Super User

Super User

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Deyir ki:- “Artıq 30 ilə yaxındır çoxəsrlik tarixə malik özbək ədəbiyyatı problemlərinin tədqiqi ilə məşğulam. Araşdırmalarımın nəticəsi olaraq özbək ədəbiyyatının qədimliyini və qədim olduğu qədər də zənginliyini, bu ədəbiyyatın nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın və Orta Şərqdə böyük ədəbi-mənəvi hadisə tipində təsdiq və qəbulunu müşahidə etmişəm. Xüsusi olaraq 50 min misralıq türkcə 4 divan, 10 min misralıq farsca 1 divan, 25620 beytlik türkcə “Xəmsə”, 20 elmi-fəlsəfi əsər müəllifi kimi tanınan Əlişir Nəvai yaradıcılığını özündən sonrakı 500 illik bir dövrdə müxtəlif ədəbi mərhələlərin formalaşma və inkişafı üçün əhəmiyyətli ədəbiyyat və mənəviyyat hadisəsi hesab edirəm. Lakin bütün bunların fonunda çoxəsrlik tarixə malik Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin mövcudluğu problemlərinə xüsusi diqqət ayıraraq, bu istiqamətdə müəyyən araşdırmalar aparmışam. Nəvainin “Xəmsə”yə daxil etdiyi poemalarında Nizamiyə, Marağalı Əşrəfə, “Məcalisin-nəfais” təzkirəsində Şah Qasım Ənvara olan münasibətindən tutmuş müasir mərhələdə Zülfiyyənin Səməd Vurğuna olan dərin ehtiramına qədərki 500 illik zaman aralığında özbək mənəviyyatında Azərbaycan ruhuna olan hörmət və sevgini izləyə bildim. Təbii ki, bu cür əlaqə və yaxınlıq digər türk xalqları arasında da mövcuddur. Çünki kökü eyni olan türk xalqları müxtəlif ərazi, region, hətta mühitdə yaşasalar belə, onlar eyni ruhi və mənəvi dəyərlərdən, eyni bədii təfəkkür və düşüncədən heç vaxt uzaq olmayıblar...”

 

Ünsiyyətdə nəzakətli və mədəni davranışa önəm verir. Ani dəyişikliklərdən xoşu gəlmir, təsadüflərdən uzaq durmağı üstün tutur. Rahat və mehriban xarakteri onu bir dost kimi dəyərli edir. Planlı və düşüncəli şəkildə hərəkət etməyi xoşlayır. İntuisiyasına çox güvənir və başqalarının görə bilmədiklərini tez hiss edir. Dostluqda dərin emosional bağlılıq axtarır. O, azadlıq aşiqidir və məhdudlaşdırılarkən çox narahat olur. Nəinki öz problemlərini, həm də ətraf mühitin haqsızlıqlarını açıq şəkildə görür və bunlara qarşı mübarizə aparmaqdan çəkinmir. İnsanları sevən, lakin çoxluqdan uzaq olmağa çalışan bir insandır. Həyatında sülh və ədalət axtaran, buna görə daim çalışqan və məqsədyönlü şəxsdir. Onun həyatında yalnız ağıllı və bacarıqlı insanlar yer alır, çünki o, özü kimi zəkalı şəxslərlə ünsiyyət qurmağa üstünlük verir. Yalanı sevmir və həmişə də doğru danışmağa çalışır...

 

“1991-ci ildə Azərbaycan və Özbəkistanda milli müstəqilliyin bərpası iki qardaş xalqın bütün sferalarda olduğu kimi, ədəbi mühitdə də əlaqələrinin genişlənməsinə təkan verdi. Min illər boyu eyni bədii zövqün, eyni mənəviyyatın yolçuları olan Azərbaycan və özbək yazarları hər iki xalqın ruhi-mənəvi birliyinin möhkəmlənməsi naminə işlər gördülər. Xüsusi olaraq, 1988-ci ildən sonra Azərbaycanın üzləşdiyi Qarabağ problemləri zamanı yurd-torpaq itkilərimizə, didərginlik fəryadımıza, bir milyonluq qaçqın-köçkün harayımıza və s. məsələlərə münasibətdə bir çox özbək yazarının içdən gələn duyğularını qardaş təəssübkeşliyinin ən bariz göstəricisi hesab etmək olar. Bu prosesin davamlı olması 30 illik Qarabağ haraylarımızın özbək ədəbiyyatında bu və ya digər dərəcədə yer alması üçün mühüm rol oynayıb. Türk milli təəssübkeşliyi və qardaşlıq münasibətlərinin nəticəsi olaraq özbək yazarları bədii yanaşmada Azərbaycanın 30 il müddətində üzləşdiyi faicələri kədər, dərd hissi ilə, 44 günlük müharibə uğurlarımızı, qələbə zəfərimizi isə böyük sevinc duyğusu ilə ifadə etdilər. Azərbaycanın dərdini dərd, sevincini sevinc kimi yaşayan özbək şairləri öz poetik mühakimələri ilə üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ biliblər.”- söyləyir.

 

Haqqında söhbət açdığım Elman Quliyev 1958-ci ildə Lerik rayonu, Zuvand mahalının Kələxan kəndində anadan olub. 1991-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetdə işləyir. 2004-cü ildə “M. Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)” mövzusunda doktorluq disertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk odası” və “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəridir. Xidmətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutu və AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnsitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür...

 

 ADPU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Himalay Qasımov onu belə xarakterizə edir: “Təkcə Azərbaycanda yox, türk dünyasında tanınan, seçilən alim yazdığı əsərləri, kitabları və sonsuz sayda məqalələri, ümumtürk ədəbiyyatşünaslıq elminin inkişafı üçün gördüyü işlərlə elmi-ədəbi mühitin sevgisini, sayğısını qazanıb. Elman müəllim mənə Azərbaycan Dövlət Pedaqoji Universitetində həm bakalavr, həm də magistr pillələrində dərs deyib. Onun qədim dövrdən müasir zamana kimi türk xalqları ədəbiyyatını müqayisəli şəkildə öyrətməsi, dərsi bütün ruhu  ilə keçməsi, düşündüklərini tələbəyə çatdırmaqdan ötrü sözünü əsirgəməməsi heç yadımdan çıxmır. Bu mənada müəllimim haqqında hər şeydən əvvəl onu deməliyəm ki, o, qətiyyən qısqanc deyil, özündən sonrakı nəsilə də, həmkarlarına qarşı da səxavətlidir. Bildiklərini öyrətməyə, bölüşməyə, əlindən gələn köməyi etməyə hər an hazırdır və elmə yeni-yeni gələn bir çox gənclər məhz bundan, Elman müəllimin səxavətindən pay götürüblər. Rəhbəri olduğu "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzində gördüyü səmərəli işlərlə, təşkil etdiyi tədbirlər və konfranslarla Elman müəllim bir çox gənclərin yetişməsinə, elm yoluna qədəm qoymasına səbəb olub.”

 

Professor Elman Quliyev bir çox elmi tədqiqat əsərlərinin müəllifidir. Onun indiyə qədər “Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri”, “Seyid Məhəmmədhüseyn Şəhriyar”, “Müasir özbək ədəbiyyatı tarixi”, ““Heydərbabaya salam” necə varsa”, “Türkiyə türk ədəbiyyatı”, “Şəhriyar poeziyası və milli təkamül”, “Şəhriyar poetikası”, “Özbək ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri”, “Orta əsrlər türk xalqları ədəbiyyatı”, “Şərq xalqları ədəbiyyatı” 2 cilddə, “Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatı” və başqa kitabları işıq üzü görüb. Hətta kitablarının bir qismi xaricdə də nəşr olunub. Bu sırada “Türk halkları edebiyatı” (Almaniya, 2019) və “Abay Kunanbayev” (Ankara, 2020) adlı araşdırması xüsusi yer tutur...

 

Akademik İsa Həbibbəyli "Ədəbiyyatşünaslıq elmində bəlli bir sima" adlı məqaləsində yazır: "Elman Quliyev yeni epoxanın geniş dünyagörüşüna malik, ciddi araşdırmaların və ümumiləşdirmələrin müəllifi olan yüksək hazırlıqlı, peşəkar türk ədəbiyyatı mütəxəssisi kimi diqqəti cəlb edir. Elman Quliyevi Azərbaycan elmində yeni dövrün ədəbiyyat ağırlıqlı türkologiyasının yaradıcılarından biri hesab etmək olar. Professor Elman Quliyevin Azərbaycan ədəbiyyatına dair tədqiqatları da həm ölkə ədəbiyyatşünaslığında, həm də ümumtürkoloji ədəbiyyatşünaslıq mühitində xüsusi çəkiyə malikdir".

 

Göründüyü kimi professor Elman Quliyevin ədəbiyyatşünaslıq sahəsindəki araşdırmaları daha çox Azərbaycan ədəbiyyatının çağdaş mərhələsini əhatə edir. Xüsusilə, Cənubi Azərbaycanda yaranan ədəbi prosesin bəzi görkəmli şəxsiyyətlərinin yaradıcılığının öyrənilməsi bu baxımdan diqqəti çəkir. Lakin onun yaradıcılığının əsas xəttini Türk dünyası ədəbiyyatının öyrənilməsi təşkil edir. Ən qədim dövrlərdən tutmuş çağdaş dönəmədək ayrı-ayrı Türk xalqlarının ədəbiyyatının keçib gəldiyi yolun elmi-nəzəri mənzərəsinin yaradılması, görkəmli şəxsiyyətlərinin tanıdılması onun araşdırmalarının əsasında dayanır...

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

 

 

 

Cümə axşamı, 30 İyul 2026 14:02

“Biri ikisində” maraqlı bir mövzu ilə

“Ədəbiyyatvə incəsənət” portalı ilə “Ulduz” jurnalınınBiriikisində layihəsində bugünsizlərə Mobil Aslanlı Huntürkün H.Zərdabi yaradıcılığı barəsində qeydləritəqdimediləcək.

Layihə əngözələdəbinümunələrintəbliğinə hesablanıb.

                                             

 

Mobil ASLANLI HUNTÜRK

 

H.B.ZƏRBADİ YARADICILIĞINDA

SAĞLAM YAŞAM TƏRZİ PROBLEMİ

 

XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri Azərbaycana əvəzsiz xidmətləri olan bir çox dünya şöhrətli tarixi şəxsiyyətlər bəxş etmişdir. Belə şəxsiyyətlər sırasında görkəmli materialist təbiətşünas, böyük darvinist alim, maarifçi-demokrat, publisist və pedaqoq H.Zərdabinin (Məlikovun) xüsusi yeri vardır. H.Zərdabinin zəngin irsini H.Hüseynov, M.Qasımov, Z.Göyüşov, C.Cəfərov, Ə.Mirəhmədov, M.Rəfili, A.Sumbatzadə, H.Fərzəlibəyli, A.Zamanov, S.Hü­seynov, R.Mahmudov, M.Axundov, R.Məmmədov, İ.Rüstəmov və başqaları tədqiq etmişlər. Onun pedaqoji görüşlərini geniş tədqiq etmiş prof. Ə.Y.Seyidov fiziki tərbiyə haqqında fikirlərinə də müəyyən yer vermişdir.

H.Zərdabi “Əkinçi” qəzetinin hər bir nömrəsində, ayrı-ayrı məqalələrində, əsərlərində fiziki tərbiyənin gənc və yaşlı nəslin sağlamlığına müsbət təsiri barədə geniş yer vermişdir. O, “Əkinçi” qəzetinin 20 oktyabr 1875-ci il nömrəsində yazırdı ki, təmiz hava insan üçün zəruridir. Pis hava insanı fövtə verir. Elm çoxdan aşkar edib ki, insana düçar olan naxoşluqların çoxu havanın pis olmasındadır. Su bir yerdə qalanda xarab olur, iylənir və onun iyi havaya qarışaraq onu xarab edir. Naxoşluq haqqında nala çəkməkdənsə, sağlamlığın qayğısına qalmaq vacibdir. Sağlamlığı qorumaq haqqında “Əkinçi”nin hər nömrəsində qısa məsləhətlər verən H.Zərdabi, sonralar fiziki tərbiyə və sağlamlıq haqqında fikirlərini ümumiləşdirərək xalqına kömək etmək məqsədilə “Bədəni salamat saxlamaq düstü­rül­məlidir” və “Gigiyena” adlı əsər yazmışdır. O, əsərin müqəddiməsində belə yazırdı: “Bədəni salamat saxlamaq elmi” (“Gigiyena”-M.A.) 20-30 il bundan əq­dəm bina olubdur… Avropa əhli bədəni salamat saxlamaq şərtlərini xalqa məlum etməkdən ötrü kitabçalar yazıb, hər bir şərti vazeh sözləri ilə çap etdirib ki, hər kəs öz bədənini yaxşı saxlamağı öyrənib qeyriləri naxoşluğa salmasın. Belə kitabçanın birisini öz dilimizdə yazıb, çap etdirib paylatmağı lazım bildim”. Təəssüflə qeyd etməliyəm ki, həmin əsər H.Zərdabinin sağlığında deyil, ölümündən 7 il sonra, yəni 1914-cü ildə Kiyevdə bir qrup müsəlman tələbələrinin təşəbbüsü ilə nəşr edilmişdir. H.Zərdabi əsəri belə başlayır: “Hər bir kəs xoşbəxt olmaq istəyirsə, həmişə gərək salamat olmağa çalışsın. Çünki xoşbəxtlik mal-dövlət ilə deyil, ciyərə mal-dövlətdən nə olacaq?! Nə qədər ki insan cavandır, salamat bədənin qədrini bilməyib fikir edər ki, gecələr yuxusuz qalmaq, şərab keyfilə gününü keçirmək, artıq yemək, yavalıq etmək həmişə tənbehsiz qalacaq və ya bizim həkimlər hər bir üzvünün təzədən qayıracaqlar: amma bunu yaddan çıxarır ki, bədənin üzvlərinin birisi xarab olandan sonra yüz həkim gəlsə, min dua etsə, onu təzələmək mümkün deyil: sınıq qabı müşəmmələməklə təzələmək olmaz. Pas, cavanlıqda gərək bədən yaxşı saxlanılsın ki, qocalıqda odan nəfbərdar olmaq olsun. Ona binaən bu kitabçanı oxuyan qardaşlarımızdan iltimas edirik ki, hər bir mətləbi diqqətlə oxuyub ona əməl eləsinlər, … həkim və davaya ehtiyacları olması və əgər olsa da onların dərdinə əlac etmək mümkün olsun”.

“Gigiyena” əsərində alim insanın yaşadığı mənzilin gigiyenasından tutmuş, onun qidalanması, geyimi, işləməsi, istirahəti və s. kimi məsələlərin gigiyenasından söhbət açaraq onun hər bir fəslində olduqca ibrətamiz və bu gün qiymətli bir aforizm kimi qəbul olunan dəyərləri fikirlər söyləyir: “Dünyada bədənin salamətliyində artıq dövlət yoxdur”, “Havanın pak olması – həyat, xarab olması – ölümdür”, “Xörək yeməkdən mürad bədəni təmizləməkdir”, “Zəhmət bədən üçün lazımdır”, “Paltarı vaxtında dəyişdirməmək, ac qalmaqdan yamandır” və s.

H.Zərdabi sağlamlığın gözlənilməsinə təsir edən amillər sırasına ev, havanı, suyu, xörəyi, bədəni saxlamağı, paltarı, yuxu və yatacağı daxil edir və onların ara­sındakı qarşılışlı əlaqələri sistemlə, elmi əsaslarla, maraqlı həyati misallarla təhlil edir. O, sağlamlığın gözlənilməsinə yalnız bioloji, pedaqoji-tibbi problem kimi deyil, sosial problem kimi baxır. Onun fikrincə, sağlamlığın qorunması cəmiyyətin, ailənin, bəşəriyyətin qorunmasıdır, mühafizəsidir.

Sağlamlığın gözlənilməsində ev şəraitinin mühüm amil olduğunu qeyd edən Zərdabiyə görə, ev pis olanda insan naxoş olur. Bu məsələdə o kəndlə şəhəri bir-birindən ayırır, fəhlələrin yaşadığı evləri “ölüxana”adlandırır. Yaxşı ev deyərkən o, evin geniş, işıqlı olmasını, hündür yerdə tikilməsini, qapı və pəncərələrinin qibləyə tərəf olmasını nəzərdə tuturdu. Zərdabiyə görə, üzü şimala və gün doğana tərəf olan evlərdə naxoşluq olar. O, məşhur alman məsəlini yada salır: “Hansı evə işıq gəlmirsə, oraya gərək təbib gəlsin”.

H.Zərdabi evin havasının tez-tez dəyişməsini zəruri sayır və deyirdi ki, havası dəyişdirilməyən evdə orqanizm gündən-günə zəifləyir, tədricən gücünü itirir, nəticədə asanlıqla xəstəliyə düçar ola bilir: “Havasız zindəganlıq və nöşvünəmə yoxdur. İnsan dünyaya gələndə ağzını açıb, bağırıb nəfəsini alan zamandan axırıncı “ah” çəkib canı çıxınca hava ona nəfəs almaq üçün lazımdır. Hava gərək pak olsun: onun pak olması – həyat, xarab olması – ölümdür”. Xarab olmuş hava ilə nəfəs almaq qeyri tövr zəhərlənməkdən pisdir. Ev işıqlı olmalıdır. Evin işıqlı olması orada işləməyi asanlaşdırmaqla yanaşı, havanı da təmiz etməyə şərait yaradır. Zərdabi günəş işığından sonra (təbii işıqdan) elektrik işığına üstünlük verir. Çünki onu işığı çoxdur, gün işığı kimidir, havanı xarab etməyir. Lakin, təəssüf ki, bundan ən çox dövlətlilər istifadə edirlər. Əlbəttə, 20-30 ildən sonra elektrik artacaq və ondan kasıblar da istifadə edəcəklər. Onda onların da həyatı yüngül olacaqdır.

Məşhur alim sağlamlığın qorunmasında yaşıllığın olmasını, yaşıllıqları çox olan yerlərə gəzintilərə çıxmağı, səyahətlərə getməyi zəruri sayaraq qeyd edirdi ki, hər kəs belə səyahətlərə çox getsə, onun bədəni artıq salamat olur. Belə səyahətlər və gəzintilər adamları “bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilguşə olmağı” ilə tanış edir. “… meşə yağan yerə yağış ziyadə yağmaqdan danışdıq. Əlbəttə, yağış artıq yağdıqca o yerin abü-havası təğyir tapıb, insanın bədəninə artıq nəf” edir. Pəs yağışın ziyadə yağmasının həm əkin və ziraətə, həm insanın bədəninə nəfi varmış. Ona binaən hər yerdə meşə salmaq vacib imiş”.

H.B.Zərdabi vətənimiz Azərbaycanı, onun şəhər və kəndlərini, o cümlədən “küləklər və qumlar şəhəri” Bakını başdan-başa meşələrlə, bağlarla, yaşıllıqlarla örtülmüş bir gülüstana çevirməyi, bərəkətli torpağını daha da münbitləşdirməyi, yollarını abadlaşdırmağı, şəhər və kəndlərini sağlamlıq ocaqlarına çevirməyi qızğın arzu etmiş və on illər ərzində bu uğurda əməli mübarizə aparmışdır”.

Dövrünün həm də çox dəyərli fizioloqlarından olan H.Zərdabi fiziki tərbiyə­də, sağlamlığın qorunmasında suyun, xörəklərin təmizliyi və keyfiyyətinin, tərkibinin qidalılığının adamın yaşından, fiziki və zehni əmək sahəsində işləmələrindən asılı yeməyin normasına verilən tələbin, insanın yaşadığı yerin, onun ab-havasının əməyə olan təsirlərinin rolunu, orqanizm üçün yağın, piyin, zülalın, nişastanın, vitaminlərin, duzun və s. əhəmiyyətini elmi və pedaqoji baxımdan düz­gün şərh etmişdir. “Xörək” bəhsində alim göstərir ki, “xörək yeməkdən murad bədəni təmizləməkdir”.

Əsərin bu bəhsində alim yazır ki, doğrudur, su xörək deyil… amma xörək həzm almaqdan… əriyib bağırsaqlardan keçib bədənə daxil olmaqdan ötrü su lazımdır. Müəllif sonra suyun tərkibi, müxtəlifliyi barədə məlumat verir. H.Zər­dabi sağlamlığın qorunmasında dişlərin rolunu xüsusi qeyd edir: “Dişsizin xörəyi həzm olmaz, hər kəs cavanlıqda dişinin qədrini bilməsə, qocalıqda ondan kef görməz. Dişi hər xörək yeyəndən sonra təmizləyib yumaq gərək, sabun ilə yumaq dəxi əfzəldir”.

Bir çox xörəyin, ən çox göyərtinin mədədə çətin həzm edildiyini nəzərə alaraq H.Zərdabi belə növ yeməkləri möhkəm bişirməyi, onu qəbul etdikdə çox çeynəməyi məsləhət görür. O, fiziki əməklə məşğul olan adamların yeməyi artırmağı, daha keyfiyyətli olmasını lazım bilirdi. Onun fikrincə, əməklə məşğul olanlara azotlu xörək çox, zehni əməklə məşğul olanlara isə az verilməlidir. Zərdabi yemək rejiminə xüsusi əhəmiyyət verirdi. O, yaş xüsusiyyələrinə uyğun olaraq xörəyin özünməxsus əlamətlərini ayrıca qeyd edir, uşaqlar, qocalar üçün ayrıca xörəyin hazırlanmasını zəruri hesab edirdi.

H.Zərdabi uşaq yeməyinin onun yaşına uyğun olmasını, bu işdə ana südünün əhəmiyyətini düzgün izah etmişdir. O, klassik pedaqoqların fikirləri ilə həmahəng olan bir məsələni – uşağın bir il ana südü ilə qidalanmasını, anasının südü olmasa, qeyri süd içməsini, qeyri-məqbul hesab edirdi.

Zərdabi məktəblərimizdə birtərəfli (əqli) tərbiyənin zərərlərindən, uşaqların onurğasının əyilməsindən, ürəklərinin, ciyərlərinin əzələlərinin vaxtında tərbiyə edilməməsi nəticəsində zəifləməsindən, gözlərinin qüvvədən düşməsindən söhbət açır. Zərdabi məktəblərdə xüsusi həkim olmasını və onun öhdəsinə uşaqların fiziki inkişafına nəzarət etməyi, pedaqoji şurada müəllimlərlə bərabər hüquqa malik olmaları haqqında məsləhətlər verir. Bunları nəzərə almaqla Zərdabi məktəblərdə yaşla əlaqədar olaraq hər dərsin müddəti və gündə neçə dərs qoyulması haqqında reforma tələb edir.

Məşhur pedaqoq “Amerikada zehni inkişaf ilə əl əməyini birləşdirən yeni məktəb sistemi” başlığı altında yazdığı məqalədə pedaqoq L.E.Obolenskinin zehni inkişafla əl əməyinin birləşməsi barədə etdiyi məruzənin məzmunu ilə oxucularını tanış edir. Məruzəçi öz uşaqlarını məktəbdə birtərəfli inkişafından təşvişə düşən valideynlərin velosiped almaq, müxtəlif idman növlərilə məşğul etdirmək təşəbbüslərinin mənfi cəhətlərinə nəzəri-diqqətini cəlb edir. Uşaqlar həddən artıq idman və fiziki işlə məşğul olub zehni əməyə fikir vermirlər. Məruzəçi Amerika alimi Hendersonun təkliflərinin bir sıra müsbət cəhətlərində qeyd edir.

Zərdabi Obolenskinin məruzəsini əsas hissələrindən danışdıqdan sonra ona yekun vurur: “Məruzəçinin çıxardığı nəticələr bunlardan ibarətdir: 1) Şagirdlərin ancaq əqlini tərbiyə və inkişaf etdirən məktəb, bütöv adam hazırlaşır, onu eybəcərləşdirir; 2) Bizdə tətbiq edilən və ancaq kitabları və çertyojları öyrədən təlim sistemi şagirdlərə təbiət haqqında həqiqi bilik verə bilməz; 3) Mücərrəd kitab bilikləri, iradə, müstəqillik, yaradıcılıq, ümumiyyətlə, insanda iş qabiliyyətini inkişaf etdirə bilməz; 5) Buna görə də başqa fənlərlə bir sırada əl əməyinə ibtidai məktəblərdən başlayıb ali məktəblərə qədər davam etdirməlidir; 6) Əl əməyi tədrisi ilə elmlərin tədrisi elə paralel getməlidir ki, biri digərini tamamlasın; 7) Tədris əqli, fiziki iradəni, xarakteri, müstəqilliyi elə inkişaf etdirməlidir ki, insanı cəmiyyətə faydalı olan müxtəlif fəaliyyət qabiliyyətinə hazırlaya bilsin; 8) Bu nöqteyi-nəzərdən bizim ibtidai və orta təhsili yenidən qurmaq arzu edilir”.

H.Zərdabi bədəni saxlamaq üçün zəruri olan gigiyenik qaydaları da geniş şərh etmişdir. Onun fikrincə, insan üçü piyadə gəzmək vacibdir. Zəmanəmiz qəm-qüssə zəmanəsi olduğuna görə beyin xəstəliyi şiddət edib və bunun da ümdə səbəbi gəzməyin az olmasıdır. Şəhərlər atdıqca adamlar yaşamaq üçün oralara toplaşır, yeməyi, yuxunu, istirahəti özlərinə haram bilib öz bədəninin fikrinə düşən yoxdur. Gəzmək, seyr etmək, öz bədəninin qayğısına qalmaq heç kəsin yadına düşmür. Əlbəttə, belə olanda insanın zəhmətdən ötrü yaranmış bədəni günü-gündən gücdən düşür və limon kimi saralıb sifətindən dönür, kimini piy basıb insanlıqdan çıxarır. Bunlar görülən xəstəliklərdir, amma nə qədər qeyriləri var kimi muradına yetişə bilməyib onun fikrindən yuxuya həsrətdir, kiminin xörək boğazından ötmür, sarılıqdan qurtarmır. Bu xəstəlikləri hamısının əlacı gəzməkdir. Bədən zəhmət çəkəndə onun hər bir zərrəsi yandığına (işlədiyinə) görə piyi əriyir, iştaha açılır və yediyi xörək həzm olur. Zəhmət, əmək bədən üçün lazımdır. Zərdabi əməklə yanaşı, sağlamlıq və fiziki tərbiyə üçün suda üzməyi (özü də dənizdə), at minməyi və at çapmağı, xüsusilə uşaqlar üçün gimnastikanın, bədənin hərəkətlərinin, idmanın ağırlıq qaldırma növü ilə müntəzəm məşğul olmağı zəruri hesab edirdi.

Xalqımızın böyük vətənpərvər oğlu əsl üləma bir təbib kimi dərini təmiz saxlamağı vacib sayır və deyirdi ki, bunun üçün hər gün çimmək lazımdır. İsti vaxtlarda soyuq suda çimmək silahdır, çünki bədən isti-soyuğa adət edir. Uşağı hər gün çimizdirmək lazımdır. Dəniz suyu ilə çimmək bədəni bərkidir, iştahanı açır, yorğunluğu alır, bir sözlə, bədəni salamat edir. 

H.B.Zərdabi əsərin “Bədəni saxlamaq” adlı bölməsində orqanizmin normal inkişafı, onun funksional imkanlarının yüksəldilməsində bədən mütəhərrikliyini sağlamlıq üçün vacib meyar hesab edir. Onun fikrincə, bədənin süstlüyü, hərəkətsizlik insanı məhvə yuvarlayan, ölümə məhkum edən başlıca səbəblərdəndir. Odur ki, bacardıqca çox gəzmək, ən yaxşı fəal istirahətdir.

Ədibin fikrincə, yorğun, süst bədən fikrə getməz, yuxuya gedər. Zəhmətlə, fiziki əməklə, fiziki təmrinlərlə məşğul olduqda bədənin piyi əriyir, qan dövranı fəallaşır, yediyi xörəklər yaxşı həzm olunur, iştahı açılır və gümrah olur.

H.B.Zərdabi fiziki tərbiyə məşğələlərinin ən geniş yayılmış növlərindən olan piyada gəzinti, atla gəzinti, suda üzmək və s. kimi fəal hərəkətlərə xüsusi diqqət yetirirdi: “Suda üzmək gəzməkdən də yaxşıdır: belədə bədənin hər bir üzvü yaxşı tərpənib hərəkət edər və bədən də yuyulub təmiz olar. At minmək və ayaqla gəzmək kimidir”.

 Böyük təbiətşünas alim fiziki hərəkətlərin vacibliyinə elə böyük əhəmiyyət verərək tövsiyə edirdi ki, hətta oturaq sənədlə məşğul olan dərzi, papaqçı öz məktəb uşaqlarını mütləq zorxanada məşğul olmağa məcbur etsinlər. Bu bir faktdır ki, əsrin əvvəllərində Azərbaycanda zorxanalar geniş intişar etmişdir. Xalqımızın qədim milli məişətinin vacib elementlərindən olan zorxana oyunları ədibin fikrincə, xalqın sağlamlığı üçün mənəvi xəzinələrdəndir. H.B.Zərdabi göstərirdi ki, gündə 1-2 saat atılıb-düşmək adamın əmək qabiliyyətini artırır və o, iş günündən əlavə bir neçə saatı da gümrahlıqla işləyə bilər.

Pedaqoji görüşlərində fiziki tərbiyə və sağlamlıq məsələlərinə xüsusi yer ayıran H.B.Zərdabi uşaq və gənclərin ahəngdar və hərtərəfli inkişafında zorxana oyunlarının, gimnastika alətlərində tapşırıqların, topla oyunların, mütəhərrik oyunların, üzgüçülük və s. kimi bədən tərbiyəsi və idman məşğələlərinin aparılmasının zəruriliyini qeyd edir. Böyük təbiətşünas alimimiz bu işdə sağlam həyat tərzinə diqqət yetirilməsini daha vacib sayır. Onun fikrincə, güclü, çevik və möhkəm bədənli sağlam nəsil yetişdirmək işində təhsil ocaqlarında fiziki məşğələlərin müntəzəm aparılması ilə bərabər, ailə və məktəbin birgə əməli fəaliyyəti sayəsində onların zərərli adətlərə meylinin qarşısının qətiyyətlə alınmasına ciddi səy gös­tərməlidir. Belə ki, o, bu qəbildən olan spirtli içkilərin qəti əleyhinə olmuş, onun insan orqanizminə mənfi təsirini həyati fakt və misallarla şərh etmişdir. O, papiros çəkməyin, nikotin qəbul etməyin, tiryəkin, tünd çay, qəhvə içməyin və bədənin sağlamlığına zərərindən geniş söz açmışdır. Onun fikrincə, tiryək birbəhərdir ki, onun darı boyda olan qədəri adamı öldürür. Tiryək atanın əlləri titrəyir, başı əsir ayaqları yerdə durmur, mədəsi həzm etmir, kişilikdən düşür. O qeyd edir ki, spirtli içkilər dünyada o qədər içilir ki, əgər tək Avropa camaatının bir il içdiyi içkiləri yığıb bir yerə buraxsan, şəksiz, bir dərya əmələ gəlir: “…Tiryək, şərab və bir neçə qeyri şeylər beynə dəyməklik ilə onu tələb edib insanı fövt edirlər… Tiryək atan, bəng yeyən və şərab içən kəslər özlərinə keyf gətirməkdən ötrü gərək günü-gündən onları artıq etsinlər ki, onlardan əvvəlki kimi keyf gəlsin və belə mirur ilə beynə güc etmək, onu gücdən salıb zəifləndirir. Bu səbəblərə o kəski sifəti saralıb, mədəsi gücdən düşüb, əli-ayağı və başı titrəyib, xülasə tamam bədəni mirur ilə zəifləyib tələb olur”.

H.Zərdabi özünün dediyi kimi, həmişə insanı əxlaqca eybəcərləşdirən və bədəncə düşkün hala salan bu ictimai bəlaya qarşı mübarizə aparmağı məqsədəuyğun hesab etmişdir. Bu cəhətdən onun “Kaspi” qəzetinin 1900-cü il 11 yanvar tarixli 7-ci nömrəsində dərc edilmiş “Sərxoşluğa qarşı peyvənd” adlı məqaləsi xüsusilə təqdirəlayiqdir. Bu məqalədə o, sərxoşluğa qarşı çıxış edən Ru, Bryuk, Borel, Sapeliya, Fredi, Tibo və başqa alimlərin əsərlərinin və təcrübələrini geniş təhlil edərək, çoxlu faktik materiallar əsasında sərxoşluğun fiziki və mənəvi zərərinin qorxunc mənzərəsini vermişdir.

Məşhur alim həmin dərin məzmunlu məqaləsində yazırdı ki, “Alkoqolizm bi­zim əsəbi əsrin yaratdığı vahiməli xəstəliklərdən biridir. Bu xəstəlik ona görə də ən müdhiş xəstəlikdir ki, ona düçar olmuş adamlar həm fiziki, həm də mənəvi cəhət­dən şikəst olurlar və nəhayət, ömürlərini şərəfsiz ölümlə başa vururlar. Adi spirt­li içkilərin içilməsində başlanan bu xəstəlik, əvvəlcə şərabı vərdiş və tələbata çevirir, sonra sərxoşluğa gətirib çıxarır və daha sonra sərxoşluq, xronoloji alkoloqizmə keçərək ölümlə nəticələnir”. Buna görə də Zərdabi “Hər hansı normada” olursa-olsun spirtli içkilərin içilməsinin əleyhinə çıxmışdır. Onun fikrincə, zə­hər istər az olsun, istərsə də çox olsun, yenə zəhərdir. Şərab da zəhər kimi bir şey­dir.

Həsən bəy sərxoşluğun insan əxlaqına mənfi təsirindən geniş bəhs edərək gös­­tərmişdir ki, şərab insanı əxlaqca eybəcər hala salır. Sərxoş adam getdikcə utan­­maq hissindən və vicdandan mərhum olur, namus və mərifət qaydalarını unudur. Belə adamlar, adətən, içdikləri zaman və habelə adi vaxtlarda özlərindən tez çıxarlar və həddindən çox qəzəblənirlər. Hirsli olduqları zaman onlar vəhşi hala düşürlər. Zərdabi hirslənməyi də, müvazinəti tez-tez itirməyi də ən mənfi əxlaq sifətlərindən hesab edir və öz görüşlərində onlara etik təmkinli olmağı, iradə möhkəmliyini tələb edirdi.

Zərbadiyə görə, ömrünü sərxoşluqla keçirən adamlar öz xeyirxah əməllərində, bir qayda olaraq, zəif iradəli olurlar. Çünki sərxoşluq insan psixologiyasına da­ğıdıcı təsir göstərir. Müntəzəm surətdə spirtli içkilər içmək nəticəsində insanın yaddaşı zəifləyir və bütün qabiliyyəti kütləşir.

Ümumiyyətlə, Zərdabi sərxoşluğu “insanın əsəb sisteminin taunu” hesab etmişdir. O, sərxoşluğun insan səhhətinə təsiri haqqında o zaman elmin əldə etdiyi bütün nailiyyətləri yekunlaşdırmış və sərxoşluğun təsiri nəticəsində insanda baş verən xəstəliklər haqqında müfəssəl məlumat vermişdir. Və həmin məqalənin axırında Zərdabi M.F.Axundovla eyni nəticəyə gələrək yazırdı ki, sərxoşluğa – alkoqolizmə qarşı tibb elmi vasitəsilə mübarizə apaldığı kimi, ictimai təsir vasitələri ilə də mübarizə aparılmalıdır.

H.B.Zərdabi alkoqolu həddən ziyadə çox qəbul edən şəxslərin həyatının acınacaqlı taleyi barədə çox söhbət açır. Belə adamların alkoqol təsirindən gələcək övladlarının fiziki, əqli cəhətdən – lal, kar, kor, cılız, qozbel, axsaq və s. kimi şikəst səfahətli kəslərin törəməsinin səbəblərini böyük ürək ağrısı ilə açıqlayır. Alim bu kimi bədbəxt xəstəliklərin köklərini, səbəbini şikəst törəyən uşaqların valideynlərinin gen qohumluğunda da görür.

Bundan əlavə, H.B.Zərdabi spirtli içkilərə aludə olan kəslərin övladlarının gələcək taleyini onların yalnız fiziki və əqli şikəstliyində axtarmır. O həm də belə uşaqların əxlaqca qüsurlu, naqis bir ünsür kimi yaranışına acıyır. Böyük təbabətçi alim, mahir pedaqoq bu barədə yazır: “… Şərab içib məst olanların övladlarından səfalətlisi çox olur. Məsələn: bəzi karxanalarda fəhlələr gecə-gündüz orada qalıb ancaq bazar günləri evə gedirlər, o zamant şərab içib məst olan vaxtda öz övrətlərini görürlər. Onların övladlarından səfalətli çox olur. Pəs şərabı içmək, nə ki, bədənə zərər edir, hətta məst olan kəs övrətə yavuq getsə, onun övladını da səfalətli edər”.

H.Zərdabi fiziki əməyi, fiziki işi insanın sağlamlıq əmsalı, onun cövhəri hesab edirdi. Onun fikrincə, yaxşı işləmək üçün yaxşı da oturmaq, uzanmaq, yuxulamaq lazımdır ki, yaxşı da istirahət edəsən. Hətta ağır fiziki əməyin, zəhmətin müqabilində fəal istirahət bədənin itirilən gücünün bərpasında səbəb olur. Bu barədə yazırdı: “İşləmək fasiləsi bədəni salamatlığı ilədir; bədən artıq salamaq olduqca artıq da işləmək gərək”. İşləmək pul qazanmaq üçün deyil, bədənin salamatlığı üçün lazımdır: işləyən adamın iştahası artıq olur, xörəyi çox yeyir və yaxşı həzm edir və bir də hər bir üzv artıq işlədikcə artar, yəni iri olar, məsələn: dəmirçinin sağ qolu soldan iridir. Çünki çəkici sağ əlilə çalır”.

Göründüyü kimi, H.Zərdabi fiziki əməyin maddi maraq tərəfini qətiyyən nəzərə almadan, onun insan sağlamlığı və uzunömürlülüyündə, daxili orqanlarının normal tənzimlənməsində əsas arqument hesab edir.

Fiziki tərbiyəni, fiziki əməyi, fiziki işi, gərəkli zəhməti insan sağlamlığının cövhəri sanan H.Zərdabi öz yetişdirmələrinin ailə tərbiyəsində də buna xüsusi diqqət yetirirdi. Böyük maarifçi alimin yeganə övladı olan Qərib Sultan Məlikova qeyd edir ki, atam vaxtın çox böyük bir hissəsini bağda işləməyə ayırırdı…

Həsən bəyin tənbəlləri görməyə gözü yox idi. Boş-boşuna avaralanan adam­ları gördükdə təəccüblənərdi. Ona görə də o, biz uşaqları əməyə alışdırar və de­yər­di ki, tənbəl ətrafındakı çoxlu işləri ya görmür, ya da görməməzliyə vurur.

Fiziki təmrinləri, fiziki çalışma və mümarisələri sağlamlıq, gümrahlıq mənbə­yi hesab edən, habelə fiziki tərbiyənin bəzi növlərinə həvəslə meyil göstərən H.Zərdabi, məsələn, piyadə və atla gəzintiyə, ovçuluğa, balıq ovuna və sair xüsusi diqqət yetirərdi.

Həyatda təbiət etibarı ilə mərd, cəsur, dözümlü və inadkar olan H.Zərdabi insana fərəh, şadlıq və xoşbəxtlik bəxş edən sağlamlıq probleminə, habelə onun hərtərəfli və ahəngdar bir şəxsiyyət kimi təşəkkülündə fiziki və əqli qabiliyyətin təmin edilməsinə ciddi bir məsələ kimi baxırdı. O, əsərin sonunda sanki bir sağ­lamlıq haqqında monoloq kimi səslənən müdrikcəsinə söylədiyi ibrətamiz sözlərə “Salamat bədən Allahın böyük nemətidir ki, hamıya verilib” deyən böyük təbiətşünas alim zəmanəsinin bütün məxluqlarına dinc, firəvan və xoşbəxt yaşamağın yeganə səbəbini onun sağlamlığında axtarırdı.

Böyük pedaqoqun həyat və yaradıcılığını araşdırarkən onun şəxsi həyatında stolüstü oyunlardan olan bilyard oyununun yaxşı oyunçularından biri kimi görürük. “Əkinçi” qəzetinin və Zərdabinin özünü çap senzurası nəzarətə alanda, ədib hər gün bikarçılıqdan gecələr klubda 1-2 saat bilyard oynayarmış. Onun oyundaşlarından biri də ədibə ciddi nəzarət edən jandarm polkovniki imiş. Hər dəfə polkovnik onu bir neçə dəfə sual-cavab edirmiş ki, filan günü axşam filankəslərin yanında filan sözünü demisən. Ədib isə cavab verərmiş ki, mən həmin axşamda, həmin saatda mənimlə bilyard oynayan məgər sən deyildinmi?

Zərdabinin fikrincə, soyuq suda çimməkdə məqsəd bədəni təmiz saxlamaq­dan başqa onu tərlətmək və soyuğa öyrətməkdir ki, bədən soyuq dəyməkdən mühafizə edilsin. O, əlləri hər gün sabunla yumağı, gözlərin qədrini bilməyi, qulaqları, burnu, dişləri, ağız boşluğu, əl və dırnaqları təmiz saxlamağın vacibliyindən bəhs edərək deyirdi ki, insan hər şeyi əli ilə götürür, ona görə də əlləri hər gün bir neə dəfə sabunla yumaq gərək, amma su çox soyuq olmasın… Dırnaq uzananda onun altında çirk cəm olur. Belə çirkin içində zərrəbin ilə 78 cür bakteri və mikrob tapıblar ki, onların hər birisindən insan bəzi naxoşluğa düşə bilər: ona binaən dırnağı tez-tez kəsmək və onun altını təmiz saxlamaq vacibdir və bir də dırnaq uzun olanda işləməyə mane olur və bəzi vaxt adam öz dırnağı ilə qəflətən ətini yaralayır.

Böyük maarifçinin bu fikirləri bədən tərbiyəsi və idmanla məşğul olanlar üçün xüsusilə əhəmiyyətlidir. Çünki idmanın elə növləri var ki, həqiqətən də, dırnaqların tutulması hökmən vacibdir. Topla bağlı bütün oyunlar, habelə güləş kimi idman nöbvləri və s. üçün olduqca zəruridir. Bu məsələ idman oyunları qaydalarında xüsusi qeyd edilir.

H.Zərdabi paltarın roluna, insanın sağlamlığında onun əhəmiyyətinə, alt paltarın təmiz saxlanmasına, paltarın rənginə də diqqət yetirmişdir. Zərdabiyə görə, dünyada bədənin salamətliyindən artıq dövlət yoxdur: “bu dövləti paltar dəyişdirməkdən gələn xeyrə satan çox ucuz satır”. Zərdabi qeyd edirdi ki, hər fəslin özünəməxsus paltarı olur, amma çox adam qənaət edib paltarını dəyişmir. Pal­tarı vaxtında dəyişdirməmək ac qalmaqdan pisdir. O, uşaq paltarları, səfər pal­tarları haqqıda da maraqlı fikirlər söyləmişdir. Uşağın oynamağa meyli olmasını nəzərə alıb onun paltarlarını gen tikmək vacibdir ki, atılıb-düşmək mümkün olsun.

H.Zərdabi orqanizmin sağlamlığını qorunmasıda yuxuya, yatacaq paltarlarına da diqqət yetirmişdir. İnsanın yorğunluğunu almaq üçün dincəlməsi lazımdır. Bu işdə yuxu əvəzsizdir. Zərdabi yuxusuzluğa, iştahasızlığa düçar olanların əlacını da bədən tərbiyəsi ilə məşğul olmqada görür, bu xəstəliklərin aradan qaldırılmasında gəzintilərin roluna yüksək qiymət verərək yazırdı ki, yorunuq bədən fikrə getməz, yuxuya gedər, bədən hərəkət edəndən onun hər bir zərrəsi yandığına piyi əriyir, açılır və yediyi xörək həzm olunur.

Böyük ədib “Əkinçi”də sağlamlığın qorunub saxlanılmasında təmizliyin əhəmiyyətinə xüsusi yer verilməsinə, eyni zamanda natəmizliyə qarşı ciddi və kəskin mübarizə aparmağı təkid edirdi: “Balıq suya qərq olan kimi, insan havaya qərq olub onun içində zindəganlıq edir, hava insanın nəfəs almağına lazımdır… Belə olan surətdə havanın yaxşı və yaman olmağını yoxlamaq hər kəs üçün lazımdır, necə ki, şəfa axtaran xəstə, ya səlamətlik istəyən kəs həmişə öz xörəyini yoxlayır, həmçinin gərəkə havanın qədəri yediyimiz xörəyin qədərindən ziyadə olduğuna görə… yaman hava insanı fövtə verər… elm təbiiyyə aşikar edib ki, insan düçar olan naxoşluqların çoxu hava yaman olmağındadır”.

Zərdabi fiziki tərbiyənin vasitələrindən təbii amillərin roluna yüksək qiymət verərək, onu təbiətin insanlara bəxş etdiyi sağlamlaşdırıcı qüvvə; sağlamlıq, gümrahlıq mənbəyi hesab edirdi. Böyük loğman, üləma təbib bol oksigenli təmiz havanın, saf suyun, ultrabənövşəyi günəş şüalarının, yaşıl təbiətin və s. imkalarından maksimum istifadə etməyi faydalı hesab edirdi. Orqanizmin qorunub saxlanılması, habelə möhkəmləndirməsi işində mümkün qədər açıq təmiz havada gəzməyi, vaxtaşırı çimməyi, yaxud yaş dəsmalla bədəni qızışdırıcıya qədər soyuq su ilə silməyi, günəş vannasını norma üzrə qəbul etməyi də çox vacib sayırdı. Məsələn, o, çimməyin sağlamlıq mənbəyi üçün nə dərəcədə vacib olduğunu belə açıqlayır: “… bizim isti vilayətimizdə hər gündə çimmək vacibdir, ona binaən hər şəhər və ya kənd əhli özlərinə camaat hamamı təmir etdirib, hər kəs hər gündə orada müftə çimməyə baim olsa, artıq savabdır. İsti və ilıq suda çimmək bədəni zəif, soyuğa davamsız edir, belə adama tez soyuq dəyər: ona binaən isti vaxtlarda soyuq suya çimmək səlahdır, çünki bədən isti-soyuğa adət elədiyinə onun soyuq­dan xovfi olmaz”.

Daha sonra dərya sularında (Xəzər gölündə) çimməyin sağlamlıq əhəmiyyətinin zəruriliyini göstərən ədib bu barədə yazır: “Belə suya çimmək bədəni bərkidir, iştahanı açır, yorğunluğu alır, xülasə, bədəni salamat edir… soyuq suda çimməkdən murad bədəni təmiz etməkdə başqa onu tərlətməkdən və soyuğa öyrətməkdir ki, soyuq dəyməkdən mühafizə edər”.

H.Zərdabi vaxtilə zəhmətkeş soydaşlarının gümrah və əməksevərliyi üçün daim qürur hissi keçirmişdir. Kəndlilərin bəy və mülkədarlar tərəfindən istismar olunmasına, ləyaqətinin alçaldılmasına, zülm edilməsinə qarşı mübarizə aparmışdır. O, Borçalı qəzasında çalışarkən mülkədar Yadigarova kəndlilərin cəsarət və dəyanətinə inanaraq deyirdi: “Bircə baxın, siz bəylər kəndlilərin qarşısında nə qədər az və zavallısınız. Vücudca sağlam və ruhca möhkəm kəndlilərin çoxluğunu görürsünüzmü? Unutmayın ki, onlar bir vaxt öz azadlıqlarını istəyəcək və sizə qul olmayacaqdırlar”.

Sevimli ədibimiz 1900-cu il “Kaspi” qəzetinin 36 sayında əl əməyinin gənc nəslin qıvraq, nikbin, təmiz və saf əxlaqa malik olması üçün düzgün və yaxşı təşkil edilmiş əmək təhsili və təliminin vacibliyini göstərirdi. Yazırdı ki, düzgün təşkil edilən və şüurlu surətdə müəyyən məqsədə doğru yönəldilən əməklə mənəviyyatca düşkün, hətta əxlaqca qüsurlu və cinayətkarları tərbiyə etmək müm­kündür. Beləliklə, əl əməyi uşaqların əxlaqi kamilləşməsinə, onlarda təvazökarlıq, sadəlik, səmimilik, kollektivçilik və sair kimi humanist keyfiyyətlər tərbiyə etmək­lə yanaşı, əl əməyinin tətbiqi eyni zamanlarda onların sağlamlığına da müs­bət təsir göstərir. Zərdabiyə görə, işləmək pul qazanmaqdan ötrü deyil, bədənin sağlamlığını qorumaq üçün lazımdır: “İşləyən adamın iştahası artıq olur, xörəyi yaxşı həzm edir. Ağıl da o biri üzvləri kimidir. Kim çox oxuyursa, onun fəhmi, zehni, qabiliyyəti artır, amma oxumayanın qabiliyyətləri pas tutmuş qızıl kimi qalır. Yaxşı yatmaq üçün qaranlıq və sərin gəlməyən yer olmalıdır. Zərdabiyə görə, uşaq 9 saat, 30-40 yaşlı adamlar 6 saat yatmalıdır. Yatanda çöldə soyuq deyilsə, pəncərəni açıq qoymaq olar. Arxa üstə və ya sağ çiyni üstə yatmaq faydalıdır, çarpayı, gen, təmiz və rahat olmalıdır”.

Fiziki tərbiyə və orqanizmin sağlamlığının qorunması haqqında Zərdabinin fikirlərini ümumiləşdirərkən qeyd etmək lazımdır ki, o, fiziki tərbiyəyə ictimai problem kimi baxmışdır. Fiziki tərbiyənin ayrı-ayrı hissələrini: orqanizmin inkişafında mənzil şəraitinin rolunu, qidanı, havanı, əməyi, paltarı, istirahəti şərh edərkən onun ictimai-sinfi mahiyyətinə diqqət yetirmişdir. Zərdabi zəhmətkeşlərə rəğbətlə yanaşır, uşaqların fiziki inkişafına şərait yaratmayan dövlətləri kəskin tənqid edirdi.

H.Zərdabi fiziki tərbiyənin şəxsiyyətin ahəngdar inkişafında mühüm şərtlərdən biri hesab edir və deyirdi ki, fiziki əmək fiziki tərbiyənin tərkib hissəsidir.

Unutmaq olmaz ki, orqanizmin sağlamlığına qayğı, fiziki tərbiyənin ən zəruri vasitələri, günəş, su, havanın düzgün istifadə edilməsi haqqında Zərdabinin fikirləri bu gün üçün də öz əhəmiyyətini itirməmişdir. Müəllimlərimiz, istərsə də  tədqiqatçılarımız onun fiziki tərbiyə, orqanizmin salamat saxlanılması haqqında qiymətli fikirlərindən yaradıcılıqla istifadə edə bilərlər.

Beləliklə, H.Zərdabi yaradıcığında yer üzünün əşrəfi olan insanın fiziki kamilliyi, onun ruhən və cismən sağlamlığını yüksəldən fövqəlbəşəri ideyaları təbliğ etməyi özünə bir daha mənəvi borc bilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət”

 

“Yaradıcılıq emalatxanası” rubrikasında bir gənc qələm sahibinin - Aytəkin Səfərəliyevanın şeirini portalın oxucularına təqdim etmək istədim.

Bəzən bir misradan, sətirdən şeirin gözəlliyi və şairin gücü dərhal duyulur.

Xəstəsinə dönərsən

Həkim ayrılıqların,

-razılaşın ki gözəl deyilib.

Xoş mütaliələr.

 

 

AYTƏKİN SƏFƏRƏLİYEVA,

“ADIN YADDAŞIMDADI”

 

Əzizlənə bilmirəm,

Əzizim demə mənə.

Sudan qorxan adamam,

Dənizim demə mənə.

 

​Bir damcı göz yaşında

Boğularaq ölərəm.

Dən götürən quş kimi

Hürkə-hürkə gələrəm.

 

​Sən yollar keçmiş adam,

Mən kənardan bir cığır.

Sən dağı daşıyarsan,

Mənə daş gələr ağır.

 

​Ürəyinə bir sözüm

İz qoyarsa, bağışla.

Ayrılıq bizə tərəf

Üz qoyarsa, bağışla.

 

​Xəstəsinə dönərsən

Həkim ayrılıqların.

Anası, atasıyam

Yetim ayrılıqların.

 

​Güllərə gül demərəm,

Sənə tikan batırsa.

Gəl oxşayım könlünü,

Bir tumara yatırsa.

 

​Sözləri baldan şirin,

Ürəyi kəhriz adam.

Adın yaddaşımdadı,

Həmişə əziz adam...

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Gülnarə Cəmaləddin,

AYB Sumqayıt bölməsinin sədri

“Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə dostumuz, dəyərli şair, yazıçı Fetki Akının oğlu rejissor, ssenarist  Onur Akının Hollivudda dörd nominasiya üzrə dörd birinci mükafata layiq görüldüyü xəbərini aldım. Bu qürurverici xəbərlə bağlı Fethi bəyə zəng vurdum, təbrik etdim və istədim bunu bütün türk dünyası duysun, eşitsin və bilsin. Çünki sənət adına qazanılan hər mükafat hamımızın fəxr edə biləcəyi məsələdir.

 

Və telefonda Fethi bəylə bir xeyli sənət, ədəbiyyat söhbəti etdik. Məlum oldu ki, qızı Damla Akın Yalçın da filmin afişanı hazırlayıb və hazırladığı afişa da ən yaxşı afişalar kateqoriyasında birinci yeri tutub. Bütün türk dünyasını bu uğurlu mükafata görə təbrik edirik və sənət uğrunda, ədəbiyyat uğrunda inadla mübarizə aparıb, millət adına belə uğurlu mükafatlar qazanan bütün gənclərimizə Onur bəy və Damla xanım başda olmaqla təşəkkürümüzü bildirirk və uğurlarınız davamlı olsun deyirik.Fethi bəylə elədiyimiz telefon söhbətini də qələmə aldım, onun fikirləri ilə həmrəy oldum. İstədim ki, onunla etdiyimiz söhbəti oxucularımız da oxusun, duysun...

 

-Gənc rejissor, ssenarist Qürur Akın Hollivuddda “Dörd nominasiya üzrə dörd birincilik” mükafatına layiq görülüb.

 

-Bunun sevincini, qürurunu yaşamağın necə bir hiss olduğunu izah etmək çox çətindir. Çünki qürur, sözlərin daşıya biləcəyindən daha ağır bir duyğudur.Lakin bu gün söyləyəcəklərim yalnız bir ailənin qürur duya biləcəyindən də ötədir. Bu sətirlər, illərdir sənətin içində yaşayan, şeir, musiqi, ədəbiyyat və kinonun böyük zəhmət bahasına başa gəldiyini bilən bir insanın iç mühasibliyidir. Yaşadığımız illər ərzində oğlum Onur Akının ssenarisini yazdığı, baş rolda oynadığı və rejissorluq etdiyi "Mən Mentor" adlı qısametrajlı filmi, Hollivudda Kino Sənəti və Elmlər Akademiyasının Film Avardsda dörd ayrı kateqoriya üzrə dörd birincilik mükafatı qazandı.

Ən yaxşı  qısametrajlı film.

Ən  təsirli qısametrajlı Film.

Ən yaxşı rejissor işi

Ən yaxşı xarici qısametrajlı film.

-Dörd nominasiya üzrə dörd birincilik.

Eyni zamanda Halikarnas Film Festivalında qızım Damla Axın Yalçın tərəfindən hazırlanan "Mən Mentor "filminin afişası, ən yaxşı afişa kateqoriyasında birinci yerə layiq görülüb. Kino insanı  üçün bundan daha böyük bir təqdir düşünmək asan bir iş deyil. Əlbəttə, ata olaraq qürurlandım. Lakin məni düşündürən, mükafatların özündən çox, bu müvəffəqiyyətin ölkəmizdə nə qədər əks-səda verməsi oldu. Çox qəribədir ki, dünyanın təqdir etdiyi bu müvəffəqiyyət, öz ölkəmizdə vizual və yaxud yazılı mətbuatda bir neçə sətirlik  xəbər olaraq  verildi.

Çünki biz, müvəffəqiyyəti alqışlamaq üşün çox vaxt geçikən bir cəmiyyətdə yaşayırıq. Bir sənətkar öz ölkəsində səssizcə film çəkir. Öz imkanlarıyla mübarizə edir.Layihələr hazırlayır.Qapılar döyür.Dəstək axtarır.Çox vaxt " olmaz" cavabını alır.

Sonra bir gün o sənət adamı dünyanın o biri ucunda öz gücünə mükafat qazanır. O zaman dönüb baxırıq. Halbuki o müvəffəqiyyətin yolu o mərasimdən başlamamışdır. O müvəffəqiyyət ilk xəyalin qurulduğu gün, ilk ssenarinin yazıldığı gecə, ilk redd edildiyi zaman xəyallarından vaz keçmədiyi anda, müvəffəqiyyətsiz sınaqdan sonra yenidən ayağa qalxıldığı zaman başlamışdır. Gerçək mükafat əslində böyük çətinliklər, əziyyətlər bahasına qazanılır. Çox təəssüf ki, biz  nəticəni alqışlayır, amma əsil zəhməti  görmürük. Sənətin ən böyük tənhalığı da burdan başlanır. Türkiyə tarix boyunca çox böyük sənətkarlar yetişdirdi. Şairlər, yazıçılar, bəstəkarlar, musiqiçilər, rejissorlar, aktyorlar, rəssamlar…

Bunların bir hissəsi əsl dəyərini ya xaricdə aldı, ya da həyatdan köçdükdən sonra. Yaşayarkən tənha qalan insanların ardınca mədhiyyələr yazmağı sevirik. Bəlkə də ən böyük günahımız budur. Çünki alqışımız çox zaman  gecikir. Halbuki sənət gözləmir. Zaman gözləmir. Gənclik isə heç gözləmir.

Bu gün dünyanın hər hansı bir ölkəsindəki gənc rejissorlarla yarışa bilən türk ssenaristlərimiz var. Beynəlxalq festivallarda mükafat alan gənclərimiz var.Texnologiyanın imkanlarından geniş şəkildə istifadə edən, universal dil bilgisinə malik, güclü hekayələr yazan  yeni bir nəsil yetişir. Bu nəsil köhnə düşüncələrlə qalmır, yeni xəyallara yol alır. Onların ən böyük ehtiyacı təkcə maddi dəstək deyil, inanılmaq, görülmək, dinlənilmək, yaradıcılıqlarına dəyər və qiymət verilməsidir. Çünki sənət, yalnız pul ilə yüksəlmir. Sənət etibarla irəliləyir.

Bir ölkə gənc sənətçilərinə nə qədər güvənsə, mədəniyyəti də o qədər inkişaf edər. Kino bunun ən güclü nümunələrindən biridir.

Bir qısametrajlı film, bəzən iki saatlıq uzun bir filmdən daha çox şey deyə bilir. Çünki məsələ vaxtda deyil. Məsələ deyilə biləcək sözdədir. Bu gün Hollivudda mükafat alan filmləri araşdırdıqda görürük ki, böyük madiyyatdan əvvəl böyük fikirlər əsas əhəmiyyət daşıyır. Kamera dəyişir. Texnologiya inkişaf edir. Efektler yenilənir. Lakin insanın hekayəsi isə heç bir zaman dəyişmir və köhnəlmir.Yaxşı yazılmış bir hekayə, dünyanın hər yerində insanda eyni duyğunu oyadır.Sənətin əsl dili budur. Sənət tərcüməçiyə ehtiyac duymaz. Pasporta ehtiyac duymaz.Sərhəd tanımaz.

 Ssenarist, aktyor və rejissor Onur Akının aldığı dörd mükafat təkcə ailəsi üçün qürur mənbəyi deyil. Bu müvəffəqiyyət ölkəmizdə yetişən gənc sənətkarların doğru yol seçdikləri zaman nələr edə biləcəklərinin dəlilidir.

Bu gün bir rejissor mükafat aldı, sabah bir.bəstəkar, ertəsi gün bir elm adamı, sonra bir idmançı, bir musiqiçi... Müvəffəqiyyət yoluxucudur. Yetər ki onu görməyi bacaraq. Yetər ki qiymətini zamanında anlaya və verə bilək.

Bir cəmiyyətin inkişaf etməsi yalnız onun iqtisadiyyatı ilə ölçülməz.Mədəniyyətə verdiyi dəyərlə ölçülər. Sənətə ayırdığı vaxtla ölçülər. Gənclərə etdiyi etibarla ölçülər.

Bir ölkənin gələcəyi tikdiyi binalar, çəkdiyi yollarla bərabər, yazdığı romalarda, bəstələdiyi mahnılarda və çəkdiyi filmlərdə də gizlidir.

Bu səbəblə bir film üçün Hollivuddan gələn dörd mükafat, təkcə dörd kubokdan ibarət deyil. Onlar səbrin, əməyin, əzmin, inadın mükafatıdır.

Bir ata olaraq əlbəttə, qürur duyuram. Ancaq bununla bərabər, vətəndaş olaraq da bir diləyim var.

Keşkə alqışlarımız müvəffəqiyyət qazanıldıqdan sonra deyil, mübarizə davam edərkən yüksəlsin. Bax, o gün yalnız sənət və sənətkar qazanmayacaq. Bütün türk dünyası qazanacaq. Çünki sənətin və sənətkarın əsl mükafatı  kuboklar deyil, yetişdiyi torpaqların onlara yiyə çıxmasındadır.

Və bütün bunlara baxmayaraq, eyni filmin dünyanın müxtəlif festivallarında qazandığı on yeddi mükafatdan hələlik bəhs etmirəm. Çünki qarşıda tamamlanacaq yeni qısametrajlı filmlər, festivallarda qazanılacaq yeni müvəfəqiyyətlər və mükafatlar var. Gəlin öncədən alqışlamağı öyrənək...

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Çərşənbə, 29 İyul 2026 18:00

Keçib gedənlər - Orxan İsmayılov, HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Orxan İsmayılovun  hekayəsi təqdim edilir. 

 

 

 

ORXAN İSMAYILOV,

“KEÇİB GEDƏNLƏR”

 

 

Gənc ikən (indi də qocalmamışam) öz arzularımın və meyillərimin əsirinə çevrilmişdim. Bunlarısa şəhər həyatının vüsətində reallaşdırmaq daha asandır, nəinki kənddə. Etiraf edirəm ki, yay tətillərində kəndə gedəndə dözülməz dərəcədə darıxırdım. Əslində, kəndə sevinə-sevinə gedirdim, amma bir müddətdən sonra oranın yeknəsək həyatı məni yorur, cizgiləri gözlərimə boz və tutqun görünürdü. Kənd camaatı da - qonşularım, qohumlarım - nə isə xüsusi, inadcıl, adamayovuşmaz idilər; onlarla olan münasibətim qısa və quru dialoqlarla məhdudlaşırdı. Onlar (cod saqqallı, arıq üzlü kişilər) mənimlə təşnələşəndə qaşqabaqlı halda: "Bir işin qulpundan yapış", "Tez oyan" deyirdilər. Özümlə apardığım kitabların hamısını tezliklə oxuyub qurtarırdım. Mənim üçün orada artıq bircə məşğələ qalırdı: balıq tutmaq. Deyim ki, balıq tutmaq olduqca orijinal bir işdir. Səni sakitləşdirir də, əsəbiləşdirir də. Çəmənin kənarında boy verən qarağacın altında oturub həm qırmağına balıq düşməsini gözləyirsən, həm də ot-ələfin, gəncliyin, həyatla bağlı olan qorxularının rayihəsi ilə ciyərlərini doldurursan. Düşünürsən, düşünürsən, sakit-sakit düşünürsən. Bəzənsə qarmağına suyun üzüylə axıb-gedən şax-şəvəldən, zir-zibildən savayı heç nə düşmür və bu anlarda balıqçılığa olan münasibətində qərəz yaranır; bu qərəz elə həddə çatır ki, ümidsizlikdən tamam başını itirirsən.

Mən qəlbimi də tez-tez bəxş edirdim. Adətən qısaömürlü olan məhəbbət macəralarından əlahiddə zövq alırdım. Qızlara bəslədiyim münasibət isə kübar mühitdə qəbul olunmuş qaydalardan, zahiri utancaqlıq pərdəsinə bürünmüş əlamətlərdən uzaq idi; mən dəniz qamışı kimi tez alışır, adətən istəyimə tez çatır və tez də sönürdüm.

Lakin mən kənddə bir dəfə ciddi aşiq olmuşdum. Ürəyimi çalan həmin qızı toyda görmüşdüm. Bu əhvalat belə olmuşdu: birinci kursu bitirib yay tətilində kəndə qayıtmışdım. Qonşuluqda toy vardı, yollandım ora. Kürəyimi stulun söykənəcəyinə dayayıb yenicə oturmuşdum ki, birdən gözüm dikdaban tuflilərdə üzərinə xalça sərilmiş uzun pilləkənin pillələriylə gümrah addımlarla enən tünd qara saçlı, qonur gözlü, gülümsər çöhrəli, qədd-qamətli qıza sataşdı. Bu, qonşumun nəvəsi - Səbinə idi, uşaqkən birlikdə o qədər cırcırama tutmuşuq ki... Heyranlıq və utancaqlıq ifadə edən baxışlarla bir xeyli süzdüm onu, başımda saysız-hesabsız fikirlər cilvələndi.

Evə gələn kimi oturdum, üzümü tutub elə hey onun barəsində fikirləşdim. Onunla elə burada, bu kənddə uzun və xoşbəxt bir insan ömrü yaşaya bilərdim. Bir çox adamların yaşadığı kimi... Evimizdəki hər kəsi öz inadımla dalana dirədim. Dedim, ya universitetdən imtina edib əsgərliyə gedəcəyəm, ya da o qızı mənə alın. Bu düşüncə canıma-qanıma işlədi, beynimdə bunun üçün onlarla vadaredici səbəb kök saldı. İnadkar və usandırıcı təkidlərimə baxmayaraq, razılıq vermədilər. İki-üç gün ac qaldım. Qayıtdım Bakıya. Zəng vurdum evə ki, bəs, universitetin qabağındayam, qızgilə getməsəniz, ərizəmi yazıb çıxacağam. Məndən bir az vaxt istədilər, razılaşdım.

Aylar keçdi, dərs başlandı. Öz təbiətim və vərdişim etibarilə unutqan olmağım həsədimin bütün hüdudları aşmasına əngəl törədir və bunun nəticəsi olaraq mən zamanla qızı tamam unutdum.

Şəhərdəsə başqa bir qız mənə aşiq olmuşdu. Buna tam əmin idim. O, dolu bədənli, mehriban baxışlı bir qız idi, adı Zərintacdı, uzun hörüklərlə əhatələnmiş xoş cizgili sifəti vardı; hər məni görəndə qızarırdı, nə vaxt əlindən tutsam, əli əsirdi, baxışlarımız çarpazlaşanda gözlərini yerə dikirdi, bəzən isə nazlanaraq dodağımdan ona qarşı xoş sözlər qopmasını gözləyirdi. Mən isə özümdənrazı halda onun qulağına "Səni sevirəm" deyə pıçıldamışdım. İstəyirdim ki, o, mənə tez isinişsin, heç nədən çəkinməsin, mənim onu oxşayıb-sığalladığım kimi, o da sıxılıb-utanmadan mənə cavab versin. Ancaq o, utancaq idi, mənim çox da irəli getməyimə mane olurdu. Hiss edirdim ki, o, məndən yalnız pak, təmiz nəvazişlər, mehriban, amma şəhvətsiz oxşamalar istəyir, istəyir ki, bu yaxınlığın sonu izdivacla nəticələnsin, əvvəl ruhumuz, sonra da taleyimiz birləşsin. Hətta mənə elə gəlirdi ki, qız səbirsizliklə bizim toyumuzu gözləyir, mənim isti nəvazişlərimdən daha çox bu təhər şeyləri xəyal etməkdən zövq alır. Qız məni əməlli-başlı çıxılmaz vəziyyətə salmışdı. Bu, həqiqətən də, çıxılmaz vəziyyət idi və ola bilsin ki, məhz buna görə mən laqeydlik göstərərək bu məsələnin dərinliyinə getmədim. Mən öz ehtirasımı cilovlamaqdan yorulmuşdum, anlaşılmaz taqətsizlik əldən salmışdı məni. Elə hey dərindən köks ötürürdüm. Nəhayət, başa düşdüm ki, bu yorğunluğun, köks ötürmələrin səbəbi - mənim səbirsizliyimdir. Bundan sonra da istəyimə çatmaq üçün səbir təşnəsinə çevrilə bilməzdim, ona görə də, ən yaxşısı ondan qaçmaq, bacardıqca uzaqlaşmaq idi. Bunu isə ona yadlaşdığımı göstərə-göstərə, qəlbində özümə yer tuta bilmədiyimi anlada-anlada, axmaq davranışlarımla onun rəğbətini qazana bilmədiyimi sübut etməyə çalışa-çalışa etdim. Amma mən heç də uzun, hüznlü və tənha günlər keçirmədim, yeni münasibətlərə can atdım, yeni başlanğıclara həvəsləndim. Bəli, məni bu baxımdan tam mənasilə bəxti gətirən adam adlandırmaq olardı. Lakin bununla bərabər, mən, həmişə həyatımda nəyinsə çatmadığını hiss edirdim. Nədənsə elə zənn edirdim ki, təkəm, bir kimsəm yoxdur. Bilaixtiyar tez-tez düşünürdüm ki, yanımda mənə həyan olacaq, əzizləyəcək heç kəsim yoxdur. İstəyirdim ki, həyatımda elə bir adam olsun ki, onunla daha sadə və daha dostcasına əlaqələr quraq. Birlikdə olanda özünün, şəxsən özünün nə istədiyi, nəyin xəyalı ilə yaşadığı haqda müfəssəl sorğu-suala tutam onu. O isə hər şeyi açıqdan-açığa danışa, nəyisə etiraf etməyə çəkinməyə.

Mənimlə münasibət quran qızlar çox qısa müddətdə xarakterimin sabitsizliyinin nə demək olduğunu öyrənirdilər. İkicə həftəlik yox olanda və bundan sonrakı ilk görüşdə bizim söhbətimiz çox uğursuz olurdu. Qızlar açıq və kobudcasına mənim məsuliyyətsiz olduğumu deyir, bu münasibətin ömrünün uzun olacağına inanmadıqlarını bəyan edirdilər. Mən bununla razılaşmağa məcbur qalsam da, nə heyrətlənir, nə də kədərlənirdim. Əksinə, bir andaca onlar üçün yad və uzaq bir adama çevrilirdim. Çünki mən qızlarla adətim üzrə, sadəcə, öz başımı qarışdırmaq, əylənmək üçün söhbət edir, "sevgi-sevgi oynayırdım". Ayrıldığım qızlar isə məni unuda bilmirdi. Məndən hər nə qədər uzaq olurdularsa da, bir o qədər məni görmək arzusu ilə yanırdılar.

Amma bir gün elə bir şey oldu ki, bu, həyatımın bundan sonrakı dəqiqələrini zəhərləmək gücündəydi. Bu hadisə bir payız günü, günorta baş verdi.

Elmlər Akademiyasının qarşısındakı insan qaraltılarıyla dolu parkda veyil-veyil dolaşırdım. Hava həm sərin, eyni zamanda qar havası kimi təmiz idi. Günəş şəhərin qərb qurtaracağı üzərində dayanmışdı, yerdə uzun kölgələr sürünürdü. Oturacaqlarda oturan bir dəstə bekar adam ötüb keçənlərə göz qoymaqda idi. Bir də baxdım ki, incə, zərif boyunlu, qəşəng, qonur gözlü bir qız yumşaq addımlarla, quş kimi süzən yerişlə parkda gəzinir. Başladım quzu güdən canavar kimi ona göz qoymağa. Amma bir neçə addım atıb onu daha yaxından görəndə heyrətimdən çaşıb qaldım. O, mənim kənddə aşiq olduğum qız - Səbinə idi. Mən onu tamam yadımdan çıxarmışdım və bir də görəcəyimi (özü də şəhərdə) güman etmirdim. Geridə qalan illər ərzində heç dəyişməmişdi, hətta saçlarının daranışı da o vaxtkı kimi idi. O, nəhayət, boş skamya tapıb əyləşdi. Əyləşən kimi də başladı telefonuyla əlləşməyə. Ürəyimdə dedim: "Görəsən, o məni tanıyacaq? Əgər tanımasa, kim olduğumu mütləq ona deməliyəm. Hətta bir neçə il bundan qabaq ona bir andaca dəli kimi aşiq olduğumu da bildirməli, fürsət tapıb bunu ona deyə bilmədiyim üçün üzr də istəməliyəm". Bu fikir canıma-qanıma işlədi və onun nə dərəcədə uğurlu olacağını indi, məhz indi yoxlamaq istədim. Yeriyib düz Səbinənin yanında oturdum və oturan kimi də nəzərlərimi ona yeritdim. Onun parıltılı qara saçları səliqə ilə arxaya daranıb hamarlanmışdı (sonuncu dəfə görəndə də belə idi). Göyümtül sviteri sinəsini şux tuturdu. Sol biləyində zərif əl işi olan bilərzik, üzərində isə kiçicik, dairəvi saat vardı. Zərif barmaqlarının yüngül hərəkətiylə telefonda qurdalanır, gözünün ucuyla da mənə baxmırdı. Özümü itirdim, bilmədim nə edim, başladım əsnəməyə. O qədər əsnədim ki, lap ağzım aralı qaldı. Gördüm yox, onun diqqətini cəlb edə bilmirəm, bəm səslə yanıqlı-yanıqlı fit çaldım. Yenə bir nəticəsi olmadı. Bu dəfə başladım öskürməyə, boğazımdan ard-arda quru, xışıltılı öskürək qopdu. Bu da yetkin sifəti ehtiraslı və gözəl olan Səbinənin eyninə olmadı. Nəhayət, əzabverici utancaqlıqla "Deyəsən, tələbəsiniz?" - deyə soruşdum. Gözlərini telefondan ayırmadan həvəssizcəsinə "Aha" - dedi. Dilim açıldı. Dedim, mən də tələbəyəm. Səbinə dinmədi, iri, qara gözlərini yuxarı qaldırıb gülümsündü və təzədən başını aşağı saldı. Yox, o, məni tanımamışdı. Mən özümdə güc tapıb adımın Orxan olduğunu deyəndə də bu ad ona xüsusi gəlmədi və o, sükutunu pozmadı. Artıq başa düşdüm: o, ümumiyyətlə məni görməzdən gəlirdi! Birdən telefonunda nəsə oxudu və bu zaman onun gözlərinin parıltısı ən qiymətli ləl-cəvahirat parıltısını üstələdi, yanaqları çiçək kimi açıldı və o, cəld ayağa qalxdı. Titrəyən səsimlə "M-mən, bilirsiniz, h-hansı Orrxanam..." dedikdə isə arxasını mənə tərəf çevirib sözümü ağzımda qoydu. Tələsik və vüqarlı addımlarla üzü metroya yol tutdu. Damağıma bir siqaret qoyub tərəddüdsüz onu təqib etdim. O yeridikcə arxadan onun yaraşıqlı vücudunu seyr edirdim. Səki boyu irəliləyib metronun xəyalət kimi ucalan ön fasadının qarşısında dayandı. Burada oynaq gözlü, cılız, kəkilli, seyrək sarışın saqqalı uzunsov sifətinə bir az da eybəcərlik qatan bir oğlan onu qarşıladı. Hərarətlə qucaqlaşıb görüşdülər. Oğlan boz paltosunun döş cibindən rəngli kağız bükülüsü çıxarıb Səbinəyə uzatdı. Sevincindən çılğına dönən qız yerindən sıçrayaraq oğlanın əlləri arasına aldığı eybəcər sifətini öpüşlərə qərq etdi. Onlar bəxtiyar halda qol-qola girib yolun o biri tərəfinə keçdilər və burada nəyisə gözlədilər. İki-üç dəqiqədən sonra əl-ələ tutub gələn oğlanla qız onlara yanaşdı. Qızlar öpüşərək, oğlanlar isə əllə görüşdülər. Yeni gələn qızın cizgilərini tam görəndə məni elə bil ildırım vurdu. Yerimdə quruyub qaldım. O, bir vaxtlar məni sarsılmaz məhəbbətlə sevən qız - Zərintac idi. Onun əlindən tutan oğlanın görünüşü isə əsl gicbəsər görünüşü idi. O, uğultulu-cingiltili səsiylə "Tələsməliyik, yoxsa gecikəcəyik", dedi və bir neçə addım atıb yolun kənarında dayanmış taksiyə yaxınlaşdı. Başını sürücü tərəfdəki açıq pəncərədən içəri doğru uzadıb nəsə danışdı, yəqin gedəcəkləri yeri söylədi və qiyməti öyrəndi. Ardından əl işarəsiylə yoldaşlarını çağırdı. Özü qabaqda oturdu, Zərintac, Səbinə və kəkilli oğlan isə arxada əyləşdilər. Maşın tərpəndi.

Ah, nə böyük məyusluq! Bir anlıq sinəmdə kəskin ağrı duydum, sanki ürəyimə iynələr sancıldı. "Sən bir işə bax!" deyə mızıldandım. Sarsılmış, ruhdan düşmüş mən, labüd fəlakəti dəhşətlə gözləyən adamlarsayaq yerimdə vurnuxdum. Ya taleyin bu oyununa inana bilmədiyim, ya da pərt olduğum üçün bir anlığa qorxudulmuş küçük kimi inildədim. Üzümü çevirəndə gözlərim dayanacağın yanında qoyulmuş zibilqabına sataşdı. Nədənsə elə hiss etdim ki, zibilqabı ağzını geniş açıb mənə gülür, göz vurur, "zavallı" deyir. Özümü saxlaya bilmədim, yaxınlaşıb tutarlı bir təpik ilişdirdim ona. Baxmayaraq ki, ayağım ağrıdı, birdən-birə içimdəki qəzəb soyudu və sakitliklə əvəz olundu. Sanki zibilqabına vurduğum zərbə güclü bir sakitləşdirici kimi dərhal öz təsirini göstərdi. Damağımda yanıb qurtaran siqaretin kötüyünü yerə tullayıb, qranit pilləkənlərlə qalxdım, metroya girdim.

 

Aprel, 2025-ci il

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

Çərşənbə, 29 İyul 2026 17:21

İnanmaq istəyirəm... - PORTRET

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

 

Zəhmətkeşdir, işləməkdən zövq alır. Daim elmi axtarışlarla məşğuldur. Alicənab və təmənnasızdır. Güclü intellekti var. Dürüstlük tərəfdarıdır, harada olduğundan asılı olmayaraq saflığını həmişə qoruyur. Adamları idarə etmək işində gözəl qabiliyyəti var. Duyğularını yalnız zəruriyyət olduqda büruzə verir. Son dərəcə inadkardır və nə istədiyini yaxşı bilir. Detalları xırda təfərrüatlarına qədər öyrənməyə çalışır. O, həqiqətdə həyatdan heç bir şey ummur, necə deyərlər, qəlbigeniş və gözütox adamdır. Ədalətsizliyə qarşı cəsarətlə çıxış etməyi bacarır. Tənqidi zəkası, incə yumor hissi və inkaredilməz iradəsi onun varlığına xüsusi rəng qatır. Tünlüyü xoşlamır. Onun soyuqqanlı göründüyünə aldanmayın, bu təəssürat aldadıcıdır. O, insan təbiətinin bütün nəcib cəhətlərini özündə birləşdirə bilib. Loyaldır, vəfalıdır, təmizdir. Vicdani borc hissi güclüdür. Ona bel bağlamaq olar, xəyanətdən çox uzaqdır. Çox təvazökardır. Ürəyini açmağı, eləcə də başqalarını sorğu-suala tutmağı xoşlamır...

 

Deyir ki: - “Texnoloji medianın həyat tərzimizə daxil olması ilə sosial münasibətlər dəyişib, virtual folklor anlayışı gündəmə daxil olub. Texnologiya əsrində üz-üzə kommunikasiya yerini virtual auditoriyaya tərk edib, radio, televiziya, ən əsası da internetin inkişafı ilə yeni şifahi ədəbiyyat nümunələri yaranıb. Böyük bir sənaye şəbəkəsi formalaşdıran kütləvi informasiya vasitələri sadəcə xəbərləşmə, əyləncə vasitəsi kimi deyil, həm də bilgi paylaşımı vasitəsi kimi də istifadə edilir. Kütləvi informasiya vasitələrinin əsas qolu təkcə rəsmi olan qəzetlər, jurnallar, telekanallar, radio stansiyaları deyil, həm də internet şəbəkələri, müxtəlif formatlarda mesaj alan mobil telefonlardır. Belə bir mühitdə yeni ənənə formalaşdıran media aşıq sənətinin, aşıqlıq ənənəsinin dəyişməsinə də səbəb olub. Bu da insanların müasirlik, postmodernizm, şəhərləşmə, köçlər, populyar mədəniyyət, moda və media kimi Qərb yönlü bir həyat tərzi seçmələri, bunun da mentalitet dəyişikliyi yaratması baş verib. Bu dəyişikliyin nəticəsində ortaya çıxan aşıq sənəti və onun daşıyıcısını biz Neoaşıq adlandırdıq. Termin ilk baxışda bir az qəribə səslənə bilər, ancaq informasiya-kommunikasiya texnologiyaları dövründə bu termin, bizcə, müasir aşığın fəaliyyətinə, yaradıcılığına, dünyagörüşünə tam uyğundur. Çünki Neoaşıq özünəməxsus ifa tərzinə və sosial-mədəni statusa sahibdir. Ən əsası da Neoaşığın müasir dövrdə zərurətdən yaranması məsələsidir. Bu, heç də aşıqları klassik və Neoaşıq deyə iki qismə ayırmaq mənasına gəlmir. Neoaşıq dəyişən aşıq sənətinin nəticəsində ortaya çıxıb. Onun əsas funksiyası virtual mühitdə və virtual auditoriya qarşısında ifa etdiyi sənətidir. Dəyişən şərtlər daxilində aşıq sənətinin vəziyyəti, ifa tərzində yeniliklər, klassik ənənədən uzaqlaşma və bizim Neoaşıq adlandırdığımız aşığın özəllikləri hələ ki, tədqiqat predmeti olmayıb.”

 

Nitqi olduqca sadədir, fikirlərini çox. rahat ifadə edə bilir. Dərin zəkaya malik olduğu üçün, heç kəs onun qədər həmsöhbətlərini dinləməyi bacarmır. Çox vəfalıdır. Göstərilən etimadı tamamilə doğruldur. Başqaları üçün əlindən gələni edir, sədaqəti öz-özünü hər şeydən məhrum etmək dərəcəsinə qədər çatır. Dostları haqlı olaraq, ona hörmət bəsləyirlər. Hər hansı ədalətsizlik onda etiraz doğurur və o, vəziyyəti düzəltmək üçün əlindən gələni etməyincə sakitləşmir. Bir sözlə, o, müdrik, zəngin dünyagörüşlü, əsl filosofdur...

 

Haqqında söhbət açdığım Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində dünyaya gəlib. 1984-cü ildə Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasında ilk elmi işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Füzuli Bayat 1997-ci ildə isə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib. 1993-1995-ci illərdə AMEA-nın "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olub, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışıb. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində işləyib. 2003-cü ildən 2012-ci ilədək AMEA Folklor İnstitutunun aparıçı elmi işçisi olub. 2012-ci ildən həmin institutun "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsində çalışır. 56 kitabın, o cümlədən, 45 monoqrafiyanın, 13 tərcümə və tərtib kitablarının və 200-dən çox elmi məqalənin müəllifidir...    

 

“Media mühitində simvollaşdırmanın folklor variantı ortaya çıxır. Məsələn, yeni məzmunlu atalar sözləri və məsəllər, aforizmlər, deyimlər, mahnı sözləri və lətifə başlıqları və sözləri, ənənəvi folklor qəhrəmanlarının ironik modelləri, tanınmış şəxsiyyətlərin parodik obrazları buna misal ola bilər. Bu isə son dövrlərdə tədqiqatçıların da qeyd etdiyi kimi, kütləvi informasiya vasitələrində intertekstualizmin artdığını göstərir. Artıq belə bir mühitdə verbal folklordan danışmağa dəyməz. Çünki folklorun və konkret olaraq aşıq sənətinin, aşıqlıq ənənəsinin dəyişməsinin əsas səbəbi insanların müasirlik, postmodernizm, şəhərləşmə, köçlər, populyar mədəniyyət, moda və media kimi Qərb yönlü həyat tərzi seçmələri, bunun da mentalitet (zehniyyət) dəyişikliyinə səbəb olmasıdır. Bütün bunlar cəmiyyətdəki mədəni dəyişikliklərin əsas səbəbləri olduğundan virtual folklor anlayışını da gündəmə gətirir. Virtual folklor üz-üzə söylənən xalq ədəbiyyatından fərqli olaraq folklorun texnologiyalaşmasıdır. Təbii ki, aşıq da bu prosesin içindədir və baş verənlərə ən tez reaksiya verən söyləyicilərdən biridir. Bütün hallarda folklorun KİV-də reallaşması media məkanının xüsusi mülkiyyəti ilə müqayisədə, məlumatların müntəzəmliyini və təkrarlanmasını təmin edən vasitələrlə həyata keçirilir. Həm də ünsiyyət vasitələrinin çoxkanallı və dəyişkən olmasına töhfə verən texniki vasitələrin köməyi ilə şifahi söz sənəti məlumatları ötürmə vasitəsi kimi yeganə və ən məqbul vasitə olan sözə əsaslanır. Neoaşıq texnologiya əsrində repertuarında sözdən daha çox musiqiyə yer verir, bunu ondan televiziya kanalları, internet yayımları tələb edir. Neoaşığın performansı həm görsəl, həm də dinlənilən mediaya bağlıdır."- söyləyir.

 

Özünüreklamdan çox uzaqdır. Cəmiyyət içində ön planda olmağı, seçilməyi xoşlamır. Sakit yaşamağa və özünü səbirli aparmağa üstünlük verir. İncə və səmimi yumoru yaxşı duya bilir. Çox emosionaldır və hamıya qarşı mehriban olmağa çalışır. Həyatda stabil olmaq onun ən müsbət xüsusiyyətlərindəndir. Yalanı qəti sevmir və heç kimə bağışlamır. Hətta qarşısındakı insanın yalan danışdığını dərhal hiss edir.  

İş həyatında intizamlı olduğu üçün adətən işləri uğurlu alınır. Demək olar ki, müvəffəqiyyət onun alın yazısıdr. Problemlərin həllində isə çox mahirdir...

 

Xülasə, inanmaq istəyirəm ki, folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı üzrə ölkədə tanınan filologiya elmləri doktoru, professor Füzuli Bayatın ən böyük uğuru hələ irəlidədir. Nə vaxtsa ona da - Akademik- deyə müraciət edəcəklər...

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, namizədlər nəticələri qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə əldə edə bilərlər.

Qəbul olunan namizədlər tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.

Yeni tədris ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Strit art incəsənəti ilə hər kəs tanışdır. Küçə rəssamlarının küçə divarlarına çəkdikləri gözoxşayan rəsmlər hər kəsi valeh edir. Hətta onlar bəzən qaydaları da pozurlar. Bir fransız rəssam Bakıda metro qatarını rəngləyib yararsız hala salmamışdırmı? Amma əlbəttə ki, bunlar istisnadır. Küçə rəssamlığı incəsənətin ən mükəmməl bir qolu olaraq qalır və qalacaq.

 

Murallar və qrafitlər şəhərləri canlandırır, əhalini heyrətləndirir. Bir çox strit-art yaradıcıları divarlara qeyri-leqal rəsm çəkməkdən ümumdünya şöhrətli rəssama çevrilməyəcən uzun bir yol keçiblər. “Ədəbiyyat və incəsənət” portalı miridei.com-a istinadən öz oxucularına küçə rəssamlarının ən yaxşılarından olan Etam Kryunu təqdim edir.

 

Etam Kryu

İlk olaraq sizə Etam Kryunu təqdim edirik - haqlarında ən çox danışılan küçə rəssamlarını. Bu, iki polşalı küçə rəssamının psevdonimidir. Onların çəkdikləri murallar – divar rəsmləri öz ölçülərinə görə adamı hədsiz təsirləndirir, hətta heyrətləndirir. Onlar tək Polşada deyil, bütün Şərqi Avropada gözəl izlər qoyurlar. İndi planlarında Avropanın Qərbini də bəzəyib Amerikaya üz tutmaq dayanır.

İlk vaxtlarda onlar qeyri-qanuni fəaliyyətə görə cərimələnirdilər, amma indi Polşa hökuməti rəssamlara sifarişlər verir, onlara böyük paralar ödəyir. Onlar da ölkəni, bir növ, abadlaşdırırlar. Təsəvvür edin ki, Polşaya gələn minlərcə turist Varşava, Qdansk, Xojuv, Zaqlembe, Vrotslav, Katovitse kimi şəhərlərdə xüsusi ekskursiya turlarına çıxaraq Etam Kryunun divar rəsmlərinə tamaşa edirlər.

Öz işlərində folklor motivlərinə və sürrealizmə müraciət edən rəssamlar bir işi başa çatdıranacan aylarını sərf edib hədsiz yorulurlar, bununla belə, əsla bezikmirlər. Çünki həqiqətən ortaya şedevr qoyurlar.

 

Şəkildə: Rəssamın yaratdığı bir şedevr

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

Çərşənbə, 29 İyul 2026 12:12

Sən hansı pəncərədəsən? – ESSE

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Baxmaq hər zaman görmək deyil.

Bunu irəliləyən yaşlarda daha yaxşı fərqinə vardım. Heç də hər şey göründüyü kimi deyilmiş.

İnsanların etdiyi ən böyük səhvlərdən biri, həyat hadisələrinə sadəcə öz pəncərələrindən baxmaqdır. Halbuki həyatı, insanları, hadisələri, ətraf mühiti bir pəncərədən baxmaqla tanımaq mümkün deyil.

 

Və bizim ən böyük yanılqılarımızdan biri, hər şeyi öz baxış bucağımızla dəyərləndirməkdir.

Baxdığımız pəncərənin təmizliyindən, mövqeyindən asılı olaraq gördüklərimiz fərqli ola bilər.

Görmək üçün sadəcə göz kifayət etmir, qəlb gözü ilə görmək də gərəkdir.

 

Bəzən də görmək, başqasının pəncərəsindən baxmaqdır.

Çünki hər pəncərə fərqlidir — insanlar kimi.

Kiminin pəncərəsi böyük, kimininki balaca…

Kiminin pəncərəsi günəşə açılır, kimininki qaranlığa, səssizliyə.

Ona görə də kiminsə baxışını tam anlamaq üçün onun pəncərəsinin qarşısında dayanmaq gərəkdir.

Bəs sən nə vaxtsa öz pəncərədən kənara baxmısan?

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

 

Çərşənbə, 29 İyul 2026 16:41

Liderlik qanunları, nömrə 16

“Ədəbiyyat və incəsənət” portalı Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallara cavab axtarışındadır.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.       

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

 

 

16.Güclü həmlə qanunu

«Həmlə – liderin ən yaxşı dostudur».

 

Hər bir lider bəzən öz təşkilatının fəaliyyətinə dəyişiklik etmək lüzumu ilə rastlaşır. Bu zaman açar – irəliyə hərəkətçün impuls hesab olunur, həmin nəsnə də «güclü həmlə» adlanır. Hər bir dənizçiyə məlumdur ki, hərəkətsiz gəmini idarə etmək mümkünsüzdür. Hər bir güclü lider də başa düşür ki, istiqaməti dəyişmək üçün öncə hərəkət etmək lazımdır, güclü həmlə qanununun mahiyyəti də bax elə budur.

Güclü lider həmişə lazımi işlərin baş tutması üçün vasitə tapa bilir. Güclü həmlə yaratmağa elə adam lazımdır ki, başqalarını motivasiya etməyi bacarsın. Ancaq eləsi lazım deyil ki, özünün motivasiyaya ehtiyacı olsun.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.