
Super User
Bayquşun naləsi və insanlığın gecəsi
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
(İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsinə kulturoloji baxış)
Ədəbiyyat obrazlar və hadisələr silsiləsinin özgü estetik dəyərlərlə süslənməsidir. - Bütün digər tərifləri ilə yanaşı belə bir tərifi də yadırğamayan söz sənəti həm də insanlıq sınaqlarının bədii platformudur. Yazıçının qələmi, çox vaxt dinməyən bir sual kimi, zamanın ürəyinə sancılır: “Bu qədər qaranlığın içində, kim həqiqətən bayquşdur”? - İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi də, məhz belə sualları gündəmə gətirən yeni bədii mətnlərdəndir.
Bu hekayə – estetik cizgilərlə işlənmiş, mifiklə realist təfəkkürün sınırında dayanan bir tənhalığın prozasıdır.
Burada bayquş arxetipdən insana doğru “uzanır”…
Bayquş çoxmədəniyyətli şüurda ziddiyyətli semantik yük daşıyır: həm ölüm və viranəlik, həm də hikmət və ruhani gözləmlə bağlanır. Türk mifologiyasında isə bayquş şaman papaqlarının bəzəyidir – onun lələyində qoruyucu güc var. Hekayədə bu ikili simvolika – qarovulçunun nəvəsi ilə dialoqunda açıq görünür:
“Bəy quşudu ee bu, bəy quşu! Necə qıyıb, güllə ata bilərsən ona, ay baba”?!
Burada “bayquş” sadəcə quş deyil – dəyişən zamanla toqquşan şüurun özüdür sanki...
Bəs qarovulçu? – O, kimdir – qoruyucu yoxsa qorxağın biri?
Qarovulçunun rolu məkani və mənəvi sınırı qorumaqdır; amma bu hekayədə o, təkcə gecənin deyil, öz keçmişinin və toplumun lənətlədiyi səsin – “bayquş ulartısı”nın qarşısında da qoruyucudur; di gəl, qoruyucu olmaqla qorxan, düşündükcə zəif düşən insandır o:
“Tər basmış yastığını aşırıb, uzuqoylu çevrildi… Divara naümid söykənmiş tüfəngə baxdı”… – Burada qarovulçu – vicdanı ilə savaş içində olan insanlığın simasıdır. Ayrıca, müəllifin “Divara naümid söykənmiş tüfəng” - poetik kəşfi də öz yerində… - Zatən İmamverdi müəllim həm bu, həm digər bədii əsərlərində, demək olar, hər dəfə bir poetik kəşfə imza atır yaxud unudulmaqda olan sözləri, deyimləri yenidən dirildir.
Yenidən hekayənin özünə dönək; oxucu burada viranəlik və mifin çevrilməsi sürəcini (paralelliyini) izləməkdədir.
Müəllif, folklorla yüklənmiş viranəlik anlayışını sadəcə fiziki çürümə kimi yox, ruhani iflas kimi təqdim edir. Bu mifik təcrid – tərk edilmiş ev, nalə çəkən bayquş və yuxuda qayıdan qız – həqiqətdə kültürün boğulan qatıdır. Viranələrdə məskən salmış bayquşun obrazı – toplumun unutduğu vicdanın metaforudur:
“Bəlkə insan bayquşu lənətləyib susdurmaqla – öz əllərilə saldığı xarabalığın səsini kəsir”… - Bax, bu, öz kökünü inkar edən və öz lənətini başqasına yönəldən insanlığın obyektiv tənqididir.
Akademik Nizami Cəfərovun sözügedən hekayə və onun müəllifi haqqında yazısının giriş vurğusunu bu məqamda xatırlamaq yerinə düşər:
“Çox sevinirəm ki, görkəmli yazıçı, publisist və ictimai xadim İmamverdi İsmayılov bu günlərdə qələmə aldığı, ideya-məzmun, bədii- estetik enerji - miqyasca az qala roman gücündə olan "Bayquş və Qarovulçu" hekayəsilə ədəbi mühitimizi canlandıracaq daha bir yaradıcılıq uğuruna imza atdı.
Az-çox peşəkar ədəbiyyatçının bu və ya digər dərəcədə diqqətli müşahidəsi dərhal göstərir ki, İmamverdi İsmayılovun yazılarıında onun ictimai xadimliyi ön plandadır - bəhs elədiyi mətləbin sosial- psixoloji, siyasi-ideoloji, mənəvi-əxlaqi çəkisini, dəyərini (və məsuliyyətini!) son dərəcə həssaslıqla ifadə etməsi də məhz buradan irəli gəlir”.
Uzun, amma zövqlə oxunan hekayə içsəl dialoqlar və
bəşəri məsuliyyət baxımından da özünəməxsus səviyyəyə malikdir.
Hekayənin bədii gücü hadisələrin uslu ardıcıllığı ilə yanaşı, içsəl monoloqların fəlsəfi qatında da yatır. Bayquşun ulaması – doğanın səsi ilə insanın vicdanı arasında körpüdür. Qoca qarovulçunun düşüncəsi isə artıq fərdi yox, bəşəri miqyas qazanır:
“İnsan – canına qorxu düşən kimi, min hoqqadan çıxır… Qorxu isə… sonda qəddarlaşdırır və ölüm gətirir”!..
Bu məqamda hekayə bir fərdin faciəsindən çıxaraq, sivilizasiyanın axirət düşüncəsinə yaxud sonrakı varlıq suallarına çevrilmiş olur.
Əsərin kulminasiyası – güllənin atıldığı an – dramatikdir, ancaq dramatikliklə yanaşı, epistemoloji partlayışdır. Güllə bayquşu da, qarovulçunu da, habelə oxucunun susqunluğunu deşib keçmək istəyir. Sonda isə itirilən “bəy quşu”nun yığvalı ilə birgə, insanın öz mənəvi toxunulmazlığını itirməsi baş verir.
“Bayquş… al qan içində can verən qarovulçunu, naqəfil açılan güllə ilə əlini nahaq qana batırmış qonşunu… özünü ağlayırdı”…
Bu artıq sıravi qəhrəmanlıq yox, kulturoloji sarsıntıdır – necə deyərlər, insan öz lənətini tanıyır, amma onu hələ də silahla “susdurmağ”a çalışır.
Uzun sözün qısası,
İmamverdi İsmayılovun bu hekayəsi – xalq inancları, mifoloji kodlar, sosial konfliktlər və ekzistensial həyəcanlar fonunda yazılmış əsl kulturoloji mətn kimi dəyərləndirməni haqq edir.
Bəs siz necə bilirsiz, “Bayquş və qarovulçu” – əslində, görmək və dərk etmək istəməyən insanlığın portreti deyilmi?.. Sizcə, bayquş bu hekayədə qorxununmu, həqiqətinmi səsidir? - Sual ritorik, cavab aydındır: həqiqətin! Kaş, həqiqətin səsini anlayanlar çox, eşidənlər daha çox olaydı…
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
Ustad Rüstəm Behrudidən gənc Rahilə tərif dolu kəlmələr
Azərbaycanın ustad şairi Rüstəm Behrudi gənc şair Rahil barədə tərif dolu kəlmələr işlədibdir. Ustadların gənclərə bunca diqqət yeritməsi, əlbəttə ki, təqdirəlayiqdir.
“Ədəbiyyat və incəsənət” portalı Rüstəm Behrudinin fikirlərini təqdim edir:
Naxçıvanda kitab sərgisində Rahil adında gənc bir oğlan mənə kitabını təqdim elədi. Kitabı birnəfəsə oxudum! Təpədən dırnağa şairdi bu adam!
Naxçıvan ədəbi mühitinin yenicə yanan şamıdı Rahil!
Yaşı tamam oldu bir ölünün də,
Torpağın altında il çıxarıbdı.
Məzarın ağzından çıxıb başdaşı,
Elə bil ,yer göyə dil çıxarıbdı.
Bəlkə də ,nə vaxtsa cücərsin deyə,
Əkilib torpağın boş xanasına.
Boş xanaya düşən nərd daşı kimi,
Çəkılib torpağın boş xanasına.
İçində yıxılmaq qorxusu yoxdu,
Yerə söykənəndə yıxılmır adam.
Bu geniş dünyada hər can sıxılır,
Yeri dar olanda sıxılmır adam...
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
Böyük bəstəkar, məşhur opera müğənnisinin oğlu AZƏR RZAYEV
Inci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti Azər Rzayevin doğum günüdür. Azər Rzayev deyəndə, öncə ağlımıza Həqiqət Rzayeva gəlir. Çünki Azər Rzayev 15 iyul 1930-cu ildə Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb.
İlk təhsilini Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor Semyon Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində alıb.
Daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranı 2 ixtisas üzrə — bəstəkarlıq üzrə professor B. Zeydmanın və skripka üzrə professor A. Amitonun sinfini bitirib. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayətçi kimi fəaliyyətə başlayıb. Bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınıb. Bəstəkar bu əsərə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq Müsabiqəsində laureat adına layiq görülüb.
1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub, həmçinin 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərib, Radio və Televiziya komitəsində səs rejissoru, M. Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru olub.
Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb. Bəstəkarın yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur.
O, skripka ilə simfonik orkest üçün 3 Konsertin, 6 poemanın, o cümlədən "Həyat vurğunu", "Nəsimi", "Atamın xatirəsinə" poemalarının, "Bakı-90" simfoniyasının, skripka ilə orkestr üçün "Fədai-Vətən", violonçel və simfonik orkestr üçün "Poema-konsert"-in, tar və simfonik orkestri üçün "Düşüncə" və "Qaytağı", fortepiano və simfonik orkestr üçün Konsertin, habelə "Hacı Kərimin Aya səyahəti" adlı bir operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara yazılan musiqilərin müəllifidir.
1963-cü ildən televiziya və radioda "Azərbaycan musiqi tarixindən səhifələr", "Orkestrin musiqi alətləri haqqında", "Bəstəkarlarımızın portreti", "Musiqi aləmi" silsilə verilişlərin müəllifi və aparıcısı olub. 1997-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbi nəzdində "Uşaq simfonik orkestri" yaradıb.
Filmoqrafiya
- Su ərizəsi
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Şöhrət ordeni
- "Humay" mükafatı
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Professor Azər Rzayev 14 dekabr 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 5
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Beləliklə, 21 qanundan növbətisi:
5.E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
Hər şeydən qorxuram, ölümdən yox – POETİKA
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Növbəti təqdim edəcəyim şeirim belə adlanır – “Hər şeydən qorxuram, ölümdən yox”. Qəribə gəldi sizə, yəqin ki. Çünki əksəriyyətiniz heç nədən yox, təkcə ölümdən qorxurlar.
Qoy elə fərqli olsun.
Qorxuram mən hamıdan,
Qorxuram mən özümdən,
Şeirimdən, sözümdən.
Qorxuram mən atamdan,
Qorxuram mən anamdan,
Ən sevdiyim adamdan.
Qorxuram..mən qorxuram..
Süfrəmdəki qaşıqdan,
Alnımdakı qırışdan,
Otaqdakı işıqdan,
Küçədəki uşaqdan...
Mən hamıdan, hər şeydən.
Haqq dedik, haqqı əzdik,
Can dedik, candan bezdik.
Bilsəydik, kaş bilməzdik.
Qorxuram, eh, qorxuram.
Ömrün qarlı qışından,
Bəxtin ağır daşından,
Babamın tez öldüyü
Əlli səkkiz yaşından.
Bircə indi qorxmuram
Vaxtsız gələn ölümdən.
Canımı verim, gedim,
Qurtarım bu zülümdən.
Mən hər şeydən qorxuram
Bu Allahsız şəhərdə
Allahı tapmamaqdan,
Qorxuram..qorxmamaqdan..
Ölüm mənə doğmadı,
Burda günəş doğmadı.
Qorxuram belə ancaq
Qorxmağımdan qorxuram..
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
Müqəddəs sözün işığına tapınan ömür - ESSE
Rəna Təbəssüm,
AJB-nin və AYB-nin üzvü, “Ədəbiyyat və incəsənət” üçün
Bu sirli və müəmmalı dünyaya göz açan hər bir insan yaşamağa və yaşatmağa, arxasınca bir iz qoymağa çalışır. Bəziləri bu izi zamanın tozunda, tozanağında itirir, bəziləri isə zamanın yaddaşına əbədi həkk edir. Qələmi ilə zamanın yaddaşında silinməz iz qoyan, jurnalistikanın ruhunu yaşadan, dəyərinə dəyər qatan, sözü zinətləndirən bir şəxsiyyət - Əməkdar jurnalist, şair, publisist, ədəbiyyatşünas Rafiq Odayın 65 illik ömür yolu yalnız bir həyat deyil, bütöv bir məktəb, təkrarsız salnamə, dəyər və tarixdir.
Rafiq Oday imzası sözə sədaqəti, peşəyə vicdanlı münasibəti, folklora bağlılığı və cəmiyyətə xidmət eşqi ilə yaddaşlara köçən imzadır. Rafiq Oday həm tanınmış şair, həm dəyərli publisist kimi qələmi ilə cəmiyyətin nəbzini tutan, həm də peşəkar jurnalist kimi hadisələrin içinə nüfuz etməyi bacaran, insan taleyinə toxunan, vətəndaş səsi olan nadir qələm sahiblərindən biridir. Yazılarında həyatın ağrı-acısı da var, sevinci də, mübarizəsi də... Bu hal onun hələ ilk şeirlərindən boy göstərirdi:
Bir yol başlamışam üzü sabaha,
Bu yol qandan keçir, qadadan keçir.
Bu yol qasırğalı dənizdən keçir,
Bu yol ot bitirməz adadan keçir.
Bu yolda ağrılar, acılar mənim,
Göz yaşı sel olan bacılar mənim.
Bu yolda yad sözü, düşmən tənəsi
Ox kimi bağrıma sancılar mənim.
Rafiq Oday yaradıcılığının hər sətrində səmimiyyət, hər misrasında insan taleyi, hər yazısında cəmiyyətin əksi duyulur. Bəzən ağrını yazıya köçürən, bəzən zamanın harayına çevrilən, bəzən isə unudulmaqda olan taleləri yenidən gün işığına çıxaran müəllifin qələminin məhsulu olan hər kitab oxucular üçün bir həyat dərsidir. “Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Qarabağ şikəstəsi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr”, “Şərur folkloru”, “Həyatın yaşama düsturu”, “Qərib ruhların nəğməsi”,”Tanrının yerdəki mələyi”, “Ağrıların simfoniyası” və digər kitablarında qələmə aldığı əsərlər bunu əminliklə deməyə əsas verir.
Bəli, söz var qısa zaman kəsiyində dəyərini itirir, yaddaşlardan silinir və unudulur. Söz var yaddaşlarda özünə əbədi məskən salır, söz də var bir xalqın, ulu bir millətin tarixini yazır... Rafiq Oday tarix yazan qələm adamıdır. Oturuşu, duruşu, insanlara münasibəti ilə seçilən şəxsiyyət, sözü ən yüksək mərtəbəsinə qaldırmağı bacaran şairdir. Ulu Tanrıya xitabən yazdığı şeirdə olduğu kimi:
Bir kəlmən mənə bəs eylər,
Ünüm yetdisə, səs eylə.
Qələmi müqəddəs eylə,
Sözə ümid ölməsin.
Rafiq Oday bənzərsiz təcnislər, cinas rübailər, cinas bayatılar yaradan qələm əhlidir, müasir Azərbaycan ədəbiyyatında mükəmməl sonetlər çələngi yaradan iki müəllifdən biridir. Dəyərli qələm sahibi olması ilə bərabər gözəl təşkilatçıdır, işini mükəmməl bilən rəhbərdir. Bu gün ölkənin nüfuzlu qurumlarından biri olan SOCAR “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri kimi kimya sənayesi ilə bağlı yüzlərlə sanballı məqalələrin müəllifidir. Onun informasiya sahəsindəki dəqiqliyi, operativliyi və peşəkarlığı bu təşkilatın ictimai nüfuzunun formalaşmasında mühüm rol oynayıb. Özünün tale şəhəri adlandırdığı Sumqayıtın ictimai-siyasi, ədəbi, mətbu və mədəni həyatında yaxından iştirak edir. Respublika mətbuatında, informasiya portallarında Sumqayıtla bağlı bir-birindən maraqlı yazılarla çıxış edir. Onun Türkiyə və Azərbaycan ədəbi-mədəni əlaqələrinin daha da inkişaf etməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. 2005-ci ildən təsisçisi və Baş redaktoru olduğu “Şaman” qəzeti və 2008-ci ildən “Möhtəşəm Azərbaycan”qəzeti bu əlaqələrin qorunub möhkəmlənməsi, geniş vüsət almasında körpü olub. Sədri olduğu Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatı tərəfindən reallaşan “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrin inkişafına dəstək” layihəsi çərçivəsində 2012-ci ildən bugünədək Azərbaycan ədəbiyyatının bir çox nümayəndələrinin bədii yaradıcılıq nümunələrinin Türkiyənin “Hecə taşları”, “Usare”, “Kardelen”, “Kümbet” və digər dərgilərində nəşrinə nail olub.
Rafiq Odayın arxada qalan 65 illik şərəfli ömrü söz və ədəbiyyat həyatına töhfə verə bildiyi mübarək bir yoldur. 65 yaş – nə az, nə çox, dolu-dolu bir ömür deməkdir. Əməkdar jurnalist, tanınmış istedadlı şair, publisist Rafiq Oday bu yaşa şərəflə gəlib, özündən sonra iz buraxan qələm adamı kimi adını vicdanla, zəhmətlə, sədaqətlə yaşatmaq nəsibi olub. Bu yubiley təkcə onun yaşı deyil, həm də az qala yarım əsrlik zəhmətinin, fədakarlığının, sözə sədaqətinin yubileyidir. Həm qələm ustalığı, həm peşə etikası, həm də insanlıq baxımından bu sahəyə yeni qədəm qoyanlar üçün Rafiq Oday yolu böyük məktəbdir. Mən də bu məktəbin yetirmələrindən biriyəm. 2000-ci illərin əvvəllərindən tanıdığım və redaksiyasında çalışdığım qısa müddətdə jurnalistika sahəsinə daha yaxından bələd oldum. Eyni zamanda baş redaktorumun yüksək insani keyfiyyətlərinə şahidlik etdim.
Müqəddəs sözün işığına tapınan ömür sürən, qələmi və şəxsiyyəti ilə qəlblərə yol tapan, əsl ziyalı kimi rəğbət qazanan Rafiq Oday! Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik! Sizə sağlam can, yeni yaradıcılıq uğurları və ruhunuzun daim ilhamla dolu olmasını arzu edirik. Sözünüz yaşasın, iziniz itməsin!
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
Həsən Kürə rekviyem
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət”
Bir gün səhər yenə açıldı – bu dəfə acı bir xəbərlə üz-üzə qaldıq. Həmin gün hər kəs ondan yazdı, amma sonra hamı öz həyatına, əvvəlki halına qayıtdı. Dünən gördüm ki, Qəşəm Nəcəfzadə Həsənə bir şeir həsr edib. Oxuduqca anladım: Həsən Kür qəlblərə yol tapa bilən bir insan imiş.
Şeirləri ilə ürəkləri fəth edə bilmişdi. Təəssüf ki, bəziləri onu yalnız ölümündən sonra tanıdı. Belə halların yaşanması çox acıdır. Bir gənc, vətəninin keşiyində dayandı, düşmənə müqavimət göstərdi. Bəlkə də indiki hadisə onun yaşadığı ağrıların, keçirdiyi hisslərin, fəsadı, nəticəsidir nə bilmək olar.
Həsən Kür çox gözəl bir şair idi. Biz isə onu nə şair, nə də müharibədə canından keçmiş bir əsgər kimi qoruya bildik. Onun xatirəsini yaşatmaq – bu, sonranın işidir. Amma məni düşündürən odur ki, biz niyə yalnız bir insan öldükdən sonra hərəkətə keçirik? Sağlığında ona dəstək olmaq, yanında dayanmaq, onu qorumaq varkən...
Həsən Kürlə heç vaxt bir kəlmə də danışmamışam.Ümumi şəkildə birgə dayanmaqdan başqa bir tanışlığım olmayıb. Amma elə bil ki çoxdanın tanışıyıq. Çünki şeir tərəfdən onunla qohumuq. Çünki gözəl söz yaxın edir. Sevdirir.
Məni düşündürən, ağrıdan nəticə budur: Hər dəfə ağır bir dərd yaşananda, bir hadisə baş verəndə insanlar tez bir zamanda barışıb, özlərini yenidən pozitivə kökləyirlər. Mən də bizimkilərin, insanlarımızın həqiqətən xoşbəxt olmasını istəyirəm. Yalnız məsələ budur ki, biz artıq həssaslığımızı itirmişik.
Bəziləri səsini qaldıraraq öz varlığını sübut etmək istəyir. Halbuki bu günün gəncliyi müharibədə can qoyub, əlimizdən gedən torpaqları geri qaytarıb. Damarında azərbaycanlı qanı axan hər kəs bu qüruru hiss edir və anlayır.
Çox ağırdır – bir insanın qəfil yox olması, ayrılığın acısı, bir daha qayıtmamaq həqiqəti. Bunlar çox ağırdır.
Özü də ata olan, övlad qayğısı çəkən bir insan idi. Həsən Kür – deyəsən, bir az “kürlük” etdi. Həyatla bacarmadı. Amma o, böyük düşməni böyrü üstə qoyub, 30 illik həsrətə son qoyanlardan oldu. Özünü dünyanın çəngindən, oyunlarından xilas edə bilmədi. Nə baş verdiyini bilmirəm. Sadəcə, şeirlərini oxuduqca düşünürəm: bu gün poeziyada səs-küylə gündəmə gələn, sözləri dalbadal yığıb məclislərdə başda oturan şairlər var. Onlar qalaq-qalaq kitablarında belə, Həsən kimi şeir yaza bilmirlər. Onlar var və olacaq. Həsən Kür isə artıq yoxdur.
Hə, bir də “kasıbçılıq” deyilən azar var ki, o da həmişə yaxşıları tapır – zülm, əziyyət, övlad yanında utanmaq hissi… Görəsən, nədən?
Şeirlərinin birində deyir ki ...
Sən mənə şərfini göndərmə daha,
Səngər beşik kimi istidir, qızım.
Vətən sənin kimi suyuşirindi,
Hamını özünə istədir, qızım.
Görsən darıxırsan, şəkillərə bax,
Körpə əllərini boynuma dola.
Boylan pəncərədən getdiyim yola,
Bu məni görməyə bəs edir, qızım.
Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir.
İnan, göndərdiyin bütün dualar
Gəlir, başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.
Allah üstümüzdən çəkməsə əlin,
Birgə yandırarıq zəfər məşəlin.
Hamının qorxduğu zalım əcəlin
Boyu boyumuzdan bəstədir, qızım.
Əgər günün biri, geri dönməsəm,
Eşidə bilməsən atanın səsin,
Qorxma, ürəyinə qorxu düşməsin,
Atan ölməyibdi, xəstədi, qızım.
Həsən Kür bu şeirində yazdığı məktubdur indi, bu dünyaya bir məktub kimi gəldi, həyat yolunu yarımçıq qoyub getdi. Bu qədər sadə. Ədəbiyyat itirdi, vətən itirdi. Biz itirdik.
İtki – dərdlərin şahbəndidir.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
窗体顶端
窗体底端
窗体顶端
窗体底端
Operamızın yeni ulduzu – ARZU ƏLİYEVA
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ən elitar incəsənət sahəsi olan opera sənətini daim diqqət mərkəzində saxlayır, ən son məlumatları, ifaçıları gündəmdə saxlayırıq. Bu gün Arzu Əliyeva barədə danışacağıq. Bu gün Azərbaycan Respublikasının əməkdar artisti Arzu Əliyevanın doğum günüdür.
Arzu Əıliyeva 1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Səbail rayonunda yerləşən Tofiq Məmmədov adına 239 saylı orta məktəbin I sinfinə gedib, 2008-ci ildə həmin məktəbin XI sinfini bitirib. Bundan əlavə 2002-ci ildə Yasamal rayonunda yerləşən 22 saylı musiqi məktəbinə muğam dərsləri almağa gedib, 2008-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib və əlavə olaraq 7-illik fortepiano təhsili də var.
2008–2012-ci illərdə bakalavr, 2013–2015-ci illərdə magistr pilləsi üzrə Azərbaycan Respublikasının Milli Konservatoriyasını qırmızı diplomla bitirib. Konservatoriyada oxuduğu illərdə dərslərini əla qiymətlə oxuduğu üçün "Süleyman Ələskərov" adına təqaüdlə təltif edilib.
Müəllimi Respublikanın Xalq artisti, Dossent, Şərəf orderli Mənsum İbrahimov olub. İlk dəfə istedadını müəllimi üzə çıxarıb. Məhsuliyyətli və böyük səhnədə olan çıxışı 2003-cü ildə "Heydər Əliyev adına Saray"da keçirilən ölkə Prezidentimiz cənab İlham Əliyevin and içmə mərasiminə ayrılan konsert proqramında olan çıxışı olub. 2004-cü ildə Türkiyə Respublikasında keçirilən "VII Uluslararası dünya festivalı"nda uğurlu çıxış edib. 2005-ci ildə televiziya vasitəsilə yayımlanan Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunan "Muğam ifaçılarının 1-ci Respublika müsabiqəsi"nə seçilən 20 finalçıdan biri də Arzu Əliyeva olub.
Həmin ildə "Dövlət Muğam Teatrı"nın rəhbərliyi tərəfindən işə dəvət alıb və orada çalışdığı üç il ərzində bir çox dövlət tədbirlərində müvəffəqiyyətlə çıxış edib. 2006-cı ildə Astara rayonunda keçirilən "Muğam ifaçılarının III Respublika müsabiqəsi"nin "Qrandpri" mükafatına layiq görülüb. 2006-cı ildə Qazağıstan Respublikasında keçirilən "Delfi Oyunları" müsabiqəsinin laureatı olub və 2007-ci ildə Hindistanın Dehli, Laknao və Hardivar şəhərlərində "Mədəniyyət günlərinə" həsr olunmuş konsertlərdə iştirak edib. Bununla yanaşı həmin ildə İran İslam Respublikasında "Azərbaycan günləri"ndə də iştirak edib.
2007-ci ildə daha bir səfəri Cənubi Koreyanın Seul şəhərinə olub. Burada kecirilən "Azərbaycan günləri"ndəki çıxışları cox gözəl qarşılanıb. 2007-ci ildə növbəti səfəri Özbəkistanın Səmərqənd şəhərinə olub. Orada keçirilən "Şərq Təranələri" festivalında "YUNESKO-nun BAŞ MUKAFATI" na layiq görülüb. 2008-ci ildə Avstriyanın Viana şəhərində keçirilən "Mədəniyyət günləri"ndə iştirak edib və 2008-ci ildə Fransanın Paris, Belçikanın Brüssel, Almaniyanın Münhen şəhərlərinə səfərlər olub. Bundan əlavə Çin, Mərakeş, Litva, Rusiyanın müxtəlif şəhərlərində keçirilən "Mədəniyyət günləri"ndə də iştirak edib.
2009-cu ildə keçirilən "I Respublika Muğam Müsabiqəsi"ndə" laureat adını qazanaraq "I Beynəlxalq Festivalı çərçivəsində keçirilən Muğam Müsabiqəsi"ndə müsabiqənin ən gənc iştirakçısı kimi "Bəstəkarlar İttifaqı"nın mükafatına layiq görülüb . 2010-cu ildə Bəstəkar Süleyman Ələsgərov Mükfatı laureatı olub və eyni ildə İngiltərənin London şəhərində keçirilən "Mədəniyyət günləri"ndə iştirak edib və 2011-ci ildə əlaçı tələbə olduğu üçün Həmkarlar ittifaqının təqaüdünə layiq görülüb.
2011-ci ildə keçirilən "II Beynəlxalq Muğam festivalın"da Akademik Opera və Balet teatrında "Şah İsmayıl" operasında "Ərəbzəngi"obrazını canlandırıb. 2012-ci ildə tarixdə Türkiyə Cumhuriyyətində ilk dəfə keçirilən "Azərbaycan günləri"ndə iştirak edib, 2013-cü ildə fervralin 2-si "Gənclər Mükafatı laureatı" və bununla yanaşı "İlin işgüzar xanımı" adına layiq görülüb. 2011-ci ildə "Azərbaycan gözəldir", 2013-cü ildə "Deyin hardadır" və 2017-ci ildə 3-hissəli musiqi albomu işıq üzü görüb.
2013-cü ildən "Əsli və Kərəm" opersında Əsli, 2015-ci ildən "Leyli və Məcnun" operasında Leyli obrazını canlandırmağa davam edib.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Vida”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VİDA
Yuxuda dünyayla vidalaşırdım,
Dünya gözəl idi, ayrılmaq çətin.
Deyirlər, yaxşıdır qocalıb ölmək,
Belədir qanunu kor təbiətin.
Dünyadan ayrılmaq çətindir, gülüm,
Tez də gəlsə, gec də aparsa ölüm.
Həyatın günləri keçsə də acı,
Ölümdən istəmir insan əlacı...
Yaşamaq – namuslu bir insan kimi
İnsana şərəfdir, böyük nemətdir.
Ömrün uzunluğu bəs deyil, ömrün
Mənalı keçməsi bir səadətdir.
Ömrü kitab kimi vərəqləyəndə
Nə qədər boş günün, ziyanın olmuş.
Nə qədər yaşayıb-yaratmısansa
Bu ana torpağın, dünyanın olmuş.
Boş keçən günlərin ağ vərəqlərdir,
Yazmamısan ora bir sətir belə.
Çalışaq, dolduraq günlərimizi
Həyatın işıqlı nəğmələriylə.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
Filmlər - "80 gün dünya ətrafında"
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Film ingilis bankını naməlum bir çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları"nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir...
Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır.
Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foqun edə biləcəyinə inandırır. Arabanı götürdükdən sonra, Lord Kelvin tərəfindən Foqu dayandırmaq üçün işə götürülən Müfəttişdən çətinliklə qaçaraq Londonu tərk etməyi bacarırlar.
Paspartunun bankdan oğurladığını — Buddasını geri qaytarmaq istəyən General Fenqin xidmətçilərindən qaçmaq məcburiyyətində qaldıqları Parisə gedirlər. Lao Şinnin doğma kəndi olan Lanzhounu ələ keçirmək istədiyi üçün, hərbi köməyin müqabilində Buddanı Kelvinə verir. Tomas Edisonun ixtiralarının sərgisinə Foqqun rəhbərlik etmək iddiasında olan Paspartu onu gələcək impressionist olan Fiyeas Monique ilə görüşdüyü sənət məktəbinə aparır. Foq əvvəlcə rəsmlərində təsvir olunan şeylərin mümkünsüzlüyü barədə onunla mübahisə etsə də, onlardan biri onu — qanadlı bir adamı heyran edir. Foq həmişə bir insanın uçmasına imkan verən bir avtomobil qurmağı xəyal edirdi. Fen əsgərləri ilə döyüşdən sonra Paspartu'da gəlir və sahibinə gec olduqlarını söyləyir. Monike ilə birlikdə bir balonda yola düşürlər.
Türkiyəyə gəldikdən sonra onları Şahzadə Hapinin özü qarşılayır. Bir neçə saat şahzadənin hovuzunda yatırlar, amma sonra şahzadə Monikenin yeddinci arvadı olaraq yanında qalmağı əmr edir. Foq və Paspartu Şahzadə Hapinin ən sevimli sənət əsərini — Rodinin düşünən heykəlinin parodiyasını Hapiyə bənzəyən bir parodiya ilə təhdid edir. Hər üçü qaçmağı bacarır.
Lord Kelvin, bütün bunları və Paspartunu Buddanın oğurlanması barədə eşidərək Foqun oğrunun qaçmasında köməkçisi olduğunu deyir. Filyas-ın tutulması üçün başqa bir bəhanə olaraq Hindistandakı İngilis qoşunlarına hər iki adamı həbs etmələrini əmr verir.
Hindistanda Paspartunun həbs qərarı alınır və yoldaşlarına xəbərdarlıq edilir. Qadınlara çevrildikdən sonra, hər üçü polisdən qaçmağı bacarır, lakin Fen agentlərindən deyil. Inspektor Fik və sekstantı bir silah olaraq istifadə edərək, Filyas və Paspartunu düşmənləri məğlub edərək Çinə qaçmağı bacarır.
Ərazi ilə tanış olan Paspartu yoldaşlarını Lanzhouya aparır. Orada bir neçə gün keçirdikdən sonra Filyas, nəhayət Paspartu-nun yerli döyüşçü olan Lao Şin olduğunu öyrənir. Fen qoşunlarının, Qara Əqrəblərin Jade Budda ətrafında bir mübarizənin iştirakçısı olduğunu da öyrənir. Foq, dostlardan çox məyus olur, çünki Monike bu barədə çoxdan bilirdi.
Daha sonra Qara Əqrəblər kəndə hücum edirlər. Filyas, Monike və Lao Şin tutulur. Ertəsi gün La Şin Əqrəb qrupunun gənc liderini duelə çağırır. Özü ilə mübarizə aparır, ancaq məğlub olur. Sonra "Ten Canton Pələngləri" onun köməyinə gəlir (Çində olduğu kimi 19-cu əsrdə bu şəhərdəki ən yaxşı 10 kunq- fu ustası adlandırırdılar), o da biridir. Pələnglər, daha kiçik olsalar da, Əqrəbləri məğlub edərək Lanzhoudan onları qovurlar.
Jade Budda kənd məbədindəki şərəf yerinə qayıdır.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)