Bəşəriyyətin ən dəhşətli, fəsadları acınacaqlı, çox zaman ölümlə nəticələnən problemlərindən olan, cəmiyyətin, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.
Gənc nəslin sağlam ruhda tərbiyəsi məsələsinə, pis vərdişlərdən uzaq olaraq düzgun həyat tərzi yaşamalarına xüsusi həssaslıqla yanaşan Respublika Gənclər Kitabxanasında Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar olaraq virtual kitab sərgisi və “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata bgörə, məlumat bülletenində bir sıra rəsmi sənədlərin, akademik İradə Hüseynovanın “Müasir cəmiyyətdə narkomaniya problemləri”, “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” və “Narkomanlığa qarşı mübarizə cəmiyyət üçün cəmiyyət vasitəsilə aparılmalıdır” adlı məqalələrin tam mətni ilə yanaşı “Narkotik maddə-ailəvi qırğın "silahı", “Sağlam gənclik sağlam gələcəkdir”, “Gəncliyi gözləyən təhlükələr”, “Narkomaniya, narkobiznes və ona qarşı mübarizədə kitabxanaların rolu”, “Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar arasında narkomaniyanın profilaktikasının təşkilati və metodiki aspektləri” kimi 30-a yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir. Vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.
Gənclər kitabxanasında sözügedən mövzuda geniş virtual kitab sərgisi də hazırlanıb. Burada qanunvericilik aktları ilə yanaşı, özündə narkomaniya terminin açılışı, narkotik vasitələrdən asılılıq mərhələləri, bu asılılığın ağır fəsadları, müalicə üsulları, həyat üçün zərərli vərdişlər və onlarla mübarizə üsulları və digər mövzuları əhatə edən Azərbaycan və rus dillərində nəşr edilmiş 20 - ə yaxın kitabın və məqalənin tam mətni təqdim edilir.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib:
https://www.ryl.az/multimedia/26-iyun-narkomaniya-ve-narkobiznese-qarsi-beynelxalq-mubarize-gunu
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)