Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Məşhur Hollivud ulduzu Corc Kluni 14 yaxın dostunun hər birinə 1 milyon dollar nağd pul hədiyyə edib. Hadisə 2013-cü ilin sentyabr ayında baş versə də, bu məlumat ictimaiyyətə illər sonra məlum olub. Aktyor bu addımı ilə onları dostluqlarına görə mükafatlandırıb. Bu barədə mətbuata hədiyyə almış dostlardan biri - sahibkar Rand Cerber danışıb. Onun sözlərinə görə, 2013-cü ildə Kluni 14 dostunu şam yeməyinə dəvət edib. Şam yeməyinə gələn dostları oturacaqları stulda pulla dolu çamadan gözləyirmiş. Cerber deyib ki, o, hədiyyədən imtina etmək istəyib, amma Kluni bəyan edib ki, dostlarından kimsə pulu qəbul etməsə, onda hər kəsin hədiyyəsi geri alınacaq.
“Hələ ki, bir yerdəyik mən sizə minnətdarlığımı göstərmək istəyirəm, bu, çox vacibdir” – deyə Kluni izah edib. Kluninin dediyinə görə, “oğlanlar” adlandırdığı dostları ona çox kömək ediblər və o, bunu dəyərləndirir. "Bilirəm ki, hamımız çətin günlərdən keçmişik və bəziləriniz hələ də çətin günlərdən keçirsiniz" – deyə Kluni dostlarını ipoteka ödənişləri və ya uşaqların təhsili kimi problemlərdən azad etmək niyyətində olduğunu bildirir.
Yalnız illər sonra, “GQ” jurnalına verdiyi müsahibədə Corc Kluni karyerasının əvvəlində ona göstərdikləri dəstəyə görə dostlarına dərin minnətdarlığını bildirib. Gələcək ulduzun qonorarı az olduğu və kasıb olduğu zamanlarda o, dostlarının evində yaşayırdı."Mən kasıb olanda onların divanlarında yatırdım. Onlar illər ərzində mənə kömək etdilər və mən onlara kömək etməyə hazıram", - deyə Kluni bildirib.
Qeyd edək ki, Corc Kluninin uğuru 2013-cü rol aldığı "Cazibə qüvvəsi" filmi olur. Prodüserlər filmin uğurlu olacağını gözləmirdilər, ona görə də Kluni ilə müqavilədə rəsmi maaşından əlavə satışlardan qonorar da var idi. Lakin film prokatdan 720 milyon dollardan çox gəlir gətirir. Kluni isə bu filmdən 100 milyondan çox qazanır. Bu qədər qazancdan sonra aktyor dostlarının onu bütün həyatı boyu necə dəstəklədiklərini və onların sayəsində necə uğur qazandığını xatırlayır. Bundan sonra o, 14 Tumi çamadanı alır və 14 milyon dollar nağd pulu çamadanlara yığır. Nağd pulu gizli şəkildə daşımaq üçün üzərində "Florist" yazısı olan köhnə bir mikroavtobusdan istifadə edir. Kluni hətta vergiləri də əvvəlcədən ödəyir ki, hamı tam milyonunu alsın (beləliklə, hər birinə xərclədiyi ümumi məbləğ 1,3 milyon dollar olur). Onun yeganə şərti isə bu olur ki, ya hamı hədiyyəni qəbul etsin, ya da heç kim qəbul etməsin.
Hardadır bizdə belə dostlar?
“Ədəbiyyat və incəsənət”
(24.09.2026)


