Super User
Biri dünyadan köçdü, yerinə bir başqası gəldi...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
1937-ciilin 28 iyulgünündə Bakıdaməşhurmuğamustası Zülfü Adıgözəlovoğlu Vasifin 2 yaşını qeyd etməyə hazırlaşırdı. Məclis qurulacaq, qonaqlar gələcək, təntənə yaşanacaqdı. Qəfildən qara xəbər gəldi – Azərbaycan musiqisinin canlı korifeyi, bəstəkar Mülüm Maqomayev vəfat edibdir. Həmin gün məclis təxirə salındı.
Beləcə gələcəkdə özü də görkəmli bəstəkar olacaq Vasif Adıgözəlovun doğum günü Müslüm Maqomayevin vəfatı gününə düşdü...
Azərbaycan SSR xalq artisti, bəstəkar Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.
Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğlu, müğənni Rauf Adıgözəlovun qardaşı, dirijor Yalçın Adıgözəlovun atasıdır. Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb.
Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edib. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib.
2 opera ("Ölülər (opera)", "Natəvan (opera)"), 5 musiqili komediya ("Hacı Qara (operetta)" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana"), 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı"), 3 kantata ("Novruzum", "Təntənəli"), 4 simfoniya, 6 instrumental konsert, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.
1989-cu ildən professor adını alıb. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik edib.
Filmoqrafiya
- Aktrisanın təbəssümü
- Balaca çoban
- Bir tale naxışı.
- Cazibə Qüvvəsi
- Həyat bizi sınayır
- Keyfiyyət nişanı
- Kədərimiz... Vüqarımız...
- Kişi sözü
- Qaraca qız
- Qəribə əhvalat
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- "İstiqlal" ordeni
Pedaqoq, musiqi xadimi Vasif Adıgözəlov 15 sentyabr 2006-cı ildə ömrünün 71-ci baharında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Niyə Maqomayev yazdığı “Koroğlu” operasını tamamlamadan yandırıb?
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Müslüm Maqomayev!
Azərbaycan musiqisi tarixində bu ad çox böyük əzəmətlə səslənir. Özü də bu adda iki görkəmli sənətkarımız olub. Baba və nəvə.
Bu gün anım günündə baba barədə danışacağıq.
Müslüm Maqomayev əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd gənc yaşlarında İlisu kəndində dəmirçilik edib və sonralar Vladiqafqaz şəhərinə köçüb. Müslüm 18 sentyabr 1885-ci ildə Qroznıda anadan olub. 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olub. Elə buradan da onun Üzeyir Hacıbəyov ilə dostluğu başlayıb.
Seminariyada təhsil aldığı müddətdə Müslüm Maqomayev skripka və qaboyda əla çalıb. Seminariyada çox zaman tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertləri keçirilib. Simfonik orkestrin baş ifaçısı olan Müslüm Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edib. Maqomayev 1904-cü ildə seminariyanı uğurla bitirdiyinə görə skripka və pul mükafatı alıb.
Seminariyanı bitirdikdən sonra təyinatı üzrə Şimali Qafqaza işə göndərilib. 1904–1905-ci illərdə Bekoviçi aulunda məktəb müdiri və nəğmə müəllimi vəzifəsində çalışıb, şagird xoru təşkil edib. 1911-ci ildə Maqomayev Bakı şəhərinə köçüb və burada şəhər kollecində işə başlayıb. Burada müəllimlikdən əlavə, həmçinin yerli işçilərin savadlılığına öyrətdiyi axşam kurslarını təsis edib.
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, eləcə də, "O, olmasın, bu olsun", "Arşın mal alan", musiqili komediyalarına dirijorluq edib. Müslüm Maqomayevin Azərbaycan milli teatrının inkişafı, eləcə də, müəllimlik sahəsindəki pedagoji fəaliyyəti onu Üzeyir Hacıbəyovla daha da yaxınlaşdırıb. 1913-cü ildə Magomayev "Sevgi" və "Şah İsmayıl" operalarını yazmağa başlayıb. 1913–1914-cü illərdə "Məhəbbət" adlı (bitməyən) opera yazıb.
O, 1916-cı ildə özünün ilk səhnə əsəri olan "Şah İsmayıl" operasını bitirib. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə edib. Operanın ilk nəşrində çoxsaylı dialoq epizodları olub, musiqi isə improvizasiya və muğam prinsiplərinə əsaslanıb. 1916-cı ildə tamamlanan operanı bəstəkar bir neçə dəfə redaktə edib.
1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil İşçilər Birliyinin sədri seçilib.
1921-ci ildə Maqomayev Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışıb. 1929-cu ildə Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri vəzifəsində işləyib və bu vəzifədə 1931-ci ilə qədər qalıb.
O, 1920–1930-cu illərdə "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. Bəstəkar, həmçinin, simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi", və s. yazmışdır. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirib.
"Bahar", "Tarla", "Bizim kənd" mahnıları milli koloriti ilə diqqəti cəlb edib. 1932-ci ildə Koroğlu dastanı hekayəsinə əsasən opera yazmağa başlayıb, lakin Hacıbəyovun eyni mövzuda əsər yazdığını öyrənib və dostunun daha yaxşı bir opera yazacağını düşünərək, layihələri məhv edib.
Müslüm Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun "Nərgiz" operası təşkil edib. Bəstəkar opera üzərində 1932–1935-ci illərdə işləyib.
"Nərgiz" operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutub. Maqomayev hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq operanın melodik quruluşunda milli musiqi nümunələrinə müraciət etmək və operada çoxsəsli xora üstünlük vermək lazımdır. "Nərgiz" operasının tamamlanması ilə əlaqədar olaraq bəstəkar "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
15 yaxın simfonik əsərlərin, o cümlədən iki opera, marşlar və bir neçə rapsodyanın, azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin müəllifidir. Onun bitməmiş əsərlərindən üçü — "Sevgi" operası, "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediya. Bundan əlavə, Maqomayev teatr tərtibatına ("Ölülər", "1905-ci ildə") və filmlərə ("Azərbaycan incəsənəti", "Raport veririk") musiqi müşayiətinin müəllifidir.
Operalar
- "Şah İsmayıl"
- "Nərgiz"
Musiqili komediya
- "Xoruz bəy (operetta)"- 4 pərdəli satirik musiqili komediya
Balet
- "Dəli Muxtar (opera)" — 4 pərdəli balet. 1936-cı ildə başlanılıb, bitirilməyib
İnstrumental
1. Simfonik əsərləri — Azərbaycanda ilk dəfə
2. "Ceyran" rapsodiyası
3. "Azərbaycan çöllərində"
4. "Azad olunmuş Azərbaycan qadınının rəqsi"
5. "Dərviş"
6. "Marş RV-8"
7. "Şəlalə"
Mahnılar
- "Yaz"
- "Neft"
- "May"
- "Tarla"
- "Gözəlim"
- "Durna"
Filmoqrafiya
1. Azərbaycan incəsənəti
2. Bəstəkar Müslüm Maqomayev
3. Doğma xalqıma
4. İlisu
5. Lökbatan
6. Müslüm Maqomayev
7. Üzeyir ömrü
Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə və "Nərgiz" operasını yaratdığına görə 13 yanvar 1936-cı ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 1937-ci il avqust ayının 11-də Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edilib ki, Müslüm Maqomayevin adını əbədiləşdirmək üçün Azərbaycan Dövlət Filarmoniyasına bəstəkarın adı verilsin. Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayevin adını daşıyır.
1976-cı ildə "Azərbaycanfilm" Kinostudiyasında Bəstəkar Müslüm Maqomayev adlı qısametrajlı sənədli film istehsal olunub. Bakıda İçərişəhərin küçələrindən biri onun adını daşıyır. Bakıda bəstəkarın yaşadığı Nizami küçəsində yerləşən 41 nömrəli evin divarında xatirə lövhəsi asılıb. Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il, iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib
27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil olunan “İslam dünyasını gələcəyə hazırlamaq: Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatı və təkmilləşdirilməsi” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbirin rəsmi açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova ICESCO rəhbərliyinə və Bakı Regional Ofisinə belə mühüm təşəbbüsün təşkilinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, müasir dövrdə sürətli texnoloji inkişaf, ekoloji çağırışlar və qlobal dəyişikliklər dövlətlər və beynəlxalq təşkilatlar üçün strateji baxışın və uzunmüddətli planlaşdırmanın əhəmiyyətini daha da artırır. Bu baxımdan təqdim olunan Strateji Proqnozlaşdırma Bələdçisi gələcəyə davamlı və dayanıqlı yanaşmanın formalaşdırılmasına mühüm töhfə verəcək.
Rəsmi açılış mərasimində eləcə də ICESCO-nun Baş direktoru Dr. Salim AlMalik (onlayn), ICESCO-nun Bakı Regional Ofisinin direktoru Dr. Abdulhakeem Alsenan, “Policy Center for the New South” təşkilatının baş eksperti Dr. Nouzha Chekrouni, ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəhbəri Anar Kərimov və ICESCO-nun Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzinin direktoru Dr. Kais Hammami çıxış ediblər.
Tədbirdə həmçinin Strateji Proqnozlaşdırma Bələdçisinin rəsmi təqdimatı keçirilib.
Tədbir işini yüksək səviyyəli dəyirmi masa, strateji bələdçinin tənzimlənməsi üzrə sessiyalar və praktiki seminar-məşğələlərlə davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi...
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Güclü müşahidə qabiliyyəti var. Münasibətlərdə susmağa, müşahidə etməyə, fikir qazanmağa üstünlük verir. Milli adət-ənənələrə, o cümlədən öz keçmişinə çox bağlıdır. Dostluq etdiyi birini tərk etməsi mümkün deyil. Xasiyyətcə mülayim, həssas və qətiyyətli insandır. Sarsılmaz iradəsi onu başladığı hər hansı bir işi başa vurmaqda yardımçı olur. O, istədiyi hər hansı bir nəsnədən asanlıqla əl çəkmir və sonunda ona çatır. Təşkilatçılıq qabiliyyəti xeyli yüksək xanımdır. Güclü yaddaşı var və kifayət qədər bacarıqlıdır.
Konkretliyə üstünlük versə də, mücərrəd anlayışlardan uzaq qala bilmir. Bununla belə, onun xəyalları və fantaziyaları həyatının əsas hissəsini təşkil etmir. Sadə həyat tərzini xoşlayır, rəqabətçi xasiyyəti yoxdur. İnsanlarda dürüstlük və zadəganlığı qiymətləndirir. Söz verdisə hökmən icra edəcəyinə inana bilərsiniz. Onun sözü hər bir sənəddən qiymətlidir. Ciddi görünüşə malik olsa da, duyğularında şəfqət və şirinlik var. Bəzən onu emosional görə bilərsiniz, amma daxilən çox zəngindir. Geniş düşünmə qabiliyyəti və geniş təxəyyülü sayəsində həmişə uğur qazanır. Qürurlu xanımdır. Özünə inamı çox yüksəkdir, fəhminə, zəkasına, ağlına həmişə inanıb. Olduqca cəlbedici və xoşa gələndir. Amma tələbkar olduğundan onunla ünsiyyət qurmaq elə də asan deyil, xarizmatik insandır. İdealistdir və hər şeyin ən yaxşı olmağını arzulayır...
Deyir ki:- “Azərbaycan elm və təhsili elə duruma gətirilməlidir ki, hər günü elmi uğur, töhfə ilə tarixdə iz qoysun. Yoxsa ki, içi puç, üstü bəzəkli "əsər"lərlə, dosta, tanışa, əmrə müntəzir duranlara ad və medallar paylaşmaqla elmi inkişaf etdirmək mümkün deyil. Hazırkı durumda durğunluq deyil, Azərbaycan elmində tənəzzülün bütün əlamətləri var, təəssüf ki...”
Xarekteri olduqca güclüdür. Çalışdığı sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün əzmlə addımlaya bilir. Zamana meydan oxuyur, qarşısına çıxan səddi asanlıqla ram etməyi bacarır...
“Həmkarlarıma arzum budur ki, "saat yığma" bəlasından qurtarıb həqiqi elmi fəaliyyətlə məşğul olmağa şəraitləri yaransın, çəkdikləri zəhmətin həm maddi təltifini, həm də mənəvi mükafatını görmək nəsibləri olsun...”- söyləyir...
Hər hansı bir tarixi şəxsiyyətin həyat və yaradıcılığını araşdırıb, heç kimin bilmədiyi faktları üzə çıxarmaq, onu fərqli şəkildə təqdim etmək çox çətindir. Tədqiqatçıdan böyük hünər, ciddi təhlil, dərin savad tələb edir. Haqqında söhbət açdığım filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva məhz belə alimlərimizdəndir. O, qızmar yay günlərinin birində Bakı şəhərində dünyaya gəlib, əslən Qubadlı rayonundandır. Orta təhsilini Bakının Nizami rayonundakı 238 nömrəli məktəbdə bitirərək indiki Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş laborant kimi başlayıb. Hazırda Şərqşünaslıq İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Eyni zamanda, 2015-ci ildən pedaqoji fəaliyyətlə də məşğul olur, Bakı Avrasiya Universitetinin professorudur. Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi var. Neçə illərdir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığını araşdırır. O, Bakı şəhərində dünyaya gəlib. Bu istiqamətdə bir sıra uğurlara imza da atıb...
Deyir ki:- “Nəsiminin müraciət etdiyi janrlar və şeirinin poetikası haqqında bir neçə tədqiqat əsərində bəhs olunsa da, bu şairin söz sənəti haqqındakı görüşləri, əsərlərində yer alan ədəbi kateqoriya və terminlərə indiyədək diqqət yetilməmişdir. Adı daha çox hürufiliklə bağlı yad olunan Nəsiminin ədəbi fəaliyyətinin istiqamətləri, ədəbi-tənqidi görüşləri və poetika elmi ilə əlaqəli nəzəri biliyi barədə indiyədək araşdırmalarda pərakəndə və çox zaman səthi məlumatlar verilmişdir. Halbuki onun hər iki divanında yer alan janr və poetik formalar zənginliyi və rəngarəngliyi baxımından divan ədəbiyyatında çox az şairin ədəbi mirası ilə müqayisə oluna bilər. Nəsiminin əsərlərinin arxitektonikası, onun poetik ənənələri sinkretik təqdimi, fərdi yaradıcılıq eksperimentləri, poetik sözə həssas və elmli münasibəti şeir sənətinə dərindən bələdliyini göstərir. Şairin hər iki divanında şərq şeir sənətinin həm təcrübi və tətbiqi şəkillərini, həm də onun nəzəri biliklərinin ifadələrini müşahidə etmək mümkündür...”
Nəsiminin diri-diri dərisinin soyulmasını və onun həmin zaman şeir söyləməsini xalqın şairə olan məhəbbətindən yaranmış əfsanə olduğunu düşünür. Nəsiminin iki dəfə ailə qurduğunu iddia edir. Bundan əlavə alimlərin ortaq türk dili təklifinə onun da öz yanaşması var...
İşgüzar, çalışqan, əzmkar xanımdır. Maraqlı iddiaları ilə həqiqətin harada olduğunu ortaya çıxara bilir. Yalan danışmağı xoşlamır. Cəsarətli və mərddir. Davranışı, eləcə də yüksək mədəniyyəti ilə seçilir. Müvəffəqiyyət onun üçün çox əhəmiyyətli olduğundan gərgin iş rejiminə, çətinliklərə qatlaşmağı bacarır…
“Azərbaycan elminə gəlmək istəyən gənclərin qarşısına ingilis dilini ingilisdən daha yaxşı bilmə tələbinin qoyulmasının elmin inkişafına vurduğu zərbənin nəticələrini illər sonra görəcəklər. Neçə-neçə istedadlı və qabiliyyətli gənc ingilis dili imtahanına görə bezir, usanır və uzaqlaşır. Halbuki sovet dövründə bu imtahanların adı minimum idi. O dövrdə yetişən alimlərin dil bilgisi də indikilərdən az deyildi. İngilis dilini bilməyə bu aludəlik Azərbaycan elmi fikrini ana dilində ifadəyə marağı azaltmaqla yanaşı, ümumi inkişafın qarşısında da bir əngəldir. Alimin BİR NEÇƏ XARİCİ DİL BİLMƏSİ VACİBDİR, bunsuz mümkün deyil, amma ingilis dilinin ana dilimizdən önə keçməsi təəssüf doğurur. Yeri gəlmişkən, ingilis dilindən yüksək bal toplayan doktorant və magistrlərin ana dilində elmi üslubu nəinki yüksək olmur, əksinə, bərbad olur. Nəzərə alsaq ki, orta məktəblərdən də imla, ifadə və inşa yazıları yığışdırılıb, elmi üslubun gələcək taleyi ciddi narahatlıq doğurur.”- söyləyir.
Bəzən əsəbi və tələbkar görünsə də, bu görünüş sizdə onun qeyri-adekvat olduğu təəssüratı yaratmasın. Çünki o, iddiasını sübut edəcək qədər ağıllıdır. Onun hər zaman məqsədi var və bu məqsədə doğru əmin addımlarla irəliləyir. Xülasə, bu xanımın varlığı Azərbaycan elmində bir hadisədir. Onu sevmək və qiymətləndirmək lazımdır...
Bəli, iyulun 27-si filologiya üzrə fəlsəfə doktoru, professor Səadət Şıxıyevanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Redaksiyanın poçtundan – Cavidan Hacıyevin şeirləri
Rubrikanı aparır:
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında sizlər üçün seçdiyimiz növbəti məktub Cavidan Hacıyevdən gəlib. O, iki şeirini göndərib. “Gedər” heca vəznində yazılmış, gözümüz öyrəşən şeirlərdəndir. “Dərd dostu” isə bir qədər mənzum şeiri xatırladır, bir qədər sərbəst şeirdir, bir qədər də essedir sanki. Yəni gözümüz alışmayan bir tərzin şeiridir.
Xoş mütaliələr.
GEDƏR
Yerlə göy qovuşduğu uzaqda gözləyən var.
Dərdə qafiyə tapıb, birinə şeir yazar.
Sanar ki, sevgisindən dözməyib göylər ağlar:
Yağışdan sevgi umar -- yağışsa yağar gedər.
Yağmayıb neyləyəcək? Yağıb neyləyəcək ki?
Üç-dörd damcı sudadır dərdin çarəsi sanki.
Ayağını qanadan, torpağın üstündəki
Tikandan bir tac hörüb, başına taxar gedər.
Göylərdəmi gizlidir bu həsrətin niyəsi?
Ay təki çox uzaqdı dərdinin qafiyəsi.
Görən bütün ayların eynidir hekayəsi? -
Gecələr göyə çıxar... Sonraysa çıxar gedər.
Bu bəxti bilmək olmur - hərənin öz bəxti var:
Kimini şeir edər, kimə şeir yazdırar.
Bəxtimizdə sevgi var, bəxtimizdə həsrət var.
Bəxtimizdə ömür var — sormadan axar gedər.
DƏRD DOSTU
Gecə yarı suyu açdım... bir dost kimi dərdləşək.
İntəhası biz tərəfdə gecə vaxtı su gəlmir.
Lap gəlsəydi, axı suya biz yuxunu demişik.
Bu dərd ki var, yuxu deyil - suya dedin ya demədin - əl çəkmir.
Bu dərd ki var, kino kimi, hamı özü öz dərdini çəkməli.
Bu dərd ki var, çox qəlizdi. Çəkdin - bitdi? Elə deyil, qadası.
Bu dərd ki var bir çox dostdan sadiq olur - dərdlə ömür sürməli.
Bu dərd ki var, kaş ki dönüb qorxulu bir yuxu ola -- su gəlmir, intəhası.
Dərd əslində bəla deyil - gəlsə bir gün, hamı çəkər birtəhər.
Üstəlik dərd elnən gəlsə, deyərlər, toy-bayramdı.
Yaddan dərdlər gəlir gəlsin, gecə gündüz nə qədər.
Dərdin dərdi ordadır ki, su kəsənlər, dərdverənlər - bəzən doğma adamdır.
Bəzən dəcəl, bəzən şıltaq həmin uşaq oyaq olur başımda.
O uşaqtək, elə sənə dərdlərimi deyərdim ki, ay ana.
Ancaq saçım xatırladır: indi mənim dərd ovudan yaşımdı.
Bizlər səndə dərd görmədik -- mən də qıymam balama.
Bizlər səndə dərd görmədik, sizə sualmı gəldi?
Mən dərdlərə heca tapıb, bəlkə şeir yazaram.
Vərəqlə dərdləşən nə çox, bəlkə elə bu dünyanın ən dərdlisi - vərəqdi?
Nəysə, gecə su gəlməyir, bəlkə vərəq taparam.
“Ədəbiyyat və incəsənət”
(27.06.2026)
Türk dastanları - MANAS
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə Türk dastanlarıdır. Bu dəfə Türklərin ortaq yaradıcılıq məhsulu sayılan "Manas" dastanı barədə danışacağıq.
Türk xalqlarının ortaq mədəni irsindən danışarkən adətən "Dədə Qorqud", "Oğuz Kağan" və "Koroğlu" dastanları yada düşür. Halbuki dünya folklorunun ən möhtəşəm əsərlərindən biri hesab edilən Manas dastanı həcminə, məzmununa və tarixi əhəmiyyətinə görə onların hər birindən fərqlənir. Tədqiqatçıların hesablamalarına görə, dastan yarım milyondan çox misradan ibarətdir. Bu, onu dünyanın ən böyük qəhrəmanlıq dastanlarından birinə çevirir. Müqayisə üçün, Homerin "İliada" və "Odisseya" əsərlərinin ümumi həcmi Manas dastanından dəfələrlə kiçikdir.
Dastanın mərkəzində qırğız xalqının əfsanəvi qəhrəmanı Manas dayanır. Lakin əsər yalnız bir igidin döyüşlərindən bəhs etmir. Burada dövlət quruculuğu, tayfaların birləşdirilməsi, diplomatiya, hərbi strategiya və xalqın mənəvi dəyərləri geniş şəkildə təsvir olunur. Manasın əsas məqsədi torpaq fəth etmək deyil, parçalanmış türk boylarını vahid birlik ətrafında toplamaqdır. Məhz buna görə dastan qırğızların milli yaddaşı hesab olunur.
Dastanın maraqlı cəhətlərindən biri onun əsrlərlə yazıya alınmamasıdır. Manas nəsildən-nəslə xüsusi yaddaşa malik dastançılar – manasçılar tərəfindən söylənilmişdir. Onlar on minlərlə misranı əzbər bilir, hər ifada hadisələri fərqli üslubda təqdim edir, bəzi hissələri improvizasiya edirdilər. Folklorşünaslar hesab edirlər ki, bu, dünya şifahi ədəbiyyatında nadir hadisələrdən biridir.
Manas dastanında diqqət çəkən başqa bir məqam qadın obrazlarıdır. Xüsusilə Manasın həyat yoldaşı Kanıkey təkcə ailəsini qoruyan qadın deyil, uzaqgörən siyasi məsləhətçi, diplomatik danışıqlar aparan ağıllı bir şəxsiyyət kimi təqdim edilir. Bir sıra epizodlarda onun verdiyi qərarlar ordunun taleyini dəyişir. Bu isə qədim türk cəmiyyətində qadının yüksək mövqeyini əks etdirən mühüm nümunələrdən sayılır.
Müasir araşdırmalar göstərir ki, Manas dastanı yalnız mifoloji mətn deyil. Onun içərisində IX–XII əsrlərdə Mərkəzi Asiyada baş verən siyasi hadisələrin, tayfalararası münasibətlərin və köçəri həyat tərzinin izləri qorunub saxlanılmışdır. Bu səbəbdən tarixçilər və türkoloqlar dastanı folklor nümunəsi olmaqla yanaşı, etnoqrafik və tarixi mənbə kimi də araşdırırlar.
Bu gün Manas dastanı yalnız qırğız xalqına məxsus bir irs hesab edilmir. O, bütün türk dünyasının ortaq mədəni sərvətidir. Dastanın əsas ideyası əsrlər keçsə də dəyişməyib: xalqın gücü yalnız silahında deyil, birliyində, ədalətində və milli yaddaşını qorumaq bacarığındadır. Məhz buna görə Manas dastanı bu gün də türk xalqlarının ortaq ruhunu yaşadan ən möhtəşəm epik abidələrdən biri kimi qiymətləndirilir.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Elə bir vəziyyət yaranıb ki, normal, tərbiyəli, vicdanlı insanlar yazıq kimi görünürlər...
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Cəmiyyət nəylə yaşayır, nəylə nəfəs alır? Düşündürücü sualdır, deyilmi?
Sosial media inciləri rubrikamda bu dəfə sizlərə Ceyhun Haşımovun bir statusunu təqdim etmək istəyirəm. Burada cəmiyyətimizi bürüyən bir neqativlik barədə söz açılır.
Artıq bir neqativ hadisəyə, bir olaya normal fikir bildirmək təhlükəyə çevrilib. Çünki cəmiyyətə pis təsir göstərən, özünü apara bilməyən, gənclərə yanlış nümunə olan bir məxluqun ünvanına ibrətamiz, yol göstərən bir fikir bildirən kimi, onun düşüncəsində olanlar, onun olmayan əxlaqını müdafiə edənlər dərhal üstünə tökülüşürlər.
Artıq belə insanların sayı o qədər çoxalıb ki, normal insanları qat-qat keçiblər. Elə bil yalan elə bağırır ki, doğrunun bağrı çatlayır.
Bunlar artıq idarə olunmur. Çayırda bitən, heç heyvanın da yemədiyi alaq otları kimi hər yana yayılıblar. Kök atırlar, hər yerdən baş qaldırırlar. Elə bil rüşeym salıblar, günü-gündən də çoxalırlar.
Təəssüf ki, tək özləri yox, ataları da, anaları da, bacıları da, qardaşları da onlara qoşulur. Bir ailənin içinə bu düşüncə düşdüsə, yavaş-yavaş hamısı onun kimi olmağa başlayır.
Artıq elə bir vəziyyət yaranıb ki, normal, tərbiyəli, vicdanlı insanlar onların içində qəribə, hətta yazıq kimi görünürlər.
Allah cəmiyyətimizi belə düşüncədən qorusun.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Tələbə yaradıcılığı – “Lənətli taxt” hekayəsi
Gültəkin Məmmədova,
Ağdam Dövlət Sosial İqtisad Kollecinin tələbəsi
“Ədəbiyyat və incəsənət”
Nənəm çox cavan yaşda ailə həyatı qurmuş və çox çiləli evlilik yaşamışdı. Uzun illər övladı olmamış, hər kəs problemi onda görmüşdü. Elə ki ayrılıq nöqtəsinə belə gəlib çıxdıqları an möcüzə olmuş, nənəm hamilə qalmışdı. Hər kəs baxıb bir söz deyirdi: biri “qız”, biri “oğlan”. Həmin vaxtlarda indiki müasir avadanlıqlardan olmadığı üçün qarının formasına, yeyilən yeməyin növünə görə uşaq cinsiyyətini bilirmişlər. Babam isə hər zaman: “Kim nə deyir desin, bu qədər gözlədikdən sonra ancaq igid bir oğlum olacaq”, — deyib dururdu. Və elə də olur, oğlu olur, yəni mənim atam. Hər kəs sevinir, qurbanlar kəsilir. Nənəm və babam atama çox bağlı yaşayırlar, lakin nənəm atama çox başqa cür bağlı imiş. Onu göz bəbəyi kimi qoruyub böyüdür və əllərindən gələni artıqlamasıyla edirmişlər.
Lakin orta məktəbi bitirdikdən sonra atam universitetə qəbul olur və şəhərə getməyə məcbur qalır. Nənəm isə buna razı olmur və özünün də onunla gedəcəyini deyir. Birtəhər onu razı salırlar. İlk aylarda nənəm atamdan ayrıldığı üçün xəstələnib yatağa düşür, sonda yavaş-yavaş alışır. Hər həftə şəhərə oğlunu görməyə gedir və ya oğlu kəndə anasını görməyə gəlirdi. Belə-belə zaman keçir, universitet bitir və həmin dövrdə atam anam ilə rastlaşır. Bir-birini sevirlər və evlilik qərarına gəlirlər. Atam kəndə qayıdan kimi nənəm və babama bunu deyir. Sevinirlər, lakin nənəm bir yanda həm gülür, həm ağlayırmış. Çünki anam kənddə yaşamayacağını, evlənsələr belə şəhərdə yaşamaq istədiyini deyir, atam da razılaşır. Nənəm isə “universitet bitdi, oğluma qovuşacağam” xəyalı quranda bu söhbət yaranır. Atam anasına anamı çox sevdiyini və onsuz yaşaya bilməyəcəyini izah edir. Nənəm məcburən razılıq verir və onlar evlənirlər. Hər həftə nənəm eyni münvalla şəhərə - oğlunu və gəlinini görməyə gəlir, ancaq könlü hər zaman gəlininə kin duyur. Oğlunu ondan ayırdığını düşünür və artıq gəlini də buna dözə bilmir. Bir gün o “anan hər həftə gəlməsin” deyir. Bunu isə nənəm eşidir.
Bundan sonra nənəm artıq ayda bir dəfə, vaxt keçdikcə ildə bir-iki dəfə və zamanla illər içində bir-iki dəfə gəlib oğlunu görür. Buna dözə bilməyən nənəm oğlunun həsrəti ilə dəli kimi olur.
Bir gün nənəm atama uşaq vaxtı ən sevdiyi, almaq üçün üç gün gəzdikləri kreslonu verməyi düşünür və kreslonu şəhərə gətirir.
Atam o özüyellənən kreslonu uşaqlıqda çox xoşladığını, üzərində oturub həvəslə dala-qabağa yelləndiyini danışırdı. Atam kresloya hər oturduqda sanki zaman geri dönürdü; o, hər yelləndikcə nənəmin uşaqlıqda ona oxuduğu laylaları, kənd evinin qoxusunu və o zamankı qayğısız günlərini xatırlayırdı.
Amma bu dəfə kreslo yelləndikcə ürəyində qəribə bir ağırlıq, izah edə bilmədiyi bir sıxıntı hiss edirdi, sanki hər yelləniş onu qaçılmaz bir sona daha da yaxınlaşdırırdı. Bir ay belə getdi. Sonra isə bir az problemlər yaşanmağa başladı: anamla arasında problem, işdə problem... Anam isə “kreslo bu evə gələndən artıq heç nəyin yolunda olmadığını” deyir. Atam isə: “Bəsdir daha! Şəhərdə qalaq dedin, razı oldum. Anan az gəlsin dedin, razı oldum. Kəndə getməyək dedin, razı oldum. İndi isə anam uşaqlıqda sevdiyim əşyamı gətirib deyə bilmirsən nə edəsən", — deyib anamla dalaşdı.
Anam: "Sən heç nə anlamırsan. Dərdim ananın gəlməsi və ya nəsə verməsi deyil, mənə olan nifrətidir, düşmən kimi görməsidir", — deyib məni də götürüb evdən çıxdı və xalamgilə getdik. Qapıdan çıxarkən sonuncu dəfə atama tərəf baxdı, içində bir səs "getmə" deyirdi, sanki o an geri dönsə hər şey düzələcəkdi. Amma qüruru və içindəki inciklik bu səsi boğdu, o, taleyin hazırladığı acı sürprizdən xəbərsiz addımlarını xalamgilə tərəf sürətləndirdi.
Gecə yarısı idi, zəng gəldi. Qonşumuz idi, evdə yanğın çıxdığını dedi. Anam apar-topar taksi çağırıb evə getdi. O çatanda isə artıq çox gec idi. Yanğınsöndürənlər yanğını söndürmüşdü. Anam qışqıraraq içəri girməyə çalışdı. Onu tutaraq “Gözləyin, sakitləşin”, — deyərək heyrət və həyəcanla nəsə danışır, anamı isə içəri qoymurdular. Yanğınsöndürənlərdən biri gələrək: “İstəmərik bu anı görüb pis olasınız. Bizim heyətdən bunu görənlər belə özünə gələ bilmir” — dedi. Anam hər şeyə rəğmən: 'Mənim yoldaşımdır, mənim evimdir, görmək istəyirəm”, — deyərək içəri girdi. Evdə sadəcə bir otağın yandığını və atamın nənəmin ona verdiyi kresloda yanmış vəziyyətdə olduğunu gördü. Möcüzə ondaydı ki kreslo necə vardısa, elə də qalmışdı. Anam orada görüntüdən huşunu itirdi. Bunu eşidən nənəm isə yerindəcə həyatını itirdi, babam isə infarkt oldu.
***
Anam ayıldıqdan sonra dəfn mərasimi reallaşır. Bir müddət anam evə getmir. Həmin ərəfə içində isə yuxularını qarışdırır, qan-tərin içində qışqıraraq atamın adını çəkib oyanır. Özündə peşmanlıq duyur. “Nə olur olsun, getməməli idim, onu tək qoymamalı idim”, — deyərək depressiyaya girir və özünü toparladıqdan sonra isə gedir.
Atam nə biləydi ki, onu uşaqlıqda özünü taxtda oturan şahzadə kimi hiss etdirib xoşbəxt edən bu kreslo, onu böyüklükdə məhv edəcək olan taxt olacaq. Anam nə bilə bilərdi ki, o evi tərk edərkən, əslində sevdiyini son kəs görürdü.
Həmin kreslonu isə anam köhnə mallar alıb restavrasiya edən sənətkar bir şəxsə verir — nifrət ilə. Sevdiyinin ölüm səbəbi kimi görür o kreslonu.
Bir həftə sonra isə anama zəng gəlir:
— Salam, Zeynəb xanım, sizsiz?
— Bəli, buyurun.
— Mən sizdən bir kreslo almışdım, yəqin yadınızdadır.
— Bəli, buyurun. Əgər geri vermək istəyirsinizsə, lazım deyil. Həyatımı məhv etdi o kreslo. Atın getsin və ya kiməsə verin.
— Yox, yox, geri vermək üçün deyil. Sizə bir şey göstərmək istəyirik, bu gün sexə gələ bilərsiz? — deyir.
Anam etiraz edir, lakin işçi anamın mütləq bunu görməli olduğunu söyləyir və anam ora gedir. Olanlar isə orada başlayır. Kreslonu restavrasiya etmək üçün üzərindəki parçanı sökürlər və baxırlar: kreslonun üzərində olan qanlı yazılar, kağız parçalarını görüb şok olurlar və hadisədən xəbərləri olduğu üçün anamı çağırırlar. Anam o anı gördüyü an dizləri üzərinə çökür. Nənəm oğlu ona dönsün deyə, anamı tərk etsin deyə onun ən sevdiyi əşyaya cadu etdirib və onu evimizə soxubmuş. Atamla anamın arasının pis olmasını, işlərin tərs getməsini istəmişdi ki, atam nənəmə geri qayıtsın.
Anam həmin an inanırdı ki, ailələrinin başına gələn bütün bu faciələrin başlanğıcı həmin cadu olmuşdu. Bir otaq yanarkən kreslonun üstündə atam kül olarkən kresloya heç nə olmamasının səbəbi bu imiş. Lakin onu da bilirdi ki, heç bir sehr və ya cadu Allahın izni olmadan insana təsir edə bilməz. Həyat da, ölüm də yalnız Allahın hökmü ilədir. Nənəmin ən böyük səhvi isə Allahın haram buyurduğu bir əmələ üz tutması və Ondan başqasından kömək umması idi.
Daha bir faciə və faciənin səbəbi isə Allahın günah buyurduğu bir şeyə sığınıb Allahı unutmaq idi. Allahın yaratdığı bir varlığı Allahın izni ilə deyil də, onun yaratdığı digər varlığın əli ilə almaq idi. Allah da oğlunu ona qaytarmadı, ondan aldı.
Qurani-Kərimdə Bəqərə surəsi, 102-ci ayə — sehr öyrənənlərin axirətdə payı olmayacağı bildirilir və bu əməl pislənir. Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) belə buyurur ki, cadu yeddi öldürücü əməldən biridir, ondan çəkinin. Nənəm isə öz iradəsinə zəif düşdü və haqq yolunu da, o yolda oğlunu da itirdi. Siz siz olun, Allaha şərik qoşmayın. Yaradan və var olan Allahdır. Siz ondan istəyin, sizin haqqınızda xeyir olanı zatən o sizə verəcək.
Ən böyük faciə təkcə bir ailənin dağılması deyildi. Ən böyük faciə Allahın haram buyurduğu bir əmələ üz tutmaq və Ondan başqasından kömək ummaq idi. Çünki insanın taleyi də, həyatı da, ölümü də yalnız Allahın əlindədir.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Sevgi ilə böyüyən uşaq, qorxu ilə böyüyən uşaqdan nə ilə fərqlənir?
Rəqsanə Babayeva,
"Ədəbiyyat və İncəsənət" portalının Beyləqan və İmişli təmsilçisi
Tərbiyənin görünməyən izi
Hər bir insanın uşaqlığı gələcəyinə yazılan ilk məktub kimidir. Həmin məktubun hansı sözlərlə yazıldığı isə illər keçsə belə silinmir. Bəzən bu məktub sevgi, anlayış və güvən hissi ilə dolu olur, bəzən isə qorxu, təzyiq və susqunluqla. Uşaq böyüyür, yaşa dolur, peşə sahibi olur, ailə qurur, cəmiyyətə qarışır. Amma uşaqlıqda yaşadığı hisslər onun qərarlarında, insanlarla münasibətində, özünə inamında və həyata baxışında görünməyə davam edir.
Valideynlər övladları üçün həmişə ən yaxşısını arzulayırlar. Onlar uşağın tərbiyəli, savadlı, məsuliyyətli və cəmiyyətə faydalı bir insan olmasını istəyirlər. Lakin bu məqsədə çatmaq üçün seçilən yollar hər ailədə eyni olmur. Bəzi valideynlər sevgini əsas tərbiyə vasitəsi hesab edir, bəziləri isə sərt nəzarətin və qorxunun uşağı düzgün istiqamətdə saxlayacağına inanır.
Əslində bu iki yanaşma arasındakı fərq yalnız uşağın bugünkü davranışında deyil, onun gələcək həyatında da özünü göstərir. Çünki tərbiyə yalnız qayda öyrətmək deyil, xarakter formalaşdırmaqdır. Xarakter isə qorxu ilə deyil, etibar və anlayış mühitində daha sağlam inkişaf edir.
Uşaq ilk dəfə uğursuzluqla qarşılaşanda kimə üz tutur? İlk səhvini edəndə kimdən kömək istəyir? İlk dəfə haqsızlığa məruz qalanda harada özünü təhlükəsiz hiss edir? Bu sualların cavabı ailədə qurulan münasibətin mahiyyətini göstərir. Əgər uşaq valideynini cəza verən deyil, onu anlayan insan kimi görürsə, aralarında görünməz, lakin möhkəm bir bağ yaranır.
Təəssüf ki, bəzi ailələrdə tərbiyə itaət anlayışı ilə qarışdırılır. Uşaq sakitdirsə, sözə baxırsa və etiraz etmirsə, dərhal "tərbiyəli uşaq" adlandırılır. Halbuki susmaq həmişə razılaşmaq demək deyil. Bəzən uşaq danışmır, çünki qorxur. Fikrini demir, çünki eşidilməyəcəyini bilir. Sual vermir, çünki danlanacağını düşünür. Kənardan baxanda hər şey qaydasında görünür, amma həmin sakitliyin arxasında görünməyən narahatlıq gizlənir.
Sevgi ilə qurulan münasibətlərdə isə vəziyyət fərqlidir. Belə ailələrdə uşaq da səhv edir, bəzən etiraz edir, bəzən ağlayır, bəzən də uğursuz olur. Lakin bütün bunlara baxmayaraq o bilir ki, valideyninin sevgisi yalnız uğurlarından asılı deyil. Bu hiss uşağa güc verir, özünü qəbul etməyi öyrədir və çətinliklər qarşısında sınmamağa kömək edir.
Məhz buna görə tərbiyənin əsas məqsədi yalnız qaydalara əməl edən uşaq yetişdirmək olmamalıdır. Əsas məqsəd vicdanlı, məsuliyyətli, mərhəmətli və özünə güvənən insan formalaşdırmaqdır. Belə bir insanın təməli isə uşaqlıq illərində aldığı sevgi, diqqət və anlayış üzərində qurulur.
Bu gün cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri də budur: uşağı qorxu daha yaxşı tərbiyə edir, yoxsa sevgi? Bu suala cavab vermək üçün əvvəlcə qorxunun və sevginin uşağın daxili aləmində hansı izləri buraxdığına diqqətlə baxmaq lazımdır. Çünki görünməyən həmin izlər insanın bütün ömrü boyu onunla birlikdə yaşayır.
Sevgi və qorxu – iki fərqli tərbiyə modeli
Valideynlik tarix boyu müxtəlif yanaşmalarla izah edilib. Cəmiyyətlər dəyişdikcə tərbiyə üsulları da dəyişib. Lakin bütün bu fərqli yanaşmaların içində iki model həmişə diqqət çəkib: sevgi üzərində qurulan tərbiyə və qorxu üzərində qurulan tərbiyə.
Qorxu ilə tərbiyə edən valideyn hesab edir ki, uşaq səhvin nəticəsindən çəkinərsə, qaydalara daha ciddi əməl edəcək. Bu düşüncə ilk baxışdan müəyyən qədər təsirli görünə bilər. Həqiqətən də, qorxan uşaq çox vaxt səsini çıxarmır, verilən tapşırıqları yerinə yetirir və böyüklərlə mübahisə etmir. Ancaq bu sakitlik həmişə daxili intizamın göstəricisi deyil. Çox vaxt bu, cəzadan yayınmaq istəyinin nəticəsidir.
Sevgi üzərində qurulan tərbiyədə isə məqsəd uşağı qorxutmaq deyil, ona doğru ilə yanlışı dərk etdirməkdir. Belə ailələrdə qaydalar yenə mövcuddur, lakin həmin qaydaların arxasında izah, qarşılıqlı hörmət və etimad dayanır. Uşaq anlayır ki, valideyninin iradı onu alçaltmaq üçün deyil, inkişaf etdirmək üçündür.
Bu iki yanaşmanın fərqi uşağın daxili dünyasında daha aydın görünür. Qorxu ilə böyüyən uşaq tez-tez özünə sual verir: "Səhv etsəm, mənə nə olacaq?" Sevgi ilə böyüyən uşaq isə başqa sual verir: "Bu davranışım doğrudurmu?" Birinci halda davranışı idarə edən qorxudur, ikinci halda isə vicdan və məsuliyyət hissidir.
Məhz buna görə tərbiyənin əsas məqsədi yalnız davranışı dəyişmək deyil, düşüncə tərzini formalaşdırmaq olmalıdır. Çünki valideyn yanında olmadığı zaman uşağı qoruyacaq ən güclü nəzarət onun daxilində formalaşmış mənəvi dəyərlərdir.
Qorxu ilə əldə edilən itaət nə qədər davamlıdır?
Bir çox valideyn övladının sözə dərhal baxmasını uğurlu tərbiyənin göstəricisi hesab edir. Lakin burada vacib bir sual yaranır: uşaq bunu doğrunu bildiyi üçün edir, yoxsa cəzadan qorxduğu üçün?
Qorxu üzərində qurulan itaət adətən müvəqqəti olur. Uşaq valideynin yanında qaydalara əməl edir, amma nəzarət aradan qalxan kimi fərqli davranmağa başlayır. Çünki onun məqsədi doğru insan olmaq deyil, cəzadan yayınmaq olur.
Belə uşaqlar bəzən səhvlərini etiraf etməkdən çəkinirlər. Onlar həqiqəti deməyin nəticəsinin daha ağır olacağını düşündükləri üçün yalan danışmağa meyllənə bilərlər. Burada problem yalanın özü deyil, yalanı doğuran qorxudur.
Əksinə, anlayış və güvən mühitində böyüyən uşaq səhv etdikdə bunu gizlətməyə ehtiyac duymur. O bilir ki, valideyni əvvəlcə onu dinləyəcək, sonra isə birlikdə çıxış yolu axtaracaq. Bu münasibət uşağın məsuliyyət hissini daha sağlam şəkildə inkişaf etdirir.
Qorxu ilə əldə edilən itaət sakit görünə bilər, lakin bu sakitlik çox vaxt kövrək olur. Həyatın ilk ciddi sınaqları qarşısında belə tərbiyə modeli öz təsirini itirməyə başlayır. Çünki insanı çətin anlarda düzgün qərar verməyə sövq edən qorxu deyil, daxili inam və əxlaqi dəyərlərdir.
Valideyn övladının yalnız öz yanında deyil, həyatın bütün mərhələlərində düzgün seçim etməsini istəyirsə, onun daxilində məsuliyyət hissini oyatmalıdır. Bu hiss isə qorxu ilə deyil, sevgi, izah və etibarla formalaşır.
Sevgi uşağı ərköyünləşdirirmi?
Valideynlər arasında ən geniş yayılmış yanlış fikirlərdən biri budur ki, uşağa çox sevgi göstərmək onu ərköyün, məsuliyyətsiz və zəif iradəli edəcək. Bu düşüncə uzun illərdir nəsildən-nəslə ötürülür. Halbuki, psixoloji araşdırmalar və həyat təcrübəsi göstərir ki, uşağı ərköyünləşdirən sevgi deyil, sərhədsiz güzəşt, ardıcıllığın olmaması və məsuliyyət hissinin aşılanmamasıdır.
Sevgi heç vaxt intizama mane olmur. Əksinə, həqiqi sevgi uşağın həm hüquqlarını, həm də məsuliyyətlərini öyrənməsinə kömək edir. Uşaq valideyninin ona qayğı göstərdiyini, fikirlərinə hörmət etdiyini və çətin anlarında yanında olduğunu hiss etdikdə, onun sözlərinə daha çox inanır. Bu inam isə tərbiyənin ən güclü dayaqlarından biridir.
Ərköyünlük isə başqa anlayışdır. Bu, uşağın hər istəyinin qeyd-şərtsiz yerinə yetirilməsi, etdiyi hər davranışın doğru hesab olunması və heç bir məsuliyyət daşımadan böyüməsidir. Belə halda uşaq sevgi deyil, hədsiz güzəştlə qarşılaşır. Nəticədə o, həyatın hər zaman onun istədiyi kimi davam edəcəyini düşünür və ilk çətinliklə üzləşəndə məyus olur.
Sevən valideyn "yox" deməyi də bacarır. Lakin həmin "yox" qəzəbdən deyil, qayğıdan doğur. O, qadağanın səbəbini izah edir, övladını alçaltmır, onu dinləyir və qərarının arxasında məntiqli əsaslar göstərir. Uşaq da zamanla anlayır ki, hər istək həyata keçməsə də, bu, sevgisinin azalması demək deyil.
Ən sağlam ailələrdə uşaqlar həm sevilirlər, həm də məsuliyyət daşıyırlar. Onlardan yaşlarına uyğun öhdəliklər gözlənilir, səhv etdikdə davranışları izah olunur, uğur qazandıqda isə zəhmətləri qiymətləndirilir. Belə mühitdə böyüyən uşaq nə özünü başqalarından üstün hesab edir, nə də dəyərsiz hiss edir. O, öz yerini və məsuliyyətini dərk edərək böyüyür.
Cəza və məsuliyyət arasındakı fərq
Tərbiyə haqqında danışarkən cəza anlayışı tez-tez gündəmə gəlir. Bəzi valideynlər hesab edirlər ki, cəza olmadan uşaq qayda-qanuna əməl etməz. Digərləri isə hər cür cəzanın əleyhinə çıxırlar. Əslində əsas məsələ cəzanın olub-olmaması deyil, uşağın davranışının nəticəsini necə dərk etməsidir.
Cəza çox vaxt qorxu yaradır. Məsuliyyət isə düşünmək imkanı verir. Bu iki anlayış arasındakı fərq məhz buradan başlayır.
Məsələn, uşaq ehtiyatsızlıq edib sevdiyi oyuncağı sındırır. Valideyn onu təhqir edir, qışqırır və ya sərt şəkildə cəzalandırırsa, uşaq hadisədən çıxarmalı olduğu dərsdən daha çox yaşadığı qorxunu xatırlayacaq. Lakin valideyn sakit şəkildə onunla danışsa, baş verən hadisənin səbəbini birlikdə təhlil etsə və nəticələrini izah etsə, uşaq məsuliyyət hissini daha dərindən anlayacaq.
Məsuliyyət hissi uşağa başa salır ki, hər davranışın müəyyən nəticəsi var. Bu nəticələrdən qaçmaq yox, onları qəbul etmək və səhvləri düzəltmək vacibdir. Belə yanaşma uşağın şəxsiyyətini gücləndirir, çünki o, səhv etdikdə özünü tamamilə dəyərsiz hesab etmir. Əksinə, anlayır ki, səhv həyatın bir hissəsidir və onu düzəltmək mümkündür.
Valideyn üçün ən çətin məqamlardan biri emosiyalarını idarə etməkdir. Əsəbi halda verilən qərarlar çox vaxt tərbiyəvi təsir göstərmir. Əksinə, uşağın yaddaşında qorxu və inciklik yaradır. Buna görə də tərbiyədə məqsəd uşağı cəzalandırmaq deyil, ona davranışının nəticələrini dərk etdirmək olmalıdır.
Hər bir ailə uşağı yalnız bugünkü davranışına görə deyil, gələcək həyatına hazırlamalıdır. Sabah valideyn onun yanında olmayacaq. O zaman düzgün qərar verməsinə kömək edəcək amil qorxu deyil, daxildə formalaşmış məsuliyyət hissi olacaq. Məhz buna görə cəza keçici təsir göstərsə də, məsuliyyət hissi insanı ömür boyu müşayiət edən ən qiymətli tərbiyə nəticələrindən biridir.
Uşağın özünəinamının formalaşmasında valideyn münasibətinin rolu
Özünəinam insana sonradan verilən bir hədiyyə deyil. O, uşaqlıqdan başlayaraq ailədə formalaşan münasibətlərin, eşidilən sözlərin və yaşanan təcrübələrin nəticəsidir. Uşaq özünə ilk dəfə güzgüdə baxmır, valideyninin gözlərində baxır. O, öz dəyərini əvvəlcə anasının, atasının ona münasibətindən öyrənir.
Valideyn övladının yalnız uğurlarını qiymətləndirirsə, uşaq zamanla belə düşünməyə başlayır: "Məni yalnız yaxşı olanda sevirlər." Bu düşüncə onun həyatının sonrakı mərhələlərinə də təsir edir. O, səhv etməkdən qorxur, uğursuzluqları şəxsi məğlubiyyət kimi qəbul edir və başqalarının fikirlərindən həddindən artıq asılı olur.
Əksinə, uşaq uğursuz olduğu anlarda da anlayış gördükdə, onun daxilində möhkəm bir inam yaranır. O anlayır ki, səhv etmək onun dəyərini azaltmır. Bu düşüncə gələcəkdə daha cəsarətli qərarlar verməsinə, yeni biliklər öyrənməsinə və çətinliklər qarşısında tez ruhdan düşməməsinə kömək edir.
Valideynin gündəlik istifadə etdiyi ifadələr də burada mühüm rol oynayır. "Sən bacarmazsan", "Səndən heç nə çıxmaz", "Həmişə belə edirsən" kimi cümlələr uşağın yaddaşında iz buraxır. O, zamanla bu sözləri öz daxili səsinə çevirir və hər yeni addımında özünə şübhə etməyə başlayır.
Bunun əvəzinə "Yenidən cəhd edək", "Bu dəfə alınmadı, amma öyrəndin", "Mən sənə inanıram" kimi ifadələr uşağa güc verir. Belə sözlər onu yalnız sakitləşdirmir, həm də öz potensialına inanmağa sövq edir. Özünə inanan uşaq başqaları ilə yarışmaqdan daha çox, özünü inkişaf etdirməyə çalışır.
Valideyn övladının hər problemini onun yerinə həll etdikdə də fərqinə varmadan özünəinamın inkişafına mane ola bilər. Çünki uşaq yalnız çətinlikləri aşdıqca öz gücünü tanıyır. Ona görə də bəzən kömək etməkdən əvvəl gözləmək, uşağa düşünmək və həll yolu tapmaq imkanı vermək daha faydalıdır.
Səhv etmək hüququ niyə inkişafın vacib hissəsidir?
Heç bir insan səhv etmədən öyrənmir. Yeriməyi öyrənən uşaq dəfələrlə yıxılır, danışmağı öyrənərkən sözləri səhv tələffüz edir, yazmağı öyrənəndə xəttini düz yaza bilmir. Valideyn bu mərhələləri təbii qəbul edir. Maraqlıdır ki, uşaq böyüdükcə eyni təbii yanaşma bəzən yoxa çıxır.
Məktəbdə zəif qiymət almaq, yarışda uduzmaq, dostu ilə mübahisə etmək və ya yanlış qərar vermək həyatın bir hissəsidir. Bunlar uğursuzluqdan çox, təcrübədir. Əgər hər səhv sərt tənqid və ya alçaldıcı münasibətlə qarşılanarsa, uşaq səhvdən nəticə çıxarmaq əvəzinə, səhv etməkdən qorxmağa başlayacaq.
Səhvdən qorxan insan isə yenilikdən də qorxur. O, risk etmək istəmir, çünki uğursuzluğun qəbul edilməyəcəyini düşünür. Bu qorxu yaradıcılığı zəiflədir, təşəbbüskarlığı azaldır və insanın potensialını tam ortaya qoymasına mane olur.
Müdrik valideyn səhvi uğursuzluq kimi deyil, öyrənmə imkanı kimi dəyərləndirir. O, övladına "Niyə belə etdin?" sualını verməzdən əvvəl "Bu hadisədən nə öyrəndin?" sualını verir. Bu sadə yanaşma uşağın düşüncə tərzini dəyişir. O, səhvdən qaçmağa deyil, onu düzəltməyə çalışır.
Unutmaq olmaz ki, gələcəkdə məsuliyyətli qərarlar verən insanlar uşaqlıqda səhv etmək hüququ tanınan insanlardır. Çünki onlar öyrəniblər ki, insanı qiymətli edən heç vaxt səhv etməməsi deyil, səhvindən nəticə çıxarmağı bacarmasıdır.
Qorxu üzərində qurulan ailələrdə böyüyən uşaqların gələcək münasibətləri
Uşaqlıq insanın gələcək münasibətlərinin görünməyən təməlidir. Bir uşaq ailədə necə sevilirsə, necə dinlənirsə və necə qəbul olunursa, böyüdükdən sonra da insanlarla münasibətlərini çox vaxt həmin model üzərində qurur. Buna görə ailədə hökm sürən qorxu mühiti yalnız uşaqlıq dövrünü deyil, insanın bütün həyatını təsir altına ala bilir.
Qorxu ilə böyüyən uşaq hisslərini açıq ifadə etməyə çətinlik çəkir. O, daim səhv etməkdən ehtiyat edir, başqalarının reaksiyasını düşünür və öz fikrini söyləməzdən əvvəl susmağın daha təhlükəsiz olduğuna inanır. Zaman keçdikcə bu davranış onun xarakterinin bir hissəsinə çevrilir.
Belə insanlar iş həyatında da öz bacarıqlarını nümayiş etdirməkdə tərəddüd edə bilirlər. Onlar yeni ideya irəli sürməkdən çəkinir, tənqidi şəxsi uğursuzluq kimi qəbul edir və başqalarının razılığını qazanmağa həddindən artıq ehtiyac duyurlar. Çünki uşaqlıqdan aldıqları mesaj eyni olub: "Səhv etsən, qəbul edilməyəcəksən."
Bəzən isə bunun tam əksi baş verir. Uşaqlıqda daim təzyiq görən bəzi insanlar böyüdükdən sonra aqressiv davranmağa başlayırlar. Onlar problemləri sakit danışıqla deyil, sərt reaksiya ilə həll etməyə çalışırlar. Çünki başqa ünsiyyət modelini heç vaxt görməyiblər. Beləcə, bir zamanlar onları incidən davranışlar fərqinə varmadan onların öz davranışına çevrilir.
Qorxu üzərində qurulan münasibətlər etibar yaratmır. Etibar olmayan yerdə isə səmimiyyət uzunömürlü olmur. İnsan özünü olduğu kimi göstərməkdən çəkinir, hisslərini gizlədir və zamanla daxilində görünməz bir tənhalıq formalaşır.
Məhz buna görə valideyn hər sözünün və hər davranışının yalnız bugünkü təsirini deyil, illər sonrakı nəticəsini də düşünməlidir. Çünki uşağın gələcəkdə quracağı ailənin, dostluqların və hətta övladına göstərəcəyi münasibətin ilk nümunəsi bugünkü ailəsində formalaşır.
Güvən mühitində böyüyən uşaqların sosial və emosional üstünlükləri
Sevgi və güvən mühitində böyüyən uşaq həyata fərqli baxışla qədəm qoyur. O bilir ki, çətinliklə üzləşəndə tək deyil. Arxasında onu dinləyən, anlayan və dəstəkləyən ailəsi var. Bu hiss insanın emosional dayanıqlığını gücləndirən ən mühüm amillərdən biridir.
Belə uşaqlar öz fikirlərini daha rahat ifadə edirlər. Onlar sual verməkdən utanmırlar, bilmədiklərini etiraf etməkdən çəkinmirlər və yeni biliklər öyrənməyə daha açıq olurlar. Çünki səhv etməyin alçaldılmaq deyil, öyrənmək üçün bir fürsət olduğunu uşaqlıqdan görüblər.
Güvən mühiti empatiya hissini də inkişaf etdirir. Özü dinlənilən uşaq başqasını dinləməyi öyrənir. Özü hörmət görən uşaq başqalarına hörmət etməyin dəyərini anlayır. Özü bağışlanılan uşaq isə bağışlamağın zəiflik deyil, böyüklük olduğunu dərk edir.
Belə insanlar dostluq münasibətlərində daha səmimi olur, ailə qurduqda problemləri dialoq yolu ilə həll etməyə çalışır, övlad böyütdükdə isə uşaqlıqda gördükləri sevgini növbəti nəslə ötürürlər. Bununla da sağlam ailə modeli nəsildən-nəslə davam edir.
Əlbəttə, sevgi ilə böyüyən uşaqların həyatı da çətinliksiz olmur. Onlar da uğursuzluq yaşayır, xəyal qırıqlığına uğrayır və bəzən yanlış qərarlar verirlər. Lakin fərq ondadır ki, onlar bu çətinliklər qarşısında özlərini tənha hiss etmirlər. Daxillərində formalaşmış güvən hissi onları yenidən ayağa qalxmağa kömək edir.
Valideyn övladına verə biləcəyi ən qiymətli miras bahalı əşyalar və ya böyük sərvət deyil. Ən böyük miras onun özünə inanması, insanlara etibar etməsi və həyatı sevə bilməsidir. Bu dəyərlər isə yalnız sevgi, anlayış və qarşılıqlı hörmət üzərində qurulan ailədə formalaşır.
Tərbiyədə sərtlik və qətiyyət eyni anlayış deyil
Valideynlik haqqında danışarkən ən çox qarışdırılan anlayışlardan biri sərtliklə qətiyyət arasındakı fərqdir. Bir çox insan hesab edir ki, qətiyyətli valideyn mütləq sərt olmalıdır. Halbuki bu iki anlayış mahiyyət etibarilə bir-birindən tamamilə fərqlənir.
Sərtlik çox vaxt emosiyaların təsiri altında verilən reaksiyadır. Bu zaman səs tonu yüksəlir, cəzalar artır, uşağın fikrini bildirməsinə imkan verilmir. Məqsəd problemi həll etməkdən daha çox, davranışı dərhal dayandırmaq olur. Belə yanaşma qısa müddətdə nəticə versə də, uzunmüddətli perspektivdə münasibətlərə zərər vurur. Uşaq valideyninə hörmət etdiyi üçün deyil, ondan çəkindiyi üçün itaət edir.
Qətiyyət isə sakitlik, ardıcıllıq və məsuliyyət üzərində qurulur. Qətiyyətli valideyn ailədə müəyyən olunmuş qaydaları dəyişən əhvalına görə yox, prinsiplərinə əsasən tətbiq edir. O, "yox" dedikdə bunun səbəbini izah edir, "bəli" dedikdə isə verdiyi sözün arxasında dayanır. Belə münasibət uşaqda həm təhlükəsizlik hissi yaradır, həm də ədalət anlayışını formalaşdırır.
Uşaqlar üçün ən çətin vəziyyət qaydaların tez-tez dəyişdiyi ailə mühitidir. Bu gün qadağan edilən davranış sabah icazəli olursa, yaxud eyni hərəkət bir gün cəzalandırılır, başqa gün görməzlikdən gəlinirsə, uşaq hansı davranışın doğru olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Ardıcıllıq tərbiyənin görünməyən dayaqlarından biridir.
Qətiyyət uşağın fikrini dinləməyə mane olmur. Əksinə, sağlam ailədə valideyn övladının etirazını dinləyir, lakin son qərarı məsuliyyət hissi ilə verir. Uşaq da zamanla anlayır ki, hər istəyi qəbul olunmasa belə, onun fikri dəyərləndirilir. Bu hiss ailədə qarşılıqlı hörmətin formalaşmasına xidmət edir.
Valideyn öz nümunəsi ilə də tərbiyə edir. Əgər o, sakit danışmağı, səbirlə dinləməyi və çətin vəziyyətlərdə özünü idarə etməyi bacarırsa, uşaq da həmin davranış modelini mənimsəyir. Tərbiyənin ən güclü vasitəsi deyilən sözlərdən çox, göstərilən nümunədir.
Hər bir uşaq dünyaya sonsuz öyrənmək həvəsi və sevgi ehtiyacı ilə gəlir. O, həyatın ilk dərslərini ailəsində alır. Hansı sözlərin dəyər verdiyini, hansı baxışların incitdiyini, hansı münasibətin insana güc verdiyini ilk dəfə valideynindən öyrənir. Buna görə də ailədə yaşanan hər an, deyilən hər cümlə və göstərilən hər münasibət uşağın şəxsiyyətinin bir hissəsinə çevrilir.
Sevgi ilə böyüyən uşaq mükəmməl insan olmur. O da səhv edir, bəzən uğursuzluq yaşayır, bəzən də çətin seçimlər qarşısında qalır. Lakin onun fərqi ondadır ki, daxilində sınmayan bir dayaq olur. O bilir ki, dəyəri yalnız uğurları ilə ölçülmür. Bu inam ona yenidən başlamaq, mübarizə aparmaq və həyata ümidlə baxmaq gücü verir.
Qorxu ilə böyüyən uşaq isə çox vaxt sakit görünür. Lakin bu sakitliyin arxasında danışılmayan narahatlıqlar, ifadə olunmayan hisslər və qəbul edilməmək qorxusu gizlənə bilər. Valideyn üçün əsas məqsəd itaətkar uşaq deyil, düşünən, məsuliyyətli, mərhəmətli və vicdanlı insan yetişdirmək olmalıdır. Belə bir şəxsiyyət isə yalnız sevgi, etibar və qarşılıqlı hörmət mühitində formalaşır.
Valideynlik hazır reseptlər toplusu deyil. Hər uşaq fərqlidir, hər ailənin öz xüsusiyyətləri var. Lakin bütün ailələr üçün dəyişməyən bir həqiqət mövcuddur: uşaqlar deyilən sözlərdən daha çox gördükləri münasibəti yadda saxlayırlar. Onlar valideynlərinin öyrətdiklərini bəzən unuda bilərlər, amma onlara necə hiss etdirdiklərini illər keçsə də unutmurlar.
Bəlkə də illər sonra övladlarımız bizim aldığımız hədiyyələri, tikdiyimiz evi və ya qazandığımız uğurları xatırlamayacaqlar. Ancaq onlar çətin günlərində əllərindən tutub-tutmadığımızı, səhv etdikdə onları alçaldıb-alçaltmadığımızı, qorxularını dinləyib-dinləmədiyimizi və sevgimizi hansı şərtlərlə göstərdiyimizi mütləq xatırlayacaqlar.
Çünki insanın yaddaşında ən uzun yaşayan xatirələr sözlər deyil, hisslərdir. Valideynin övladına verə biləcəyi ən böyük hədiyyə isə məhz budur: "Nə olursa-olsun, mən səni anlayacaq, dinləyəcək və yanında olacağam." Bu hisslə böyüyən uşaq yalnız xoşbəxt fərd olmur; o, gələcəkdə sevgini, mərhəməti və hörməti başqalarına da ötürən bir insan kimi cəmiyyətin sağlam gələcəyini formalaşdırır.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Onu şeirə yanında diz çöküb ağladığı bənövşələr, bir də Ay işığı gətirib
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Mənbənövşə vurğunuidim. Bənövşələryanındaağlayardım. Niyə ağlayardım, özümdə bilmirəm. Yaydayaylaqlaragedərək çayqırağındaköç salardım, ocaq çatardıqvə mənoocaqişığında çayabaxardım. Görərdim ki, dalğalar bir-birini qova-qova gedirlər, Ay da sularda üzür. Bu mənzərə ürəyimi titrədərdi. Məni şeirə, bax, o yanında diz çöküb ağladığım bənövşələr, bir də Ay işığı gətirib".
Belə deyirdi Məstan Günər.
Şənbə günü Azərbaycan Dövlət mükafatı laureatı Məstan Günərin doğum günüydü, anadan olmasının 91 illiyi idi.
Məstan Dəmirçioğlu. Məstan Əsrikli. Məstan Məsum. Məsum Əliyev. Məstan. Məstan Günər.
Bu imzalar əlli ildən artıq poeziya yolçusu olan bir şairin tanıtmaları idi. Amma hansı imzaynan çıxış etməyinə baxmayaraq bir şeirindən, hətta bir misrasından bilinirdi ki, bu şeir Məstanındır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Günər 1935-ci il iyulun 25-də ərazicə kiçik olsa da ölkənin mədəniyyət xəritəsində əsaslı yer tutan Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunub. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlayıb.
Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunub. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilib.
Əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, redaktor, şöbə müdiri, baş redaktor olub. Sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Gənclik" nəşriyyatında böyük redaktor, baş redaktor müavini vəzifələrində işləyib. Bir müddət Azərinformun müxbiri olub.
O,Tovuz rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsində də çalışıb. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvüdür. Jurnalistik fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
.
Səndən ötrü qəribsədim,
asaçları yovşananam.
Yaş ötdü, yaşınhökmünə
öyrəşən, uyuşananam.
Yeritaxıllı, tənəkli,
zərnaxışlı, güldöşəkli,
göyü göyərçinbəzəkli
çöllərə yaraşananam.
Sellərilə süpürləşən,
çətingünlərdə kürləşən,
göyçəkəlikömürləşən,
birçəyiqarlaşananam.
Fikirliyatsagecələr -
yuxusunuqatsaməgər,
gördüyünü səhər-səhər
sularadanışananam.
Tanınmış tənqidçiVaqifYusifliyazır:
“Məstan şeirə elə çöllərdən, kənddən-kəsəkdən, eldən-elatdan, anaların - ağbirçəklərin, ataların - ağsaqqallarınmehrindən, aşıqlarınsazındadillənənhavalardan, bulaqlarınzümzüməsindən, bənövşələrinyazqoxusundangəlmişdi.
Şeirinsanhisslərininpoetikifadəsidirvə bu şeirdə poeziyanınbütünkomponentləri özəksinitapmışdır. Birincisi; təsvir olunan Ana obrazına diqqət yetirək. Son dərəcə milli və koloritlidir. Ona yaraşdırılan təşbehlər çox dəqiq seçilmişdir: ana saçlarından yovşan iyi gəlir. Yovşan elə bir bitkidir ki, çöllərdə bitir. Qəribə, gözəl qoxusu var.
O qoxunu ancaq çöldə, kənddə-kəsəkdə yaşayanlar duya bilər. Saçın yovşana bənzədilməsi oğul həsrətinin bir ifadəsi deyilmi? Kənddən ayrılıb şəhərdə yaşayanlar həmişə çölü, çəməni xatırlamışlar. Çöl genişlikdir və təbiətin gözəlliklərini özündə əks etdirir. Ananın çöllərə təşbeh edilməsi də maraqlı tapıntıdır. "Birçəyi qarlaşan ana" - orijinal səslənir. Şeirdə Ana mənəvi planda da görümlüdür:
Nə inciyən, nə kin bilən;
ürəyini tez-tez silən,
ağladığı dəmdə gülən,
küsüb, tez barışan anam.
Yola çıxar köç görəndə,
uçmaq istər quş görəndə,
qollarını boş görəndə,
hərdən qubarlaşan anam.”
Məstan Günər həm də tanınmış bir uşaq şairi idi. Bu sahədə də uğurları az deyildi və Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdü. Heyif ki, bugünkü ibtidai sinif dərsliklərində onun şeirlərinə rast gəlmirik.
Kitabları
1. Qartal
2. İlk görüş
3. Çəmən qızı
4. Nərgizim
5. Addımlar, addımlar
6. Nəğməli qovaq
7. Obalardan əsən yellər
8. Çalğıçı quşlar
9. Bir könüldən min könülə
10. Günərli şeirlər
11. Mən bir durna qatarında
12. Qoşmalar
O, 2010-cu ildə vəfat edib. Azərbaycan televiziyası tərəfindən Məstan Günərin həyat və yaradıcılığından bəhs edən Aylı vadinin şairi qısametrajlı sənədli televiziya filmi istehsal edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)


