Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gündən etibarən 3 gün ardıcıl sizlərə Mübariz Cəfərlinin 3 hekayəsi təqdim ediləcək.

İkinci hekayə “Xaltalılar” adlanır.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

                                   

MÜBARİZ CƏFƏRLİ                                                 

XALTALILAR

İtlərə

    

...Bircə şeyə mat-məəttəl qalmışam ki, sənin həyətindəki it-pişiklər necə, nədən bir-biri ilə rahat, sakit dolanır, dolanmaq azdı, fikir vermişəm, bir-birləri ilə işləri yoxdu, hələ bir-birlərinin arxasında da durur, itlər sizin həyətdəki pişiklərə təsadüfən daş atan adamı tutsa, basmarlamamış əl çəkməz, itlərə sataşanlarısa pişiklər yığışıb cırmaq-cırmaq eləyər. Yemək, yal üstündə da davalaşıb boğuşan, cırmaqlaşan, qaçan-qovan görəməmişəm  o heyvanları. Boş yerə səsləri çıxmır, heç biz öz həyətimizdə də hiss eləmrik ki, çəpər qonşumuz bir dəstə it-pişik saxlayır. Sənə inanmayana lənət, xudaya, adamlar aranı qatıb-qarışdırmasa, qurd quzu ilə yola gedər. Sahibinin əşyasını min adamın pal-paltarının arasından iyindəncə seçib tanıyana necə yuxarıdan  aşağı baxmaq olar? Həqiqətən, binayi-qədimdən nankor olub insan. Ona ifrat sədaqətli, sadiq olana “murdar”, deyib. Burası var ki, gözüyumulu, özxoşuna sədaqət köləlikdən betərdi. Öz boynuna köləlik zənciri keçirib müti qul kimi başıaşağı gəzənə nəyə görə hörmət qoyasan, dəyər verəsən? O zənciri, o xaltanı boyunlarından çıxarıb azad olmaq istəmirlər, çünki azad olsalar, ölərlər, başlarının üstündə əli çomaqlı bir ağa, sahib, yiyə olmasa, yaşaya bilməzlər, əbədi köləlik boyunlarına biçilib...

          Mən müqəddəs kitablarda itlərin murdar olması fikrinə rast gəlməmişəm. Baxma ki, yüz faiz o kitabları da insan övladı özünəsərfəli şəkildə, yəni yumşaq desəm, birtərəfli yazıya alıb. Allah yaradanın murdarı olmaz. Əti haram sayılan heyvana da murdar demək ədalətsizlikdi. Həlbət ki, onların müqəddəs yerlərə girməyi düzgün sayılmır. Fəqət murdarlıqlarına görə deyil, qanmadan, bilmədən, məscidi, digər müqəddəs yerləri batırmasınlar deyə... Daxili təmizlik qat-qat əfzəl, üstün sayılsa da, yəqin ki, Allah evinin təsadüfən belə,  çirkaba batırılması o seçilmiş yerlərə hörmətsizlikdi, bir də ibadət eləyənlərin fikrinin yayınması... Yoxsa itin-küçüyün yol azıb məscidə girməsində, qışın soyuğunda, yayın istisində ora sığınmasında bir qəbahət görmürəm. Peyğəmbərimiz də səhih hədislərində heyvanlara qarşı mərhəmətli olmağı dəfələrlə vurğulayıb. Hər gün məscidə heyvan xislətli o qədər adam gəlir ki, get-gedə mənim də dördayaqlılara rəğbətim artır. Elə mən də sənin tayın olmuşam yavaş-yavaş. Biri heyvanları incidəndə mən özümə yer tapa bilmirəm. Yaxşı deyiblər ki, taylı tayını tapar...

          Şüursuz hesab elədiyimiz itlərdə də az yoxdu. Məgər adamlar dəyərmi itlərin sədaqətinə? Sadiq olanda da gərək nalayiqin yox, dəyərlinin yolunda ölümə gedəsən. Bəlkə də, burasını heyvanların gözü ilə anlamağa kəramətimiz çatmır, biz onların nə, necə fikirləşdiyini, nəyə görə bizə ağlasığmaz görsənən hərəkətlər elədiyini qanmaq üçün gərək, heç olmasa, bircə gün onlar kimi yaşaya bilək. Onların cildində qiyafəsində yox a, tam onlara dönək. Düzdü, heyvanlardan, ələlxüsus itlərdən, çoxlu kitablar  yazılıb, kinolar çəkilib, amma burda da elə o dünya, axirət deyimləri kimi qərarı, hökmü yazanlar, çəkənlər, yəni insanlar çıxardıb. Allah, axirət qeyb aləmi ilə nahaq müqayisə eləmədim mən. O şeyləri ki, dirilər bilmirlər, di gəl, gecə-gündüz elə bilmədikləri şeylərdən danışırlar. Allah, qeyb aləmi, axirət, yəqin ki, ölülərə, bu dünyadan köçənlərə agahdı, onlar da ki, danışa bilmir. Əgər ölülər danışa bilsəydi, dirilərə xəbərdarlıq eləyə bilsəydi, axirətin, qeyb aləminin sirri onlara da açılmazdı. Mən öz ağlımla fikirləşirəm ki, gərək heyvanlar məşhər günündə dil açmağı gözləməyə, elə üzü bəridə yığışıb adamlara hücum eləyə, onların payını verə, axırına çıxa... Amma nə bilmək olar, görünür, burda da bir hikmət var, hər halda, mən heyvanların səbrinə heyranam. Adamların tayı deyil dördayaqlılar, sədaqəti tək səbri də hüdudsuzdu. Yoxsa necə dözərdilər ovçu Atamalı kimi bir nadanın, əbləhin, qaniçənin gülləsinə? Yadındadı da, bələdiyyədən tapşırılmışdı ona ki, kənddəki yiyəsiz itləri güllələsin. Vurulan itin hər biri üçün beş manat verirdilər ona. O əclaf da gecə-gündüz bilmirdi, partapart salıb kənddəki yiyəsiz, sahibsiz itlərin, küçüklərin axırına çıxırdı. Hərdən camaatın itinə də güllə atırdı. Axırda pula görə öz itini də güllələdi ki, onsuz da qocalmışdı, bu gün-sabah öləcəkdi, day havayı niyə ölsün? Yaxşı ki, xarici  ölkədən kəndimizə gələn turistlər təsadüfən bunu gördü – bizim kəndə qədim mağaralar var axı, özün bilirsən ki, xaricilər tez-tez gəlir buralara, bura paytaxtın iki addımlığında olduğundan gediş-gəliş də asandı – məsələ şişib böyüdü,  xarici ölkələrdəki heyvansevərlər səslərini çıxartdı, aləm qarışdı bir-birinə, ovçu Atamalının gülləsinin sədası paytaxtacan gedib çıxdı, o allahsızın şəklini  çəkib paytaxtdakı qəzetə də vurdular, xaricilərə nə var, Atamalının əli tüfəngli şəklini məsum, balaca küçükləri güllələdiyi məqamda da çəkə bilmişdilər, deyirlər, bəzi xarici telekanallarda da Atamalının vəhşiliyini göstərirlərmiş. Anan ölsün, ay Atamalı, göz qırpımında dünyaca məşhur olmuşdu, ancaq bu məşurluq ona baha başa gəldi, paytaxtdan yekə bir yoxlama heyəti tökülüşdü buralara, rayondakı polis, prokuror dəydi bir-birinə, bələdiyədəkilərə də yaxşıca qulaqburması verdilər, onlar da axırda hər şeyi yıxdılar Atamalının boynuna ki, bizim xəbərimiz yoxdu, bu kişi dəli olub, başlayıb özbaşına küçə itlərini güllələməyə. Atamalının  da tüfəngini aldılar, özünü də yaxşıca cərimələdilər ki, bəs ağılsız adamın əlində tüfəng çox təhlükəlidi, bu gün dilsiz-ağızsız  heyvanlara güllə atan sabah arvad-uşağı hədəfə alar. Yəqin, iş lap qəlizləşmişdi ki, tüfəngini almaq, cərimələmək azmış kimi, özünü də saldılar dəlixanaya, düz bir ay  yazıq Atamalını saxladılar orda. Yazıq deməyə də dili gəlmir e,  adamın, mən həmişə demişəm ki, hər kəs elədiyi günahların bədəlini elə bu dünyada ödəyəcək. Axirətdən qabaq, elə üzü bəridə...

        Deyəsən, dəlixanada iynə-zad vurub əməlli-başlı dəli eləmişdilər Atamalı, qayıdandan sonra az yaşadı, özü də əvvəlki kimi deyib gülən  adam deyildi, qaradinməz olmuşdu, dindirməsən danışmazdı. Son vaxtlar tez-tez məscidə gələrdi, sakitcə bardaş qurub oturardı bir küncdə, fikirli-fikirli hündür, oymalı tavana baxardı. Amma elə bil ətrafdan xəbəri yoxdu, xəyalı lap yuxarıda, ərşi-əlada idi.

          Bir gün məsciddə elə ikimiz idik. Hava da çiskin, cansıxıcı idi, neçə gündü narın yağış kəsmədiyindən camaat evdən bayıra az-az çıxırdı. Məscidə də gələn azalmışdı, adamlar Rəhimin çayxanası kimi isti yerə yığışıb ordan-burdan qeybət eləməyi Allahın evində soyuqdan büzüşüb mürgü vurmaqdan üstün tuturdular. Bikarçılıqdanmı, ya həqiqətən, darıxdığımdanmı bilmirəm, yaxına gəlib döşəkçənin üstündə onunla üzbəsurət bardaş qurdum. Hənirtiyə xəyaldan ayrılıb key-key üzümə baxdı. “Necəsən, ay Atamalı? – xəbər aldım pıçıltı ilə, sanki içəridəki, aramızdakı gözəgörünməz  haləni pozmaq istəmirdim.

– Deyəsən, sən də mənim kimi darıxırsan?” “Hə, darıxıram... – cavab verdi yavaşca. – Allah baisin evini yıxsın, ay molla, gül kimi işim-gücüm var idi, itləri vurub yaxşıca pul qazanırdım. Bir itə görə beş manat... Düzdü, bir manatımı kəsirdilər pul verənlər. Ancaq lap iki manata da it vurmaq sərf eləyərdi. Rahat, gəlirli iş idi. Hayıf...” “Bəs canlını öldürməkdən qorxmursan? İtləri də Allah yaradıb axı...” – heyrətə bürünən öləzik hirsimi boğub xəbər aldım. Etinasızlıqla, vecsiz-vecsiz çiyinlərini çəkib üzümə baxdı: “Nədən qorxacam, mən o heyvanları allahsızların arasında zülüm çəkə-çəkə it kimi yaşamaq əzabından xilas eləyirdim. İt kimi yaşamaqdansa, elə birdəfəlik ölüb canını qurtarmaq yaxşıdı... – dərindən köksünü ötürüb təkrarən heyfsiləndi. – Hayıf, day nə mənim tüfəngim var, nə də it öldürənə pul verən...” – yorğun-yorğun gözlərini yumdu. Bir xeyli donub qaldım, boğazımı arıtladım, neçə məclis yola versəm də, deməyə söz tapmadım, sonra sanki ağzım-dilim öz-özünə açıldı,  fəqət elə bil  mənim əvəzimə başqası danışdı, çünki səsim də xırıltılı gəldi, qulağım dilim deyənə yox, səsimə inanmırdı, öz səsimə qətiyyən bənzəmirdi dodaqlarımın arasından süzülən: “Bəndə nəkarədi ki, hökm eləyə, kim bu ixtiyarı verib məxluqa?” – kəlmələrə. O dəm lapdan ağlıma gəlmişdi ki, heç kəs yerin-göyün küllü-ixtiyarını verməyib Adəm törəmələrinə, adamlar şəraitdən istifadə eləyib hökmranlığı ələ keçiriblər, sonra da başlayıblar özlərinə bənzəməyən bütün canlılara qan uddurmağa, divan tutmağa... Atamalı isə dediklərimin, səsimin başqa cür çıxmağının fərqinə varmadı, deyəsən, heç eşitməmişdi sözlərimi, elə sakitçə gözlərini yumub oturmağında idi, başını da əymişdi çiyninə...

          Bir həftədən sonra Atamalı köhnə tövlədə özünü asdı. Evdə adam olmamışdı, ya nədənsə, üç gün heç kəs xəbər tutmamışdı bundan. Atamalı da, lap düzünəsi, Atamalının meyiti də üç gün qalmışdı kəndirdən sallana-sallana...

          Belə... Bu dolanbac həyat acı ilə şirinin qarışığıdı. Turşaşirindi... Nə isə, Atamalını yadıma saldım, kefim pozuldu. Day mən gedim, yəqin, boş-boş danışa-danışa sənin də qanını qaraldıram... Hələlik... Ötürmə məni, çevrə qapanmağa yaxındı, mən qocaldıqca uşağa dönürəm, hərdən, qəfil öz-özünə qəhər yumurlanıb  gəlib durur hülqumumda...Nə aşağı gedir, nə yuxarı qalxır. Ağzımı güclə açıram belə məqamda, səsim titrədiyindən danışa bilmirəm. İndi də istəmirəm ki, yaşımın-başımın bu çağında mənim kövrəlməyimin şahidi olasan...

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

Çərşənbə, 22 İyul 2026 16:38

Ömrünü musiqimizə fəda edən xanəndə

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Xalq artisti, xanəndəƏlibaba Məmmədov Sabir Mirzəyevi muğamın klassik ənənələrinə sadiq sənətkar kimi qiymətləndirirdi. O, xüsusilə Mirzəyevin "Çahargah" muğamını böyük ustalıqla ifa etdiyini, səsinin qüdrəti və zəngulələrinin təmizliyi ilə seçildiyini qeyd etmişdi. Hər iki sənətkar Seyid Şuşinski məktəbinin davamçıları hesab olunurdu və eyni sənət mühitində fəaliyyət göstərirdilər.

 

Sabir Mirzəyev Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindən biri, özünəməxsus ifa tərzi ilə seçilən xanəndə idi. O, xüsusilə "Çahargah" muğamının ən güclü ifaçılarından biri kimi tanınır və Azərbaycan muğam məktəbinin görkəmli davamçılarından hesab olunur.

 

Həyatı

  • Doğum tarixi: 14 noyabr 1943-cü il.
  • Doğulduğu yer: Cəlilabad rayonu, Bayxanlı kəndi.
  • Uşaqlıqdan musiqiyə maraq göstərmiş, ilk muğam dərslərini atası Nüsrət kişidən almışdır.
  • Sonralar görkəmli xanəndə Seyid Şuşinskinin məktəbində muğamın sirlərini öyrənmiş, Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almışdır.

 

Yaradıcılığı

Sabir Mirzəyev 1960-cı ildən peşəkar səhnə fəaliyyətinə başlamışdır. Uzun illər:

  • Azərbaycan Dövlət Filarmoniyasında,
  • "Azərkonsert" Birliyində,
  • Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyət göstərmişdir.

Onun ifasında səslənən bir çox xalq mahnıları və muğamlar Azərbaycan Televiziyası və Radiosunun Qızıl Fondunda saxlanılır. Ən məşhur ifaları bunlardır:

  • "Qarabağın maralı"
  • "Şuşanın dağları"
  • "Nazlana-nazlana"
  • "Gülə-gülə"
  • "Aşiqəm"
  • "Rast" muğamı
  • "Çahargah" muğamı.

 

Fəxri adı

2007-ci ildə Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülmüş, eyni zamanda Prezident təqaüdçüsü olmuşdur.

 

İfa üslubu

Sabir Mirzəyev yüksək diapazonlu səsi, uzun nəfəsi, mürəkkəb zəngulələri və emosional ifa tərzi ilə fərqlənirdi. Xüsusilə "Çahargah" muğamının dramatik və coşqun təqdimatı onun yaradıcılığının zirvəsi hesab olunur. Musiqişünaslar və sənətsevərlər onu bu muğamın ən parlaq ifaçılarından biri kimi qiymətləndirirlər.

 

Vəfatı

Sabir Mirzəyev uzun sürən ürək-damar xəstəliyindən əziyyət çəkirdi. Müalicə üçün Təbrizdə olarkən 23 iyul 2011-ci ildə vəfat etmiş, cənazəsi Bakıya gətirilərək dəfn olunmuşdur.

Sabir Mirzəyevin vəfatı zamanı Azərbaycan musiqi ictimaiyyəti onu milli muğam sənətinin görkəmli nümayəndələrindən biri kimi yad etmiş, ifa etdiyi "Çahargah", "Rast" muğamları və xalq mahnılarının uzun illər muğamsevərlərin yaddaşında yaşayacağını qeyd etmişdir

 

Haqqında

Sabir Mirzəyev haqqında sənət adamlarının fikirləri mətbuatda geniş şəkildə toplanmasa da, onun yaradıcılığı barədə müxtəlif müsahibələrdə və xatirələrdə yüksək qiymətləndirmələr yer alıb.

Muğamsevərlərin və musiqişünasların ümumi qiymətləndirməsi
Sabir Mirzəyev haqqında yazılarda onun:

  • "Çahargah" muğamının ən güclü ifaçılarından biri olduğu;
  • klassik xanəndəlik ənənəsini qoruyub saxladığı;
  • geniş diapazonlu səsə və uzun nəfəsə malik olduğu;
  • muğamın dramatizmini dinləyiciyə çatdırmaq bacarığı ilə seçildiyi vurğulanır. Onun ifalarının əhəmiyyətli hissəsi Azərbaycan Televiziyası və Radiosunun Qızıl Fondunda saxlanılır.

.

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Çərşənbə, 22 İyul 2026 14:36

Qarabağ bülbüllərindən biri

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qarabağ – musiqinin Məkkəsi...

Bu günə doğum günü təsadüf edən xanəndə Sabir Novruzov da əslən Qarabağlıdır.

O, 22 iyul 1944-cü ildə Ağcabədidə dünyaya gəlib. 

 

Sabir Novruzov Xan Şuşinskini, Seyid Şuşinskini, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu özünün müəllimləri sayıb. Aqibətindən danışan S. Novruzov bu sənətə bağlanmağının səbəbi barədə bunları deyib: "Orta məktəbdə oxuyarkən "Pionerlər evi"nə gedərdim. Qarmon dərsi almışam. O gözəl günlər indi də yadımdan çıxmır. Toylarda Əlif kişiyə, Yaqub Məmmədova qulaq kəsilirdim, daim öyrənirdim. Zahid Novruzov vardı, o da gözəl oxuyan idi.

1956-cı ildə bizi Bakıya gətirdilər, "Neftçilər klubu"nda çıxış etdik. Oxuyan zaman bir nəfər səhnəyə çıxdı, dedi ki, bu oğlanın gələcəyi var. "Qarabağ şikəstəsi" oxuyanda heyrətləndilər, apardılar səsimi fondda yazdılar. Yadımdadır, 1957-ci il idi, Şuşadakı istirahət evində gizlində oxuyurdum. Sən demə, direktor mənə göz qoyurmuş, oxuyan kimi məni apardı kluba. Sonra bildim ki, bu, məşhur tarzən Qurban Pirimovdur. Dedi ki, Qurban əmi, bir uşaq gətirmişəm, buna qulaq as.

Ağsaç kişiydi, soruşdu ki, oğlum, nə oxuyacaqsan? Dedim "Bəyənmir məni"ni oxuyacağam. Dedi xalq mahnılarından nə bilirsən? "Bəh-bəh", "Arazbarı" oxudum, bəyəndi. O zaman Şuşanın ən gözəl, dinc vaxtları idi. Oxuyandan sonra həlim səslə dedi ki, canım, sən mənə Cabbarı xatırlatdın. İnanın ki, artıq söz danışmıram. Dedi həddi-büluğa çatanda oxuma, bir az gözlə.

Elə həmin axşam Qurban əmi məni Şuşadakı şeir-sənət məclislərindən birinə apardı. Seyid əmini başında ağ papaqla gözəl xatırlayıram. Cürət edib ona yaxın gedə bilməzdim. Soruşdu ay Qurban, bu uşaq kimdir? Dedi ağa, yaxşı səsi var. Onun "Çahargah"ı indi də qulaqlarımdadır".

 

Sabir Novruzov belə sənətkarlardan görüb-götürdüyünə görə özünü xoşbəxt sayıb: "O zamanlar radio vardı, gecə-gündüz ona qulaq asardıq. İndiki gənclər televizorun qabağından çəkilmirlər, özü də ruhumuza yad olan verilişlərə daha çox baxırlar. Zülfü əminin mahnıları ruhuma keçib. Tanınmış xanəndələrin plastinkalarına qulaq asmaqdan doymazdım. O vaxtlar indiki kimi maqnitofon yox idi. Xan Şuşinskini, Seyid Şuşinskini, Cabbar Qaryağdıoğlunu, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu müəllimlərim hesab edirəm.

Mən peşəkar musiqi təhsili almamışam. Amma musiqiyə bu dərəcədə bağlanmağım görünür ki, aqibətdən imiş. Radionun "Qızıl Fondu"nda, televiziyada xeyli ifalarım qorunur. 1956-cı ildə televiziya açılan zaman orada canlı oxumuşam. Keçmiş SSRİ-nin çox yerlərində qastrollarda olmuşam. Səsim əvvəlki kimi yerindədir. Azərbaycanda dövlət səviyyəsində muğama qayğı var. Bu, məni çox sevindirir. Heç bir oxuyanı qınamaq fikrində deyiləm. Mən istəyirəm ki, qədimlərimizdən gələn ənənə itməsin.

Gərək xanəndə həmişə öz halında qalsın. Xanəndə halında israrlı olarsa, toydakılar onun inadının qarşısında dura bilməz. Xalq mahnılarımızdan, muğamlarımızdan əbədi hansı qüdrət var? Muğam bir auditoriya, xanəndə bir müəllim rolundadır burada, o, sözün həqiqi mənasında dərs deməlidir. Muğamlarımız insanı ruhən, mənən təmizləyir, həyata, yaşamağa-yaratmağa inamını artırır. Bu, bəşər tarixin də tayı-bərabəri olmayan ilahi bir musiqidir".

Muğamatda insan ömrünün bütün mərhələləri musiqinin ecazkar diliylə ifadə olunur. Xanəndə inanırdı ki, oxuyurdu: "Mən muğam ifaçılığında özünəməxsusluğu, bənzərsizliyi əsas sayıram. Məsələn, "Mirzə Hüseyn Segahı"nı dəfələrlə tamamilə fərqli şəkildə oxumuşam. İnsanın səsi, nəfəsi başqasınkına qətiyyən oxşamır. Gərək insanın böyüklüyünü muğamatda ifadə etməyi bacarasan.

Muğamat başdan-ayağa sirrdir, sehrdir. Xan əmi heç yadımdan çıxmır. 1976-cı ildə Filarmoniyada məşq edirdik. Dedi ki, Sabir, bala, məşqdən sonra məni gözləyərsən, sənə sözüm var. O zaman onun mənə dediyi söz indiki kimi qulaqlarımdadır. Dedi ki, oğlum, bəxtinə belə səs düşüb, aqibətinə xəyanət eləmə. Mən onun məsləhətinə əməl etdim, səsimi qorudum. Dilimə içki vurmuram, soyuqdan-istidən qoruyuram. Gərək səs bulaq kimi çağlaya, heç vaxt qurumaya, boğulmaya".

Xanəndənin muğam oxuyarkən hansı şairlərin qəzəllərindən və necə istifadə etməsi məsələsi son dərəcə vacib amildir. Görürsən, hazırda bəzi xanəndələrin repertuarında daha çox Əliağa Vahiddən oxumaq dəbdədir. Amma Füzulidən oxuyanlar çox olsa da, nədənsə Nəsimidən oxuyanlar azdır. Füzuli ilahi aşiqlik rəmzidir, Nəsimidə insana sevgi aşiqliklə, cəngavərliklə birləşir. S. Novruzov daha çox Füzulidən, Nəbatidən, Sabirdən, Vahiddən və başqalarından oxuyub: 

 

"Əruz vəznində yazılanları oxumaq həmişə ürəyimcə olub. Əkrəm Cəfər kimi tanınmış əruzşünasla söhbətlərimizi yaxşı xatırlayıram. Orta məktəb illərində həmişə Seyid Əzim Şirvaninin kitabı qoltuğumda olardı. Xalqımız çox incə qəlblidir. Bu, onun həyatın, mədəniyyətin bütün sahələrində dediyi böyük sözlə bağlıdır".

Xanəndə Güney Azərbaycanda da konsertlər verib: "Tehranda Yaqub Məmmədovla verdiyimiz konsertlər indi də xatirimdən çıxmır. Təbrizdə toyda iştirak etmişəm, orada həmçinin ustad şairimiz Şəhriyarın oğlu ilə tanış olmuşam, xeyli söhbətləşmişəm. Güneydə yaşayan soydaşlarımız Azərbaycan milli musiqisinin, muğamlarımızın vurğunudurlar.

Orada Savalan adlı tanınmış şairlə görüşdüm, şairlər məclisində iştirak etdim. Orada gözəl səsi olan xanəndələrimiz var. Belə məqamları görəndə çox sevindim. Ana sazımızın Güney Azərbaycanda bu gün də əvvəlki möhtəşəmliyi ilə yaşaması məni həddən artıq sevindirdi".

Muğamat bütün Şərqdə geniş yayılıb. Bu, danılmazdır ki, muğamları ən yaxşı şəkildə Azərbaycan türkləri qoruyub, saxlayıblar. Təbiidir ki, farslarda da muğamat gözəl ifadə olunur, hər birinin özünəməxsus xüsusiyyətləri mövcuddur: "Azərbaycanda muğam ifaçılığının zəngin ənənələri var. Bəli, digər tərəfdən də hər bir xalq muğama öz ruhunun tələbinə uyğun yanaşır. Elə muğamlar var ki, İranda çox, bizdə isə az oxunur. Məsələn, "Humayun", "Orta Mahur", "Bayatı-Qacar" bu qəbildəndir".

Qarabağdan olan xanəndələr etiraf edirlər ki, indi əvvəlki dövrlərdəki kimi səslər yoxdur. Bunun da səbəbini o torpaqlarda doğulan uşaqların didərginliyində görürlər. Sabir müəllim deyirdi ki, bu amillər danılmazdır:

"Hərçəndi ki, yurd itirmək ağır dərddir, bu, heç bir sözə, ifadəyə sığmır; amma mən inanıram ki, bütün itkilərimizə baxmayaraq heç vaxt bu səslər xalqımızdan əskik olmayacaq. Çünki bu xalqın halında o imkan var. Uşaq həmin səsi ananın bətnindəcə alır, doğulandan sonra anasının laylasını eşidir, deməli, xalqın ruhu yaşayır, ölmür. Səs ölmür, itmir, həmişəlikdir. Necə oldu ki, Seyiddən, Xandan sonra bu qədər yeni səslər əmələ gəldi? Bu o deməkdir ki, nə qədər dünya durur, muğamat xalqımızın ruhunda qalacaq".

Sənətkar 2007-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. 7 yanvar 2009-cu ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

2002-ciilinnoyabrayının 7 də Bakı Bələdiyyə Teatrının 10 illiyiilə əlaqədarPrezidentHeydər Əliyevinfərmanı ilə aktyor YusifMuxtarova «Xalqartisti» fəxriadı verildi. Sonradan etiraf edirdi ki bu, ömrünün ən xoşbəxt günüdür.

 

Yusif Muxtarov 22 iyul 1941-ci ildə Sabirabad rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb.

1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilib. 1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub.

Yusif Mehdi oğlu Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan Nazim Hikmətin «Qəribə adam», M.Y. Lermontovun «İki qardaş», Səməd Vurğunun «Vaqif», Nazim Hikmətin «Bayramın ilk günü», Çingiz Aytmatovun «Qırmızı yaylıqlı qovağım mənim», İlyas Əfəndiyevin «On iki manatlıq lüstr», «Söyüdlü arx», televiziya tamaşalarında və Azərbaycan kinostudiyasında çəkilən «Baladadaşın ilk məhəbbəti», «Gecə qatarında qətl» filmlərində yaddaqalan obrazlar ifa edib.

 Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunur. Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın xarici ölkələrdə Azərbaycan Teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olub.

Teatrın Azərbaycan ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkili üçün 2005-ci ildə Y.Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl Dərviş» mükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul hərbi-hava akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilib.

 

Filmoqrafiya

- Baladadaşın İlk Məhəbbəti (1974)

- Onun bəlalı sevgisi (film, 1980)

- Gecə qatarında qətl (film, 1990)-Paxan

 

O, 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Çərşənbə, 22 İyul 2026 08:31

Uşaq Filarmoniyasının qayğıkeş rəhbəri

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan Dövlət Uşaq Filarmoniyası mədəniyyətimiz tarixində xüsusi yerə malikdir. Bu günsə biz Filarmoniyadan yox, ona rəhbərlik etmiş xanımdan danışacağıq.

 

Dilarə Əliyeva 22 iyul 1954-cü ildə Bakı şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirib.

1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb. 15 nömrəli musiqi məktəbində çalışıb. Lenin adına Azərbaycan Pedaqoji       Universitetində müəllim kimi fəaliyyət göstərib. 1994–2012-ci illərdə – Bülbül adına orta ixtisas musiqi məktəbində xor-dirijorluq şöbəsində müəllim işləyib 1997-ci ildə – "Qız qalası" xorunun yaradaraq bədii rəhbəri olub.

2000-ci ildən isə "Qız qalası" xoru Azərbaycan Dövlət Xor Kapellasının tərkibində fəaliyyətini davam etdirərək "Uşaq xoru" adlanır. O, Dövlət Uşaq Filarmoniyasına direktor vəzifəsinə təyin olunub (bu günə qədər direktor vəzifəsində çalışır). 2017-ci ildən Azərbaycan Milli Konservatoriyasında tələbə xorunun rəhbəri-müəllim kimi fəaliyyət göstərib. O, Əməkdar İncəsənət Xadimi adına və 4 dəfə Prezident təqaüdünə layiq görülüb.

Filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini,xalq rəqslərini, mahnılarını,muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın,şairlərimizin əsərlərini gənc nəsilllər tərəfindən qoruyub,saxlamaq Filarmoniyanın əsas məqsədidir.

Uşaq konsert təşkilatı olaraq geniş konsert və maarifçilik fəaliyyəti aparılır, uşaq auditoriyasını milli mənəvi sərvətlərə yaxınlaşdıraraq uşaqların arasından istedadlar aşkar edilir. İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir. Uşaqlarla Respublikanın tanınmış sənətkarları, xalq artistləri, incəsənət xadimləri tədris aparırlar.

İstedadlı uşaqlar Beynəlxalq, Respublika festival və müsabiqələrində iştirak edib, laureat adlarını qazanıblar. Dünyanın müxtəlif ölkələrinin, habelə, Fransa, Şotlandiya, İngiltərə, Avstriya, Türkiyə, Rusiya, Latviya, Moldova, Qırğızıstan, Qazaxıstan, Gürcüstan kimi dövlətlərin möhtəşəm konsert salonlarında öz məharətlərini yüksək səviyyədə göstəriblər

Eyni zamanda Dövlət tədbirlərinin daimi iştirakçısıdırlar. Belə ki, Bakı 2015 Birinci Avropa Oyunlarında, 2016ci il Formula 1 Azərbaycan Qran prisinin açılış mərasimi, 2107-ci ildə İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Filarmoniyanın xor kollektivi iştirak etmişdir.

Yüzlərlə uşaq özlərinə sənət seçib,teatr, konsert və musiqi təşkilatlarında çalışır, bir çoxları Musiqi Akademiyasının, Milli Konservatoriyanın, İncəsənət Akademiyasının tələbəsidirlər. Bu gün böyük səhnələrdə çalışan bir çox incəsənət nümayəndələri Dövlət Uşaq Filarmoniyasının yetirmələridir.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Çərşənbə, 22 İyul 2026 15:24

Doğum gününüz mübarək, ölümsüzlər!

Ön cəbhədə düşmən istehkamlarını yaran igid: Şəhid Rəcəb Məmmədov

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçən, 44 günlük Vətən Müharibəsinin cəsur döyüşçülərindən biri də sıravi əsgər Rəcəb Məmmədovdur. İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən etibarən könüllü olaraq ön cəbhəyə atılan Rəcəb, döyüş meydanında nümayiş etdirdiyi şəxsi mərdlik və rəşadətlə adını Azərbaycanın müasir hərb tarixinə şərəflə yazdırmışdır.

 

 

Həyatı, təhsili və ilk hərbi xidməti

Doğum tarixi: 22 iyul 1995-ci il.

Doğum yeri: Ucar rayonu.

İlk hərbi xidməti: 2014-cü ildə müddətli həqi hərbi xidmətə çağırılmış və ordu sıralarında xidmətini uğurla başa vurmuşdur.

 

Vətən müharibəsi və səngər şücaəti

2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarının qarşısını almaq və işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə başlayan Vətən Müharibəsi Rəcəbin qəlbindəki vətən sevgisini yenidən alovlandırdı. O, müharibənin ilk günündən etibarən Səfərbərlik xətti ilə könüllü şəkildə döyüş bölgəsinə yola düşdü.

Rəcəb Məmmədov müharibənin ən strateji və gərgin döyüşlərinin getdiyi cənub cəbhəsində — Füzuli rayonu istiqamətindəki əməliyyatlarda fəal iştirak etdi. Ön xətdə birbaşa hücum əməliyyatlarına qatılaraq düşmən mövqelərinin və istehkamlarının darmadağın edilməsində fərqləndi. Gözüqorxmazlığı ilə seçilən qəhrəmanımız, üzbəüz döyüşlərdə mənfur düşmənin bir neçə canlı qüvvəsini şəxsən məhv edərək silahdaşlarına böyük ruh yüksəkliyi bəxş etdi.

 

Şəhadət zirvəsi

Füzuli rayonunun kəndlərinin işğaldan təmizlənməsi uğrunda gedən həlledici və ağır döyüşlərdən birində Rəcəb Məmmədov yenidən ön sırada hücuma keçdi. 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Şəhidimizin nəşi böyük izdiham və hərbi ehtiramla Ucar rayonunun Qulabənd kənd qəbiristanlığında əbədiyyətə uğurlanmışdır.

 

Ali dövlət təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyi, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra aşağıdakı medallarla təltif olunmuşdur:

"Vətən uğrunda" medalı

"Füzulinin azad olunmasına görə" medalı

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

1990-cı ildə "Debüt" studiyasında lentə alınan "Bəxtəvər" qısametrajlı bədii filmi, zahirən bəxti gətirməyən, lakin daxilən zəngin və bənzərsiz səsə malik olan uğursuz bir insanın taleyindən bəhs edən həzin, nisgilli bir film-hekayətdir. Rejissor Ömür Nağıyevin quruluş verdiyi bu ekran əsəri yazıçı Yuri Kazakovun "Trallivalli" hekayəsinin motivləri əsasında Tatyana Bəkirzadənin ssenarisi ilə çəkilmişdir.

 

 İtməkdə olan istedad və kədərli ironiya

Filmin mərkəzində Gündüz adlı qəhrəman dayanır. O, möhtəşəm oxumaq qabiliyyətinə və musiqi duyğusuna malik olsa da, həyatda öz yerini tapa bilməmiş, taleyi gətirməyən bir insandır. Filmin adı məhz burada dərin bir acı ironiyaya çevrilir: Allahın bəxş etdiyi ilahi səs istedadına görə "bəxtəvər" sayılmalı olan bir insan, reallıqda təkliyin, mühitsizliyin və anlaşılmamağın qurbanıdır.

 

 Kamil Məhərrəmovun fərqli dramatik ifası

Filmi dəyərli edən ən böyük məqamlardan biri, adətən komik və epizodik obrazlarla tanınan sevimli aktyorumuz Kamil Məhərrəmovun burada dərin dramatik potesialını nümayiş etdirməsidir. Onun canlandırdığı Gündüz obrazı, daxili ağrılarını səsində və kədərli baxışlarında gizlədən, cəmiyyətdən təcrit olunmuş istedadlı insanın unudulmaz simvoludur. Mehriban Xanlarovanın (Dilşad) tərəf-müqabilliyi də bu psixoloji dramı vizual olaraq tamamlayır.

Eldar Mansurovun həzin musiqi tərtibatı və kadrarxası ab-hava bu qısametrajlı filmi Azərbaycan kinosunun ən səmimi, lakin az xatırlanan incilərindən birinə çevirir.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Çərşənbə, 22 İyul 2026 11:00

Türk dastanları - Alp Ər Tunqa

Nigar Xanəliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi

 

 Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə Türk dastanlarıdır. Bu dəfə Türklərin ortaq yaradıcılıq məhsulu sayılan "Alp Ər Tunqa" dastanı barədə danışacağıq.

 

Türk xalqlarının minilliklər boyu qoruyub saxladıqları dastanlar arasında Alp Ər Tunqa dastanı xüsusi yer tutur. Bu dastan təkcə böyük bir sərkərdənin həyatından bəhs etmir, həm də qəhrəmanlığın, vətən sevgisinin və xalqına sədaqətin necə əbədiləşdiyini göstərir. Tarixçilərin bir qismi Alp Ər Tunqanı e.ə. VII əsrdə yaşamış sak (skif) hökmdarı ilə əlaqələndirir. İran mənbələrində o, Əfrasiyab adı ilə tanınır. Lakin türk yaddaşında Alp Ər Tunqa hər şeydən əvvəl qorxmaz bir xaqan, bacarıqlı sərkərdə və xalqının müdafiəçisi kimi yaşayır.

Dastanda Alp Ər Tunqa təkcə döyüş meydanlarında qələbə qazanan bir hökmdar deyil. O, igidliyi ilə yanaşı, ağlı, uzaqgörənliyi və ədaləti ilə seçilən bir dövlət başçısı kimi təsvir olunur. Onun adı çəkiləndə düşmənlər ehtiyat edir, dostları isə arxayınlıq hiss edirdi. Türk ellərinin təhlükə altında olduğu dövrlərdə Alp Ər Tunqa ordusunun önündə gedən, döyüşün ən çətin anında geri çəkilməyən bir lider idi.

Dastanın ən təsirli hissəsi onun ölümündən sonra xalqın keçirdiyi dərin kədərdir. Bu hiss bizə "Divanü Lüğat-it-Türk" əsərində qorunub saxlanılan məşhur ağı vasitəsilə çatıb. Min ilə yaxın bir zaman keçməsinə baxmayaraq, həmin misralar bu gün də oxuyanı düşündürür:

«Alp Ər Tunqa öldümü?

İssiz ajun qaldımı?

Ödlək öcin aldımı?

İmdi yürək yırtılır.»

Müasir Azərbaycan dilində bu misraların mənası belədir: "Alp Ər Tunqa öldümü? Dünya sahibsiz qaldımı? Fələk öz qisasını aldımı? İndi ürək parçalanır."

Bu qısa ağıda böyük bir xalqın ağrısı gizlənir. Burada təkcə bir hökmdarın ölümü deyil, xalqın dayağını itirməsi, güvəndiyi liderdən ayrılması təsvir olunur. Məhz buna görə Alp Ər Tunqa türk dastanlarında yalnız qalib sərkərdə deyil, həm də xalqın ümid yeri kimi xatırlanır.

Araşdırmaçılar hesab edirlər ki, Alp Ər Tunqa haqqında yaranan rəvayətlər sonrakı türk qəhrəmanlıq dastanlarının formalaşmasına da təsir göstərib. Onun obrazında igidliklə müdrikliyin vəhdəti görünür. O, qılıncı ilə torpağını qoruyan, ağlı ilə dövlətini idarə edən hökmdar idealını təcəssüm etdirir.

Bu gün Alp Ər Tunqa dastanı yalnız qədim bir rəvayət kimi qiymətləndirilmir. O, türk xalqlarının ortaq tarixi yaddaşının, qəhrəmanlıq ruhunun və dövlətçilik ənənəsinin simvollarından biridir. Əsrlər dəyişsə də, dastanın verdiyi əsas mesaj dəyişməyib: xalqını sevən, onu qorumaq üçün həyatını fəda edən insanlar zamanın sınağından keçərək əfsanəyə çevrilirlər. Alp Ər Tunqa da məhz belə şəxsiyyətlərdən biri kimi türk dünyasının yaddaşında yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

Çərşənbə, 22 İyul 2026 15:18

Küləyin gətirdiyi səs - HEKAYƏ

Rəqsanə Babayeva,

"Ədəbiyyatvə İncəsənət" portalının Beyləqan və İmişlitəmsilçisi

 

Kəndin kənarında, köhnə dəmiryolunun yanındakı balaca evdə yaşayan adam hər axşam eyni saatda həyətə çıxardı. Əlində köhnə bir stəkan çay, gözləri isə artıq illərdir qatar keçməyən relslərdə olardı. Kənd camaatı onun bu vərdişinə öyrəşmişdi. Heç kim səbəbini soruşmurdu. Çünki bəzi sualların cavabı olmur, bəzi cavablar isə insanı daha çox yaralayır.

Onun adı İntiqam idi.

Bir vaxtlar bu kənddə müəllim işləmişdi. Uşaqlara yalnız oxumağı yox, həyatı da öyrətməyə çalışardı. "İnsan yaxşılıq edəndə heç vaxt uduzmur", – deyərdi. Şagirdləri bu cümləni illər keçsə də unutmamışdılar.

Amma həyat özü bəzən müəllimlərə də dərs keçirdi.

On səkkiz il əvvəl payızın soyuq bir səhərində həyat yoldaşı ilə altı yaşlı qızı şəhərə gedən qatara minmişdilər. İntiqam həmin gün məktəbdə dərsə görə onları yola sala bilməmişdi. Ayrılarkən qızı pəncərədən əl yelləyib gülümsəmiş, "Axşam qayıdanda mənə nağıl danışarsan?" demişdi.

O axşam nə qatar qayıtmışdı, nə də o gülüş.

Dağ keçidində baş verən böyük qəza xəbəri bütün ölkəyə yayılmışdı. Sağ qalanların sayı çox az idi.

İntiqam isə həmin gündən sonra əvvəlki adam olmadı.

Kəndi tərk etmədi. Evi satmadı. Hər axşam relslərin yanında dayanıb gəlməyəcək bir qatarı gözlədi. Əvvəlcə hamı bunun zamanla keçəcəyini düşündü. Aylar illərə çevrildi, amma onun gözləməsi bitmədi. İnsanlar təsəlli verməyə çalışdılar, sonra yoruldular. Nəhayət, heç kim bu barədə danışmadı. İntiqam də heç nə soruşmadı. O, yalnız gözləyirdi.

İllər onun saçlarını ağartdı, çiyinlərini əydi, üzünə dərin cizgilər saldı. Amma ürəyindəki bir qapını bağlaya bilmədi. Çünki bəzi ayrılıqlar qəbul edilmir, sadəcə insan onlarla yaşamağı öyrənir.

Bir noyabr axşamı kəndə güclü külək düşdü. Həyətdəki qoz ağacının budaqları bir-birinə dəyib xışıltı salır, damın köhnə kirəmitləri cırıltı ilə titrəyirdi. İntiqam həmişəki kimi həyətə çıxmışdı. Elə bu vaxt külək eyvanın küncündə illərlə toxunulmayan köhnə taxta sandığın qapağını açdı.

O, sandığı bağlamaq üçün yaxınlaşanda saralmış bir zərf ayaqlarının altına düşdü.

Zərfin üstündə cəmi iki söz yazılmışdı:

"Atama çatdırın."

İntiqam əvvəlcə donub qaldı.

Bu yazını tanıyırdı.

Hərflər uşaq əli ilə yazılmışdı. Bəzi hərflər əyri idi, bəziləri isə sətrə sığmamışdı. O yazını sonuncu dəfə qızı Gülnaza əlifbanı öyrədərkən görmüşdü.

Əlləri titrəyə-titrəyə zərfi açdı.

Kağızın qatları illərin ağırlığından kövrəlmişdi. Elə ehtiyatla açırdı ki, sanki bir az da bərk toxunsa, keçmiş ovulub əllərinin arasından töküləcəkdi.

Kağızın ilk sətrini oxuyan kimi nəfəsi sinəsində ilişib qaldı...

İntiqam gözlərini sətirlərin üstündə saxlasa da, bir neçə saniyə oxuya bilmədi. Hərflər bir-birinə qarışır, göz yaşları kağızın üzərinə damcılayırdı. O, titrəyən əli ilə gözlərini sildi, dərin nəfəs aldı və oxumağa başladı.

"Ata...

Əgər bu məktubu sən oxuyursansa, deməli, mən onu sənə özüm verə bilməmişəm. Müəllimimiz dedi ki, hər insan ürəyində qalan sözləri kağıza yazmalıdır. Mən də sənə yazıram. Çünki sən işdə olursan, mən yatanda gəlirsən, səhər də mən oyanmamış gedirsən.

Mən böyüyəndə sənin kimi müəllim olmaq istəyirəm. Amma anam deyir ki, əvvəl yaxşı insan olmaq lazımdır. Mən yaxşı insan olacağam. Sən də mənimlə fəxr edəcəksən. Şəhərdən qayıdanda birlikdə çayın kənarına gedək. Mən artıq sudan qorxmuram. Sən əlimi tutanda heç nədən qorxmuram..."

Məktub burada bitmirdi.

Amma İntiqam oxumağa davam edə bilmədi.

Kağızı sinəsinə sıxdı, gözlərini yumdu. On səkkiz il əvvəl eşitdiyi uşaq səsi sanki yenidən həyətin içində dolaşmağa başladı. "Ata..." deyə səslənən o nazik səs küləyin uğultusuna qarışıb qulaqlarına çatırdı.

O gecə ilk dəfə idi ki, relslərin kənarına çıxmadı.

Evin içində, köhnə masanın arxasında səhərə qədər oturdu. Bəzən məktuba baxır, bəzən pəncərədən çölə. Gecə uzandıqca yaddaşının qapıları bir-bir açılırdı.

Qızının son həftələrdə əlifbanı necə həvəslə öyrəndiyi yadı­na düşdü. Hər yeni hərfi yazanda kağızı götürüb qaça-qaça yanına gəlirdi.

– Ata, bax, düz yazmışam?

İntiqam isə hər dəfə gülümsəyib saçlarını oxşayırdı.

– Düz yazmısan. Amma ən gözəl yazı ürəkdən çıxan yazıdır.

O zaman bu sözləri sadəcə bir ata kimi demişdi. İndi isə anlayırdı ki, qızı doğrudan da ürəyini kağıza köçürmüşdü.

Səhər açılan kimi kənddə xəbər yayıldı ki, İntiqam müəllim axşam relslərin yanına getməyib.

Qonşular təəccübləndilər. Bəziləri xəstələndiyini düşündü. Axşamüstü illərin qonşusu Hüseyn kişi həyətə baş çəkdi. Darvazanı yavaşca açıb səsləndi:

– Ay İntiqam, evdəsən?

İntiqam eyvana çıxdı. Gözləri şişmişdi, amma çöhrəsində illərdir görünməyən qəribə bir sakitlik vardı.

Hüseyn kişi bunu hiss etdi. Soruşmaq istədi, amma susdu. Çünki bəzi adamların üzündə elə ifadə olur ki, söz artıq lazım olmur.

İntiqam isə uzun sükutdan sonra asta səslə dedi:

– Bilirsən, Hüseyn... Mən illərdir səhv yerdə gözləmişəm.

Hüseyn kişi təəccüblə üzünə baxdı.

– Necə yəni?

İntiqam əlindəki məktubu göstərdi.

– Mən qatarın qayıdacağını gözləyirdim. Halbuki qayıdan xatirələr imiş. Onlar heç vaxt itməyiblər. Sadəcə mən onları görmək istəməmişəm.

Hüseyn kişi cavab vermədi.

Həyətin o biri başında külək yenə qoz ağacının yarpaqlarını tərpədirdi. Bu dəfə o səs İntiqama əvvəlki kimi kədərli gəlmədi. Sanki illərdir ürəyində kilidlənmiş bir otağın pəncərəsi açılmışdı və içəriyə ilk dəfə təmiz hava dolurdu.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Seminarda Əməkdar jurnalist, "Şəki" qəzetinin baş redaktoru Akif Salam, "Şəki bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Nəbibəyov, "Şəki təhsili" qəzetinin baş redaktoru Bəşarət Süleymanov və Şəki Regional Elmi Mərkəzinin əməkdaşları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, fil.e.d., dosent Kamil Adışirinov qonaqları salamlayaraq seminarın əhəmiyyətindən, milli mətbuatımızın zəngin tarixi və cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs edib, jurnalistləri peşə bayramı münasibətilə təbrik edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Şəki REM-in direktoru Kamil Adışirinov "Əkinçi" qəzetinin nəşr tarixi və müxbirləri" mövzusunda geniş məruzə ilə çıxış edib.

O, təməli 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə qoyulan "Əkinçi" qəzetinin cəmi 56 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, ətrafına milli ziyalıları topladığını, milli mətbuatın formalaşmasında, maarifçilik ideyalarının yayılmasında, ana dilinin inkişafında və ictimai fikrin istiqamətləndirilməsində müstəsna rol oynadığını bildirib.

Məruzəçi vurğulayıb ki, "Əkinçi" dövrünün bir çox nəşrlərindən fərqli olaraq sadə və anlaşıqlı dildə yazılır, geniş oxucu kütləsinə xitab edirdi. Qəzetin səhifələrində elm, təhsil, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, əxlaq və ictimai həyatın müxtəlif sahələrinə dair maarifləndirici yazılar dərc edilir, xalqın tərəqqisinə xidmət edən ideyalar təbliğ olunurdu.

Dosent çıxışında "Əkinçi" qəzetinin müxbir şəbəkəsinin fəaliyyətinə də xüsusi toxunub. O, Azərbaycanın müxtəlif bölgələrindən qəzetə göndərilən məktubların və yazıların ölkənin ictimai, iqtisadi və mədəni həyatını əks etdirən qiymətli mənbələr olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu müxbirlər vasitəsilə yerli problemlər, kənd təsərrüfatının vəziyyəti, təhsil və maarif məsələləri, sosial münasibətlər operativ şəkildə işıqlandırılır, qəzetlə oxucu arasında möhkəm əlaqə yaradılırdı.

Məruzəçi Həsən bəy Zərdabinin ətrafında birləşən ziyalıların milli mətbuat ənənələrinin formalaşmasına mühüm töhfə verdiklərini, "Əkinçi"nin isə sonrakı dövrlərdə nəşr olunan qəzet və jurnallar üçün əsl məktəb rolunu oynadığını xüsusi vurğulayıb.

Sonda Kamil Adışirinov "Əkinçi" qəzetinin irsinin bu gün də öz aktuallığını qoruyub saxladığını və milli mətbuatımızın inkişaf yolunun öyrənilməsinin, Həsən bəy Zərdabinin ideyalarının yaşadılması, Azərbaycan jurnalistikasının gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra Şəki Regional Elmi Mərkəzin Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, fil.ü.f.d. İradə Yusifova "Əkinçi" qəzeti və Həsən bəy Zərdabi" mövzusunda çıxış edib. Bildirib ki, Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi və ictimai xadim kimi xalqın maariflənməsi və milli özünüdərkin formalaşması istiqamətində mühüm xidmətlər göstərib. Qeyd edib ki, onun təşəbbüsü ilə nəşr olunan "Əkinçi" qəzeti milli mətbuat tarixində yeni mərhələnin əsasını qoyaraq, ana dilinin qorunması, elm və təhsilin təbliği, cəmiyyətin aktual problemlərinin işıqlandırılması baxımından mühüm rol oynayıb.

Məruzəçi Həsən bəy Zərdabinin maarifçilik ideyaları və milli mətbuat konsepsiyasının bu gün də öz aktuallığını qoruduğunu, "Əkinçi" qəzeti irsinin isə Azərbaycan jurnalistikasının və milli-mədəni düşüncənin inkişafında əvəzsiz tarixi məktəb kimi dəyərləndirildiyini vurğulayıb.

Daha sonra Şəki Regional Elmi Mərkəzin Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Tural Adışirinov "Milli mətbuatımızın Zaqatala səhifəsi: “Qırmızı bayraq” qəzetinin nəşr tarixi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Zaqatala bölgəsində mətbuatın formalaşma və inkişaf mərhələlərindən bəhs edərək, "Qırmızı bayraq" qəzetinin bölgənin ictimai-siyasi, sosial və mədəni həyatının salnaməsini yaradan mühüm mətbuat orqanlarından biri olduğunu bildirib. Qeyd edib ki, qəzet fəaliyyət göstərdiyi dövrdə bölgədə baş verən hadisələrin işıqlandırılması, maarifçilik ideyalarının təbliği, milli-mənəvi dəyərlərin qorunması və ictimai fikrin formalaşması istiqamətində əhəmiyyətli rol oynayıb. Tural Adışirinov "Qırmızı bayraq" qəzetinin bu gün bölgənin tarixinin, mədəni irsinin və mətbuat ənənələrinin öyrənilməsi baxımından dəyərli mənbələrdən biri olduğunu diqqətə çatdırıb.

Çıxışın sonunda natiq regional mətbuatın milli jurnalistikanın ayrılmaz tərkib hissəsi olduğunu qeyd edərək, bu irsin araşdırılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Seminarda çıxış edən Əməkdar jurnalist, "Şəki" qəzetinin baş redaktoru Akif Salam sovet dövrü jurnalistikası ilə müstəqillik illərində formalaşan Azərbaycan mətbuatını müqayisə edib. Bildirib ki, sovet dövründə mətbuat ciddi ideoloji çərçivələr daxilində fəaliyyət göstərsə də, həmin illərdə jurnalistikanın peşə ənənələri, redaksiya məktəbi və yazı mədəniyyəti formalaşıb. O qeyd edib ki, müstəqillik dövründə isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyaraq söz və fikir azadlığının genişlənməsi, informasiya texnologiyalarının tətbiqi və medianın cəmiyyətdə rolunun artması ilə səciyyələnir.

Çıxışında həmçinin jurnalist fəaliyyətinin müxtəlif mərhələlərindən söz açan Akif Salam uzun illik yaradıcılıq yolu ərzində qarşılaşdığı maraqlı və yaddaqalan hadisələri də iştirakçılarla bölüşüb. O, jurnalistin əsas vəzifəsinin cəmiyyətin səsinə çevrilmək, insanların problemlərini diqqətə çatdırmaq və ictimai əhəmiyyət daşıyan məsələləri obyektiv şəkildə işıqlandırmaq olduğunu vurğulayıb.

Əməkdar jurnalist qeyd edib ki, hər bir dövrün özünəməxsus jurnalistika xüsusiyyətləri olub və peşəsinə sadiq, savadlı jurnalist üçün əsas meyar daim həqiqətə, obyektivliyə və peşə prinsiplərinə bağlılıqdır.

Çıxışının sonunda Akif Salam milli mətbuat ənənələrinin yaşadılmasının, gənc jurnalistlərin peşəkar hazırlığının və mətbuat tarixinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

Seminarda "Şəki bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Nəbibəyov, "Şəki təhsili" qəzetinin baş redaktoru Bəşarət Süleymanov çıxış ediblər. Onlar tədbirə dəvətə görə təşəkkür bildirib, 22 İyul – Milli Mətbuat Günü münasibətilə təşkil olunan bu cür tədbirlərin mətbuat tarixinin öyrənilməsi, jurnalistlər arasında fikir mübadiləsinin aparılması və milli mətbuat ənənələrinin yaşadılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər, milli mətbuatın inkişafında əməyi olan jurnalistlərə uğurlar arzulayıblar.

Seminarın sonunda videoçarx nümayiş etdirilib.

AMEA-nın Şəki Regional Elmi Mərkəzi ilə əməkdaşlığa verdiyi töhfələrə görə Kanal S televiziyasına, eləcə də milli mətbuatın təbliği, elmi-mədəni tədbirlərin işıqlandırılması və qarşılıqlı əməkdaşlığın inkişafına göstərilən diqqət və dəstəyə görə jurnalistlərə, həmçinin arxiv işinin təşkili və tədbirlərdə fəal iştirak etdiyinə görə arxivçi İlahə Əliyevaya təşəkkürnamələr təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

 

                                                                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.