Nəbati ornamentin incə tarixi Featured

Şəbnəm Nəbiyeva,

Azərbaycan Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə məzunu.

“Ədəbiyyat və incəsənət”

 

Ornament - ritmik şəkildə təkrarlanan elementlərdən təşkil olunan dekorativ naxışdı. O, dekorativ-tətbiqi sənət nümunələrinin səthinin bəzədilməsi məqsədilə istifadə olunur. “Ornament” sözü latın mənşəli ornamentum sözündən yaranmış və “bəzək”, mənasını verir.

 

Sadə rəsmdən fərqli olaraq, ornament müəyyən quruluş və kompozisiya sisteminə malikdir. Burada ayrı-ayrı motivlər təsadüfi şəkildə deyil, müəyyən qanunauyğunluqlar əsasında vahid kompozisiya yaradır. Ornamentin əsas xarakterik xüsusiyyətləri ritm, simmetriya, təkrarlanma və kompozisiya bütövlüyüdür.

Motiv isə ornamentin mərkəzini təşkil edir. Həmçinin, ornament daxilində müəyyən mənaya və formaya malik olan, müstəqil şəkildə də tanına bilən dekorativ vahiddir.

Ornament və naxış anlayışları bir-birinə yaxın olsa da, tamamilə fərqli məna daşıyır. Naxış daha geniş anlayışdır və dekorativ məqsədlə yaradılmış sərbəst kompozisiyanı ifadə edə bilər. Ornament isə müəyyən ritmik quruluşa, təkrarlanma prinsipinə, qanunauyğunluqlara əsaslanır.

Müasir dövrdə ornament anlayışı yaxın “pattern” termini istifadə olunur. İngilis dilində pattern müəyyən elementlərin və ya formaların ardıcıl şəkildə təşkil olunduğu quruluşu ifadə edir.

Ornamentlərin əsas əhəmiyyəti müəyyən bir mədəniyyətin dünyagörüşünü ifadə edən vizual dil kimi çıxış etməsidir. Müxtəlif xalqlar naxış vasitəsilə öz inanclarını, təbiətə münasibətlərini, həyat haqqında təsəvvürlərini və estetik zövqlərini ifadə etmişlər. Bu baxımdan bəzi motivlər müəyyən semantikaya malikdir. Məsələn, dairə bir sıra mədəniyyətlərdə günəş, bütövlük və sonsuzluq, üçbucaq dağ, xaçvari motivlər isə qoruyucu məna daşımışdır. Bununla belə, ornamentlərin simvolikası konkret mədəniyyətə və tarixi dövrə görə fərqlənə bilər.

Bu sahənin tədqiqi müəyyən bir xalqın tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsinə imkan yaradır.

Ornamentin tarixi qədim dövrlərə qədər gedib çıxır. İlkin nümunələrində sadə xətlər, ziqzaqlar, dalğavari formalar, həndəsi fiqurlar və digər ritmik elementlərdən istifadə edilmişdir. Bu motivlərin bir qismi təbiət hadisələri, həyat dövranı və insanın ətraf aləmlə münasibəti ilə əlaqələndirilir.

Qədim Misir incəsənətində nəbati motivlər, papirus bitkisini xatırladan formalar, həndəsi elementlər və müxtəlif ritmik dekorativ kompozisiyalar geniş yayılmışdır. Qədim Yunanıstan və Roma incəsənətində isə həndəsi və nəbati ornamentlərlə yanaşı, meandr kimi klassik dekorativ motivlər inkişaf etmişdir.

İslam incəsənətində həndəsi, nəbati və kalliqrafik ornamentlər əhəmiyyət qazanmışdır. Canlı varlıqların təsvirinə münasibət isə müxtəlif İslam mədəniyyətlərində fərqli olmuşdur; buna görə ornamentin inkişafını yalnız canlı təsvirlərinə qoyulan məhdudiyyətlərlə izah etmək düzgün olmaz.

Orta əsr Avropa incəsənətində ornament əlyazmaların bədii tərtibatında geniş tətbiq edilmişdir. Qotika dövründə naxışlar daha çox stilizə edilmiş yarpaq, budaq və çiçək formalarında özünü göstərmişdir.

Barokko və Rokoko dövrlərində bəzəklər daha mürəkkəb xarakter almışdır. Rokoko ornamentikasında yüngül, axıcı və mürəkkəb formalar üstünlük təşkil edirdi.

Nəbati ornament ornamentin ən geniş yayılmış növü hesab olunur. Bu ornament stilizə edilmiş bitki mənşəli elementlərdən təşkil olunur.

Bitkilər bir çox mədəniyyətlərdə həyat, təbiətin yenilənməsi, məhsuldarlıq və bolluq anlayışları ilə sıx bağlıdır. Stilizasiyanın səviyyəsi konkret tarixi dövrün, mədəni mühitdən asılı olaraq dəyişir. Görünüş həmdə onların tətbiq olunduğu material və texnikasından da asılıdır. Məsələn, məxmər, kətan, keramika, metal, ağac və ya daş üzərində işlənən eyni bitki motivi müxtəlif formalarda təqdim oluna bilər.

Bitki naxışının yaranmasının səbəbi kimi qədim insanların maldarlıqdan əkinçiliyə keçidi qeyd edilir. E.ə. IV–III minilliklərə aid bəzi arxeoloji artefaktların üzərində bitki mənşəli motivlərə rast gəlinir. Nümunələrdə arpa və digər kənd təsərrüfatı bitkilərini xatırladan təsvirlərinə rast gəlinir. Belə motivlərin magik və ya ritual məna daşıdığı ehtimal edilir.

Erkən nəbati ornamentlərdə bitki motivləri çox vaxt həndəsi elementlərlə qarışıq tədbiq olunurdu. Dəmir dövründə, bitki motivlərinin heyvan təsvirləri ilə birləşdirilir.

Ornamentikada bitkilər stilizasiyaya uyğrayır. Stilizasiya real obyektin əsas xarakterik xüsusiyyətlərini qorumaqla onun formasının sadələşdirilməsi, ümumiləşdirilməsi və dekorativləşdirilməsidir.

Nəbati ornamentin inkişaf tarixini qədim Misir incəsənəti ilə əlaqələndirən tədqiqatçılar vardır. Qədim Misirdə bitki motivləri, xüsusilə lotus və papirus təsvirləri geniş yayılmışdır.

Bununla belə, nəbati ornamentin yaranmasını yalnız qədim Misirlə əlaqələndirmək düzgün olmaz. Bitki təsbirlərin dekorativ sənətdə istifadəsi daha qədim dövrlərə gedib çıxır. Qədim Misirin erkən incəsənətində həndəsi ornamentlər mühüm yer tutsa da, sonrakı mərhələlərdə nəbati, həndəsi və zoomorf motivlər bir-biri ilə birləşdirilərək mürəkkəb sistemlər yaratmışdır. Naxışlar uzun müddət ərzində təkrarlanaraq Misir incəsənətinin kanonları çərçivəsində təkamül yolunu keçmişdi.

Qədim Misirdə dekorativ motivlər yalnız estetik məqsəd daşımır, həm də dini dünyagörüşü və simvolik təsəvvürlərlə bağlıdır. Lotus çiçəyi Misir mədəniyyətində mühüm rəmzə malik idi - yenilənmə, həyat və yenidən doğuluşu mənasını verir. Lotus motivi bəzi kontekstlərdə ilahə İsida obrazı ilə əlaqədardı.

Papirus da geniş yayılmışdır. Nil vadisinin təbii mühitinin mühüm elementi olmaqla yanaşı, həyat və yenilənməni simvolizə edir.

 Palmetta palma yarpaqlarının stilizə edilmiş formasına əsaslanan dekorativ motivdir. Sonrakı dövrlərdə Yaxın Şərq, Aralıq dənizi və Avropa dekorativ sənətində geniş yayılmışdır.

Qədim Yunanıstanda palmetta xüsusilə memarlıq dekorunda, qəbirüstü abidələrdə görmək olar. Orta əsrlər və sonrakı Avropa incəsənətində müxtəlif nəbati motivlər heraldikada və dekorativ sənətdə istifadə edilmişdir. Lakin burada palmettanın qədim dövrlərdəki günəş kultu ilə bağlı mənasının orta əsr Avropa heraldikasında eyni şəkildə qorunduğunu söyləmək düzgün olmaz. Orta əsr heraldikasında palmetta artıq aid olan sülalənin hakimiyyətinin ilahi mənşəli olduğununa bir işarə olmuşdur.

Qədim Yunanıstanda akant yarpağına da rast gəlmək olar. Akant yarpağı memarlıq dekorunda mühüm yer tutmuş və sonradan klassik ornamentikanın ən səciyyəvi nəbati motivlərindən birinə çevrilmişdir.

Hindistanda isə mürəkkəb və çoxelementli nəbati naxışların inkişafını müşahidə etmək mümkündür. Hindistanın dekorativ sənətinə qədim Şərq və İran mədəniyyətləri təsir göstərmişdir.

Qupt dövründə həndəsi motivlərə tez-tez rast gəlinir, bəzən yarpaq və digər bitkilərlə çərçivələnmişdir. Nəbati ornamentlərin inkişafında İran bədii ənənələri təsiri etsə də, İran nümunələrindən fərqli olaraq daha dəqiq kompozisiyası və zəngin rəng həlli ilə seçilirdi.

XVII–XVIII əsrlərdə İran təsirinin güclənməsi ilə gül-çiçək motivlərin istifadəsi daha da çoxalır. Bu dövrdə sərv ağacı populyarlıq qazanır.

Roma incəsənətində nəbati ornamentlərin bir qismi qədim Yunanıstandan mənimsənilmişdir. Roma mədəniyyətində palıd ağacı şərəf və qəhrəmanlıqla əlaqələndirilirdi. Qartal isə Yupiterin simvollarından biri idi.

Əgər Yunanıstanda ornamentin əsas vəzifəsi gözəlliyi təqdim etmək idisə, Romada  zənginlik, təmtəraq yaratmaq vasitəsi rolunu oynayırdı.

Son Roma dövründə imperiyanın müxtəlif regionlarla intensiv əlaqələri nəticəsində Şərq mənşəli bədii motivlərin istifadəsi daha da güclənmişdir.

İran incəsənətində bitki naxışları dekorativ-tətbiqi sənətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu motivlərin geniş yayılmasında regionun zəngin təbii florası əvəzolunmaz rol oynayır. Sasanilər dövrünə aid bəzi metal və qızıl qabların dekorunda lotusdan geniş istifadə olunurdu.

İran və ümumilikdə Şərqdə floristik ornamentlərin mühüm xüsusiyyətlərindən biri onların “bağ” və “cənnət” təsəvvürü ilə əlaqədar olmasıdır. Bağ qədim dövrlərdən mühüm yer tutmuş, sonradan İslam mədəniyyətində cənnət bağı ideyası ilə əlaqəli şəkildə inkişaf edir. Burada çiçəklər və bitkilər yalnız təbiətin təsviri kimi deyil, həm də idealizə edilmiş, harmonik və sonsuz Cənnət bağı təsəvvürünün ifadəsi kimi çıxış edirdi.

İslam ornament sisteminin ən xarakterik formalarından biri arabesk hesab olunur. Arabesk bir və ya bir neçə motivin mürəkkəb, ritmik və davamlı şəkildə təkrarlanması və bir-biri ilə əlaqələndirilməsi əsasında qurulan dekorativ quruluşdu. Arabeskdə elementlərin sıx şəkildə yerləşdirilməsi nəticəsində fon və ornament arasında fərq yox olur.

Arabeskdə əsasən iki mühüm prinsip müşahidə olunur: nəbati motivlərin stilizasiyası və onların ritmik şəkildə bir-birinə bağlanması.

Termini Avropa sənətşünaslığında İslam və Şərq dekorativ sənətinə aid mürəkkəb ornamentləri ifadə etmək üçün istifadə olunurdu. Termin italyan arabesco sözündən gəlir və “ərəb üslubu” mənasını verir.

İslimi islam naxış sistemində stilizə edilmiş bir-birinə keçərək davamlı kompozisiya yarada bilən. stilizə edilmiş bitkilərin, budaq, yarpaq və çiçəklərin axıcı, spiralvari şəkildə qurulmasına əsaslanır.

İslimi ornamentinin müxtəlif formaları mövcuddur. Bunlara sadə islimi, qanadlı islimi, butalı islimi və hörmə islimi kimi növlər aid etmək olar.

İslimi xalçaçılıq, keramika, metal işləmələri, kitab tərtibatı, memarlıq dekoru sahələrində geniş istifadə edilir. İslimi ornament tərtibatında ayrıca əsas motiv kimi deyil, onun kənar hissələrini, budaqların sonluqlarını və müəyyən elementləri tamamlamaq məqsədilə yaranmışdı.

İslimi ilə əlaqəli mühüm nəbati ornament növlərindən biri xətai ornamentidir.  Burada təbii bitki formaları yüksək dərəcədə ümumiləşdirilərək və sadələşdirilərək dekorativ quruluşa uyğunlaşdırılır. Xətai motivləri xüsusilə xalçaçılıqda geniş istifadə edilmişdir.

Girih və islimi arasında mühüm fərq vardır: girihdə həndəsi nizam və riyazi quruluş üstünlük təşkil edərək “İlahi başlanğıc” mənası verirdisə, islimidə axıcı nəbati formalar və spiralvari budaqlar və “insani başlanğıc” əsas yer tutur.

Arabeskdə insan və heyvan fiqurlarının olmaması bəzi İslam sənət nümunələrində müşahidə edilən xüsusiyyətdi.

Orta əsrlərin sonlarından başlayaraq İslam mədəniyyəti, xüsusilə İslam dünyasında elmi və dini əlyazmaların bədii tərtibatında istifadə olunan mürəkkəb həndəsi və nəbati tərtibat sonrakı dövrlərdə Avropa ornamentikasının tarixinə təsir edən mənbələrdir.

XIV–XV əsrlərdən etibarən Şərqə maraq Avropada daha da güclənmiş, arabesk və ona yaxın dekorativ motivlər qravürlərdə, memarlıq dekorunda, kitab tərtibatında, keramika və xüsusilə İtaliya mayolikasında tətbiq edilmişdir. Renessans dövründə klassik ornament sistemlərinin yenidən mənimsənilməsi ilə yanaşı, İslam və Mavritaniya dekorativ ənənələrindən gələn elementlərin Avropa sənətkarlarının yaradıcılığında görünməyə başlayır.

Çin ornamentikası qədim Çin mifologiyası, həm də Buddizm və digər dini-fəlsəfi dünyagörüşləri ilə əlaqəli şəkildə formalaşmışdır. Naxışlar kainatın harmoniyasını, kosmik nizamı və təbiətlə insan arasındakı əlaqəni ifadə edirdi.

Çində nar təsviro xüsusi diqqət çəkir. Nar burada bolluq, məhsuldarlıq anlayışını əks etdirirdi. Narın çoxsaylı toxumlara malik olması onun nəsilartım mənasını daha da qabarıq şəkildə sübut edir. Buddist ənənələrində isə nar sonsuz həyat mənasını verirdi.

Nar Avropa incəsənətində də geniş istifadə edilmiş, orta əsrlər və İntibah dönəmində Məryəm kultu ilə bağlı olmuşdur.

Yapon incəsənətində bitki motivləri mühüm yer tutur. Bu motivlər təbiət, insan həyatı və zamanın dəyişkənliyi ilə bağlı müxtəlif simvolları ifadə edir.

Kəpənək motivi xoşbəxtlik, sevgini bildirirdi. Lotos çiçəyi paklıq və mənəvi saflığın, sakura incəlik, bambuk isə möhkəmlik, dözümlülük və gücün simvoludur. Sakura ləçəklərinin tökülməsi həyatın keçiciliyini, dünyanın və insan ömrünün əbədi olmadığını ifadə edən mühüm estetik obrazdır.

Xrizantema isə Yapon ornamentikasında uzunömürlülüyü bildirir. Əsasən imperator ailəsi ilə bağlı simvolik məna qazanaraq yüksək mövqe və zadəganlıq anlayışlarını ifadə etmişdir.

Slavyan dünyasında nəbati motivlərə tez-tez rast gəlinir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri nəticəsində zənginləşmişdilər.

XIV–XVII əsrlərdə gül-çiçək, yarpaq, budaq və digər bitki elementlərindən geniş istifadə olunurdu. XII–XIV əsrlərə aid Novqorod əlyazmalarında bir-birinə dolaşan, ritmik və stilizə edilmiş nümunələri görmək mümkündür.

Orta əsr Avropada müxtəlif mədəni ənənələrin, o cümlədən antik yunan və Roma, Bizans, xristian və İslam dekorativ sənətinin qarşılıqlı təsiri naxış tarixində mühüm rol oynamışdır.

Roman dövründə həndəsi formalar  nəbati elementlərlə birlikdə istifadə olunurdu. Nəbati motivlər müstəqil şəklində çıxış etməsə də, memarlıqda, mozaikalarda, relyeflərdə geniş tətbiq edilirdi.

 Qotika dövrü Avropa bitki ornamentikasının təkamülündə mühüm mərhələ hesab olunur. Rozetlər Qotika memarlığında mühüm dekorativ elementlərdən biri olmuş, kilsələrin fasad və pəncərə kompozisiyalarında istifadə olunurdu.

Xristian incəsənətinin inkişafından danışarkən Bizansı da xüsusi qeyd edək. Burada incəlik və şan-şöhrət bir-biri ilə vəhdət təşkil edirdi. Bizans ornamentikasının inkişafında Şərq mədəniyyətləri aparıcı rol oynamışdır.

Bizansda canlı təbiətdən götürülmüş formaların müəyyən dərəcədə abstraktlaşdırılması və stilizasiyası xüsusi əhəmiyyət daşıyırdı.

İntibah dövründə nəbati naxışın inkişafında Sandro Botticelli və digər sənətkarların mühüm rol oynayır. Bitki motivləri daha təbii, üçölçülü formada verilirdi. Ornamentin simvolik funksiyası tamamilə aradan qalxmış, artıq bəzək rolu oynayırdı.

XVI əsrdə tipoqrafiyanın inkişafı ilə naxış nümunələri çap edilir. Ornament nümunələrinin çap texnologiyaları vasitəsilə çoxaldılması onların daha geniş coğrafiyada yayılmasına şərait yaratmışdır.

XVII–XVIII əsrlərdə Avropada ornament sahəsi müxtəlif üslub istiqamətlərinin təsiri altında inkişaf edir.  Barokko və Klassizm bəzək xarakterinin formalaşmasında mühüm yer alır. Barokko dövründə ornamentlər təmtəraq və monumentallıq ilə seçilirdi.

Klassizm dövründə isə antik Yunanıstan və Roma sənətinə maraq yenidən güclənmiş klassik motivlərdən geniş vüsat tapır.

XIX əsrin əvvəllərində, Ampir üslubunda, klassik yunan və Roma ornamentləri ilə yanaşı Misir motivlərinə də maraq artır.

XIX–XX əsrlərdə bitki ornamentin inkişafının ən yüksək mərhələsi Modern (Art Nouveau) üslubu hesab olunur.

Modern üslubu beynəlxalq xarakter qazanaraq müxtəlif ölkələrdə yayılmış və hər bir regionda yerli milli-bədii ənənələrlə sintez olunmuşdur.

XX əsrdə Şərq üslubundan qaynaqlanan nəbati ornamentlər Avropa dekorativ sənətində daha da populyarlaşmışdır.

XIX əsrin sonlarında ornamentin nəzəri və praktiki şəkildə öyrənilməsinə əsaslanan rəsm məktəbləri formalaşmışdır. Məktəblərdə əsas diqqət elementlərinin quruluşuna, onların kompozisiyada yerləşdirilməsinə, ritminə, təkrarına və tətbiq olunduğu səthlə əlaqəsinə yönəldilirdi.

Ornamentin yaradılmasında əsas məsələlərdən biri real təbiət formasının dekorativ formaya çevrilməsi idi. Real bitki obrazı ilə idealizə edilmiş dekorativ forma arasında müəyyən bir bədii tarazlıq yaradılırdı.  Sənayenin inkişafı da nəbati ornamentikanın geniş yayılmasına mühüm təsir göstərən amildir.

Azərbaycanda nəbati ornamentlər dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində geniş şəkildə istifadə olunmuşdur. Xüsusilə İslam dövründə nəbati ornamentikanın inkişafı daha da sürətlənmiş, XV–XVIII əsrlərdə bu ornamentlər yüksək bədii inkişaf mərhələsinə çatmışdır. Nəbati motivlər xalçaçılıq, keramika, metal işləmə, ağac üzərində oyma, tekstil və memarlıq dekorunda geniş tətbiq edilmişdir.

Azərbaycanda geniş yayılmış nəbati ornamentlərdən biri islimi olmuşdur. İslimi budaq, yarpaq, çiçək və spiralvari xətlərin ritmik şəkildə bir-biri ilə əlaqələndirilməsi əsasında qurulan mürəkkəb dekorativ sistemdir. Bu ornament Azərbaycanla yanaşı Yaxın və Orta Şərqin müxtəlif sənət ənənələrində də geniş yayılmışdır. İslimi motivləri haşiyələrdə və səthin ayrı-ayrı hissələrində tətbiq olunmaqla kompozisiyanın bütövlüyünü təmin edirdi.

Cənub-Qərbi Azərbaycanın Maku bölgəsində arxeoloji qazıntılar zamanı gil materialdan hazırlanmış, nəbati motivlərlə bəzədilmiş at fiqurunun aşkar edilməsi bu ənənənin qədimliyini göstərən nümunələrdən biri kimi qeyd edilə bilər.

XIV-XVI əsrlərdə Azərbaycanxalçasənətində xəttivə nəbatimotivlərindahamürəkkəbkompozisiyalardaxilində istifadəsigenişlənmişdirXüsusilə Təbrizxalçalarındaelastikspiralvarivə bir-birinə incə şəkildə keçənbudaqvə yarpaqlardanqurulmuş mürəkkəbquruluşarastgəlinir.

 

Təbrizxalçaçılığındanəbatinaxışlarınbucürzənginvə mürəkkəbquruluşuAzərbaycanxalçasənətində bitkimotivlərininyüksəkbədiiinkişafsəviyyəsininümayiş etdirirBuradaornamentyalnızayrı-ayrı bitkielementlərinintəsvirideyilbütövsəthinritminikompozisiyaquruluşunu və dekorativifadəliliyinimüəyyənedən əsasvasitələrdənbirinə çevrilmişdir.

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.