Darıxmağın anatomiyası Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Darıxmaq – insan ruhunun ən sakit, amma ən gurultulu halıdır. Nə sadəcə vaxtın keçməməsidir, nə də sıradan bir tənbəllikdir. O, insan ruhunun açarını itirdiyi bir qapının qarşısında gözləməsinə bənzəyir. Darıxmaq – gözümüzün gördüyü reallıqdan yorulub, ruhumuzun daha böyük, daha dərin bir şey üçün çabalamasıdır. Ruhun acıq eləyib daxilə çəkilməsi, içimizdəki o böyük səssizliyin gurultu ilə danışmasıdır.

 

Bəs nədir bizi bir anda bu görünməz boşluğun içinə atan? Hər şeydən əvvəl doymayan ruhun aclığı. Darıxmaq – ruhun bu narazılıq fəryadıdır. İnsan ruhu daima yeni bir qığılcım, yeni bir nəfəs axtarır. Bədən acanda mədə necə qıldırdayırsa, ruh acanda da darıxmağa başlayır. İnsan ruhu davamlı olaraq yeni bir heyranlıq, yeni bir nəfəs, yeni bir daddan bəslənmək istəyir.

Ətrafımızdakı həyat monotonlaşanda, hər günümüz bir-birinin əks-səda verən kopyasına çevriləndə, həyat eyni valı fırladan köhnə qrammofona dönəndə daxilimizdəki alov da sönməyə başlayır. Ruh belə anlarda bir növ aclıq siqnalı verir: "Bura mənə darlıq edir, mənə yeni bir şey ver!"  

Darıxdığımız anlarda zamanın addımları ağırlaşır. Saniyələr sanki quyunun dibinə düşən su damlaları kimi yavaş-yavaş, əks-səda verərək axır. Çünki çöldən bizi bəsləyəcək heç bir hissin gəlmədiyi o anda, gözlərimiz məcburən öz daxilimizə çevrilir. Məhz o zaman öz daxili səssizliyimizin, yarımçıq qalmış arzularımızın və cavabsız suallarımızın gurultusunu eşitməyə başlayırıq.

 Filosof Şopenhauer deyirdi ki, həyat bir kəfkir kimi ehtiyacla darıxmaq arasında gedib-gəlir. İnsan bir arzusunun dalınca qaçarkən yanır, alışır; amma həmin arzuya çatan kimi hər şey adiləşir və yerini dəhşətli bir boşluq tutur.

Darıxmaq – əslində insanın öz varlığı ilə üz-üzə qalmaq qorxusudur. Gündəlik qayğılar, küçədəki səs-küy, cibimizdəki parıltılı ekranlar çəkilib gedəndə, sükutun ortasında tək qalırıq. Bu sükut bizə fərqində olmaqdan qaçdığımız ən böyük həqiqəti pıçıldayır: "Sən buradasan, bəs həyatın haradadır?"

Lakin darıxmaq yalnız bir əzab deyil, o eyni zamanda ruhun ən böyük emalatxanasıdır, gözəl toxumların cücərdiyi bir torpaqdır. Tarix boyu ən gözəl şeirlər, ən kədərli musiqilər və ən böyük kəşflər məhz bu sıxıntının içində doğulub. Böyük ideyalar heç vaxt səs-küylü, təlaşlı anlarda gəlmir. Onlar darıxmağın yaratdığı o bomboş sahədə kök atır. Çünki ruh sıxılanda, özünə yeni bir dünya yaratmaqdan başqa çarəsi qalmır. Şair darıxanda qələmə sarılır, rəssam fırçaya, filosof isə düşüncəyə. Darıxmaq – varlığın özünə yeni yol açmaq çırpıntısıdır. Darıxmaq – insanın özündən yeni bir insan yaratmaq çırpıntısıdır.

Biz bu gün darıxmaqdan qorxuruq. Bir dəqiqə belə tək qalmamaq üçün əlimizi dərhal telefonlara atır, ruhumuzun bu müqəddəs fəryadını süni görüntülərlə yatırtmağa çalışırıq. Lakin darıxmağın qarşısını süni şəkildə almaq – öz daxilimizə gidən yolları bağlamaq deməkdir.

Darıxmaqdan qorxmamalıyıq. O, ruhumuzun cəzası deyil, onun xəbərdarlığıdır. O bizə pıçıldayır ki, olduğumuz yer artıq bizə darlıq edir, baxışlarımızı dəyişməli, daxilimizdəki sükutla barışmalı və özümüzü yenidən kəşf etməliyik. Darıxmaqdan qorxmaq, hər boş anı telefon ekranı və s. ilə doldurmaq – ruhun səsini boğmaqdır. Onu süni görüntülərlə yatırtmaq əvəzinə, bəzən o sükutun ortasında oturmağı bacarmalıyıq.

Çünki insanın həqiqətdə kim olduğunu anladığı yeganə an – hər şeyin susduğu və yalnız darıxmağın danışdığı o sükut anıdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.