Geri qayıdanda hər yer al qanın içərisindəydi: 20 Yanvar şahidləri danışır Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

19-dan 20-sinə keçəngecə. 1990-cı ilin həmin qaranlıq gecəsində Bakı tankların səsi ilə oyandı. Sovet ordusu silahsız əhaliyə qarşı misli görünməmiş zorakılıq törətdi. Küçələrdə atəş səsləri kəsilmədi, günahsız insanlar güllələndi, şəhər qan içində boğuldu. O gecə təkcə insanlar yox, bir xalqın səbr kasası daşdı. Azərbaycan azadlıq yolunda ağır, amma şərəfli bir bədəl ödəməyə məcbur qaldı.

 

20 Yanvar faciəsi yüzlərlə ailənin ocağını söndürdü, neçə-neçə gəncin arzularını yarımçıq qoydu. Həmin gecə şəhid olanlardan biri də həyatını başqalarını xilas etməyə həsr edən gənc tələbə- Ələsgər Yusif oğlu Qayıbov idi. Ələsgər Qayıbov 1966-cı il martın 15-də Gürcüstanda- Qaraçöpdə dünyaya gəlmişdi. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). Gələcək planları vardı, arzuları vardı, amma taleyi onu tarixə yazılmış bir ad etdi. O, cəmi 24 yaşında idi. Bu yaş onun üçün dayanmış bir zamandır. Bir ildən sonra da 24 yaşında qalacaqdı, bir əsr keçsə də… 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Ələsgər evdə qala bilmədi. Yaralıların fəryadı onu küçələrə çıxardı. “Gənclik” metrostansiyası ətrafından 5 nömrəli xəstəxanaya dəfələrlə gedib-gəldi, yaralıları daşıdı, həyatla ölüm arasında qalan insanlara ümid oldu.

 

Şəhid  Ələsgərin bacısı Sərmayə xanım Ədəbiyyat və İncəsənət portalı ilə o gecə şahidi olduqlarını və qardaşının necə şəhid olduğunu bölüşdü:

 

“O günləri heç vaxt unutmarıq.  Biz o  stressi, o qorxunu yaşadıq. Qardaşımın tək bacısı idim. O, çox qoçaq, cəsur idi. Deyirdi ki, "hər kəs mənə baxanda utanıram". Qardaşım hər dəfə hərəkatda  nümayişə gedəndə onun üçün narahat olurdum. Deyirdim, "getmə". Amma qulaq asmırdı. O  hətta müharibəyə könüllü yazılmışdı. Deyirdi ki, "mütləq getməliyəm, bir-iki düşməni mən vuraram, bir-ikisini də müəllim vurar". O gecə də güllə səsinə oyanıb tələbə yoldaşları ilə yığışıb Gənclik stansiyası yaxınlığına gediblər. Bir neçə dostu getmək istəmirdi. Ələsgər deyib ki, "qorxan evdə qalsın, biz qorxmuruq".

Şəhid bacısı bildirib ki, bu anları ona qardaşının dostları danışıb:

“Sonradan dostları dedi ki, insanlar qanlar içində olarkən qardaşımla tankın üstünə əl-ələ gedib, yaralılara kömək ediblər. Həmçinin, yoldaşımın əmisi oğlu yaralandı.  Ələsgər isə yaralıları   təcili yardıma daşıyarkən  qolundan və qarnından  güllələndi. Onu 5 nömrəli xəstəxanaya apardılar. Üç dəfə cərrahi əməliyyat etdilər. Xəstəxananın qarşısında 200 nəfərə yaxın tələbə var idi, hər tərəf əli silahlı hərbçilərlə dolu idi. Biz qardaşımın yaralandığını eşidəndə özümüzü itirdik:

Bu sözləri deyərkən şəhid bacısı Sərmayə xanım göz yaşlarını saxlaya bilməyib:

“Xəstəxanada analar fəryad edirdi. Mən isə sanki hər yerdən anamın səsini eşidirdim. Çox pis bir ömür sürdük. Mənə dedilər ki, "qardaşın səni çağırır, gəl’. Mən onu o halda görəndə qaçırdım, çığırırdım. Hamı deyirdi ki, "Ələsgər niyə ora getdin?Ələsgər isə gülümsəyirdi və elə gülə-gülə də  dünyasını dəyişdi. Anam bu hadisədən sonra infarkt keçirdi”.

Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev prospektində Ələsgər Qayıbovun adını daşıyan küçə mövcuddur...

Həmin gün, metropolitendə tünel fəhləsi olaraq çalışan tələbə Abbasov Məftun  gecə  növbəsində işlədiyini vurğulayaraq deyib:

"Həmin gecə indiki İçərişəhər stansiyası qarşısında idim, təxminən 23:45 radələri idi.  Bu vaxt xəbər gəldi ki, Tbilisi prospekti yaxınlığında vəziyyət gərgindir,  kömək lazımdır. Biz çəkinmədən, xüsusi avtobuslar vasitəsilə  oraya getdik.   Çatanda təcili yardım maşınındakı insanları belə vurmuşdular, heç kəs qalmamışdı. Bir neçə nəfər yaxınlaşmaq istədikdə onları da güllələdilər.  Bizim istiqamətimizdə də həmçinin atəşlər açıldı. İrihəcmli maşınlardan araladılar. Atəş açaraq, maşınları əzərək insanları amansız qətlə yetirdilər. Onlar 20 yanvar dairəsinə tərəf hərəkət etdilər,  hərəkət etdikcə də binalara,  insanlara  xəsarət yetirirdilər. Mən ağacların arxasında gizlənmişdim. Onları müşaiyət edirdim. Onlar sanki sovet əsgərləri deyil,  bolşeviklər idi. Sovet ordusuna uyğun formada deyildilər. Metro işçisi olduğum üçün bilirdim ki, mühüm hadisə olarsa metro səhərə qədər işləməlidir və biz Azərbaycan xalqını bu vəziyyətdən çıxarmalıyıq. Daha sonra Elmlər Akademiyası  istiqamətinə getdim. Stansiya qarşısında yığılan insanlar çaşqın vəziyyətdə idilər. Özüm də o vəziyyətdə olduğum üçün tez toparlanıb insanları stansiyaya dəvət etdim və sakitləşdirməyə çalışdım. "Metroya heç bir hərbi qüvvə daxil ola bilməz", -deyə təsəlli verdim. Yaralılara kömək edir, aşağıya endirib,  qayıdır və  yenidən  digər yaralıları endirirdim".

 

 

Şahid hesab edir ki, həmin gün metropoliten işləməsə idi, bəlkə də daha çox itki olardı:

"Metropoliten işçiləri çox insanı xilas etdi. Bəzən həmin anları dilə gətirmək çətin olur. Üzərindən illər keçməsinə baxmayaq hələ də həmin kadrlar demək olar ki, hər gün gözümün qarşısından keçir.  Səhərə yaxın özümdə yorğunluq hiss etdim. Evə getmək üçün metrodan çıxarkən bir anda dayandım. Vicdanıma sığışdıra bilmədim. İnsanları bu vəziyyətdə qoya bilməzdim. Geri qayıdanda isə artıq hər yer al qanın içərisində idi. Bəzi yerlərdə hətta qərənfillər düzülmüşdü. Məlumat aldım ki, insanlar artıq prezident aparatının qarşısına yığılır".

M.Abbasov  həmin 20 yanvar şəhidlərinin,  bu günkü müstəqil Azərbaycanın ilk bünövrəsini qoyduğlarına görə,  qürur duyduğunu bildirib:

"Biz daim onların qarşısında  baş əyməliyik. Onlar suveren dövlətimizin qurucularındandır.  İnsanlar heç vaxt şəhidlərimizi unutmasınlar".

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.