Baxıb gördüm - qəlbi daşdı, ayrıldıq Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu ümid də məni qoydu gümansız,

Vurub keçdi cəllad kimi amansız,

Dillər tökdüm! İnanmadı imansız,

Baxıb gördüm - qəlbi daşdı, ayrıldıq.

                                    Vahid Əziz

 

Bəzi şeirlər var, oxuyub keçə bilmirsən. Bir misrası ilişib qalır adamın yadında, sonra günün hansısa sakit vaxtında yenidən xatırlanır.  Özünü tapır. Vahid Əzizin bu misraları da elədir. Burada təkcə ayrılıqdan danışılmır. Burada bir insanın inanmaq üçün göstərdiyi son cəhd, qarşılığında gördüyü soyuqluq və bütün bunlardan sonra gələn o ağır qəbul var. İnsan bəzən bir münasibətin bitdiyini son anda yox, çox əvvəl hiss edir. Amma bir az da qalım deyir,  hiss etdiyini özünə etiraf etməyə tələsmir. Çünki bəzi həqiqətləri bilmək onları qəbul etməkdən daha asandır.

Ümid də elə həmin yerdə başlayır. Qarşındakı insan əvvəlki kimi deyil, amma sən keçmişdəki halını xatırlayıb indiki davranışına izah axtarırsan. “Bəlkə yorulub”, “bəlkə nəsə olub”, “bəlkə mən səhv başa düşmüşəm” deyirsən. İnsan itirmək istəmədiyi adam üçün bəzən öz ağlına belə inanmaq istəmir. Bir az da gözləyir. Bir az da susur. Bir az da anlayış göstərir. Hətta bunun qarşılığında heç nə almadığı vaxtlarda belə. Amma gözləməyin də bir həddi var. İnsan nə qədər səbirli olsa da, bir yerdən sonra özünü sorğu-suala çəkməyə başlayır. Mən niyə bu qədər izah edirəm? Niyə məni başa düşmək üçün bu qədər danışmalıyam? Niyə ən sadə hissimi belə qarşı tərəfə anlatmaq bu qədər çətindir? Bəzən insanın yorulduğu məhz münasibətin özü olmur, özünü həmin münasibətin içində daim izah etmək məcburiyyətində qalması olur.

 Elə “Dillər tökdüm! İnanmadı imansız” misrası buna görə ağır səslənir. Çünki insanın bütün səmimiyyətinə baxmayaraq inanılmaması çox incidir. Bir şeyi izah edə bilərsən, səhvini etiraf edə bilərsən, niyyətini aça bilərsən. Amma qarşındakı səni dinləmək istəmirsə, sözlərin bir yerdən sonra mənasını itirir. Həmin anda insan anlayır ki, məsələ artıq düzgün cümləni tapmaqda deyil. Bəzən qarşımızdakı insanın bizi anlamamasına o qədər ilişib qalırıq ki, onun bizi anlamaq istəyib-istəmədiyini düşünmürük. Halbuki bunlar tamam başqa şeylərdir. Səni anlamaq istəyən adam bəzən səhvini də bağışlayır, susduğun yerdə sual verir, sərt sözünün arxasındakı incikliyi görməyə çalışır. İstəməyən adama isə ən doğru izah belə artıq görünə bilər.

Ayrılıq da çox vaxt məhz bundan sonra başlayır. Sən hələ münasibətin içindəsən, amma əvvəlki yaxınlıq artıq yoxdur. Danışırsan, amma əvvəlki rahatlıqla yox. Görüşürsən, amma  bir məsafə hiss edirsən. Qarşındakı insan yanındadır, amma sən onun yanında əvvəlki kimi özün ola bilmirsən. Belə vaxtlarda ayrılıq bir qərardan çox, artıq baş vermiş bir həqiqətin qəbuluna çevrilir.

“Baxıb gördüm - qəlbi daşdı, ayrıldıq”.

Bu misrada mənə ən çox toxunan da “baxıb gördüm” ifadəsidir. Çünki insan hər şeyi bir anda anlamır. Baxır, müşahidə edir, susur, gözləyir. Sonra bir gün gördükləri ilə inanmaq istədikləri arasında seçim etməli olur. Bəzən bir insanın qəlbinin bizə əvvəlki kimi açıq olmadığını qəbul etmək üçün böyük bir hadisə lazım deyil. Kiçik davranışlar kifayət edir. Bir vaxtlar vacib olan şeyə laqeyd münasibət, sənin ağrına verilən soyuq cavab, çətin günündə hiss etdiyin təkliyə çevrilən bir münasibət... İnsan bunların hər birini yadda saxlayır.  Bəzən birimiz vaxtında danışmırıq, bəzən o biri tərəf vaxtında dinləmir. Bəzən qürur araya girir, bəzən yanlış anlaşılma böyüyür. Bəzən də iki insanın bir-birini çox istəməsi onların birlikdə qalmasına kifayət etmir. Çünki münasibəti yalnız hisslər yox, davranışlar, etibar, diqqət və qarşılıqlı istək də yaşadır.

Bəlkə də ən çətin qəbul etdiyimiz həqiqətlərdən biri budur: hər sevdiyimiz insan həyatımızda qalmaq məcburiyyətində deyil. Bəzi insanlar bizim üçün çox əhəmiyyətli olur, amma yollarımız yenə də ayrılır. Bununla həmin insanla yaşananların dəyəri də avtomatik olaraq yoxa çıxmır. Bir vaxtlar sənin üçün qiymətli olan bir dostluq bitibsə, bu, onun heç vaxt həqiqi olmadığı anlamına gəlmir. Sadəcə bəzi həqiqi şeylərin də sonu olur.

Sonra zaman keçir. Əvvəl hər xatırladığın an içində eyni ağırlıq yaranmır. Həmin insanın adı əvvəlki kimi ürəyini sıxmır. Bir vaxtlar birlikdə getdiyiniz küçədən keçirsən və ilk dəfə orada yalnız yolu görürsən.  Bu, unutmaq deyil. Sadəcə xatirənin həyatına hökm etməyi dayandırmasıdır.

İnsan bəzən ayrılıqdan sonra qarşısındakını yox, özünü yenidən tanıyır. Nəyə dözə bildiyini, nəyə dözməməli olduğunu, hansı münasibətin içində özünü itirdiyini anlayır. Əvvəl çox böyük görünən bəzi şeylər sonradan başqa cür görünür. Hətta bir vaxtlar “onsuz necə yaşayacağam?” dediyin adamın yoxluğunda həyatın davam etdiyini görürsən. Səhərlər yenə açılır, insanlar yenə danışır, şəhər yenə öz səs-küyü ilə yaşayır və sən bir gün hiss edirsən ki, artıq gözləmirsən. Qarşındakına nə qəzəb qalır, nə də əvvəlki kimi geri dönəcəyinə ümid. Sadəcə qəbul edirsən. Nə yaşanıbsa yaşanıb. Nə deyilməyibsə deyilməyib. Bəzi sualların cavabı olmayacaq. Bəzi söhbətlər heç vaxt baş tutmayacaq. Amma insan hər cavabsız sualla ömrünün qalanını keçirməli deyil. Bir gün anlayırsan ki, daha heç nəyi əvvəlki kimi düzəltmək istəmirsən. O zaman bilirsən ki, ayrılıq artıq qapının ağzında deyil. Çoxdan baş verib...

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.