Milli Musiqi Günü Sumqayıt Musiqi Kollecində

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Gənclik şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Sumqayıt Musiqi Kolleci tək şəhərin deyil, ölkənin musiqi həyatında əhəmiyyətli yer tutur. Buradan müxtəlif illərdə olduqca adlı-sanlı musiqiçilər çıxmışlar. Həm də kollec tez-tez müxtəlif tədbirlərə, görüşlərə, konsertlərə evsahibliyi edir.

Milli Musiqi Günündə də belə oldu, kollecdə rəngarəng tədbir keçirildi.

 

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Samir Həmidov, Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasının müdiri, professor Jalə Qulamova, Xalq artisti, professor Ağaverdi Paşayev, professor Malik Quliyev, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, Sumqayıt Dövlət Universitetinin rektor müşaviri Hüseynqulu Quliyev, prorektor Elşad Abdullayev, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri və musiqi xadimləri iştirak edirdilər.

Tədbirdə çıxış edən kollecin direktoru Natəvan Həsənova 18 Sentyabr – Milli Musiqi Gününün Azərbaycan musiqi mədəniyyətində xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Bildirdi ki, bu əlamətdar tarix Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar və görkəmli maarifçi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Milli Musiqi Günü Azərbaycan professional musiqisinin formalaşması və inkişafında mühüm rol oynamış böyük sənət irsinin xatırlanması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli tarixdir.

Bədii hissədə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutan əsərləri təqdim olundu. Dahi bəstəkarın əsərləri kollecin müəllim və tələbələrindən ibarət orkestr, xor ansamblı, duet və solo ifalarla səsləndirildi.

Tədbir çərçivəsində Üzeyir Hacıbəyli irsinin Azərbaycan professional musiqisinin inkişafındakı rolu, milli musiqi ənənələrinin qorunması və yaşadılması məsələləri diqqətə çatdırıldı.

18 Sentyabr – Milli Musiqi Günü Azərbaycan professional musiqisinin keçdiyi inkişaf yolunu, milli musiqi irsinin zənginliyini və bu irsin müasir dövrdə davamlılığını əks etdirən əlamətdar tarix kimi qeyd olundu.

Nə qədər ki milli musiqimiz yaşayacaq, Üzeyir dühası da yaşamaqda davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.