Super User

Super User

“Ədəbiyyatvə incəsənət” portalXalq şairiVaqifSəmədoğlunun 85 illiyimünasibətilə keçirilənPoeziyamüsabiqəsində fərqlənəngənc şairlərin şeirlərinitəqdimetməkdədir. XatırladaqkiAllahşükürAğa 2-ciyeritutmuşdu.

 

 

AllahşükürAĞA

 

LƏPİR

 

Axşamqoyubgəldiyimayaq  izlərimi

Səhər  qarşılayıram,

Demək, yaşayıram...

 

Birayaqləpirim

Axşamyağanyazyağışından

Birovucsusaxlamış içində...

 

Bir  alagözsərçə suiçir

Ayaqləpirimdən.

 

Başını yuxarı qaldırdıqca

Sərçəninduasını eşidirəm:

“Allah, sabahımız üçündə

Birayaq  saxla”.

 

Elə sevinirəmki,

əyilibbaxıram

ayaqlarıma...

 

 

BAYILTÜRMƏSİ

 

Buasfaltınaltında

Bayıltürməsiolubbirvaxt.

Bizdə  ürəyə bax, görhardankeçirik?

 

Ayağımı yerə bərk vururam,

Burda, bax burda

Müşfiqin dodağının qanı var.

 

Burda, bax burda

Müşfiqin bir şeiri var, divara yazılan,

Hecası cızılan.

Gərək  o divar parçasını götürüb saxlayaydıq.

 

Burda, bax burda,

Torpağın altında

Sızıltılı bir ah var.

Burda, bax burda

Bir günah var...

 

Yanımdakı qoca bir qadın deyir mənə:

Türməni çoxdan köçürüblər.

Deyirəm: qanı da?

 

 “Ədəbiyyat və incəsənət”

(30.07.2026)

 

 

 

 

Cümə axşamı, 30 İyul 2026 15:02

İstehlakçı niyə aldanır?

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bəşəriyyətin  dəhşətli düşməni olan xolesterin  bizə hər yerdən - televizor ekranlarından, qəzet səhifələrindən və onlayn bannerlərdən hücum edir. Və elə təəsürat yaranır ki, sanki bundan daha dəhşətli bir xəstəlik yoxdur. Reklamlar öz işini görərək, insanları o qədər qorxudur ki, onlara qan damarlarındakı çöküntüləri təmizləməkdənsə, vaxt və pul itirərək, xolesterinsiz məhsullar axtarmaq daha asan gəlir.

 

Bu gün demək olar ki, bütün marketlərdə  "Xolesterinsiz, E vitamini ilə" etiketli bitki yağları sıra ilə düzülüb. Əgər istehlakçılar, yumşaq desək, ələ salındığını və aldadıldığını anlasaydılar, bu  həqiqətən gülməli olardı. Amma, əslində isə burada heç bir aldatma yoxdur və bu sadəcə bir marketinq hiyləsidir: çünki bitki yağlarında ümumiyyətlə xolesterin olmur. İstənilən bitki yağı (günəbaxan, qarğıdalı, zeytun, kətan toxumu) xolesterinsizdir. Xolestein qaraciyər tərəfindən sintez edilən heyvan mənşəli bir maddədir, buna görə onu bitkilərdə və ya bitki məhsullarında tapmaq mümkün deyil.

Amma istehsalçı onu o qədər yaxşı "hazırlayıb" insanlara təqdim edir ki, bununla da onlar bu hiylədən yaxşı pul qazanırlar. Əslində isə, qida etiketlərindəki “xolesterinsiz”  o qədər də faydalı deyil və ziyanlıdır. Çünki, bu məhsullar kalori baxımından yüksəkdir və trans yağlar ehtiva edir. Trans yağlar isə "pis" xolesterindən daha pisdir. Çünki onlar  ürək və qan damarlarının  daxili divarında yığılaraq, insan sağlamlığına təsir edən xolesterin pilək və ya  lövhələrinin əmələ gəlməsinə kömək edir. Bu isə damarların daralmasına, sərtləşməsinə və ateroskleroz xəstəliyinin yaranmasına səbəb olur.

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu hadisə ədəbi və dənizçilik tarixində ən heyrətləndirici və dəhşətli təsadüflərdən biridir və onu tez-tez uydurma və ya əfsanələrin  gerçəkliyə çevrilməsinə nümunə kimi göstərirlər.

Məşhur Amerika yazıçı Edqar Allan Ponun (1809-1849) 1838-ci ildə yazdığı "Artur Qordon Pimin macəraları haqqında povest" qısa hekayəsində bir gəminin fırtınaya düşdüyü və dörd dənizçinin salda xilas olduğu bir epizod var. Yeməkləri olmadığına görə, sağ qalmaq üçün onlar özlərindən birini yemək üçün püşk atmağa qərara alırlar. Püşk Riçard Parker adlı bir dənizçiyə düşür və o, qurbana çevrilir .

Kitabın nəşrindən 46 il sonra, daha dəqiq 1884-cü ildə "Minyonett" yaxtasında real həyatda baş verən bir hadisə baş verir. Yaxta batır və yalnəz tək bir xilasetmə qayığındakı dörd nəfər sağ qalır. Məhz 4 nəfər.

Çox güman ki, onlar Edqar Allan Ponun  həmin hekayənisini  oxumamışdılar. Amma sonda onlar da sağ qalmaq üçün gənc bir dənizçini yeyirlər. Maraqlıdır ki, bu gənc dənizçinin də adı Riçard Parker idi.

 Bu əsərin süjeti dünya ədəbiyyatına böyük təsir göstərir. Belə ki, böyük fransız fantastik yazıçısı  Jül Vern hekayədən o qədər təsirlənir ki, bu hekayənin birbaşa davamı olan “Buz Sfinks" romanını yazır.

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Cümə axşamı, 30 İyul 2026 15:34

Bir şair və bir şeir

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

"Bir şair və bir şeir" rubrikasının bu dəfə qonağı Ədəbiyyatda öz cığırı olan şairimiz Faiq Hüseynbəylidir. Sizə şairin "Eşq yolu" adlı şeirini təqdim edirik.

Hər kəsin özünəməxsus bir eşq yolu olur. Amma bilmərrə olaraq bütün eşq yollarının sonunda ya hicran dayanır, ya da vüsal.

 

 

FAİQ HÜSEYNBƏYLİ,

“EŞQ YOLU”

 

Yolum həsrət yolu, yolum eşq yolu,

Götürdüm intizar çəliklərini.

Nəyini qırırsan bu sınıq qəlbin?

Bacarsan, yapışdır çiliklərini.

 

Sən də gəl, bu ömrü mənlə qət eylə,

Bu kasıb ruhumu səltənət eylə.

Ürəyim qəm damır, mərhəmət eylə,

Yama ürəyimin dəliklərini.

 

Necə də doğmadır su səsin sənin,

Sözə ilham verir həvəsin sənin.

Közümü üfürsün nəfəsin sənin,

Gələndə götür gəl körüklərini.

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Cümə axşamı, 30 İyul 2026 13:42

İnsan öz taleyini yaşayır, yoxsa seçimlərini?

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İnsan dünyaya göz açdığı ilk gündən taleyin və seçimlərin arasında görünməz bir yol ilə addımlayır. Bəziləri inanır ki, hər şey əvvəlcədən yazılıb, insan sadəcə həmin yazılmış sətirləri yaşayır. Digərləri isə hesab edir ki, həyatın müəllifi insanın özüdür və hər qərar gələcəyin istiqamətini dəyişdirir. Əslində isə bu iki anlayış bir-birinə qarşı deyil, bir-birini tamamlayan iki həqiqətdir. Taleyin bizə verdiyi imkanlar və qarşılaşdırdığı hadisələr ola bilər, amma həmin hadisələr qarşısında necə davranacağımız, hansı yolu seçəcəyimiz artıq bizim məsuliyyətimizdir.

 

Eyni ailədə böyüyən iki qardaşı düşünək. Onlar eyni evdə yaşayır, eyni məktəbə gedir, eyni çətinlikləri görürlər. İllər sonra biri cəmiyyətə faydalı, mərhəmətli və savadlı bir insan olur, digəri isə həyatını yanlış qərarlar üzərində qurur. Əgər hər ikisinin taleyi eyni idisə, bəs bu fərq haradan yarandı? Cavab onların seçimlərində gizlidir. İnsan eyni başlanğıcdan fərqli sonluqlara gedə bilir. Deməli, taleyin açdığı qapıdan hansı istiqamətdə gedəcəyimizi çox vaxt özümüz müəyyən edirik.

Həyat hər gün bizi kiçik seçimlərlə sınağa çəkir. Hansı sözün deyiləcəyini, hansı addımın atılacağını, kimə kömək ediləcəyini, kimdən üz döndəriləcəyini biz seçirik. Bəzən elə düşünürük ki, yalnız böyük qərarlar həyatı dəyişir. Halbuki insanın taleyini çox vaxt heç kimin əhəmiyyət vermədiyi kiçik seçimlər formalaşdırır. Vaxtında deyilən bir üzr, uzadılan bir əl, oxunan bir kitab, imtina edilən bir pis vərdiş və ya səbirlə gözlənilən bir gün illər sonra tamam başqa bir həyatın təməlini qura bilir.

İnsan bəzən uğursuzluqlarını taleyin üzərinə ataraq öz vicdanını sakitləşdirməyə çalışır. "Qismətim belə imiş", "taleyim gətirmədi" kimi ifadələr çox zaman məsuliyyətdən qaçmağın ən rahat yoluna çevrilir. Halbuki həmin uğursuzluğun arxasında bəzən tənbəllik, yanlış qərar, səbrsizlik və ya düşünülməmiş addımlar dayanır. Taleyi günahlandırmaq asandır, öz səhvini qəbul etmək isə cəsarət tələb edir.

Əlbəttə, insanın seçə bilmədiyi həqiqətlər də var. Heç kim hansı ailədə doğulacağını, hansı ölkədə dünyaya gələcəyini, hansı dövrdə yaşayacağını müəyyən etmir. Bunlar taleyin insanın qarşısına qoyduğu başlanğıc nöqtələridir. Lakin başlanğıc nöqtəsi son mənzil demək deyil. Tarix elə insanların həyat hekayələri ilə doludur ki, yoxsulluqdan zirvəyə yüksəlib, çətinlikdən güc alıb, ümidsizlikdən ümid yaradıb. Əgər yalnız taleyin hökmü keçərli olsaydı, belə həyat hekayələri heç vaxt yazılmazdı.

Bəzən insanın qarşısına elə hadisələr çıxır ki, onların səbəbini izah etmək mümkün olmur. Gözlənilməz xəstəlik, qəfil itki, təbii fəlakət və ya təsadüfi qarşılaşma... Bunlar insan iradəsindən kənarda baş verir. Lakin həmin hadisələrdən sonra ayağa qalxmaq, ruhdan düşməmək, yaşamağa davam etmək yenə də seçimdir. Həyatın böyüklüyü də məhz burada görünür. İnsan başına gələnləri həmişə dəyişə bilməz, amma onların onu necə dəyişəcəyinə özü qərar verə bilər.

Seçim insanın xarakterini də formalaşdırır. Dürüst olmaq, yalan danışmamaq, başqasının haqqına girməmək, vicdanla yaşamaq hər gün təkrarlanan qərarlardır. Heç kim bir gündə yaxşı və ya pis insan olmur. İnsan hər gün etdiyi seçimlərlə öz daxilində görünməyən bir heykəl yonur. İllər keçdikcə həmin heykəl onun xarakterinə çevrilir. Buna görə də xarakter təsadüf deyil, uzun illərin seçimlərinin nəticəsidir.

Müasir dövrdə seçim etmək əvvəlki dövrlərlə müqayisədə daha da çətinləşib. İnsan hər gün saysız-hesabsız informasiya, fikir və təsirin içində yaşayır. Sosial şəbəkələr, reklamlar, ictimai təzyiqlər çox zaman insanın öz düşüncəsini kölgədə qoyur. Elə buna görə də bu gün ən böyük seçimlərdən biri başqalarının istədiyi kimi deyil, vicdanının dediyi kimi yaşaya bilməkdir. Çünki insan bəzən həyatını özü üçün deyil, başqalarının alqışı üçün qurmağa başlayır. Belə olanda isə xoşbəxtlik uzaqlaşır.

Taleyə inanmaq insana təsəlli verə bilər, amma yalnız taleyə arxalanmaq insanı passivləşdirə bilər. Seçimə inanmaq isə məsuliyyət hissini gücləndirir. Hər iki anlayış arasında tarazlıq quran insan həm ümidini itirmir, həm də əllərini yanına salıb gözləmir. O bilir ki, bəzi qapıları tale açır, amma o qapıdan keçmək üçün addımı özü atmalıdır.

İnsanın həyatına nəzər salanda bir həqiqət daha aydın görünür: seçim yalnız bu günü deyil, gələcək nəsilləri də formalaşdırır. Valideynin övladına ayırdığı vaxt, müəllimin şagirdinə söylədiyi bir cümlə, rəhbərin kollektivə göstərdiyi münasibət – bunların hər biri gələcəyə atılmış toxum kimidir. O toxumun necə bir ağaca çevriləcəyi isə həmin an edilən seçimdən asılıdır. Bəzən bir insanın vicdanla verdiyi qərar onlarla insanın həyatını dəyişir, bəzən də məsuliyyətsiz bir seçim uzun illər silinməyən iz buraxır.

Tarix də bunu təsdiqləyir. Böyük dəyişikliklər bir anda yaranmayıb. Onların arxasında cəsarətlə verilmiş qərarlar dayanıb. Elm adamları rahat həyatı deyil, araşdırmağı seçiblər. Sənətkarlar şöhrətdən əvvəl zəhməti seçiblər. Vətənini sevən insanlar qorxunu deyil, məsuliyyəti seçiblər. Əgər onlar taleyin gətirdiyi çətinliklər qarşısında dayanıb geri çəkilsəydilər, bu gün bəşəriyyət bir çox dəyərlərindən məhrum olardı.

Lakin seçim etmək həmişə asan olmur. İnsan bəzən iki doğru, bəzən isə iki yanlış arasında qalır. Elə məqamlar olur ki, hansı yolu seçməsindən asılı olmayaraq nəyisə itirəcəyini anlayır. Həyatın mürəkkəbliyi də buradadır. Müdriklik heç vaxt yalnız düzgün cavabı bilmək deyil, bəzən ən az zərər verən yolu seçə bilməkdir. Yetkin insan seçim etməzdən əvvəl yalnız öz xeyrini deyil, başqalarının taleyini də düşünür. Çünki hər qərarın görünməyən nəticələri olur.

İnsan ömrünün sonunda geriyə baxanda daha çox başına gələn hadisələri deyil, özü verdiyi qərarları xatırlayır. "Kaş o sözü deməyəydim", "kaş qorxmayaydım", "kaş həmin fürsəti qaçırmayaydım" kimi peşmanlıqlar göstərir ki, insanı ən çox incidən yaşaya bilmədiyi seçimlərdir. Çünki tale bəhanə ola bilər, amma vicdan insanın susduğu, çəkindiyi və ya yanlış seçdiyi anları heç vaxt unutdurmur.

Bunun əksi də doğrudur. Vicdanla verilmiş qərarlar insanın ən böyük sərvətinə çevrilir. Bəzən bunun mükafatı dərhal görünmür. Dürüst insan çətinlik çəkə, zəhmətkeş insan gec nəticə əldə edə, yaxşılıq edən insan qarşılığını dərhal görməyə bilər. Ancaq zaman çox şeyin ən ədalətli hakimidir. O, gec-tez hər seçimin nəticəsini insanın qarşısına çıxarır. Əkilən toxum necədirsə, yetişən məhsul da elə olur.

Əslində taleyi də dəyişdirən məhz seçimlərdir. Dünən verilmiş qərarlar bu günümüzü, bu gün verdiyimiz qərarlar isə sabahımızı yaradır. Hər gün sanki həyat kitabının yeni bir səhifəsini yazırıq. O səhifədə bəzi sətirlər əvvəlcədən mövcud ola bilər, lakin onların davamını yazan qələm bizim əlimizdədir. Buna görə də insan öz taleyinin tam sahibi olmasa da, onun necə oxunacağını müəyyən edən müəlliflərdən biridir.

Bu gün cəmiyyətimizin də ən çox ehtiyac duyduğu məhz düzgün seçim mədəniyyətidir. Asan qazancı zəhmətdən üstün tutmamaq, nifrət əvəzinə anlayışı seçmək, biganəlik əvəzinə məsuliyyət göstərmək, yalanın rahatlığını deyil, həqiqətin çətinliyini qəbul etmək... Bu seçimlər təkcə fərdi deyil, bütöv bir cəmiyyətin mənəvi simasını formalaşdırır. Güclü dövlətlər ilk növbədə düzgün seçim etməyi bacaran insanların çiyinləri üzərində qurulur.

 "İnsan öz taleyini yaşayır, yoxsa seçimlərini?" sualının tək bir cavabı yoxdur. İnsan taleyin qarşısına çıxardığı hadisələri yaşayır, lakin həmin hadisələrin onun həyatını necə dəyişəcəyini seçimləri müəyyən edir. Tale bizə yolu göstərə bilər, amma o yolu necə gedəcəyimiz öz iradəmizdən, vicdanımızdan və məsuliyyətimizdən asılıdır.

Bəlkə də həyatın ən böyük hikməti elə budur: insan taleyini həmişə seçə bilmir, amma taleyi qarşılayacaq insanı – yəni özünü – hər gün yenidən seçə bilir. Və məhz bu seçim insanın ən böyük azadlığı, ən ağır məsuliyyəti və ən qiymətli sərvətidir.

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Cümə axşamı, 30 İyul 2026 08:40

Doğum gününüz mübarək, ölümsüzlər!

Dünya çempionluğundan şəhidlik zirvəsinə: MAHHXHQ Əsgər Kamil Salahov

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Müddətdən artıq hərbi xidmət keçən əsgər Kamil Mətləb oğlu Salahov, 44 günlük Vətən müharibəsinin ilk günlərində Talış-Suqovuşan istiqamətində misilsiz qəhrəmanlıq göstərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur.

 

Erkən illəri və dünya çempionluğu

Kamil Salahov 30 iyul 1998-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuşdur. O, uşaqlıq illərindən idmana və hərb sənətinə böyük maraq göstərmiş, güclü iradəsi və cəsarəti ilə həmyaşıdlarından seçilmişdir.

İdman uğurları: Kamil idmanın Qarışıq Döyüş Növləri - MMA ilə peşəkar səviyyədə məşğul olmuşdur. Qısa müddətdə böyük uğurlara imza ataraq MMA üzrə bir neçə dəfə dünya çempionu tituluna sahib çıxmış, Azərbaycan bayrağını beynəlxalq arenalarda qürurla dalğandırmışdır.

 

Hərbi xidməti və peşəkar fəaliyyəti

Kamil Salahov 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müddətli həqi hərbi xidmətini uğurla başa vurmuşdur. Lakin daxilindəki Vətən sevgisi onu yenidən orduya bağlamışdır.

O, sənədlərini təqdim edərək Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu kimi xidmətə başlamışdır.

Orduda tuşlayıcı-operator ixtisasına yiyələnən Kamil, 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində də fəal iştirak edərək rəşadət göstərmişdir.

Ailəli idi və gələcək nəsillərə fəxr dolu bir ad qoyan bir oğul yadigarı var.

 

Vətən müharibəsi və döyüş yolu

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan ilk dəqiqələrdən etibarən Kamil Salahov ön cəbhədə döyüşə atıldı. Onun xidmət etdiyi bölmə cəbhənin ən çətin və strateji nöqtələrindən olan Talış və Suqovuşan istiqamətlərində düşmən sədlərinin yarılması tapşırığını almışdı.

Döyüş meydanında dünya çempionuna məxsus çeviklik və hərbçi cəsarəti nümayiş etdirən Kamil, döyüş yoldaşları ilə birlikdə düşmənin 9 postunun darmadağın edilməsində və yarılmasında birbaşa iştirak etdi.

 

Yaralı yoldaşlarını xilas edərkən gələn şəhadət

28 sentyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən şiddətli döyüşlər zamanı Kamil Salahov düşmən atəşi altında qalan yaralı döyüş yoldaşlarını təhlükəli zonadan çıxarmağa çalışırdı. Fədakarlıq göstərərək dostlarını xilas edən zaman mənfur düşmənin snayper gülləsi ilə başından ağır yaralanaraq qəhrəmancasına şəhid oldu.

Şəhidimizin nəşi doğulduğu Yevlax rayonuna gətirilərək Yaldili kənd qəbiristanlığında böyük el izdihamı və hərbi ehtiram qaydaları ilə torpağa tapşırılmışdır.

 

Dövlət təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, həmçinin Suqovuşanın azad edilməsində göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Kamil Salahov ölümündən sonra aşağıdakı yüksək dövlət mükafatlarına layiq görülmüşdür:

"Vətən uğrunda" medalı

"Cəsur döyüşçü" medalı

"Suqovuşanın azad olunmasına görə" medalı

 

Əbədi xatirəsi

Kamil Salahovun xatirəsi doğulduğu Yevlax rayonunda dərin hörmətlə anılır. Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mütəmadi olaraq şəhidimizin xatirəsinə həsr olunmuş onlayn şahmat və idman turnirləri keçirilir, gənc nəslə onun qəhrəmanlıq dolu həyat hekayəsi aşılanır.

Ruhu şad, məkanı cənnət olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Cümə axşamı, 30 İyul 2026 16:34

O ellərdə sazım, sözüm qaldı...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yenidən saz-söz diyarı Göyçədən söz açırıq.

Ruhun qidası olan və yağı taptağında qalan bir elimiz var uzaqda.

Bir gün ora dönmək ümidi ilə.

 

Bu gün Əməkdar mədəniyyət işçisi Aşıq Mahmud Məmmədovun anım günüdür.

O, 22 may 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəliklə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüblər və hazırda öz övladları, qohumları ilə həmin kənddə yaşayır. Tovuzda 7 illik təhsilini başa vurandan sonra aşıq sənətinə ciddi maraq göstərib və o vaxtlar Tovuz-Gəncəbasar bölgəsində böyük nüfuzu olan ustad aşıq Vəli Qaraxanlının yanına şəyirdliyə verilib.

Bir il ustadın yanında qalandan sonra 1950-ci ildən əmisi oğlu Aşıq İmran Həsənovdan təxminən 12 ilə yaxın sənət dərsi alıb. 1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Elə həmin ildə gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və ümumdünya festivallarında laureat adını qazanıb.

Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadi çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi “Abbas-Gülgəz” dastanı ona böyük şöhrət gətirib. Dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən incəsənət görüşlərində fəal iştirak edib, ifaçılığına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. Aşıqların III, IV, V və VI qurultaylarının iştirakçısı olub. Onun söylədiyi “Koroğlu” və “Abbas və Gülgəz” dastanları Azərbaycan Televiziyasının “qızıl fondu”nda saxlanılır.

 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında Atatürk qızıl medalına layiq görülüb. Prezident təqaüdçüsüdür. 2007-ci ildə “Hörmət olan yerdə, məhəbbət olar” adlı şeirlər kitabı çap olunub. Kitabda aşığın müxtəlif illərdə qələmə aldığı divanilər, gəraylılar, qoşmalar, deyişmələr, müxəmməslər, xatirə-rəvayətlər və aşığa həsr olunan şeirlər toplanıb. Dəfələrlə beynəlxalq folklor və aşıq festivallarının laureatı oub.

Fransa, Avstriya, Rusiya, Türkiyə, İran və başqa ölkələrdə qastrol səfərlərində olub və Azərbaycan aşıq sənətini ləyaqətlə təmsil edib. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olub. Anadan olmasının 70, 75 və 80 illiyi təntənəli şəkildə qeyd edilib. 30 iyul 2020ci ildə, 85 yaşında dünyasını dəyişib.

 

Kitabları

- “Hörmət olan yerdə, məhəbbət olar”aaa

- “Allah qəlbə görə verir”

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Cümə axşamı, 30 İyul 2026 14:32

Bir ömür Naxçıvan teatrında

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva isə aktrisa olub. Sofiya Hüseynova uşaqlıqdan anasının sənətinə maraq göstərib. Sonda da bu maraq öz sözünü deyib...

 

Azərbaycan xalq artisti, teatr sənətçisi, Sofiya Hüseynova 17 fevral 1926-cı ildə Naxçıvanda anadan olub. Sofya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala Dövlət Dram Teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb.

Sofiya Hüseynova həyatı boyu Naxçıvan teatrın aktrisası olub, bir-birindən maraqlı və rəngarəng obrazlar yaradıb. Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması", İsgəndər Coşqun) və s. rollar aktrisanın yaradıcılıq nailiyyətləri sayılır

Milli koloriti həmişə əsas götürən aktrisa, eyni zamanda əcnəbi dramaturqların pyeslərinin tamaşalarında oynadığı obrazların yaşadığı dövrün etiket qaydalarını, sosial mənşəyini, kübar davranış tərzini dərindən mənimsəyib. Mənimsədiklərini isə ifa etdiyi rollarda yaradıcılıqla reallaşdırıb. Bu baxımdan kruçinina, Larisa ("Günahsız müqəssirlər" və "Cehizsiz qız", Aleksandr Ostrovski), Liana ("Bostan iti", Lope de Veqa), Xanuma ("Xanuma", Avksenti Saqareli) rolları aktrisanın ifasında məharətlə oynanılıb. Mütənasib uca boyu, zərif bədən quruluşu aktrisaya müxtəlif rollar oynamağa geniş imkan yaradıb.

 

Filmoqrafiya

 

- Tale yükü

 

Mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı

4. "Şöhrət" ordeni

5. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

6. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

7. "Teatr Xadimi" qızıl medalı

 

Aktrisa 30 iyul 2015-ci il tarixində 89 yaşında Naxçıvanda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Cümə axşamı, 30 İyul 2026 09:30

Xalq artisti Xəyyam Mirzəzadənin anım günüdür

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanın məşhur bəstəkarlar pleadasında bir ad da var - Xəyyam Mirzəzadə! Və bu gün onun anım günüdür…

 

Azərbaycan SSR xalq artisti Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələnib.

52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb. Etirazçı olub bəstəkar. Cəmiyyətdəki neqativliyə dözməyib, həmişə səs ucaldıb.

Bəstəkarın hələ sağlığında onun haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" və "Maestro. Özüm və zaman haqqında" adlı sənədli filmləri çəkilib.

 

Filmoqrafiya

- Abidələr danışır

- Abşeron ritmləri

- Afroditanın qolları

- Axınla aşağı

- Arxada qalmış gələcək

- Arxadan vurulan zərbə

- Bağ mövsümü

- Bakı eyvanları

- Bakıda küləklər əsir

- Baş tutmayan ziyafət

- Birisigün, gecəyarısı

- Belə də olur

 

Əsərləri

1. Baletləri

Ağlar və qaralar

 

2. Kamera orkestri üçün

Musiqi

Üç xoreoqrafik şəkil

 

3. Simfonik orkestr üçün

I Simfoniya

II Simfoniya

Kiçik lirik süita

Oçerklər-63 simfonik poema

"Muğan çöllərində" süitası

 

4. Xor, solist və simfonik orkestr üçün

- "Çiçəklən, Vətənim" — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə

- Partiya haqqında oda  — sözləri: Bəxtiyar Vahabzadə

 

5. Ağac nəfəs alətləri üçün

Sekstet

 

6. Mis nəfəs alətləri üçün

Kvartet (1970)

 

7. Simli kvartet üçün

I Kvartet

II Kvartet

Dörd miniatür

Noraşen rəqsləri

 

8. Violin və fortepiano üçün

Sonatina

Poema vä sketso

 

Mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı

4. Azərbaycan SSR Lenin komsomolu mükafatı

5. "Şərəf" ordeni

6. Şöhrət ordeni

7. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

8. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

 

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Tarixdə izi və sözü olan Cəmo bəy Cəbrayılbəyli 29 yanvar 1887-ci ildə Şamaxı şəhərində anadan olub. Atasını erkən itirib. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxuyub. O, 1908-ci ildə imtahan verib məktəb müəllimi adını alıb. 1919-cu ilə kimi Şamaxıda müəllim işləyib.

 

1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat — qızlar üçün seminariya yaradılıb. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli olub. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlayıb.

Tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutub. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli olub. O illərdə texnikum təkcə Azərbaycan üçün deyil, Orta Asiya və Dağıstan respublikaları üçün də pedaqoji kadrlar hazırlayıb.

Yavər Kələntərlini ailəvi məclislərdə çox zaman Cəmo Cəbrayılbəyli müşayiət edib.  Yavər Cəmoya baxıb gülümsünəndə, o dərhal tarını götürüb, Yavər xanımın yanında əyləşib. Yavər "Segah" üstə "Leyli və Məcnun" poemasından bir qəzəl oxumağa başlayan kimi, məclis sükuta qərq olub. Yavər oxuyub-qurtaran kimi məclisi alqış sədaları bürüyüb. Onun ünvanına təriflər yağmağa başlayıb.

Sonra Cəmo yenidən tarını sinəsinə basıb. "Kəsmə- Şikəstə"yə başlayıb Yavərə baxıb. Araya sükut çöküb. Yalnız tarın həzin sədaları altında Yavərin ürəkyandıran "Kəsmə-Şikəstə"si eşidilib. O gecə, həmin məclisdə qərara gəliblər ki, tezliklə Maarif evində keçiriləcək tədbirdə Yavər Kələntərli də çıxış etməlidir. Gənc sovet dövlətinin məktəb-maarif məsələlərində, az qala, inqilab elan etdiyi günlər idi.

Müəllimlərin sözü hər yerdə keçib. Başının ağrımasını istəməyən Xudaverdinin də razılıq verməkdən başqa çarəsi qalmayıb. Elə oradaca əlüstü müsamirədə Yavər Kələntərlini müşayiət edəcək musiqiçilər də müəyyənləşdiriliblər. 1924-cü il noyabrın 5-də Maarif evinin ikimərtəbəli binasında sovet hakimiyyətinin 5-ci ildönümü münasibətilə tədbir keçirilib.

O gecə Yavər "Mahur-hindi" muğamını ifa edib. Onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət ediblər. Bundan sonra Üzeyir bəy ona muğam dərnəyinə getməyi məsləhət görüb.

"Cəmo bəy" təxəllüsü ilə bəzi şeirlər də yazıb.

 

Əsərləri

- Tarixi-təbii (İnsan, Heyvanat).

- Heyvanat dərsləri (birinci dərəcə məsai məktəblərinə görə yazılmışdır)

- Təbiətə ilk addım (birinci dərəcə məktəblərin ikinci və üçüncü qruplarına görə yazılmışdır)

- Müxtəsər nəbatat (birinci dərəcə məktəblərə görə yazılmışdır)

- Təbiəti öyrən

- Heyvanat dərsləri (birinci dərəcəli məktəblər üçün)

- Heyvanat dərsləri (əmək məktəbləri üçün tədris və pedaqoji kitabları)

- Müxtəsər nəbatat (əmək məktəbləri üçün tədris və pedaqoji kitablar)

 

Cəmo bəy 30 iyul 1965-ci ildə vəfat edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımlıdır

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.