Yay festivalı çərçivəsində “Yaradıcılığını kəşf et” adlı master-klass keçirilib

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində “Yaradıcılığını kəşf et” adlı növbəti master-klass təşkil olunub. “YARAT – Daxilindəki sənətkarı oyat!” devizi altında keçirilən  rəsm və boyama işləri uşaqların təxəyyülünü inkişaf etdirməyə və yaradıcılıq bacarıqlarını stimullaşdırmağa yönəlib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, master-klassda iştirak edən oxucular mütaliə etdikləri kitabların qəhrəmanlarını  canlandıraraq kağız üzərinə köçürüblər. Balaca rəssamlar sevdikləri obrazları müxtəlif boyalardan istifadə etməklə, öz baxış bucaqlarından təqdim ediblər.

Rəsmlərini tamamladıqdan sonra uşaqlar öz əllərinə boyanmış rəngli boyayla rəsmlərinin üzərinə imzalarını qoyublar. Bu simvolik jest uşaqların “Bu əsər mənimdir!” mesajını verməsinin yaradıcı ifadəsi olub.

Sonda uşaqlar bir-birlərinin əl işləri ilə tanış olub, seçdikləri qəhrəmanlar haqqında fikir mübadiləsi aparıblar. Kitabxana əməkdaşları uşaqların rəsmlərini qiymətləndirərək onlara “Göy Qurşağı” uşaq jurnalını hədiyyə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.