MARAQLI SÖHBƏTLƏR – Öz yaralılarına qorxudan yaxın durmadılar, amma türk durdu Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Türkiyənin Gelibolu yarımadasının cənub qurtaracağında çox maraqlı bir abidə var. Onun postamentində yazılmışdır: “Mehmetçiyə hörmət abidəsi”. ( Mehmet türk ordusunun sıravi əsgərlərinə verilən addır). Bu heykəltəraşlıq kompozisiyası Birinci Dünya Müharibəsinin qanlı hadisələrinə həsr olunub və ingilis əsgərlərinin geyimində olan bir yaralı şəxsi ehtiyatla aparan türk əsgərini təsvir edir.

 

Bu abidə  türk heykəltəraşı Tankut Ektemin 1997-ci ildə Eceabat şəhəri yaxınlığında qızğın döyüşlərin getdiyi yerdə ucaldılmış və Çanaqqala döyüşünün maraqlı epizodlarından birinə həsr olunub.

Həmin döyüş zamanı ingilislərə dəstək verən Avstraliya və Yeni Zelandiya ordu korpusu  var qüvvələri ilə  vuruşaraq, türk ordusunu  Çanaqqala boğazına sıxmağa çalışırdı. Hücumlar bir-birinin ardınca davam edirdi, türklər isə son gücləri ilə müdafiə olunurdular.

Növbəti uğursuz hücumdan sonra hər iki tərəf yenidən  döyüşə hazırlaşmaq üçün sakitləşir. Səngərlərdən ancaq nadir, təsadüfi atışların səsi  gəlirdi. Bu vaxt neytral zonada bir yaralı avstraliyalı zabit qalmışdı. O, inildəyib yoldaşlarını çağırdı, amma nahaq yerə: avstraliyalı əsgərlərdən heç biri həyatını  riskə ataraq  ona yaxınlaşmaq və düşmənin asan hədəfinə çevrilmək istəmirdi...

 

Gerisi isə bir türk insanının döyüşdə necə sərt olsa da insanlıqda necə ali olmasına işarədir:

...Bu zaman  türk qoşunları atəşi dayandırır və səngərdən köynəyini ağ bayraq edərək qaldıran bir türk əsgəri qalxır. Hər iki tərəfin sükutla izlədiyi bu mənzərədə, türk əsgəri  yaralıya yaxınlaşır, ehtiyatla onu qaldırır və düşmən səngərlərinə tərəf apararq, yaralını onlara təhvil verir. Sonra isə yenidən öz səngərinə qayıdır. Məhz bu hadisə türk və avstraliyalı döyüşçülərin münasibətlərində dönüş nöqtəsi olur.  Türk əsgərinin bu alicənablıq hərəkətdən sonra hər iki tərəfin əsgərləri vaxtaşırı səngərlərdən bir-birlərinə zarafatlaşmağa və siqaretlər atmağa, həmçinin yaralı və ölülərini  atəş zonasından çıxarmaq mümkün olsun deyə, atəşkəs  təşkil etməyə başladılar.

 Rəsmi versiyaya görə, sıravi bir türk  əsgəri tərəfindən, ona düşmən olan  yaralı avstraliyalı zabitin xilas etməsi  Türkiyədə Çanaqqala döyüşünün bütün iştirakçılarına hörmətlə yanaşma ənənəsi doğurdu. Həqiqətən də bu abidə yaradılandan bəri bir dənə də olsun vandalizm hadisəsi qeydə alınmamışdır. Əsgərlərinin xatirəsini ehtiramla yad etməyə gələn türklər öz soydaşlarının məzarlarına, eləcə də ingilis, fransız, avstraliyalı və yeni zelandiyalıların da dəfn edildiyi  məzarlara eyni qayğı ilə yanaşırlar.

Qeyd edək ki, türklərin özlərinin Çanaqqala döyüşü adlandırdıqları və Gelibolu döyüşü kimi tarixə düşən genişmiqyaslı hərbi əməliyyat 1915-ci ilin fevralında başlayıb və bir ilə yaxın davam edib. Antanta ölkələri Çanaqqala boğazını ələ keçirməli idilər və İstanbulu almağı planlaşdırırdılar. Əməliyyatın əsas məqsədi Türkiyəni müharibədən çıxarmaq və Türkiyə boğazlarından Rusiyaya dəniz yolu açmaq idi. Çanakkala döyüşü Birinci Dünya Müharibəsinin ən amansız və qanlı döyüşlərindən biri oldu. Bu döyüşlərdə müttəfiq ordusunun (yəni ingilislər, fransızlar, avstraliyalılar və yeni zelandiyalılar) ümumi itkiləri 302 000 nəfər təşkil etdi. Osmanlı İmperiyası bir qədər az – 250 000 əsgər itirdi. 

Antantanın Çanaqqala əməliyyatı fəlakətli uğursuzluğa düçar oldu. Böyük Britaniya Admirallığının Birinci Lordu Uinston Çörçill isə əməliyyatın təşəbbüskarı kimi istefa verməyə məcbur oldu.

Çanaqqala döyüşünün türk xalqının tarixi yaddaşında həm də ona görə xüsusi əhəmiyyəti var ki, Çanaqqalanın müdafiəsinin təşkilatçılarından biri Türkiyə Cümhuriyyətinin qurucusu və prezidenti  Atatürk Mustafa Kamal idi.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.