İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Rosamunde Pilcher (Rozamunda Pilçer) — romantik və ailə mövzulu əsərləri ilə məşhurlaşmış britaniyalı yazıçıdır. Xüsusilə sakit kənd həyatı, ailə münasibətləri, sevgi, itki, dostluq və insan talelərini təsvir edən romanları ilə böyük oxucu auditoriyası qazanıb. Rosamunde Pilcher 22 sentyabr 1924-cü ildə İngiltərənin Kornuoll bölgəsində anadan olub. Əsl adı Rosamunde Scottdur.
Yazıçılığa marağı hələ gənc yaşlarından yaranıb.
İkinci Dünya müharibəsi illərində Britaniya Hərbi Dəniz Qüvvələrinin Women's Royal Naval Service (WRNS) bölməsində xidmət edib. Müharibədən sonra 1946-cı ildə Graham Pilcher ilə evlənib və Şotlandiyada yaşamağa başlayıb. Pilçer əvvəlcə qısa hekayələr yazıb. İlk əsərlərini Jane Fraser təxəllüsü ilə nəşr etdirib. Daha sonra öz adı ilə yazmağa başlayıb.
Onun ən məşhur əsərləri arasında:
- The Shell Seekers — Dəniz qabığı axtaranlar
- September - Sentyabr
- Coming Home - Evə qayıdış
- The Empty House - Boş ev
- Voices in Summer - Yayda səslər
- The End of Summer - Yayın sonu
- Winter Solstice - Qış gündönümü
- Another View - Başqa baxış
xüsusi yer tutur.
Pilçerin ən məşhur romanı “The Shell Seekers” (1987) hesab olunur. Əsərin mərkəzində Penelope Keeling adlı qadının həyatı, ailəsi, keçmişi və xatirələri dayanır. Roman sadəcə sevgi hekayəsi deyil. Burada ailə münasibətləri, keçmişin insan həyatına təsiri, valideyn-övlad münasibətləri, seçimlər və insanın öz həyatını müəyyənləşdirmək istəyi kimi mövzular işlənir.
Kitab dünya miqyasında böyük uğur qazanıb və Pilçeri beynəlxalq səviyyədə məşhurlaşdırıb. Rosamunde Pilcherin romanlarında hadisələr çox vaxt sakit və gözəl təbiət mənzərələri fonunda baş verir. Xüsusilə Kornuoll və Şotlandiya onun yaradıcılığında mühüm yer tutur.
Yazıçının əsərlərində tez-tez:
sevgi - ailə - keçmiş- ayrılıq - yeni başlanğıc xətti müşahidə olunur. Onun dili emosional, sadə və oxucuya yaxın idi. Buna görə əsərləri xüsusilə geniş oxucu kütləsinə çatıb. Pilçerin əsərləri televiziya üçün dəfələrlə ekranlaşdırılıb. Xüsusilə Almaniyada onun romanları əsasında çəkilən televiziya filmləri böyük populyarlıq qazanıb. Bu ekranlaşdırmalar onun adını kitab oxucularından daha geniş auditoriyaya çatdırıb.
Rosamunde Pilcher 6 fevral 2019-cu ildə, 94 yaşında vəfat edib. O, XX əsrin sonu və XXI əsrin əvvəllərində romantik və ailə romanlarının ən tanınmış britaniyalı müəlliflərindən biri kimi yadda qalıb. Pilçerin oğlu Robin Pilcher də yazıçıdır. Beləliklə, ailədə yazıçılıq ənənəsi növbəti nəslə də keçib.
“Ədəbiyyat və incəsənət”
(22.09.2026)


