Super User

Super User

Çərşənbə axşamı, 21 İyul 2026 11:32

Hələ bilmədiyimiz çox şey var

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

 

Hələ bilmədiyim çox şey var, deyəsən. Həyat belə bitir, demək.

Bilik və bilgisizlik arasında...

 

Bizi ayaqda tutan həyatın bizə verdiyi zaman deyil, zamana sığdıra bildiklərimiz, bilmədiklərimiz, inanclarımız, səhvlərimiz, doğrularımız, bəlkə də, heç biridir.

Dünya çoxdur. Hər insanın öz dünyası var. Dünya heç zaman tək olmadı. Hər yox olanın ardından yeni bir yaşam var oldu.

Var olmaq yalnız olduğun yerdə yaşamaq deyil, yaşamın içində özünü tapmağa çalışmaqdır. Hansı dünyaya aid olduğunu hiss etməkdir. İnsan hər dünyaya aid olmağa məcbur deyil. Aid olduğu yeri özünəxas yaratmağı bacarmalıdır.

Həyat hər zaman sirlidir. Bu, yaşamın ilk vaxtlarında da, indi də, gələcəkdə də belə olacaq. Nə insan həyatı tam öyrənə biləcək, nə də həyat insana sonsuz yaşam vəd edəcək.

Bəlkə ən xoşbəxt anımızda, bəlkə ən kədərli anımızda, bəlkə də heç gözləmədiyimiz anda həyat bizim üçün sona çatacaq.

Amma biz o günün nə vaxt gələcəyini bilmirik.

Həyat belə bitir, demək...

Hələ bilmədiyimiz çox şey var...

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Çərşənbə axşamı, 21 İyul 2026 12:28

İnsan, sən özünü kifayət qədər tanıyırsanmı?

Varis,

“Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru

 

Bir gün dar-dolanbac küçələrin birində əcaib-qəraib görkəmdə bir insanla rastlaşan hər kəs üz-gözünü turşudar, rastlaşdığının üfunətli nitqini dinlədikcə iyrənib oradan uzaqlaşmaq istəyər, “bu murdar məxluq kim imiş, İlahi” deyə şikayətlənər də. 

Və ağlına belə gətirməz ki, “murdar məxluq” dediyi elə onun özüymüş.

 

Necə?

Çox sadə.

Allah hərdən bizləri haradasa özümüzlə üzləşdirir, maskalı haldakı özümüzdən o qədər müştəbehik ki, maskasız özümüzü görəndə ağız büzürük. 

Tək-tük adam bu zaman özünü tanımaq iqtidarındadır. 

TRANSFORMASİYA - İNDİ BİZƏ ƏN VACİB OLAN NƏSNƏDİR.

 

Özünü tanımaqdan sonra isə özünəqayıdış mərhələsi gəlir. Pissənsə, yaxşılığa dəyişirsən, yaxşısansa, daha da yaxşılaşırsan.

Özünəqayıdışda əsas olan isə əslini, kökünü tanımaqdır, daha dərinə getsək, xalqının irsinə, mədəni-mental xüsusiyyətlərinə bələd olmaqdır, dəyərlərlə silahlanmaq, kamilləşmək, yarımçıqlıq, natamamlıq komplekslərindən qurtulmaq, bütövləşməkdir.

Bir sözlə, "İnsanın özünəqayıdışı" fəlsəfədə dərin və çoxşaxəli bir anlayışdır. Bu termin həm fərdi, həm də kollektiv səviyyədə insanın mənəvi, zehni və mədəni köklərinə, varlığının mahiyyətinə doğru dönüşünü ifadə edir.

Müxtəlif fəlsəfi məktəblər və düşünürlər bu anlayışı fərqli formalarda izah etmişlər.

1. Egzistensializm kontekstində

Egzistensialist filosoflar, xüsusilə Jean-Paul Sartre, Martin Heidegger və Søren Kierkegaard, insanın öz varlığı ilə üz-üzə qalmasını, "özünəqayıdış" kimi qiymətləndirirlər. Onlara görə, insan gündəlik həyatın "qeyri-özgə" axarında (Heidegger-in termini ilə "das Man", yəni "hamı kimi yaşamaq") itə bilər. Özünəqayıdış isə insanın "həqiqi varlığına" dönməsi, öz məsuliyyətini və azadlığını dərk etməsi ilə baş verir.

2. Sufizm və Şərq fəlsəfəsində

Şərq fəlsəfəsində, xüsusilə İslam fəlsəfəsi və sufizmdə, özünəqayıdış "özünüdərk", "nəfsin saflaşdırılması" və "Tanrıya doğru dönüş" ilə bağlıdır. Nəsimi, Əl-Qəzzali, İbn Ərəbi, Mövlana kimi dahilər insanın "zatına", yəni ilahi mənşəyinə dönməsini mənəvi bir yüksəliş kimi izah edirlər. Bu, dünyəvi ehtiraslardan uzaqlaşaraq "həqiqi mən"i tapmaqdır.

3. Carl Jung və psixoloji baxış

Jungun "individuasiya" anlayışı insanın öz şüuraltı ilə üzləşərək bütöv bir şəxsiyyətə çevrilməsini izah edir. Bu proses də "özünəqayıdış" sayılır. Yəni insan sosial rollardan və maskalardan sıyrılıb öz daxili "öz"ünə qayıdır.

4. Postmodernist yanaşma

Postmodernist düşüncədə "özünəqayıdış" bəzən tənqid olunur. Çünki "öz" anlayışı sabit və dəyişməz bir substansiya kimi qəbul edilmir. Burada daha çox "özünü yaratmaq" və ya "özünü yenidən qurmaq" ideyaları önə çıxır.

5. Azərbaycan konteksti – Şəxsiyyət və milli kimlik

Azərbaycan mütəfəkkirlərindən Heydər Hüseynov, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadəkimi isimlərin düşüncəsində "özünəqayıdış" milli oyanış və maarifçilik kontekstində dəyərləndirilir. Bu, insanın milli-mədəni kimliyinə və mənəvi dəyərlərinə dönüşü kimi anlaşılır.

İnsanın özünəqayıdışıfəlsəfədə, ümumilikdə, onunöz varlığını, mənəviyyatını, azadlığınıvəmahiyyətini dərk etmək, yadlaşmadan qurtulmaq və "həqiqi mən"inə dönmək prosesi kimi izah olunur. Bu, həm fərdi, həm də ictimai-mədəni bir axtarışdır.

İnsan, sən özünü tanıyandan, özünə qayıdandan sonra heç vaxt dar-dolanbac küçələrin birində əcaib-qəraib görkəmdə bir insanla rastlaşmayacaqsan ki, üz-gözünü turşudasan.

Bu isə sənin qələbəndir. 

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

 

 

Çərşənbə axşamı, 21 İyul 2026 17:16

Liderlik qanunları, nömrə 9

“Ədəbiyyat və incəsənət” portalında!  

Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallara cavab.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.       

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

9.Maqntizm qanunu

«Siz özünüz kimi olanları cəzb edirsiniz»

 

Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.

Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.

İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

 

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gündən etibarən 3 gün ardıcıl sizlərə Mübariz Cəfərlinin 3 hekayəsi təqdim ediləcək.

İkinci hekayə “Qəvvas” adlanır.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

                                        

MÜBARİZ CƏFƏRLİ                                                 

QƏVVAS

Balıqlara

 

          ...Deyirsən bəzən təsadüfən, bəzən də bilə-bilə yiyəsiz heyvanları incitdiyimə görə əzab çəkirəm, çünki bu adi incitmək deyil, köməksiz heyvanlar ölürdü gözümün qabağındaca...

          Sənin sözlərini adda-budda yadına salım: yeniyetmə vaxtı çayda iki balaca balıq tutmusan, balıqları ovcunda sıxıb öldürəndən sonra suya atmısan. Bax, burası anlaşılmazdı; madam tutduqlarını təzədən çaya atıb həyat bəxş eləmək istəyirdin, niyə  öldürürdün? Sonra da gün batanacan suyun üzündə qalan balıqlara baxıb pərişan olurdun? Yəqin, ağlın kəsməyib, yoxsa belə iş tutmazdın. Bir də ki, qəm yemə, cəmi bəşər xırtdəyəcən günah içindədi, sən o zaman uşaq olmusan, sənin günahın da bəzilərinin elədiklərinin yanında elə, həqiqətən, uşaq oyunudu. Düz deyirsən, bu təsəlli sənə haqq vermir ki, özünə: “aydan arı, sudan duru” kimi baxasan, amma bəri başdan içini yeməyə də lüzum yoxdu, ən sərfəlisi belə düşünməkdi ki, deməli, o balıqların yazısı da elə yazılıbmış, oracanmış... İraq-iraq, dəryaya atılmış müqəddəsi qarnında hifz eləyən balığı ovcunda sıxıb axırına çıxmamısan ki, bir ömür  içini didib parçalayasan, nə keçmişə çox aludə ol, nə gələcəyin dərdini çək, çalış, bacar bu gününü rahat yaşa. Sonrasına Allah kərimdi...

          Nə bilmək olar, bəlkə, xudavəndi-aləm  məxluqatı  qurtula bilməyəcəyi bəladan qurtarmaq, hifz eləmək üçün öldürür? Bəlkə, sən o balıqları öldürməsəydin, başqası tutacaqdı, öldürmək bir yana, tavaya atıb qızardacaqdı, həzmi-rabedən keçirəcəkdi... Gülmə, gülmə, düzünü deyirəm, bir var ölüb canını qurtarasan, bir də var, əsl zırıltın öləndən sonra başlaya; qızardılasan, yeyiləsən və ilaxır... Kim istəyər ki, onu qızardıb yesinlər, şişə çəksinlər, bişirsinlər?..

          Görürsən, bütün günühlara haqq qazandırmaq mümkündü, dərinə getsən, özünə ziyan verəcəksən, bir də görəcəksən ki, dəli olub düşmüsən çöllərə... Elə mən özüm, həyəti, bağ-bağatı şumlayanda, sulayanda, elə gəzməyə çıxıb aram-aram yeriyəndə bilmədən o qədər qarışqanı, cücünü tapdalamışam ki... Ayağımın altında o qədər canlı qalıb ki... Sənin kimi fikirləşsək, gərək yaşamayaq, yeriməyək, qanadlanıb uçaq, ya da ki, buludların üstündə gəzək... Ərz eləyirsən ki, mənim dostum-düşmənim yoxdu, adamlardan zəhləm gedir, onlardan qaçıram, mənimki heyvanlardı, qanadlılar, dördayaqlılar, cücülər, digər canlılar... Bəs, ata-anana, qohum-qardaşına necə baxardın? Başını aşağı salma, nolar uşaq evində böyüyəndə, bəlkə, hardasa yaşayır, sağdı sənin valideynlərin? Bu dünyada ən ağlasığmaz şeyə belə hökmlə: “ola bilməz!” – deməyin özü ağılsızlıqdı. Lap belə ata-anan olmasın, səni bir böyüdən, ağlayanda başına sığal çəkən olub, ya yox? Demə ki, qapazaltı olmusan bu vaxtacan, dünya xali deyil, tək-tənha, heç kəsin köməyi olmadan özünə  pis-yaxşı gün-güzaranı nə təhər düzəldərdin? Yıxılanda sənə əl uzadan, ayağa qaldıran olub, həlbət ki... Yoxsa, sayılıb-seçilən “svarşik” də ola bilməzdin. Açıb ağartmaq da yaxşı düşmür, elə mən özüm də az əl tutmamışam sənə, nolar, halal xoşun olsun, əl tutmaq Əlidən qalıb, yaxın qonşu uzaq qohumdan irəlidi, deyiblər... Hər nə isə, bilirsən də,  bizim dildə nə deyirlər, sənin sənətinin adına? Hə, hə, qaymaqçı... Tfu, lənət şeytana, çaşdırdın məni də, qaymaqçı yox e, qaynaqçı... Məxluq sənin başına and içir, hamı istəyir ki, sən yola verəsən həyət-bacasındakı işləri, çünki əllərin qızıldı, sənin  bir-birinə qaynaqladığın dəmir-dümür məhşərəcən ayrılmaz, sənin yerinə kim olsaydı, evinin sütunu da əllərinə bənzəyərdi, sənsə tənbəlsən, bir gün işləyəndə bir həftə əlini ağdan qaraya vurmursan, papağını günə yandırırsan, qazandığını da verirsən o zəhrimar arağa, içib başlayırsan toz-torpaq içində ağnamağa, yaxanı cırıb göz yaşı axıtmağa ki, ay camaat, məni dara çəksəz də azdı, mən haçansa, it ilində  iki balaca balığı ovcumda sıxıb öldürmüşəm, mən, nə bilim, pişik balasının quyruğunu tapdalamışam, yiyəsiz itə təpik vurmuşam, qanımı sorub atamı yandıran ağcaqanadı şapalaqlamışam, zəhrimardan içib hakim gözündə gördüyün ikiayaqlı məxluqun imkanı olsa, nəinki balığı, toyuq-cücəni, bütün dünyanı “hop” eləyib birudquma yeyər, üstündən rahatca su da içər, adamlar beş-üç manata görə bir-birini şaqqalayır, sən də düşmüsən ortaya ki, sahibsiz it-pişiklər belə gəldi, balıqlar belə getdi... Belə rəhimlisənsə, yemə də mal-heyvan, qoyun-quzu, toyuq-cücə ətini, elə yavan çörəklə, düyü ilə, göy-göyərti ilə, meyvə-tərəvəzlə başını girlə, gününü keçirt... Keçirə bilməzsən axı, ay xətəkar, arağın yanında ət, balıq olmadısa, day nə ləzzəti?..

          Yaxşı yadıma düşdü,  sənin kimi sənətkarın bu birgözlü daxmaya sığışmağı el-camaatdan ayıb deyil bəs nədi, özünə gün-güzaran düzəlt dedim, arvad əvəzinə it-pişiyi doldurdun həyət-bacana, qazandığını arağa verdin, it-pişiyin qarnını doyuzdurdun, xətrinə dəyməsin, indi bu evdən, həqiqətən, it iyi gəlir, hansı ağlı başında olan qız-gəlin yaxın durar sənə, ay evi tikilmiş? Demirəm a, pis iş görürsən, yiyəsiz heyvanları doyuzdurmaq, onlara kömək eləmək savabdı, dünya yumrudu, axirət qalsın bir qırağa, elədiklərinin bəhrəsini hökmən elə üzü bəridə görəcəksən, buna zərrəcə şəkk-şübhən olmasın, amma hər şeyin bir həddi var, ifrat həmişə, hər yerdə qüsurdu, əstəğfürullah, biz yaradandan çox bilə bilmərik ki... Lazım gələndə, məqamı yetişəndə göydəki kişi yoluna qoyur hər şeyi... İstər heyvanlar olsun, istər sıx meşədəki kiçik bir yarpaq...

          “Hamını bəzər, özü lüt gəzər”, – deyiblər sənin kimi əhli-keflərə, itdən-pişikdən nə fayda, sən özünə gün ağla, həyət-bacanı təmiz saxla, yaxşı ev-eşik tik, içib küçələrdə yatıb qalmağı yığışdır, yaşın keçir, bir də ayılıb görəcəksən ki, ömür gedib, əzrayıl da qılıncını qaldıraraq dayanıb sənin başının üstündə ki, düş qabağıma, vaxt-vədə tamamdı... Onda neyniyəcəksən, ay yazıq?.. Kim ağlayacaq sənnən ötrü?.. Mehrini sahibsiz heyvanlara salmağına bir söz demirəm, and olsun oxuduğum “Quran”a. Deyirlər, o dünyada o heyvanlar dil açıb şəhadət verəcək adamlar haqqında ki, bəs, bəndələr yox yerdən bizi incidib, axı Allah bizi onlara tapşırmışdı, ikiayaqlılar isə tapşırılana, əmanət olunana doğrudan-doğruya it zülmü verdilər. Sözsüz, haqqüçünə desəm, bu əməlin savabdı, fəqət bədən də Allah əmanətidi axı, öz evin cəhənnəm, nədən bədəninə zülm eləyib ruhunun evini üfunət yuvasına döndərirsən?..

          Eh, hırıldama, mənim nə vecimə, can sənin, cəhənnəm, tanrının, di gəl, yenə sənə nəsihət eləyirəm, ta o vaxtacan səndən əl çəkməyəcəm ki, sən o araq zəhrimardan əl çəkib din-imana gələsən, evlənib arvad-uşaq sahibi olasan... Mən də sənə düz yol göstərməsəm, kim göstərəcək?.. Ayıl, ayıl, silkələn, keçmişinin üstündən qələm çək, özünə gəl...

          Hə, arvad-uşaq dedim, qəfil ağlıma gəldi,  arvad almaqdan ötrü heç uzağa getməyin də gərək deyil... Mənim kiçik qızım sənin gözünün qabağında böyüyüb, bizə gediş-gəlişin olmasa da, yəqin, hiss eləmisən ki, necə dürüst, başıaşağı uşaqdı. Başqa cür ola da bilməzdi, çünki o qız mənim kimi din-iman adamının tərbiyəsini görüb. Ancaq neynəmək olar, ər sarıdan bəxti gətirmədi, yoldaşı naxələf çıxdı, narkaman çıxdı, qarabaxt balamın... Əri dostumun oğlu idi deyə, səsimi çıxartmırdım, qızımın da əvvəldən meyli yox idi ona, di gəl, mənim sözümü çevirə bilməmişdi. Eşitmisən də, axırda oğlan, yəni mənim keçmiş kürəkənim tamam ağını çıxartdı, bişərəf evimdən oğurluq eləyib var-yoxumu, pulumu-qızılımı apardı. Ondan sonra gördüm ki, cida çuvaldan çoxdan çıxıb, qızımı gətirdim evə, oğlan da indi türmədədi... Belə-belə işlər, ay bala, heç kəs bilmir ki, xeyir hardadı, şər harda... Xeyir dalınca gedirsən, şərə düşürsən, şər başının üstünü alanda bir də gözünü açırsan ki, o şərin içindən yekə bir xeyir boylanır. Qızımın gül kimi bir oğlu da var, zirək uşaqdı, bu il məktəbə gedəcək, həyət-bacada görmüsən, yəqin. Tez-tez sənin itinə-pişiyinə yemək də atır o uşaq aramızdakı taxta hasarın arasından, ürəyi yuxadı... Bilirəm ki, sən də mərhəmətlisən, inşallah, xeyir işimiz baş tutsa, mənim nəvəmə doğma atasından da yaxın olacaqsan... Mənim də bir əlim sizin üstünüzdə olacaq, qoymayacam korluq çəkəsiz. Bəs necə, balamı, nəvəmi çöldən tapmamışam ki... Elə sən özün də mənim balamsan, səni belə səfil-sərgərdan görəndə ürəyim ağrıyır. Amma belə işdə zor şeytanilikdi, səni tələsdirmirəm, papağını qoy qabağına, yaxşı-yaxşı fikirləş, yüz ölç, bir biç...

          Nə  isə, söhbət quzunu qurda verər, xudafiz, day mən  tərpənim, qaş qaralır, arvad-uşaq evdə təkdi, bir-iki günə yenə gəlib sənə dəyəcəm. Durma-durma, otur, əziyyət çəkmə, həmişə gəldiyim evdi, mən özüm gedərəm...

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

 

Çərşənbə axşamı, 21 İyul 2026 14:00

Cat Stevens dönüb Yusif İslam olub

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1977-ciildə Cat Quranı diqqətlə oxuduqdan sonra cümə günlərinin birində Londondakı Nyu Ricent məscidinə gedib və kəlmeyi-şəhadət gətirərək İslamı qəbul edib. O, bir il sonra adını dəyişərək Yusif  İslam olub. O, Quranın "Yusif" surəsindən çox təsirləndiyi üçün bu adı götürüb. "Mən bu surəni oxuyarkən ağlamağa başladım. Dərk etdim ki, bu bəşər sözü ola bilməz, bu Allahıns özüdür" – deyə Yusif müsahibələrinin birində qeyd edib...

 

Cat Stevens (Steven Demeter Georges) 21 iyul 1948-ci ildə Londonda anadan olub. Onun atası əslən Yunanıstandan olan pravoslav xristian Stavros Georges  olub. Steven Georges 12 yaşında yazdığı ilk mahnı Darling, No olub. Lakin müəllifin fikrincə, bu, uğursuz alınıb. Növbəti kompozisiya Mighty Peace isə artıq daha dolğun, aydın və ifadəli olub…

Cat, The Springfields qrupunun keçmiş üzvü, prodüser Mike Hirst-ə qulaq asmaq üçün bəstələrini verib. Onları sadəcə nəzakətlə qəbul etsə də, dinlədikdən sonra müğənninin istedadı onu xoş təəccübləndirib. Hirst müəllifə "təşviqat" üçün studiya ilə müqavilə bağlamağa kömək edib və tezliklə hit-paradların və radioların zirvəsində olan I Love My Dog kompozisiyası işıq üzü görüb. Müğənni daha sonra belə xatırlayıb: "Özümü radioda ilk dəfə eşitdiyim an həyatımdakı ən gözəl an idi".

Növbəti əsas hitlər I'm Gonna Get Me a Gun və Mat the Wand Son (1967) sinqlları olub. Steven həmişə yollarda, qastrollarda, solo və ya Jimi Hendrix və Engelbert Humperdinck kimi dünya ifaçıları ilə çıxış edib. Həddindən artıq təzyiq və çılğın həyat tempi Stevensonun sağlamlığına mənfi təsir göstərib. Adi öskürək kəskin mərhələyə keçib və müğənni xəstəxanaya göndərilib. Orada ona vərəm diaqnozu qoyulub. Orada sənətçi paranoyak görünüb.

Sənətçi ölümün astanasında olduğuna inanıb və həkimlər və yaxınları bunu ondan gizlədiblər. Qəribədir ki, bu xəstəliklər Katı işinin istiqamətini dəyişməyə sövq edib. İndi o, daha çox mənəvi həyat və fəaliyyəti haqqında düşünməyə başlayıb. Sənətkarın həyatı fəlsəfi ədəbiyyat, düşüncələr və yeni lirika ilə dolu olub. Beləliklə, The Wind kompozisiyası çıxıb.

İfaçı dünya dinlərini öyrənməklə maraqlanıb, meditasiya ilə məşğul olub, bu da klinikada bir çox mahnıların yazılmasına kömək edib. Tea for the Tillerman albomunun buraxılmasından sonra Cat Stevens bütün dünyada şöhrət və populyarlıq qazanıb. Cat Stevens Malibuda çimərkən batmağa başlayıb və Allaha üz tutub, onu xilas etməyə çağırıb, yalnız onun üçün çalışacağını vəd edib. Və xilas olub. Astrologiya, Tarot kartları, numerologiya və s. öyrənməyə başlayıb.

Qüdsdən qayıdan qardaşı Devid ona bir Quran tərcüməsi hədiyyə edib. Quranı oxuyan Cat heyrətlənib və Qüdsə üz tutub. Onun ağlına belə gəlməzdi ki, müsəlmanlar tək bir Allaha ibadət edirlər. Uzun saçlı və cins geyinmiş gənci məsciddə görən Qüds müsəlmanları ondan kim olduğunu soruşublar. Cat qeyri-ixtiyari olaraq: "Mən müsəlmanam" deyib. Onun kim olduğunu bilən müsəlmanlar həyəcanlanıblar.

Sonra da əvvəldə qeyd etdiyim kimi, 1977-ci ildə Cat Quranı diqqətlə oxuduqdan sonra cümə günlərinin birində Londondakı Nyu Ricent məscidinə gedib və kəlmeyi-şəhadət gətirərək İslamı qəbul edib, adını da dəyişərək Yusif İslam olub.

Sonuncu dəfə Londonun məşhur Uembli stadionunda xeyriyyə məqsədi ilə konsert verib. Gözlənilmədən şou-biznesi tərk etdiyini bildirib. İslamı qəbul edən Yusif əməkdaşlıq etdiyi səs-yazma studiyasına müraciət edərək, bir daha onun albomlarının buraxılmamasını istəyib. Ancaq rədd cavabı alan Yusif bütün sərvətini İslam yolunda xeyriyyəçilik və təhsil işlərinə sərf etmək qərarına gəlib.

Öz musiqi alətlərini hərraca çıxaxaraq, satan Yusif əldə edilən vəsaiti xeyriyyə tədbirlərinə sərf edib. "Small Kindness" (Kiçik Xeyirxahlıq) adlı xeyriyyə təşkilatı yaradan Y. İslam 1981-ci ildə Londonun Kilbern rayonunda ilk ibtidai islam məktəbi "İslamiyyə"ni açmağa müvəffəq olub. 1985-1993-cü illərdə "Muslim Aid" təşkilatına rəhbərlik edib. Xeyriyyə tədbirləri çərçivəsində o, Afrika ölkələrində, İndoneziyada və İraqda aclıqdan əziyyət çəkən insanlara kömək edib.

Yuqoslaviyada törədilən müsəlman soyqırımı onu dərindən kədərləndirib. Buna görə də o, müharibə nəticəsində zərər çəkmiş Bosniya müsəlmanlarına yardımla bağlı layihə hazırlayıb. 1995-ci ildə "Sonuncu peyğəmbərin həyatı" adlı musiqi albomu hazırlayan Yusif İslam albomdakı mahnılarla Qərb dünyasına İslamı çatdırıb. 1997-ci ildə o, canlı olaraq və musiqinin müşayiəti olmadan Sarayevoda 10 min nəfərin qarşısında çıxış edib.

Bundan bir müddət sonra o, Bosniya müsəlmanlarına həsr olunan "Mənim gurultulu toplarım yoxdur" adlı musiqi albomunu buraxıb. 2005-ci ildə "Hind okeanı" adlı musiqi albomu hazırlayıb. Albom 2004-cü il sunamisindən bəhs edir. Albomun satışından əldə edilən vəsaiti isə o, "Small Kindness" təşkilatının xətti ilə sunamidən zərər çəkən Banda Ase rayonundakı yetim uşaqlara yardım üçün göndərib.

O, İslam dünyasında tanınan şəxsiyyətlərdəndir. Hal-hazırda o, özünün açdığı dörd islam məktəbini idarə edir. Maraqlıdır ki, Yusif İslamın xahişini nəzərə alan Böyük Britaniya hökuməti onun açdığı islam məktəblərindən birini maliyyə dəstəyi ayırıb. Ket Stivensi xatırlayan Yusif İslam "Mən keçmişə qayıtmaq istəməzdim" – deyə bildirib. 2009-cu ildə o, məşhur “The Day the World Gets Round” kompozisiyasının yeni versiyasını yazıb. Bütün gəlirlər Qəzza zolağının əhalisinə yardım fondlarına yönəldilib.

 

Albomları

Cat Stevens adı altında

Matthew & Son (1966)

New Masters (1967)

Mona Bone Jakon (1970)

Tea for the Tillerman (1970)

Teaser and the Firecat (1971)

Catch Bull at Four (1972)

Foreigner (1973)

Buddha and the Chocolate Box (1974)

Saturnight (Live in Tokyo) (1974)

Numbers (1975)

Izitso (1977)

Back to Earth (1978)

Majikat (2005)

Gold (2005 derleme)

 

Yusuf İslam adı ilə

The Life of the Last Prophet (1995)

I Have No Cannons that Roar (1998)

Prayers of the Last Prophet (1999)

A is for Allah (2000)

I Look I See (2003)

An Other Cup (2006)

Roadsinger (2009)

Tell 'Em I'm Gone (2014)

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Çərşənbə axşamı, 21 İyul 2026 16:17

Azsaylı dramaturqlarımızdan biri

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Şair və yazıçılarımız bəsdir deyincə qədərdir, amma dramaturqlarımız çox azdır. Bu azlar sırasında bir ad da Marat Haqverdiyevdir. Bu gün onun 88 yaşı tamam olur.

 

Azərbaycan dramaturqu Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub. İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub.

 Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib.

 Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. 1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirib.

Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin. İlk dram əsəri "Ailədə məhkəmə" komediyası olub. Əsər Lənkəran Dövlət Dram Teatrında Baba Rzayevin quruluşunda səhnəyə qoyulub. Tamaşa uğurlu alınıb. Bir il sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Mərahim Fərzəlibəyov Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada", ardınca "Məşuqələr" pyesini tamaşaya qoyub.

 

Hər iki əsər teatr aləmində böyük əks-səda yaradıb.1992-ci ildə "Ah, qadınlar, qadınlar" komediyasını yazıb Həsənağa Turabova təqdim edib, Həsənağa Turabov tərəfindən bəyənilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Mərahim Fərzəlibəyov bu əsəri tamaşaya qoyub. Baş rolda görkəmli aktyor Səyavuş Aslan və tanınmış aktrisa Firəngiz Mütəllimova oynayırdılar.

 Tamaşa maraqla qarşılanıb. Bir ildən sonra "Qısqanc ürəklər" komediyası yenə də bu teatrda Mərahim Fərzəlibəyovun quruluşunda səhnələşdirilib. Bu tamaşa da yaxşı mənada böyük səs-küyə səbəb olub. Sonralar müəllifin "Fədakarlıq", "Sənsiz yaşaya bilmərəm", "Məhəbbət əzabları", "Məhəbbət yaşa baxmır" və başqa pyesləri bir-birinin ardınca müxtəlif teatrların səhnəsində uğurla tamaşaya qoyulub.

Marat Haqverdiyevin "Qısqanc ürəklər" komediyası qardaş Türkiyədə İstanbul şəhəri Sarıyer bələdiyyə teatrının yaradıcı heyəti əsəri səhnəyə qoyub. 2000-ci ildə "Qısqanc ürəklər" tamaşanın premyerası "Çırağan" sarayında keçirilib. Bu sarayda adətən dövlət tədbirləri keçirilir, amma o zaman hörmət əlaməti olaraq tamaşanın premyerası orada təşkil olunub. Premyera yüksək səviyyədə keçib.

O zaman yazıçıdan başqa bir əsər istədilər, yazıçı "Ah, qadınlar, qadınlar" əsərini təqdim edib. Hər iki əsər Türkiyənin bir çox teatrlarında — İstanbulun Çemberlitaş teatrı, Sarıyer bələdiyyə teatrı, Fatih Universitetinin teatrında səhnələşdirilib. Hal hazırda "Qısqanc ürəklər" tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində 10-ilə yaxındı ki oynanılıb.

O, dram əsərləri ilə yanaşı, maraqlı ssenarilərin də müəllifidir. Lütfü Məmmədbəyov yazıçının ssenarisi əsasında "Səninlə və sənsiz" bədii televiziya filmini çəkib. Bu melodram azərbaycanlı yazıçı ilə türk müğənnisinin məhəbbətindən bəhs edir. Film Azərbaycan Dövlət Televiziyası ilə dəfələrlə nümayiş olunub. "Səni gözləyirəm" lirik əsərinidə də Lütfü Məmmədbəyov ekranlaşdırıb.

 1993-cü ildə yazdığı "Qarabağ şikəstəsi" ssenarisində böyük siyasətçi Heydər Əliyevin Azərbaycanın ağır günündə hakimiyyətə qayıdışını, ölkənin xilası naminə tarixi xidmətlərini əks etdirib. Bu ssenari əsasında Mərahim Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkib. Onun ümummilli lider haqqında ikinci əsəri "Fədakarlıq" adlanıb. Müəllifin ssenarisi əsasında "Fədakarlıq" bədii televiziya filmi çəkilib.

Sonra müəllif bu ssenarinin dram variantını qələmə alıb. Əsər Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilib, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirilib. Marat Haqverdiyev "Üç dəniz əfsanəsi" əsərini isə yaradıcılığının son zirvəsi adlandırıb. Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən yeni əsər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edən "Üç dəniz əfsanəsi" dramıdır.

 

"Üç dəniz əfsanəsi" dramını beş ilə yazılıb. Bu əsər Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü il üçün təsdiq etdiyi repertuar planına salınıb, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə olunub. O, 27 may 2018-ci ildə "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

 

Pyesləri

1. Ailədə məhkəmə

2. Fədakarlıq

3. Sənsiz yaşaya bilmərəm

4. Məhəbbət əzabları

5. Amerikalı kürəkən (Ramiz Mirişli ilə birgə)

6. Qısqanc ürəklər (Ramiz Mirişli ilə birgə

7. Məhəbbət, şeytan və lambada

8. Məşuqələr

9. Ah, qadınlar, qadınlar

10. Üç dəniz əfsanəsi

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Çərşənbə axşamı, 21 İyul 2026 08:15

Musiqi nəzəriyyəçisi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Aşıq Qərib" dastanı barədə kim eşitməyib ki? Azərbaycan dastanı ilk dəfə olaraq elmi-nəzəri baxımından təhlil olunub. poetik mətnilə bərabər lad-intonasiya, melodika, ritmika və formayaradıcı amilləri üzərində eəmi araşdırma və nəzəri təhlil aparılıb. Və bunları Nailə xanım Rəhimbəyli edib.

 

Nailə Rəhimbəyli 21 iyul 1968-ci ildə Gəncə şəhərində anadan olub. 1992-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Tarix-nəzəriyyə" fakültəsinin musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bitirərkən musiqişünas, musiqi fənləri üzrə müəllimə, tədqiqatçı və mühazirəçi ixtisasları verilib.

 1987–1999-cu illər ərzində Gəncə Q. Hüsenli adına orta ixtisas musiqi texnikumunda, 1999–2016-cı illərdə isə Bakı Musiqi Akademiyasında "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasında çalışıb. 2004-cü ildən bu günə kimi AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, 2014-cü ildən isə "Musiqi folkloru" söbəsinin müdirü vəzifəsində işləyib

2000-ci ildə "Şəmsi Bədəlbəylinin yaradıcılığı kontekstində Azərbaycanda musiqili teatrın yaranması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, sənətşünaslıq elmləri namizədi elmi dərəcəyə layiq görülüb. 2012-ci ildə "Aşıq Qərib" dastanının melo-poetik xüsusiyyərləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

2007-ci ildə isə Ali Attestasiya Komissiyası tərəfindən dosent, 2017-ci ildə isə professor elmi ada layiq görülüb. 2003-cü ildən Azərbaycanda və xarici ölkələrdə keçirilən Beynəlxalq Simpoziumlarda məruzələrlə çıxış edib. Üç monoqrafiya, iki dərs vəsaiti, bir metodik tövsiyə, 83 elmi məqalələrin müəllifidir. "İncəsənətdə kecən ömür" kitabı 2003-cü ildə Humay Milli mükafata layiq görülüb. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

 

Elmi əsərləri

- "İncəsənətdə keçən ömür" (rus və azərbaycan dillərində)

- ""Aşıq Qərib" dastanının melo-poetik xüsusiyyətləri"

- "Gülnaz Abdullazadə"

- "Rast ladına əsaslanan aşıq havalarının təhlili" (dərs vəsaiti)

- "Şur və Segah ladına əsaslanan aşıq havalarının təhlili " (dərs vəsaiti)

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Çərşənbə axşamı, 21 İyul 2026 09:43

21 iyulda həm də Heminquey doğulub

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Elə olurki, hadisələr onun əleyhinə cərəyan edir və ErnestHeminqueyöz yazıçı nüfuzunu itirir. Amma zaman keçir və o, itirilmiş nüfuzunu bərpa edə bilir,  yenidən milyonların sevimli müəllifinə çevrilir.

Necə, nə cür?

Bu yazıda cavabını tapacaqsınız.

 

Amerika yazıçısı Ernest Miller Heminquey  21 iyul 1899-cu ildə Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulub. Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmayıb. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilib.

Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak edib, ayağından yaralanıb. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunub. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə edib. Çikaqoya qayıtdıqdan sonra Heminquey yazıçı Şervud Andersenlə tanış olub.

Yaşlı həmkarının məsləhəti ilə "mənəviyyatsız həyatdan" canını qurtarmaq üçün Parisə yollanıb.  Amerikanı tərk etməmişdən əvvəl, 1921-ci ildə Elizabet Riçardsonla evlənmişdi. Bu yazıçının dörd rəsmi evliliyindən birincisi olub. Parisdə Ernest Heminquey həmvətəni olan yazıçılarla — Gertruda Stayn, Ezra Paund, Skott Fitsceraldla görüşmüş, "Toronto star" qəzeti üçün yazmağa başlayıb.

Müəllifin "Hekayələr və üç şeir" (1923), "Bizim zəmanəmizdə" (1924) adlı ilk kitabları da Parisdə çıxıb. 1926-cı ildə isə Heminquey ədəbi tənqidin xeyirxahlıqla qarşıladığı "Günəş çıxır" romanını çap etdirib. Romanda Fransa və İspaniyada yaşayan amerikalıların həyatından bəhs olunub. Bu insanların arasında müəllifin özü də olub. Onlar Birinci Dünya müharibəsindən sonra meydana çıxan "itirilmiş nəslin" nümayəndələri olublar.

Onları yalnız qadın, boks, korrida, balıq tutmaq və sərxoşluq etmək maraqlandırıb. "Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrət. Eləcə də içkinin, qadınların, pulun və şöhrətin olmaması" Heminqueyin bu sadə və müdrik sözləri onun təkcə gənclik həyatının deyil, bütün ömrünün və yaradıcı bioqrafiyasının əsas devizi sayıla bilərdi.

"Kişilərsiz qadınlar"  kitabının nəşrindən sonra Heminquey Parisdən ABŞ-yə qayıdıb. O, Florida ştatında, Karib dənizi sahilindəki Ki-Vest kurort şəhərciyində məskunlaşmış və ikinci romanı "Əlvida, silah!"ı yazıb başa çatdırıb. Nisbətən sonrakı dövrün məhsulu olan "Zəng kimin üçün çalınır" (1940) romanı ilə birlikdə "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baxımından Heminqueyin ən yaxşı əsəri sayılır.

Bu ədəbi yüksəlişin ardınca qanunauyğun tənəzzül dövrü başlanıb. 30-cu illərdə Heminquey yaradıcılığında müəyyən geriləmə nəzərə çarpırdı. Bunun da səbəbi "müvəffəqiyyətdən başı gicəllənən" yazıçının "ulduz xəstəliyinə" tutulması və özünü "əsl maço" kimi aparması olub. İspan korridasına maraq, Afrikada şir ovuna çıxmaq və digər ekzotik əyləncələr əslində Heminqueyin cəmiyyətdə olduğundan fərqli görünmək arzusundan irəli gəlib.

Təbii ki, öz-özünə münasibətdə yol verilən bu saxtakarlıq yazıçının yaradıclığından yan keçə, onun əsərlərinin səmimiyyət və həyatiliyinə təsirsiz qala bilməzdi. Doğrudur, yazıçının ispan korridasından bəhs edən "Günortadan sonra ölüm" (1932), yaxud "Afrikanın yaşıl təpələri" (1935) sənədli povestləri ümumən maraqlı olub, lakin burada həqiqi Heminquey sənətkarlığı duyulmurdu.

Tənqidçilərin fikrincə, bu dövrün ən uğurlu əsərləri "Frensis Makomberin ani xoşbəxtliyi" və "Klimancaro qarı" (1932) kimi hekayələr sayıla bilərdi. İspaniyadakı vətəndaş müharibəsi vətəndaş və yazıçı Heminqueyin bir sıra diqqətəlayiq cəhətlərini üzə çıxarıb. O, hərbi jurnalist kimi iç savaşın ən qaynar nöqtələrində olub. İnsan qəhrəmanlığının və xəyanətinin dəhşətli sənhələrini müşahidə edib.

 "Beşinci dəstə" pyesi və "Zəng kimin üçün çalınır?" romanı bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıxıb. Heminquey 1940-cı ildə Havana yaxınlığında ev alıb. Yazıçının bütün sonrakı həyatı Kuba ilə sıx bağlılıq şəraitində keçib. İkinci Dünya müharibəsinin başa çatdığı ərəfədə o, yenidən cəbhəyə yollanıb, reportaj və oçerklərində müttəfiqlərin Normandiyaya desant çıxarmasını təsvir edib, amerikan qoşunları ilə birlikdə Parisə daxil olub.

Hərbi jurnalistlərlə bağlı Cenevrə konvensiyasının tələblərini pozduğuna görə Heminquey hərbi tribunal qarşısında dayanmaq təhlükəsi ilə üzləşib. Lakin bu, yazıçının qəhrəmanlıq və rəşadətinə görə Bürünc Xaç medalı ilə təltif edilməsinə mane ola bilməyib. On illik fasilədən sonra 1950-ci ildə Heminquey "Çayın o tayında, ağacların kölgəsində" romanını oxucuların mühakiməsinə verib.

Hadisələrin İkinci Dünya müharibəsi dövründə İtaliyada cərəyan etdiyi roman birmənalı şəkildə uğursuz əsər kimi qarşılanıb. Hətta müəllifin ünvanın parodiya və felyetonlar da yazılıb. Əsərlərinin məziyyət və üstünlüklərini hamıdan yaxşı bilən Heminquey haqlı iradları sükutla qarşılayıb. Biabırçı uğursuzluğun əvəzini yazıçı iki il sonra "Layf" jurnalında dərc etdirdiyi "Qoca və dəniz" povesti ilə çıxıb.

"İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir" — əsərin əsas leytmotivi müəllifin bu qanadlı ifadəsində öz əksini tapıb. İnsanını gücünə, iradəsinə, dözümünə və əbədiyyət sevgisinə ehtiraslı himn olan bu əsər heç kimi laqeyd buraxmayıb. Növbəti il "Qoca və dəniz" Puliser mükafatına layiq görülüb, Ernest Heminquey itirilmiş yazıçı nüfuzunu bərpa etdi. Yenidən milyonların sevimli müəllifinə çevrilib.

Ədəbiyyat sahəsində Nobel mükafatı ayrı-ayrı əsərlərə görə verilməsə də, heç şübhəsiz, "Qoca və dəniz" povesti İsveç Akademiyası üçün 1954-cü il nominantlarının siyahısından məhz Ernest Heminqueyin seçilməsində ciddi stimul olub. Bu mükafatın preambulasında da öz əksini tapıb. Heminquey ədəbiyyat Nobelinə ""Qoca və dəniz" povestində bir daha nümayiş etdirdiyi təhkiyə ustalığına, habelə müasir nəsrə göstərdiyi təsirə görə" layiq görülüb.

İsveç Akademiyasının üzvü Anders Esterlinq təqdimat nitqində "zəmanəmizin ən yazıçılarından biri" adlandırdığı Heminqueyin yaradıcılığı haqqında əsasən "Qoca və dəniz"in timsalında danışıb. Heminquey səhhətində yaranmış problemlər ucbatından mərasimə qatıla bilməyib. Onun Nobel mühazirəsini iştirakçılara İsveçdəki ABŞ səfiri Con Kebot təqdim edib. Laureat burada son dərəcə mürəkkəb proses olan ədəbi yaradıcılığın anatomiyasını açmağa çalışıb.

Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkib. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilib. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməyibər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılıb. Bundan sonra heç vaxt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar edib.Bu, 2 iyul 1961- ciildə baş verib.

Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoyublar. Heminqueyin bir sıra əsərləri ilk dəfə onun ölümündən sonra çap olunub. Lakin 20-ci illər Paris həyatı ilə bağlı "Həmişə səninlə olan bayram" adlı xatirələri istisna olunmaq şərti ilə qalan əsərlər milyonların tanıdığı və sevdiyi sənətkarın portretinə yeni heç bir cizgi əlavə edə bilməyib.

Ernest Heminquey yaradıcılığı həm sağlığında, həm də ölümündən sonra diqqət mərkəzində olmuş, davamlı mübahisə və polemika mövzusuna çevrilib. Onun haqqında təriflər də deyilib, yazıçını məhdudluqda, üslub bəsitliyində, mövzu kasadlığında, təkrarçılıqda günahlandırmağa cəhdlər də göstərilib.

Lakin Heminquey bu gün də dünya miqyasında çox tanınan, tərcümə olunan və oxunan amerikan müəlliflərindən biri olaraq qalmaqdadır. Yazıçının "Qoca və dəniz" povesti, habelə bir sıra digər əsərləri Azərbaycan dilinə də tərcümə edilib.

 

Əsərləri

- Yaz selləri (ing. The Torrents of Spring)

- Günəş çıxır

- Əlvida, silah!

- Olmaq ya olmamaq

- Zəng kimin üçün çalınır?

- Çayın o tayında, ağacların kölgəsində

- Qoca və dəniz (Pulitser mükafatı, Nobel mükafatı)

 

Ölümündən sonra nəşr edilmiş romanları:

- Okeanda adalar

- Cənnət bağları

- İlk baxışdan doğru

- Kilimancaro ətəklərində.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu ada 1871-1873-cü illərdə onu tədqiq edən danimarkalı qütb tədqiqatçısı Hansa Hendrikin şərəfinə Hansa adası adlanır və Kanadanın Nunavut əyaləti ilə Danimarkanın Qrenlandiya adası arasındakı Kennedi boğazında yerləşir. Ada boğazın tam ortasında yerləşir və bu səbəbdən hər iki ölkə onu öz ərazisi sayır. Adanın ərazisi cəmi 1,3 kv.kilometrdir və iqlimi sərtdir.

 

1973-cü ildə Danimarka və Kanada öz aralarında dəniz sərhədi barədə razılaşma əldə edirlər. Hansa adası ilə bağlı kiçik problemlər ortaya çıxsa da, hər iki dövlət məsələnin prinsipal olmadığına qərar veriblər və son qərarı müəyyən vaxtdan sonra qəbul etmək barədə razılığa gəliblər. 10 il bu problemə heç kəs fikir verməyir. Amma Danimarkanın Qrenlandiya məsələləri üzrə naziri hər şeyi alt-üst edir. Nazir 1984-cü ildə adaya səfər edir və oraya Danimarka bayrağını sancaraq, "Danimarkaya xoş gəldiniz!" sözünü və bir şüşə snaps içkisi saxlayır. Kanada tərəfi də cavabı çox gecikdirməyir. Tezliklə Hansa adasında Kanada bayrağı və viski şüşəsi və eyni zamanda "Kanadaya xoş gəldiniz!" yazısı peydə olur.

O vaxtdan etibarən iki dövlət arasında qeyri-adi centlmen müharibə - “alicənab” müharibəsi gedir və bu ənənə halını alıb. Belə ki, Kanada və Danimarkanın desantçıları adanı rəmzi olaraq tutaraq öz bayraqlarını ora sançırlar. Üstəlik adada olan və rəqib tərəfindən buraya qoyulan içkilərin dadına baxaraq adanı tərk edirlər. Getməmişdən əvvəl isə özləri də adaya spirtli içki qoyurlar.

Maraqlıdır ki,danimarkalılar rəqibləri üçün şnaps, kanadalılar isə viski saxlayırlar.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Çərşənbə axşamı, 21 İyul 2026 15:38

Soruşun, cavab verək - Avtomobil markalarının mənası

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

“Soruşun, cavab verək” rubrikasında bu gün avtomobil markalarının mənasını açıqlayacağıq.

 

«MİTSUBİSHİ»- Yaponiyanın nəhəng şirkətlərindən olan «Mitsubishi» adını qədim yapon döyüşçüləri olan samurayların emblemindən götürüb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb.

«MERCEDES-BENZ» — avstraliyalı biznesmen Emil Jelinek 1897-ci ildə yarışda birincilik qazanan maşınına qızı Mercedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına «Mercedes» adını qoydular.

«MAZDA»- Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb.

«HYUNDAİ»- Koreya dilində «modern, çağdaş» deməkdir.

«KİA» — Koreyanın ikinci böyük avtomobil şirkətinin adı «Asiyada doğulan» deməkdir.

«CADİLLAC» — 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Cadillacdan götürüb.

«PONTİAK» — məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb.

«JEEP» — hərbi məqsədlərlə istehsal edilən maşın adını cizgi filmindəki «Eugene the Jeep» adlı heyvandan aldığı iddia edilir. Sonradan bütün markaların bu tip maşınları «Jeep» adlanmağa başlayıb.

«DACİA»- Rumıniyanın ən böyük avtomobil şirkəti olan «Dacia» eyni zamanda ölkənin də antik adıdır.

«LEXUS» — Latın dilində «qanun» mənasını verir.

"ŠKODA" — Çexiya şirkəti olan avtoistehsalçı adını qurucusu olan Emil von Škodadan alıb. "Škoda" bir zamanların ən böyük silah istehsalçılarından da olub. Çex dilində mənası «zədəli» deməkdir.

«AUDİ» — latın dilində «eşitdim, duydum» mənasını daşıyır.

«ASTON MARTİN» — İngiltərənin idman maşını istehsalçısı olan «Aston Martin» adını qurucularından biri olan Lionel Martinin istehsal etdiyi yarış maşınlarını sınaqdan çıxardığı Aston təpəsindən alıb.

BMW — BMW-nin açılışı «Bayerische Motoren Werke» (Bavariya Mühərrik Zavodu) deməkdir.

FİAT — 1899-cu ildə Giovanni Agnelli tərəfindən Torinoda qurulmuşdur. Adını “Fabrica İtaliana Automobili Torino”sözlərinin baş hərflərindən götürmüşdür.

«NİSSAN» — 1934-cü ildə Jidosha-Seizo co. və Nihon Sangyo co. şirkətləri birləşib. Bu iki adın birləşməsinin yapon dilində qısa şəkildə «Nissan» adlanıb. Eyni ildə şirkət «Nissan Jidosha Kabushiki Gaisha» (Nissan Mühərrik Şirkəti) adını alır.

"İNFİNİTİ" — «Nissan»ın ABŞ bazarı üçün istehsal etdiyi lüks maşın markasıdır. Adı ingilis dilində «ucsuz, bucaqsız» mənasını verir.

«FORD» — Adını yaradıcısı Henri Forddan alıb.

«OPEL» — Adını yaradıcısı olan Adam Opeldən alıb.

«PORSCHE» — şirkət «Volkswagen»in məşhur tısbağa modelini dizayn edən mühəndis Ferdinand Porschenin oğlu Ferri Porschedən tərəfindən qurulub.

«JAGUAR» — İngiltərənin lüks maşın istehsalçısı olan şirkət adını Cənubi Amerikadakı yırtıcı heyvan olan yaquardan dan alıb. İlk dəfə şirkətin adı «SS Jaguar» adlanıb. İkinci dünya müharibəsindən sonra SS yığışdırılıb.

«FERRARİ» — adını şirkətin qurucusu və məşhur yarışçı olan Enzo Ferraridən götürüb.

«BUGATTİ» — lüks avtomobil firması adını Ettore Bugattidən alıb.

«PEUGEOT» — ilk qəhvə dəyirmanı və velosiped markası olan şirkət adını Emille Pujodan alıb.

«HUMMER» — avtomobilin adı yüksək hərəkət qabiliyyətli, çox funksiyalı vasitə mənasına gələn «Humvee»dən götürülüb.

«LAND ROVER» — müflüs olan İngilis «Rover» şirkətinin «Tata»ya satdığı maşınıdır. Rover «səyyah» mənasına gəlir. Suv markası «Range Rover».

«ROLLS-ROYCE» — əl işi olan nadir lüks maşınları ilə fərqlənən avtomobil markası adını yaradıcıları olan Steven Rolls və Henri Roysdan götürüb.

«VOLKSWAGEN» — alman dilidə «xalq maşını» mənasını daşıyır.

“TOYOTA”-Şirkətin əsasını qoyan Sakita Toyedanın adı ilə bağlıdır.

“CHEVROLET”- ABŞ-ın “General Motors”şirkəti tərəfindən istehsal olunan bu maşın, şirkətin əsasını qoyanlardan biri,avtomobil yürüşçüsü və mühəndisi olan Lui Şevrolenin şərəfinə adlandırılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.