Vahid Əzizin " Əzizim" şeiri və əməkdaşımız Nemət Tahir Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasında portalımızın Qarabağ təmsilçisi, yazar, pedaqoq Nemət Tahirdir. Nemət bəy poeziyaya ürək bağlayan, sözlərə hissləri düyünləyən yaradıcılarımızdandır.

 

-Xoş gördük, Nemət bəy. Sizə də "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.

 

-Salam Ülviyyə xanım, xoş gördük. Mənim ən çox sevdiyim şeir Vahid Əzizin “Əzizim” şeiridir.

Bəzən bir şeir insana elə toxunur ki, sanki onu sən yazmısan, sanki sənin içinə baxıb, sənin ağrını, susqunluğunu sözə çeviriblər. Vahid Əzizin “Əzizim” şeiri də mənim üçün belə bir poetik mətndir. Bu şeiri sevməyimin səbəbi onun hər misrasında gizlənən dərdin, yanğının və acının mənə çox tanış olmasıdır.

Əvvəlcə şeirin dili çox səmimi və doğmadır. Vahid Əziz burada heç bir bəzək-düzəyə ehtiyac duymadan, öz ağrısını sadə, lakin çox təsirli şəkildə çatdırır. “Dağ başında qar üstünə qar gələr...” misrasından etibarən oxucu sanki bir həyat yükünün, bir ömür yorğunluğunun içinə düşür. Bu misralarda həm tənhalıq var, həm də bir fəryad.

Mən bu şeirdəki “Bu darlığa dözmək olmur, əzizim” sətirində özümü görürəm. Bəzən həyat, ətraf, içində olduğun şərait o qədər daralır ki, sanki nəfəs almaq belə çətinləşir. Amma bu şeir həmin boğuq hissimi və səsimi çölə çıxarır. Oxuduqca insanın içindəki dustaq duyğular bir az da azad olur.

Digər tərəfdən, bu şeirdə dərin bir fəlsəfə də var. “Əzəl gündən dünya yalan dünyadı...” deyən şair, dünyanın saxtalığına, ədalətsizliyinə işarə edir. Burada “baha satan, ucuz alan” dünyada insanların dəyərsizləşdirildiyi, arzuların puç olduğu bir reallıq göstərilir. Bu, şairlə yanaşı, çoxumuzun yaşadığı bir həqiqətdir. Ona görə də şeirdəki hər söz bir güzgü kimi qarşıma çıxır.

Şeirin mənim üçün xüsusi əhəmiyyət kəsb edən cəhətlərindən biri də sevgidən ayrı düşməyin, onu yaşaya bilməməyin doğurğu kədəridir. “Səndən ayrı yaşamaqdan bezmişəm” deyən şairin bu fəryadı sevgidən yox, sevgisizlikdən yaranan bir həyat yorğunluğunun təzahürüdür. Hər kəs sevə bilər, amma hər kəs sevdiyinə qovuşa bilmir.

Sonuncu bənd isə mənə həyatın sonuna yaxınlaşmaqla bağlı bir səssiz qəbul hissi verir. “Gedəcəyəm, göylər məni çağırdı...” – bu misrada artıq bütün mübarizələrdən sonra bir təslimiyyət var. Amma bu təslimiyyət acizlik yox, sükunət içində bir ayrılıq kimi təqdim olunur.

Məhz bütün bu səbəblərə görə Vahid Əzizin “Əzizim” şeiri mənim üçün həm bir poeziya nümunəsi, həm də duyğularımı, yaşantılarımı ifadə edən bir nəğmədir. Onu hər dəfə oxuduqda içimdə gizli qalan sözlər sanki dillənir. Bu şeir mənim könlümə yol tapan, öz yerini alan, daim ürəyimdə yaşayan bir poetik səsdir.

 

Dağ başında qar üstünə qar gələr,

Gileylənmək zirvələrə ar gələr

Hər nə geysəm, vücuduma dar gələr,

Bu darlığa dözmək olmur, Əzizim.

 

Əzəl gündən dünya yalan dünyadı,

Baha satan, ucuz alan dünyadı,

Arzuları nakam qalan dünyadı,

Dağılanı düzmək olmur, Əzizim.

 

Kaş ki dünya zalımlığın ataydı,

Qəlbim bir an istəyinə çataydı,

Yaşamağım göz yaşımdı, haraydı..

Göz yaşında üzmək olmur, Əzizim.

 

Dalğalara yalvarmaqdan bezmişəm,

Hönkürməkdən, ağlamaqdan bezmişəm,

Səndən ayrı yaşamaqdan bezmişəm,

El-obadan bezmək olmur, Əzizim.

 

Heç bilməzdim daşım belə ağırdı,

Bəxtim belə biçarədi, fağırdı,

Gedəcəyəm, göylər məni çağırdı,

Daha yerdə gəzmək olmur, Əzizim.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.