Bir bahar da küsüb getdi... - Təranə Dəmirin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Şeir saatı” rubrikasında bu gün və bazar ertəsi sizlərə Təranə Dəmirin yeni yazdığı şeirlərini təqdim edəcəyik. Hər dəfə 4 şeir.

 

Bir qədər qüssə, bir qədər acı, bir qədər həsrət və bir qədər də daxili üsyan dolu nostalji ruhlu şeirlər.

 

 

1.

 

 Bəzi sevgilər nöqtəylə başlayır,

Əlindən tutub gedirsən

cümlənin sonunacan.

Bəzi sevgilərəsə nöqtə

qoymaq olmur,

Möhkəm-möhkəm yapışırsan

bir əyri vergülün yaxasından

Ömrünün son ucunacan!

 

 

2.

 

Anamın saçlarına dən, əllərinə qırış düşməmişdi hələ.

Evimiz də əvvəlkiydi,

Üstünü, başını dəyişməmişdik hələ--

Yeddi daş kürsülü, iki göz otaq, bir açıq eyvan,

Eyvandan asılan qaranquş yuvaları,

Yuvaların içində ətcə qaranquş balaları.

Hirslənəndə zəncir gəmirən ala itimiz də ölməmişdi hələ.

Səhərdən axşamacan hürürdü-

Uçan quşa, qaçan dovşana,

Pişiyə, siçana..

Hər gün evdən qəpik-quruş oğurlayıb

qaçardıq Gülağa dayının dükanına.

Rəhmətliyin qəribə gülümsəməyi vardı,

Satdığı şirinquşların üstündə

bir şirin təbəssüm də hədiyyə edirdi adama,

Biz də bu təbəssümə təbəssümlə cavab verırdik utana-utana.

Naxırçı Əhəd dayını həmişə atın üstündə görmüşdüm deyə,

elə bilirdim ki o gecələr də at belində yatır.

Qonşumuz Xanım xalahaçan baxırdın,

görürdün ki, siqaret damağında

oturub evinin qabağında tum satır,

Hərəmiz bir ovuc götürüb qaçırdıq,

Arxamızca söylənə-söylənə qalırdı yazıq.

Televizorlar da pult tanımırdı hələ,

Hələ ağ-qara paltarındaydı içindəki quşlar, uşaqlar, adamlar, ağaclar,

Buludlar, yağışlar, dağlar, yamaclar.

Hələ öz gücümü sınamamışdım,

Hələ atam çəkirdi yükümü...

Sonra payız düşdü,

Sonra yağışlar başladı ,

Sonra yarpaq tökümü.

Eh, bilirsiz bir də nə vaxt böyüdüm mən?

Anamın saçlarına dən,

mənim ürəyimə qorxu düşəndən.

 

 

3.

 

Bürkülü avqust gecəsi,

Yorğun şəhər,

Yuxulu küçələr,

Göyə dırmaşan binalar,

Sabaha açılan pəncərələr,

Pəncərələrin arxasındakı tənhalıq,

Tənhalığın başı üstündə dayanan nigaran qadın kölgəsi..

Dörd tərəfdən qaranlıq baxır ac canavar kimi,

Ölüm qoxusu gəlir gecənin yaş köynəyindən,

Tanış mənzərədi, deyilmi?

 

 

4.

 

Qoşuldu yaz küləyinə,

Dərə-təpə əsib getdi.

Gözümüzün qabağında

Bir bahar da küsüb getdi.

 

Çiçək-çiçək, naxış-naxış,

Sevda-sevda, baxış-baxış,

Bulud-bulud, yağış-yağış

Bir bahar da küsüb getdi.

 

Payız tutdu yaxasından,

Quşlar düşdü avazından,

Bir qarışqa yuvasından

Bir bahar da küsüb getdi.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.