Super User

Super User

Çərşənbə, 22 İyul 2026 12:33

Şeir saatı Ramil Əhmədin şeirləri ilə

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün Ramil Əhmədin şeirləri ilə tanış olacaqsınız.

 

Ramil Əhməd 1 yanvar 1994-cü ildə Bakı şəhərində anadan olub. “Zaman tuneli”, “Abşeron yarımadamı”, “İki şəhərin yazıları”, “Orxan Pamukun evində” kitablarının müəllifidir. İxtisasca filoloqdur. İstanbul Universitetində yaradıcı yazı sənəti ilə bağlı doktorluq dissertasiyası müdafiə etmiş ilk alimdir. Hazırda Azərbaycanda ilk dəfə olaraq müstəqil yaradıcı yazarlıq, storytelling (hekayələşdirmə) modelləri üzrə təlimlər keçir.

 



PİŞİK KÖLGƏSİNDƏN BAŞLADI GECƏ...

 

Sakit kimsəsiz küçə.

Pişik kölgəsindən başladı gecə...

Çatmadı köməyə

Otuz iki hərfin bircə dənəsi,

Çözülmədi bu əlifba bilməcəsi...

 

Uçub getdi

dilimin ucundakı qışdan

Unudulmağın isti qoynuna

qaranquş sözlər...

Hanı söz?

Hansı söz?

 

Necə tapım o sözü?

Necə deyim həsrətimi?

Necə deyim səni sevdiyimi,

sənə öldüyümü?

Gözlədiyimi – bu ömrə gələsən deyə,

Gizlədiyimi – özüm belə bilməyim deyə...

Necə, necə, necə?

Pişik kölgəsindən başladı gecə...

Susdu köksüz piano səsi,

Su qatılmış pivələrlə keçən yay da bitdi,

Sentyabrla gəldi payız.

Bir halımı düşün –

oktyabrsız, noyabrsız, yalqız...

 

Sənsiz bir saat keçməzkən,

gün necə keçir, həftə, ay necə?

Keçir bir-birini təkrarlayan addımlar,

keçir küçəmizdən qərib adamlar...

Bəlkə, sən də gəldin,

gəldin, bəlkə, bu gecə...

bəlkə, bəlkə, bəlkə də...

 

Pişik kölgəsindən başladı gecə...

 

 

HƏSRƏTİN UĞULTUSU

 

Səni xatırlayıram

uzaq bir bozqırda,

damından payız damcılayan

kirayə evin soyuq otağında...

 

Uzanmışam kürəyi üstə.

Tavandakı hörümçəyin toruna

balıq kimi düşür gözlərim,

səslər axıb dolur qulağıma...

 

Mətbəxdən başlayır səslər,

Damcılayan suyun və

məmur maaşımın alın yazısı –

yarıboş soyuducunun fasiləli səsi...

Sonra damda gəzişən adsız quşların quğultusu,

iki küçə o yandan gələn it hürüşməsi,

pişiklərin canında qovulmaq əndişəsi...

Küləyin pərdəni aramla tərpətməsi...

Bir də adamsızlığın, həsrətin uğultusu...

 

Küncdən küncə qaçan qaraltılar – siçanlar

Görəsən, yeməyə bir şey tapdılar?

Süfrədəki kişi tənbəlliyinin ruzisinə daraşan qarışqalar

Çörək qırıntısı sevinclə yuvalarına qayıtdılar...

 

Saatın iki saniyəsi qulağımda qafiyələnir:

sən/siz, sən/siz, sən/siz, sən/siz...

Bir saniyə çəkmir “sən”in sevinci,

Bir saniyə sonra “sənsiz” olur,

Dünyanın bütün rəngləri solur...

“Sən”in yaxınlığı, “siz”in uzaqlığı

və “sənsiz”in Sibir sürgünündən

dərviş səbriylə keçirəm,

bir yandan da xatırladır mənə sənsizliyi

borcdan bağlanan telefonumun tozlu səssizliyi...

 

Həm evimin hər yerindəsən,

Həm də uzaqsan, yoxsan,

Bəlkə də, indi mənimtək kürəyi üstə uzanmısan,

Bəlkə, mətbəxinizdən su dammır,

Bəlkə, soyuducun da doludur,

Bəlkə, gəzişmir evinizdə siçanlar,

Bəlkə, məhəllənizdə əsmir küləklər,

Bəlkə, pişikləriniz də qorxmur qovulmaqdan,

Bəlkə, sizin küçənizdə itlər unudub hürməyi,

Bəlkə, qadın səliqəsinin qurbanıdır evinizin hörümçəyi...

Bəlkə telefonun borcunu da ödəyib ərin.

 

Mənim şəhərimdə,

mənim küçəmdə,

mənim otağımda olanlar

sənin şəhərində,

sənin küçəndə,

sənin otağında olmayanlarla eyniləşir...

 

Keçir bu gecədən bir qatar,

Gecənin son səsidir uzaqlaşan.

Bitir bizim şeirimiz, başlayır bir roman:

“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir,

bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…”

 

Sentyabr 2021

 

 

SÖYKƏNMİŞƏM  SƏSİNƏ

 

Gözlərin azanımdır –

Gündə min yol məni sevgiyə çağıran...

Könlüm sənə səcdədə,

qəlbim qəlbinə sonsuz bir rüku...

Bu sevda nə sevdadır belə? –

sultanlığı olmayan bir quyu...

 

Adın dodağımda dua kimi səsləndi,

yaxşı olmağıma bəsdir bir “necəsən”in,

gül qoxudu gülməyin.

Gəmiləri torpaqdan keçirən

fatehin inadkarlığıyla

istədim səni!

 

Səndən məcburi köçkün bədənimi

harada gizlədim, vətənim mənim?

Harada yoxa çıxsın bu canım ki,

qurtulum bir kimsə olmaqdan?

Mən bu dünyada heç kim olmaq istəyirəm,

bircə sənin nəyin olum, bilmirəm...

 

Ayaqlarımın gücü yox,

söykənmişəm səsinə...

Uzun gecələr

həsrətindən çəkilmir,

söykənmişəm səsinə,

Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.

O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,

hər kiçik zərrə qədəriylə sevmək səni.

 

Qaldırdım bütün ağ bayraqları

Eşq cəbhəsində,

Təslim, təslim,

Təslim bu sevdaya!

Söykəndim səsinə,

Quşlara dedim şükranlığımı,

Çatdırsın səni mənə verənə –

aləmlərin Rəbbinə...

 

 

AZADLIĞIM

 

Sənlə gedə bilmədiyim

bütün parklar

ağaclardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

bütün şəhərlər

binalardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

bütün küçələr

adamlardan hörülmüş həbsxanalardır.

 

Sənlə üzə bilmədiyim

bütün dənizlər

sulardan hörülmüş həbsxanalardır.

 

Sənsiz

məhbusam

ağaclar, binalar, adamlar, sular arasında...

 

Hardasan, mənim azadlığım?

 

 

CAN SIXINTISI

 

Sərinliyin

yuxu kimi çəkildiyi bu şəhərdə

ən uzun küçəydi avqust!

 

Küçələrindən qadınlar keçməyən bu şəhərdə

kişilər bir-birini doğmuşdu,

kişilər bir-birindən doğulmuşdu sanki.

Bir-birlərini çoxaltmışdılar bina kölgələrinin altında

və əlbəttə, mümkün bütün xanalarda...

Çocuqlarsa, günəşin uşaqlarıydı

və ailə-məişət zəmininə dözməyin çölündə kaktusuydular!

 

İşsizliyin doğurduğu sərgərdanlığa hamilə kişilər keçirdi yollardan,

inanmışdım gözləri boşluğa açılan bu kişi pəncərələrin bir-birini doğduğuna.

Maşının altında yavrularını yalayan dişi qonur pişik xatırladırdı bircə

bir qadından doğulduğumuzu!

Bircə o xatırladırdı bir zamanlar anamın olduğunu,

atasız doğulanlar olsa da, anasız heç kəsin olmadığını deyirdi tarix!

Maşının sahibi bir dərisi yanmış,

sonsuz bu avqust şəhərində

dişiliyini göstərməyə başqa bir yer tapmadığı üçün pişiyi tənbeh edirdi,

vurğusu ikinci hecaya düşən "miyov"ları sözə çevirdiyimdən gülümsəyirdim.


Adamdan daha çox

Yeriyən tər damlasıydı o kişi

Və hər gecə yatağındakı çiçəyi tərlə sulayırdı.

Məhəllədə hansı uşağı öpsəm, duz dadırdı.

 

Günorta – məmurun nahar fasiləsi.

Axıb keçən maşınların qupquru cansıxıcı səsi.

Qonşu pəncərədən gələn upuzun bir sol, lya, si.

Üzündə təbəssüm donmuş şəhərin dəlisi.

Tül pərdələrin ardındakı gizlin baxışlar.

Yayılan pıç-pıçlar, dedi-qodular.

Kölgəsini qovalayan uşaqlar.

Yarpağı titrəməyən,

Yarpağı soyuqqanlı qatilin əlləri kimi titrəməyən ağaclar.

Gözlərinə baxa bilmədiyim yandırıcı bir günəş.

Çayımın rəngsizliyində gülümsəyən evin qadınsızlığı.

İş yorğunluğu, baş ağrısı, fanilik duyğusu və qan azlığı.

Ruhumu saran dibsiz bir can sıxıntısı.

Hamısı, hamısı, hamısı, hamısı, hamısı,

İçimə gömdüyüm sözlərin ən qırmızısı,

İçimdə gömdüyüm sözlərin, de,

hansı ən çox yaraşar bu şeirə,

hansı, hansı, hansı, hansı, hansı?

 

Sərinliyin

yuxu kimi çəkildiyi bu şəhərdə

ən uzun küçəydi avqust!

 

Sərgərdan kişilərə hamilə yollar.

Balkona düzülmüş dibçək gülləriydi qadınlar.

Kölgəsiylə oynayan məsum uşaqlar.

Ac pişik yavrular. Ümidsiz qocalar.

 

Bitməyən sonsuz bir avqust şəhərində

Yetir məni vüsala avqustun sentyabra həsrətindən!

Ey küçəyə səpilən günəş şüası,

Qucaqla məni

Bədənimin D vitamini əskikliyindən!

 

İyun-avqust 2021, Kürdəmir

 

 

HUMAY

Səməd Vurğun və Yusif Səmədoğluna

 

“Mənim də ruhumda bir iztirab var –

Ölür sənətimin o ilk gözəli.

Fəqət mən istərəm qıymasın həyat

Şeirin ağladığı bir gözəlliyə

Qıymasın, şairlər yazıqdır deyə,

Şeirin ağladığı bir gözəlliyə...”

 

S. Vurğun

 

İnqilaba sədaqətindən asılı

naməlum bir kişi cəsədini

yırğalayırdı külək,

Çalpapağın adamı

günbatana, gündoğana çapsan atını,

“Üfüqlər gizlətsə qaraltını,”[1]

yenə də kor bir qurşun gəlib tapar

sədaqətini gizlədiyin bədənini.

 

Küçədən atlı keçər,
pəncərələr bağlanar,
bir qurd ulayar,
qorxu şəhərə yayılar:
insan gəlir, insan!

 

Ölüm yatağında günəş də buzdu,

Bəlkə də, üşüyərək ölməkdir
ölümə gecikənlərin qədəri.
Silahsızıq sözünün

arxasında gizlənmiş kəndin kişiləri –
“Həyat ölməz bir ehtiyacdır”.

 

Tozlu yollar uzanıb gedər,
Qançanağı tərəfdən bir qaraltı keçər,

Divarda kölgələr böyüyər, kiçilər,
bayrağı ilk asanlar güllələnər.

 

İnqilabı kitabsızlar və Allahsızlar edir bəyəm?

“Susuram rüzgarın sualına”.

Kor Mədətin oğlu uzundraz Qasım, indi göstər şounu...
Qafil!

Bir bilsən nə gözəl yaraşdı sənə ölüm,
dirilib bir də, bir də ölərsən.
Bir də ki,

“Ölümdən qorxmağın nə mənası var”?

Bütün sualların ən həqiqi cavabını verir ölülər öz sükutlarıyla.

Qəbir daşları sipərdir ömrə!

Yalnız daş adamların arxasında gizlənmək olar,
mərd olmasan, kürəyə də qurşun sıxmaq olar.

 

Kürəyə saplanan xəncərin qaşına hürər bir köpək,
Məscidə it bağlanan çağ idi sovetlər,
bütün filmlərdə yoxa çıxmış şərqiydi azan

“mübarizə, inqilab, üsyan deyildir asan”.

İnqilab adlı bu quduz ağacı insan qanı suvarmalı.

 

Bərq vurur ulduzlar nəhrdə,

Göy üzü təbəssümtək qonur Kürün üzünə,

Gülür göy qübbəsi də.

Çayın gözləri önündə

qısılmaq olar sevgiliyə.


Bir uzaq şəhər həsrətinin vüsalı yox,

Humay, Peykanlıdan uzağı yox.
Təslim ol bu kiçik kəndə.

Təslim ol batmanla gələn dərdə.

Təslim ol sevdaya.


“Tarixdən silinər mübarizələr”.
Qalar Yer üzündə sevda adlı cəbhələr:
Humaylar, Cəlallar, Temirlər və Tamaralar.

“Bu qanlı silahlar, dumanlı ahlar”

unudular, unudular, unudular!

“Eşqdə acizlik və dəlilik var!”

 

Ölümə gedərkən
“Atlar quşlardan iti qanadlı”,

Atların ayaqları yolun əzbərini qanatdı.

Dağın dumanlı yaddaşı oyandı;
Mülkədarın hikkəsi
Xacə şahı salamladı.

Gəzdikcə ozanın əli sarı simi

bir də düyünləndi,
çözülmədi keşişin tilsimi.

Barmaqlar, saz və pərdə.
Açılır güllə,
bir də, bir də

aşiqin bədəninə,
sevdaya qurşun işləməz, bəy!
açılır güllə,

ilk ayaqlar təslim olur ölümə
və sonuncu düymə,

gəl bax Cəlaldan keçən mərminin külünə.
Açılır güllə,

özü də bilmədən

komsomolun ürəyindəki qızını öldürür, əslində.

Atan səni güllələdi, ey “təkayaqlı qərinə”!

“Sevdalar düşkünü, komsomol Cəlal ”

Burada sevəni bağışlamırlar.

“Söz verib, söz alıb, söz unudanlar”

Burada sevəni bağışlamırlar.

Ölümə qənşər, Cəlal...

Boynu uzun bədəvi atlar ağladılar,

Sevdanın cəsədini daşıdı atlar.

“Humayım mənim

Təpədən-dırnağa geyinmiş qara”,
Aşiqə ümid verən gözlərin
halallıq verir indi ata qanını axıtmağa.

Çıx get daha, əvvəlcə bu kənddən, sonra kəndindən,

Get "cahan mülkündə tapmadığın halət"i axtarmağa.

 

Sən addımladıqca genişlədi dünya,
dünya böyükdür, Allah da, sevda da.

Küləklərlə vidalaş,

hər şeyi bilən Kürlə vidalaş.

Humay – sevdasız bir çölün sərab arzusu!

Humay – çölün vida nəğməsi!
Humay – qeybə çəkilən sevdanın ən gözəli!

Sənə ağladıq bu şeiri,
Səməd, Yusif, bir də mən...

 

Yanvar 2020 - Mart 2021

 

 

“Antikvariant” silsiləsindən

 

1. Metamorfoz

 

Ovidiyə

 

Dayanar yol kənarında

hər  gün bir uşaq.

Bir uşaq dayanar hər gün

yol kənarında,

çəkər yolların tozunu kirpiklərinə,

yollardan soruşar atasını.

 

Atasının ayaqqabısını

geyinib qaçan uşaq

elə bilər ki, maşınları da ötüb keçər...

Bağlaya bilmədiyi ayaqqabının ipləri

dolaşar ayaqlarına, yıxılar üzü üstə.

 

Hərif hər gün ataya məktub yazar

hərfsiz bir əlifbada.

Tanrıdan, bir də mələklərdən başqa

kimsə bilməz bu əlifbanı.

Tək qalınca

çəkilib bir küncə,

göndərər bütün parabüzənləri

atasının dalınca:

“Uç, uç, qarı nənə, mənə atamı gətir”...

 

Bir daşın üstünə çıxıb

əllərini yuxarıya uzadan uşaq

Allaha toxunacağını düşünər...

Qalxar hündürə, lap hündürə –

barmaqlarının ucuna!!!

Amma yenə toxuna bilməz Ona...

 

Və bir gün...

Bir gün ürkər –

görəndə çiynindən çıxan

ağappaq, ağappaq lələkləri!

“Ata! Ata!”, – qışqırar!

Qışqırar,

pərən salar çiynindəki mələkləri.

Atar özünü

lələklərinin ucundakı həsrətdən,

nə ölüsünü görən olar, nə dirisini –

Yer üzündə bir uşaq azalar,

göy üzündə bir mələk çoxalar...

  

2. Üçü birində

 

Müqəddəs Avqustinə

 

Bir qadın gedir –

bətnində körpəsi,

kürəyində ayağını itirmiş əri.

O qədər sınıxıb ki,

bir sümükdür, bir dəri.

Bəlkə, qiyamətdir?

Yox, bu, qadın işi deyil!

İlahi bir komediya,

bəşəri faciədir,

şeytani bir sənətdir!

 

Baxmayın yaşımın azlığına,

yaxşı tanıyıram o qadını.

Kürəyindəki Kişini,

bətnindəki balanı:

içində arzularını,

çölündə ümidsiz ümidlərini daşıyan

Məryəm xalanı.

Milli Teatrda yox,

milli teatrda görürəm hər gün,

yəni məhəlləmizdə:

Dante qəsəbəsi, Balzak küçəsi,

ev 66, mənzil 1-də.

 

Sol əlini sıxıb bətninə,

nəsə anlatmağa çalışır şeytan körpəsinə.

Sağ əlini ərinin əlində unudub,

Allahı unutduğu kimi...

 

Kişi utanır olmayan ayaqlarından,

hönkürtüsü yayılır içinə,

ağlayır için-için,

islanır qadın,

islanır uşaq,

islanır küçə,

islanır gündüz,

islanır gecə...

 

Qadın

getdi... getdi... getdi...

gedir... gedir... gedir...

gedəcək.... gedəcək... gedəcək...

 

Və...

sonra o qadın,

bətnindəki uşaq,

kürəyindəki kişi

gecənin qaranlığına qarışacaq...

 

– Əlahəzrət Tarix müəllim,

üçadamlıq yer varmı

tozlu bir küncünüzə tolazlanacaq?

–Var, əlbəttə, var,

amma sizin Məryəminiz

bu dəfə İsanı yox,

İudanı doğacaq!

 

Müharibədən sonra

 

Müharibədə ayağını, qolunu

itirmiş kişilərdən qorxub

qaçardıq həmişə...

Hərdən yuxuma girirdi

Qədim kişinin itkin əlləri,

tutub boğurdu məni.

Böyük uşaqlar ölümün

nə demək olduğunu bildiyindən

başa düşürdülər atalarının öldüyünü.

Analarından gizlədərdilər

küçədə döyüldüklərini.

Taxtadan tapança düzəldərdilər

atalarının qisasını almağa...

 

Canavarlar Qarabağda qaldı,

hərə əlində bir ovuc torpaq,

ağzında bir qurtum su,

ciyərlərində bir udum hava gətirdi ordan...

Sözlü qızlar sevgilərini

qaçaqaçda salıb itirdilər.

Hər şəhid bir ananın ümidiydi,

məryəm qızların toppuş

çocuqlarının atasıydı...

Hər evə böyüdülmüş

bir əsgər şəkli qaldı və...

qızlar bu şəkillərə baxıb doğdular...

Bu şəkil çocuqlar öz atalarının ögey balalarıydı...

Nə qonşulardan bir havar varıydı,

nə qohumlardan.

Neçə gündü tifilləri ac qalan

dul Sürəyya

pəncərə önündə çarmıxa çəkilmişdi,

yardım maşınını gözləyirdi...

Qurdlu ciyər,

qaralmış ət,

iylənmiş ürək satan qəssab Qulam

“Bu üç yetimi necə dolandırır,

bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”, – deyirdi...

 

Balaca qızcığaz

gizlənpaç oynayırdı ki,

gözlərini açanda atasını tapsın...

 

Sürəyya deyirdi:

“Boyu uzun buray qızım,

saçı uzun suray qızım,

üç gecə yatandan sonra atan gələcək”.

O üç gün gəlib çıxmadı –

qızcığaz saymağı bacarmırdı çünki...

 

Metrobohema

 

Əvvəlcə dostluq:

birlikdə kinoya getmək,

ikilikdə şam etmək,

İçərişəhərin antik kafesində

təzə eşqin şərəfinə badə qaldırmaq.

Gecə zəngləri,

mesajlar,

telefonda açılan sabahlar...

Ehtiyatlı olun!

Ağlın qapıları bağlanır –

növbəti stansiya xətayidir.

Siz sevgiyə doğru gedirsiniz,

ürəyə doğru...

Tuk...tak...tuk...tak...

 

Sonra ayrılıq,

hicran,

açılmayan sabahlar,

bitməyən axşamlar,

şəkilləri qayçılamaq,

mesajları silmək,

siqarı siqara calamaq,

sağlıqsız içmək

ucuz kafelərin birində

tostsuz,

dostsuz

və sevgisiz –

bir sözlə, bohema.

Rembo, Mayakovski, Yesenin –

məlum "tema"...

...ağacdan asılan

naməlum meyit...

Ehtiyatlı olmaya bilərsiniz:

ürəyin qapıları bağlandı...

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 



[1]Dırnaq içindəki misralar Səməd Vurğunun “Komsomol poeması”ndandır.

Çərşənbə, 22 İyul 2026 16:08

Liderlik qanunları, nömrə 10

“Ədəbiyyat və incəsənət” portalında! Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallara cavab.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.       

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

10. Əlaqə qanunu

«Liderlər öncə ürəkləri tərpədirlər»

 

Ünsiyyət qurmaq bacarığı, hər bir kəslə dost ola bilmək qabiliyyəti qiymətli keyfiyyətdəir. Əsl liderlər gözəl bilir ki, insanları öz ardlarınca aparmaq üçün öncə ürəkləri tərpətmək lazımdır. Böyük liderlər həm ayrı-ayrı individlərlə, həm də insan qrupları ilə, kütləylə sıx əlaqə saxlamaq qabiliyyətinə malik olurlar.

ABŞ prezidentlərindən olan Ronald Reyqan Böyük Kommunikator təxəllüsünü auditoriyada harmonik anlaşma anlayışı yaratdığına, ayrı-ayrı fərdlərin ürəklərini tərpədə bilməsinə görə almışdı.

Qrupdakı insanlarla əlaqə yaratmaq üçün tezliklə hər bir insana müraciət etmək lazımdır. Liderin məqsədi onu əhatə edən adamlarla əlaqə qurmağın təşəbbüsçüsü olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

Çərşənbə, 22 İyul 2026 13:35

Ən məşhur yay yeməkləri – Som Tam

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yay mövsümündə dünyanın müxtəlif ölkələrində daha çox yüngül, təravətləndirici, bol tərəvəzli və meyvəli yeməklərə üstünlük verilir. Dünya mətbəxinin yaya aid ən məşhur 10 yeməyi və onların qısa hazırlanma resepti təqdim olunur. Bələdçimiz dünya mətbəxinə aid minlərlə resepti ilə məşhur olan BBC  good food nəşridir.

 

Ərzaqlar:

  • Yaşıl papaya
  • Pomidor
  • Lobya
  • Fıstıq
  • Laym
  • Balıq sousu
  • Acı bibər

Hazırlanması:
Papayanı sürtgəcdən keçirin, digər ərzaqlarla qarışdırın, sous əlavə edin.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

 

Çərşənbə, 22 İyul 2026 14:02

Şairə söz qadağası qoyula bilməz!

 

ŞAİR AKİF SƏMƏDLƏ BAĞLI BİR XATİRƏ



Coşqun Xəliloğlu,

 Azərbaycan Yazıçılar Birliyinin üzvü.

“Ədəbiyyat və incəsənət”

 

2026-cı ilin iyul ayının altısında qocaman mətbu orqanlardan biri olan “Vışka” qəzetinin nəzdində fəaliyyət göstərən “Neftçi” Ədəbi Məclisi”nin yaranmasının 27-ci ildönümü tamam oldu. “Neftçi” Ədəbi Məclisi” “Vışka” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Mədinə Həsənovanın xeyir-duası və neftçi, şair-dramaturq Zaməddin Ziyadoğlunun, eləcə də digər neftçi-şairlərin təşəbbüsü ilə yaranmışdır. O vaxtlar mətbuata, ədəbiyyata daha çox sevgi və maraq var idi.  “Neftçi” Ədəbi Məclisi”nin yaradılmasında əsas məqsəd neft-qaz sənayesində çalışan və bədii yaradıcılıqla məşğul olan müxtəlif peşə sahiblərinin şeirlərinin çap edilməsinə kömək etmək, onları yaradıcılığa ruhlandlrmaq idi.

 

İlk toplantıda Mədinə xanım qeyd etdi ki, uzun illərdir ki, “Vışka” qəzetininin nəzdində rusdilli oxucuların bədii yaradıcılığına güzgü tutan “Rodnik” Ədəbi Birliyi uğurla fəaliyyət göstərir. Müstəqillik dövründə qəzetimizin səhifələrində həm Rus dilində və həm də doğma ana dilimizdə yazılara yer verildiyini nəzərə alaraq bədii yaradıcılğa meyl edən həvəskar şairlərin qələm təcrübələrini də dərc etməkdən məmnun olarıq.

Yarandığı ilk illərdə “Neftçi” Ədəbi Məclisi”nin fəaliyyəti çox məhsuldar oldu. Hər ayın sonuncu cümə günü məclis üzvləri qəzetin redaksiyasina toplaşar, yeni şeirlərini oxuyar, müzakirələr aparardılar. Neftçi-şairlər Mollalar Əşrəf, Pənah Nehdiyev, Vahid Hacıyev, Nazim Aslan Bozalqanlı, Oqtay Hüseynzadə, Əliheydər Babayev, Füzuli Canıyev məclisin ən fəal üzvləri idilər. Həvəskar şairlərlə yanaşı Zaməddin müəllimin dəvəti ilə tanınmış ədəbiyyat adamları da tez-tez bu görüşlərə gələrdilər. Nəriman Həsənzadə, Nizami Cəfərov, Oqtay Rza, Şəmşad Rza, Həmid Abbas, İlyas Tapdıq, Oqtay Salamzadə kimi  tanınmış söz adamları ilə ünsiyyət necə də xoş və maraqlı idi.

Neftçi  şairlərin növbəti yığıncaqların birində, səhv etmirəmsə, 2000-ci ildə tanınmış şair Akif Səməd və şair Mahmud Vəli ilə “Vışka” qəzetinin redaksiyasnda görüşdük. Görüşdə ənənəvi olaraq söz adamları şeir oxudular. Şux görkəmli, səliqəli geyimli Akif Səməd özünəməxsus bir üslubda səmimi fikirlərini bildirdi, çətin və şərəfli peşə sahiblərini dinlədikdən sonra onların şeir yazmalarını təqdirəlayiq hal hesab etdiyini bildirdi. Qeyd etdi ki, yaşadığımız diyar neft-qaz ölkəsidir, bununla belə, dünyaya göstərməliyik ki, biz müdrik xalqıq, dərin təfəkkür sahibiyik. Həmişə haqqın, ədalətin yanındayıq. Qərbin ikili siyasətinin səhv olduğunu onlara zəkamızla, siyasətimizlə, əməlimizlə başa salmalıyıq. Heç vaxt müqəddəs torpaqlarımızın yağıların tapdağında qalmasına dözə bilmərik və hər qarış torpağımızı düşməndən alacağıq. 

O, oxunan hər bir şeir haqqında da obyektiv  fikrini bildirdi.  Mənim üçün xoş idi ki, Akif Səməd yazdığım şeiri bəyəndi və xoş sözlərini dedi. Yaxşı yadımdadır,  şeirin bir yerində “Türmə” sözü işlətmişdim. Bəziləri bu sözə etiraz edəndə, gülərək, “Şairə söz qadağası qoyula bilməz.” dedi.
Bu gün biz Akif Səmədi sevgiylə xatırlayırıq. Maraqlıdır ki, iyul ayının 22-də, Milli Mətbuat və Jurnalistika Gününə təsadüf edən şanlı, tarixi bir gündə nəcib, həssas qəlbli bir insanın – həm görkəmli şair və həm də istedadlı, itiqələmli jurnalistin  67 yaşı tamam olur.
Xəyalən Akif Səmədə səslənirəm:

 –Həmişə qəlbinizi sızladan, işğalına dözə bilmədiyiniz, döğma yurda gedə bilmədiyinizə kədərləndiyiniz, yüksək poetik dillə qələmə aldığınız Şuşa yenə bizimdir. Bu şeirinizi  oğlunuz, gənc yazıçı Uluçay Akif ruhunuza böyük ehtiramla 2022-cildə Şuşada keçirilən Vaqif Poeziya Günlərində səsləndirdi. Şeirinizin sədaları Şuşaya yayıldı və Siz də ruhunuzla Şuşanı ziyarət etdiniz.

 

Bu halal yolnan, yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik
Şuşaya gedə bilmirəm.

Ulduzuq nədə bilirəm,
Bilirəm, dədə, bilirəm,
Evimə gedə bilirəm.
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi,
Kimə söyləyim dərdimi
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi –
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm.

Şuşa, Xankəndi, Laçın, Qubadlı, Kəlbəcər… əbədiyyətə kimi bizimdir. Biz Şuşaya, doğma yurdumuza  sərbəst şəkildə, qürurla, fəxrlə gedə bilirik. Biz artıq hünərimizə dünyanın ən böyük dövlətlərinin, güc mərkəzlərinin heyran qaldığı qalib dövlətik. Siz isə fiziki cəhətdən bu dünyadan 22 il əvvəl köçsəniz də həmişə sevilən söz adamı kimi qəlblərdə yaşayırsınız. Gənclərimiz, milli ruhlu şeirlərinizi sevə-sevə oxuyur, saflaşırlar.

 Ya­şınız mübarək unudulmaz, sevimli şair Akif Səməd!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Milli mətbuatımızın tarixindən söz düşəndə ilk yada düşən böyük maarifçi, görkəmli publisist və milli oyanış hərəkatının öncüllərindən biri olan Həsən bəy Zərdabidir. O, 1875-ci il iyulun 22-də nəşrinə başladığı "Əkinçi" qəzeti ilə təkcə Azərbaycan mətbuatının deyil, bütövlükdə milli ictimai fikrin yeni mərhələsinin əsasını qoydu. "Əkinçi" xalqın ana dilində danışan, onun dərdini, sevincini, ehtiyaclarını dilə gətirən ilk milli tribunaya çevrildi. Həsən bəy Zərdabi mətbuatı xalqı maarifləndirən, cəmiyyəti inkişaf etdirən, milli şüuru formalaşdıran ən qüdrətli vasitə hesab edirdi.

 

Onun əsas amalı xalqına xidmət etmək idi

Həsən bəy Zərdabinin Azərbaycan mətbuatına gətirdiyi ən böyük yeniliklərdən biri xalqla mətbuat arasında canlı və etibarlı münasibətin yaradılması idi. O, mətbuatı yalnız xəbər çatdıran bir vasitə kimi deyil, cəmiyyətin inkişafına xidmət edən maarifçilik məktəbi kimi görürdü. İnanırdı ki, sözün gücü insan düşüncəsini dəyişdirə, xalqı elmə, təhsilə, tərəqqiyə və milli həmrəyliyə istiqamətləndirə bilər. Bu baxış bu gün də müasir jurnalistikanın əsas prinsipləri sırasında dayanır.

Müasir Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin yaratdığı bu zəngin ənənələr üzərində inkişaf edir. Bu gün jurnalist qarşısında duran əsas vəzifələr - həqiqəti araşdırmaq, cəmiyyətin problemlərini işıqlandırmaq, insanların səsini çatdırmaq, milli-mənəvi dəyərləri qorumaq və ictimai düşüncənin formalaşmasına töhfə vermək XIX əsrin böyük maarifçisinin müəyyən etdiyi yolun davamıdır.

Texnologiyaların sürətlə dəyişdiyi, informasiya axınının saniyələr ərzində dünyaya yayıldığı müasir dövrdə jurnalistikanın qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaranır. Sosial şəbəkələr və rəqəmsal platformalar informasiya yayımını asanlaşdırsa da, peşəkar mətbuatın əsas üstünlüyü yenə də düzgünlük, obyektivlik, etibar və məsuliyyət prinsiplərində qalır. Həsən bəy Zərdabinin "xalq üçün yazmaq, xalqı maarifləndirmək" ideyası bu gün də öz aktuallığını qoruyur.

Müasir jurnalist tarixi gələcək nəsillərə çatdıran söz adamıdır

Bu baxımdan bölgə mətbuatının, xüsusilə uzun illər fəaliyyət göstərən qəzetlərin rolu əvəzsizdir. Onlar yaşadıqları şəhərin və rayonun inkişaf yolunu, insanların əməyini, mədəniyyətini və ictimai həyatını öz səhifələrində əks etdirərək zamanın salnaməsini yaradırlar. Aradan yüz əlli ildən artıq vaxt keçməsinə baxmayaraq, Zərdabinin müəyyənləşdirdiyi prinsiplər bu gün də öz aktuallığını qoruyub saxlayır. Həqiqətə sədaqət, vətəndaş məsuliyyəti, milli dəyərlərə bağlılıq, ana dilinin saflığının qorunması və cəmiyyət qarşısında mənəvi məsuliyyət müasir Azərbaycan jurnalistikasının da əsas istiqamətlərindən biri olmalıdır.

Bu gün informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə peşəkar mətbuatın üzərinə daha böyük məsuliyyət düşür. İnformasiyanın sürəti artdıqca onun doğruluğunun yoxlanılması, obyektivliyin qorunması və ictimai etimadın təmin edilməsi daha da vacib olur. Məhz buna görə də ənənəvi mətbuat öz missiyasını dəyişmir. Əksinə, cəmiyyət üçün etibarlı informasiya mənbəyi kimi əhəmiyyətini daha da artırır.

Azərbaycan mətbuatının keçdiyi şərəfli yolun ayrılmaz hissəsini bölgə mətbuatı təşkil edir

Bölgə qəzetləri yalnız xəbərlərin daşıyıcısı deyil, həm də yaşadıqları şəhərin, rayonun tarixini, mədəniyyətini, ictimai həyatını gələcək nəsillərə çatdıran canlı salnamələrdir. Bu baxımdan şəhərimizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan "Sumqayıt" qəzeti xüsusi yer tutur. 1952-ci ildən nəşr olunan qəzet yarandığı ilk gündən şəhərin inkişaf yolunu, sənaye quruculuğunu, elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrində qazanılan uğurları ardıcıl şəkildə işıqlandırıb. Şəhərin sevincli və çətin günlərini, zəhmət adamlarının həyatını, ziyalıların fəaliyyətini, yaradıcı insanların uğurlarını öz səhifələrində əks etdirərək əsl salnamə missiyasını yerinə yetirib.

Ümummilli Lider Heydər Əliyevin Sumqayıta 16 dəfə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə 34 dəfə səfər etməsi şəhərə göstərilən yüksək dövlət diqqət və qayğısının bariz ifadəsidir. Bu səfərlər zamanı sənaye, sosial infrastruktur, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində həyata keçirilən mühüm layihələr Sumqayıtın inkişaf tarixində yeni mərhələnin əsasını qoymuşdur. Bütün bu əlamətdar hadisələr, dövlət başçılarının şəhər sakinləri ilə görüşləri, açılış və təməlqoyma mərasimləri, qəbul edilən mühüm qərarlar "Sumqayıt" qəzetinin səhifələrində operativ, dolğun və peşəkar şəkildə işıqlandırılmış, qəzet şəhərin inkişaf salnaməsini öz səhifələrində yaşadaraq oxuculara etibarlı informasiya çatdırmışdır.

Bu gün Sumqayıt şəhərinin tarixini araşdıran hər bir tədqiqatçı üçün qəzetin arxivləri qiymətli mənbə hesab olunur. Çünki burada təkcə xəbərlər deyil, bütöv bir dövrün nəfəsi, insanların düşüncələri, şəhərin inkişaf mərhələləri və ictimai yaddaşı yaşayır. "Sumqayıt" qəzeti illər boyu şəhərin həyatını dəqiqliklə qeydə alaraq gələcək nəsillər üçün zəngin irs formalaşdırıb. Qəzetin ən böyük uğurlarından biri də onun ətrafında formalaşan yaradıcılıq mühitidir. Burada əsl jurnalistika məktəbi yaranıb. Müxtəlif illərdə qəzetə rəhbərlik edən redaktorlar, layiqli ziyalılarımız – Məmmədyar Ağayev, Əlisəfa Məmmədov, Hüseyn Mehrəliyev, Əyyub Məmmədov, Həsən Hüseynov, Zərifə Təhməzova, Fikrət Arixov, Kamran Hacıyev, Qüdrət Məlikov öz peşəkarlıqları, yüksək təşkilatçılıq bacarıqları və prinsipial mövqeləri ilə mətbuatın inkişafına dəyərli töhfələr veriblər. Qəzetin ağırlığını çiynində daşıyan əməkdaşları Seyfulla Cəfərov, Hafiz Baxış, Şakir Abdullayev, Zakir Axundov, Cəlil Rəfiyev, Çingiz Süleymanzadə, Tofiq Məmmədov, Xasay Cahangirov, Sevil Bayramova, İldırım Qasımlı, Feyzi Mustafayev, Mikayıl Məmmədov, Ramiz Tapdıqov, Oktay Cəfərov, Məqsəd Quliyev və başqaları isə məsuliyyətli, savadlı, zəhmətsevər və yaradıcı jurnalistlər kimi oxucuların rəğbətini qazanıblar. Onların qələmindən çıxan yazılar təkcə informasiya verməyib, həm də insanlarda Vətən sevgisi, milli təfəkkür, zəhmətə hörmət və mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirib.

"Sumqayıt" qəzeti onilliklər ərzində neçə-neçə tanınmış jurnalistin, publisistin və qələm adamının püxtələşdiyi yaradıcılıq ocağına çevrilib. Burada formalaşan peşəkar mühit gənc jurnalistlərin yetişməsində mühüm rol oynayıb və milli mətbuatımıza yeni qələm sahibləri bəxş edib. Təsadüfi deyil ki, bu qəzetdən keçən yaradıcı insanlar sonradan ölkənin aparıcı mətbuat orqanlarında uğurla fəaliyyət göstərərək Azərbaycan jurnalistikasının inkişafına töhfələr veriblər.

 

Milli mətbuatın inkişafında dövlət qayğısı və Heydər Əliyev ənənəsi

Azərbaycan mətbuatının inkişaf tarixində dövlətçilik düşüncəsi ilə milli jurnalistika ənənələrinin vəhdəti mühüm yer tutur. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyət həyatındakı əhəmiyyətini yüksək qiymətləndirib, jurnalistikanı xalqla dövlət arasında mühüm əlaqə vasitəsi kimi dəyərləndirib.

Heydər Əliyevin mətbuata münasibətinin əsasını söz azadlığına, peşəkar jurnalistikaya, milli-mənəvi dəyərlərin qorunmasına və cəmiyyətin maariflənməsinə verilən böyük önəm təşkil edirdi. O, jurnalist əməyini yüksək qiymətləndirərək bildirirdi ki, mətbuat xalqın səsinə çevrilməli, həqiqətləri obyektiv şəkildə əks etdirməli və dövlətçilik maraqlarına xidmət etməlidir.

Ulu Öndərin təşəbbüsü və diqqəti nəticəsində Azərbaycan mətbuatının inkişafı üçün mühüm addımlar atıldı, jurnalistlərin fəaliyyətinə geniş imkanlar yaradıldı. Mətbuatın hüquqi bazasının möhkəmləndirilməsi, jurnalist peşəsinə hörmətin artırılması və milli informasiya məkanının inkişafı bu siyasətin mühüm istiqamətlərindən oldu.

Bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət siyasətində də mətbuatın inkişafı xüsusi yer tutur. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, azad, məsuliyyətli və peşəkar media demokratik cəmiyyətin mühüm institutlarından biridir. Onun mətbuata göstərdiyi diqqət və qayğı nəticəsində jurnalistlərin fəaliyyəti üçün daha əlverişli şərait yaradılıb, informasiya sahəsində yeni layihələr həyata keçirilib.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda medianın müasir dövrdə daşıdığı məsuliyyətə toxunaraq vurğulamışdır: "Media həqiqətin bərpasında, etimadın yenidən qurulmasında və sülhün təşviqində mühüm rol oynayır." Bu fikir informasiya məkanında peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxarır. Bu çağırış Azərbaycan mediasının cəmiyyətə doğru, operativ və etibarlı informasiya çatdırmaq missiyasının aktuallığını bir daha təsdiq edir.

Müasir dövrdə Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri milli maraqları qorumaqla yanaşı, cəmiyyətə doğru, operativ və obyektiv informasiya təqdim etməkdir. Bu baxımdan Həsən bəy Zərdabinin yaratdığı maarifçilik ənənələri ilə Heydər Əliyevin formalaşdırdığı dövlətçilik yanaşması və Prezident İlham Əliyevin müasir media siyasəti bir-birini tamamlayan mühüm istiqamətlərdir.

“Əkinçi” əməyini özündə yaşadan "Sumqayıt" qəzeti də öz uzun illik fəaliyyəti ərzində məhz bu dəyərlərə əsaslanaraq şəhərin ictimai həyatını, insanların əmək və yaradıcılıq yolunu, ölkədə baş verən mühüm prosesləri işıqlandırıb. Qəzetin zəngin arxivi göstərir ki, yerli mətbuat yalnız informasiya vasitəsi deyil, həm də xalqın yaddaşını qoruyan, tarixini yaşadan mənəvi xəzinədir.

 

Müasir dövr mətbuat qarşısında yeni çağırışlar qoyur

Rəqəmsal media, süni intellekt, sosial platformalar informasiya mühitini kökündən dəyişsə də, peşəkar jurnalistikanın əsas prinsipləri dəyişməz qalır. Dəqiqlik, obyektivlik, operativlik və cəmiyyət qarşısında məsuliyyət Həsən bəy Zərdabinin bizə miras qoyduğu ən böyük dəyərlərdir. Məhz bu prinsiplər əsasında fəaliyyət göstərən mətbuat orqanları zamanın sınağından uğurla çıxır.

Əminliklə demək olar ki, 74 illik zəngin tarixə malik "Sumqayıt" qəzeti də bu müqəddəs ənənənin layiqli davamçılarından biridir. Şəhərin salnaməsini yazan, onun tarixini yaşadan, ziyalı sözünü ucaldan, ictimai fikrin formalaşmasına xidmət edən bu qəzet bundan sonra da öz şərəfli missiyasını uğurla davam etdirəcək. Çünki zaman dəyişsə də, həqiqətə söykənən sözün, vicdanlı jurnalistikanın və xalqına xidmət edən mətbuatın dəyəri heç vaxt dəyişmir.

Bayramımız mübarək, əziz həmkarlar!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Hər bir xalqın milli oyanışında, özünüdərk prosesində və dövlətçilik təfəkkürünün formasında mətbuatın rolu əvəzsizdir. Azərbaycan xalqının mədəni və siyasi tarixində 22 İyul tarixi sadəcə bir peşə bayramı deyil, böyük bir maarifçilik hərəkatının, milli azadlıq ideyalarının və intellektual dirçəlişin başladığı müqəddəs bir gündür. 1875-ci il iyulun 22-də böyük mutəfəkkir Həsən bəy Zərdabinin gərgin zəhməti və fədakarlığı sayəsində işıq üzü görən "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının təməli qoyuldu.

 

 Zərdabi cəsarəti və "Əkinçi" ənənəsi

XIX əsrin ikinci yarısında, çar Rusiyasının sərt senzurası və müstəmləkə rejiminin hökm sürdüyü bir dövrdə ana dilində qəzet nəşr etdirmək böyük cəsarət və fədakarlıq tələb edirdi. Həsən bəy Zərdabi "Əkinçi" ilə yalnız xəbər paylamırdı, o, xalqı cəhalətdən xilas etməyə, elmi, təhsili və müasirliyi təbliğ etməyə çalışırdı. Cəmi 56 nömrəsi çap olunsa da, "Əkinçi" özündən sonra böyük bir jurnalistika məktəbi qoydu.

Məhz bu məktəbin bəhrəsi olaraq sonralar "Ziya", "Kəşkül", "Şərqi-Rus", "İrşad", "Molla Nəsrəddin" və "Füyuzat" kimi mətbu orqanlar yaranaraq milli şüurun formalaşmasında, Xalq Cümhuriyyətinin qurulmasına gedən yolda misilsiz xidmətlər göstərdilər.

 

 Sözün məsuliyyəti və müasir jurnalistikanın çağırışları

Böyük tarixi ənənələrə söykənən Azərbaycan mətbuatı bu gün keyfiyyətcə yeni bir inkişaf mərhələsini yaşayır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin və rəqəmsal media platformalarının ön plana çıxması jurnalistikanın sürətini artırmaqla yanaşı, onun üzərinə düşən məsuliyyəti də dəfələrlə çoxaltdı.

Ağır informasiya müharibələrinin gedən dövrdə operativliklə yanaşı, həqiqətə sadiqlik, qərəzsizlik və milli maraqların qorunması müasir jurnalistin ən birinci prinsipi olmalıdır. 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycan mediasının göstərdiyi informasiya mübarizəsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması "Əkinçi"dən gələn vətənpərvərlik ənənəsinin parlaq davamıdır.

 

 Keçmişə ehtiram, gələcəyə inam

Bu gün mətbuatımızın keçdiyi şərəfli yola nəzər salarkən, Həsən bəy Zərdabidən başlayaraq sözün, həqiqətin uğrunda canını və qələmini fəda etmiş bütün ziyalılarımızı, qələm sahiblərimizi dərin ehtiramla yad edirik. Müasir media fədailəri — cəbhə bölgələrindən xəbər hazırlayan müxbirlər, gecəsini gündüzünə qataraq informasiya məkanını təmin edən jurnalistlər bu böyük irsin layiqli davamçılarıdır.

Milli Mətbuat Günü münasibətilə sözün qüdrətinə inanan, obyektivliyi və milli mənafeyi hər şeydən üstün tutan bütün media mənsublarını, qələm adamlarını təbrik edir, yaratmaq və maarifləndirmək yollarında tükənməz enerjilər arzulayırıq.

Sözünüz kəsərli, qələminiz həmişə itkin olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Çərşənbə axşamı, 21 İyul 2026 11:52

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası X.B.Natəvan adına kitabxana filialı ilə birgə XIX əsr Azərbaycanın görkəmli şairi, xeyriyyəçi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirdi.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, Tədbiri Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova açaraq tədbir iştirakçılarını və qonağları salamladı.

Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Qərbi Kaspi Universitetinin Tarix kafedrasının müdiri Lətifə Məmmədova tədbirə onlayn formatda qoşularaq Xurşidbanu Natəvanın təkcə gözəl qəzəllərin müəllifi deyil, həm də xalqının rifahını düşünən, elmə, mədəniyyətə, incəsənətə böyük qayğı göstərən görkəmli şəxsiyyət olduğunu qeyd etdi. L.Məmmədova dedi ki, Ümummilli Lider Heydər Əliyev Xurşidbanu Natəvanın irsinin yaşadılmasına və təbliğinə xüsusi önəm vermişdir. Onun birbaşa təşəbbüsü ilə 1982-ci ildə Şuşada şairənin abidəsinin açılışı olmuş, sonrakı illərdə bu siyasət qlobal səviyyədə davam etdirilmişdir. Bu iş müstəqillik illərində də davam etdi. Ulu Öndərin siyasi kursunu davam etdirən Heydər Əliyev Fondu “Xan qızı”nın xatirəsini beynəlxalq aləmdə də əbədiləşdirmişdir. 2016-cı ildə Fondun dəstəyi ilə Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsi açılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xurşidbanu Natəvanın 180 illik yubileyi respublika səviyyəsində təntənəli şəkildə qeyd olunmuşdur. Dövlət başçısının “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı da böyük rəqbətlə qarşılanmışdır. İmzalanan bu sərəncamlar çərçivəsində şairin əsərlərinin yenidən nəşri, haqqında monoqrafiyaların hazırlanması, həmçinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. L.Məmmədova qeyd etdi ki, Azərbaycan ədəbiyyatı tarixində Xurşudbanu Natavanın adı yalnız poeziyanın deyil, həm də xeyriyyəçiliyin, maarifçiliyin və qadın maarifçiliyinin simvoluna çevrilib. Natəvanın həyat yolu, şeirləri, xeyirxah əməlləri və ailəsi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dəyərli səhifələrindən birini təşkil edir.   

Tarixçi-alim L.Məmmədova vurğuladı ki, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı Natəvana gözəl əfsanə yazmışdır  və sözügedən əsər oxucular tərəfindən səhnələşdirilmişdir.                                                          

AYB-nin üzvü, filologiya elmləri doktoru Esmira Fuad çıxışında Xurşidbanu Natəvanın qəzəllərində insan duyğuları, Vətənə bağlılıq, mərhəmət və xeyirxahlığın yüksək sənətkarlıqla ifadə olunmasından, onun təkcə şair deyil, dövrünün maarifçi və xeyriyyəçi xanımı kimi Azərbaycan mədəniyyət tarixində silinməz iz buraxdığını, xüsusi yeri olan görkəmli şəxsiyyət olduğunu qeyd edərək, şairin yaratdığı ədəbi irsin bu gün də öz aktuallığını saxlamasından, əsərlərində insan sevgisi, mənəvi kamillik, Vətənə məhəbbət və yüksək əxlaqi dəyərlərin təbliğindən bəhs etdi.                                                                                                   

Şair, bədii qiraətçi, həvəskar musiqiçi, Vətən müharibəsi veteranı və hərbi mütəxəssis Cəbrayıl Qənbər çıxışını belə başladı: “Sözün işığında yaşayan insanlar heç vaxt unudulmur. Xurşidbanu Natəvan da qəlbində sevgi, mərhəmət, vətən eşqi daşıyan böyük Azərbaycan qadını idi. Onun poetik dünyası bu gün də qəlbləri duyğulandırır”. Qiraətçi “Olmuşam dəhri-bəla içrə bu gün divanə mən” qəzəlindən beytlər söylədi. 

Tədbirdə Mərkəzi Kitabxananın Oxuculara  xidmət şöbəsinin böyük kitabxanaçısı Səbirə Kərimova çıxış edərək bildirdi ki, Xurşidbanu Natəvanın qəzəl və qoşma janrlarında yazdığı şeirləri yüksək səmimiyyəti və lirikliyi ilə seçilir. Onun əsərlərinin mərkəzində sevgi, təbiət gözəllikləri, insanın mənəvi aləmi və dövrünün ictimai məsələləri dayanır.                           

Tədbirdə iştirak edən fəal oxuculardan Rəqsanə Sayıllı, Səidə Abdulxalıqova və digərlər tədbir iştirakçıları onları maraqlandıran suallarla Esmira Fuada müraciət etdilər.

Tədbirin bədii hissəsində Beynəlxalq müsabiqələr laureatı, xanəndə Maya Cəbrayılova Xurşidbanu Natəvanın şeirlərinə, qəzəllərinə yazılmış musiqi və muğamlar ifa etdi. Xanəndə Maya Cəbrayılova   bədii qiraətçi Cəbrayıl Qənbərlə birlikdə  “Yenə yarəb nə qəmgindir mənim bu şad olan könlüm” qəzəlini bədii kompozisiya şəklində söylədilər.

Oxucular arasında sual-cavab aparıldı: Natəvan hansı janrlarda şeir yazmışdır, Natəvanın əsərlərində əsas mövzular hansılardır, Natəvan hansı xeyriyyəçilik işləri ilə məşhur idi və s.

Tədbirdə   Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

 

 

 

   

Çərşənbə axşamı, 21 İyul 2026 10:40

Londonda dördüncü "YAŞAT" yay məktəbi başlayıb

"YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda dördüncü "YAŞAT" yay məktəbi başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, 19 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yay məktəbinin iştirakçıları yola düşüblər.

14 gün davam edəcək “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

19 iyul-2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edəcəklər.

Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.

Layihənin media dəstəkçisi : ASAN Radio/ TV

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Çərşənbə axşamı, 21 İyul 2026 17:47

Bir vaxtların məşhur “Aşıqlar” qrupunun yaradıcısı

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Aşıqlar” qrupu...

Musiqi tarixində qalmaq üçün bənzərsiz ifalar, hədsiz populyarlıq, qazanılan ad və mükafatlarla yanaşı, bu sahəyə bilavasitə xidmət göstərmə də əsas yer tutur. Məsələn, hansısa musiqi qrupu, ansambl yaratmaq kimi.

Haqqında bəhs edəcəyim və bu gün doğum günü olan şəxs bu qəbildəndir.

 

Azərbaycan Respublikasının əməkdar artisti Elxan Şıxəliyev 21 iyul 1951-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi kollecində, Azərbaycan Milli Konservatoriyasında təhsil alıb.

İndi isə gələk söhbətimizin kulminasiyasına: 1973-cü ildə Elxan Şıxəliyev 10 nəfərdən ibarət "Aşıqlar qrupu” dövlət vokal instrumental ansamblını yaradıb. Qrup 1973-cü ildə Bakıda keçirilən festivalda Respublikadan 100-ə yaxın qrup arasında birinci yerə layiq görülüb.

Bu, “Aşıqlar qrupu”nun iştirak etdiyi ilk festival olub.

1979-1980-cı illərdə Elxan Şıxəliyev Rəşid Behbudov ilə bərabər Mahnı Teatrında çalışıb, 1989-cu ilədək bir çox konsert proqramlarında bərabər çıxış ediblər.

Qrup Azərbaycan musiqi dünyasında dördüncü peşəkar qrup olub. (Daha öncələr yaradılmış məşhur “Qaya” və “Sevil” qrupları yəqin yadınızdadır).

1989-cu ildə qrup dağılıb, 1997-ci ildə isə yenidən bərpa olunub. 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxışları olub.

Elxan Şıxəliyev 16 sentyabr 2006-cı il tarixində "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

Bu gün o elə də fəallıq göstərmir. Amma musiqi tariximizdə yerini artıq qazanıbdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Çərşənbə axşamı, 21 İyul 2026 11:15

Məmmədbağər Bağırzadənin doğum gününə

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu yazını hazırlauanda YouTube-dan “Belə qəmli dayanma” mahnısını tapıb izlədim.

Ötən əsrin 80-ci illərində ən populyar kişi müğənnisi o idi. Ən bahalı toylara pnu çağırırdılar. Televiziya və radionun ən arzuolunan ifaçısı idi. Qastrollar, xarici səfərlər də daim davam edirdi.

Xüsusən, onun bir mahnısı sadəcə mükəmməl idi:

Könlüm, bulud deyilsən,

Sınıq ümid deyilsən,

Sən ki sükut deyilsən,

Belə qəmli dayanma!

 

Azərbaycanın xalq artisti Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toylardan və el şənliklərindən başlayıb. O, adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib.

Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.

Onu həqiqətən sevirdilər. Bakı kəndlilərində bu sevgi daha böyük idi.

Və bir də, əsli-kökü Xızıdan idi Məmmədbağır Bağırzadənin. Onun “Məni heyran etdi Xızı dağları” mahnısı lokal anlamda vətənin tərənnümü idisə də, “Azərbaycan oğluyam” mahnısı qlobal anlamda vətən sevgisinin tərənnümü idi.

Uzun müddət Məmmədbağırı “ara müğənnisi” adlandırıb efirlərə buraxmayanlar sonradan ovaxtkı Lenin adına Respublika sarayında (indiki Heydər Əliyev sarayı) istənilən dövlət tədbirində “Azərbaycan oğluyam” mahnısını eşidib də xəcalət təri tökürdülər...

 

Repertuarının ən yaxşıları:

 

1. Tello musiqi: Oqtay Kazımi, sözlər: Vahid Əziz

2. Bağban — musiqi: Ş. Fazil

3. Nəvə — musiqi: Zivər Ağayeva

4. Muğam

5. Dilkeş təsnifi

6. Naz-naz

7. Dözə bilmədim

8. Qudam

9. Can Azərbaycan

10. Səməni nazlı gəlin (Şəkərbura-paxlava) — söz və musiqi: Məmmədbağır Bağırzadə

 

Çox təəssüf ki, Məmmədbağır Bağırzadənin ömrü yarımçıq qırıldı. 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etdi. Nardaran qəbristanlığında dəfn olundu.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.