Bu gün - 10 sentyabr 2026-cı il tarixində Bakı Konqres Mərkəzində, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masa keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, dəyirmi masanın əsas məqsədi qlobal iqlim dəyişikliklərinin və bununla bağlı ekoloji proseslərin mədəni irsə, o cümlədən türk xalqlarının zəngin mədəni irsinə təsirini müzakirə etmək, bu sahədə mövcud çağırışların aradan qaldırılması istiqamətində təcrübə və yanaşmaların bölüşdürülməsidir.
Dəyirmi masanın moderatoru Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova olacaq.
Dəyirmi masada Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Nigar Arpadarai və Fariz İsmayılzadə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı, eləcə də Qazaxıstandan “International Green Technologies and Investment Projects Center” QSC-nin İdarə Heyətinin sədri Saken Kalkamanov və “ZHASYL DAMU” ASC-nin Direktorlar Şurasının üzvü, müstəqil direktor Kambar Omarov, Qırğızıstandan Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İdarə Edilməsi Departamentinin rəhbəri Kumar Mambetaliev, Türkiyədən Akdeniz Universitetinin Mədəni İrsin Bərpası və Konservasiyası Departamentinin rəhbəri, Dünya Sualtı Konfederasiyasının Elmi Komitəsinin Mədəni İrs üzrə direktoru Dr. Hakan Öniz və Aralıq dənizi Sahil Sualtı Arxeologiya Layihəsinin nümayəndəsi Dr. Ceyda Öztosunun çıxışı gözlənilir.
Dəyirmi masa çərçivəsində iqlim dəyişikliklərinin mədəni irsə mənfi təsirlərinin azaldılması, dəyişən iqlim şəraitində irs nümunələrinin qorunması, biomüxtəlifliyin mühafizəsi və türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)


