Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
ABŞ-ın Türkiyədəki səfirinin Ermənistan-Azərbaycan münasibətləri kontekstində Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı “icarə” perspektivini gündəmə gətirməsi sadəcə diplomatik gedişdirmi? - Bəri başdan deyim: məncə, yox. Səfir Tomas Barrakın açıqlaması pək bərrak sayılmaz. - Bu, bölgəyə dair köhnə planların sanki yeni formatda təqdimidir. O, Barış Anlaşmasının imzalanmasına ümid etdiklərini bildirir, ABŞ-ın bu sürəcdə rol alacağını vurğulayır və daha sonra belə bir cümlə qurur: “Türkiyə, Ermənistan və Azərbaycan 32 km-lik yol üstündə mübahisə edir. Onu bizə 100 illik icarəyə verin, paylaşın”. - Yəni, ABŞ Zəngəzur dəhlizinin öz nəzarətində olmasını alternativlərin ən yaxşısı sayır…
Bəs, bu nə deməkdir? ABŞ bir müstəqil dövlətin (Azərbaycanın) maraq dairəsində, başqa bir dövlətin (Ermənistanın) içində sayılan strateji keçidi – “icarə” adı altında nəzarətə almaq istəyirsə, bu, artıq barış arayışının özü deyil, necə deyərlər, geopolitik həmlədir. Bax, həmin həmlə nə ilkdir, nə də son olacaq – əgər vaxtında gərəkli manevrlər edilməzsə...
Hərçənd, Paşinyan hökuməti artıq ABZş icarəsindən imtina etmiş durumdadır.
“İcarə” anlayışı tarix boyu və bir çox halda, icarəyə verənin ciddi itkiləriylə, hətta suverenliyinin itirilməsi ilə sonuclanmışdır.
-1867-ci ildə Çar Rusiyası Alyaskanı ABŞ-a 7.2 milyon dollara satdı. Amma bu, belə deyək, “icarə-satış” arasında olan, diplomatik şəkildə təqdim olunmuş güzəşt idi. Hələ də söz-söhbət səngimir ki, 200 ilin tamamında -yəni bundan 42 il sonra (2067-ci ildə) Rusiya Alyaskanı geri tələb edəcək. Alyaska 1867-ci ildən bəri - nə Çar vaxtı, nə SSRİ zamanı, nə də Rusiya Federasiyası dönəmində bir daha rus torpağı olmadı. Hərçənd Alyaskanın Amerikanlaşmasının 150-ci ildönümü ərəfəsində, “qara yubiley” ilində və sonrasında Rusiyada üzərində Alyaskanın xəritəsi əks olunan “kövrəldici” medalyonlar, nişanlar və s. buraxılmışdı - “Аляска, порадомойвРоссию!” - “Alyaska, evə – Rusiyaya qayıtmaq vaxtıdır”!.. Mənə qalsa, Alyaska nə Rusiyada, nə ABŞ-da olmalı… - O ayrı və uzun söhbətdi; deməm o ki ABŞ icarəsi, satınalması və ya qarışıq sistemlə mübadiləsinin güvənli olmadığı təcrübəyə sabitdir. Zəngəzur ha Rusiyanın ha ABŞ-ın nəzarətində, “icarə”sində olsun - bizimçün fövqəladə üstünlüyü yoxdur. Zəngəzur əgər bizdə (yaxud bizim söz sahibi, pay sahibi olduğumuz şirkətin sərəncamında) olmursa, hələlik, baştutmamış və perspektivsiz dövlətdə - Ermənistanda qalması bizim gələcək uhulət-suhulətli addımlar üçün daha uyğun kimi görünür…
-1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti uluslararası tanınma, Bakını, ümumən Cümhuriyyəti qorumaq adına və b. nədənlərlə İrəvanı ermənilərə “güzəşt”ə getmə durumunda qaldı. Bu da, bir növ “tarixi icarə” - “qarışıq sistem” sayıla bilərdi. Guya ermənilər bir daha anti-Azərbaycan eyləmlərində bulunmayacaqdı və bu minvalla İrəvanın 100 illik “icarə”si təhlükəsiz sovuşmasa, bizim bir səhər şəhəri geri istəmə haqqımız yaranacaqdı. Mən tarixçi deyiləm, o dönəm sənədlərini, aktlarını və s. dərinləməsinə incələməmişəm lakin İrəvanın, hələ-hələ Zəngəzurun erməniləşdirilməsinin qanunsuz olduğuna inamım tamdır. Ötən illər içində ermənilər bütün parametrlər üzrə haqsız oldular, anlaşma, qayda-qanun tanımadılar.
Ayrıca, biz hansısa əraziləri dövlət qərarıyla, xalqın səsverməsi yoluyla başqasına vermişikmi bəyəm? Bir partiyanın (Sov. İK(b)P) qərarı ümumxalq qərarı sayıla bilərmi? - Əsla, yox! - Onda, bizim olanların üzərindəki haqqımızı niyə “unutmalıyıq”?
Beləliklə,
indi tarix sanki cilvə ataraq, oxşar ssenarini irəli sürür: Zəngəzuru icarəyə verməlimi, verməməlimi?
Növbəti sual:
Zəngəzur daha çox kommunikasiya, yoxsa suverenlik silsiləsini ifadə edir? - Suallara cavab bulmağa çalışaq.
ABŞ-ın “icarə” təklifinin arxasında duran məntiq sadədir:
-Zəngəzur dəhlizi həm quru, həm də dəmir yolu baxımından strateji kommunikasiya xəttidir – üzü o tərəfə - Naxçıvan üzərindən Türkiyəyə, üzü bu tərəfə - Xəzər üzərindən Türküstana (Orta Asiyaya) açılan körpüdür;
-Bu dəhliz Çinin “Bir kəmər – bir yol” layihəsinin, eləcə də, Türk Dövlətləri Təşkilatının gələcək inteqrasiyasının əsas hissəsidir;
-Ona görə də, burada iştirak edən yaxud iştirak etməyə can atan hər bir güc – Rusiya, İran, ABŞ, Fransa – bu marşrutdan pay almağa çalışır.
Amma burada bir əsas məsələ unudulmamalıdır: Zəngəzur - Azərbaycanın tarixi torpağıdır. Üstəlik, Zəngəzur Azərbaycanın beynəlxalq hüquqa dayalı təsbit olunmuş kommunikasiya haqqıdır. Bu, ən azı və ən yaxını 2020-ci il 10 noyabr tarixli məlum Üçtərəfli Bəyanatda əks olunub. Sadəcə, sadə Ermənistan bu öhdəliyi 5 ildir yerinə yetirmir və öz ağlınca durumu mürəkkəbləşdirir. Deyin, 30 illik işğalla nəyə nail oldun ki 5 illik at kimi şiniməklə nəyə nail olasan?..
Zəngəzurun icarəyə verilmə perspektivi –
barışı yox, suverenlik amilini önplana çıxarır.
Bu gün bəzi dairələr bunu “praktik yanaşma” kimi təqdim etməyə çalışa bilər: “gəlin ABŞ-a icarəyə verək, o nəzarət etsin, biz də barış qazanaq”-filan…
Amma bu cür yanaşmalar qısa müddətli rahatlıq, müstəqillik üçün uzunmüddətli rahatsızlıq deməkdir. Baxmayaraq ki, Zəngəzur “vərdiş edilmiş hüquq”la və elə bil, faktiki olaraq Ermənistanındır; lakin Ermənistan özü kimindir? - Ermənistan Respublikasının üzərində bərqərar olduğu torpaqların neçə kvadratmetri “qədim erməni torpağı”dır?..
İncələməmizə davam edək. - Zəngəzur ABŞ-ın 100 illik icarəsində olarsa:
1. Azərbaycan, ümumən Qafqaz ərazisində başqa bir gücün sabitləşmə perspektivinə malik hərbi-siyasi mövcudluğu yarana bilər;
2. Dəhlizin yönətimi artıq Bakı ilə, Ankara ilə deyil, Vaşinqton ilə razılaşdırıla bilər;
3. Naxçıvana daşımaçılıq, gediş-gəliş “qonşucasına güzəşt” rejimindən çıxaraq “nəzarətli bölgə” amilinə dirənər və s.
Nə etməli? – Mövqe açıq, strategiya qəti olmalıdır.
-Bizimçün ən yaxşı variant, Zəngəzur dəhlizinin Azərbaycanın (və ya söz sahibi olacağımız, məsələn, Türkiyə, Macarıstan, Böyük Britaniya, İtaliya, Çin, Qazaxıstan, Türkmənistan və b. quracağı ortaq şirkətin) adil nəzarəti ilə fəaliyyət göstərməsidir;
-Türk Dövlətləri Təşkilatı, Türk Yatırım Fondu, Uluslararası Türk Akademiyası, türk mətbuatı Zəngəzur məsələsini qardaş ölkələrin birliyi prizmasında gündəmdə saxlamalıdır;
-Üçtərəfli Bəyanatın icrasını pozan Ermənistana qarşı dəhlizlərlə bağlı alternativ sanksiyalar gündəmə gəlməlidir;
-İranın və Rusiyanın tərəddüdlü mövqelərindən fərqli olaraq, Azərbaycan-Türkiyə tandemi tərəddüdsüz mövqe göstərməlidir: ya dəhliz açılır, ya da barış olmur. Strateji müttəfiqlər olaraq, bu məsələdə güclü mövqe ilə seçilmək Azərbaycan və Türkiyəyə çox yaraşır.
Uzun sözün qısası,
Zəngəzurdan Alyaskaya deyil, Naxçıvana yol gedir!
O, ata-baba torpağından keçən, qardaşa uzanan yol kimi işlək olmağı haqq edir, nəinki icarəyə veriləsi torpaq olmağı…
Bizim tarixi, güncəl və gələcək baxışımızda Zəngəzur sınır çəkmək üçün yox, coğrafiyanı birləşdirmək üçündür.
Zəngəzur dəhlizinin 100 illik icarəsi ideyası – 100 illik ayrılığın və əsarətin diplomatik formasını gətirməməlidir.
Tarix təkrar olunarsa və bu dəfə məsuliyyət bizim üzərimizdə olacaqsa, Dövlət baba nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu bilir, əlbət!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(19.07.2025)