Super User
Həm rəqqas, həm rejissor, həm aktyor, üstəlik, pedaqoq və direktor…
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Haqqında söhbət açacağım şəxs çox unikal bir şəxsdir.
Adətən insan həyatı boyu bir, uzağı iki sahədə külüng döyür. Amma bu qayda Faiq Zöhrabova aid deyil. O, rəqqas, rejissor, aktyor, pedaqoq, kimi çalışıb, müxtəlif yerlərdə rəhbər kürsüsünü tutub…
Faiq Zöhrabov 1939-cu il iyul ayının 16-da Bakı şəhərində anadan olub. 1957–1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. 1963–1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.
İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləyib. O, Aktyor evinin və Səyyahçılar və ekskursiya bürosunun direktoru işləyib. 1968–1985-ci illərdə F. Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib.
1985–88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunub və orada 4 il baş rejissor vəzifəsində çalışıb. Bu dövrdə rejissor A. P. Çexovun "Elçilik", A. Şirvanzadənin "Nakam qız", Q. Lezqinsovun "Dağlar oğlu", N. Hikmətin "Bayramın birinci günü", Ü. Hacıbəyovun "O olmasın, bu olsun" və s. dramaturqların əsərlərinə quruluş verib
1988-ci ildən F. Zöhrabov ADMİU-nun "Səda" Tədris Teatrının direktoru və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr" kafedrasının dosenti olub. 2000-ci ilə kimi pedaqoq kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox rejissorların, aktyorların yetişməsində müstəsna xidmətləri olub.
1999-cu ildən sənətçi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirib. Burada F. Zöhrabov "Dəli dünya", "Bankir adaxlı", "Məhəbbət oyunu", "Talelər qovuşanda", "Aldın payını, çağır dayını" və s. kimi bir-birindən maraqlı tamaşalar hazırlayıb.
5 iyun 2009-cu ildə Bakıda ürək çatışmazlığından vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)
“Kəpənək”lə musiqi tariximizə və yaddaşlara düşdü
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Görsən, Mirzə Bbayev kəpənəyi tuta bildimi?
SSRİ dönəmində Azərbaycanda ən popular mahnılardan biri idi, “Kəpənək”. Saşı-saqqalı qar kimi ağ bir babanın belə bir mahnı oxuması kənar şəxs üçün qəribə gələ bilərdi. Amma azərbaycanlılar zatən bu ifanı və mahnını sevirdilər.
Oxuyur Azərbaycan Respublikasının xalq artisti Mirzə Babayev. “Kəpənək”!
Sorağını gül-çiçəkdən alınca mən,
Gördüm yoxsan.
Qaçdım sənin dalınca mən,
Gördüm yoxsan…
Oxuyurdu və səhnədə qaçmaq jesti göstərir, ifanı daha da hərəkətli edir, daha çox sevdirirdi…
Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Böyük səhnəyə çıxandan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki AZİ-də, çıxış edib.
Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədən qayıdandan sonra (Yeri gəlmişkən, müharibə vaxtı Mirzə Babayev Rostovda döyüşüb. Leytenant rütbəsi alıb, 4–5 medalla qayıdıb.) "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib.
Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Hətta Bülbül istəyib ki, onu opera müğənnisi kimi hazırlasın, lakin Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin dediyinə görə, onun səsi estrada mahnılarının ifası üçün daha uyğun bilinib. Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib.
40-dan artıq filmdə rol alıb. Özü də təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni olub.
İndi də belə müğənnilər yox dərəcəsindədir. O vaxtın şanson ifaçıları məhəbbət mövzusunda olan, lirik məzmunlu şanson mahnılar oxuyublar. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson mahnıları yazıblar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Babayevin ifasında şanson mahnılara çevrilib.
İfa etdiyi məşhur mahnılar:
- Limanlar
- Saçlarına gül düzüm
- Uzaq yaşıl ada
- Kəpənək
- Bir axşam
- Dayan, zaman
- Gəlmədi
- Kimlər gəldi, kimlər getdi
- Möcüzələr adası
- Naxçıvanım
- Çiçək kimi
- Tanqo
- Axı niyə danırsan?
- Pəncərəmə qondu çiçək
- İndi günah nə səndədir, nə məndə
- Düşürsən yadıma
- Könlüm sənindir
Filmoqrafiya
1. Alma almaya bənzər
2. Aygün
3. Ayrılıq bir dənizmiş…
4. Bağ mövsümü
5. Bəyin oğurlanması
6. De ki, məni sevirsən!
7. Dəli Kür
8. Dərviş Parisi partladır
9. Əzablı yollar
Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. "Azərbaycan SSR əməkdar artisti", "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb, iki dəfə "Humay" mükafatı laureatı, prezident təqaüdçüsü olub.
O, 2003-cü il yanvarın 13-də, 89 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)
“Bulağ”ı evlərə axıdan istedadlı aktyor
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Bulaq”verilişi azərbaycanlıların milli-mənəvi dəyərlərini üzə çıxaran, adət-ənənələrini, folklorunu gündəmdə saxlayan bir xəzinə idi, sovetlər dönəmində milli yaddaşımızım bariz ifadəsi idi.
Və o verilişin səsi hər bir azərbaycanlıya tanış lan aparıcısı var idi – İlham Əsgərov.
Azərbaycan Respublikasının xalq artisti İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.
Və qeyd etdiyimiz kimi, Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.
Azərbaycan Dövlət Televiziyasında rolları
- Vilyam Şekspirin "İki veronalı" (Valentin)
- İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh),
- Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux),
- Mar Bayciyevin "Ər və arvad" (Əziz),
- Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət,
- Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)
Filmoqrafiya
- Aşıq Məhəmməd Sadaxlı
- Bitməyən ömür
- Biz qayıdacağıq
- Biz qayıdacağıq
- Böyük ömrün anları
- Böyük ömrün davamı
- Cavad xan
- Cavid ömrü
- Doğma sahillər
- Dönüş
- Düma ömrünün qırx günü
- Ər və Arvad
- Fatehlərin divanı
- Fədakar
- Güllələnmiş heykəllər
- Günahsız Abdulla
- Həsrətli gözlərin rəsmi
- Xilaskar
İlham Əsgərov Azərbaycan Respublikasının Əməkdar Artisti, Xalq Artisti fəxri adlarına, 3 dəfə Prezident Mükafatına və Cəfər Cabbarlı mükafatına layiq görülüb. 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilib. İlham Əsgərov Kərbala ziyarətində olub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)
Nurlan Novrəsli - cazımızın parlayan ulduzu
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan cazı Vaqif Mustafazadə ilə gəlmişdi, onunla da getdi... Belə deyirlər. Amma yanlış deyirlər. Ən azından, ona görə ki, Əzizə Mustafazadə var, Nurlan Novrəsli var...
Onun ifası çox bəyənilir.
Böyük pərəstişkar ordusu var.
Cazımıza yeni nəfəs, yeni həyat verib.
Söhbət Azərbaycan Respublikasının Əməkdar Artisti Nurlan Növrəslidən gedir. Və bu gün onun doğum günüdür.
Nurlan Novrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olub.
İlk olaraq Space telekanalının təqdim etdiyi "Azəri Star–2004" musiqi-televiziya müsabiqəsində iştirak etdiyi dövrdə geniş tamaşaçı kütləsi tərəfindən tanınıb. O bu müsabiqədə İlhamə Quliyeva və Faiq Sücəddinov kimi tanınmış sənətkarların xüsusi rəğbətini qazanıb və yarışmanın finalçısı olub.
Novrəsli 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.
Mütamadi olaraq Azərbaycan Televiziyasının önəmli rəsmi gecələrində və tədbirlərində iştirak edir. O həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti günlərində Azərbaycanı təmsil edib. İstedadlı müğənni olmasıyla bərabər, həm də gözəl kaman və skripka ustasıdır.
Hər ifaçı musiqini tam duya bilməz. Musiqini tam duymaq tək musiqi savadından, notları bilməkdən asılı deyil. Burada duyum, hissiyyat və fəhm də lazımdır. Bax bunlar Nurlan Novrəslidə kifayət qədərdir.
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)
Azərbaycanın ilk qadın dirijorunun doğum günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanın ilk qadın dirijoru kim olub?
Bilməyənlər bilsinlər, Sevil Hacıyeva.
Və bu gün nun doğum günüdür.
O, 1975-ci il iyulun 16-da Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini G.G.Şaroyev adına musiqi məktəbində fortepiano üzrə alıb. 1999-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakultəsini – Xalq artisti Yalçın Adıgözəlovun sinifini bitirib. Hal-hazırda BMA-nın dirijorluq kafedrasının dosentidir.
2003-cü ildən 2009-cu ilə qədər Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına “Mahnı və rəqs“ ansamblında xormeyster vəzifəsində çalışıb. 2003-cü ildə Opera və balet teatrına - baş xormeyster vəzifəsinə təyin edilib. Teatrda fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlığını nəzərə alaraq 2006-cı ildə dahi Üz.Hacıbəylinin “ Leyli və Məcnun ”operası ona həvalə olunub.
Bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələrək ilk qadın dirijoru adını qazanıb. Bundan əlavə Sevil Hacıyeva Üz. HAcıbəylinin “O, olmasın, bu, olsun ”, “Arşın mal alan ” musiqili komediyalarına , M.Maqomayevin “ Şah İsmayıl ”, Z. Hacıbəyovun “ Aşıq Qərib “ operalarına, həmçinin bir neçə balet tamaşalarına - İ. Ştrausun “ Düyməcik ” və Əfrasiyyab Bədəlbəylinin “ Qız qalası ” baletlərinə müvəffəqiyyətlə dirijorluq edir.
2013 –cü ildə Üz. Hacıbəylinin daha bir ölməz əsəri “Əsli və Kərəm”, 2019-cu ildə Nazim Əliverdibəyovun “Cırtdan” operasını bərpa edib. Opera və balet teatrının kollektivi ilə Qətər dövləti və Türkiyə respublikasında keçirilən qastrol səfərlərində, eyni zamanda Azərbaycanda keçirilən Üzeyir Hacıbəyli “ adına Beynəlxalq musiqi festivalı və beynəlxalq “ İpək yolu “ festivallarında , həmçinin bölgələrə qastrol səfərlərində uğurla çıxış edərək orkestri böyük məharətlə idarə edib. O, 3 dəfə Prezident mükafatına layiq görülüb
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)
Görəsən, ayrılıq beləmi olur? – Elçin Cəlilov üçün
Varis,
“Ədəbiyyat və incəsənət” portalının baş redaktoru
İnsan haçansa ayrılıqları duymaq gücündə olur. Qəlbi, hissləri, vücudu – hər biri onu misqal-misqal ayrılıqlara hazırlaşdırır...
Amma qəfil ölümü cənabi-insan əsla duya bilmir. Gənc bir kəs necə duya bilər ki, tutalım, bir saatdan sonra hansısa bir bədbəxt hadisə onu dünyadan qopara biləcək?
Bu gün doğum günü olan Elçin Cəlilov ayrılığı duymuşdu. Ömrünə çox acı, ağrılı ayrılıqlar gəlməyə hazırlaşanda yanğı ilə bəstəkar Xanım İsmayılqızına məxsus “Ayrılıq beləmi olur” mahnısını oxumuşdu.
Sevməyi öyrətdin mənə sonunda,
Qaldım sənsizliyin qəm qanadında.
Sən yoxsan, xəyalın məni ovudur,
Bilmirəm, ayrılıq beləmi olur?..
Mən bilmirəm, bu mahnını dinləmisinizmi, amma qəmin, kədərin yürüşü və dərdin ekspansiyası mahnıda qırmızı xətlə keçir.
Onda, səhv etmirəmsə, 2001-ci il idi. Elçinin 33 yaşı var idi. Ayrılıqdan oxuyurdu, ayrılıqlar yaşayırdı, iki dəfə ailə həyatı qurmuşdu, hər iki ailəsi dağılmışdı (biri müğənni Lalə Dadaşova ilə idi), birinci nikahdan olan qızını çox sevdiyindən, onun xiffətini eləyirdi, həyatını ildırım sürəti ilə məhv etməyə başlamış “ağ ölüm”ün caynaqları arasındaydı,...
Cəmi 4-cə il ömür sürəcəyinə isə əsla inanmazdı. Heç kəs bunu ona inandıra bilməzdi. Axı böyük hədəfləri vardı, onlara doğru yol almışdı. Çox az müğənninin malik olduğu səs diapazonuna malik idi, tenor idi, muğam, xalq mahnıları da oxuyurdu, estrada da. Sevilirdi, böyük dinləyici auditoriyasına malik idi.
Elçinlə şəxsi tanışlığımız vardı, hər ikimiz eyni şəhərin – Sumqayıtın yetirməsi olduğumuzdan elə tanışlığımızın tarixi də gedib xeyli uzaqlara – yeniyetməliyimizə, Sumqayıtın məktəblərarası spartakiadasına çıxırdı.
90-ların əvvəllərində Elçin və skripkaçı Kazbek biz sumqayıtlıların Sarıqaya adlandırdıqları bağ massivində yerləşmiş sovetdənqalma Pansionatdakı restoranın qış zalında çıxış edirdilər, bircə boş masa tapmazdın, insanlar onları dinləmək üçün ailəlikcə ora axışırdılar.
Biz də dostlarla tez-tez ora gedərdik, Rövşən, Rəhim, İlqar, Vüqar...
Elçini dinləmək çox xoş idi.
Korifey müğənnimiz, Xalq artisti Rəşid Behbudovun ifa etdiyi, musiqisi Rauf Hacıyevə aid olan “Bahar sənsiz” mahnısı var, ondan sonra kim bu mahnını oxuyubsa dahi Behbudovun kölgəsində qalıb.
Elçinin o mahnını Pansionatda Kazbekin skripka müşayiəti ilə oxuması yadımdan əsla çıxmaz, mübaliğə olmasın, bəlkə də bir saat ayaq üstündə alqışlandı o. Mahnını özünəməxsus improvizə ilə, səs imkanlarını tam açan bir muğam parçası ilə necə oxudu, ilahi.
Getmə gözümdən, ey canan,
Dönmərəm sözümdən, ey canan.
Səndən ilham alır, mənim könlüm,
Məni səndən inan, ayırmaz ölüm.
Gülə bilməz gülüm, bahar sənsiz
Ürəyim od tutar, yanar sənsiz...
Rica edirəm, YouTube paltformasından adını çəkdiyim hər iki mahnını təxirə salmadan, məhz elə bu gün, məhz elə bu yazını oxuduqdan sonra dinləyin. Dinləyin və Elçini yada salın. Bu dünyada xoşbəxtliyinə bircə addım qalana qədər gəlib də o bir addımı atdığı anda çox-çox uzaqlarda dayanıb əl eləyən bədbəxtliyə aldanan, yolunu dəyişən fitri istedad yiyəsini bu gün, lütfən, xatırlayın. Barı bu 17 iyul günündə - onun doğum günündə.
Hər kəs öz avtoportretini çəkə bilsəydi, necə gözəl olardı. Simasını çəkib üz cizgilərini dəqiq ortaya qoyardı. Sonra isə ən çətinini edərdi. Öz iç dünyasını bütün təbəddülatları, ziddiyyətləri ilə ortaya qoyardı.
Axı ən peşəkar, ustad rəssam belə sənin üzünü fotoaparat dəqiqliyi ilə verə bildiyi halda, içini verə bilməz. Sənin üzün hamı üçün açıqdır, için isə yasaq ərazidir. Onu özündən başqa kimsə görəmməz.
Özünün avtoportretini çəksəydi, əminəm ki, Elçin ora arzularını həkk edərdi. Qanadlı arzularını. Quş təki uçan, hədəfdən hədəfə qonan arzularını.
Avtportreti yoxdur. Avtobioqrafiyası var. 17 iyul 1968-ci ildə Sumqayıt şəhərində musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedib, konsert proqramları ilə çıxış ediblər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olurb, Şövkət Ələkbərovadan dərs alıb.
İlk dəfə səhnəyə sazla çıxaraq, bir neçə aşıq mahnısı ifa edib. Daha sonra Bakı Musiqi Akademiyasına daxil olub, Arif Babayevdən dərs almağa başlayıb. Və efirlərə muğam ifaçısı kimi çıxıb. O, muğam dəsgahları ilə yanaşı, bayaq qeyd etdim, xalq, estrada mahnılarını da, romansları da gözəl ifa edib.
Və yenə də, bayaq qeyd etdim, onun səsi tenor idi, çox təəssüflənirəm, onun bu təkrarsız səsindən niyə operalarımızda istifadə edilmədi. Bir dəfə mikrofonsuz, bizlər üçün Luçano Pavarottinin repertiarından bir parça oxumuşdu, dünya musiqi xəzinəsinin incisi sayılan “Caruso”nu, onun səsi yandırıb kül eləyən ildırım şaqqıltısı idi, coşub-kükrəyən dəniz şırıltısı idi, hər şeyi qoparıb aparan külək vıyıltısı idi.
Mən indi yana-yana deyirəm, taleyi qara gəlməsəydi o La-Skala səhnəsində oxuyacaq qədər virtuoz idi, istedadlı idi.
İki uğursuz ailə həyatından sonra 90-ların sonlarında Elçinin bəyəndiyi xanım vardı, “Ədalət” qəzetinin mühasibi Tahirə xanımla birgə yaşamağa başlamışdılar. Elçin “Azərbaycan” nəşriyyatına – Tahirə xanımı görməyə gəlirdi. Hərdən eyni mərtəbədə yerləşən bizim “168 saat”a da dönürdü, söhbətləşirdik.
Atalar üçdən deməyibmi, üçüncü dəfə qurduğu bu ailənin xoşbəxt olacağına inamı böyük idi.
Amma və lakin…
Xoşbəxtliyi ilə onun arasında həmin o “ağ ölüm” dayanmaqdaydı…
2005-ci ilin 10 may günündə - cəmi 36 yaşında vəfat etdi. Evindən ölü tapıldı. Tibbi ekspertizanın rəyi “narkotik maddələrin dozasının aşılması” idi…
İndi söz-söhbət gəzir, hətta efirlərə də yol açıb bu söz-söhbət. Deyirlər, onu narkotiklərə bir ağsaqqal xalq artisti öyrədib. Hələ də yaşayır o xalq artisti. Elçinsə yoxdur.
Kifayət qədər imkanlı idi, bir neçə mənzili, avtomobili vardı. Narkotika alüdəçiliyi sizə zarafatmı gəlir, əjdaha kimi ağzını açıb adamdan pul tələb edir, Elçin hamısını satdı, hər şeyini itirdi, ondan-bundan borc istəmək dərəcəsinədək kiçiltdi özünü…
Bu günlərdə müğənni Nazim Pişyarinin – Faytonçu Nazimin Elçin barədə kədərli bir xatirəsini oxudum, ürəyim parçalandı.
-Elçinin çox gözəl səsi vardı. Vaxt olub ki, ən bahalı toyları o aparıb. Onun ifası bizim hamımızın ifalarından seçilirdi. Bu gün mənim ruhum dincəlmək istəyəndə, mən Elçinə qulaq asıram. Hətta etiraf edirəm ki, elə şeylər var, bu gün mən onu Elçindən öyrənirəm. Elçinin yeri bu gün də görsənir. Elçinin yeri sabah da görsənəcək. O, sənətkar idi. Rəşid Behbudov adına Mahnı Teatrının solisti idi. Elçin bu gün Xalq artisti olmalı idi, "Şərəf", "Şöhrət" ordenləri onun sinəsini bəzəməli idi. Təəssüf ki, Elçin Cəlilov bu gün sıralarımızda yoxdur…
Gerisi isə bir sənətkar ömrününü faciəvi həyatının tam kulminasiyasıdır:
Nazim Pişyarı davam edir:
-Bir gün mən toyda idim. Ofsiantlardan biri mənə yaxınlaşıb dedi ki, "Nazim müəllim, sizi foedə bir yaşlı kişi çağırır." Çıxdım bayıra, gördüm Elçindi. Yaşlı kişi ... Elçin mənimlə həmyaşıddır e. O mənzərəni görmək heç istəməzdim... Üzü saqqallı, üstü-başı tör-töküntü. Dedi, mən acam. Mənə bir az pul ver, gedim...
Gerisi isə 2005-ci ilin 10 mayıdır. Öncə tabut... Sonra da qəbir…
Amandır, özünüzü, dost-tanışlarınızı, balalarınızı ağ ölüm adlı o kabusdan qoruyun. Amandır, imkan verməyin ki, ağsaqqal xalq artisti xislətlilər gəncləri “o zibilə” öyrəşdirməsinlər.
Ürəyi təmiz, kin-küdurətdən uzaq, saf, çox sadəlövh, dostları üçün yanan bir adam idi Elçin Cəlilov. Və təkrar-təkrar deyirəm: fitri istedad sahibi idi.
Bu gün onu kimsə xatırlayırmı, qəbrinin üstünə gedəni varmı, bilmirəm. Məncə, onu unudublar. Qısa zaman kəsiyində musiqi tariximizi zənginləşdirənimizi beləcə urvatdan salmışıq.
Heyif. Çox heyif!
Epitafiya – yunan sözüdür, qədim Yunanıstanda mənzum şəklində olan qəbirüstü yazıya, yəni başdaşı yazısına deyirlər.
Başlığa bu sözü əbəs çıxarmadım. Elçin indi Mehdiabad qəbristanlığında uyuyur.
Və onun epitafiyası yoxdur.
Demək ki, ayrılıq belə də olurmuş.
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)
Bəlkə də sən artıq heç yoxsan... - ESSE
Harun Soltanov,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Biz bu günlərdə çox danışırıq. Hər şey haqqında. Hətta danışa bilmədiklərimiz haqqında da danışırıq. Belə, gözəl, təmiz, qaydasında, mədəni, elmi.. Seminar otaqlarında, konfrans salonlarında, universitet auditoriyalarında, panel müzakirələrdə. Geyimimiz ütülüdür, səsimiz kontrollu, mimikamız öyrədilmiş. Hər şey "fikir" adıyla bəzədilmiş, amma heç biri dərd deyil. Heç biri yanmaq deyil. Nə vaxtsa fəlsəfə bir ehtiyac idi. İndi isə bir nümayişdir. O vaxtlar sual vermək, yaşamaq üçün idi. İndi isə sual vermək, fərqli görünmək üçündür. O vaxtlar düşünmək, xilas yolu idi. İndi isə düşünmək, özünü satmaq vasitəsidir. Biz artıq başqasının ağrısına deyil, başqasının təsdiqinə ehtiyac duyuruq. Oxuduğumuz fikri yaşamaq deyil, təəssürat yaratmaq üçün istifadə edirik.
Amma bəs fəlsəfə nə idi əslində? Sözlərdən əvvəl nə vardı?
Məncə, cavabsızlıq, aclıq, içə sıxılan bir nida.. Bir kimsəsizlik ki, adını düşüncə qoymaq mümkün deyildi. Sadəcə yaşanmalıydı. Fəlsəfə orda doğuldu, nəfəs almaq kimi, heç kimə izah edilməyəcək qədər daxili və özəl.
Yaxşı, bəs biz fəlsəfəni nə vaxt itirdik? Yəqin ki, onu "mövzuya giriş" kimi izah etməyə başladığımız gündən. Yəqin ki, onu qiymətləndirməyə, dərəcə verməyə, kağıza köçürməyə cəhd etdiyimizdən. Yəqin ki, onun ruhunu analiz, ağrısını slayd, iniltisini isə "tədris planı" etdiyimiz andan..
Bu yazı, izah etmə yazısı deyil. Bu yazı ifadə olunmamış bir ağrının tanınması üçün bir cəhddir. Bu yazı heç bir elmi iddia daşımır, amma insani bir yaddaşın harayına çevrilmək istəyir. Bu yazı fəlsəfəni tərif etmir. Bu yazı fəlsəfəni öz evinə yəni, sürgünə, çəlləyə, soyuq otaqlara, kasıblığın ortasına qaytarır. Çünki biz bu gün fəlsəfədən danışırıq, amma fəlsəfəni yaşamırıq. Biz ona toxunuruq, amma onu duymuruq. Və ən dəhşətlisi, biz fəlsəfəni yalnız danışanların adına yazırıq. Amma susaraq yaşayanların adına deyil. Elə buna görə də, indi aşağıdakı sətirlərdə danışacağım adlar, sadəcə filosoflar deyil. Onlar özü düşüncəyə çevrilmiş adamlardır. Düşünmək üçün yaşayan yox, yaşamaq üçün düşünənlər.
Oxu, amma sadəcə başa düşmək üçün yox.
Oxu, xatırlamaq üçün. Çünki sən də bir zamanlar düşünürdün...
Amma bəlkə də çoxdan susmusan. Və susmağın səbəbi, cavab tapmamağın deyildi. Əksinə, cavabların çoxluğundan yoruldun. Hər küncdə səni izah edən biri var idi, hər sözdə sənə etiket yapışdıran biri. Hər şey bu qədər izah ediləndə, heç nə hiss edilmədi artıq. Sən sadəcə düşüncəni itirmədin. Sən içini təhvil verdin. Əvəzində sənə təriflər verdilər, emosionallıq, obyektivlik, elmi analiz, metodoloji ardıcıllıq.. Amma sənə heç kim demədi ki, bəzən ağlamaq, ən güclü fəlsəfi ifadədir. Heç kim demədi ki, sən bir gün varlığını izah etməyəcəksən, sadəcə onunla baş-başa qalacaqsan. Heç kim demədi ki, fəlsəfə, bir gün boğazında düyünlə səssiz qalmaqdır.
İndi biz fəlsəfəni danışılası bir şey kimi görürük, hiss ediləsi bir şey yox. Ona görə də fəlsəfəyə toxunanda ruhumuz ağrımır. Ona görə də oxuyanda dəyişmirik. Ona görə də danışanda yalnız eşidilirik, amma dinlənilmirik. Çünki biz artıq yanmırıq. Əslində bu yazı da sənin ağrını tanımır. O, sadəcə səni xatırlamağa çağırır. O, səni bir kitabxanaya yox, öz içinə qayıtmağa çağırır. Çünki harada ağrı var, orda sual var. Harada sual var, orda fəlsəfə. Və harada fəlsəfə var... orda sən varsan.
Biz fəlsəfəni elitaya çevirdik. Əl çəkmədən, utanmadan, düşüncəni kostyumun, diplomun, seminarın arxasına kilidlədik. İndi fəlsəfə universitet divarlarının içindədir. İçində hər şey var, yalnız bir şey yox, ağrı. Amma fəlsəfənin doğulduğu yer heç vaxt nizamlanmış sinif otaqları olmayıb. Onun beşiyi, aclıqdır, qorxudur, tənhalıqdır, itki və cavabsız sualların tüstüsüdür. Antik Yunan filosofları platonlar, diogenlər, eliktetlər imperatorun süfrəsində deyildilər. Diogen bir çəlləkdə yaşayırdı, o qədər yoxsul idi ki, ehtiyacla varlığı bir-birinə qarışmışdı. Amma onu susdura bilmədilər, çünki ağzında çörək yox idi, amma içində alov vardı.
Epiktet kölə idi. Bəli, fiziki olaraq kölə. Amma ruhu azad idi və azad ruhla danışırdı. "Bizi incidən şeylər hadisələr deyil, onlara verdiyimiz mənalardır." Bu cümləni qızıl çərçivəyə yox, yaralı bir sinəyə yazmaq lazımdır.
Sokrat... O da susmadı. Qərarın qarşısında diz çökmədi. Zəhər dolu piyaləni əxlaqına dəyişmədi. Fəlsəfəni "yaşamaq sənətinə" çevirdi. Amma ona da bu cəmiyyət "qeyri-müvafiq danışıq" diaqnozu qoydu və öldürdü. Elə bu gün olduğu kimi...
Dostoyevski, varlıların süfrəsində roman oxumurdu. Sürgün edilmişdi. Sibir donunda, aclıqla, təkliklə, içindəki iblislə yaşadı. Amma orda, məhz ordaca "İnsan nə qədər çox əzab çəkirsə, bir o qədər dərindən hiss edir" deyə bildi. Onun fəlsəfəsi kitabdan doğmadı. O, insanın dibindən doğdu.
Sartr, Parisin mərkəzində deyildi, baxmayaraq ki, Parisin içində idi. Cəmiyyətin içində, amma ondan uzaqda. “İnsan azad olmağa məhkumdur” deyəndə, o azadlıq bir oyun deyildi. O, öhdəliyi olmayan bir seçim azadlığı deyil, məsuliyyətin və təkliyin içində boğulan bir varlığın çırpınışı idi.
Nitşe sağlam deyildi, dostsuz idi, çökürdü. Amma o çökmənin içində bizə qışqırdı. "İnsan, hələ aşılmamış bir varlıqdır." Onun fəlsəfəsi yüksəklikdən gəlmədi. O, qaranlıqdan gələn bir çağırış idi. İşığa deyil, bizi işıq sandığımız saxtakarlıqlardan oyatmağa çalışırdı.
Heydger meşədə yaşadı. Susdu. Cəmiyyətə yaxın durmadı. "Ölümə doğru varlıq" deyəndə, bu yalnız intellektual bir cümlə deyildi. Bu,onun gündəlik nəfəsi idi. Çünki o, var olmağın özü ilə mübarizə aparırdı. Amma indi onu mühazirələrdə yalnız terminoloji çərçivədə xatırlayırlar.
Simon Veyl öz könüllü ac qalması ilə fəlsəfəni yaşadı. O, sadəcə düşünmürdü. O, düşündüyü kimi ölürdü. Düşüncəsi ilə fiziki ağrısını eyni lövhədə daşıyırdı. O, fəlsəfəni danışmırdı. O, onu bədənində daşıyırdı.
Və indi... Biz bu adamlara baxırıq, amma heç birinə oxşamırıq. Biz fəlsəfəni seminar keçənlərə, CV yazanlara, panel müzakirəsi aparanlara aid etdik. Ruhunu yandıranlara yox, sadəcə onu izah edənlərə. Kitabı başa düşənlərə yox, kitabın içində özünü tapanlara yox...
Biz fəlsəfəni yaşamaqdan çox idarə etməyi öyrəndik. Artıq fəlsəfə bir sual deyil, slayddır. Bir hiss deyil, reklam cümləsidir. Və bu səbəbdən də o bizə şəfa vermir. O bizi dəyişmir. O sadəcə dekordur.
Antik Yunanların Diogen kimi ac qalan fəlsəfəsi, Sokratın zəhər dolu piyalənı qəbul edərək əxlaqi mövqeyindən dönməməsi, Epiktetin köləliyə baxmayaraq ruhunu azad saxlaması bunun ən canlı nümunələridir. Fəlsəfə tarix boyu insanların ən dərin və kəskin həyat təcrübələrindən, dözülməz şəraitlərdən və acılardan doğub.
Daha sonra, Mişell Foukault xəstəxanaların, həbsxanaların, dəlixanaların içindən danışdı. Onun üçün fəlsəfə ağılın deyil, nəzarətin tarixini anlamaq idi. O, göstərdi ki, cəmiyyət ağıllı olmaqdan çox, itaətkar olmağı öyrədir. Biz "normal" dediyimiz şeyin arxasında hansı ağrılar, hansı susdurmalar, hansı qandallar durur bunları açıb ortaya tökdü. Mişel düşüncəni sistemin mərkəzindən deyil, kənara itələnmişlərin baxış bucağından yazdı. O deyirdi ki, “Həqiqət, güclü olanın adlandırmasıdır.” Bəs biz kimin həqiqətini danışırıq? Kimə uyğun düşünürük? Bu suallar Foukault üçün yalnız nəzəri deyildi, öz varlığının yarası idi.
Bundan əlavə, Fridrix Hegel fəlsəfəni tarix və dialektikanın inkişafı kimi təqdim etsə də, onun fəlsəfəsinin kökündə də insanın əzab içində özünü tapması dayanır. Hegelin “dünya ruhu” metaforası var. Bu Aristoteli inkar edir. Bu da bir qaranlıqdır.. Həmin qaranlıq ki, insanın ruhunun ən dərin qatlarında yanan ümid və məhvə işarədir.
Simona de Bovuar insanın azadlığı və varoluşunun qadınların təcrübəsi ilə necə formalaşdığını ortaya qoydu, burada tənhalıq, inkar və azadlıq bir-biri ilə iç-içədir. O, fəlsəfəni yalnız ağıl oyunu deyil, həyatın çətinliklərini yaşayanların qisası kimi göstərdi.
Jan PaulSartr, “Varoluş əvvəl gəlir, mahiyyət sonra” deyərək, insanın dünyada təkbaşına olduğunu, öz seçimləri ilə özünü yaratdığını vurğuladı. Bu azadlıq bəzən insanı uçuruma atır, amma insan özü bu azadlıqdan qaça bilməz.
Albert Kamyu absurdu qəbul edən adam idi. Onun üçün dünyanın mənasızlığı qarşısında insan ya ölməli, ya da üsyan etməliydi. Amma o üçüncü bir yol seçdi, sakit və inadcıl yaşamaq. “İnsan öz həyatına mənanı özü verir” deyə bildi, çünki o mənanı heç yerdə tapmadı. “Siz Tanrını itirmisiniz, mən isə heç vaxt inanmamışdım” deyə pıçıldayan Kamyu, yaşamağı absurda qarşı sükutlu bir qiyam saydı. Səssiz, amma dərin bir müqavimət...
Lev Şestov, ağlın məğlubiyyətindən danışan yeganə filosof idi. O deyirdi ki, insan ağıl axtarışında məhv olur. Onun yazılarında məntiq dağıdılır, çünki insan əzab çəkərkən silogizm qurmaz, yalvarar, sual verər, diz çökər. O, Raselə, Dekarta qarşı duraraq, fəlsəfəni “sarsılmaq” adlandırırdı. Fəlsəfə bir sistem deyil, mümkünlüyün çökdüyü yerdə yaranan bir iniltidir. Və bu iniltidə heç bir mükəmməllik yoxdur. Sadəcə həqiqət qədər çılpaq bir qorxu var.
Bleyz Paskal riyaziyyatçı idi, amma qaranlığa daha çox inanırdı. “İnsan ağılın yox, ürəyin vasitəsilə anlayar”, "Öz varlığınızın başqalarınınkından üstün olduğuna inanaraq özünüzü aldatmayın." deyirdi. Onun üçün insan sonsuzluqla sıxışdırılmış bir varlıq idi. Bir yandan toz, bir yandan Tanrı. Və bu paradoks insanı nə yerdən, nə göydən edə bilmirdi. Pascal üçün ağıl yalnız öz acizliyini qəbul etmə mərasimiydi. Onun fikirlərində fikir parıldamırdı, dua sızlayırdı.
Franz Kafka yazıçı idi, amma ondan daha çox daxili bir metafizik idi. Onun hekayələri fəlsəfə oxumadan fəlsəfədir. “Dəyişilməyən bir cəzanın içində yaşamaq”. Onun yazılarında hər bir varlığın taleyidir. Kafka üçün insan öz varlığını nə dəyişə, nə izah edə bilərdi. O, qəbul olunmayan, dinlənilməyən və həmişə gözləyən varlığın obrazını yaratdı. “məhkəmə prosesi” və “Qəsr” sadəcə əsər adları deyil, insanın öz varlığı ilə olan əsəb pozucu dialoqudur.
Soren Kierkeqard təkliyin peyğəmbəri idi. Onun üçün insan Tanrı ilə bir müqavilə deyil, tənhalıqla bir savaş bağlayırdı. “Hər axmaq özünə heyran olan bir axmaq tapar” deyəndə, o bu sözləri masa arxasında yazmamışdı. Onun həyatı, sevgisi, inamı hamısı yaxınlıq arzulayan, amma əbədiyyətə doğru çaşan bir insanın harayı idi. Kierkeqard üçün fəlsəfə təkbaşına ağlayan bir insanın içindəki Tanrının səsini eşitmək cəhdi idi
Son olaraq, Emil Çoran fəlsəfi pessimizmin simvolu, insanın varoluşunun sonsuz mənasızlığı qarşısında yaşadığı dərin qaranlıq və umidsizlik hissini ifadə etdi. Onun fikirlərində fəlsəfə insanın öz boşluğuna baxışı və bu boşluqda yaşamaq cəhdi idi.
Və indi...
Biz bu adlara baxırıq. Onların sözlərini paylaşırıq. Onların adlarını seminarlarımızda çəkirik. Amma heç birinə oxşamırıq. Onlar düşünmədilər – yaşadılar. Biz isə düşünürmüş kimi edirik – heç nə hiss etmədən. Fəlsəfə artıq səndə yoxdursa, onu heç yerdə tapa bilməyəcəksən.
Çünki o , kitabda deyil. O, yaşadığın susqun gecədə gizlənir. Və əgər sən ağrı hiss etmirsənsə, sənə heç bir düşüncə toxunmayacaq. Bəs biz indi fəlsəfəni kimə aid edirik? Seminar keçənlərə? Diplom verənlərə? Ruhunu yandıran yox, sadəcə danışanlara? Biz fəlsəfəni kağız üzərində yaşayanlara, gözəl sözlər söyləyənlərə aid edirik. Amma onun doğulduğu ocaq aclıq, qorxu, tənhalıq unudulub. Biz fəlsəfəni artıq hiss etməyi unutduq, yalnız təqlid etməklə kifayətlənirik. Bütün bunları oxuyandan sonra, bəlkə də sual yaranır, indi nə etməliyik? Görəsən, bu qədər imitasiya, bu qədər süni dərinlik, bu qədər ssenariləşdirilmiş düşüncə içində həqiqi fəlsəfəyə qayıtmaq mümkündürmü?
Bəlkə də mümkün deyil. Çünki biz artıq o insan deyilik. Biz artıq yanmırıq. Biz artıq bir şey soruşmuruq. Biz artıq gecə tək qalanda özümüzə “niyə varam?” sualını vermirik. Onun yerinə gündəlik planlar qururuq, zaman menecmenti edirik, intellektual görsənmək üçün “paradoks” sözünü tez-tez işlədirik. Amma paradoks, yalnız ağrı varsa doğur. Biz fəlsəfənin şəklini dəyişdik, formasını, formatını, amma ruhunu yox etdik. Ona görə də indi danışdıqlarımız səslənir, amma eşidilmir. Yazdıqlarımız gözəldir, amma yaşanmır. Oxuduqlarımız doğrudur, amma bizə aid deyil. Çünki biz fəlsəfəni artıq öz həyatımızdan çıxarmışıq. Onu vitrində saxlayırıq. Tozunu silib nümayiş etdiririk. Amma heç vaxt toxunmuruq. İndi adını çəkdiyimiz bütün o adamlar Diogen, Epiktet, Sokrat, Weil, Dostoyevski, Sartre, Nietzsche, Cioran... Onlar sənin bu gün yaşadığın həyata baxsaydılar, susardılar. Susardılar, çünki danışmağa dəyəcək bir ağrı görməzdilər.
Və sən, əgər bu yazını oxuyub sadəcə təsirləndinsə, deməli sən də artıq çox gecikmisən.
Amma əgər bu yazını oxuyub öz içində sükut hiss elədinsə, orda bir şey səninlə danışmağa çalışdısa, bəlkə də səndə hələ də o ilk alovdan bir parça qalıb.
Unutma! Fəlsəfə heç vaxt böyük cümlələrlə başlamır. O, bir nəfəsin titrəməsi ilə, bir gecənin tam ortasında yaranan susqun bir “niyə?” ilə, bir qaranlığın içindəki dilsiz “mən kiməm?”lə başlayır.
Sualın varsa, hələ sağsan.
Susursansa, içində bir şey var.
Ağrıyırsansa, bəlkə də başlayırsan.
Amma... Bəs ya ağrımırsa?
Bəs içindəki sükut, sakitlik yox, boşluqdursa?
Bəs sən , artıq hiss etməyə belə qadir deyilsənsə?
O zaman sən nə yazarsan, nə oxuyarsan, nə danışarsan, heç biri sən olmayacaq. Və o zaman...
Bəlkə də sən artıq heç yoxsan...
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)
Filmlərdəki işlərinə görə Hollivud Şöhrət Xiyabanında Ulduz alan Ferrell
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hollivud filmləri bizlərdə çox sevilir. Necə ki, dədə-bablarımız Bollivud filmlərini sevərdi, melodramlar onları ağladar, ürəklərinə yol tapardı, biz də savaş və fantastikaya meyillənib ümidimizi Hollivuda bağlamışıq. Haqqında danışdığım və bu gün doğum günü olan Con Uilyam Ferrell universal adamdır, həyatından kino və ədəbiyyat başqa sahələri də özünə qataraq paralel keçir...
Con Uilyam Ferrell 16 iyul 1967-ci ildə Kaliforniyanın İrvin şəhərində Old Mill School ibtidai məktəbində və Santa Ana Kollecində dərs deyən müəllim Betti Key (qızlıq soyadı Overman) və Righteous Brothers üçün saksafon və klaviatura ifa edən Roy Li Ferrell Jr.-ın ailəsində anadan olub. Valideynlərinin hər ikisi Şimali Karolina ştatının Roanoke Rapids şəhərindən olub.
Onlar 1964-cü ildə Kaliforniyaya köçüblər. Ferrellin əcdadları ingilis, alman və irland mənşəlidir. Körpəlik illərində Ferrell pilorik stenozdan əziyyət çəkirdi və vəziyyəti düzəltmək üçün piloromiotomiya əməliyyatı keçirib. Onun Patrik adlı kiçik qardaşı var. Ferrell əvvəlcə Culverdale İbtidai Məktəbində, daha sonra isə İrvində yerləşən Rancho San Joaquin Orta Məktəbində oxuyub.
O, İrvində Universitet Liseyində oxuyub və məktəbin futbol komandasının hücumçusu olub. O, həmçinin futbol komandasında və basketbol komandasının kapitanı, eləcə də tələbə şurasında xidmət edib. Ferrell üçüncü sinfi "mühüm il" adlandırıb. O, başını divara vurmaq kimi davransa və ya qəsdən büdrəyib yıxılsa, sinif yoldaşlarını güldürə biləcəyini başa düşüb və bunun dost qazanmaq üçün əla bir yol olduğunu deyib.
Ferrell ilk dəfə 1990-cı illərin ortalarında 1995-ci ildən 2002-ci ilə qədər çıxış etdiyi "Saturday Night Live" komediya serialında aktyor heyətinin üzvü kimi özünü təsdiqləyib. Sonradan bir sıra komediya filmlərində rol alıb. 2003-cü ildə çəkilən "Old School" komediya filmində rol aldıqdan sonra Ferrell 1990-cı illərin sonu və 2000-ci illərdə ortaya çıxan aparıcı Hollivud komik aktyorları nəslindən olan " Frat Pack " ın üzvü hesab olunurdu.
Bunlara Cek Blek , Ben Stiller , Stiv Karell , Vins Von , Pol Radd və qardaşları Ouen və Lyuk Uilson daxildir. O, 2007-ci ildə keçmiş yazıçı yoldaşı Adam MakKey ilə birlikdə "Funny or Die" komediya veb saytını təsis edib. Ferrell " Roxburydə bir gecə " (1998), "Elf" (2003), "Anchorman" (2004), " Təpikləmək və qışqırmaq " (2005), " Talladega Nights" (2006 ) , "Glory Blades" (2007), " Ögey Qardaşlar " (2008), " Other Guys" (2010), " Get Hard" (2015) və "Barbie " (2023) kimi komediya filmlərində rol alıb.
O, həmçinin "Stranger than Fiction" (2006), "Everything Must Go" (2010) və "Downhill " (2020) filmlərində dramatik rollar oynayıb. O " Curious George" (2006), " Megamind" (2010), "The Lego Movie" film franşizası (2014–2019) və "Despicable Me 4" (2024) filmlərində də rolları səsləndirib. O, həmçinin yazıçı Harper Stil ilə birlikdə "Will & Harper" (2024) sənədli filmində də rol alıb və prodüserlik edib.
Ferrell "Succession " (2018–2023) dram serialının prodüseri kimi işinə və " Live in Front of a Studio Audience" (2019–2022) xüsusi verilişlərinə görə dörd Primetime Emmy mükafatına layiq görülüb. O, həmçinin "I'm Sorry" (2017–2019) serialının , "Dead to Me" (2019–2022) serialının və "Drunk History" (2013–2019) serialının prodüseri olub. Broadway -dəki işinə görə " You're Welcome America " (2009) filmində Corc Buşun satirik obrazını canlandırdığına görə " Ən Yaxşı Xüsusi Teatr Tədbiri" nominasiyasında Toni mükafatına namizəd olub .
The Groundlings qrupuna qoşulmazdan əvvəl Ferrellin standap komediya cəhdləri az uğur qazandı. O, qabaqcıl siniflərdə başladı və improvizasiyanı sevməyə başladı. O, həmçinin insanları təqlid etməyi sevdiyini başa düşdü və onun ən sevdiyi personajlardan biri Şöhrət Zalının beysbol diktoru Harri Karey idi . Tezliklə o , orijinal personajlar yaratmağa başladı və 1994-cü ilə qədər The Groundlings qrupuna qoşulub.
Groundlings qrupunun digər üzvü Kris Kattan ilə birlikdə o, qadınları cəlb etmək üçün rəqs klublarına gedən, lakin daim rədd edilən Butabi Qardaşlarını yaratdı. Dərslər alarkən Ferrell dostu Viveka Paulin vasitəsilə hərrac evində işə düzəlib. İş ideal idi, çünki onun işləməklə yanaşı, dinləmələrə və məşqlərə getməsi üçün kifayət qədər çevik olub. 1995-ci ilə qədər o, " Grace Under Fire" və "Living Single" teleseriallarında, "A Vedrə Qan" kimi aşağı büdcəli filmlərdə, eləcə də reklamlarda rol alırdı. Bir qışda o, ticarət mərkəzində Şaxta baba kimi xidmət edib.
Karyerası ərzində Ferrell müxtəlif mükafatlara namizəd olub, o cümlədən on altı Primetime Emmy mükafatına namizəd olub və üç mükafat qazanıb, biri " Suallaşma " (2020), iki dəfə isə " Studiya Tamaşaçıları Önündə Canlı". Ferrell " Producers" (2005) və "Stranger than Fiction" (2006) filmlərindəki komediyaçı performanslarına görə iki Qızıl Qlobus Mükafatına namizəd olub.
O, həmçinin "You're Welcome America. A Final Night with George W. Bush" (2009) filminə görə "Ən Yaxşı Xüsusi Teatr Tədbiri" nominasiyasında Toni mükafatına namizəd olub. Ferrell həmçinin müxtəlif mükafatlara layiq görülüb, o cümlədən 2008-ci ildə "öz sahəsindəki uğurlarına" görə Dublin Universitet Kollecinin Ədəbi və Tarix Cəmiyyətinin Ceyms Coys mükafatına layiq görülüb.
2011-ci ildə o, Amerika Yumoruna görə Mark Tven Mükafatına layiq görülüb. Ferrell mükafatı Con F. Kennedi adına İfa Sənətləri Mərkəzində keçirilən mərasimdə həmkarları və komediyaçıları Konan O'Brayen, Con C. Reyli, Ben Stiller, Cek Blek, Pol Rudd , Adam Makkey, Tim Medouz, Metyu Broderik və Ed Asner tərəfindən təltif edilib. 2015-ci ildə Ferrell filmlərdəki işlərinə görə Hollivud Şöhrət Xiyabanında Ulduz alıb.
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)
“Biri ikisində” Furqanın hekayələri ilə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Furqanın hekayələr təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
FURQAN
TAKTİKA
Mürsəl stadiona yaxınlaşanda hamı təəssüflənir. “Gəlir” – deyir uşaqlar, “məşqçimiz gəlir”.
Bunu lağ ilə deyirlər. Mürsəl bir gün gəlməsə, sevinəcəklər. Rahat oyunlarını oynayacaqlar. Amma Mürsəl hər gün gəlir. Saat beşi keçdimi, günəşin istisi azca azaldımı, Mürsəl köhnə idman ayaqqabılarını geyinib çıxır küçəyə. Bir o yana, bir bu yana baxıb yola düzəlir. Düz kəndin o biri başına – stadiona tərəf. Asta addımlarla getsə, yarım saata, iti addımlarla getsə, on beş-iyirmi dəqiqəyə stadiona çatır. Hər kəs Mürsəlin hara getdiyini yaxşı bilir.
Mürsəl stadiona çataçatda uşaqlar da təzə-təzə yığışırlar. Yuxarı siniflərin uşaqlarıdı. Doqquzda, onda, on birdə oxuyurlar. Aralarında əsgərliyə gedib gələnlər, tələbə olub yay tətilində kəndə gələnlər də olur. Mürsəl üçün fərqi yoxdu. Kim yaxşı oynaya bilirsə, qoy o oynasın. İstəyir, lap beşdə oxusun.
– Hə, ya Allah, başlayın görək! – hər kəsə ümumi salam verəndən sonra Mürsəl ərk ilə deyir.
Sonra görür ki, uşaqlar hələ kimisə gözləyirlər, topu istəyir.
– At görək, ə, topu bura.
Əlacsız qalıb topu Mürsələ tərəf atırlar. Mürsəl topu dörd-beş dəfə çiləyəndən sonra geri qaytarır.
– Yaxşı topdu, – deyir və əlavə edir, – hə, nəyi gözləyirsiz? Başlayın da.
Mürsəlin yaşı qırxdan çoxdu. Evlənməyib. Bundan sonra da evlənəsi deyil. Vaxtında qız üçün getmədikləri qapı qalmadı. Heç kim qızını Mürsələ vermədi. İşi yox, sənəti yox. Camaat qızını çöldən tapmayıb ki, çölə ata. Mürsələ qız vermək onu çölə atmaq kimidi. Otuzu keçəndən sonra da Mürsəlin anası öldü. Daha kimdi Mürsələ qız istəyən? Mürsəlin evlənməyi getdi. Balaca qardaşı Müslüm çoxdan evlənmişdi. Anası sağ olanda.
O vaxtdan bəri Mürsəl vaxtını öldürür. Gah atasından pul alır, gah qardaşından. Siqareti əskik olmur. Bir boğazıdı, bir də özü. Sağ olsunlar, Mürsəli dolandırırlar. Atası öləndən sonra bilmir qardaşı onun dalından təpik vuracaq, ya yox. Ona Allah kərimdi.
Hələ dərslər bağlanmamışdan uşaqların futbol oynadığı günlər başlayır. Hər axşamüstü stadiona yığışırlar. Bölüşüb oynayırlar. Öz aralarında çempionat qururlar. Bəzən başqa kəndlərdən gələn uşaqlarla oynayırlar. Bəzən isə özləri başqa kəndlərə gedirlər futbol oynamaq üçün. Gedəndə Mürsəli də aparırlar. Daha doğrusu, Mürsəl hər dəfə bir yol tapıb uşaqlarla getməyi bacarır.
Mürsəl üçün futbol insanlıq tarixində edilmiş ən gözəl icaddı. Arada fikirləşir ki, futbol olmayanda, görəsən, kişilər nə işlə məşğul olublar, nəyi müzakirə ediblər? Ona görə də öz evləri kəndin o başında, stadion isə, kəndin bu başında olmasına baxmayaraq, hər gün gəlir stadiona. Bəxti gətirəndə rastına maşın çıxır, maşınla gəlir. Onda hamıdan tez gəlib çatır. Gözləyir ki, uşaqlar yığışsınlar.
Amma Mürsəlin pis cəhəti onun çox danışmağıdı. Oyun gedə-gedə Mürsəl də stadionun kənarında o yan-bu yana gəzişir. Bir dəqiqə dinc dayanmır. Gəzir, əsəbiləşir, danışır, deyinir, qışqırır, yeri gələndə ərklə yüngülvari söyür də. Uşaqlar qırx yaşı adlamış bu deyingən adamı ciddiyə alsalar, gərək Mürsəl hər gün döyülə. Yaxşı ki, onun sözlərini eşidən yoxdu. Az qala, onun söyüşləri məlhəm kimidi. Mürsəl əsəbiləşəndə, kimisə yüngülvari danlayanda və yaxud söyəndə gülürlər. Mürsəlin dedikləri tez unudulur.
– Ə, insafın olsun, Elşən, – deyə uca səslə qışqırır qıraqdan, – adıvı da hücumçu qoymusan, o nə təhər vurmaqdı, vurursan, ə?!
Bu sözlər Elşənin heç vecinə də deyil.
– Ə, düz oynayın, ə, – qışqırır, – belə futbol olmur. Bir az canlı oynayın. Yemək yeməmisiz?
Mürsəl o başa gedir, bu başa qayıdır. Özünü televizorda gördüyü narazı baş məşqçilərə oxşadır. Uşaqların üstünə qışqıranda da əl-qolunu gülməli şəkildə yellədir.
– Ə, dörd-dörd-iki oynayın, – deyib guya uşaqlara taktika verəndə də barmaqları ilə rəqəmləri göstərir. Amma stadionda hər komandada doqquz oyunçu var, ona fikir vermir.
***
Bir il sonra, yay tətilində kəndə gələndə danışdılar ki, bir gün kəndin yaxşı futbol oynayan uşaqları yoldaşlıq oyunu üçün qonşu kəndə gedibmişlər. Gedəcəklərini Mürsələ deməyiblər. Heç olmasa bir gün onun səsini eşitmədən oynamaq istəyiblər. Mürsəl yenə saat beşi keçəndən sonra köhnə idman ayaqqabılarını geyinib evdən çıxıb, gəlib stadiona. Amma stadiondakı səssizlik onu təəccübləndirib. Elə o vaxt stadionun arxasındakı qəbiristanlıqda atasının məzarını otdan təmizləyən Maqsud müəllimi görüb soruşub:
– A Maqsud müəllim, sən bilməmiş olmazsan, bu uşaqlar hardadılar?
Maqsud müəllim deyib ki, elə indicə Akifin rafına doluşub yuxarı kəndə getdilər futbola.
Mürsəl heç nə demədən bir yastı daş tapıb oturub üstündə. Fikirləşib ki, heyif, uşaqlar mənsiz uduzacaqlar. İndi kim onlara taktika verəcək?!
Yuxarı kəndə piyada gedə də bilərmiş, əslində. İki-üç kilometr yoldu. Bəlkə, rastına bir maşın da çıxar. Amma sonra fikrindən daşınıb.
“Qoy cəzalarını çəksinlər” deyə keçirib ağlından.
Həmin gün kəndimizin uşaqları yuxarı kəndin uşaqlarını 8-3 hesabı ilə udublar. Bu, Mürsəlin gözləmədiyi bir nəticə olub və bu hadisədən sonra onun futbola bağlılığı bir az azalıb.
İndi Mürsəldən soruşsan ki, ay Mürsəl, futbola baxırsanmı yenə? Cavab verir ki, ə, baxıram e, amma futbolun ləzzəti qaldı keçmişdə. Ronaldinyonun, Zidanın, braziliyalı Ronaldonun vaxtında. İndiki futbol futbol deyil ha. Qumardı.
Əslində, hardasa, düz deyir, amma bu sözləri gərək Mürsəl yox, başqa adam deyəydi. Mürsəl deyir deyə, hamını gülmək tutur.
PROTEZ DİŞLƏR
Yəqin, ata-oğuldular. Qabaqda gedən maşına əl elədilər, saxlamadı. Mənə də əl edirlər. İkisi birdən. Saxlayıb salam verirəm. Qonşu kəndin adamlarıdı. Soruşuram ki, hara gedirsiz? Atanın dili söz tutmur, kəkələyir. Ayaq üstə də güclə dayanır. Heyi yoxdu. Oğlu deyir, rayona gedirik, apara bilərsiz? Cavab verirəm ki, apararam, oturun, elə mən də rayona gedirəm. Ata bir də soruşur ki, rayona apararsanmı? Cavabı oğlu verir. Otur, deyir, ay ata, aparır rayona. Qabaq qapını açır, atasına kömək edir ki, otursun. Zalımın oğlu nə qədər içibsə, özündə deyil. Oturan kimi spirtin iyi vurur. Oğul arxada oturur. Olar hardasa on iki-on üç yaşı. Saçları dağınıqdı. Üzünün dərisi gündə qaralıb. Güzgüdən göz qoyuram. Qara köynək var əynində. Üz ifadəsindən o dəqiqə hiss olunur ki, kefi yoxdu. Bəlkə də, utanır. Bir az gedəndən sonra:
– Niyə gedirsiz rayona? – soruşuram.
Ata artıq yuxu bişirir. Başı sol çiyninə düşüb. Sualıma oğul cavab verir:
– Atamı aparıram.
– Atan niyə bu vəziyyətdə rayona gedir ki? Ayaq üstə dura bilmir.
Bəlkə də, heç nə soruşmasam yaxşıdı. Amma maraqlıdı da. İçmisən, yıxıl yat, hara gedirsən bu fasonda? Deməli, vacibdi getmək, yoxsa getməzlər.
– Atam protez dişlərini bu gün rayonda itirib. Onu axtarmağa gedirik.
Can bala, fikirləşirəm ürəyimdə. Sənin nə yaşın var ki, atanı daşıyırsan indidən? Atanın dünya-aləm vecinə deyil. Astadan xoruldayır. Maşın çala-çökəyə düşdükcə o da yerində yellənir.
– Heç olmasa bilirsiz ki, harda itirib?
– Hə, – deyir oğul, – günorta bir kafedə yeyib-içiblər, deyəsən, elə o kafedə düşüb. Ora gedirik.
– Birdən orda olmasa neyləyəcəksiz? – soruşuram. Şər deməsən, xeyir gəlməz.
– Bilmirəm.
Bir az susmağa qərar verirəm. Sakitlik yaranır. Təxminən on iki-on üç il əvvəl çəkilmiş asfalt dağılıb pis günə düşüb. Elə bil maşın sürmürəm, telefonda hansısa oyunu oynayıram, çalaya düşsəm, uduzacam. Halbuki bu asfalt təzə çəkiləndə kənddən rayon mərkəzinə iyirmi dəqiqəyə çatmaq olurdu. İndi otuz beş-qırx dəqiqə çəkir.
– Atan həmişə belə çox içir? – dinc dayana bilməyib soruşuram.
– Tez-tez.
– Hər dəfə piyan olanda nəyinisə itirir?
– Yox, – deyir oğul.
Gözüm güzgüdə, oğula baxdığım yerdə maşın iri bir çalaya düşür. Ata yuxudan ayılır. Ayılan kimi də deyir ki, axırıncı dəfə olsun, bir də içməyəcəm. Dediklərini güclə başa düşürəm. Yenə oğula baxıram. Oğul bu cümləyə əhəmiyyət vermir. Hər halda, hər dəfə içib bu kökə düşəndə eyni sözləri deyir. Bir də içməyəcəm. Amma içir.
Ata yenə yuxulayır. Yenə başı sol çiyninə düşüb.
Oğul narahat oturub. Arxaya söykənmir. Narahatlığı imkan vermir ki, arxaya söykənsin.
– Ürəyini sıxma, – deyirəm, – tapılacaq, inşallah.
Dinmədiyini görüb onun nigaranlığını, narahatlığını azaltmaq üçün əlavə edirəm:
– Mənim də rayonda beş-on dəqiqəlik bir işim var, işimi görüm, elə mənimlə qayıdarsız dala.
Yenə dillənmir.
Gedirik. Ata xoruldayır.
Oğul narahatdı.
Öz-özümə fikirləşirəm ki, bir adamın protez dişləri necə itə bilər? Ağzından çıxıb dişlərin yerə düşə, xəbərin olmaya. Bəlkə də, özü çıxarıb qoyub harasa, sonra da unudub.
Sərt döngələrin birində yuxulu ata üstümə aşır. Başı sükana dəyəndə ayılır. Oğul üstümə aşmış atasını dikəltmək üçün mənə kömək edir. Bir əlimlə sükanı tutmuşam, bir əlimlə atanı.
Ata əvvəlki vəziyyətinə qaytarılır.
– Adın nədi? – soruşuram oğuldan.
– İlkin.
– Neçədə oxuyursan?
– Yeddidə.
– Yaxşı oxuyursan?
– Belə də. Yox. Başıma girmir. Oxuya bilmirəm.
– Bəs nə olmaq istəyirsən?
– Polis.
– Niyə polis?
– Bilmirəm. Xoşum gəlir.
– Atan nə işləyir bəs?
– İşləmir. Mal-qaramız var. Bir az da qoyun-quzumuz. Elə onlara baxır.
– Həə, – deyirəm, – o getdiyimiz kafenin adı nədi? Rayonun harasındadı?
Güzgüdən gözlərimə baxır. Bilmir. Atasını silkələyib soruşur:
– Ata, kafenin adı nədi?
– Hııı, – zırıldayır atası.
– Kafenin adı nədi?
– Dostluq, – güc-bəla ilə deyir.
– Hə, tanıyıram oranı, – deyirəm. Bilmirəm oğula necə təskinlik verim. Hansı sözlərimlə onu bir az rahatladım. Allah bilir, ürəyində nələr çəkir. Qorxur hər halda. Birdən dişlər tapılmasa, nə olacaq? Kafedə deyilsə, harda axtarmaq lazım olacaq? Özümü onun yerinə qoyuram. Çətindi. Heç kim onun yerində olmaq istəməz.
Rayona çatırıq. Birbaş həmin kafenin önünə sürürəm maşını.
– Çatdıq, – deyirəm. Oğul maşından düşüb qabaq qapını açır.
– Oyatma, – deyirəm. – Gəl özümüz girib soruşaq.
Oğul qapını bağlayıb arxamca gəlir. Kafeyə daxil oluruq. Kafenin sahibinə oxşar görkəmdə olan kişinin yanına gəlirik.
– Dayı, salam, – deyirəm.
– Əleyküm-salam, – deyib üzümə baxır.
– Dayı, – deyirəm, – bu gün burda müştərilərinizdən kiminsə dişləri qalmayıb ki? Protez dişlər.
Dayı gülümsəyib deyir:
– Həə, qalıb. – Sonra açıq qapıdan içəri uca səslə haylayır: – Cavad, gətir o dişləri bura.
Arıq bir oğlan salfet kağızına bükülmüş dişləri gətirir.
– Baxın görək bunlardı? – dayı bükülü salfet kağızını açıb bizə göstərir.
– Hə, – deyirəm, – bunlardı.
– Alın onda.
– Çox sağ olun, dayı, – deyirəm.
– Sən Allah, kimin protezidi bu? – soruşur dayı.
– Yiyəsi maşında yatıb. İstəyirsiz gəlin baxın.
Dayı arxamızca gəlir. Qabaq oturacaqda yatmış kişini görüb pıqqıldayır.
– Məzən olsun, ay Rövşən, – deyir. Gülür və gedir.
– Atanın adı Rövşəndi? – soruşuram oğuldan.
– Yox, – deyir.
Onda Rövşən hər kimdisə, protez dişlərin itməyinin səbəbkarıdı. Ağlıma başqa heç nə gəlmir.
– Gəl kömək elə atanı oyadaq, keçirək arxaya. Rahat yatsın. Sən də qabaqda otur.
– Yaxşı, – deyir və birtəhər dediyimizi edirik.
Oğul oturur qabaqda.
– Kiçik bir işim var, – deyirəm, – gedək, onu həll edim, sonra qayıdaq evə.
– Yaxşı.
Oğulun çiynindən böyük bir dağ götürülüb, elə bil. Bayaqkı narahatlığı yoxa çıxıb. Sevinirəm. İşimi tez həll edirəm və kəndə tərəf yola düşürük.
– Dişləri neylədin? – deyə soruşuram.
– Cibimdədi.
– Ehtiyatlı ol, sındırarsan.
Cibindən protezi çıxarıb əlində saxlayır. Protezi elə tutub, sanki, atasının əlindən tutub.
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)
Mir Cəlal adına V Hekayə Müsabiqəsi mükafatçılarının hekayələri
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Bir müddət idi ki, seçmə hekayələr “Ədəbiyyat və incəsənət” portalınada yayımlanırdı. Bu həftədən etibarən mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim edilir.
3-CÜ YER
XATİRƏ NURGÜL
“BİLALIN QAYIDIŞI”
Kәndi duman bürümüşdü. Şehdәn islanmış torpaq yupyumşaq idi. Bilal hәr sәhәr atı Qarağacı suvarmağa aparırdı. Qarağacın buğlanan nәfәsi suya toxunur, suyun üstündә sükut dolanırdı. Kәndin günәşi, tozlu-palçıqlı yolu, kürәdә bişәn çörәyin әtri – bunlar Bilalın dünyasının sәrhәdlәri idi. O, çayın sahilindә saatlarla oturar, yerdәn tapdığı çınqılları suya atar, çınqılların suda yaratdığı halqalara uzun-uzadı baxardı. Bu dәfә dә atı minib meşәyә getdi. İçindә qәribә bir nigaranlıq vardı. Sanki harasa tәlәsirdi. Hara? Bunu özü dә bilmirdi. Çayın kәnarında dayanıb suya baxdı, baxdı. Suda görünәn әksi ona “gәzmәk, yaşamaq, dәyişmәk lazımdır” – deyirdi... Kәndin qocaları deyәrdilәr: “Şәhәrdә pul var, Bilal. Orda iş var, hәyat var”. Bilal gülәrdi, amma hәmin gecә yata bilmәzdi. Kәndin ulduzlu sәması ona bәzәn kiçik görünürdü, ulduzlar sayrışırdı, amma heç birinin işığı içinә çatmırdı. Axşam ocağın yanında oturanda atası bir söz demişdi: “Oğul, bu torpaq sәni saxlasa da, doyura bilmәz”. Elә hәmin an Bilal qәrarını vermişdi – şәhәrә gedәcәkdi. Sәhәri gün atını satdı. Anası ağladı: “Atı satmaq – evin nәfәsini satmaq kimidir”. Bilal dinmәdi. Hәmişәlik ayrıldığı Qarağacın yalı külәkdә oynayarkәn içindәn bir şey qopdu. Amma nә olduğunu başa düşmәdi. Belәcә, Bilal kәnddәn çıxdı. Torpaq ayaqlarından yapışdı. Sanki “getmә, qal” – deyә yalvardı torpaq. Amma o getdi, rütubәt qoxusunu, çayın sәsini, atın hәnirtisini geridә qoyub getdi. Avtobusdan düşәndә sәrt külәk şapalaq kimi üzünә çırpıldı, amma ona elә gәldi ki, bu, azadlıqdır. Şәhәrә çatanda onu heyrәtlәndirәn ilk şey göydәlәnlәr oldu. Sanki bu nәhәng tikililәr buludlara toxunmaq üçün ucaldılmışdı. Kәnddә göyә baxarkәn gördüyü yeganә işıq ulduzlar idi, burada isә hәtta ulduzlar da göydәlәnlәrdәn süzülәn işıqların çoxluğundan, parıltısından utanırdı. Bilal özünü cılız hiss etdi, amma bu cılızlığın içindә qәribә bir istәk vardı: böyümәk, dәyişmәk, şәhәrli olmaq. İlk günlәr hәr şey ona maraqlı gәlirdi – metro sәsi, avtomobillәrin işıqları, küçәdәki qәlәbәlik. Hamı harasa tәlәsirdi, amma heç kim heç hara çatmırdı. Bilal da onların arasında addımlayırdı. Cibindә bir az pul, ürәyindә böyük arzular. İş tapmaq çәtin olmadı. Onu tikintiyә fәhlә götürdülәr. Heyrәt yaradan göydәlәnlәrin tikintisindә işlәyәcәkdi.
Әllәri qabar bağlayır, bәdәni yorulurdu. Axşamlar uca binanın üstündәn şәhәrә baxırdı. Aşağıda minlәrlә işıq yanırdı. Amma o işıqların heç biri Bilalın deyildi. Gecәlәr tәk qalanda qulağına nәnәsinin sәsi gәlirdi: “Su iç, Bilal, bulaq suyu dadlı olur”. Amma plastik butulkadakı bulaq suyunun nә dadı vardı, nә ruhu. Bir dәfә işdәn sonra tanışları onu әylәncә klubuna apardılar. Musiqi, sәs-küy, parıltı, gülüşlәr… hamısı bir-birinә qarışmışdı. Bilalın başı gicәllәndi. Onda düşündü ki, bәlkә dә әsl hәyat elә budur – sürәtli, gurultulu, işıqlı. Öz-özünә dedi: “Hә, artıq mәn dә şәhәrliyәm”.
***
Bilal artıq neçә ildi şәhәrdә yaşayırdı. Geyimindәn, danışığından, baxışından kәndi silib atmaq istәyirdi. Bәzәn güzgüyә baxanda özünü tanımırdı. Fәhlәlikdәn ustalığa yüksәlmişdi. Babat pul qazanırdı, amma içindәki boşluq getdikcә daha da dәrinlәşirdi. Bir qız vardı... Bilal ona baxanda içindә qәribә bir istilik yaranırdı, amma onunla danışanda sanki sözlәri baş-ayaq deyirdi. Qız eynәn şәhәr kimi idi – sәliqәli, gülәrüz, inadkar, soyuq. Bilal onun baxışlarında heç vaxt sәmimiyyәt görmәdi. Qız bir dәfә gülümsәyib demişdi: “Sәn çox sakit adamsan”. Bilal isә gülümsәyә bilmәmişdi. Vaxt keçdikcә şәhәr Bilalı özünә oxşatdı: o da şәhәr kimi hәr an tәlәsirdi. Bir gün tikintinin damında dayanıb aşağı baxdı, yollar insan seli ilә dolu idi. Birdәn içindә bir sәs eşitdi. Bu, çayın şırıltısı idi. Әllәri ilә qulaqlarını tutdu, amma sәs kәsilmәdi. O an anladı ki, kәndin sәssizliyi bu sәs-küylü şәhәrdә belә onun yol yoldaşı olacaq.
Bilal artıq üç ildi şәhәrdә idi. Qızla görüşlәr azalmışdı. Bәzәn bir kafedә sәssizcә oturardılar. Qız telefona baxardı, Bilal pәncәrәdәn çölә. Bir dәfә qız soruşdu:
– Niyә hәmişә uzaqlara baxırsan?
Bilal gülümsәdi: – Bilmirәm. Bәlkә dә orada özümü axtarıram.
O, kәnddәn danışmağa cәhd etdi. “Bizdә axşamlar evlәrin içindәn çayların sәsi gәlirdi”. Qız üzünü yana tutdu: “Maraqlıdır”. Vә susdu. Bilal o an anladı ki, doğrudan da bәzi sәslәr şәhәrdә eşidilmir. Bir gün güclü yağış yağdı. İş saatı idi. Bütün fәhlәlәr qaçdı, Bilal damda qaldı. Üzünü göyә tutmuşdu. Yağış damlaları alnına dәyirdi, o isә gözlәrini yumub kәndi düşündü: palçığın qoxusu, yağışdan sonra torpağın nәfәsi, Qarağacın burnundan çıxan buğ... Bütün paltarları islanmışdı, amma içindә qәribә bir tәmizlik hiss etdi, sanki şәhәrin kiri-pası yuyulmuşdu. Axşam qızdan ismarış gәldi: “Biz bir-birimizә uyğun deyilik”. O, әvvәl uzun-uzadı telefona, sonra pәncәrәdәn şәhәrә baxdı. Hәmin axşam yuxuda gördü ki, kәnddәdır. Çayın suyu bulanıb, Qarağac yuxuya gedib, anası onu çağırır, amma sәsi gәlmir. Oyananda üz-gözü dә, balışı da islaq idi. Hәmin sәhәr Bilal qәrar verdi: qayıtmaq lazımdır. Bilal kәndә qayıdanda payız idi.
Yollar yağışdan palçığa bürünmüşdü, ağacların yarpaqları saralmışdı, sanki hәr biri bir köhnә xatirәni xatırladırdı. Kәndә çatanda torpağın qoxusu burnuna doldu. Qәlbindә nәsә oynadı, elә bil illәrdir susmuş uşaq danışmaq istәyirdi. Hәr şey eyni idi – ev, dağ, yol. Bilal dәyişmişdi. Әllәrini torpağa toxundurdu, amma torpaq sanki yadlaşmışdı. Qapı aralığında rәhmәtlik nәnәsinin toz basmış köhnә sandığı dururdu. O, әyilib sandığın üstünә әlini qoydu, amma istilik yox idi. Kәnddә qonşu ilә rastlaşdı. Hal-әhval tutdu. Qonşu Bilalı tanımadı. – Kimsәn, kimlәrdәnsәn, ay oğul? Bilal gülümsәdi: – Mәnәm. Bilalam. Başını yellәdi: – Ay Bilal, nә yaman dәyişmisәn, elә bildim şәhәr adamısan.
Sәhәr açılar-açılmaz, çayın sahilinә endi. Su yenә axır, amma sanki başqa dildә danışırdı. Әllәrini suya saldı. Su yad idi. Gözlәrini yumdu. Külәk kәndin sәsini gәtirirdi. Köhnә qapıların cırıltısı, itlәrin hürüşmәsi, uzaqda bir uşaq gülüşü. Amma bu sәslәr artıq onu tanımırdı. Bilal ayağa qalxıb meşә yoluna tәrәf getdi. Bir vaxtlar Qarağacı sürdüyü, gәncliyinin qoxusunu daşıyan o cığırı indi ot basmışdı. Qarağac sanki hardasa kişnәdi. Bilal әtrafa baxdı, amma o, yox idi. O, kәndlә şәhәr arasında dayanmışdı, bir tәrәfdә işıqsız, amma isti torpaq, o biri tәrәfdә parlaq, amma soyuq binalar. Bir neçә gün kәnddә qaldı. Hәr sәhәr eyni sükut, eyni sәssizlik. Artıq sakitlik dә ona rahatlıq vermirdi. Gözlәrini göyә qaldırdı: ulduzlar parlamırdı. O an başa düşdü ki, nә kәndә, nә şәhәrә dönә bilәr. Çünki hәr ikisi onun içindә olsa da o, heç birinә aid deyil.
Günәş şüaları ilә yeri salamlayırdı. Torpaq isә hәlә dә rütubәtli idi. Bilal yavaşca ayağa qalxdı vә bir addım atdı, sonra daha bir addım… Vә o, yoxa çıxan sәs kimi torpağa, suya, külәyә qarışdı.
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)


