Bir qadın vardı, bir tərəfi sevgi qoxardı, bir tərəfi yalqızlıq... Featured

“Ədəbiyyat və incəsənət” portalı sizlərə "Şeir saatı" rubrikasında Aysel Əlizadənin şeirlərini təqdim edir.

 

DOĞULACAQ QADIN

 

Məndən sonra doğulacaq qadın

Ruhumu vəsiyyət edirəm sənə.

Gələn bütün kişiləri, şeirlərimi,

Bir də sevgimi vəsiyyət edirəm.

Sevilməyini istəyirəm,

Məni düşün bu şeirimi oxuyarkən, bizi düşün.

Dünyanın ən xoşbəxti ol,

ən bədbəxti də mənim kimi.

Hərdən qəlbini rahat burax,

Hərdən də günah işlət.

Səndən öncə bir şair qadın vardı

Bir az məsum, bir az günahkardı.

Bir adi qadın vardı, bir dəlisov qadın...

Bütün qadınlar o idi.

Coşqun yaşardı, sakit yaşardı.

Sevgiləri, ayrılıqları vardı.

Ən gözəl kişiləri

ən pis qadınlara bağışlayardı.

Bir qadın vardı

Bir tərəfi sevgi qoxardı,

Bir tərəfi yalqızlıq olardı...

...Sənə kədərimi vəsiyyət edirəm.

Bilirəm kədər yaraşacaq sənə,

Gözlərin havaya dikiləcək,

Havanın rəngsizliyində

Daha kədərli görünəcək.

Sənə sevincimi vəsiyyət edirəm

Bilirəm,sevinc yaraşacaq sənə,

gözəlləşəcəksən.

Sən gülüncə o xoşbəxt olacaq.

Sevinclə kədərin dostlaşacaq

Hər yerdə ikisi də yanında olacaq.

Onlardan başqa kimsəyə güvənmə,

Kimsəyə.

Unutma,heç vaxt yerlər unutmayacaq səni,

Unutsa yollar unudacaq.

Məndən sonra doğulacaq qadın,

yerimi sənə verirəm.

qadın olmağı bacarsan

səni şeirlərim ağladacaq.

Ruhuma kövrələcən,

Sükutumu istəyəcən,səs-küyümü də.

Heyif, oturub üz-üzə

Şərab içmədik səninlə, dərdləşmədik.

Heyf ondan danışmadıq,

Sevərsən,

Qorxmazsan sevərsən onu.

Bu bir həyat qanunu, sadəcə sevərsən.

Çox görmə özünə bunu.

Bu acı deyil, bir həyat düzənidi,

sevməsən pozarsan.

Öpürəm səni, qoru özünü.

Özündən sonrakı qadın üçün qoru.

 

 

MƏHBUS

 

Cinsim ağrıyır, anlayırsan? Cinsim ağrıyır.

 Mutlu ol, qadın!   

Cümlələrində dibsiz tənhalıq

çarəsiz qadınlıq

yetim azadlıq görmək istəmirəm.

Bir şeyə əminəm.

Yaxşı sevgili azadlığını əlindən almır adamın

Yaxşı sevgili azadlığına azadlıq verir.

Yaxşı sevgili yaxşı rəhbər kimidir,

özüylə demokratiya gətirir.

Sən onun xalqısan-

 Azad, xoşbəxt görmək istəyir.

Yaxşı sevgili bütün varlığıyla

“xalqına” xidmət (kömək) edir.

 O gələndə sən rahat olursan

gizlənməyə gərək duymursan.

Sənin həyatında onun  

gəlmədiyini görürəm,

Sənə yaxşı sevgili arzulayıram.   

Dəmir ledini xatırlayıram.

Dəmir – zad deyiləm,

sadəcə, qadınam – deyib, ağlamışdı.  

Üzrlü say,   “ siz” lə yaza bilmirəm

İndi çox doğma gəlirsən…

 

 

NƏLƏR GÖRDÜK...

 

Nələr gördük!

İnsan qəlbi təpikləyən adamlar,

Uşaq qəlbi təpikləyən adamlar.

Ürəyinin lap başına kürsü təpənlər,

Dünyayla aramıza hasar hörənlər.

Yaxşıları ruhumuzla öpdük,

Ayağımız yerə dəymədən

ayaq döydük ölüməcən.

 

 PAYIZ GƏLDİ

 

Payız gəldi.

Yavaş-yavaş üşütdü bizi

Xəzan yenə oxşadı gözümüzü

Sən indi harda isinirsən?

Payız gəldi.

Yağış yenə itirir izi

Sən indi harda özünsən?

Mən meşələrdə

tənha, quru agaclara

kürkünü geydirən biriyəm,

Mən indi özüm ağac kimiyəm,

üşüsəm, kürkünü verərsənmi?

Yağışlarda kövrəlirəm,

kövrəlsəm, ovutmağa gələrsənmi?

Təbiətin saçları tökülür

torpaq saçları öpür

Təbiət ölüb-dirilir...

Hökmünü dəyişmir zaman

Yenə pəncərəmdə damcıları sayıram

Sən aynanın uzağında qalırsan

Mən hər payız

yalnız Səni gözləyirəm

Sən hər payız gəlmirsən.

Yay bitdi...

Əllərim yenə üzümü örtdü.

Payız gəldi, getdi...

 

 

GÖRÜNMƏYƏN AY İŞIĞI

 

Səni azadlığa buraxıram

İçində yaşamaq istədiyin

qadınlara get.

Təki yaşa!   

 

Dərimin qoxusunu sev

Sənə toxunuşumu sev

yad  tutqularda…

 

Ayın ağacın arxasındakı işığında

Arzuladığın hər qadında

həm  də məni sev.

 Mənə doyub  gəl

Bədənini heç yerdə qoyub gəlmə

Mənə gələndə başqa yataqlarda

hər şeyi soyunub gəl!

 

Qısqancığım səni

gözəl qadına qıymağa yetər.

qısqanclığım buna dözər…

İnsanları sevib gəl.

 Bircə, qolunda zəncir gətirmə.

 Tanrılardan od oğurla

Qadınlardan dad oğurla gəl.

 

Mənə gələndə köləlik gətirmə.

 Sevişdiyin hər qadınla

bir qucaq adamla.

 

 

ÇEVRİLİŞ

 

Adını bilmədiyim,

üzünü  görmədiyim tanışım,

bu dünyanın bir qarışı gərəkdi mənə.

Bir qarış yer göstər dayanım. Havadayam. 

Bir də yol ayrıcındayam

Durmadan ağrıyan başdan,

 yaş üstünə yaşdan

birbaşa sənə aparan yol olmalı,

yoxsa nəyə yarıyır bu yaş, bu baş…

Üzünü  görmədiyim tanış,

misraları pillə – pillə qalxsammı,

 pillə-pillə ensəmmi sənə gələrəm?.. 

Bir görüş olmalı əlbət,

bir dönüş,

bir dönüş olmalı…

 

 

GECİKƏN ADAMLARA

 

Mən intihar edəndə sən yoldaydın

gəlirdin…

Ayaq səslərini duya-duya

boğazıma ip salırdım.

Tarixi oya-oya

Özümə yer qazırdım.

Dəm qazı otağıma dolurdu

İlk dəfə rahat nəfəs alırdım.

 sən gəlirdin, yoldaydın

Bu dəfə sağalmaq üçün yox

Ölmək üçün içirdim.

 

Sənin addımların, addımların…

atıldım havadan,

 asıldım tavandan,

ölümü qucaqladım

eh…sən hələ  yoldaydın…

 

 

BU DA MƏN

 

Ağlaya bilməyəcəm, bağışla,

su dövrü deyil.

Quru bir səhracayam, alqışla!

Sən güclü nəsnələri sevirdin.

İstər adamlar,

İstər anlamlar olsun

Susuzluğa dözən torpağı

Öləninə ağı

deməyən qadınları sevirdin…

Alqışla,

Dözürəm!

 

 

EHTİRAS

  

Qolların

ağacların yağışa uzanan,

Günəşə dartınan,

Tanrıya açılan budaqları.

Bəlkə deyil vətən Edem bağı.

Ancaq Sən

Adəmnən çox Alma kimisən

dadında həm sevgi, həm günah…

Məni bağışla, Tanrı!

Məni bağışla, İlahi!

Hər ağacda bağışla.

Ordasansa qarşıla,

Yoxsansa, qarışma.

Cənnətə uçuram, sus. 

 

 

DARIXDIM

 

Sən bilmədin harda, necə darıxdım

Bədənimi sıxıb küncə darıxdım

Saatları basdım sənsiz bağrıma

Yoxluğunu bircə-bircə darıxdım

 

Gülüşümün yalanında darıxdım

Gerçəyimin dalanında darıxdım

Hava kimi doldu ülvi duyğular

Nəfəs-nəfəs boğulanda darıxdım

 

Sirlərimin dözümündə darıxdım

İllərimin düzümündə darıxdım

Bir-birinə dolaşıb düyünlənən

Günlərimin çözümündə darıxdım.

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.