəsən xasiyyətimi deyirdi ya görünüşümü? Anam hərdən üzümə uzun-uzun baxanda bunu atama oxşamağıma yozurdum. Bir dəfə də ev işlərini yekunlaşdırıb, küncdəki divana oturanda yaylığını başından açıb alnının tərini sildi və mənə gülümsəyərək “Akif” deyə səsləndi. Ona su gətirməyimi istədi. Qaçıb mətbəxdən bir stəkan su gətirib ona uzadıb dedim:

- Buyur ana. Çox yorulmusan deyəsən.

- Həəəəə- ancaq indi mənim kim olduğumu anlamışdı. Stəkanı əlinə alıb, bir nəfəsə içdi və dərin bir nəfəs alıb, gözünü tavana zillədi. Mən əlindəki stəkanı alıb döşəməyə qoydum və yerə çöməldim. Qabar-qabar olmuş əllərindən tutub, bir müddət onu seyr elədim. Təqribən on dəqiqə hərəkətsiz qaldı. Əgər əlləri əlimdə olmasaydı, nəfəs alarkən asta-asta enib-qalxan sinəsini görməsəydim, yəqin ki, onun öldüyünü düşünərdim. Bəlkə də, o gün Tanrıya qarşı üsyan edən bəndələrdən biri olardım. Əgər anamı da alsaydı əlimdən, bəlkə də Tanrının mənə qarşı nə qədər qəddar olduğunu düşünərək, hətta onun varlığına da şübhə ilə yanaşardım. Axı mən də insanam. Möcüzələrlə inandığımız Yaradanın varlığına şübhə etmək üçün xüsusi bir şeyə ehtiyacımız olmur. Əslində heç şeytana da ehtiyac yoxdur. Adicə biri qayıdıb desə ki, mən Ona inanmıram, qarşısındakı da öz inancına şübhə ilə yanaşmağa başlayır. Bəzən heç bu da lazım olmur. Otaqda təklikdə oturub divara baxanda ağlına gələn “olum və ölüm” barədəki düşüncələr də bəs edir ki, sən həyatı və sənə öyrədilən bütün “həqiqətləri” sorğulayasan. Allah və bəşəriyyətə göndərilən peyğəmbərlər, ruhanilər, mələklər, hekayənin mənfi obrazı olan Şeytan. Bütün bunlar sənə kiminsə uydurduğu roman kimi görünür. Halbuki sən uşaq olandan sənə bunların həqiqət olduğunu öyrədirlər. Ailən sənin əxlaqlı, namuslu və inanclı bir uşaq olmağın üçün çabalayır. Ta ki, sən fəlsəfəylə tanış olana qədər. Üzünü belə görmədiyin filosofların dedikləri sənə məntiqli görünməyə başlayır. Daha sonra fəlsəfə müəllimi də başlayır səninlə oyunlar oynamağa. Bir də görürsən ki, qəlbindəki inancdan əsər-əlamət qalmayıb. Sən də digər insanlar kimi artıq dindən danışılan yerlərdən uzaq durmağa başlayırsan. Allahın adını çəkib, pul dilənənlərə ikrahla baxırsan. Təbii ki, bütün bunların günahkarı nə fəlsəfə, nə də ki şeytandır. Bütün bunların yeganə günahkarı sən və qəlbində ört-basdır elədiyin qorxularındır. Sən bəlkə də sadəcə Tanrının varlığına inanmaqdan qorxursan. Çünki, yaxşı bilirsən ki, əgər O varsa, sənin ona layiq bir bəndə olmadığını bilir. Sənin özün də bunu yaxşı bilirsən. Ancaq hələ də bundan qurtulmaq üçün bir cəhd göstərmirsənsə, deməli artıq ruhun məhv olmağa doğru gedir...

- Bu gün 16 il tamam olur. – anamın səsi məni düşüncələrimdən ayıranda, artıq tavana yox, mənə baxdığını gördüm. Özümü gülümsəməyə məcbur edərək, dedim:

- Nənəm demişkən, kişisizlik səni yaman qocaldıb. Elə bil, 16 il yox 60 il keçib üstündən. Arada saçının ağaran hissələrinə rəng vur da, zalım qızı.

- Ə, küçük. Mənlə məzələnirsən? – gözünü qısıb, sifətini turşutdu. Yüngülcə yanağıma bir şillə çəkdi. Daha sonra gülümsəyib, sözünə davam elədi: - Deyəsən, artıq yaşamadığına inanmaq lazımdır.

- Həəə. Elədir. – deyib, gözümü onun yaylığına zillədim. Rəngi solmuş yaylıq rəhmətlik nənəmdən qalmışdı. Anam onu ən dəyərli xəzinəsi hesab edirdi. Hər gəlinə nəsib olmurdu qayınanasının yaylığını bağlamaq. “Öləndə ovcuma basıb, mənə əmanət elədi” deyir, yatanda belə yanından ayırmırdı onu. Anam güclü qadın idi. Atamın itkin düşməyinə, nənəmin ölməyinə (qonşular buna sevindiyini desələr də, mən bilirdim ki, bu belə deyil. Hər səhər üzünü yaş dəsmalla silsə də, altını təmizləyib, yemək yedirsə də, ondan bezmir, həmişə gülərüz olurdu nənəmin yanında. Bilirdim ki, anam bunları ürəkdən eləyir), qardaşımın müharibədə həlak olmağına dözmüşdü. Məni bir təhər də olsa böyütmüş, oxumağım üçün əlindən gələni etmişdi. Mən ona “Tomris Ana” deyirdim. Bilirdim ki, mənə kimsə xətər yetirmək istəsə, onu Kir kimi qanla doyuzdurar... Qardaşımın nəşi həyətimizə gələn günü, mən heyvanlar üçün ot yığmaqdan gəlirdim. Darvazanın ağzında dayanan insanları görəndə, arabadan düşüb cəld evə qaçdım. Eşşəyimiz yolu onsuz da əzbərə bilirdi. Arxayın idim ki, ardımca o da içəri gələcək. Elə darvazanın iki addımlığına çatmışdım ki, arvadların qışqırtısı aləmi bürüdü. Adamları yarıb içəri girəndə bayrağa bükülmüş tabutu gördüm. Qonşuluqdakı arvadların saçını yolub, ax-vay eləməyindən başa düşdüm ki, artıq bir qardaşım yoxdur. Qəribə idi. Əgər onu itirsəm həyatım məhv olar deyə düşünürdüm. Ancaq həmin gün heç bir şey hiss eləmirdim. Elə bil ki, həyətin ortasında yatan qardaşım Əsəd deyildi. Sanki, yoldan keçəndə insanların toplaşdığını görüb, marağa soxulmuşdum aralarına. Həmin vaxt özümü qansız, duyğusuz biri olaraq görürdüm. Ancaq anamın da ağlamadığını görəndə, bir az da olsa rahatladım.  Anam arvadların arasından aralanıb, qardaşımı gətirən əsgərlərə doğru yaxınlaşıb, üzlərinə sığal çəkərək, dedi:

- Acsınız bala? Gəlin bir qismət çörək yeyin.

- Ay arvad, dəli olmusan? – qapıbir qonşumuz Fatma xala ayağa qalxıb, dedi.

- Başına hava gəlib ay qız? – digər qadınlar da ona qoşuldular.: - Uşağın ölüb e. Oğlun yerdə yatır.

- Yerdə yatanı sizdən yaxşı tanıyıram. Onu qarnında mən gəzdirmişəm siz yox. Ona Əsəd adını boş yerə qoymamışdım. Aslan kimi yaşadı, aslan kimi öldü. Əsədim ölüb, amma bir oğlum daha var. Lazım gəlsə o da gedəcək döyüşə. Siz mənim dərdimi çəkməyin. Ondansa durun çay-çörək hazırlayın. Uşaqlar acdılar. Bir qismət çörək yesinlər. Hələ müharibə bitməyib. Taqətləri olsun. Hə mənim balalarım? Əsədimin amanatısınız. – deyib, balacaboy əsgərin üzündən öpdü, bağrına basdı. Həmin gün anladım ki, nə olursa olsun anam həmişə öz ayaqlarının üzərində dayanacaq. Heç nə onu yıxa bilməzdi...

Məktəb vaxtı müəllimim həmişə nitqimin rabitəsiz olmağından şikayətlənərdi. Gah oradan, gah da buradan danışardım. Hələ də bu vərdişi tərgidə bilmirəm. Nə danışdığımı unutmamaq üçün qeydlər aparsam da xeyri olmur. Bəzən bu xasiyyətimə görə insanlar danışdıqlarımın mənasız olduğunu düşünür və məndən uzaqlaşırlar. Buna görə də, bildiklərimi yazıya köçürmək qərarına gəldim. Əgər səbri çatıb axıra qədər oxuyan olsa, mütləqdir ki, maraqlı nəsə tapacaq. Ya da sadəcə məni söyəcək ki, həyatından boş yerə dəqiqələr oğurlamışam. Ancaq mən başımdan keçənləri yazmaqla həm ailəmə, həm də bizdən sonrakı nəsillərə olan borcumu ödəyəcəyimi düşünürəm. Bildiyim bütün pafoslu cümlələri istifadə etdiyim üçün hər kəsdən üzr istəyirəm...

Qardaşımın ölümünü rahatlıqla qəbul edən anam, atamın yaşadığına olan ümidini düz 16 il itirməmişdi. Onun fikrini dəyişdirən nə idi görəsən? Qardaşımın ölümündən hələ 11 ay keçmişdi. Müharibə hələ davam edirdi. İçərisində oturduğumuz bu evin həyətində patlamamış 7 mərmi vardı. Evin aynabəndi qəlpə izləri ilə dolu idi. Üç ay idi ki, döyüşlər bizim kənddən uzaqlaşmışdı. Ancaq ölkə hələ də müharibənin caynağında qıvranırdı. Mən universiteti yarım buraxıb anamın yanında qalmışdım. Evdə əsasən ikimiz olurduq. İki gün əvvəl isə Bakıdan Nailə gəlmişdi. Demişdim axı biz üç uşaq idik. Nailə evin balacası idi. Aramızda cəmi 6 ay fərq olsa da, mən onu balaca bacım olaraq qəbul eləmişdim. Anam da ona evin son beşiyi kimi baxırdı. Əslində Nailə atamın başqa qadından olan qızı idi. Anası rus idi. Beş il qabaq qəfil qarşımıza çıxdı. O vaxt rəhmətlik nənəm sağ idi. “Boynun qırılmasın ay Akif. Bircə urus yetimçəsi çatmırdı.” deyib, dizlərini döymüşdü. Anam nənəmi sakitləşdirib, qızı evə qəbul edəndə kənddə iki ay söz-söhbət dolaşdı. Hamı bir bəhanə ilə qızı görmək üçün bizə gəlirdi. Adını tələffüz edə bilmədiyi üçün anam qızın adını Nailə olaraq dəyişdirdi. Nailə dilimizi bilsə də, arada rusca sözlər işlədirdi. O da ki, başa düşülən idi. Müharibə başlayanda onu cəld Bakıya qohumlarımızın yanına yola saldıq ki, ora ən azından təhlükəsiz olar. Anam özü getməyə razı olmasa da, Nailənin getməyini istəmişdi. Onu qorumağa çalışırdı. Bacım da onun təkidilə getməyə razılaşmışdı. İki gün qabaq isə məcbur olub geri qayıtmışdı. Şəhərdəki qohumumuz Moskvaya gedəcəyini deyib, Nailəni geri göndərmişdi. Hər şey üst-üstə gəlirdi elə bil. Əvvəlcə un dəyirmanındakı müdirimiz məni işdən çıxarmalı olduğunu demişdi. Müharibənin davam etməsi onun da işinə mane olurdu. İndi də anam atamın sağ olduğuna olan inancını itirmişdi. Görəsən ona nə olmuşdu? Bilmirdim. Deyəsən heç vaxt da bilməyəcəkdim...

 

*

- Mən hələ uşaq idim bu hadisə olanda. – anam odun sobasına iri bir parça odun atıb, maşa ilə qarışdırdıqdan sonra, döşəyin üstündə yerini rahatlayıb dedi. Nailə sobanın üstündəki çaydanı götürüb, anamın stəkanına çay süzdü. Mənə təklif eləsə də, başımla istəmədiyimi bildirdim. Çaydanı yerinə qoyub, yanımda bardaş qurub oturdu. Başını çiynimə söykəyib, anamın danışmağını gözlədi. Anam stəkanı dodağına yaxınlaşdırıb, çayı üfürdü və bir qurtum içib, sözünə davam elədi: - Evdə hamı məndən gizlin danışırdı bu barədə. Rəhmətlik nənəm yaylığını örtüb Quran oxuyardı tez-tez ki, evdən şər-xata uzaq olsun. Düzü nə qədər xeyri olurdu bilmirəm. Rəhmətlik alayarımçıq ərəbcəsilə bir neçə ayəni güclə oxuyur, hövsələsi çatmadığı üçün bitirməmiş amin deyirdi. Hərdən onu yamsılayır, uşaqlarla ürəkdən gülürdük. Yaxşı günlər idi. Bircə anamın oxlovundan qurtula bilsək dərdimiz olmurdu. Amma həmin vaxtı evdəkilərin dərdi bizimkindən fərqli idi... Bu söhbəti bir gecə təsadüfən eşitmişdim. Gecə yuxudan oyananda anamı axtarsam da yerində tapmadım. Elə onu axtarırdım ki, dəhlizin başından işıq gəldiyini gördüm. Yavaşca işığa doğru irəlilədim. Nənəm, atam və anam xısın-xısın nəsə danışırdılar. Ev səssiz olduğu üçün onları aydın eşidirdim... Kəndin ayağında qoca bir  qadın qalırdı. Biz uşaqlarla oradan keçəndə çalışırdıq ki, səs salmayaq. Çünki o arvadın görünüşü bizi qorxudurdu. Əslində adi qoca qarı idi. Sadəcə boynundan xaç asır və hər səhər əlində tüstüləyən bir qabla evinin qabağında nəsə mırıldana-mırıldana dolaşırdı. Ona görə də çalışırdıq ki, evinin qabağından keçməyək. Həmin arvadın nə işlə məşğul olduğunu heç kim bilmirdi. Yanına heç kim gəlib-getməzdi. Nə ilə dolandığını bilən yox idi. Ailəsi də yox idi. Elə buna görə də hökümətin diqqətini çəkmişdi. Nənəmgil də bu barədə danışırdılar:

- Dünən sovetlikdən adamlar gəlmişdi. Dedilər Mariya qarını axtarırlar. – atam əli ilə üzünü sığallayaraq dedi. Gərgin olanda həmişə belə edirdi.

- Yazıq Mariya. Nə edib ki bədbəxt?

- Nə bilim ay ana? Hökümətdi də. Kimi niyə axtarır heç kim bilmir. Amma camaatın dediyinə inansaq, qara-qura işlərlə məşğuldu. Deyirlər dua-cadu edirmiş. Qonşuluqda qalan Əfrayımı bilirsən də. Xəbərçinin biridir. Gedib çatdırıb kənd sovetinə. Bu da yuxarılara deyib. İndi də düşüblər arvadın dalınca.

- Bıy, Allahsızlar. Allah vurmuşdu onları. Mariya özümüzküdü, a bala. Elə şeylər edən olsaydı, biz bilərdik də.

- Ay ana bəsdir də sən canın. Guya bilmirsən bu adamları? Kimin nə mal olduğu bilinmir. Deyirlər cinləri çağırırmış yanına.

- Əstağfirullah, əstağfirullah. Tövbə. Ay Allah keç günahından qələtdi elədi. Sənə deməmişəm adını çəkmə lənətə gəlmişlərin?

- Yaxşı da ana. Özün deyirdin ki, mömini də var kafiri də. Bəlkə mən möminini çağırıram? Nə bilirsən?

- Yaxşı qələt eləmə. Çəkmə adını. Sözünü de görüm noldu?

- Heç nə. Mariyanın evini nişan verdilər. Bunlar da getdilər darvazanın həndəvərində bir az fırlandılar, sonra da qayıtdılar. Bu gün də gəlmişdilər. Bu dəfə maskalılar. Səssizcə gəldilər girdilər evə. Bir də gördük ki, ev od tutub yanır. Kənddən bir-iki oğlan ora doğru qaçırdı. Biz də qoşulduq. Girəndə evə yerdə cəsədlər vardı. Maskalılardan idi hamısı. Deyirlər Mariyanın işidir.

- Ay, Rafiq. Heç özün inanırsan ki, qoca arvad belə iş tutsun? – anam ehmalca atamın qoluna toxunub dedi.

- Bilmirəm ay, Nisə. Gözümlə görməsəm inanmazdım. Deyim ki, düşmənlər edib, o da yoxdu axı. Kimdi bu boyda Sovet hökümətinə baş qoşan? Həm də elə olsaydı, atışma səsləri gələrdi. Ölənlərdə heç güllə yarası da görmədim. Nəyə inanacağımı bilmirəm.

- Sonra noldu ay bala? – nənəm yaylığını başından açıb, alnının tərini silərək dedi.

- Yaxınlıqdakı erməni kilsəsinə getmişdi. Orada mühasirəyə aldılar. Heç kim içəri girməyə cürət eləmirdi. Axırı maskalılardan bir yığın adam gəldi. Camaatı dağıtmağa çalışsalar da, heç kim yerindən tərpənmirdi. Maraq ölüm qorxusuna güc gəlmişdi. Qəfil kilsəni gülləboran elədilər. Şüşələr çilik-çilik oldu. Ehtiyatla içəri girdilər. Amma heç kim gözə dəymirdi. Küncdə bir topa qara paltar vardı. Bir də qara bir pişik. Elə çölə çıxmağa hazırlaşırdıq ki, paltar od tutub yandı. Kilsənin içindən qəribə bir səs gəlməyə başladı. Sonra pişik qaçıb kilsədən uzaqlaşdı. Hamı yerində donub qalmışdı. Səs kəsiləndə elə bil donumuz açıldı. Çölə çıxdıq. Bildiyim bütün duaları oxumağa başladım. Bütün bədənim titrəyirdi...

Atam məni görüb sözünü yarımçıq qoydu. Anam qolumdan tutub, yerimə apardı. Nə vaxt yuxuya getdiyimi heç özüm də bilmirəm. Səhər oyananda nənəm əlində Quran oturub aynabənddə dua oxuyurdu. Anam da halva bişirmişdi. Cümə axşamı olmadığı üçün qəribə gəlmişdi mənə. Adətən halva istəyəndə qayıdıb deyirdi ki, cümə axşamı bişirərəm. Ölülərin də ruhuna rəhmət oxuyarıq. Bu dəfə də Mariya üçün halva bişirmişdi. Əslən erməni olan bu qarını heç kim sevmirdi əslində. Sadəcə anamgil Allah xatirinə onu tək qoymaq istəmirdilər. Amma bacardıqca gizlin görürdülər işi. Hökümətin qulağına getsə, Mariyanın yanına göndərərdilər hamımızı... Aradan bir az keçmiş, kənddə bir qızın itdiyini dedilər. Adı Rüqəyya idi. Sakit, heç kimlə işi olmayan qızın biri idi. Yazıq evdən çıxıb, gecənin qaranlığında görünməz olmuşdu. Sahədə falan axtarsalar da, heç nə tapmamışdılar. Gah dedilər ki, kimsə oğurlayıb, gah da dedilər ki, Mariyanın ruhu onu əsir alıb, yer altına çəkib. Qızı müqəddəsləşdirib qeybə çəkildiyini deyən də tapıldı. Bir onu bildik ki, anası yazıq gecə-gündüz ağlamaqdan halsız düşmüşdü. Gözü artıq kor olmaq dərəcəsinə çatmışdı. Heç kim onu təsəlli edə bilmirdi. Qızını istəyən anaya kim kömək edə bilərdi ki? Amma hərdən düşünürəm ki, kaş nə istədiyinə diqqət edərdi... Hadisənin necə baş  verdiyini öz gözümlə görməmişəm. Amma bir az böyüdükdən sonra anam mənə hər şeyi danışmışdı. Rüqəyyanın itkin düşməyindən bir neçə gün keçmiş, hamı onların evinə toplaşmışdı. Kişilər həyətdə atası ilə dayanıb, ona ürək-dirək verirdi. Arvadlar da evdə oturub ağlaşma qururdular. Qızın anası da hamıdan çox ağlayırmış. Qəfil otağın qapısı açılır. Əvvəl heç kim fikir vermir. Elə bilirlər ki, həyətdəki kişilərdəndir. Samovar çayı gətirib ki, boğazlarını yaşlasınlar. Amma səs gəlmədiyini görəndə, hamı başını döndərib qapıya baxır. Görürlər ki, Rüqəyya qapının ağzında dayanıb. İfadəsiz gözlərini anasına zilləyib, gözləyirmiş. Anası cəld iməkləyə-iməkləyə qızına doğru yaxınlaşıb. Qucaqlamaq istəyəndə, qız əliylə onu kənara itələyib. Asta-asta otağın tən ortasına doğru addımlayıb. Qəfil dayanıb və gözünü tavana zilləyib. Hamı kirimişcə onu izləyirmiş. Qəfil qız başını aşağı salıb, qadınlara baxıb. Hamı bu qəfil hərəkətdən diksinib geri çəkilib. Rüqəyya dəli kimi gülməyə başlayıb. Gülməyi dayandıranda, otağa ölüm sükutu çökübmüş. Sükutu elə onun öz səsi pozur:

- Niyə toplaşmısınız? Mən çox adam olan yerləri sevmirəm. Özü də bu qədər arvad nəyə lazımdır ki? Rəqəmlərlə aram yaxşı deyil. Amma ölülərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır.

- A bala nə deyirsən?

- Mən sənin balan deyiləm. – qız artıq öz səsiylə danışmırmış. Başqa birinin səsini təqlid edirmiş elə bil. Hamı bu səsin sahibini tanıyırdı. Bu Mariyanın səsi idi. Başa düşürlər ki, qızı aparan Mariya olubmuş. Onun bədənini ələ keçirib və indi özünü tam azadlığa qovuşmuş hiss edir. Qızın anası yerindəcə quruyub qalıbmış. Elə anamgil də. Mənə danışırdı ki, Rüqəyya uzun dırnaqlarını bir-birinə sürtüb, arvadların yanından keçirmiş. Bir nəfərdən bir dayanıb, qabağında durduğu qadının boğazını dırnağı ilə cızırmış. Qadın geri çəkilsə, tutub boğazından sıxırmış. Bu bir neçə dəqiqə beləcə davam edir. Axırda qadınlardan biri qışqırır. Səsə kişilər içəri doluşurlar. Rüqəyyanı kənara çəkirlər. Deyilənə görə qızı 3 kişi güclə saxlayırmış. İçinə girən ruh onu olduğundan daha güclü edibmiş. Qız onların əlindən qurtulmaq üçün dəfələrlə cəhd edir. Ancaq bunun mümkün olmadığını görəndə, dayanır. Dərin bir nəfəs alır və deyir:

- Ölüm qapınızı çalanda və ya yaşamaq üçün tək səbəbiniz intiqam olanda məndən başqa sığınacaq limanınız olmayacaq. Tək çıxış yolunuz mən olacağam. Onda mənim adımı bacardıqca ucadan səsləyin: RÜQƏYYA!

Sözünü tamamladıqdan sonra dilini dişləyərək intihar edir. Buna şahid olanlar aylarla özünə gələ bilmir. Ən pisi isə, qızın boğazını cızdığı qadınlar bir gün fasiləylə intihar edirlər. Biri səhər tezdən özünü tövlədən asır. Bir digəri isə qarnına yaba soxur. Öldükləri günə qədər heç birində intihar meyli olmur. Sadəcə vaxtı çatanda hər biri intihar edir. Polis nə qədər araşdırsa da, qəfil ölümlərin səbəbini tapa bilmir. Ancaq kənd camaatı bunun səbəbkarının kim olduğunu yaxşı bilirdilər: Rüqəyya!.. 

Anam hekayəsini tamamlayanda otaqda qəribə sükut hakim idi. Nailə bərəlmiş gözlərini anama zilləyib, hekayənin sonunu gözləyirdi. Sobadakı alov öləziyirdi deyə ayağa qalxıb, iki odun atdım və maşayla eşələdim ki, od sönməsin. Yerimə qayıdıb oturanda, Nailə qolumu qucaqlayıb anamın danışmağını gözləməyə başladı. Bir müddət heç kim dinib-danışmadı. Arvad elə bil hekayədən sonra danışmağı unutmuşdu. Elə istəyirdim ki, nəsə deyim, bu vaxt gecənin səssizliyini ildırım kimi yaran bir səs eşidildi. Səsin nə olduğunu anlamağa macal tapmamış, darvazanın yanındakı tövləyə mərmi düşdü. Mən cəld anamı və Nailəni qolundan tutub çölə çıxardım. Heç ayaqqabılarımızı belə geyinməyə imkanımız olmadı. Nailə darvazaya tərəf cumsa da, onu dayandırdım. Mərminin düşdüyü yerə getmək ağılsızlıq olardı. Cəld qonşunun hasarına yaxınlaşdıq. Artıq güllə səsləri eşidilməyə başlamışdı. Müharibə yenidən kəndimizə sıçramışdı. Qonşu ilə aramızdakı hasar qarğıdan hörülmüşdü. Bir az güc verən kimi, hasar uçdu və həyətə keçdik. Ev sahibləri özləri də çölə çıxmışdılar. Hamı bir tərəfə qaçırdı. Qonşumuz Əmiraslan dayının köhnə bir “07”si vardı. Hamını cəld maşına doldurdu. Bacardıqca tez kənddən uzaqlaşmalı idik. Keçən səfər də döyüşlər gedəndə kəndi tərk etmişdik. Düşmən düz kəndin ortasına qədər gəlib çatmışdı. Amma bizimkilər çox keçmədi ki, geri oturtdu erməniləri. Biz də qayıdıb yerimizə, yuvamıza qovuşduq. İndi yenə döyüşlər başlamışdı. Gərək qadınları və uşaqları təhlükəsiz bir yerə aparaydıq. Əmiraslan dayı maşının işığını yandırmadı ki, birdən diqqəti çəkər. Qaranlıqda bir təhər irəliləyirdik.  Hərdən başımızın üstündə uçuşan mərmilər yolu aydınlatsa da, hara getdiyimizi tam olaraq görmürdük. Güllə səsləri get-gedə yaxınlaşırdı. Mən geriyə qanrılıb baxanda, Nailənin anama necə qısıldığını gördüm. Anam özünü sakit aparsa da, onun da narahat olduğunu bilirdim. Özü üçün olmasa da, Nailə və Əmiraslan dayının balaca qızı Xeyransa üçün narahat olurdu. Başım o qədər qarışmışdı ki, maşın qəfil dayananda az qalmışdı qabaq şüşəyə çırpılam. Güclə özümü saxladım. Qabağa baxanda üzərimizə doğru gələn tankı gördüm. Əmiraslan dayı nə edəcəyini bilmirdi. Qəfil üstümüzə yağış kimi yağan güllə onu hərəkətə keçirdi. Maşını geri döndərib, işıqları yandırdı və sürətlə sürməyə başladı. Düz ermənilərin üstünə çıxmışdıq. Nailə və Xeyransa anamın dizinə uzanıb, ağlayırdılar. Anam onların saçını sığallayır və sakitləşdirməyə çalışırdı. Maşın nə qədər sürətlə irəliləsə də, ermənilərin əhatəsindən çıxa bilməmişdik. Kəndin yarıdan çoxunu ələ keçirmişdilər. Məzarlığın yanından keçəndə yaxınlığımızda bomba patladı. Əmiraslan dayı güclə maşını döndərdi. Üstümüzə yenidən güllə yağmağa başladı. Maşının arxa şüşəsi parçalandı.   Başımızı əyib irəli doğru hərəkət edirdik. Birdən Nailənin fəryadı məni geri dönməyə məcbur elədi. Anam qanlar içində idi. Güllə başından dəymişdi. Göz yaşlarımı tuta bilmirdim. Qızların ağlaşma səsləri maşının içinə dolmuşdu. Qəzəb və kədərdən az qala boğulurdum. Elə bir vəziyyət idi ki, anamın ölümünə kədərlənməyə belə vaxt yox idi. Dayanmaq olmazdı, kədərlənmək olmazdı. Nailə və Xeyransanı bu cəncəldən qurtarmaq lazım idi... Məzarlıqdan bir az uzaqlaşmışdıq ki, qabağımızı “BTR” kəsdi. Məcbur olub maşını dayandırdıq. Əsgərlər bizi mühasirəyə aldı. İkisi maşına yaxınlaşıb, Əmiraslan dayını vurdu. Bu bizə xəbərdarlıq idi. Xeyransa hıçqıraraq ağlamağa başladı. Nailə onu sakitləşdirməyə çalışsa da, özü də ağlayırdı. Əsgərlər əvvəlcə rus dilində bizə səsləndilər. Nailə nə dediklərini başa düşsə də, danışa bilmirdi. Hərəkət etmədiyimizi görəndə, bizim dildə dediklərini təkrar etdilər:

- Düşün aşağı!

Biz ehtiyatla maşından düşdük. Mən Nailəgili arxama aldım. Silahlar üzümə tuşlanmışdı. Nə edəcəyimi bilmirdim. Dərin bir nəfəs aldım. Aldığım heç bir nəfəs məni bu qədər incitməmişdi. Anam maşında qanlar içində yatırdı. Mən əliyalın bacımı və Xeyransanı qorumağa çalışırdım. Bu qədər həngamənin arasında hələ utanmaz-utanmaz yaşamağı da düşünürdüm. O an özümə nifrət elədim. Kaş ölən anam yox mən olaydım. Bəlkə də o, qızları qorumaq üçün bir yol tapa bilərdi. Mənim kimi çarəsizcə oturub gözləməzdi. Ancaq nə etmək olardı? Anam indi həyatda yox idi. Onları qorumaq mənim öhdəmə düşürdü. Yaxınlıqda döyüşlər davam edirdi. Bizimkilər hələ təslim olmamışdı. Dəstənin başında duran erməni bir neçə əsgəri məzarlığa tərəf göndərdi. Artıq arxamızda heç kim yox idi. Təkcə qabağımızı kəsən ermənilər vardı. Yaxınlığımda dayanan əsgərin avtomatının lüləyindən yapışıb, sinəsinə bir təpik ilişdirdim. Avtomatı çevirib, atəş açdım. Əsgərlərin bir neçəsi yerə sərildi. Nailəyə dönüb sadəcə bunu deyə bildim: “Qaç!”. Qızlar qaçmağa başlayanda, maşının qapısını açıb, arxasında gizləndim. Arxamızda xırda bir təpə vardı. Oranı keçə bilsələr, düz bizimkilərin üstünə çıxacaqdılar. Bilirdim ki, orada hələ də nəzarət bizdədir. Əlimdən gələn qədər erməniləri ləngitməli idim. Bizə silah işlətməyi öyrətməmişdilər. Rusların buna heç marağı da yox idi. Axı neyləyirdilər ki, axmaq bir müsəlman gəlib silah işlətməyi öyrənsin və səhəri gün üstlərinə cumsun? Biz ancaq rus zabitlərinin yanında heç kimin görmədiyi işləri görürdük. Özlərinə yaraşdırmadıqları işləri. “Kalaşnikov”u sadəcə necə tutmaq lazım olduğunu bilirdim. Çiynimi qırmasın deyə necə tutmalı olduğumu öyrənmişdim. Onu da Əsəd öyrətmişdi. “Mənim yerimi tutası olsan, ən azından çiynini zədələmə deyə bunu bilməlisən. Silahı əlinə aldınsa, gərək birini də olsa özünlə birgə aparasan. Bax onda mənim qardaşım olduğunu sübut etmiş olarsan” deyərdi həmişə. Təkcə necə tutmalı olduğumu bildiyim silahla indi sevdiklərimi qorumalı idim. Mən atəş açanda ermənilər də “BTR”in arxasına keçdilər ki, zədə almasınlar. Hərdən başımı çıxarmadan güllə atır, hərdən də anama baxırdım. Qəhər məni boğsa da, əlimdən heç nə gəlmirdi. O an anama sarılıb doyunca ağlamaq istərdim. Sinəsinə uzanıb, ürək döyüntüsünü dinləmək üçün nələr verməzdim ki? Amma bu artıq mümkün deyildi. Mən qızların harada olduğunu görmək üçün boylananda, bir güllə çiynimə dəydi. Cəld qapının arxasında gizləndim. Avtomatı qaldırıb, baxmadan atəş açdım. Bir azdan gülləm qurtardı. Gərək bir güllə özüm üçün saxlayaydım. Amma artıq gec idi. Ermənilər ətrafımı sardı. Qarnıma və çiynimə dəyən təpiklərin sayı-hesabı yox idi.  Yeriməyə taqətim qalmayanda, məni zorla ayağa qaldırdılar. Gözlərim bulanıqlaşmışdı. Demək olar ki, heç nə görmürdüm. Amma qulağım yaxşı eşidirdi. Huşumu itirməmişdən əvvəl son eşitdiyim isə Nailənin səsi idi:

- Toxunmayıııııııın!...

 

*

Üzümü sığallayan əlin sahibini görmək üçün gözlərimi güclə də olsa araladım. Əvvəl hər şey bulanıq görünsə də, sonra yavaş-yavaş aydınlaşmağa başladı. Anamın gülən üzünü qarşımda görəndə sevincdən az qala ürəyim yerindən çıxacaqdı. Onu qucaqlamaq üçün qollarımı qaldırmaq istəyəndə tərpənə bilmədiyimi hiss elədim. Qollarım arxadan möhkəmcə bağlanmışdı. Təkcə ağzım açıq idi.  Anama nəsə demək istəyirdim, amma danışmaqda çətinlik çəkirdim. Düzü danışsam da nə deyəcəyimi bilmirdim. Mənim bu vəziyyətimi görüb, o da kədərlə gülümsədi. Şəhadət barmağını dodaqlarına aparıb, susmağımı işarə elədi. Sonra üzümü ovuclarının arasına aldı. Əvvəlcə üzümdən öpdü, sonra yanaqlarımdan. Ən axırda da gözlərimdən öpdü. Axı o heç gözümdən öpməzdi. Deyərdi ki, “gözdən öpmək ayrılıq salar bala”. Axı niyə gözümdən öpürsən ana? Axı niyə gözlərində kədər var? Axı niyə.... niyə sən həyatdasan? Mən sənin öldüyünü öz gözümlə görmüşdüm axı? Yox. Bu sən deyilsən. Bu mənim əllərimdən çıxan xoşbəxtliyimin son nəfəsidir. Bu mənim həyatımın son vədəsidir. Bu sənin cənnətdən əvvəlki son dayanacağındır. Mən səni güllər içində yola salacaqdım cənnətə. Səndən doyanda. Axı mən səndən doymamışdım ay ana. Hələ atamı tapacaqdıq. Axı niyə belə tez getdin? Mən cəhənnəm, Nailəni necə qoyub gedə bildin?.. Nailə? Bəs o haradadır? Axırıncı səfər onu... Əclaflar! Şərəfsizlər! Mən qalxmalıyam. Nailəni tapmalıyam. Nailə! Yerimdə qurcalanıb, ayağa durmaq üçün çalışırdım. Amma bacarmırdım. Taqətim qalmamışdı. Özümü toparlayıb, ayağa qalxmaq istəyirdim ki, qapı cırıltı ilə açıldı. İçəri üç əsgərin müşayiəti ilə orta boylu, üzü təmiz qırxılmış, boz kostyum geyinmiş, eynəkli bir adam girdi. Sir-sifətindən erməni olmadığı hiss olunurdu. Deyəsən, rus idi. Yanınca gələn ermənilərin yaltaqlanmağından da hiss olunurdu ki, kimdirsə vacib adamdır. Otağın rütubətli divarlarına baxıb, cibindən çıxardığı dəsmalla burnunu tutdu. Daha sonra mənə yaxınlaşıb, qabağımda çöməldi. Üzümə baxıb, ingiliscə nəsə mırıldandı. Başıma o qədər zərbə almışdım ki, ingiliscə bildiklərimi də unutmuşdum. Bu adamın yemək üçün qabağımda mırıldayan pişikdən fərqi yox idi mənimçün. İkisinin də nə dediyini anlamasam da, mənlə danışdığından əmin idim. Mənim cavab vermədiyimi görəndə, barmağını gözlərimin qabağında hərəkət etdirdi. Yoxlayırdı görsün ki, halım özümdədir ya yox. Onu eşitdiyimdən əmin olanda, dili bilmədiyimi anladı. Rusca danışmağa başladı. Yenə oxşar reaksiya verdiyimi görəndə, istehza ilə gülümsəyərək “idiot” dedi. “Axmaq”. Rusca bildiyim tək-tük sözlərdən biri idi. O vaxtı məktəbdə öyrədəndə gərək öyrənəydim. Amma mən bədbəxtin tək dərdi həyətə çıxıb futbol oynamaq idi. Nə biləydim axı bu hallara düşəcəyimi?.. Yanında gələn erməni yaltaqlanaraq gəlib onun yanında dayandı. Bərbad ruscasıyla gülərək nəsə danışdı. Daha sonra mənə baxıb, sifətini turşudaraq dedi:

- Ara, deyir buranın yerlisisən?

- Sən yerlisi olan deyilsən a. Mənəm də yerlisi. Sənin kimi oğraşlar didərgin salmasa mənim kimi yüzlərlə adam vardı burada.

- Ara, uzatma! Suala cavab ver bəsdi. Gözünə döndüyüm olmasa çoxdan səni qulağın boyda tikələrə bölüb tullamışdıq itlərin qabağına.

- Elə indi də itlərin qabağındayam.

- Burada qalanların hamısını tanıyırsan? – ağasından eşitdiyi sözləri tərcümə edən erməni bu dəfə üzümə baxmadan dedi.

- Sənə kim lazımdır? – söhbətin hara gedəcəyini bilməsəm də, cavab verməkdən başqa çarəm olmadığını bilirdim. Həm də ki, öz sualımı verəndə ən azından bir cavab eşitmək üçün onlara nəsə vermək lazım idi. Bu bacım üçün edə biləcəyim son şey idi. s

- Qoca bir qadın. İllər əvvəl yaşayıb burada. Onun evi lazımdır mənə.

- Kəndimiz uzunömürlülər məskəni idi. Qoca qarıdan çox nə var ki burada?

- Ara, qudurma. – bu səfər öz ürəyindən keçənləri deyirdi deyə, birbaşa gözlərimin içinə baxdı. Mən dəli kimi qəhqəhə çəkib, dedim:

- Qudurğan sən və sənin adamlarındı ki, leş üstünə daraşan kaftarlar kimi düşüblər canımıza.

- Küçük! – deyib, üzümə yumruq ilişdirdi. Ağası gözünü bərəldəndə, başını aşağı dikdi. Naməlum qonaq üzünə tutduğu dəsmalı kənara çəkib, gülümsəyərək nəsə dedi. “Tərcüməçim” deyəsən bu dəfə nə dediyini başa düşməmişdi. Bir az tərəddüd elədikdən sonra, üzünü mənə çevirib, tərcümə elədi:

- Mənə o qoca qadının gizlətdiyi bir şey lazımdır. Kömək etsən, səni xaricdə gözəl bir həyatla təmin edərəm. Sülhün ağuşunda bir həyatla.

Bax indi mənim növbəm çatmışdı. İndi Nailənin harada olduğunu soruşa bilərdim. Bax indi bacımla özümü xilas etmək üçün bir şansım ola bilərdi. Bu cəncəldən qurtulduqdan sonra mütləq geri qayıdacaqdım. Amma indi buradan çıxmaq üçün nə lazımdırsa etməli idim.

- Mən tək deyiləm. Bacım da mənimlə getməlidir. – çətinliklə də olsa cümləmi tamamladım və cavabı gözlədim.

- Bacın mənim himayəmdədir. Ona heç nə olmayacağına söz verirəm.

- Mənim işğalçıya inanmağımı gözləmirsən, elə deyil? Bacım da bizimlə gedəcək. Bax onda, səni hara desən apararam.

- Siz türklərin cəsarətinə heyranam. Öləndə belə öz istəklərinizi deməkdən çəkinmirsiniz.

- Bizi bizlə qorxuda bilmərsən. Biz elə ölümün özüyük. Bacımı gətirin və istədiyiniz yerə gedək. Sonra da vədinə əməl elə!

“Tərcüməçim” dediklərimi ağasına çatdırandan sonra, əsgərlər məni dartıb çölə çıxardılar. Bir az sonra maşında naməlum qonaqla və Nailə ilə yanaşı oturmuşdum. Bacımın üzü qan içində idi. Dayanmadan ağlayırdı. Üst-başı salamat idi. Bu bir az da olsa ürəyimi rahatlatmışdı. Əllərim bağlı idi deyə onu qucaqlayıb təsəlli edə bilmirdim. Nailə sinəmə qısılıb, ağlamağa davam edəndə sadəcə bunları deyə bildim:

- Sakitləş. Hər şey yaxşı olacaq. Ən azından bu həngamədən qurtula bilməyimiz üçün nəsə etməliyik. Sakit olmasan heç nə edə bilmərik. Yaxşımı?

- Yaxşı. Sən necə istəyir.

- İndi soruş gör bu nə istəyir. Rusca soruş.

- Deyir, qoca bir qadını axtarır. – Nailə naməlum adamın dediklərini öz dilimizdə təkrarladı.

- Onu başa düşdük. Axtardığı qadın kimdir? Tərif eləsin.

Adam nə dedisə, Nailənin sifəti tutqunlaşdı. Dediklərinin arasında sadəcə bir sözü seçə bilirdim: “Mariya”. Bu təsadüf idi? Məncə yox.

- Deyir Mariya adlı bir qarını axtarır. Əvvəllər burada yaşayırmış. Qardaş, bu ananın dediyi qadındır?

- Bilmirəm. Başqa Mariya tanımıram. Yadındadır o evin yeri?

- Hə. Amma bunlara demək olar evin yerini? Sonra bizə nəsə eləməzlər ki? – Nailə pıçıltı ilə dedi.

- Başqa çarəmiz yoxdur. Yoxlamalıyıq. De ki, yerini göstərəcəyik. Bir də soruş gör, bu Mariyanı niyə axtarırlar? Nə gizlədib o?

- Deyir ki, əhvalat uzundur.

- Narahat olmasın. Elə yolumuz da uzundur. Danışsın.

Nailə dediklərimi tərcümə elədi. Maşın hərəkətə keçəndə, naməlum adam başına qoyduğu şlyapanı çıxarıb, seyrək saçını əli ilə sığallayaraq, danışmağa başladı. Getdiyimiz yer qonşu kəndə yaxın idi. Köhnə erməni kilsəsinin yanından keçib getmək lazım idi ora çatmaq üçün. Həmin tərəfdə də döyüş gedirdi. Ya hamımız öləcəkdik, ya da bizimkilər xilas edəcəkdi bizi. Hansının olacağını zaman göstərəcəkdi.

- Danışılanların nə qədər həqiqət olduğunu heç özüm də bilmirəm. Babamın nağılları məni Berlindən buraya qədər gətirib çıxardı. Babam Annenfelddən Qazaxıstana sürgün edilmiş almanlardan biri idi. Müharibənin qızğın vaxtında Berlinə qədər gedib çıxmışdı. Onun danışdıqlarına inansaq burada bir sərvət yatır. Nasistlərin apardığı təcrübələrin bir neçəsi təkcə elmi yox, dini də özündə ehtiva edirdi. Hitlerin əmri ilə SS zabitlərinin bir qrupu işğal edilən bölgələrdəki, qoca qarıları və cadugərləri həbs edərək, Berlinə aparırmış. Polşadan bir neçə kahin öz övladları ilə birlikdə babamın da aralarında olduğu əsgərlərin müşayiəti ilə konslagerə aparılırmış. Müharibə heç zaman ədalət və mərhəmətlə aparılmır. Qan və dəhşət görən insan övladı bir daha əvvəlki vəziyyətinə qayıda bilmir. Onu ram eləmək də asan məsələ deyil. Xüsusən də əlində güc varsa. Kahinlərin arasında yaşlı bir qadın varmış. Onunla birlikdə aparılan nəvəsi 14 yaşında, uzun saçları belinə qədər uzanan, gözəl simalı bir qız imiş. Əsgərlərdən bir neçəsi qatarda gedərkən, “əylənmək” istəyirlər. İçki şüşələri ilə olan əyləncələri bitdikdən sonra, keflərinə qadın düşür. Gözləri kahinin nəvəsinə sataşır. Kahin nə qədər eləsə də, qızı azğınlaşmış əsgərlərin pəncəsindən xilas edə bilmir. Babam o anı danışanda, göz yaşlarını tuta bilmirdi. Çünki, o vaxt anam da təxminən o qızla eyni yaşda imiş. Qıza 4 nəfər təcavüz edir. İlk dəfədən sonra huşunu itirən qızı hər dəfə oyadır və yenidən təcavüz edirmişlər. Axırda qız dözmür və ölür. Cəsədi qatardan atıb, yola davam eləsələr də, kahinlər buna imkan vermirlər. Cəsəd düz onlar konslagerə çatana qədər qatarda qalır. Düşərgəyə çatan kimi, həkimlər cəsədi aparırlar. Deyilənə görə, ondan istifadə edəcəkmişlər. Babam bir müddət özünə gələ bilmir. Bir gecə keşik çəkərkən təcrübə aparılan bölmənin qabağından keçirmiş. İçəridən qəribə səslər gəldiyini eşidib, içəri girir. Bu vaxt ölmüş qızı havada uçan vəziyyətdə görür. Gözləri zülmət gecə kimi qaranlıq imiş. Otaqda heç vaxt eşitmədiyi bir dildə səslər eşidilirmiş. Qız da həm o səslərə cavab verir, həm də əli ilə həkimlərdən birini boğurmuş. Babam özünə gələndə oranı tərk etmək istəyir, amma qapı öz-özünə bağlanır. Qız həkimi kənara tullayıb, babama doğru yaxınlaşır və fısıldayır: “Keh mori daiman”. Daha sonra güclü bir səs dalğası yayılır və qapılar taybatay açılır. Babam özünə gələndə ətrafda heç kim yox imiş. Düşərgədə gəzərkən kahinlərin toplandığı yerdə bir yığın cəsədin olduğunu görür. Çoxu SS zabitləri və məhkumlar imiş. Kahinlərdən isə heç bir iz yox imiş. Sağ qurtulan bir həkimin dediyinə görə qız özü ilə birlikdə bir neçə flakon aparıbmış. Niyə apardığını bilməsək də, o flakonlarda vacib maddələr varmış. Həkimlərin dediyinə görə, o maddələr Führerin istədiyi ordunu qurmaq üçün lazım imiş. SS zabitləri hər yerdə həmin qızı axtarsalar da, tapa bilmirlər. İki il davam edən axtarış heç bir nəticə vermir. Daha sonra da Almaniya müharibəni uduzur və hər kəs bu məsələni unudur. Babam uzun müddət davam edən əsirlikdən sonra, Qazaxıstana qayıdır. Artıq anam mənə hamilə imiş o gələndə. Bizim evimiz Alma Atada idi. O vaxt babam bunları mənə danışıb, həmin flakonları tapmağımı istəyirdi. Əgər onları tapsam, bütün bəşəriyyətin qarşımda diz çökəcəyini deyirdi. Bütün güclü dövlətlər ordularını daha da güclü etmək üçün o maddənin dalınca düşəcəkdilər. Ona sahib olan, dünyanın ən güclü insanı olacaqdı. Düz 30 ildir axtarıram. Axır ki, izinə düşə bildim. Qız konslagerdən qaçandan sonra bir qrup qaraçı ilə birlikdə Polşaya qayıdır. Orada bütün ailəsinin tələf olduğunu görəndən sonra, SSRİ-nin müxtəlif bölgələrində məskunlaşır. Ən axırda da Azərbaycana gəlir. Buralarda məskunlaşdığını öyrəndikdən sonra dəfələrlə onu tapmağa çalışsam da, bir nəticə əldə edə bilmədim. Sovet höküməti onun varlığını sirr kimi qoruyurdu elə bil. Ancaq indi nə sovet var, nə də ki nizam-intizam. Müharibə, - cibindən siqaret çıxarıb, damağına qoydu. Kibritlə siqareti yandırıb, pəncərədən çölə atdı. Bir qullab alıb, tüstüsünü çölə üfürdükdən sonra, gülümsəyərək sözünə davam elədi: - bütün qanunların yerlə-yeksan olduğu o müdhiş səhnəcik. Bu səhnədə nə insan var, nə də insanlıq. Burada Tanrı da yoxdur. Bax elə ermənilərin özü. Onlar üçün yeganə Tanrı puldur. Onlar pula sitayiş edirlər. Lazımi qədər “xeyir-dua” versən, iplərindən tutub hara istəsən darta bilərsən. İndi mən onların iybilmə qabiliyyətindən istifadə edirəm. Siz isə fərqlisiniz. Babamdan eşitmişdim amma düzü bir az şişirtdiyini düşünürdüm. Siz türklərin qorxusuz olduğunuzu demişdi. İndi əmin oldum. Nizami ordu olmadan belə döyüşən millət, lazımi silah-sursatla nələr edər düşünmək belə insanı qorxudur. Führerin sizə niyə ilişmədiyini indi yaxşı başa düşürəm.

- Kaş bu dığalar da sənin qədər ağıllı olaydılar. Onda qurdla savaşın sonunun ölümlə bitəcəyini bilərdilər. Amma Mariyanın erməni olduğunu eşitmişdim. Dəqiq o həmin qızdır?

- Onun əslən kim olduğunu heç kim bilmir. Ola bilsin həqiqətən də ermənidir. Ya da ola bilsin insanlar onu yadırğamasın deyə özünü elə təqdim edib. Bəlkə də sadəcə siz elə zənn etmisiniz ki, o ermənidir. Fərqi yoxdur. Əsas məsələ budur ki, siz məni Mariyanın olduğu yerə aparın, mən də sizi azadlığa qovuşdurum.

- Gedirik. Görək kim kimə qovuşur.

Maşın köhnə erməni kilsəsinin yanına çatanda sürücü qəfil əyləcə basdı. Atışma davam edirdi. Bizimkilər deyəsən güc gəlirdilər. Düşmən get-gedə geri çəkilirdi. Qabaqdakı əsgər rusca nəsə dedi. Həmsöhbətimiz də siqaretini kənara tullayıb, papağını başına qoydu  və maşından düşdü. Nailə üzümə baxıb, təlaşla dedi:

- Düşüb piyada getməyimizi istəyir.

- Qorxma gözəlim. Hər şey qaydasındadır. Düşək, görək neyləyirik.

Biz də ehtiyatla maşından düşdük. Güllə səslərindən qulaq tutulurdu. Başımızı əyərək məktəb binası tərəfə qaçdıq. Məktəbin yanından dar bir cığır uzanırdı. Cığırla qonşu kəndə doğru addımladıq. Kəndə çatmamış sola döndük. Artıq qarğıdalı sahəsinin yanınca gedirdik. Güllə səsləri eşidilməz olmuşdu. Hərdən patlayan mərmi səsləri eşidilsə də, əsasən sakitlik idi. Mariyanın evinə çatanda artıq mərmi səsləri də eşidilmirdi. Darvazasına sarmaşıqlar dolanmış evin vahiməli görünüşü vardı. Normalda yanından keçəndə hamı qorxudan titrəyərdi. Ancaq indi müharibənin dəhşətli üzünü görən bizlər üçün bu heç də qorxunc deyildi...

- Ev buradır.

- Açın qapını. Fənəri də tutun görək hara gedirik. - əsgərə təlimatını verib gözləməyə başladı. Bir azdan darvazanı açıb, yolu işıqlandırdılar. Biz ehtiyatla içəri daxil olduq. Əsgər erməni dilində nəsə mırıldanırdı. Dediklərinin içindən təkcə “Tanrı” sözünü başa düşdüm. Məktəbdə oxuyanda erməni sinif yoldaşımdan bir neçə söz öyrənmişdim. Amma tək yadımda qalan bu idi. Deyəsən, qorxudan dua edirdi. Naməlum qonaq əmin addımlarla irəliləyirdi. Nailə qollarımı açmışdı. Tarazlığımı güclə qoruyaraq addımlayır, bir yandan da onu qorumağa çalışırdım. Bir yolunu tapıb qaçmalı idik. Onlara etibar yox idi. İşimizi ehtiyatlı tutmalı idik. Nailəyə başımla uçmuş divarı göstərdim. Nə demək istədiyimi başa düşsə də, qorxurdu.  Bunu hiss edə bilirdim. Biləklərimi kəsən kəndirdən qurtulsam da, əllərimi tərpədə bilmirdim. Güclə də olsa Nailənin əllərini sıxdım ki, yanında olduğumu bilsin. Cavabında o da mənim əlimi sıxdı. Bir az da olsa ürəklənmişdi. Naməlum qonaq isə evi ələk-vələk elədi. Deyəsən istədiyini tapa bilmirdi. Başının qarışmağından istifadə edib, qaçmağa hazırlaşırdıq ki, bu vaxt evin içindən tükürpədən bir səs eşidildi:

- Keh mori daiman.

Hamı bir anlıq əl saxladı. Əsgər belindəki silahı əlin aldı. Hazır vəziyyətə gətirib, təlaşla ətrafa boylandı. Naməlum qonaq da belindəki tapancanı çıxarıb, qaranlığa tuşladı. Mən Nailəni sinəmə sıxıb, gözləməyə başladım. Nə gözlədiyimi heç özüm də bilmirdim. Ürəyim quş kimi çırpınırdı. Nə edəcəyimizi bilmirdik. Həmin səs yenidən eşidildi:

- Keh mori daiman.

Əsgər darağındakı bütün gülləni qaranlığa boşaltdı. Ancaq səsin hələ də gəlməyə davam etdiyini görəndə, öz dilində nəsə qışqıraraq oradan uzaqlaşdı. Artıq orada 3 nəfər qalmışdıq. Naməlum qonaq əlindəki silahı bizə tuşlayıb, qaçmağımıza imkan vermirdi. Səs isə get-gedə daha aydın eşidilirdi:

- Keh mori daiman.

Əlindəki silahla bizə ona yaxınlaşmağımızı işarə elədi. Asta addımlarla ona doğru yaxınlaşdıq. Silahı ondan alıb, qaçmağa fürsət axtarırdım. Elə bu vaxt Nailə ah çəkib, yerə yıxıldı. Elə bildim ayağı nəyəsə ilişib. Yerdən qaldırmağa çalışanda fənərin işığında onun gözlərini gördüm. Ən zülmət gecədən daha qaranlıq idi. Məni kənara itələyib, cəld ayağa qalxdı. Diqqətlə baxanda onun havada uçduğunu gördüm. Nailəyə nə olmuşdu belə? Ona yaxınlaşmaq istəyəndə naməlum qonaq məni saxladı. Başını bulamağından başa düşdüm ki, bunun təhlükəli olduğunu demək istəyir. Nailə artıq mənim tanıdığım bacım deyildi. Ona nə olmuşdu belə başa düşmürdüm. Sadəcə bədənimə yayılan qorxunu hiss edir və çarəsizcə ölümə təslim olmağa hazırlaşırdım. Ancaq qonağımız mənimlə eyni fikirdə deyildi. O, silahını bacıma tuşlayıb, dalbadal atəş açdı. Bu vaxt ona mane olmağa belə gücüm qalmamışdı. Güllələr ona çatanda havada asılı qaldı. Bir az sonra hamısı yerə düşdü. Nailə əlini qonağa doğru uzatdı. O, qəfildən divara çırpılıb, çırpınmağa başladı. Çox keçmədi ki, nəfəsi kəsildi və öldü. Nailə onun öldüyündən əmin olduqdan sonra, əlini aşağı saldı. Arxasını dönüb getməyə hazırlaşırdı ki, onu səslədim:

- Nailə, dayan!

- Keh mori daiman. Ölüm sonsuza qədər davam edəcək!

- Nailə!

- Məni əsl adımla çağır! Əgər bacarırsansa.

- Sən kimsən axı? Bacım hanı?

- Məni elə bacın səslədi. Ancaq o da mənim əsl adımı çəkməyə cəsarət etmədi. Məni bir zamanlar ölümlülərin çağırdığı adımla səslədi: Rüqəyya!

- Rü..Rüqəyya? Axı o...

- Onun susduğunu deyirsən? Mən adi səslənmə ilə gələn biri deyiləm. Məni gərək ürəkdən səsləyəsən. O vaxtlar Mariya da məni ürəkdən səsləmişdi. Hamı məni o vaxt Anastasiya deyə tanıyırdı. O qızcığaz da məni o adla səslədi. Çarəsizliyə düçar olan insanların tək xilası mənəm. Heç bir insan pis və ya yaxşı olaraq dünyaya gəlmir. Doğulanda hamısı insan olur. Onu pis yaxud da yaxşı edən şey seçimləridir. Düşdüyün mühit səni vəhşi kimi böyüdə bilər. Amma sən insan olaraq qalmağı bacarırsansa, deməli düzgün yolu seçmisən. Amma bəzən insanın seçimləri də onu xilas edə bilmir. İnsanı iblisə döndərən bilirsən nədir? İntiqam. İntiqam hissini alovlandıran nədir bəs? Digər insanlar. Əslində şeytan da Tanrı da sən özünsən. Sadəcə hansına daha çox inanırsan onu seçməlisən. Əgər sən şeytanlıq edib ətrafındakılara zərər verməsən, onlar da insan olaraq yaşamağı seçə bilərlər. Mənə gəldikdə isə, heç də xeyirxah bir mələk deyiləm. Mən indi Rüqəyyayam. Bir müddət sonra hamı məni Nailə deyə səsləyəcək. Əsl adım unudulsa da, mən aciz insanların ümidi olmağa davam edəcəyəm. Tək xilaskar mənəm. Qardaş və bacılarım həmişə məndən uzaq durardı. Mömin və kafir deyə bölünürdük biz öz aramızda. Ancaq nə mömin, nə də ki, kafir bacı-qardaşlarım mənə yaxın dururdu. Cinlər arasında heç sevilməyəni mən idim. Mən ruhu oyuncağa çevrilənlərin hamisiyəm. Onların ağasıyam. Bir bilsən tarix boyunca neçə oyuncağım olub. Mariya, Rüqəyya və Nailə onlardan sadəcə bir neçəsidir... Bu kənddən sıxıldım. Artıq başqa yerlərə getmək vaxtıdır. Ancaq unutma! Məndən danışan dillər lal olar. Məni görən gözlər kor olar. Məni nişan verən barmaqlar qırılar. Mən hər dindən, hər millətdən oyuncaqlarımı toplayıram. Mən oyuncaqçıyam. Qarşıma çıxan hər kəsi öz rəfimə  həbs edərəm. Çalışın yaxşı insan olun. Sizə görə birisi acizliyə düçar olarsa, bilin ki, oyuncaqçı öz oyuncağını almaq üçün gələcək. O gələndə isə oyuncağını incidən heç kim sağ qalmayacaq. Mən əbədi yaşayacağam. Çünki, Keh mori daiman. Ölüm sonsuza qədər davam edəcək.

Sözünü tamamlayıb, dilini dişləyərək intihar etdi. Havada süzülən bədən yerə çırpılanda huşumu itirdim. Özümə gələndə ətrafımda bir neçə tibb bacısı vardı. Xəstəxanada idim. Burnuma gələn dərman və qan qoxusundan ürəyim bulanırdı. Harada olduğumu soruşanda eşitdiyim cavab Bakı oldu. Sonradan öyrəndim ki, biz orada canımızla əlləşəndə bizimkilər kəndi azad edirmiş. Evləri yoxlayanda, mənim nəfəs aldığımı görüb və təcili yardımla əvvəlcə yaxınlıqdakı rayon xəstəxanasına, oradan da Bakıya göndəriblər. Nailənin cəsədinin harada olduğunu öyrənib, bir dəstə güllə ziyarətinə getdim. Ən azından onun bir məzarı vardı. Nə anamın, nə də ki, Əmiraslan dayı ilə Xeyransanın bir məzarı yox idi. Onlar sadəcə mənim xatirələrimdə yaşayacaqdılar. Mən isə bu həyatda yaşamaqdan bezmişəm. Artıq bir ildir ki, gecələr yata bilmirəm. Bu yazdıqlarım çiynimdəki yükü bir az da olsa yüngüllətsə də, mən hələ də ölümü arzulayan həmin o tənha adamam. Acizlik ruhumu sarmaşıq kimi sarmamış həyatla vidalaşmalıyam. Oyuncaqçı gəlib məni də öz kolleksiyasının bir parçasına döndərməmiş, mən özüm bu həyatı tərk etməliyəm. Əgər bunu kimsə oxuyacaqsa, dediklərimin dəlinin sayıqlaması olduğunu düşünməyini istəmirəm. Ancaq belə düşünməkdə qərarlısansa, bu dəlinin son sözlərini yaxşıca dinlə! Həyatdakı seçimlərin səni hər dəfə yaxşı bir yerə gətirməyə bilər. Çalış seçimlərinin arxasında dayan və nəticələrinə döz. Aciz olduğunu düşünmə. Çünki elə deyilsən. Əgər yaşayırsansa, nəfəs alırsansa, deməli ümidin var. Tanrıya inan. Heç kim olmasa da, o sənin yanındadır. Bəlkə də düz deyirdi. Ölüm sonsuza qədər davam edəcək. Ancaq mütləqdir ki, onun əvəzində yeni bir həyat başlayacaq. Arzu edirəm ki, onu bir daha səsləyən tapılmaz. Adı elə Rüqəyya olaraq qalar. Bir daha heç kim onun oyuncağına çevrilməz. Ümidvaram növbəti dəfə sənin adın səslənməz...

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir gün gənc xanım Ədilə Hüseynzadə Ağabacı Rzayevanın Üzeyir Hacıbəylidən bəstəkarlıq dərsləri aldığını öyrənir. O da özünü bu sahədə sınamaq qərarına gəlir və İsmayıl Soltanın "Yadigar" şeirinə musiqi bəstələyərək Üzeyir Hacıbəyliyə təqdim edir. Dahi bəstəkarın bəstəni bəyənməsindən sonra Ədilə Hüseynzadə Vokal şöbəsindən Bəstəkarlıq şöbəsinə keçir və Üzeyir Hacıbəylinin tələbəsi olur. O, həftədə dörd dəfə Üzeyir Hacıbəylidən dərs alırmış...

 

Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olub. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlayıb. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil alıb.

Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnib.

Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə musiqi aləminə gəlib. O, 1942-ci ildə Üzeyir Hacıbəylinin yanına gələrək müğənnilik sənətinə yiyələnmək istədiyini bildirən Ədilə Hüseynzadə bundan sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə qəbul olub.

Metsosoprana səsinə malik Hüseynzadə Ədilə vokal dərslərini SSRİ Xalq artisti Bülbülün sinfində alıb. Daha sonra professor Bülbül tələbəsinin əsərlərinin ilk ifaçılarından biri olub. 1945-ci ildə ekranlaşdırılan "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədil Hüseynzadəyə həvalə olunub və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilib

Sonra isə yazının əvvəlində qeyd etdiyim olay baş verib və Ədilə xanım bəstəkarlığa keçib. Ədilə Hüseynzadənin "Vəslin həvəsi" adlı romansı müəllimi tərəfindən yüksək qiymətləndirilərək ifa olunması üçün Bülbülə təqdim olunub. Ədilə Hüseynzadə arıtq tələbəlik illərində həm ölkə daxilində, həm də ölkə xaricində öz əsərləri ilə tanınmağa başlayıb.

 

 

Ədilə Hüseynzadə 1948-ci ildə Üzeyir Hacıbəylinin vəfatından sonra professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirib. O, Bakı Musiqi Akademiyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Bəstəkar təhsilini başa vurduqdan sonra 1953-1988-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

O, 33 il çalışdığı məktəbdə Müslüm Maqomayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova kimi tanınmış musiqiçilərə Kompozisiyanın əsasları fənnindən dərs deyib. Ədilə Hüseynzadə həm bəstəkar kimi, həm də pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb.

Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edib. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılan "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnən romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi Azərbaycan musiqisinin inciləridir.

Həmçinin "Bülbül", "Qarayazı meşəsində", "Bir səs", "Susdu bülbülümüz", "Günədən gənclik istədim", "İnsanları sevməsəydim", "Yenə elədir" və s. romansların müəllifidir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün olduğu kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra irihəcmli əsərlər də yaradıb. Ədilə Hüseynzadənin yaradıcılığında irihəcmli əsərlərin yazılması iki mərhələdən ibarətdir.

Birinci mərhələ 1946-1953-cü illəri, ikinci mərhələ isə 1972-1975-ci illəri əhatə edib. Birinci mərhələdə xor üçün "Oktyabr", xor və simfonik orkestr üçün "Vətən" kantatası, simfonik poema, "Vətən" vokal və simfonik silsiləsi, xor, solistlər və simfonik orkestr üçün "Sülhün səsi" kantatası yazılıb. Habelə bəstəkar 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya həsr etdiyi simfonik poemanı qələmə alıb.

Xor və kollektivlər üçün əsərlər bəstələnən ikinci mərhələdə tar və solistlər və xor üçün "Ərəb dostlarıma", solistlər və xor üçün "Neylərəm", xor üçün "Üzün bərqi gülitərdir", a kapella xoru üçün "Vətən" adlı xor əsərləri, solist bariton qadın xoru və orkestr üçün "Oğlumun babasına" adlı ballada yazılıb. Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi və onun tədbirlərində fəal iştirak edib.

 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyovun tələbələrindən biri Ədilə xanıın Hüseynzadə 20 iyul 2005-ci ildə vəfat edib.

 

Mükafatları

- Böyük Vətən müharibəsindəki şücaətli əməyinə görə" medalı

- "Azərbaycan SSRİ Əməkdar incəsənət xadimi" adı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Bazar ertəsi, 20 İyul 2026 08:08

Az tanınmışlardan Nurəddin Qəmbər

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Həkimlik və yazıçılıq sənətini birləşdirən çox saylı adam olub Azərbaycan tibbi və ədəbiyyatı tarixində. Elə böyük şəxsiyyət Nəriman Nərimanovun adını çəksək bəs edər. Paşa Qəlbinur, Afaq Şıxlı və s. və i.

İndi haqqında danışacağım Nurəddin Qəmbər də bu qəbildəndir.

 

Nurəddin Qənbər 1933-cü ildə iyunun 20-də Azərbaycanın Ağcabədi rayonunun Qaradolaq kəndində anadam olub. 1950-ci ildə Zərdab rayonunun mərkəzindəki M. Qorki adına orta məktəbi bitirib. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirib. 1957-ci ildə əmək fəaliyyətini Türkmənistanda cərrah-həkim kimi başlayıb.

1957–61-ci illərdə Kazançik şəhəri xəstəxanasında cərahiyyə şöbəsinin müdiri, 1961–71-ci illərdə Azərbaycanda — Ağcabədi rayon mərkəzi xəstəxanasında cərrah-həkim, 1971-ci ildə baş həkimin müavini, 1973–74-cü illərdə isə baş həkim vəzifəsində çalışıb.

Hazırda Bakıda akademik Mir Qasımovun adına Respublika Klinik xəstəxanasında cərrah-həkim işləyən N. Qənbər 1982-ci ildə Markisizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirib. 1973–75-ci illərdə Ağcabədi şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilib.Bədii yaradıcılığa 60-cı illərdən başlayan nasir ilk hekayələrini rayon qəzetində dərc etdirib.

 Həmçinin etdiyi tərcümələr ilə diqqəti cəlb edən N. Qənbərin "Meymunun dəfni", "Başsız meyit", "Zirzəmi", "Boğanaq", "Yoldaş, sən kim aparıb" adlı romanları, "Kiçik qardaş", "Qoşa söyüdün nağılı", "Yaralı qağayı", "Bir məhəllənin nağılı" adlı povestləri, habelə bir sıra hekayələri publisit yazıları, pyesləri dövri mətbuatda, həm də nəşriyyatlarda toplu hald çap olunub.

2009-cu ildə Nurəddin Qənbərin "Yazdıqlarım həyatımdır" adlı kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayə, oçerk və məqalələri, eləcə də əsərləri haqqında yazılmış rəylər, resenziyalar, şeirlər toplanıb. Kitaba yazıçının "Yağlıvənd gölündə faciə" pyesi də daxil edilib.

 

Əsərləri

- "Kiçik qardaş" (povest) (1979)

- "Qara söyüd" (povest və hekayələri) (1985)

- "Xeyir xəbər" (povest və hekayələri) (1986)

- "Yazdıqlarım həyatımdır"

 

Mükafatları

Dörd medalla təltif olunan nasir, eyni zamanda "İsi Məlikzadə adına mükafat"ın laureatı, səhiyyə əlaçısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Bazar ertəsi, 20 İyul 2026 09:26

Üç insultlu Xalq atristi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ramiz Əzizbəylinin ulu babası Əziz bəy çox dövlətli adam olub, gəmiçiliklə məşğul imiş. Abşeronun böyük bir ərazisində meyvə bağları, Bakıda xeyli mülkləri, dəyirmanları olub. Atası Hacı Ağa Təzə Pir məscidindəki ruhani məktəbinin əsasını qoyanlardan olub. Amma sovetlər gəlib hər şeylərini əllərindən alıblar. Hacı Ağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini "Yasin" oxumaqla dolandırıb…

 

Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 10 yaşı olandaatası dünyasını dəyişir. Ailəninkiçiyiolduğu üçünanası və bacısı onahərcür şəraityaradıblar.

190 nömrəliməktəbdə təhsilalıb. Rəsmdərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqladaməşğulolub.

Ramiz Əzizbəylininsənətə gəlişi 1957-ciildən - 9 yaşındanbaşlayıb. Veriliş və televiziyatamaşalarındaazyaşlı aktyorkimi çıxış edib. İlkdəfə AzTV-ninuşaqredaksiyasındadaimi üzvkimiişləməyə başlayıb.Həttaadınamüvəqqətiəməkkitabçası daaçılıb. Əməkkitabçası müvəqqətiolsada, redaksiyanındaimi üzvü olub. Azyaşlı olduğu üçünmaaşı onun özünə verməyib, poçtlagöndərirmişlər.

1959-cuildə kinostudiyanındublyajredaksiyasınacəlbolunub. Ovaxtaqədəruşaqrollarını daböyüklərsəsləndirirdilər. İlkdəfə uşaqobrazlarını səsləndirməyionahəvalə ediblər. Televiziyadakı, kinostudiyadakı işindənəlavə, "Bənövşə" uşaqxorunda, 26-laradınaMədəniyyətEvində, indikiT.İsmayılovadınaUşaqYaradıcılıqMərkəzində fəaliyyətgöstərəndramdərnəklərinin üzvü olub.

Ovaxtonunlabirgə dramdərnəklərində olanlarRamiz Əzizbəylininhəvəsinə aktyorluqsənətiniseçibgörkəmlisənətkarlara çevrildilər. Gəray bəy obrazı ilə kinomuzda tarix yazan XalqartistiHəsənağaTurabovbubarədə etirafedir: “Mənbaşqasənətindalıncagedəcəkdim, bax, buRamizə baxıbaktyorluğuseçdim”.

 

Məktəbibitirəndənsonrasənədlərini İncəsənətUniversitetinə versə də, ixtisasfənnindənkəsilib.Könüllü əsgərgetməyiqəraraalıb. Tiflisdə hərbitibbməktəbiəlaqiymətlərlə bitirəndənsonratəyinatlaErmənistanınLeninakan şəhərinə yollanıb. Oranıntibbi-sanitarhissəsininbaş tibbitəlimatçısı işdən çıxdığı üçünonubuvəzifəyə təyinediblər, səkkizaybuvəzifədə işləyib. Başına çox iş gəlib həmin müddətdə. Ermənilərin gözü onu götürmürmüş. Həttaonu öldürməkistəyiblər. Bubarədə müsahibələrininbirində deyir: “Ermənilərqorxurdularki, oradakı azərbaycanlılarbirləşibbirqüvvəyə çevrilərlər. Hərbihissədə Qubadanolanbirəsgərdə varidi. Birgüno, möhkəmsancılandı. Başadüşdümki, təciliəməliyyatolunmalıdır. Mərkəzixəstəxanaya çatdırmaq üçünraportyazıbicazə istəməyə vaxtqalmamışdı, ölə bilərdi. Ondamaşını icazəsizgötürüboğlanı xəstəxanaya çatdırdım. Mənihəmmükafatlandırdılar, növbədənkənarməzuniyyətverdilər, həmdə cəzalandırdılar - məzuniyyətdənqayıdandansonra 72 saatnəmsementin üstündə yatmalı oldum. Səbəbkimidə maşını icazəsizgötürməyimigöstərdilər. Əslində isə bu, bəhanədənbaşqabir şeydeyildi. Onları qıcıqlandıranoidiki, birazərbaycanlı obirinixilasedib”.

Ramiz Əzizbəyli M. A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Aktyorluq və rejissorluq üzrə. "Azərbaycanfilm" kinostudiyasında işləyib.

Aktyorkimi "Dərviş Parisipartladır", "Şeytangözqabağında", "Gümüşgöləfsanəsi", "Kişiləriqoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyinoğurlanması" filmlərində rolalıb. "Hacı ZeynalabdinTağıyev", "QızılButa" mükafatları laureatı olanRamiz ƏzizbəyliAzərbaycanradiosunda "Gəl, səhərim" verilişininaparıcılarındanbiriolmaqdansavayı, ictimaiişlərlə də məşğulolub.

1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb.

1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.

Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında isə xüsusi diploma layiq görülüb.

“Bəxt üzüyü” filminə Ramiz Əzizbəylihəyatyoldaşı Zümrüdxanımı çəksə də, sonradano, çəkilənhissələrimontajedibçıxarıb.

2006-cı ildə çəkdiyi "Yalan" bədiifilmiQarabağ müharibəsimövzusununənuğurluekranhəllindənbirihesabolunabilər.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

 

Filmoqrafiya

1. 100 - rol: satıcı

2. 777 №-li iş

3. Ad günü

4. 777 №-li müəssisədə

5. Adi əhvalat

6. Axtaran tapar

7. Əhməd haradadır?

8. Arayış

9. Kontor

10. Köhnə bərə

11. Yalan

12. Yanğın

13. Yol əhvalatı

14. Bir nömrəli

15. Yaxşı qurtardıq

16. Hədiyyə

17. Xəbərdarlıq

18. Sübhün səfiri

19. Halal pullar

20. Bağ mövsümü

 

Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya edilib. Sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi açıqlanıb. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Ümumşəhər qəbiristanlığınida dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Müasir cəmiyyətdə yetkinlik yaşına çatmış hər bir gəncin gec-tez qarşılaşdığı, bəlkə də ən çox eşitdiyi suallardan biri budur: “Evlənmək fikrin yoxdur? Yaş keçir...”. İlk baxışdan sadə bir ailə qurmaq təklifi kimi görünən bu sual, pərdəarxasında gənclərin çiyinlərinə böyük bir sosial və iqtisadi yük qoyur. Çünki bu gün evlənmək sadəcə iki qəlbin birləşməsi deyil, həm də çox böyük bir maddi öhdəliyin altına girmək deməkdir. Bu öhdəliklərin başında isə ən vacib və ən çətin məsələ dayanır: Ev problemi.

 

 "Ev hanı?" Sualının yaratdığı təzyiq

Azərbaycan cəmiyyətində ailə qurmağa hazırlaşan gənclərə verilən ilk suallardan biri, qız tərəfinin haqlı olaraq maraqlandığı "Ev varmı?" sualıdır. Müstəqil ailə həyatı qurmaq, valideynlərdən ayrı, rahat bir yuva yaratmaq hər bir yeni cütlüyün arzusudur. Lakin bugünkü daşınmaz əmlak bazarındakı qiymətlər gənclərin bu arzusunu böyük bir dərdi-sərə çevirir.

Bakı şəhərində və onun ətraf qəsəbələrində mənzil qiymətlərinin durmadan artması, adi maaşla dolanan bir gəncin nağd pulla ev almasını qeyri-mümkün edir. 5 minə və ya 15 minə başını soxmağa keyfiyyətli bir mənzil tapmağın xəyal olduğu bir dövrdə, gənclər məcburən çoxillik kreditlərin, ipotekaların və MTK-ların təklif etdiyi ağır şərtlərin cənginə düşürlər.

 

 Kreditlərin ağır yükü və cavan yaşda qocalanlar

Şəhərin mərkəzindən uzaq olan Hökməli, Zabrat, Masazır və ya Xırdalan kimi ərazilərdə nisbətən ucuz ev tapılsa belə, bu dəfə gəncləri uzunmüddətli borc öhdəlikləri gözləyir. 20-25 illik ipoteka kreditləri kağız üzərində bir çıxış yolu kimi görünsə də, reallıqda insanın ən gözəl, ən məhsuldar gənclik illərini daimi bir stress içində keçirməsinə səbəb olur. Hər ay maaşın böyük bir hissəsini banka ödəmək qorxusu, işini itirmək təşvişi insanı mənəvi olaraq aşındırır. Müəllifin də qeyd etdiyi kimi, ev sahibi olmaq yolunda gənclərin "saçları tökülür, baş-beyni əldən gedir". Mərkəzdə isə qiymətlər astronomik rəqəmlərə — yarım milyona çatdığı üçün buralardan ev almaq adi bir əməkhaqqı alan şəxs üçün sadəcə utopiyadır.

 

Sosial nəticələr: gecikən evliliklər

Bu maddi çətinliklər birbaşa olaraq ölkədəki demoqrafik və sosial göstəricilərə də təsir edir. İqtisadi cəhətdən özünü təmin edə bilməyən, ev problemini həll edə bilməyən gənclər evliliyi illərlə təxirə salmalı olurlar. Nəticədə evlənənlərin sayı azalır, subay gənclərin fikri ailə qurmaqdan uzaqlaşaraq sadəcə günü-gündən yaşamağa yönəlir.

Evlənmək və yuva qurmaq insan həyatının ən gözəl mərhələlərindən biri olmalıdır. Lakin bu proses gəncliyi borc bataqlığına çəkən, onları vaxtından əvvəl qocaldan bir sınağa çevrilməməlidir. Cəmiyyət olaraq gənclərdən maddi tələbləri bir az azaltmaq və dövlət səviyyəsində gənc ailələr üçün daha əlçatan mənzil layihələri yaratmaq, bəlkə də bu problemin ən doğru çıxış yoludur. Əks halda, gənclərin bu ağır yükün altında əzilməsi qaçılmaz olacaq.

Sosial şəbəkələrdə böyük maraqla qarşılanan və bu acı reallığı sətiraltı yumor və birazda kədərlə ifadə edən şeir parçası ilə yekunlaşdırıram:

 

Evlənmək Dərdi

Hamı deyir evlən, ötür da yaşın,

Gəl sənə bir sirri deyim, qardaşım.

Hansı pulla ailə qurum qoç kimi?

Pul dediyin göydə uçur toz kimi.

Qaydası var, şərti var evlənməyin,

Gör nə qədər dərdi var evlənməyin.

Qız tərəf ordan dirənir "ev hanı?"

Ev də təmiz dərdə salır insanı.

Get düşünüb dərinə, ev varmı ki?

5 minə, 15 minə ev varmı ki?

Var desən əgər, gözdən gələn MTK-lar,

Yan-yana düzülüb özəl MTK-lar.

Var kreditlərlə, güzəştlər falan,

Hökməli, Zabrat, Masazır, Xırdalan.

Orda da lap tapdın ucuz qiymətə,

Orda da ayrıldın uzun müddətə.

Saç tökülüb, baş-beyin əldən gedib,

100 minə, 400 minin əldən gedib.

Ev cavan insanlara əziyyətlidir,

Mərkəzə gəlsən daha dəhşətlidir.

Lap qazanıb atdın hər aydan dala,

100 minə ev tapmaq alınmır, bala.

Bəlkə də gəlsin sənə çox gülməli,

Olsa yarım milyon, alarsan bəli.

Adi maaşla necə toplansın o?

Mümkünatı yoxdur bunun, bax, kişi!

Evlənənlərin sayı düşməkdədir,

Çoxlarının fikri gəzişməkdədir.

Sən də Murad, cəhd et, həyatla barış,

Yaxşısı torpaq seçəsən bir qarış.

Qalma cavan yaşda ağır yükdə də,

Dəfn eləsinlər rahat öldükdə də.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Bazar ertəsi, 20 İyul 2026 08:21

Doğum gününüz mübarək, ölümsüzlər!

Səngərdə dastan yazan xüsusi təyinatlı: Şəhid Baş Leytenant İbrahim Abdullayev

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canından keçən, 44 günlük Vətən Müharibəsinin əfsanəvi kəşfiyyatçı və xüsusi təyinatlı zabitlərindən biri də baş leytenant İbrahim Abdullayevdir. Azərbaycan Ordusunun ən elit qoşun növü hesab edilən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında xidmət edən İbrahim, döyüş meydanındakı unikal taktikası və qorxmazlığı ilə düşmənə ağır zərbələr endirmişdir. Onun göstərdiyi misilsiz şücaət dövlət tərəfindən yüksək qiymətləndirilərək ölümündən sonra ali hərbi mükafatlardan olan "Qarabağ" ordeni ilə təltif edilmişdir.

 

Mülki ixtisasdan elit hərbi sahəyə ucalan yol

 

İbrahim Habil oğlu Abdullayev 20 iyul 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ailəsi əslən Hacıqabul rayonundandır. Uşaqlıq illərindən intizamı, dəqiq elmlərə olan həvəsi vətənpərvərliyi ilə seçilən bir gənc kimi böyümüşdür.

 İlk və orta təhsili:  Bakı şəhər Nəsimi rayonu K. Kərimov adına 8 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Beynəlxalq ali təhsili: Mühəndislik sahəsinə marağı onu Ukraynaya yönəltmiş, 2011–2015-ci illərdə Ukraynanın ən nüfuzlu təhsil ocaqlarından olan Xarkov Politexnik İnstitutunda ali mülki təhsil almışdır.

Zabitlik kursu:  Ali təhsilini bitirib vətənə döndükdən sonra Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) zabitlik hazırlığı kursunu uğurla tamamlayaraq "leytenant" hərbi rütbəsini qazanmışdır.

 

 XTQ sıralarında: İntizamı, fiziki dözümlülüyü və kəskin zəkası sayəsində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) heyətinə seçilmişdir. Qısa müddətdə peşəkarlığı ilə fərqlənərək "baş leytenant" rütbəsinə ucalmışdır.

 

Vətən müharibəsi: Murovdağdan Füzuliyə keçən ağır savaş

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk saatlarından etibarən baş leytenant İbrahim Abdullayev XTQ-nin tərkibində ən təhlükəli və strateji əməliyyatların ön xəttində yer aldı.

Murovdağ Əməliyyatı: Müharibənin ilk günlərində mühüm strateji əhəmiyyət kəsb edən və keçilməz qala hesab olunan Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində bilavasitə iştirak etdi, sıldırım qayalıqlarda düşmən postlarını darmadağın etdi.

Cənub Cəbhəsi: Daha sonra döyüş marşrutu Füzuli və Cəbrayıl rayonları istiqamətinə dəyişdi. Qarşıya qoyulan ən çətin kəşfiyyat tapşırıqlarını və pusqu əməliyyatlarını uğurla icra edərək, tabeliyindəki əsgərlə bərabər onlarla mənfur düşmən əsgərini məhv etdi.

 

Şəhadət zirvəsi və əbədi memorial

Cəbrayıl və Füzuli rayonlarının işğaldan təmizlənməsi zamanı qarşıya qoyulmuş həlledici döyüş tapşırığını yerinə yetirərkən xüsusi igidlik göstərən İbrahim Abdullayev, 4 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidimizin nəşi paytaxt Bakıda yerləşən, yalnız xüsusi xidmətləri olan hərbçilərin və şəhidlərin dəfn edildiyi İkinci Fəxri Xiyabanda (Hərbi Memorial Məzarlıq) böyük izdiham və dövlət səviyyəli hərbi ehtiramla torpağa tapşırılmışdır.

 

Ali Dövlət Təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və işğal olunmuş torpaqların azad olunması prosesində düşmənin məhv edilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi şəxsi mərdlik və rəşadətə görə baş leytenant İbrahim Abdullayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı yüksək orden və medallarla təltif olunmuşdur:

"Qarabağ" ordeni

 "Vətən uğrunda" medalı

 "Cəbrayılın azad olunmasına görə" medalı

 "Füzulinin azad olunmasına görə" medalı

 "Kəlbəcərin azad olunmasına görə" medalı

 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dünya romançıları arasında bir ad da var - Erle Stenli Qardner. Amerikalıdır. Onun yaradıcılığı əlbət ki Teodor Drayzer, Cek London qədər məşhur deyil, amma bu kəsin kitabları heç vaxt mağaza rəflərində qalmayıb. Satiş həcminə görə isə o, Drayzer və Londonu hətta üstələyib də.  Gah boksla, gah siyasətlə, gah vəkilliklə məşğul olan Qardner nə yazıbsa real həyatdan yazıb, uydurmaya əsla varmayıb.

 

Erle Stenli Qardner 17 iyul 1889-cu ildə Massaçusets ştatının Malden şəhərində Qreys Adelma (Vo) və Çarlz Valter Qardnerin ailəsində anadan olub. Qardner 1909-cu ildə Kaliforniyadakı Palo Alto Liseyini bitirib və İndianadakı Valparaiso Universitetinin Hüquq Məktəbinə daxil olub . Boksa olan marağı yayındırıldıqdan təxminən bir ay sonra təhsili dayandırılıb.

 Kaliforniyaya qayıdıb, hüquq təhsilini müstəqil şəkildə davam etdirib və 1911-ci ildə Kaliforniya Dövlət Vəkillər Kollegiyasının imtahanından  keçib. Qardner hüquq karyerasına Kaliforniyadakı bir hüquq firmasında üç il makinaçı kimi işləməklə başlayıb. Vəkillər Kollegiyasına qəbul edildikdən sonra, xüsusilə Çin və Meksika immiqrantlarını, yoxsul insanları müdafiə edərək məhkəmə vəkili kimi işləməyə başlayıb. Bu təcrübə onun 1940-cı illərdə Son Kurort Məhkəməsini qurmasına səbəb olub.

Ədalətsiz həbs edilən və ya ədalətli məhkəmə araşdırması ala bilməyən insanlara kömək etməyə həsr olunan Son Kurort Məhkəməsi, digər təşkilatlar arasında Günahsızlıq Layihəsi, Şimal-Qərb Pritzker Hüquq Məktəbindəki Səhv Məhkumluqlar Mərkəzi və Centurion da daxil olmaqla , səhvən məhkum edilmiş şəxslərin hüquqlarını müdafiə edən bir neçə təşkilatdan birincisi olub.

1912-ci ildə Qardner Natali Franses Talbert ilə evlənib. Onların Qreys adlı bir qızı olub. O, ilk hüquq ofisini 1917-ci ildə Merseddə açıb, lakin satış agentliyində vəzifəni qəbul etdikdən sonra onu bağlayıb. 1921-ci ildə o, Ventura firması olan Sheridan, Orr, Drapeau və Gardner-in üzvü kimi hüquqa qayıdıb və 1933-cü ildə ilk Perri Meyson romanının nəşrinə qədər orada qalıb

Perri Meyson obrazı 77 qətl məhkəməsində iştirak edib, lakin yalnız üçündə uduzmuş məhkəmə vəkili Erl Rocersdən ilhamlanıb . O, məhkəmə iclası zamanı vizual materiallar, cədvəllər və diaqramlar kimi nümayiş materiallarından geniş istifadə etməsi ilə tanınıb, lakin bu, adi hala gəlməyib. Rocers 1912-ci ildə münsiflər heyətinə rüşvət verməyə cəhddə ittiham olunan həmkarı vəkil Klarens Darrou ilə vəkil-müştəri fikir ayrılığı ilə məşhurdur

Perri Meyson romanları nadir hallarda personajların həyatına dərindən nüfuz etsə də, romanlar reallığa əsaslanan və öz təcrübəsindən götürülmüş süjet detalları ilə zəngin olub. Pulp jurnalı bazarı üçün yazdığı ilk illərdə Qardner özünə ildə 1.200.000 söz kvotası müəyyən edib:   Əvvəlcə o, iki barmağından istifadə edərək hekayələri özü yazıb , lakin sonradan onları katiblər qrupuna diktə edib.

Perri Meysonun 1933-cü ildə nəşr olunan ilk romanı olan " Məxməri Caynaqların İşi" nin böyük bir hissəsi, Qardnerin Kaliforniyanın Ventura şəhərindəki köhnə hüquq ofisinin yaxınlığındakı tarixi Pierpont İnn- də baş verib. 1937-ci ildə Qardner ömrünün sonuna qədər yaşadığı Kaliforniyanın Temekula şəhərinə köçüb. 80-dən çox romandan ibarət "Meyson" seriyasının uğuru ilə Qardner, 1950-ci illərdə medianın ölümünə qədər pulp jurnallarına verdiyi töhfələri tədricən azaldıb.

Warner Bros 1930-cu illərdə Perri Meyson haqqında bir sıra bədii filmlər istehsal edib və Meyson roluna ardıcıl olaraq bir neçə aktyor cəlb edib: ilk dörd filmdə Uorren Uilyam , sonra isə hər biri bir filmdə Rikardo Kortez və Donald Vuds . Warners serialı 1937-ci ildə dayandırıb, lakin Qardnerin " Təhlükəli Cütlüyün İşi" romanı 1940-cı ilə qədər çəkilməyib: film versiyası olan " Nənə Silahını Al" Perri Meyson süjet xəttini saxlayıb, lakin Meyson personajı filmdən tamamilə çıxarılıb.

Perri Meyson radio proqramı 1943-cü ildən 1955-ci ilə qədər yayımlanıb. 1954-cü ildə CBS Perri Meysonu televiziya serialına çevirməyi təklif edib. Qardner bu ideyaya qarşı çıxdıqda, CBS , radio şousunda Meysonu səsləndirən Con Larkinin Meyson personajının incə örtülü təqlidi kimi yer aldığı "Gecənin Kənarları "nı yaradıb.

1957-ci ildə "Perry Mason" uzun müddətdir davam edən CBS-TV məhkəmə zalında dram serialına çevrilib və baş rolda Reymond Burr rol alıb. Burr rayon prokuroru Hamilton Burger rolu üçün dinləmələrə qatılıb , lakin Meyson rolu üçün oxumağı xahiş edib. Burrun Meyson rolu o qədər gərgin və inandırıcı idi ki, proyeksiya otağında ekran testini izləyən Qardner ekrana işarə edərək deyib: "Bu, Perry Masondur".  Qardner serialın sonuncu bölümü olan "The Case of the Final Fade-Out" (1966) filmində hakim kimi ləqəbini almayıb.

 

1937-ci ildə "The DA Calls It Murder" romanı ilə başlayan Qardner, Mason kitablarının formatını dəyişdirən bir sıra romanlar yazıb. Baş qəhrəman məhkəmədə hiyləgər vəkil Alphonse Baker Carr-a qarşı mübarizə aparan qətiyyətli rayon prokuroru Duq Selbi olub. Prokuror Selbi cəsarətli və təxəyyüllü cinayət həll edən kimi təsvir olunub.

Onun rəqibi Karr müştəriləri həmişə "cəhənnəm qədər günahkar" olan hiyləgər və utancaq bir insandır. 1939-cu ildə AA Fair təxəllüsü ilə Qardner özəl detektiv şirkəti Cool və Lam haqqında bir sıra romanlar yazmağa başlayıb. İkinci Dünya Müharibəsindən sonra Qardner həmçinin Collier's , Sports Afield və Look kimi "glossies" (jurnallar) üçün bir neçə qısa hekayə dərc etdirdib. 

Lakin müharibədən sonrakı jurnallara verdiyi töhfələrin əksəriyyəti səyahət, Qərb tarixi və məhkəmə tibb elmləri haqqında qeyri-bədii məqalələr olub. Qardnerin oxucu auditoriyası geniş və beynəlxalq idi, o cümlədən 1949-cu ildə Qardneri ən yaxşı yaşayan Amerika yazıçısı adlandıran ingilis romançısı Evelyn Waugh.

 O, həmçinin müxtəlif radio proqramları üçün personajlar yaradıb, o cümlədən Qlenn Fordun rol aldığı Kristofer London (1950) və Əllərinizdə Həyat (1949–1952) filmləri üçün də personajlar yaradıb. 11 mart 1970-ci ildə Temekuladakı rançosunda xərçəng xəstəliyindən vəfat edib.

Ölüm vaxtı o, 20-ci əsrin ən çox satılan Amerika yazıçısı olub. O, Perri Meyson televiziya serialında özəl detektiv Pol Dreyk rolunu canlandıran Uilyam Hopperdən beş gün sonra vəfat edib. Qardner kremasiya edilib və külləri sevimli Baja Kaliforniya yarımadasına səpələnib.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Bazar ertəsi, 20 İyul 2026 14:16

Kinoda baş rol qismət olmayan aktrisa

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Nahidə Orucova uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktrisalarından biri kimi daha çox xarakterik və komik obrazları ilə tanınıb. Maraqlıdır ki, aktrisanın özü də dəfələrlə bildirib ki, karyerası ərzində ona baş rollar həvalə edilməyib və əsasən xarakter rollarında çıxış edib.

Onun yaradıcılığına nəzər saldıqda, tənqidçilər və tamaşaçılar arasında ən uğurlu hesab edilən rolu Cahanxala ("Arşınmalalan") hesab olunur.

 

Üzeyir Hacıbəylinin məşhur operettasında yaratdığı Cahan xala obrazı Nahidə Orucovanın ən uğurlu səhnə işlərindən biri sayılır. Bu obrazda o:

  • güclü komediya hissini nümayiş etdirir;
  • təbii danışıq və mimikası ilə tamaşaçı rəğbəti qazanır;
  • klassik Azərbaycan musiqili teatr ənənəsini müasir tamaşaçıya uğurla çatdırır.

Təsadüfi deyil ki, 2026-cı ildə 65 illik yubileyi münasibətilə məhz "Arşın mal alan" tamaşasının nümayişi təşkil olunmuş və aktrisa da bu obrazın onun üçün xüsusi yer tutduğunu vurğulamışdır.

Kino sahəsində isə o, əsasən epizodik və ikinci plan rolları ilə tanınıb. Aktrisa özü də etiraf edib ki, kino karyerasında istədiyi böyük rolları ala bilməyib və buna görə teatr yaradıcılığını daha uğurlu hesab edir.

Avtobioqrafiyasına nəzər yetirsək, Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak edib. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunub.

Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalıb.

"Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, "Ayrılıq imiş” ( 2008) Xidmətçi, " Biz qayıdacağıq” ( 2007) Həkim, "Xüsusi vəziyyət” (1986) Şikayətçi, "Kişiləri qoruyun” (2006) Rübabə, "Qız qalası” (2000), "Qızlar” (2007) Sədaqət, "Moskva-Bakı qatarı” (2005) Satıcı, "Tam məxfi” (2004) Səbinənin anası, "Yanmış körpülər” (2007) Qreta, "Yük” (1995) Qulluqçu Kübra və s. filmlərdə yaddaqalan obrazlar ifa edib.

1 avqust 2012-ci ildə Azərbaycanın Respublikasının əməkdar artisti adına, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Əgər bir rəssam peşəkarlığının artırılması məqsədilə Sankt-Peterburqa üz tuturdusa, orda yollar arayıb tapıb tanınmış mütəxəsislərlə yaradıcılıq təmasında olurdusa, demək, onu parlaq gələcək gözləyirdi. Sankt-Peterburqa gedəsən, orada İ.Y.Repin adına Rəssamlıq Akademiyasında məşhur fırça ustası, SSRİ Xalq rəssamı Y.Y.Moiseyenkodan rəngkarlıq, Baron Ştiqlis adına (keçmiş V.Muxina adına) Ali Bədii-Sənaye Akademiyasında dizayn üzrə ustad dərsləri alasan, bu bilirsiniz nə demək idi?

 

Azər Əliyev 18 iyul 1969-cu ildə Bakıda anadan olub. İxtisas təhsili almaq üşün əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

1992-ci ildən Azərbaycan Televiziyasının sənədli filmlər studiyasında tərtibatçı-rəssam kimi fəaliyyət göstərib.

1993-cü ildən başlayaraq Beynəlxalq, Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayıb. Əsərləri Almaniya, Türkiyə, Fransa, İtaliya, Rusiya və s. ölkələrdə təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə nümayiş olunub. Azərbaycan Rəssamlar İttifaqının, həmçinin Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür.

Dəfələrlə müxtəlif Beynəlxalq sənət simpoziumlarının iştirakçısı olub. O, sənət aləmində həm də bir çox sərgilərin təşkilatçısı kimi də tanınıb. Bu mənada Azər Əliyev tərəfindən məşhur geyim rəssamı və modelyer-dizayner Pako Rabanın (Fransa) Bakıdakı “Gülüstan” sarayında keçirilən yaradıcılığının zərif və valehedici kolleksiyasının təşkil olunmasını qeyd etmək olar.

Rəssamın əsərləri 2018-ci ildə məşhur Luvr muzeyində təşkil olunan “Art Shopping” beynəlxalq sərgində nümayiş olunub, Kannda, Milanda təşkil olunan sənət sərgilərində Azərbaycanı təmsil edib. Azər Əliyevin özü də respublikada özünəməxsus dəstxəttə malik olan dizayner kimi qəbul olunub. Onun 300-dən çox interyer dizayn üzrə layihələri, qrafik dizayn sahəsində bir çox tanınmış şirkətlərin korporativ dizaynı hazırlayıb.

 

2017-ci ildə geyim dizaynı sahəsində yazdığı “Geyim mədəniyyətinə milli və tarixi ənənələrin təsiri“, 2018-ci ildə “Türk xalqlarının geyimləri“dərsliklərinin və “Türk xalqlarının geyim lüğəti“ kitabının müəllifidir. Hazırda “Bakudesigncenter” təhsil mərkəzinin təsisçisidir. Mərkəzdə, əsasən peşəkar dizaynerlər hazırlanir. Onun müxtəlif janrlı rəngkarlıq və qrafika əsərləri nüfuzlu muzey və şəxsi kolleksiyaları bəzəyir.

 Yaradıcılığı barəsində məqalələr “Sənətşünas taleyi” (Z.Əliyev) kitabında, “Mədəniyyət” və “Kaspi” qəzetləri və “Çapar” jurnalında dərc olunub. Azər Əliyevin görüntüyə gətirdiyi və çox vaxt da qəribə ecazkarlığı ilə seçilən təbiət motivləri heç də rəssam təxəyyülünün məhsulu olmayıb, bilavasitə reallıqdan götürülüblər.

Onların demək olar ki, hamısı rəssamın Azərbaycanın müxtəlif guşələrinə səyahətlərinin nəticəsidir. Bununla belə onların arasında Abşeron, Şamaxı, Quba, İsmayıllı və Qəbələ motivləri tanınandırlar. Rəssamın əsərlərində reallıqla irreallığın qovşağıında təqdim etdiyi mənzərələr də inandırıcı və duyğulandırıcı qəbul olunurlar.

Bu mənada onun son müxtəlif illərdə yaratdığı “Qırmızı mənzərə”, “Ritmlər”, “Ucalıq”, “Günəşli gün”, “Müjdə”, “Abşeronda”, “Həsrətlilər”, “Kənd motivi. Gözləmə”, “Payız” “Mavilik” və s. əsərlərin adını çəkmək olar.

Müəllifin ağacları və evləri duyulası sevgi ilə mavi yerliyə səpələməsi (“Ritmlər”), budanmış ağaclarda şanapipiyin müjdə gözləməsu (“Müjdə”), suya həsrətli qayıqların sahil boyu düzülməsi (“Həsrətlilər”), sinəsinə sıxdığı əllərini nigarançılıq göstəricisinə kökləməsi (“Kənd motivi.Gözləmə”), azman ağacın payız donunu qürur qaynağına çevirməsi (“Ucalıq”) rəssam təfsirində həm rənglərin oyunundan yaranmış gözəllik qaynağıdır, həm də arifanə baxışda fəlsəfi tutumlu olmaqla, düşündürücüdür.

Azər Əliyevin mənzərə janrının “estetik xəritəsi”ni genişləndirdiyi qabarıq duyulan həmin işlərə dünyanın bir çox yerlərində onun da qatıldığı beynəlxalq simpoziumlarda da duyulası maraq ifadə olunub. Bu mənada onun ərsəyə gətirdiyi mənzərələrin bir çox muzey və şəxsi kolleksiyalarda yer almasını da təbii saymaq olar. Rəssamın mənzərələri motiv baxımından kifayət qədər rəngarəngdirlər.

Çox vaxt gerçəklikdə onların oxşarına, hansısa yerlərlə anım yaradan məqamlara rast gəlinsə də, Azər Əliyevin həmin məkanlara kifayət qədər obrazlı tutum verdiyi də görünəndir. Başqa sözlə desək, çoxlarının gözündə ənənəviləşən yerlər müəllifin tətbiq etdiyi “bədii yalan” və şişirtmə sayəsində yeni görkəm alıb.

Azər Əliyev rəngin təsir gücünə inanan və bir qayda olaraq ondan bütün tablolarında geniş istifadə edən yaradıcılardandır. Qədim miniatür üslubu estetikasından yaradıcılıqla faydalanan rəssam, təzadlı rənglərin harmoniyasının təsirliliyinə müasirlik ruhu qatmaqla, motivlərin funksionallığını tamaşaçıya çatdıra bilib.

Onun hər bir kompozisiyasında fərqli rakursları bir araya gətirməklə, onların bütövlüyünə nail olması da klassik ənənəyə özünəməsus münasibətinin nəticisidir. Belə əsərlər zamansızlığa qovuşmuş kimi ən ciddi və möhtəşəm sənət ekspozisiyalarında tamaşaçı diqqətini cəlb etməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.