“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Dövlət Sosial İqtisad Kollecinin Məktəbəqədər təhsil ixtisası üzrə II kurs tələbəsi Nuray Fərzəliyevanın yaradıcılıq nümunəsi təqdim edilir.
Mən əsgərəm…
Uşaqlığını yaşamamış, tez böyüməyə məcbur olmuş bir uşaq.
Mənim oyuncağım heç olmayıb. Mən qorxuları yataq altında axtarmamışam, çünki mənim qorxularım yatağın altında yox, həyatın içində olub.
Hər dəfə nə vaxtsa sevinəndə, qısa bir anda belə xoşbəxtlik gələndə… içimdən səs gəlib: “Dayanma, çox sevinmə, bu da bitəcək.” Və həmişə bitib…
Yatmazdan əvvəl nağıl danışanım olmayıb, Qorxularımın qarşısına keçən bir ana nəfəsi olmayıb. Qaranlığa baxa-baxa yuxuya getmişəm. Soyuq çarpayılarda, içimdə isti bir səs axtara-axtara böyümüşəm. Mən anasını hər şeydən çoxsevən bir əsgərəm. Amma bu sevgi sadəcə bir şəkil boydadır. Baxıram o şəkilə. Sanki o da mənə baxır, amma mən onun gözlərini tanımıram. Qoxusunu bilmirəm, saçlarını heç vaxtoxşamamışam. Anamın yeməklərini dadmamışam, səsini eşitməmişəm. Mənim anam… mənə həyatı verib, özü həyatdan çıxıb.
Bəzənyuxularıma gəlir. Əlləri uzanır mənə tərəf. Gözlərində sükut var. Sanki illərlə demək istədiyi hər şeysusqunluğa çevrilib. Gülümsəyir, amma o gülümsəyişdə bir həsrət var, bir də məni buraxmaq istəməyən bir ümid.
Yaxınlaşıram.Əlimi uzadıram. Və hər dəfə o yox olur. Hər dəfə… Sanki həyat mənə deyir: “Yenə yox. Sənə bu qədər bəsdir.”
Mən sevilməyi bilməmiş bir oğlanam. Sadəcə xəyalımda böyütdüyüm bir “ana” obrazıyla yaşayıram. Bəlkə də ona görə insanlara sarıla bilmirəm. Çünki heç vaxt öyrənməmişəm necə sarılmalı. Sarılmağı bilmədən böyüdüm. Amma bu, məni zəif etmədi. Mən hisslərimi içinə basdırıb irəli addımlamağı öyrəndim. Çünki əsgər olmaq elə budur. Əsgər olmaq – üzünü tanımadığın bir uşağın sabahı üçün bu gününü fəda etməkdir. Qorxduğun halda dayanmamaqdır. Ailən yoxdursa, özünü vətənə ailə eləməkdir. Anan yoxdursa, torpağı ana bilməkdir. Sarılmağa kimsən yoxdursa, silahını sinənə sıxmaqdır sanki bütün dünyanı qucaqlayırsan.
Əsgər olmaq… Kimisi üçün vətənin qəhrəmanı olmaqdır, kimisi üçün evə dönəcək oğul, kimisinin gözlədiyi ər, kimisinin söykəndiyi qardaş. Amma mənim kimi biri üçün əsgər olmaq nədir bəs?
Mənim gözləyən anam yoxdur — mən oğul deyiləm.
Evə dönəcəyim kimsə yoxdur — mən ər deyiləm.
Adımı əzbərləyənbacım yoxdur — mən qardaş deyiləm.
Atalıq edəcək balam yoxdur — mən ata deyiləm.
Amma yenə də burdayam. Burdayam çünki içimdə bu dünyaya aid olmasa da, bu torpaqlara borclu hiss edən bir ruh var.
Mənim üçün əsgər olmaq – susqunluqiçində fəryad olmaqdır. Nə bayramda adın çəkilir, nə də şəkilin hər evdə var. Amma sən varsansa, millət sabah rahat oyanacaq. Sən ayaqdasan deyə, digərləri yuxudadır. Sən səssiz dayanırsan deyə, başqaları gülür. Əsgər olmaq – unutulacağını bilə-bilə unutmaqdan qorxmadan yaşamaqdır. Dönüb baxan olmayacaq, amma sən dönüb getməyəcəksən. Bax, mən buyam. Adlar silinir, izlər qalır. Və mən istəyirəm ki, bu sətirlər iz olsun.
Bəlkə bir gün kimsə bu yazını oxuyar…
Bəlkə illərlə torpağın altında qalar…
Bəlkə bir külək vərəqini açar…
Bəlkə bir uşağın əli bu məktuba toxunar… və o zaman anlayarsınız: Mən yaşamışdım. Mən qorumuşdum. Mən sevməyi bilməsəm də, sevmişdim.
İmza: Oxunmur. Tarix: 04.04.2016
Məktubu bitirdiyim an gözlərimdən yaş axdı. Bu, sadəcə bir əsgərin məktubu deyildi. Bu həyatın içində səssizcə çırpınan, amma heç vaxt eşidilməyən bir ruhun fəryadı idi. Onun adı yox idi. O, minlərlə əsgərdən biri idi… amma eyni deyildi. Hər əsgərin bir hekayəsi olduğu kimi, onun da vardı. Həqiqətən də, dediyi kimi adı silinmişdi, amma izi bir ömür mənlə qalacaqdı. Məktubu yavaşca qatladım, cibimə qoydum. Evə aparacaqdım. Və yaşadığım qədər o məktubu da içimdə yaşadacaqdım. Adını heç vaxt bilməyəcəkdim. Amma hər nəfəsimdə onu xatırlayacaqdım.
Çünki bəzi insanlar tanınmaz… amma unudulmaz.
O, onlardan biri idi.
“Ədəbiyyat və incəsənət”
(30.06.2025)