Super User

Super User

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Adətən bölgələrdə bədii kitab təqdimatı nadir hallarda olur, bu sahədə bir sükut hökm sürür. Amma bu dəfə sükut pozuldu, özü də Beyləqanda, özü də “Sükut” adlı şeirlər kitabı ilə.

 

17 iyul 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Beyləqan Tarix Diyarşünaslıq Muzeyinin və Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin birgə təşkilatçılığı ilə Beyləqan rayon Mədəniyyət və istirahət parkında ustad-qiraətçi Həsən Tağızadənin moderatorluğu ilə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin və "Araz" ədəbi birliyinin üzvü, gənc şair Məhərrəm Orucsoyun “Sükut” adlı şeirlər kitabının təqdimatı olub.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon ağsaqqallar şurasının sədri, təşkilatçı qurumların üzvləri, ictimaiyyət nümayəndələri və ədəbi-mədəni çevrənin təmsilçiləri iştirak ediblər.

İlk öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı  uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Şairin təqdimatı olan şeirlər toplusunda vətənpərvərlik, vətənə və torpağa sevgi mövzusunda şeirlər yer alıb.

Təqdimatda Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Suliddin Əsgərov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əzizə Ağahüseynqızı, Əvəz Qurbanlı, Tahirə Xudaverdiyeva, AYB-nin Beyləqan Bölməsinin sədri Fazil Əsəd və digər çıxışçılar müəllifin yaradıcılığı barədə fikirlərini bildirib, şeirlərindən parçalar səsləndirib, xatirələrini dilə gətirib və müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Sonda müəllif çıxış edərək, tədbirin təşkilinə və yüksək iştirakçılığa görə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, təşkilatçı qurumların rəhbərliyinə və bütün iştirakçılara təşəkkürünü və minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Elm və Təhsil” nəşriyyatında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri – “Musa Cəlil ömürlüyü…” kitabı çıxıb. Kitab XX yüzil tatar ədəbiyyatının ölməz nümayəndəsi, faşizmə qarşı mübarizənin rəmzinə çevrilmiş Şair-Qəhrəman Musa Cəlilin anadan olmasının 120 illik yubileyinə həsr olunub.

 

Kitab barədə məlumat almaq üçün DGTYB başqanı İntiqam Yaşara üz tutduq. İntiqam bəy bildirdi ki, kitab Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyin, Daimi Nümayəndə Murad Qadılşinin dəstəyi ilə nəşr olunub. Layihənin rəhbəri, redaktoru və ön söz müəllifi Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalıdır. Musa Cəlil haqqında xatirələri Azərbaycan dilinə “İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahməmməd Dağlaroğlu çevirib.

Nəşrin məsləhətçiləri Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Tatarıstan Dövlət Şurasının deputatı Rkail Zəydulla və Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyinin əməkdaşı Elmira Yusifli, rəyçiləri Tatarıstan Respublikasının Əməkdar incəsənət xadimi, Musa Cəlil adına Respublika Mükafatı laureatı, şair-tərcüməçi və ədəbiyyatşünas Lenar Şeyx, DGTYB başqanı, şair İntiqam Yaşar, layihənin koordinatoru isə Azərbaycan Tatar İcmasının fəalı Rəşad Yusiflidir.

Kitabın hazırlanmasında görkəmli tatar araşdırmaçı-yazarı Rafael Mustafinin Kazanda nəşr olunmuş “Qırmızı çobanyastığı: Şair-Qəhrəman Musa Cəlil haqqında hekayələr” əsərində toplanmış materiallardan yaradıcı şəkildə istifadə edilib. Bu yanaşma Azərbaycan oxucusuna Musa Cəlilin həyat salnaməsini daha dolğun və güvənilir qaynaqlar əsasında təqdim etməyə imkan verib. Əlamətdar haldır ki, bu il həm də Rafael Mustafinin anadan olmasının 95, vəfatının isə 15-ci ildönümüdür.

Nəşrdə Musa Cəlilin ömür və yaradıcılıq yolunu müxtəlif rakurslardan işıqlandıran dəyərli xatirələr, sənədli mətnlər və araşdırmalar toplanıb. Müəlliflər sırasında Əminə Cəlil, Qazı Kəşşaf, Konstantin Simonov, Rafael Mustafin və başqa tanınmış qələm sahiblərinin yazıları yer alır.

Kitabın əsas məqsədi böyük şairin həyat yolunu və yaradıcılığını təqdim etməklə birgə, onun şəxsiyyətini – ailə başçısı, dost, vətəndaş, mübariz insan, bir sözlə, mənəvi örnək kimi oxucuya tanıtmaqdır. Nəşr oxucunu “Moabit dəftərləri”nə aparan mənəvi yolun başlanğıcı ilə tanış edir, Musa Cəlilin iradəsini, yaradıcılıq məsuliyyətini və azadlıq uğrunda mübarizəsini yeni baxış bucağından tanıdır.

DGTYB uzun illərdir türk xalqlarının ortaq ədəbi-mədəni irsinin öyrənilməsi, qarşılıqlı tanıdılması və yeni nəslə çatdırılması yönündə ardıcıl layihələr həyata keçirir. “Musa Cəlil ömürlüyü…” də bu missiyanın davamı olaraq Türk dünyasının ortaq mənəvi yaddaşına xidmət edən nəşrlər sırasına qoşulur. Birlik son illərdə Azərbaycanla digər türk ölkə və topluluqları arasında ədəbi-mədəni bağların gücləndirilməsinə xidmət edən çoxsaylı kitablar, antologiyalar və beynəlxalq layihələr gerçəkləşdirib.

Kitabın nəfis bədii tərtibatı da onun ideya yükü ilə həmahəngdir. Üz qabığında Musa Cəlilin portreti ilə azadlıq uğrunda mübarizəni simvolizə edən abidə kompozisiyasının və tikanlı məftil motivinin vəhdəti nəşrin əsas fəlsəfəsini – əsarət üzərində mənəvi qalibiyyəti dolğun şəkildə ifadə edir.

“Musa Cəlil ömürlüyü…” Azərbaycan oxucusunun tatar xalqının böyük oğlu Musa Cəlilə sayğısının, eyni zamanda Türk dünyasının ortaq ədəbi-mədəni yaddaşına sədaqətinin daha bir ifadəsidir. Bu nəşr həm yubiley kitabıdır, həm də yaddaşı yaşadan, qəhrəmanlıq, ləyaqət və mənəvi məsuliyyət duyğusunu gələcək nəsillərə ötürən dəyərli sənədli topludur.

 

***

Əkbər Qoşalının ktaba yazdığı ön sözü oxucularımızla bölüşürük:

 

Tarix – insan çalışmalarını, ictimai münasibətləri və keçmiş hadisələri sistemli şəkildə öyrənən elmdir – bunu bilirik; bəli, onu da bilir və əlavə edirik ki, tarix insan cəmiyyətinin inkişafını, xalqların yaşamını və baş vermiş prosesləri araşdırır. Bu öyrənilənlər – tarixin predmeti ölkələr, xalqlar, cəmiyyətlər miqyasında olduğu kimi, ayrı-ayrı şəxslərin timsalında da təzahür, təcəlli edə, şəkillənə bilir… – Faşizmin qurbanı olmuş əfsanəvi tatar şairi Musa Cəlilin taleyində olduğu kimi…

Bəli, tarix tribunaya çıxmır, hayqırmır, şüar yazmır. Tarix bəzən bir ailə ortamında, iş otağında, bir yazı masasının qırağında, gecəyarısı yarımçıq qalmış bir əlyazmada da yaşaya bilir… Bəzən də sükutla yaşar və danışar tarix – baxarsan, qarşındakı mətn məhz belə bir sükut içində danışan tarixin özü kimi durub qənşərində. Musa Cəlilin taleyi elə bu cürdür: dərinlikdən gələn səs… gurultudan, bəlağətdən uzaq, sədaqətlə ölçülən bir ömür…

Bu kitabda toplanan mətnlər böyük hadisələrin xronikası olmaq iddiası daşımır; amma böyük hadisələrin insani, mənəvi və etik əsasını göstərir. Burada nə müharibənin böyük gurultusu var, nə mötəbər tribunaların səsi… Burada məsuliyyətin sərrast, amma sakit addımları; zehn-zəhmətin görünməyən tərəfi; yaradıcılığın gündəlik intizamı və ondan da üstün olan ləyaqət var. Musa Cəlil bu mətnlərdə nəinki yalnız şair kimi görünür, bəlkə daha çox dost-yoldaş kimi, ailə başçısı kimi, dost kimi, ictimai məsuliyyət daşıyıcısı, bir sözlə, əsl insan kimi görünür.

Oxucu bu kitabda bir insanın ömrünə baxır; ancaq bu ömür təkcə bir fərdin taleyi sayılmamalıdır. Bu, bir dönəmin mənəvi portreti, bir nəslin davranış kodeksi, aydınlara xas məsuliyyətin gündəlik formasıdır. Burada istedad təriflə ölçülmür – ölçü vahidi zəhmətdir; böyüklük isə iddianı bir yana qoyub, sakit və ardıcıl davamlılıqla müəyyən olunur. Musa Cəlilin yaradıcılıq taleyi bunu aydın şəkildə göstərir: onlarla variant, saysız qaralama, “tələsməyən nəşr”, yazının zaman sınağından keçməsi – bütün bunlar poeziyanın həm də əxlaq məsələsi olduğunu xatırladır.

Bu mətnlərin lirizmi səs-küy doğurmur. O, anıların dərinliyindən gələn işıqdır elə bil. Əminə Cəlilin anılarında ailə münasibətləri, gündəlik vərdişlər, dostluqlar, iş rejimi sadəcə bioqrafik detal olmaqdan çıxır, şəxsiyyətin formalaşma mexanizmi kimi təqdim olunur. Oxucu hiss edir ki, yaradıcılıq burada təsadüfi ilhamdan ötə, intizamın nəticəsidir. Yazmaq istirahətdən irəli – məsuliyyətdir; yaşamaq isə necə deyərlər, bir borcdur.

Musa Cəlilin həyatında yaradıcılıq yazı masası ilə məhdudlaşmır. O, düşüncəni insan içində yetişdirir, obrazı küçədə, işdə, söhbətdə tapır, yazını isə yalnız son mərhələ kimi masaya gətirir. Bu kitab göstərir ki, mədəniyyət yalnız əsərlərlə qurulmur – bəlkə daha çox davranışla, münasibətlə, etik mövqe ilə qurulur...

Bir mədəniyyət nə zaman güclü olur? – Mədəni irsə sayğı göstərildikdə, o irs qorunduqda, öyrənildikdə və yaşadıldıqda,

yeni sənət hadisələri yaradıldıqda,

yeni çağırışlara açıq, amma dəyərlərə sədaqətli olduqda…

Musa Cəlilin taleyi bax, elə bu ardıcıllığın canlı örnəyidir. Sözün məsuliyyəti həyatın məsuliyyətindən ayrı deyil. – Onun yaradıcılığı, dostluqları, ictimai fəaliyyəti, hətta əlyazmalarının taleyi belə bizə bunu göstərir.

Tarixi məsuliyyət bax məhz buradadır. Çünki bu kitab yalnız keçmişi anmır – həm də bu günü sorğulayır. Oxucu istər-istəməz özünə sual verir: biz bu cür məsuliyyətli həyat modelindən nə qədər uzaqlaşmışıq? İstedadı tənbəlliklə, yaradıcılığı səs-küylə, dəyəri tanınmışlıqla qarışdırdığımız bir dönəmdə Musa Cəlilin taleyi sanki bir etik ölçü rolunu oynayır.

Asif Ata üslubu ilə desək,

burada qəhrəmanlıq yoxdur – amma dözümlü ləyaqət var;

burada pafos yoxdur – amma dərin sədaqət var;

burada ideal obraz yaradılmır – amma yaddaş üçün dürüst çərçivə qurulur.

Biz bu ön sözü kitabı izah etmək üçün yazmırıq. Məqsəd – oxucunu tələsmədən oxumağa, sətirlərin aralarını da “dinləməy”ə çağırmaqdır. Çünki bu kitab içdən, içdənliklə oxunmağı haqq edir. Çünki yaddaşın yükünü daşıyır. Musa Cəlilin adı isə bu yaddaşın içində, necə deyərlər, sükutla danışan tarix kimi qalır…

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

17 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək təşkilatın prezidenti, professor Aktotı Raimkulova ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, ziyarət çərçivəsində millət vəkili təşkilatın mənzil-qərargahı və Fond tərəfindən nəşr olunan layihələr, həmçinin Türk dünyasının zəngin mədəni irsinin təbliği istiqamətində görülen işlərlə yaxından tanış olub.

Görüşdə sentyabr ayında keçirilməsi nəzərdə tutulan Bakı İqlim Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun iştirakı məsələlərinə toxunulub.

Nigar Arpadarai ilk dəfə olaraq tədbirin proqramında mədəni irs və ekologiya mövzularının bir araya gətirilməsini təqdirəlayiq təşəbbüs kimi qiymətləndirərək, bu yanaşmanın iqlim gündəliyinə mədəni irs aspektindən yeni baxış təqdim etdiyini bildirib.

Tərəflər həmçinin Fondun son dövrlərdə həyata keçirdiyi disiplinlərarası təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıblar. Söhbət zamanı mədəni irsin ətraf mühitin qorunması, şəhərsalma və davamlı inkişaf kimi sahələrlə əlaqələndirilməsinin müasir dövrün çağırışlarına cavab verən mühüm istiqamətlərdən biri olduğu vurğulanıb və bu xüsusda Fondun fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)


 

 

Cümə, 17 İyul 2026 18:35

Şeir saatı Rəşad Nağı Mustafa ilə

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu cümə günü Rəşad Nağı Mustafanın şeirləri ilə tanış olacaqsınız.

 

Rəşad Nağı Mustafan -  Rəşad Mustafayev Qamboy oğlu 1991-ci il 13 iyun tarixində Bakı şəhərində anadan olub. 2010–2015-ci illərdə Azərbaycan Texnologiya Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində qiyabi təhsil alıb. “Endorfin” adlı şeirlər kitabının müəllifidir.

 

 

OĞLUM  MİKAİLƏ

 

İlahi, verdiyin nemətə şükür,

İlahi, yerdəki cənnətə şükür.

Məni cümə günü, sübh namazında

Yuxudan oyadan qismətə şükür.

 

Şükür əllərinin xırdalığına,

Şükür ürəyinin döyüntüsünə,

Şükür gözlərinə görsənənlərə,

Şükür evdən gələn körpə səsinə.

 

Bu uşaq atamtək yatır yatanda,

Əlinin içində gizlədir üzün.

Bu uşaq atamı görməyib axı,

Bəs necə atama oxşadır özün?

 

Bu yumru, ölməli dünyada təzədən

Var etdin ayaqdan başacan məni.

Oğlumun xətrinə yaşat, İlahi,

Atamın öldüyü yaşacan məni.

 

İlahi, mən onu başa düşürəm,

Bilirəm, ağlayıb nə deyir mənə.

Mən onun dilini öyrənirəm ki,

Uşaq dilində də yalvarım sənə.

 

 

GİLAS QANI

 

Pəncərədən baxıram ayı tutmuş ağacın

paxıl budaqlarına, şeir mızıldanıram.

Bu havası çatmayan şəhərdə, ey ağaclar,

mən sizə güvənirəm, mən sizə inanıram.

Küçədəki uşaqlar başınızın üstündə

özlərini öyürlər.

Hərdən yıxılanda da ən köhnə söyüşləri

təzə kimi söyürlər.

Mən də çıxıb yıxıldım,

dodağım gilas qanı,

əllərim ərik oldu.

Sizi bağışlamışam...

Sizin budağınızdan

nənəmə yun çubuğu,

babama çəlik oldu.

Qollarınız nə çoxdur, qollarınız açıqdır,

qəfil külək əsəndə məni də qucaqlayın.

Unutqandır adamlar, vəfasızdır adamlar,

siz bizə güvənməyin, yağışa bel bağlayın...

 

 

NƏFƏSİ

 

İndi mən ehtirasın köləsi,

ədəbiyyat sərkərdəsi,

üstündən dünya qoxusu gələnlərin ən yekəsi...

Qafiyə xətrinə qız adları axtarıram sevmək üçün,

sonra ölümdən yazıram yaşamaq istəməyənlərin xoşuna gəlmək üçün,

amma və lakin ölürəm yaşamaqdan ötrü.

Olanları və olacaqları gözümün önünə gətirib

tarix yazan yaşımda şeir yazıb tarixə düşürəm.

Və fikirləşirəm:

Mənim və mənim kimilərin tarixdə qalmağı

haqsızlıqdır on dörd yaşlı Şah İsmayıla.

İndi isə sən,

saçları çiyninə,

nəfəsi ciyərinə çatmayan kəs,

səni əlindəki spreyə bağışlayıram –

məndən tez doğulduğun üçün...

Özünü qoru,

bu dəfə məndən yox, özündən...

 

 

TABUTUN AYAQLARI

 

İnsan gedəndə ayaqlarından istifadə eləmirsə,

doğmaların çiyinləri tabutun ayaqlarına çevrilirsə,

deməli, gedən qayıtmayacaq.

Doğmasını itirməyən biri kimi,

nə atası ölən anamı,

nə qardaşı ölən atamı,

nə də dünən atasının üstünə torpaq atan dostumu başa düşə bilmirəm.

Ancaq dəqiq bilirəm ki,

onun ağlamağı ən yaxşı feil,

mənim susmağım ən yaxşı təsəllidir.

Və susmağım

dilimin “Necəsən?” vərdişini tərgitməyindən bəllidir.

 

 

HƏYA

 

Budaqlar, budaqlar...

Elə bilirlər, böyüyüb

ağac olacaqlar;

mənə budaq ümidi ver, İlahi!

Əsmək üçün budaqlardan istifadə eləyəcək küləklər,

sonra bir gün bir kənara atacaq

və utanıb öz rəngini dəyişəcək yarpaqlar;

mənə yarpaq həyası ver, ilahi.

 

Bir qadının yoxluğuna dözmək üçün

mənə qadın dözümü ver, İlahi.

 

 

BULUDLARIN ANA DİLİ

 

Artsa da evlərimizdəki dərman qutularının sayı,

yenə üç dost adama bir siqaret yandırıb unutmağa çalışırıq

Ayseli, Güneli, Günayı...

Bəh-bəhlə yaşananlardan danışırıq,

sanki fəxr edirik xatirələrimizin çoxluğu ilə.

Amma üçümüz də yaxşı bilirik ki,

ən xoşbəxtimiz xatirəsi ən az olandır,

ən kökümüz ən çox qəm yeyəndir –

bu, söz oyunu deyil.

Depressiya kökəldir,

repressiya arıqladır.

Ən yaxşı şairimiz yaza bilməyəndir,

Ən çox yaşayanımız ölmək istəyib

ölə bilməyəndir.

 

Toz bassa da evimizdəki şəkil qutularını,

qonaqlıq versə də son zəngin oyuncaq ayısı bit-birələrə,

indi boyumuz rahatca çatsa da şkafın üstünə,

səngərdan boylanan yaralı əsgər kimi baxırıq xatirələrə...

 

Sonra yerinə düşür göyün guruldamağı,

yağışın yağmağı.

Buludları ana dilində eşidirik.

Və biz yenə də söz veririk bir-birimizə:

Sabahdan siqareti,

birigündən darıxmağı tərgidirik.

Yenə üç dost adama birini yandırdıq –

Ayseli, Güneli, Günayı...

 

 

MÜHARİBƏ BAŞLAYIB

 

Müharibə başlayıb.

Nəbatat bağındayam.

Hava yaman soyuqdur, özüm də bir az xəstə.

Heyif, evdən çıxanda papaq da qoymamışam,

Anam elə bilir ki, ölüm ayağındayam.

Müharibə başlayıb... Nəbatat bağındayam...

 

Mən səni gözləyirəm...

Eləcə dayanmışam Eldar şamının altda.

Gör e, adam adında ağaclar var həyatda.

Ağacların üstündən yıxılan balacalar böyüyür,

igid olur.

Mən səni gözləyirəm, amma indi, bəlkə də,

bu ağacın adaşı Şuşada şəhid olur.

 

Mən səni gözləyirəm...

Gəlsən, soruşma məndən vətən səninçün nədir?

Bax indi dediklərim hamısı bəhanədir:

Anamın olduğu yer, atamın yatdığı yer,

bir də sən hardasansa, ora mənə vətəndir.

Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.

Mən atamdan bilirəm, ölüm bədahətəndir.

Mən də mütləq öləcəm, elə Eldar şamı da.

Bir əsgər anasının ümidi ölmür heç vaxt,

bir də əziz şəhidlər ölmür, başına dönüm.

Məni bərk qucaqlama, axı atan deyiləm,

məndən barıt qoxusu gəlmir, başına dönüm.

 

Hər şeyə baxmayaraq,

yenə də məni sevmək

çox xoşuna gəldisə,

dua et, ayrılmayaq,

duadan yaxşı nə var,

ürəyin gözəldirsə?..

 

 

***

 

Qırılar qanadın, qırılar qolun,

Uçma, qurban olum, sən hələ xamsan.

Mən yazan şeirdən düşdüsə yolun,

Bəxtəvər adamsan, xoşbəxt adamsan.

Mənə lazım deyil sənin “sağ ol”un,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Quşların uçmağı aldadır səni,

Onlarda adətdir, səndə həvəsdir.

 

Qanadın buluddan böyük deyilsə,

Kədərin Uhuddan böyük deyilsə,

Lap böyük olsa da, qorxma, mən varam.

Sənin gəlişinə aşiq olmuşam.

Vurulmaq bir dəfə olur, bilirsən,

Bir də gedişinə vurulammaram.

 

Uçma, qurban olum, sən hələ xamsan.

Uçsan da, unutma, yerdə mən varam.

Qırılsa qanadın, yansa qanadın,

Yerə bərk düşməyə səni qoymaram.

 

Sən yaxşı adamsan, yaxşı adamsan.

Atam deyilsən ki, qəfil öləsən.

Əlini qaşığın altına tutub

Anam deyilsən ki, yemək verəsən.

 

Eybi yox, mənimçün nar dənələmə,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Səni Qış parkında gözləyəcəyəm,

Tələsdir özünü, mənə tələsdir...

 

 

***

 

Qırdım qanadını, qolunu qırdım.

Nə səni uçmağa qoydum, nə özüm

səninlə yanaşı uça bilmədim.

Gəl sənə öyrədim bağışlamağı,

Gəl sənə öyrədim, bağışla məni,

Sənə “gəl” dediyim yerə gəlmədim.

 

Qırdım qanadını, qolunu qırdım.

Qorxma, qanadların qırıq olsa da,

Sən uça bilərsən, uça bilərsən.

Uçmağa qanad yox, ürək gərəkdir,

Mənim də ürəyim naşı ürəkdir,

Eləcə döyünür, sevməyi yoxdur.

Yağış da, bulud da bietibardır.

Mən ki vəfasızam, sən uç, yaxşısı,

Göyün səndən başqa, heç nəyi yoxdur.

 

Qorxma, qanadların qırıq olsa da,

Sənə uçmaq üçün ürək də bəsdir.

Mənim məhəbbətim bir ovuc qumdur,

Məni unutmağa külək də bəsdir.

Yerdə gözləyənin olmadı sənin,

Tələsdir özünü, göyə tələsdir.

 

Bilirsən, nə varsa, göydə var elə,

Yerə səpələnən dənə aldanma.

Mənim Qış parkından yolum düşmədi,

Bir də məni sevmə, mənə aldanma.

 

Qırdım qanadını, qolunu qırdım.

Mən səni Allahdan arzulamışdım,

Səni axtaranda göyə baxırdım.

Bir gün ölüm gəldi, qapını döydü.

Mən evdə yox idim, olsam, açmazdım.

O gün atam öldü. 40 gün keçmədi,

Qəbrinin üstünə bir şeir yazdım.

 

Ağlaya-ağlaya bir şeir yazdım,

Anama oxudum, atam eşitdi.

Atamın üçündə atamı gördüm,

Başını götürüb harasa getdi.

Mən onda bildim ki, atam sağdır, sağ,

Gedib əl açanda baxdığım yerə,

Mən ölən günədək qayıtmayacaq.

 

Bir xeyli dəyişdim atamdan sonra,

Təzə qafiyəsin tapdım yağışın.

Sonra nə oldusa, yadıma gəlmir,

Şeirin əzbərlədim Eldar Baxışın.

Sonra bir qız gördüm, yanağı dəlik,

saçları dalğalı, gözləri belə.

Gördüm, şeir-zad da qanır, üstəlik.

 

Sevdim mən bu qızı, belə, qəribə,

Elə bil xurmanı peyğəmbər sevir.

Necə başa salım, necə sevmişəm?

Atasız yetimlər nə təhər sevir?

 

Sonra atam kimi, fikrə getdim,

sol əlin şəhadət barmağı ki var,

götürüb apardım gicgah tərəfə.

Mənim harda idi sağ əlim onda?

Onu da qoymuşdum Allah tərəfə.

 

Qoymur unutmağa Allah atamı,

Mən də sağ bilirəm, o da sağ bilir.

Mən səni sevmişəm – bunu bilirsən.

Mən necə sevmişəm – bir Allah bilir.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

 

 

Kamran Murquzov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

“Ədəbiyyat və incəsənət”

 

Dünya yarandığı gündən etibarən bəşər övladları dünyanın yaradılmasının mahiyyətini, insanın yaradılış səbəbini aradışdırmağa çalışmış və bunun üçün müxtəlif ictimai-siyasi təriqətlər formalaşdırmışlar. Hər bir təriqətin özünəməxsus ideyaları, nizam-intizamı olmuş, təriqətçilər müxtəlif fikir və mülahizələr irəli sürmüşlər, ətraflarına tərəfdarlar toplamağa müəssər olmuşlar. Belə ki, bu təriqətlər hansı ideyanı təlqin etməsindən asılı olmayaq, əskərən müqəddəs kitabımız “Qurani-Kərim”ə istinad etməyi də unutmamışlar.

 

XIII-XIV əsrin Azərbaycan ədəbiyyatı tarixində daha çox “TƏSƏVVÜF ƏDƏBİYYATI” dövrü kimi səciyyələndiyini nəzərə alsaq, böyük məmnunluq hissi ilə deyə bilərik ki, bu yönümdən əsası Fəzlullah Nəimi Təbrizi tərəfindən qoyulan və Anadilli fəlsəfə qəzəlin ilk nümayəndəsi Seyid Əli İmadəddin Nəsimi tərəfindən uğurla davam etdirilən “SUFİLİK” ictimai-siyasi fəlsəfi cərəyanı xüsusilə diqqəti cəlb edir. “SUFİLİK” fəlsəfə cərəyan olaraq, XIII-XIV əsr Azərbaycan təsəvvüf ədəbiyyatının yaranıb, inkişaf etməsində xüsusi rol oyanıb. Ətrafına minlərlə tərəfdar toplamaqla, böyük bir coğrafi arealı əhavə edib. Fəlsəfi cərəyanın əsas mahiyyəti isə Rəhman və Rəhim olan Uca Allahın müqəddəs və təməl kitabımız “Qurani-Kərim”in surələrinə istinad etməklə, bəndələri kamillik zirvəsinə çatmaqda yardımçı olmaq, nəfsinin qulu deyil, ağası və sahibi olmağı təbliğ etmək, bu yönümdən hikmətamiz fikirlər ilə dünyagörüşünə və dünyaya baxışını dəyişdirməkdən ibarətdir. Bu yönümdən, İmadəddin Nəsiminin “Nəfsini boğan kəs kamil insandır” fikri fəlsəfi cərəyanın əsas mahiyyətini özündə əks etdirir.

Ümumiyyətlə, təsəvvüf ədəbiyyatı yalnız Azərbaycan ədəbiyyatına deyil, eyni zamanda, Türk xalqları ədəbiyyatına da təsirsiz ötüşməyib. Bu baxımdan, Ön Asiyada türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi, Təmiz Türk dilinin bayraqdarı, “Vəhdəti-vücud” fəlsəfəsinin qaranlıqlarına dalan, Yunus Əmrənin dini-ürfani şeirləri xüsusilə nəzərə çarpır.

Qələmə sarıldığı ilk gündən etibarən ömrünün sonuna qədər YARADAN ALLAHI və “Qurani-Kərim”i böyük sevgi ilə anıb, daima yada salan Yunus Əmrə üçün ən böyük səadətin Uca Allaha qovuşmaq olduğunu nəzərə alsaq, deyə bilərik ki, “Vəhdəti-vücud” fəlsəfəsi Dərviş Yunus Əmrənin şeirlərinin canına, ruhuna hopub və hər addımbaşı özünə büruzə verir.

Aşıq Yunus, Miskin Yunus imzaları ilə dünyanı heyrətə gətirən əsərləri ilə zərrənin, hissəsinin-insanın tamın, bütövə-ALLAH qovuşmaq ümidi ilə yaşaması və sonucda ALLAHa qovuşması ən böyük xoşbəxtlikdir, əslində, bu qərib və fani dünyada Haqqın sevən hər kəs üçün.

Türk-müsəlman mədəniyyətinin nümayəndəsi, dünya ədəbiyyatı tarixində daha çox “Məsnəvi” əsərinin müəllifi kimi tanınan, bəzi mənbələrdə isə “Həzrət” ləqəbi ilə qeyd olunan Mövlana Cəlaləddin Ruminin yaradıcılığında bəndənin Allaha qovuşması, nəfsə qalib gələrək kamil insan olması kimi mühüm xüsusiyyətlər nəzərəçarpacaq dərəcədə diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Yaradıcılığının şah əsəri “Məsnəvi” əsərində yazır: “Ey qardaş, Sən hiss və duyğudan ibarətsən. Yerdə qalanlar isə ət və sümükdəndir”.

Ağıl, nəfs, şəhvət kimi insan üçün önməli olan məsələlərə əsərlərində toxunan və dərvişvari həyat tərzi keçirən böyük şair Mövlana Cəlaləddin Rumi “Məsnəvi” əsərində insanlar ilə mələklərin fərqini də nəzərə çatdırmağı unutmur: “Mələkləri yaradan ALLAH onlara ağıl verdi, insanlara isə həm ağıl, həm də şəhvət verdi. Kimin ağlı şəhvətindən üstündürsə, o mələklərdən də üstün olar”.

XIII əsr türk təsəvvüf ədəbiyyatının ən böyük şairi Mövlana Cəlaləddin Ruminin əsərlərinin əsas qaynaq mənbəyi “Qurani-Kərim” və Peyğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) müdrik kəlamlarıdır. Əsərlərinin birində müəllif yazır ki, Bu can bu təndə olduğu müddətdə mən “Quran”ın köləsiyəm. Seçilmiş Muhəmmədin ayağının tozuytam. Geniş dünyagörüşünə malik, əsərləri ilə dünyanın-TÜRK-MÜSƏLMAN DÜNYASININ söz sənətkarlarının heyrətə gəldiyi Mövlana zəkası, biliyi, əxlaqı hələ də yaddaşlardan silinməyib.

Mövlana Cəlaləddin Rumi həm də dünya, həyat, qiyamət günü və s. məsələlər ilə bağlı hikmətamiz sözlər-aforizmlər söyləmişdir. Bu mənada, Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur aforizmi ən dəyərli nümunələrdən biridir.

XII əsr türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi Xoca Əhməd Yəsəvi dünya ədəbiyyatı tarixində “Divani-hikmət” adlı şeirlər kitabının müəllifi kimi tanınmaqla bərabər, həm də “Yəsəvilik” təriqətinin yaradıcısı kimi tanınır. Əslində, “Yəsəvilik” təriqətinin özündə də bəndənin Allaha qovuşması əsas şərt sayılır.

Ümumilikdə, hansı təriqətə qulluq etməsinə baxmayaraq, insanlar ömrü boyu Yaradan Uca Allaha qovuşmaq üçün ən əsas vasitənin məhz ölüm olması faktını qəbul etmişlər.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

 

 

 

Cümə, 17 İyul 2026 17:11

Liderlik qanunları, nömrə 8

“Ədəbiyyat və incəsənət” portalı həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallara cavab axtarışındadır.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.       

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

8.İntuisiya qanunu

«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».

 

Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.

Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.

İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.

Liderlik elmdən daha çox incəsənətdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün Azərbaycan SSR xalq yazıçısı İlyas Əfəndiyevin oğlu və Azərbaycan Respublikasının xalq yazıçısı Elçin Əfəndiyevin qardaşı - Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin doğum günüdür. Özü də yubileyidir, 80 yaşı tamam olur.

 

Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. 1968-ci ildə universiteti bitirdikdən sonra Respublika Gənclər Təşkilatında çalışıb. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olub, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərtəcəsi alıb. 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, elmi katib vəzifələrində çalışıb. 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor kimi fəaliyyət  göstərib. Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışıb. 

Əfəndiyevin rektorluğu dövründə cəmi iki ixtisasdan ibarət üçüncü dərəcəli İncəsənət İnstitutu, Bakı Dövlət Universitetindən sonra universitet statusu alan ilk təhsil müəssisəsi olaraq, 32 ixtisas üzrə kadr hazırlığı aparan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilib.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il Sərəncamı ilə professor T. Əfəndiyev yeni yaradılan Bakı Xoreoqrafiya Akademiyası (təhsil kompleksinin) rektoru vəzifəsinə təyin edilib.

İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə "Ulduz" jurnalı səhifələrində çap olunan Timuçin Əfəndiyev, sonrandan yüzlərlə elmi publisistik məqalələrin, Azərbaycanda və xaricdə nəşr olunan çoxsaylı kitabların və monoqrafiyaların müəllifi olub. Professor Timuçin Əfəndiyev bir çox beynəlxalq elmi konfranslarda məruzəçi kimi iştirak edib, ABŞ, İngiltərə, İtaliya, Türkiyə, İran, Misir və bir çox ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği işində xüsusi xidmətlər göstərib.

 

Mükafatları

- Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət ordeni".

- Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

- Azərbaycanda elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar elm xadimi

- Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu.

- Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl Medalı.

- "Humay" Mükafatı

- "Akademik Yusif Məmmədəliyev adına mükafat

- Dövlətlərarası mədəni əlaqələrin genişlənməsindəki xidmətlərinə görə, mədəiyyət və incəsənətə dair fundamental elmi tədqiqat əsərlərinin yazılmasına görə Beynəlxalq Humanitar Avropa-Asiya Akademiyasına həqiqi üzvlük

- "Dünyanın aparıcı pedaqoqu" (İngiltərənin Kembric Universitetinin Biblioqrafik Mərkəzi) fəxri adı.

- "Cümhuriyyətin 100 illiyi" və bir çox medallar.

Allah xeyirli ömür nəsib etsin!

 

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mənim onunla tanışlığım məşhur “Sonuncu ölən ümidlərdir” romanının hər hissəsinin başlanğıcında verilən şeir bəndləri içərisində onun mükəmməl misralarıyla başladı. Haqqında maraqlandım. Bildim ki, surrealist rəssam və avanqardist şairdir. Sonra yaradıcılığını izləməyə qərar verincə ölüm xəbərini aldım. Bu cür dahilər çox yaşamırlar…

 

UZUN GECƏNİN ŞEİRİ

 

bəzən vağzallarda qatar gecikir

hardasa dağlarda bahar gecikir

gecikmiş məhəbbət romanları var

aynada xatirə dumanları var

mən şeir yazıram gecə yarısı

sancır ürəyimi bir bal arısı

ağlama gözünün yaşlarını sil

gecəyə qar yağır umrumda deyil

hanı rahatlığım dincliyim hanı

o qafası sərxoş gəncliyim hanı

mən sənin ömründən çıxıb gedərəm

alnıma bir güllə sıxıb gedərəm

pəncərə önündən bir kölgə keçir

mənim gümanımdan bir bəlkə keçir

çox uzun bir gecə dekabr ayı

sanki gülümsəyir oyuncaq ayı

gəl otur yanımda səssiz sədasız

ayrılaq bu gecə qansız qadasız

son dəfə bir şeir oxuyum sənə

hər şeyi təzədən başlayaq yenə

 

Bu onun şeiridir. Nöqtəsiz, vergülsüz yazırdı şeirlərini. Qəlib və çərçivələri sevməzdi. Onun üçün hər şey azad, sərbəst, sonsuzluq və hüdudsuzluq içrə olmalı idi...

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvü Adil Mirseyidin bu gün anım günüdür.

Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olub. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib. Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında tərtibatçı rəssam, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində tərtibatçı rəssam işləyib, Bakıda müxtəlif vəzifələrdə çalışıb.

 "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor olub.

XX əsrin 70-ci illlərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirib. "Azərbaycan" və "Ulduz" və s. jurnallarında silsilə şeirləri dərc olunub. "Güzgüdəki adam", "Bulud adam", "Nəğmə adam", "Vernisaj şeirlər", "Ay suvarisi", "Amor fati" (şeirlər), "Hardan baxsan görünən adam" (monoqrafiya), "Ruhlarla insanlar arasında" (esselər) kitablarının müəllifidir.

Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.

İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 400-dən artıq esse, tərcümə və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.

"Min beş yüz ilin oğuz şeiri" antologiyasında (2000), "Avrasiya Şairləri" Antalojisində, "Ağdaş tarixin yaddaşında" kitablarında şeirləri və yaradıcılığı dərs olunub. Həyat və yaradısılığı haqqında İnternews-in sifarişi ilə rejissor Rövşən İsgəndərovun "Sözlərdən toxunmuş ömür" adlı sənədli film çəkilib.

İki fərdi sərgisini Azərbaycan Rəssamlar Birliyinin və Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB birgə təşkil edib. Ömrünün son gününə qədər yaradıcılıqla məşğul olub, "Ekspress" qəzetində hər həftə şənbə günləri "Art Ekspress" səhifəsində esseləri yayımlanıb.

Rəsul Rza mükafatının laureatıdır. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Skandinaviya Ölkələri ilə Dostluq Cəmiyyətinin mədəni əlaqələr üzrə Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə və s layiq görülüb.

Amma ömrü fərəhli keçməyib. Xəstəlik, yoxsulluq daim onu qarabaqara izləyib. Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

CƏNNƏTİN QAPISINDA

 

yuvalarını dağıtdığım qarışqalar

daş atıb vurduğum quşlar

sevib unutduğum qızlar

namaz üstündə ağlayan ana

ölümdən o tərəfə kəfən mövlana

torpağa diz qoyub əkdiyim ağac

kim alar məni ölümün əlindən

 

ağlamaq istəyəndə şeir oxuyuram

ya da müasir incəsənət muzeyinə gedirəm

bir fincan qara qəhvə bir siqaret

bir gözəl qadın bir mücərrəd rəsm

nədənsə bir şey qırılır içimdə

nədənsə titrəyir səsim

kim alar məni ölümün əlindən

 

gəzib gördüyüm şəhərləri xatırlayıram

məscidlər sinaqoqlar provaslav kilsəsi

orqan musiqisi fleyta naləsi

meydanlar fəvvarələr heykəllər göyərçinlər

dərd uçub qonur çiynimə

dili lal qulağı sağır

kim alar məni ölümün əlindən

 

bir müjdə gözləyirəm bir müjdə

bir telefon zəngi bir məktub

bir söz bir təbəssüm bir nar çiçəyi

ya dənizin ötəsindən gələn bir bulud

ya tanrı dağlarından əsən rüzgar

ya bir yağmur mələyi

kim alar məni ömrün əlindən

 

Bu da onun şeiridir. Öncə “kim alar məni ölümün əlindən” deyə soruşur, sonda isə “kim alar məni ömrün əlindən” deyir. Bax Adil Mirseyid dərinliyi elə budur.

Onu ömrün əlindən alan oldu. Ölüm adlı bir kabus.Amma onu ölümün əlindən alan olmadı. Çox təəssüf.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

Bəli, çox istedadlı aktyor idi, sevilirdi. Amma lazımınca qiymətini ala bilmədi, dünyadan nakam getdi. Söhbət Azərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlovdan gedir.

 

Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız", çeşməkli kişi, E.Baxış "Qədr gecəsi", Oyunbaz, Elçin "Ah Paris…Paris!..", Əhməd, "Mənim sevimli dəlim", Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.

 

Filmoqrafiya

- 1001-ci qastrol

- 777 №-li iş

- Anlamaq istəyirəm

- Arşınmalçı

- Bakı oğrusu

- Bir nömrəli…

- Çətirimiz buludlardır

- Diplomlu mütəxəssis

- Dörd bazar günü

- Evləri göydələn yar

- Evləri köndələn yar

 

Təltif və mükafatları

- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

- "Qızıl Dərviş" mükafatı

- "Əmək veteranı" medalı

 

Telman Adıgözəlov 15 aprel 2010-cu ildə - 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mahir Qarayev kübar ziyalılarımızdan sayılır. Olduqca yüksək ədəbi zövqü olan bu çəxs nə yazırsa maraqla oxunur. Bu doğum günündə gəlin onun qısa bioqrafiyasına nəzər yetirək, qoyduğu əməyin miqyasını görək.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahir Qarayev 17 İyul 1958-ci ildə Göyçayda dünyaya göz açıb. 1975-ci ildə Göyçay şəhər 1 saylı orta ümumtəhsil məktəbini, 1985-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1987-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında, "Türkologiya" elmi-kütləvi dərgisində işləyib. Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" və "Tarix" qəzetlərində, Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində, həmçinin "ABS" və "Cümə" müstəqil nəşrlərində çalışıb.

1994–1996-cı illərdə Azərbaycan Tərcümə Mərkəzində "Yol" ədəbi qəzetinin və ingiliscə çıxan "WEEK-END" həftəliyinin redaktoru olub, həmçinin Mərkəzin nəşriyyat redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

1999–2014-cü illərdə "Antinarkotizm" Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, eyni zamanda "Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti" ictimai birliyinin sədri vəzifələrini icra edib. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisi vəzifəsini daşıyıb. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Başlıqda qeyd etdik, Mahir Qarayev yüksək ədəbi zövqü ilə seçilir, razılaşın ki, ədiblərimizin bir çoxu bu keyfiyyətə həsrətdirlər.

 

Nəşr olunmuş kitabları

- Tənhalıq

- Poetik silsilələr toplusu

- Sonuncu korifey

 

Nəşr olunmuş tərcümə kitabları

- Frans Kafka (Avstriya) Seçilmiş əsərləri

- Qabriel Qarsia Markes (Kolumbiya) Seçilmiş əsərləri

- Ernest Heminquey (Amerika) Seçilmiş əsərləri

- Çingiz Abdullayev (Azərbaycan) İngilis bulvarı

- Andre Morua (Fransa) Yad qadına məktublar

- Çingiz Abdullayev (Azərbaycan) Tver bulvarı

- Frans Teodor Çokor (Avstriya) Axınla birgə

- Çingiz Abdullayev (Azərbaycan) Bakı bulvarı

- Cek Kenfild, Mark Viktor Hansen (Amerika) Cana məlhəm hekayələr

- Çingiz Abdullayev (Azərbaycan) Abırlı adam

- Qabriel Qarsia Markes (Kolumbiya) Saat altıda gələn qadın

- Çingiz Abdullayev (Azərbaycan) Məntiq qaydaları.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.