“Apara” və Turan eşqinə” ilə BİR CÜT ŞEİR Featured

Fariz Süleymanoğlu,

“Ədəbiyyat və incəsənət”

 

 

APARA

 

Bu səhər dupduru, gur yağış yağa,

Bir hüzur ələnə şəhərə, dağa,

Bütün qəm-qüssəni suyunda boğa,

Qatıb qabağına yuyub apara.

 

Doya susuz qalan haralar ki var,

Yüz rəngə boyana qaralar ki var.

Ürəkdə nə qədər yaralar ki var,

Bu yağış qazıya, oyub apara.

 

Yağa, çəkə gözəl iz pəncərəyə,

Dinləyək söykəyib üz pəncərəyə,

Toplayaq dərd-səri düz pəncərəyə,

Asta tıqqıldadıb, döyüb apara.

 

Yağa, selə dönə, daş ala gedə,

Gedər-gəlməzlərə baş ala gedə.

Bir dərin məcraya boşala gedə.

Bütün qayğıları soyub apara.

 

Ardınca səpsərin bir külək əsə,

Yarpaqlar rəqs edə nəfəs-nəfəsə

Sərçələr sevinclə verə səs-səsə,

Duyğumu ünvana duyub apara.

 

Və sonra qırmızı bir günəş doğa,

Təbəssüm eyləyə təbiət-doğa,

Gülüb, qığıldaya südəmər çağa,

Babası da, "hay can!" - deyib apar…

 

 

TURAN EŞQİNƏ

 

Şanlı, müqəddəsdir soy-əcdadımız!

Tarixə ziynətdir bu Türk adımız!

Haqqadır sevdamız, etiqadımız!

Sevdan mübarəkdi, yolun mübarək!

Haydı, Türk dünyası, birləşmək gərək!

 

Birləşək bizim bu saf qan eşqinə!

Tanrımız eşqinə, Quran eşqinə!

Bütöv dövlətimiz Turan eşqinə!

Biz bir vücud olaq, bir can, bir ürək!

Ey ulu Türk soyu, birləşmək gərək!

 

Bizi bu birliyə el, yurd çağırır!

Oğuz xan çağırır, Bozqurd çağırır!

And verib o Dədəm Qorqud çağırır!

Silaha, çörəyə, duza and içək!

Haydı, Türk dünyası, birləşmək gərək!

 

Qalx ki, səni zəif görən titrəsin!

Qorxudan uzaqdan hürən titrəsin!

Yarsın qəlblərini nə'rən, titrəsin!

Xəlvətə dürtülsün yenə tülkü tək!

Haydı, Türk dünyası, birləşmək gərək!

 

Orxonda yazılı daş-qaya Sənsən!

Sibirdən Xəzərə, Dunaya Sənsən!

Tanrı dağlarından Altaya Sənsən!

Masmavi bayrağı zirvələrə çək!

Ey ulu Türk soyu, birləşmək gərək!

 

Milli dəyərlərim, törəm canımız!

Dilimiz ruhumuz, qaynar qanımız!

Türklük varlığımız, şöhrət-şanımız!

Düşmənə sitəmsən, dostlara örnək!

Haydı, Türk elləri, birləşmək gərək!

 

Farizin bu yolu, davası haqdır!

Diləyi müqəddəs, sevdası haqdır!

Bu Turan dövləti qurulacaqdır!

Haqq bilər! Mən görməm, gənclər görəcək!

Ey Şanlı Millətim, birləşmək gərək!

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.