Doğum gününüz mübarək, ölümsüzlər! Featured

Vətən Sevgisi ilə Şuşaya Ucalan Ömür: Şəhid Ayxan Musayev

 

Murad Vəlixanov,

 "Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində yaralı halda belə ön cəbhəyə qayıdan, rəşadəti ilə dastan yazan qəhrəmanlarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ayxan Mehman oğlu Musayevdir. O, cəmi 20 illik ömrünə böyük bir vətənpərvərlik məktəbi sığdırmışdır.

 

Erkən illəri və təhsili

Ayxan Musayev 22 sentyabr 2000-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. (Anası ilə birlikdə Samux şəhərində babasının yanında qeydiyyatda olduğu üçün rəsmi sənədlərdə bəzən Samux təvəllüdlü olaraq da qeyd edilir).

O, 2006–2017-ci illərdə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə ibtidai və orta təhsilini almışdır. Məktəb illərindən sonra Gəncə şəhər 1 saylı Peşə məktəbinə (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq "Qaz-qaynaqçısı" ixtisası üzrə peşə təhsilinə yiyələnmişdir.

 

Hərbi xidmətdəki ilk uğurları

Ayxan Musayev 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən Ayxan, nizam-intizamı və fəallığı ilə komandirlərinin rəğbətini qazanmışdır.

Hərbi xidməti dövründə göstərdiyi nailiyyətlərə görə iki böyük mükafata layiq görülmüşdür:

"Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi"ndə fərqləndiyinə görə.

"Azərbaycan uğrunda ən yaxşı bölük" adlı hərbi yarışda əldə etdiyi yüksək nəticələrə görə.

 

İkinci Qarabağ Müharibəsi və xəstəxanadan cəbhəyə qayıdış

Hərbi xidmətini uğurla başa vurub ehtiyata buraxılan Ayxan, müharibənin başladığı ilk gün — 27 sentyabr 2020-ci ildə könüllü olaraq ehtiyatda olan əsgər kimi yenidən ordu sıralarına qoşuldu.

O, döyüş yoluna alovlu nöqtələrdən başlayaraq Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən şiddətli döyüşlərdə iştirak etdi. Oktyabrın 1-də keçirilən hərbi əməliyyatların birində onurğasından və qolundan ağır qəlpə yarası aldı. Hospitala yerləşdirilən Ayxan, hələ yarası tam sağalmamış, həkimlərin israrına baxmayaraq, döyüş yoldaşlarını tək qoymamaq üçün könüllü olaraq yenidən ön xəttə qayıtdı.

 

Şuşa uğrunda son döyüş və şəhadəti

Ayxanın ən böyük arzusu Şuşanı görmək və onu azad etmək idi. Noyabrın əvvəllərində Şuşanın azadlığı uğrunda gedən əfsanəvi əlbəyaxa döyüşlərdə fəal iştirak etdi. Sonuncu dəfə anası ilə telefonla danışarkən “Şuşadan sənə şad xəbər deyəcəm” sözlərini söyləmişdi.

Dövlət bayrağımızın Şuşada dalğalandığı gün — 8 noyabr 2020-ci il tarixində Şuşa ətrafında gedən həlledici döyüşdə sağ çiynindən ağır yaralandı. Hospitala çatdırılan və təxminən 20 gün komada qalan Ayxan Musayev, göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq 28 noyabr 2020-ci il tarixində şəhadət zirvəsinə ucaldı.

Noyabrın 29-da qəhrəmanımızın nəşi böyük izdihamla doğma Gəncə şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

 

Təltifləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, əsgər Ayxan Mehman oğlu Musayev ölümündən sonra torpaqlarımızın azad edilməsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə aşağıdakı dövlət medalları ilə təltif olunmuşdur:

"Vətən uğrunda" medalı

"Füzulinin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.