Dövlət Uşaq Xor Kapellası yaradılacaq

 

Bu il Dövlət Uşaq Filarmoniyasında özünü doğrultmuş layihələrin davam etdirilməsi və genişləndirilməsi, eyni zamanda konsert və təhsil fəaliyyətinin yeni formatlarının həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan şəhərləri üzrə rəqs kollektivlərinin, xalq ansamblının, orkestrin və xor kollektivlərinin solo proqramlarla qastrol səfərlərinin təşkili planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu AzərTAC-a açıqlamasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə deyib.

 

O bildirib ki, Dövlət Uşaq Xor Kapellasının yaradılmasına başlanılacaq. Növbəti mərhələdə isə uşaq simfonik orkestrinin formalaşdırılması nəzərdə tutulur. Əsas diqqət uşaqlara və gənclərə, onların yaradıcılıq inkişafına yönəldiləcək. Tanınmış musiqiçilər və mədəniyyət xadimləri ilə ustad dərsləri və yaradıcı görüşlərin keçirilməsi də planlara daxildir.

 

Səidə Tağı-zadə vurğulayıb ki, yaxın vaxtlarda təhsil müəssisələri və mədəniyyət mərkəzləri ilə əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda fəaliyyətin informasiya və media istiqamətinin inkişaf etdirilməsi planlaşdırılır. Məqsəd Uşaq Filarmoniyasını geniş auditoriya üçün daha açıq, müasir və əlçatan etmək, bununla yanaşı yüksək bədii səviyyəni qoruyub saxlamaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.