İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
“Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı çeşməçilərə hər dəfə məmnuniyyətlə qucaq açan“Şahənşah” restoranında keçirilib. Yenə də qonaq-qaralı, sözlü-söhbətli olub.
Tədbiri giriş sözü ilə “Çeşmə” Ədəbi Məclisinin sədri, AYB və AJB-nin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, tanınmış ədəbiyyat adamlarının bir araya gəlməsinin poeziyaya olan sevginin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Yığıncaqda ilk olaraq söz Lənkərandan gələn, AYB-nin üzvü, Prezident mükafatçısı, ustad şair-qəzəlxan Əhməd Haqsevərə verilib. Şair belə məclislərin keçirilməsinin əhəmiyyətindən danışıb və şeirlərindən bir neçəsini səsləndirib.
Sonra iki “Divan” müəllifi,bəstəkar və qocaman şair Hüseyn Sözlü zəngin yaradıcılıq yolundan danışaraq şeirlərini iştirakçıların diqqətinə çatdırıb.
“Sarı Aşıq” Ədəbi Məclisinin sədri, şair, təcnis ustası, AYB-nin üzvü Adil Cəfakeşə məclisə xeyir-duasını verdikdən sonra şeirlərindən nümunələr söyləyib.
Şair Vahid Çəmənli isə kövrək duyğularla qələmə aldığı bir neçə şeirini oxuyub.
Fəlsəfə elmləri doktoru, şair Arzu Kazımqızı Nehrəmli tədbir iştirakçılarına uğurlar arzulayıb, bu cür ədəbi məclislərin ədəbiyyatımıza mühüm töhfələr verəcəyindən danışıb və şeirlərindən səsləndirib.
Məclisə Sumqayıt şəhərindən gələn, Müslümovlar ailəsini ləyaqətlə təmsil edən və ədəbiyyatımıza şərəflə xidmət edən şairlər Namiq Müslümov və İlhame Muslimova şeirlərini böyük həvəslə diqqətə çatdırıblar.
Şair, AYB-nin üzvü Əliyar Mərdiyev çıxışında ədəbiyyatımızda mövcud olan bəzi nöqsanlardan, sözün və ədəbiyyatın mədəni inkişafımızdakı əhəmiyyətindən danışıb və şeirlərindən səsləndirib.
Şeirlər kitabı yeni çapdan çıxmış şair Xəyyam Avşar da öz yaradıcılığından nümunələr təqdim edib.
Sonda “Çeşmə” Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı tədbirin keçirilməsində göstərdiyi diqqət, qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə iştirakçılar adından təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(09.09.2026)


