Super User
Sevda xanım əsla unudulmadı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Respublikasının xalq artisti Sevda İbrahimovanın bu gün anım günüdür. Bir şey dəqiqdir, o, əsla unudulmadı, çoxsaylı musiqi əsərlərində, xatirələrdə yaşadı.
Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının piano (prof. M.R.Brennerin sinfi) və bəstəkarlıq (Q. Qarayevin sinfi) fakültələrini bitirib. İki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifi olub.
Əsərləri
- Operalar
1. Nənəmin nağılları
2. Biri vardı
- Vokal əsərləri
1. Solistlər və qarışıq tərkibli orkestr üçün "Vətən şəhidləri" kantatası
2. Səs və piano üçün "Sevirəm" vokal silsiləsi
3. "Əbədi yurdum" vokal silsiləsi
4. Mahnı və romanslar
- İnstrumental əsərləri
1. Orqan və simli orkestr üçün Konsert
2. Qoboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi
3. Skripka və kamera orkestri üçün musiqi
4. Piano və kamera orkestri üçün 3 saylı Konsert
5. 2 piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi
6. "Gənc pianoçuya" pyeslər silsiləsi
Filmoqrafiya
- Əzim Əzimzadə
- Yazıçının bir günü
- Peşimançılıq
- Min bir xəzinə
- Nar
- Odlu ürək
- Bəstəkar Sevda İbrahimova.
Görkəmli yazıçı, dramaturq Mirzə İbrahimovun qızı və görkəmli tarzən Qurban Primovun nəvəsidir. 17 iyul 2022-ci ildə 82 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)
Üç gün qısa təmsil zamanı
Coşqun Xəliloğlu, AYB üzvü.
“Ədəbiyyat və incəsənət”
1.SƏRT POZAN
Pozan yaman bozartdı
Karandaşa üzünü,
Bircə anda yox etdi
Kağızdakı izini.
2.QUDURĞAN QƏLƏM
Qudurmuş idi Qələm
Lap yolunu azmışdı,
Qələmqabı köhnəlib,
Həm də dardı, yazmışdı.
3.DƏFTƏR ƏZABI
Dəftər dedi: - Nə qədər
Əzablara tab etdim,
Mən yazıldım, pozuldum,
Kağızı kitab etdim.
4.MAKİNA
Makina qışqıraraq
Var güçüylə cəkdi car:
-Məni təqlid eyləyir,
Utanmır Bilgisayar.
5.YUBKANIN ZAMANI
Şalvar dedi: - Yubkanın
Çoxdan keçib zamanı,
O, qoruya bilməyir
Nə abrı, nə həyanı.
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)
Bu gün Xətai babamızın mövludu günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hər bir xalqın qürur mənbəyi olan tarixi şəxsiyyətləri var ki, onların adı tarixə qızıl hərflərlə yazılır. Bizdə belə adlar az deyil. Bu adlardan ən birinci səhifədə dayananı Şah İsmayıl Xətai hesab oluna bilər.
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olub. 9 iyul 1488-ci ildə Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə qızılbaşlar məğlub olub. Şeyx Heydər isə öldürüldü. Ölümündən sonra, Sultan Yaqub tərəfindən İsmayıl, anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə əvvəl erməni monastırı Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olunub və 5 il burada saxlanılıb.
Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədilə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytarıb. Şeyx Heydərin böyük oğlu Sultan Əli atasının işini davam etdirir və həlak olmazdan əvvəl qardaşı İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edilib. Sultan Əlinin və Sultan Rüstəm birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub ediblər.
Geri çəkilmək istəyən Sultan Baysunqur döyüşdə öldürülüb. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişib. Ərdəbil yaxınlığı Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edilib və öldürülüb. Şeyxin ölümündən sonra sufilər İsmayıl və qardaşı İbrahimə Ərdəbildə gizlənməyə görə kömək ediblər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını alan Eybə Sultanın dəstələri şəhərə daxil olublar.
İsmayıl anası Aləmşah bəyimin onu ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı səfəvi müridlərindən birinin evinə köçüb və üç gün ərzində orada qalıb. Yeddi yaşlı oğlan Xancan adlı qadının himayəsinə verilib. Qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlətdikdən sonra Rəştə, daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətiriblər. O, tanınmış alim Şəmsəddin Lahicini ərəb və fars dillərini öyrətmək, quranı oxumaq üçün İsmayılın və qardaşının tərbiyəçisi təyin edib.
1500-cü ilin yazında şeyx İsmayıl Ərçivandan Araz çayının şimalındakı dağlıq rayonuna, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət edib. Burada Qızılbaşlara ərəşli və zülqədər tayfaları qoşulublar. İsmayıl Çuxursədi keçdikdən sonra Doqquz Ulam adlı yerə gəlib. Burada Kiçik Asiya qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas ona qoşulub.
İsmayıl daha sonra öz dəstəsi ilə Kiçik Asiyaya doğru hərəkət etdi və ustaclı tayfasının yaşadığı Mingöl yaylağına gəlib. O, Tərcan ərazisindəki Kağızmandan və Sarıqaya yaylağından keçərək Ərzincana çatıb. Şeyx İsmayıl Azərbaycandan Kiçik Asiyaya keçənə qədər şamlı, rumlu, ustaclı, zülqədər, qacar, təkəli, əfşar, varsaq tayfalarından, Qaradağ sufilərindən ibarət 7000 qazi toplanıb.
İsmayıl əmirlərinin Gürcüstana və indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycana bir neçə basqınından sonra 1500-cü ildə I Fərrux Yasara qarşı yeddi min qızılbaşla hücuma keçib.
Abidin bəy Davaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu, İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy Möhddar, Hüseyn bəy Süfrəçi Əfşar, Piri bəy Pərvanəçi Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Cagirli, Piri bəy Qacar, Salman bəy Həzin Zülqədərli döyüşən qızılbaşlar arasında olub.
Şah İsmayıla Şirvan əhli olan bir nəfərdən xəbər çatır ki, Fərrux Yasar İsmayıla da atasının aqibətinin üz tutacağını bildirib. İsmayıl Gilana yollanıb və əhalidən öyrənib ki, Şirvanşah onun yaxınlaşdığını eşidib, müharibəyə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilən Qəbələ qalasına gedib. Bu səbəbdən, İsmayıl Şamaxını tutmaq qərarına gəlib.
O, əhalinin şəhərdən qaçmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək məqsədilə adamlarından Qulu bəyi Şamaxıya göndərib. Lakin İsmayıl Şamaxıya daxil olanda öyrənib ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənib. Bir neçə gün Şamaxıda dayanan İsmayıl Şirvanşahın öz qoşunları ilə Buğurt qalası yaxınlığındakı meşədə düşərgə saldığını öyrənib.
Qızılbaşların Şamaxını tutması xəbərini alan Fərrux Yasar, Gülüstan qalasına çəkilməyi qərara alıb. Qəbələyə hücum etmək fikrində olan İsmayıl, Şirvanşahın Gülüstan qalasına üz tutduğunu öyrənib. Şirvanşah qalaya yetişə bilməyib, İsmayıl Cabanı adlanan yerdə Şirvanşahı sıxışdırıb. 1500-cü ilin payızında burada şirvanlılar və Şirvanşahlar üçün qanlı döyüş baş verib.
İsmayıl 7 minlik süvarinin başında 20 min süvarisi və hərbi nizamla düzülmüş 6 min piyadası olan Şirvanşahı təqib edib. Bütün qoşunları məğlub olub qaçdıqda, sərkərdələri isə döyüş meydanında həlak olduqdan sonra tək qalan Şirvanşah atla Buğurt qalasına qaçmağa başlayıb. Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş, atlını təqib edərək Gülüstan qalasından bir qədər aralıda ona çatıblar.
Fərrux Yasar, Hüseyn bəy Lələnin "cilovdarı" adlandırdığı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salınıb. O, Şirvanşahın başını kəsərək İsmayıla gətirib. Əsir Şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb, onu dəfn ediblər. Münəccimbaşı Fərrux Yasarın ölümünü "Bəziləri deyir ki, o, əsir alınmış və sonra əlləri bağlı öldürülmüşdür." bu cür təsvir edib. İsmayıl atasının və babasının intiqamını almaq üçün əsir götürdüyü bütün şirvanlıları qətlə yetirib. Şirvanın çiçəklənən şəhər və qalaları İsmayıl tərəfindən işğal olunub.
1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. "Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi.
Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar.
Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu.
Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymayıb və ovun başlamasını əmr edib. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı". Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar.
Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər. Abbasqulu Ağa Bakıxanov "Gülüstani İrəmdə" yazır: "… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi".
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)
Aslan Kərimov: “Mundialda komandaların sayının çox olması oyun keyfiyyətinin aşağı düşməsinə səbəb oldu”
Fatimə Məmmədova,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dünya Çempionatı futbolsevərlərin ən böyük həyəcanla izlədiyi idman yarışlarından biridir. Artıq finalçılar bəllidir. İspaniya və Argentina milliləri öz aralarında çempionun kim olacağına aydınlıq gətirəcəklər.
Turnir boyunca yaşanan gərgin qarşılaşmalar, gözlənilməz nəticələr və komandaların nümayiş etdirdiyi oyun futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olur. Bu dəfə də çempionat həm yeni qaydalar, həm də bəzi komandaların gözlənilməz çıxışı ilə diqqət çəkib. Xüsusilə, Portuqaliya və Braziliya millilərininb uğursuz nəticəsi və Kriştianu Ronaldonun, Neymarın turnirlə erkən vidalaşması futbol azarkeşlərinin gündəmini zəbt edib.
Bəs builki Dünya Çempionatı əvvəlkilərdən nə ilə fərqlənir? Portuqaliyanın uğursuzluğunun əsas səbəbləri nələrdir və bu nəticə Ronaldonun zəngin futbol karyerasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı "Ədəbiyyat və incəsənət" portalının suallarını AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov cavablandırıb. O bildirib ki, turnirin əsas fərqlərindən biri komandaların sayının həddən artıq çox olması idi:
"Komandaların sayının çox olması oyun keyfiyyətinin müəyyən qədər aşağı düşməsinə səbəb oldu. Daha zəif rəqiblər geriyə çəkilir, yalnız müdafiə olunmağa çalışırdılar. Bunu uğurla edənlər də oldu, bacarmayanlar da. Amma əvvəlki turnirlərlə müqayisədə birtərəfli oyunların sayı daha çox idi. Bir komanda hücum edir, müdafiəni yarmağa çalışır, digər komanda isə yalnız geridə dayanaraq müdafiə olunurdu. Digər dəyişiklik su fasilələrinin tətbiqi və oyunun dörd hissəyə bölünməsi oldu. Bu yenilik birmənalı qarşılanmadı. Çünki oyunun dinamikası bir qədər aşağı düşürdü. Bəzi oyunlarda buna ehtiyac var idi. Mayamidə keçirilən oyunlarda havanın həddindən artıq isti olması səbəbindən bu zəruri idi. Amma bəzi oyunlarda yağış yağır, hava sərin olurdu. Belə şəraitdə su fasiləsinin verilməsi bir qədər absurd görünürdü. Səbəb isə bəlli idi. Bu, maliyyə və reklam məqsədilə atılan addımlardan biri idi. Hakimliklə bağlı da dəyişikliklər edildi. Qırmızı kartla bağlı qaydalarda dəyişikliklər, ikinci sarı vərəqəyə yanaşma kimi yeniliklər Dünya Çempionatına təsir göstərdi.Qrup mərhələsindən sonra keçirilən oyunlar artıq əsl Dünya Çempionatı səviyyəsində keçdi. Oyunların keyfiyyəti yüksəldi. Yeni tendensiyalar, yeni taktiki dəyişikliklər var idi və komandalar özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırdılar. Bu Dünya Çempionatını yaşlı ulduzların turniri də adlandırmaq olar. Ronaldo, Messi, Modriç, Edin Ceko kimi 40 yaşına yaxın futbolçular çıxış edirdi. Əvvəlki dünya çempionatlarında da 40 yaşına yaxın futbolçular iştirak edirdi. Amma onların sayı bir-iki nəfər olurdu. Top səviyyəli komandalarda isə adətən bu yaşda futbolçulara rast gəlinmirdi. Bu çempionatda isə onların sayı xeyli artmışdı".
Müsahibimiz, həmçinin, Portuqaliyanın uğursuz çıxışı ilə bağlı fikirlərini bölüşüb:
"Millinin yarımmüdafiə xətti bu Dünya Çempionatının ən güclü yarımmüdafiə xətlərindən biri idi. Amma futbol göstərir ki, təkcə bir mövqedə güclü oyunçuların olması ilə belə mötəbər turnirdə uğur qazanmaq mümkün deyil. İstisna kimi Argentina millisini göstərmək olar. Messi ilə birlikdə bunun öhdəsindən gəlməyi bacardılar. Bu baxımdan Argentina ilə Portuqaliyanı müqayisə etmək olar. Portuqaliya millisində demək olar ki, hər bir futbolçu özünü ulduz hesab edirdi. Ronaldonun fiziki durumu artıq əvvəlki səviyyədə deyildi. Təcrübəsi hesabına qol vurur, komandaya fayda verirdi. Amma bir çox oyunlarda çətinlik çəkdiyi açıq görünürdü. Statusuna görə onu əsas heyətdə oynatmaq məcburiyyəti var idi. Amma komanda tam şəkildə Ronaldoya uyğunlaşmırdı. Hər kəs özünü ulduz hesab etdiyindən komanda ruhu tam formalaşmamışdı. Bəzi epizodlarda Ronaldo da komanda yoldaşına ötürmə vermək əvəzinə özü zərbə vurmağa üstünlük verirdi və bu cəhdlər uğursuz alınırdı. Bu baxımdan Argentina millisində vəziyyət tam fərqli idi. Bütün komanda Messi üçün çalışırdı. Messi meydanda yerisə belə, komanda onun üçün sonadək mübarizə aparmağa hazır idi. Bunu görmək üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdur. Portuqaliya və Argentina millilərinin oyunlarına baxan hər kəs görür ki, bütün komanda Messi üçün oynayır. Oyun strukturu və taktiki gedişlər də Messi üzərində qurulub. Portuqaliya millisində isə bu belə deyildi. Portuqaliyanın uğursuzluğunun əsas səbəblərindən biri hücum xəttində kifayət qədər hərəkətli oynaya bilməməsi idi. Ronaldo əvvəlki kimi hücumda çox hərəkət edə bilmirdi. Onun görə bilmədiyi işi digər futbolçular görməli idi. Amma hər kəs daha çox öz oyununu oynamağa çalışırdı. Bu, İspaniya ilə oyunda da özünü göstərdi. Hesabı bərabərləşdirsələr də, üstünlüyü davam etdirə bilmədilər və əvəzində qol buraxdılar".
Ekspert düşünür ki, Ronaldonun beş-on il əvvəlki fiziki vəziyyəti olsaydı, Portuqaliya bu heyətlə İspaniyanı rahat məğlub edə bilərdi. Amma bunun öhdəsindən gələ bilmədi:
"Əsas səbəblərdən biri komandanın digər futbolçularının Ronaldonun çatışmazlıqlarını kompensasiya edə bilməməsi idi. Bu uğursuzluq onun futbol karyerasına heç bir təsir göstərməyəcək. Çünki Ronaldo karyerası ərzində dünya rekordlarına imza atmış futbolçudur. Son 20 ilin futbolundan danışsaq, Ronaldo və Messi dünya futboluna ən böyük töhfə verən iki addır. Birinin dünya çempionluğu, digərinin Avropa çempionluğu var. Hər ikisi saysız-hesabsız rekordlar qırıb, yüzlərlə qol vurub. Hətta klub səviyyəsində "Real Madrid" və "Barselona" qarşıdurmasının dünyada bu qədər populyar olmasının əsas səbəblərindən biri də Messi və Ronaldo idi.Bu uğursuzluq Ronaldonun karyerasına heç bir xələl gətirmir. Bəli, bu il Dünya Çempionatında uğur qazana bilmədi. Amma bu, onun karyerasını aşağı salmır. Ronaldo 40 yaşında Dünya Çempionatında iştirak edir. Bu, müsbət nümunədir. Bu yaşda belə yüksək fiziki hazırlıq səviyyəsində olmaq və Dünya Çempionatında iştirak etmək hər futbolçuya nəsib olmur. Adətən futbolçular 34-35 yaşdan sonra əvvəlki fiziki formalarını saxlaya bilmirlər. Amma bu Dünya Çempionatında çıxış edən yaşlı futbolçular göstərdilər ki, 40 yaşına qədər də komandalarına kömək etmək iqtidarında ola bilərlər".
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)
Zəlimxan Yaqub yaradıcılığında türk-islam əxlaqı
Kənan Aydınoğlu,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
“Ədəbiyyat və incəsənət”
Türk-islam dünyasının önəmli şairlərindən olan Zəlimxan Yaqubun müxtəlif illərdə xalq şeiri üslubunda (xüsusilə də qoşma, gəraylı) ərsəyə gətirdiyi ədəbi-bədii nümunələrdə Türk-müsəlman əxlaqı özünü göstərməkdədir.
Zaman-zaman Allah və ”Quran” inamına sadiq qalan türklərin cəsarəti, qəhrəmanlığı barədə dastansayağı əsərləri hər bir türkün gözündə canlanır. Türklərin islam mədəniyyətinə bəxş etdiyi gözəl əxlaq, Allah və “Quran”a inam, islam dininə və türk dilinə sadiqlik, möhkəm etiqad, türkün al qırmızı rəngli bayrağa, torpağa ruhu, canı qədər bağlanmaq, vahid bir ad altında-böyük türk dövləti qurmaq (Bu mənada, Zəlimxan Yaqub Azərbaycan Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətayi ideologiyasına dərindən bələd olduğunu yaradıcılığı boyu şeirlərində oxucusuna çatdırmağı da unutmur) və ərazilərini genişləndirmək türklərin zamanın astanasından süzülərək gəlmiş ənənələrin zənginliyindən xəbər verən faktlarından biridir. Təbii ki, sadalanan yüksək əxlaqi keyfiyyətlər, humanizm kimi ən ülvi hisslər şair yaradıcılığının əsas özəyini təşkil edir.
Zəngin və çoxşaxəli yaradıcılığı boyu Türk dünyasının tarixi şəxsiyyətlərinə, şair və yazıçılarına müraciət etməsi isə Ustad Zəlimxan Yaqubun əsərlərinin mövzu-ideya, forma-məzmun cəhətdən bənzərsizliyini göstərən növbəti uğur kimi qəbul edilməlidir. Çünki Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq, məhz Azərbaycan xalqının adət-ənənəsini, Aşıq ədəbiyyatını dərindən bilən Zəlimxan Yaqubun Türk mədəniyyət və ədəbiyyatı sahəsindəki yorulmaz fəaliyyəti, xidməti Qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Ödül Komitəsi tərəfindən layiqincə dəyərləndirildi. Belə ki, adıçəkilən qurumun 7 fevral 2014-cü il tarixli qərarıyla Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, Xalq şairi Zəlimxan Yaqubun“Seçilmiş Əsərləri”nin ikicildliyi“Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu. Nəfis tərtibatla çap olunan ikicildliyin hər birində Böyük Türk dünyasının ünlü şəxsiyyətlərinə həsr olunmuş şeirlər ayrıca bölmə kimi oxucuya təqdim olunur.
Böyük coşqu və ilhamla qələmə alınan bu sənət əsərlərinin və nümunələrinin hər birində müəllifin keçirdiyi iftixar hissi duyulur. Eyni zamanda, bu əsərlərin hər biri. böyük türk dövlətinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, tarixinin qədimlərə gedib çımasından xəbər verən əsas və yeganə mənbələrdən hesab olunmalıdı.
Zaman etibarilə oğuz dillərinin ilk böyük şairi Yunus Əmrənin ruhuna hörmət və ehtiram əlaməti olaraq ərsəyə gətirdiyi ədəbi-bədii nümunəsində Zəlimxan Yaqub sufi şairin Uca Allaha bağlı olmasından, Türkün ana yurdunda-Sarıcaqayadan Anadoluya qədər geniş bir ərazini əhatə etməsindən xəbər verir:
Doğulan çox olsa da, neyləsin doğan ana,
Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.
Dahilik zərrə-zərrə hopur iliyə, qana,
Dünyanın yaxşi şeri hər gün yazılan deyil!
Əsərlərini fars dilində yazmasına baxmayaraq, ilk dəfə türk dilində söyləyən, XIII əsr təsəvvüf poeziyasının ilk böyük nümayəndəsi Mövlana Cəlaləddin Rumiyə həsr etdiyi “MÖVLANA TÜRBƏSİNDƏ” əsəri deyiləni ədəbi fakt kimi bir daha təsdiqləyir.
2006-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən kütləvi tirajla nəşr olunan “Seçilmiş Əsərləri”nin iki cildliyinin ikinci cildində Türk-islam əxlaqının kodekslərindən çıxış edərək həmin ədəbi-bədii nümunələrini ərsəyə gətirməsi əslində Zəlimxan Yaqub yaradıcılığının əsrarəngizliyindən, möhtəşəmliyindən irəli gəlir.
Müasir dövrdə Türk-İslam əxlaqının ən gözəl xüsusiyyətlərini özündə birləşdirən Zəlimxan Yaqub əsərləri tarix boyu türk xalqının yüksək əxlaq sahibi olmasını bir daha sözün həqiqi mənasında oxucunun gözü önündə canlandırmaya bilmir.Bu da öz növbəsində əsası XIII əsrdə Yunus Əmrə tərəfindən “Vəhdəti-vücud” fəlsəfəsinin yaxud da Mövlana Cəlaləddin Ruminin zərrənin-insanın bütövə-Allaha yaxınlaşması fəlsəfəsinin qaranlığına dalmasından irəli gələn faktordur.
Qarsın xocası Fövzi paşa okul müdiri Şahmət Bilgirə ulu sevgilərlə ünvanladığı “ŞAHMƏT XOCA” şeirində poetik olunması baxımından poeziya həvəskarlarının qəlbini türk-islam əxlaqının çalarları ilə zənginləşdirir.
Qars ilə oyanırdım, Konya ilə yatırdım,
Ən şirin arzuların xoş ətrinə batırdım.
Bu torpaqla görüşə lap çoxdan can atırdım,
Yaxşı ki, ömrüm sənə tuş oldu, Şahmət Qoca!
“QOCATƏPƏ CAMESİNDƏ” şeirində bəndənin mərhəməti ilə geniş olan Uca Allahın qarşısında əyilməyini minnətdarlıq əlaməti kimi oxucunun nəzərinə çatdırır.
Qocatəpə camesi… namaz cümə namazı,
Tanrının xidmətində yüz min adam var azı.
İlk dəfə silkələndi qəlbim, quhum, varlığım,
Əyilmək-ucalığa mənim minnətdarlığım.
Türk övladının nə krala, nə şaha, nə zora, nə də silaha əyilmədiyini belə göstərir:
Türk övladı əyilməz nə krala, nə şaha,
Türk övladı əyilməz nə zora, nə silaha.
Türk-müsəlman əxlaqının əsas konsepsiyası olan Yaradanların ən gözəli olan uca Allaha, bəndələrə qiyamətə qədər doğru yol göstərən ilahi, nurani, səmavi kitaba-“Quran”a tabe olmaq Zəlimxan Yaqub əsərlərindən də yan keçmir.Bu konsepsiya zaman-zaman Türk-müsəlman dünyasının ən önəmli söz sənətkarlarının yaradıcılığının əsasını təşkil edib.Müasir çağdaş dövrdə isə bu ənənəvi konsepsiyanı Zəlimxan Yaqub əsərlərində yüksək Türk və Müsəlman ruhunda davam etdirir. Hətta, “Seçilmiş Əsərləri”nin I və II cildində “MƏLƏK DODAĞINDA DİNƏN NƏĞMƏLƏR”, “TƏBİƏT ALLAHIN ŞAH ƏSƏRİDİ” bölməsi deyilənləri geniş oxucu kütləsinin gözü önündə canlandırır.
1991-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən yüksək tirajla nəşr olunan və 1995-ci ildə “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” poemaları ilə birlikdə “Hacı Zeynalabdin Tağıyev” ədəbi mükafatına layiq görülən “Ziyarətin qəbul olsun” kitabının “İstanbulda quşlar qondu çiynimə” bölməsində Yunus Əmrəyə, Mövlana Cəlaləddin Rumiyə, Şahmət Bilgirə, Məhmət Akif Ərsoya, Məhəmməd Əmin Rəsulzadəyə, Memar Sinaniyə, Nazim Hikmətə zaman-zaman haqqın süzgəcindən süzürək gəlmiş dastan-epos xarakterli əsərlərində adlara rast gəlinməsi ədəbiyyat, mədəniyyət üçün əsrarəngiz, möhtəşəm, ecaskar sənət əsərləri ərsəyə gətirməyə qadir olduğunu yenidən gözlər önündə canladırır.
Xalq şairi Zəlimxan Yaqub kainatin fəxri, nəbilərin sərvəri, dünyanin yaradılmasının əsas və ilk şəxsi rəsulullahın,həbibullahın, sonuncu Peyğəmbər Əfəndimiz Həzrət Məhəmməd (səlləllahu əleyi və alihi və səlləm) böyük sevgi ilə ərsəyə gətirdiyi “PEYĞƏMBƏR” poeması zaman-zaman, tarix boyu peyğəmbərlərin əxlaqının dünyada hər bir bəşər övladı üçün nümunə olduğunu sübuta yetirən növbəti ədəbi-bədii nümunələrdən biridir. Türk-müsəlman dünyasının ən gözəl şairi Yunus Əmrəyə böyük türk sevgisi ilə ərməğan etdiyi “Yunus Əmrə dastanı” poeması təsəvvüf şairinə olan sevgisindən yaranıb.
Azərbaycan xalqının adət-ənənəsini dərindən bildiyi üçün daha çox heca vəznində ərsəyə gətirdiyi ədəbi-bədii nümunələrdə türk xalqının ərənlər meydanında döyüşə hər an qəhrəmanlıq ruhu ilə hazır olduğunu “DÖYÜŞƏN TÜRK, OYANAN TÜRK, QALXAN TÜRK” əsərində ən incə çalarları ilə əks etdirməklə yanaşı, həm də türk xalqının “GİLQAMIŞ”, “ALPAMIŞ”, “MANAS” dastanlarında da böyük iftixar hissi ilə əks etdirir:
“Gilqamış”dan, “Alpamış”dan, “Manas”dan,
Geri qalmaz dastan olsun bu dastan.
Qurtar bizi bu həsrətdən, bu yasdan
Dəniz kimi dalğalan, türk, çalxan, türk!
Döyüşən türk, oyanan türk, qalxan türk!
Dünya tarixi ərzində öz torpaqlarının ərazi bütövlüyünün qorunub saxlanılmasında yüksək əzmkarlıq hissi ilə digər hökmdarlara nümunə olan Ərtoğrul bəy, Osman qazi, Orxan qazinin adını yüksək və ali hisslərlə öz poeziya örnəklərində qabarıq şəkildə əks etdirir:
Yaddaşında sıralansın, anılsın,
Ərtoğrul bəy, Osman qazi, Orxan, türk!
Yenə Tanrı dağlarını qucaqla,
Dağlar olsun səngərin, türk, arxan, türk!
Döyüşən türk, oyanan türk, qalxan türk!!!
Ümumilikdə isə, son 70 illik dönəmdə Çağdaş Azərbaycan ədəbiyyatının Türk dünyası üçün yetişdirdiyi ən böyük şair məhz Xalq şairi Zəlimxan Yaqubdur.
Beləliklə, Türk-müsəlman dünyasının ən görkəmli nümayəndələrindən biri olan sevimli Xalq şairimiz Zəlimxan Yaqub həm ümumtürk, həm ümummüsəlman, həm də ümumbəşəri duyğuları Türk-İslam əxlaqının ən incə çalarlarını, təsəvvüf ideyalarını öz əsərlərində əks etdirən Böyük Türk Oğludur.
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)
Hekayə saatı – Xanım Anela, “Telefon söhbəti”
Xanım Anela,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
“Ədəbiyyat və incəsənət”
Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?!
Əslinə varmaqçın bu söhbətlərin,
Nolur gözlərini telefonda görsəm?!
(Mikayıl Müşfiq)
Nə Leylilər bitib bu dünyada, nə Məcnunlar. Nə Əslilər yox olub, nə Kərəmlər. Nə də Şirinlə Fərhadın hekayəsi zamanın yaddaşından silinib. Sadəcə dövr dəyişib.
Bir vaxtlar sevənlər uzun yollar aşır, aylarla, bəzən illərlə xəbər gözləyirdilər. Həsrətlər məktublara köçür, gecələr şeirlərə çevrilirdi. İndi isə məsafələr əvvəlki qədər uzaq deyil. İnsanlar istədikləri an bir-birinin səsini eşidə, üzünü görə bilirlər. Amma eşq dəyişməyib. O hələ də insanı gözlətməyi, darıxdırmağı, ümidlə yaşatmağı bacarır. Bəzən bir baxış üçün, bəzən bir söz üçün, bəzən də heç kimin anlamadığı bir telefon söhbəti üçün…
***
Axşam yenicə düşürdü. Göy üzünü örtən boz buludlar şəhərin üstünə ağır-ağır enir, xırda yağış damcıları tələsik addımlayan insanlar kimi bir-birini ötərək yerə düşürdü. Küçədən keçənlər addımlarını sürətləndirir, dükanların kölgəliyinə, avtobus dayanacaqlarına sığınmağa çalışırdılar. Nigardan başqa…
Nazik ev paltarı çoxdan islanmışdı. Çiyinlərinə tökülən saçları suyun ağırlığından daha da tündləşmiş, yanaqlarına yapışmışdı. Amma o, sanki bunların heç birini hiss etmirdi. Üzündə qəribə bir işıq vardı. İnsan yalnız çox sevdiyi birinə doğru gedəndə belə baxardı həyata.
Addımlarını gah sürətləndirir, gah da yavaşıdırdı. Elə bil görüşə tələsirdi. Ürəyi bədənindən qabaq qaçır, ayaqları ona çatmağa çalışırdı.
Küçə boyu düzülmüş işıqlar yağışın altında bulanıqlaşmış, hər tərəf xəyal kimi görünürdü. Nigar isə gözlərini qarşıdakı telefon köşkündən ayırmırdı. Onun üçün həmin an bu şəhərdə başqa heç nə yox idi. Bir azdan səsini eşidəcəkdi, bir azdan yenə onunla danışacaqdı, bir azdan ürəyində günlərlə yığılan sözləri bir-bir ona deyəcəkdi.
Dodaqlarına qeyri-ixtiyari təbəssüm qondu. Başını qaldırıb yağışa baxdı. Damcılar üzünə düşür, kirpiklərində inci kimi yığılırdı. Xoşbəxt idi. Uzun ayrılıqdan sonra sevdiyinə qovuşmağa gedən insanlar kimi…
Telefon köşkünün yaxınlığındakı dükanda iki gənc oğlandan biri oturmuşdu, digəri isə gələn müştərilərə xidmət göstərirdi. Elə həmin an dükandan çıxan son müştərini yola salan Elnurun gözü Nigara sataşdı. Onu görən kimi üzündəki ifadə dəyişdi, baxışlarına narahatlıq çökdü.
– Elnur, nə olub? – dostu təəccüblə soruşdu. – Kimdi o?
– Telefonumu ver.
– Nə baş verir?
– Tez ol, ver!
Oğlan masanın üstündəki telefonu Elnura uzatdı. Elnur tələsik kiminsə nömrəsini tapıb zəng vurdu:
– Alo… Cavid?
***
Nigar artıq telefon köşkünə çatmışdı. Dəstəyi götürüb qulağına apardı və üzü işıqlandı.
– Sevgilim… Nəhayət səsini duydum. Çox darıxmışdım sənin üçün.
Yağış dəstəyin üstünə döyür, külək yaş saçlarını üzünə vururdu.
– Bilirsən, evdən qaçmışam. Telefonumu yenə alıblar. Ona görə buradan zəng edirəm. Heç istəmirlər danışaq. Bilmirəm nə baş verir…
Uşaq kimi güldü.
– Amma mən yenə də sənə yol tapıram.
Bir neçə saniyə susdu.
– Bəs sən? Sən də darıxmısan?
Dodaqlarındakı təbəssüm bir az da böyüdü.
– Bilirəm…
Sonra uzaqlara baxaraq davam etdi:
– Bizim yerdə artıq başqa sevgililər gəzir. Hərdən onlara baxıb paxıllığım tutur. Bəyaz paxıllıq… Yadındadır? İlk dəfə əlimi tutanda bizi Cavid görmüşdü. İlahi, o nə gün idi…
Bərkdən gülərək əlini ağzına apardı.
– Yelləncəyə də minərik sən gələndə? Ən son səninlə minmişəm. O gündən sonra heç minməmişəm.
Səsi asta-asta titrədi.
– Darıxmışam, Murad. Çox darıxmışam. Ən çox sənin üçün. Səsin üçün, gözlərin üçün, adımı çağırmağın üçün…
Bir damcı yanağından aşağı süzüldü. Yağış damcısı idi, yoxsa göz yaşı – ayırd etmək mümkün deyildi.
– Sənin sevdiyin peçenyelərdən də bişirmirəm. Deyirəm sən gələndə bişirərəm, birlikdə yeyərik. Anama da qoymuram bişirməyə.
Sonra birdən nə isə xatırlamış kimi dedi:
– Sizinkilərə zəng vurmaq istədim. Dedilər köçüblər. Hara köçüblər? Səni gözləməyib köçüblər…
Bir anlıq susdu, sonra başını yüngülcə tərpətdi.
– Murad… Nə vaxt gələcəksən?
Arxadan bir səs eşidildi:
– Nigar…
Qız çevrildi.
– Cavid…
Qardaşı ona yaxınlaşdı. Baxışlarında yorğun və dərin bir kədər vardı.
– Danışdın?
– Danışdım…
– Gedək evimizə, quzum. Soyuqlayacaqsan.
Nigar bir neçə saniyə dəstəyi əlində saxladı. Baxdı, baxdı… Sonra asta-asta yerinə asdı. Qaşları düyünləndi, gözləri doldu, küsən uşaq kimi dodaqlarını büzdü.
– Cavid…
– Hə?
– Murad gələcək, elə deyil?
Cavid gözlərini yayındırdı. Cavab vermədi. Sadəcə gödəkcəsini çıxarıb bacısının çiyinlərinə örtdü. Yağış altında yanaşı addımlayaraq uzaqlaşdılar. Bir az aralıdan onları izləyən Elnur isə uzun müddət arxalarınca baxdı. Yanındakı dostu nəhayət marağını gizlədə bilməyib soruşdu:
– Kimdir bu qız? Niyə onu görcək zəng vurub xəbər verdin?
Elnur uzaqlaşan iki kölgəyə baxaraq dərindən ah çəkdi. Yağışın altında getdikcə kiçilən həmin kölgələr sanki bütün dünyanın kədərini daşıyırdı.
– Murad mənim sinif yoldaşım idi. İkinci Qarabağ müharibəsində şəhid oldu. Nigar isə onun sevdiyi qız idi. Nişanlanacaqdılar, evlənəcəkdilər… Telefonla isə Muradla danışır…
Yağışın altında uzaqlaşan Nigar dönüb son dəfə telefon köşkünə baxdı. Sanki orada yarımçıq qalmış bir görüş, deyilməmiş bir söz, yaşana bilməmiş bir ömür vardı. Bəlkə də o da bütün ömrünü heç vaxt tamamlanmayacaq bir telefon söhbətinin davamını gözləməklə keçirəcəkdi.
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)
“Biri ikisində” Gün Ay Ümidin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Gün Ay Ümidin şeirləri təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
Gün Ay ÜMİD
|
|
|
|
|
QORXMA, ÖLƏN DEYİLSƏN
Yenə soyuqlamısan,
Təklikdəndir, biləsən.
Ürəyimi üstünə
Örtməmisən, deyəsən.
Beləcə xatirələr
Qarabasmaya dönüb.
Gözlərinin nurunda
Gör neçə arzu sönüb?
Sən də elə bilmisən,
Gün keçib, gecə düşüb.
Pəncərədən aşağı
Gözündən küçə düşüb.
Bu da elə dərddi ki,
Qoymaz rahat öləsən.
Mən də belə sağaldım
Sənsizlikdən, biləsən.
Əlimi kürəyimə
Vuraraq “qorxma” – dedim.
“Mən sənin yanındayam,
Özünü sıxma” – dedim.
Səndən sonra öyrəndim
Özümlə danışmağı.
Səndən sonra öyrəndim
Hər şeylə barışmağı.
Pəncərəmdəki quşlar
Öyrəşdi dənsizliyə.
Əvvəl sənə uduzdum,
Sonra da sənsizliyə.
İnsan gec-tez öyrəşir
Ölərək yaşamağa,
Özünü bir yük kimi
Çiynində daşımağa.
Hələ bunun ümidi,
Hələ bunun ahı var.
Özünə məğlub olan
O qədər sabahı var...
Qorxma, ölən deyilsən,
Gedənə heç nə olmaz.
Bu ağrılar-acılar
Gələn payıza qalmaz.
Bir gün bu da keçəcək –
Dərdi baltək udmuşam.
Özümü tapan gündən
Səni də unutmuşam.
İndi sən də mənimtək
Təsəlliyə ağla, yat.
Qəlbinə soyuq olur
Qapısını bağla, yat...
PAYIZIN SON ŞEİRİ
Mənə nə var, bir dənəm,
Payızı da üşütdüm…
Ürəyimin rəfindən
Xatirəni düşürtdüm.
Daha o gündən sonra
Gözümə gün qaçmadı.
Nə xoşbəxtlik, nə sevinc
Bu qapını açmadı.
Mənə nə var, təqvimin
Yarpaqları düşəndən
Sənə oruc tutmuşam –
Ocaqda dərd bişəndən.
Daha o gündən sonra
Heç nə əvvəlki deyil.
Ötən ildən qalan dərd
Hələ təzədi bu il.
Mənə nə var, dözərəm,
Bircə ömür keçsəydi…
Pəncərədə ev tikən
Quşlar uçub getsəydi…
Susmuşam, eşidirsən?
Çətin dərdə əyiləm.
Məndən narahat olma,
Onsuz rahat deyiləm.
Mənə nə var, susaram
Qulağın batanacan.
Heç nə düzələn deyil
Özümü tapanacan.
Bir də bu evə bahar
Gələn deyil, bir dənəm.
Bu qış da sərt keçəcək,
Qalsam, çətin isinəm.
Mənə nə var, ömürdü,
Onsuz bir gün bitəcək.
Həsrətin ayaq izi
Qarın altda itəcək…
Bu ömrün ortasında
Yazdan qışa keçitdi.
İndi yaxşı bilirəm,
Gözləmək də ümiddi.
ÜRƏYİMİN İNADI
Gəl, bu qədər üzülmə,
Gözündə yaşa dönüm.
Olmayanda olmur e,
Olmur, başına dönüm.
Axı sən də bilirdin,
Ürəyim çox zərifdi.
Mən ki tez unudanam,
Yaddaşım çox zəifdi.
Bircə ürəyim məni
Eşitmir sən gedəndən.
Bilirəm, darıxırsan
Mən səni tərk edəndən.
Ürəyimi başa sal,
Yığsın gözünü yoldan.
De ki, sevmirəm daha,
Sənsiz ölən deyiləm.
Yolunu gözləməsin,
De ki, dönən deyiləm.
Ürəyimi başa sal,
Daha xatirələrdən
Səni bir də sormasın –
Ümidinin yolunda
Ayağını yormasın.
Ürəyimi başa sal,
De ki, eşitməz səni –
Xatirələr, xəyallar –
Səsin batınca çığır...
Daha bizdən o yana
Nə yol qalıb, nə cığır.
Ürəyimi başa sal,
Kölgə salmasın daha
Şeirlərin sətrinə.
Yaşaya bilmədiyim
Xoşbəxtliyin xətrinə
Ürəyimi başa sal...
Vallah, məni eşitmir
Kiçik təsəllilərdən
Mərhəmət diləyəndən.
Özümü səndən asıb
İntihar eləyəndən
Dilə tuta bilmirəm.
Səni atdığım kimi
Onu ata bilmirəm.
Ürəyimi başa sal,
Bilsin dönməyəcəksən.
Mən hər gecə səbrimi
Dözümümə əkirəm,
Ahlarımı çarmıxa
Köksüm üstə çəkirəm...
Yaşamaq olmur belə.
Dərdin İSA qolları
Mərhəmət gəzir hələ...
Bilirəm, darıxırsan
Mən səni tərk edəndən.
Bircə ürəyim məni
Eşitmir sən gedəndən.
Gəl bu qədər üzülmə,
Gözündə yaşa dönüm.
Olmayanda olmur e,
Olmur, başına dönüm.
UZAQLARDA BİR QADIN VAR
Uzaqlarda bir qadın var:
Bəlkə, bir gecə o yanda...
Bəlkə, bir küçə o yanda...
Min il böyükdü yaşından...
Gecənin qara çadrası
Sürüşüb düşməz başından.
Uzaqlarda bir qadın var:
Atasından görmədiyi
Xoşbəxtliyin bədbəxtidi…
Uzaqlarda bir qadın var,
Qismətinin qırışları
Alın yazısına dolub.
Yumruğunun səcdə yeri
Divarların köksü olub.
Ata sevgisi görməyən
Qızların güvən duyğusu
Qaranlığa düşgün olar,
Kişilərə küsgün olar…
Uzaqlarda bir qadın var,
Nə qəlbinin sıxıntısı,
Nə ümidin qırıntısı
Dərdini soyuda bilməz.
Yetim qalan nəvazişin
Heç kimsə ovuda bilməz.
Uzaqlarda bir qadın var,
Yağan yağışın altında
Boğar, göz yaşını boğar...
Elə güclü qadınları
Ən zəif kişilər doğar…
AÇILMAYAN ÇƏTİR
Qapını kimdi döyən?
Mən ki evdə deyiləm.
Dərdlərin sinəsində
Sərgərdanam, veyiləm...
Şeirlərə köçmüşəm
Hüzuru, rahatlığı,
Məndən aldığın gündən,
Özünü bu qapıdan
Yola saldığın gündən.
Sən gedəndən bu payız
Göz yaşıma sığındı.
İslandı şeirlərim,
Ahım dərddə qızındı.
Gözümün qucağında
Damla seli gətirdi.
Bu yağışda təsəlli
Açılmayan çətirdi...
Deyirlər, sərt gələcək
Önümüzdəki bu qış,
Nə qədər ki gec deyil,
Qayıt, kəsməmiş yağış.
Daha imdad ummasın
Şeirlərin sətiri.
Nə qədər ki gec deyil,
Qayıt, aç bu çətiri...
YOLUXMA
Xəstəyəm, söyləyirlər,
Halıma karıxmışam.
Amma heç kim bilmir ki,
Mən sənə yoluxmuşam.
Gəlib halıma baxsan,
Ömrün başın qatardım.
Sən də mənə yoluxsan,
Bəlkə, şəfa tapardım.
Nəfəsinin buxarı
Mənim təmiz havamdır.
Elə sənin qucağın
Mənim isti yuvamdır.
Gəl, otur baş ucumda,
Yeni nağıllar danış.
Uydur yalanlarını,
Doğrularıma qarış.
De, günlərin birində
Həsrət saçını hörməz.
Başıaşağı gəzən
Göy üzün görə bilməz.
Eh, bu əclaf xəstəlik,
Ağlı yox, qəlbi seçdi.
Dərdlərimi bilənlər
Gülüb halıma, keçdi.
Bomboş təsəllilərdən
Dərd oduna qəlb bişdi.
Heç nə də dəyişmədi,
Əşyalar yer dəyişir.
Bu gecə də yatmadım,
Göz yaşımı gizlədim.
Bu gün də xəyalını
Film kimi izlədim.
Qum saatı süzüldü,
Ömürdən nə qaldı ki?
Can qurban etdiyim kəs
Ömrü yola saldı ki...
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)
Mir Cəlal adına V Hekayə Müsabiqəsi mükafatçılarının hekayələri
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Bir müddət idi ki, seçmə hekayələr “Ədəbiyyat və incəsənət” portalınada yayımlanırdı. Bu həftədən etibarən mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim edilir.
2-Cİ YER
ÖMƏR XƏYYAM
10410‐CU GÜN
– Uzanın! Tərpənməyin! – komandir əmr etdi, – Sonra pıçıltıyla “əcəl zəngi çalındı” – dedi. Əsgər Kamal Ağabəyli sol ayağı ilə minanın üstünə basmışdı. – Otuz addım geriyə çəkilib uzanın! Ölümü ilk dəfə canlı-canlı – onun gözlərində gördüm. “İntizamı pozmalı, gedib sol ayağımı minanın üstünə qoymalı, Kamalın çiyinlərindən tutub ölümün gözlərinin içinə baxmalıyam. Yorulanda ayaqlarımızı dəyişməli, mühəndis-istehkam bölməsi gələnə qədər gözləməliyik. Bir neçə dəqiqə əvvəl gözlərinin içində həyat işığı parlayan 25 yaşlı bu gənc mənə müharibədən sonrakı planlarını pıçıldayırdı axı... Onu çölün düzündə tərk etmək... Bir də, komandirin dediyi kimi, Kamalın yanına getmək üçün ərazi yoxlanılmalı, təhlükəsiz dəhliz açılmalıdır... Bir mina varsa, iki mina var. Müharibə təkcə tərəflər arasında yox, həm də sənin içində - emosiyalarla gerçəyin arasında gedir. Seç, Dadaşov! İki ölüm, yoxsa yüz ölüm? Xilas isə... Mümkün görünmür. Ya səbrlə, tərpənmədən kömək gözləməlidir, – adətən, əsgərlər səbirsizlik edirlər, – ya da… Üstəlik, snayper üçün ələdüşməz fürsətdir...” – palçığın içində dirsəklənib düşünürdüm. Əgər Kamal Ağabəyli mənə baxa-baxa sağ əlinin şəhadət barmağıyla orta barmağını birləşdirib dodaqlarının üstünə qoymayasaydı, fikrimdəki entropiya məni didəcək, palçığın içində ümidsizcə ağzımı açıb-yumacaq, növbəti əmri gözləyəcəkdim. ...Əzik “Vinston” qutusunun qapağını açdım, dişimlə bir gilə siqaret çıxarıb astaca qalxdım. – Dayan! Geri! İkinci addımı atmışdım, ya yox... Bummm! – Mina partladı.
…Binoklun şüşələrini sildi, okulyarları nizamladı: – Heç kim yoxdur, geri çəkiliblər.
– Bayramov dedi.
– Dadaşov, səninlə Bardaçok – cibində, az qala, at nalı da gəzdirən Xaqan Sarıcaya öz aramızda “bardaçok” deyirdik, – birinci kəşfiyyat/gözləmə məntəqəsinə! – qrup komandiri təyin edilmiş məntəqənin koordinatlarını verdi.
Xaqan Sarıca qabaqda, mən də arxasınca... Çay yatağına paralel – qıjılıqdan keçib üzüm sahələrinə aparan palçıq yola çıxdıq. Ayağımızın altında fırçıldayan sarı yapışqan palçıq bizi əldən salır, çəkmələrdən asılan daşa çevrilirdi. Hərdən tamamilə soyunmaq, mənə təhkim edilmiş təchizatdan qurtulmaq, lehmələrin içində ağnamaq istəyirdim. Pıçıldamaqdan, dinşəməkdən, əl-qolumuzu ölçə-ölçə, gözlərimizi qırpaqırpa danışmaqdan öz səsimizi unutmuşduq. Yorulanda, acanda oğlumu xatırlayır, saçlarını sığallayır, oxşayırdım; xəyalımda onu oxşaya-oxşaya astaca adını çağırırdım. Öz səsimi eşitcək dik atılır, silahın qundağını çiynimə sıxıb sağa-sola boylanırdım. Daşaltıdakı yarıuçuq evin divarına qazılmış “Bakı. Yasamal. Sabir” cümləsi mənə atamı – qəhrəman Sabir Dadaşovu, onun döyüş hekayələrini xatırlatdı. Yenə noyabr, yenə müharibə... iki gənc ayrı-ayrı illərdə, ayrı-ayrı məqsədlə, fəqət eyni yolda irəliləyir; üstəlik, onun da, mənim də bir oğlum var... yaxud vardı... Üstəlik, onun da, mənim də iyirmi doqquz yaşımız var... yaxud vardı. Bir də, bu, “yasamallı Sabir”... “Qaraçuxurlu Sabir” də ola bilərdi... Qorxduğum ölümün özü idi, yoxsa Rihabın, oğlumun, – bu vaxtacan içindən keçdiyim, toxunduğum hər şeyin, – olanın/ölənin o an məni tərk etməyi, məndən yoxalmağı, xatirələrsiz, tamamilə çılpaq... qaranlığa gömülməyim? Paaart! Güllə açılır... fırççç! – yıxılırsan... və məşum qaranlıq... Elə bu? Bəs sonra? Sonra... boz-bulanıq heç nə. Hərdən topun lüləsini ata kimi, qarşı səngəri ana kimi təsəvvür edirdim: Bummmm! – atəş açılır! Budur, yeni insan doğulur: əlsiz, ayaqsız, başsız... – Çinar birəm! Çinar bir! Qala, qəbul! Qala! Qala! Çinar bir, qəbul... – Tərk edilmiş evin kandarındaca atamın səsini eşitdim. Su quyusunun yanındakı peyin təpəciyinin arxasına süründüm. Başımı qaldırmaq istəyirdim ki, təkərləri mamır tökmüş “UAZ-469”un altından tanış gözlər parladı. Bardaçok idi.
– Necə yəni atamın səsini eşitdim? – Dadaşov, başın xarab olub nədi? – Mandarin diliminin liflərini arıtlaya-arıtlaya pıçıldadı... – Nə dedi, o biri tərəfdən nə xəbər? – Mandarinini ye! – Sən başın, nə deyir? Yoxsa səni aparmağa gəlib? Zarafat eləyirəm, ə! kövrəlmə. Kişi buralarda şəhid olub, hə? – Hə, – qəhərləndim. Bəlkə də, o an qürurlanmışdım. İyirmi səkkiz ildən sonra atamın şəhid olduğu kənddə... həqiqətlə xəyalın sərhədini pozmuşdum. – Yuxusuzluqdandır, yəqin. Zarafatsız, yuxarı nə vaxt qalxırıq? – həm söhbəti dəyişmək üçün, həm də hər gün binoklun ucunda növbə dəyişən – Şuşa dolaylarındakı düşmən əsgərlərinə atəş açmaqdan özümü güclə saxladığıma görə qəfil soruşdum. – Məndən olsa, elə indi gedərəm. Amma sənin başın üçün deyil. – Sırıqlısının boyunluğunu qaldırdı, – sən tövlənin damına çıx, aşağıdakı dərəni, yolu müşahidə elə, mən yuxarı çıxıram. Sultanovgil bizdən yüz-yüz əlli metr sağdadır. – Xaqan Sarıcanın üz cizgiləri birdən dəyişdi, qətiləşdi. – Oldu! – Silahımı götürüb tövlədən çıxdım. Şuşada – hündürdə işıqlar sayrışır, hardasa, uzaqdan yorğun it ulartısı eşidilirdi. Oğlumu xatırlamaq, Daşaltıdakı yarıuçuq evin tövləsinin damından birbaşa qan-qadasız günlərə düşmək, Rihabın çiyinlərindən öpmək, onun ağ xəyalına bürünüb isinmək istədim, ancaq iyirmi səkkiz il əvvəldən gələn səs – atamın səsi məni ayıltdı: – Çinar birəm, Çinar bir! Qala, qəbul... Vurulduq... Qala... Çürümüş-kiflənmiş ot tayasının dibinə tullandım. Əyilə-əyilə, gizlənəgizlənə səs gələnə – həyətin ətəyindəki fındıqlığa tərəf getdim.
– Çinar bir, Çinar bir! Qəbul... Vurulduq... Çinar bir... Canıma qərib istilik yayıldı. Əvvəlcə elə bildim, vurulmuşam. Yaşamın gerçəklərindən agah olan biri necə ki, ağrısız-acısız ölüm arzulayır, ölümün, məsələn, “yatıb durmamaq” variantını üstün tutur, yoldaşlarının ölümünü görən, saniyələr öncə yanındaca düşmən mövqeyinə dim-dik baxan başın kəllə sümüyündən pırtlamış beyninə şahid olan döyüşçü də qəfil ölməyi, şikəst qalmamağı arzulayır. Düşünməyə, fikirləşməyə, heç ağrımağa da macal tapmamış... Yaxşı bilir ki, ölüm – onu dərk edəndə, onu mənalandıranda dirilir... Yoxsa əlindən, ayağından olasan, ölü metal parçası sənin qarın boşluğunda, ürəyinin üstündə dirilə, çarəsizcə yalvarasan, möhtac olasan, ağlamaq istəyəsən, ağlaya bilməyəsən, ümidin hər yerdən, hər kəsdən üzüləndə də üzünü Allaha tutub ölüm istəyəsən... Üstəlik, o vəziyyətdə ikən döyüş yoldaşlarının yanında urvatlı ölməyin dərdinə düşəsən... Fındıqlığı keçib qayalığın ətəyinə çıxdım. – Çinar birəm! Çinar bir! Qəbul... Qala, qəbul... – səs daşların arasındakı köhnə ratsiyadan gəlirdi.
* * *
- Bir stəkan isti süd ola, birnəfəsə içəsən! – Xaqan Sarıca tövşüyə-tövşüyə içəri girdi. Ratsiyanı gizlincə buşlatın cibinə saldım: – Oğlum üçün darıxıram. Görəsən, onun dilindən bircə dəfə də olsa, “ata” sözünü eşitmək qismət olacaq? – Mən heç vaxt o sözü deməmişəm, bilirsən? Kaş mənim də atam olaydı, kaş mənim də atam sənin kimi olaydı. – Bardaçok alışqanı əlimdən alıb işığını söndürdü. O gecə dəfələrlə – növbə çəkəndə də, tövlənin şirəli divarına söykənib intə hasız qaranlığa zillənəndə də, təhlükənin səssizliyini, qulaqbatırıcı uğultusunu dinləyəndə də əlimi cibimə saldım, ratsiyanın işləməyən düymələrini sağasola burdum, əlimlə atamın səsini, nəfəsini axtardım. İyirmi səkkiz il əvvəl şəhid olmuş atamın səsi niyə hələ də ratsiya kanalında, hansısa tezlikdə qalsın, üstəlik, o səsi bircə mən eşidim? Bəlkə, bu, adi qara bas madır? Yoxsa səslər itmir, hardasa, kainatın ənginliyində qalır? Batareykası ol mayan, iyirmi səkkiz il qarın-yağışın altında, palçığın içində paslayan, ta ma milə yararsız alətin içindəki sirr nədir?
– Vaxtdır! – Xaqan Sarıca təngnəfəs içəri girib dedi. Gecənin ölü sevindirən çağı sarı – yapışqan torpaq zəfər müjdəçilərinin ayaqları altında fırçıldayırdı. Şuşada – hündürdə işıqlar sayrışır, hardasa, uzaq dan yorğun it ulartısı eşidilirdi. Mən hərdən əlimi buşlatın cibinə salır, ratsiyanın işləməyən düymələrini sağa-sola bururdum. Daşaltı atəşə tutulanda biz artıq Şuşada – Cıdır düzündə idik. “T-72” tankları, “BMP-2” döyüş maşınları dayanmadan qalaya atəş açır, şəhərin içində əlbəyaxa döyüş gedir, binadan-binaya, eyvandan-eyvana güllə yağırdı. Üçüncü həmləni də uğurla yenib, şəhərin əsas girişinə tərəf irəliləməyə başladıq. Gilizlər cingildəyir, qumbaralar gurlayır: kimsə yıxılıb ölür, kimsə ölüb yıxılırdı…
– Çinar bir, qəbul... Çinar bir, qəbul…
– Nəhayət, atamın səsini növbəti gün, noyabrın səkkizi – Aşağı bazar tərəfdə – meydandan Cümə məscidinə uzanan yolun başında eşitdim.
– Qəbul. Qala eşidir! Qəbul! Eşidirsən, ata? Biz qələbə çaldıq! Şuşa işğaldan azad olundu! Qəbul!
– Cümə məscidinin divarına söykəndim, qələbənin qüdsi həyəcanıyla ratsiyanı cibimdən çıxarıb qışqıra-qışqıra atama məruzə etdim. Batareykası olmayan, iyirmi səkkiz il qarın-yağışın altında, palçığın içində paslayan, tamamilə yararsız alətin içindəki sirrdən, beləcə, agah oldum. Atamın Daşaltıda – yerin üstündə, göyün altında qalmış köməksiz, həyəcanlı səsini, nəfəsini Şuşada qələbəylə müjdələyib özünə qaytardım. Divarın dibinə sürüşdüm. Kaskanı, zirehli jileti çıxarıb dərindən nəfəs aldım. …Yolun ortası ilə diyirlənən mandarin yanımdakı daşa dəyib dayandı. Qabığında qan izi vardı… Xaqan Sarıca şəhid olmuşdu.
Beş aydan sonra, bir bahar ertəsi Rihab mandarin istədi. Aşağı küçədən ucalan musiqi sədaları sərsəri küləyə qoşulub təzəcə oyanmış şəhərin küçələrindəki izdihamın hənirtisinə qarışırdı, eşidilməz olurdu. Uğultunun içindən qızların gülüşləri aydın eşidilirdi, Cümə məscidinin minarəsindən şükür duaları yayılırdı. Bir də, sirli səsin çağırışı idimi, ürəyin səbirsizliyi idimi, intizarın tükənişi idimi, nə idisə, məni şəhərin yuxarı başından aşağı başına qovmuşdu. Elə bil dəniz ətəyini əlinə alıb qaçacaqdı. Qağayılar dənizin üzündən öpürdü, dəniz də, deyərdin, qız uşağıdır, utanır, sinəsi qabarır... …Yenə Novruz bayramı olacaq, uşaqlar tonqal qalayacaq, yenə məhəllədəki tonqalın işığı bizim pəncərəmizə düşəcək. Oğlumun adı Xaqan olacaq.
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)
"Qarabağ şahinləri” batalyonunun komandiri anıldı
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atası, “Qarabağ şahinləri” batalyonunun komandiri, qəhrəman döyüşçü Yaqub Rzayevin anım günü qeyd edilib.
16 iyul 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atası, “Qarabağ şahinləri” batalyonunun komandiri, qəhrəman döyüşçü Yaqub Rzayevin anım günü qeyd edilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Yaqub Rzayevin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları “Şəhidlər” Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını ifadə etmişlər. Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Yaqub Rzayevin keçdiyi döyüş yolundan bəhs edən sənədli film nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Yaqub Rzayevin həyat yolundan, vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan və Qarabağ döyüşlərindəki igidliyindən bəhs etmişlər. Onlar onun “Qarabağ şahinləri” dəstəsini yaradaraq Ağdamın müdafiəsində mühüm rol oynadığını, xalq arasında böyük nüfuz qazandığını qeyd etmişlər. Həmçinin Yaqub Rzayevin oğlu, Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin şəhidlik yolundan, onun Vətən qarşısındakı xidmətlərindən danışmışlar.
Sonda Yaqub Rzayevin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)
“Maraqlı söhbətlər”də Gümüşhaçıköydəki bir məzar
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Fanatizm insanları haraya qədər aparırmış...
Bu hadisə Türkiyənin Gümüşhaçıköy (Amasya bölgəsi) adlı kəndində baş vermişdir. Hadisəni isə 1940-cı və 1950-ci illərdə orada işləyən bir müəllim danışıb.
Kənddə kasıb bir gənc yaşayırmış. Kasıb və qohum-əqrabası olmadığına görə də heç kim qızını ona ərə vermək istəmirdi. Bu səbəbdən də onun ailəsi yox idi və evlənə bilmirdi. Onun yeganə qazanc yeri və sərvəti qoca bir ulaq idi. O, odun yığmaq üçün dağlara gedir, onu ulağa yükləyir, şəhərə aparır və ən zəruri əşyaları almaq üçün satırdı.
Beləliklə, bir gün yenidən odun daşıyarkən, ulaq yükün ağırlığına dözməyərək yıxılır və əzab-əziyyətlə inildəyərək, elə oradaca yükün altında can verərək ölür. Əlacsız və kədər içində olan gənc elə yol kənarında bir çuxur qazır və yeganə dostunu orada basdırıraraq, hündür bir təpə düzəldir. Sonra da məzarın təbii görünməsi üçün oraya taxta lövhələr qoyur. Gənc işini qurtarandan sonra, qəbir başında dua etməyə başlayır. Bu zaman yoldan keçən insanlar soruşurlar:
-Kim ölüb?
Göz yaşlarını saxlaya bilməyən gənc deyir:
-O, mənim yeganə dostum, dayağım, işim və çörəyim idi.
Yoldan keçənlər ona səbir diləyib gedirlər.
Sevimli ulağını itirən gənc, bundan sonra kəndə yaşamağın heç bir əhəmiyyəti olmadəğını görərəkİstanbula gedir. Orada çox çalışır, işləyir, varlanır, evlənir və ailə qurur.
Bu hadisədən illər sonra həmin gənc doğma kəndini ziyarət etmək qərarına gəlir. Yolda ulağını basdırdığı yerdən keçərkən, görür ki, həmin yer qırmızı kərpicdən tikilmiş binaya və izdihamla dolu yaşıl bir əraziyə çevrilib.
-Bu nədir?- deyə soruşanda sürücü cavabında deyir:
-Bura Rızık Babanın məqbərəsidir. Yüzlərlə insan iş, yemək, uşaq, şəfa diləmək üçün buraya gəlirlər.
Gənc şoka düşür: axı, bura ulağını basdırdığı həmin yer idi. Bəli, o səhv edə bilməzdi.
İnsanlara o vaxt bu yerdə “yeganə dostu, dayağı, işi və çörəyini basdırdığını demişdi”, onlar da nəsə bir müqəddəs şəxsdən söhbət getdiyini anlayıb burada məqbərə yapıblarmış.
O, həqiqəti insanlara izah etməyə çalışır, amma izdiham ona inanmayır və hətta onu döyrlər də. Bundan sonra o, hakimiyyət orqanlarına müraciət edir. Prokurorun və polisin göstərişi ilə məzar açılır və doğurdan da içəridə ulaq sümükləri tapılır. Məqbərə bağlanır. Lakin, məqbərə bağlansa da, bu gün də insanlar dua etmək və kömək istəmək üçün ora gəlirlər. Buna səbəb isə yayılan şayiələr olur: güya müqəddəs Rızık Baba insanlardan gizlənmək üçün ulaq formasında olub.
Foto şərtidir.
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)


