İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, teoloq, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist. “Ədəbiyyat və incəsənət” üçün
Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən biri də Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, ədəbiyyatşünas, veteran pedaqoq, "Həməşəra" Fəxri Diplomu laureatı, ədib və şair Zülfi müəllim Vellidağdır.
Onun ilk dəfə 2015-ci ildə işıq üzü görmüş şeirlər toplusu isə həm şairlik və ədiblik sübutu, həm də böyük bir hikmət xəzinəsidir. Burada həmin kitab barədə ümumi təqdimatla tanış oluruq:
Kitabın əsas məlumatları:
Kitabın adı: "Sükutun dili" (Şeirlər)
Müəllif: Zülfi Vellidağ
Tiraj: 300 ədəd
Səhifə sayı: 306 səhifə.
Müəllifin qısa təqdimatı:
Məcidli Zülfi İbrahim oğlu (Zülfi Vellidağ): 12 fevral 1951-ci ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunun qədim və sirli tarixə malik olan Şatırlı kəndində bir ziyalı ailəsində anadan olmuşdur. 1964-cü ildə Şatırlı kənd səkkizillik məktəbini, 1966-cı ildə isə Ləkin kənd orta məktəbini bitirmişdir. 1967-ci ildə N.Tusi adına APU-nun (keçmiş V.İ.Lenin adına APİ-nin) filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildən təhsilini davam etdirməklə bərabər, pedaqoji fəaliyyətə başlamış və bədii yaradıcılıqla da məşğul olmuşdur.
1970-ci ildə "Əmək nəğməsi" adlı ilk şeirini Xalq şairi Səməd Vurğunun yaradıcılığından təsirlənərək yazmışdır. Şeirləri ara-sıra "Taxılçı", "Sovet kəndi", "Yeni gün", "Azərbaycan gəncləri", "Münasibət", "525-ci qəzet" və "Ədəbiyyat və incəsənət" qəzetlərində, həmçinin "Ulduz" və "Sözün işığı" kimi ədəbi-bədii jurnallarda dərc edilmişdir.
Yarım əsr müqəddəs müəllimlik və pedaqoji əməyi olan Zülfi müəllim həm də ədəbiyyat sahəsinin parlaq simaları və dəyərli ustadlarından biridir. Azərbaycan dili və ədəbiyyatı sahəsində yarım əsrlik ardıcıl müəllimlik əməyini nəzərə alaraq onu Cəlilabad rayonundan olan bir çox tanınmış şair, nasir, yazıçı və ədəbi təhlilçi və tənqidçinin ustadı adlandırmaq olar.
Bu müdrik şair və ziyalı pedaqoqun onlarla yetirməsi ali təhsil almış, hazırda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməkdədirlər. Zülfi müəllim ardıcıllıqla üç dəfə respublika müəllimlər qurultayına nümayəndə seçilmiş, 1987-ci ildə "Baş müəllim" adına layiq görülmüşdür. İndiyədək nümunəvi pedaqoji səriştəsi, ədəbiyyat və ictimai sahələrdəki faydalı fəaliyyətinə görə dəfələrlə fəxri fərman və diplomlarla təltif olunmuşdur.
Qələmini poeziyamızın müxtəlif janrlarında - bayatı, qoşma, gəraylı, qəzəl, məsnəvi, müxəmməs, alleqorik əsərlər və mənzum hekayələr sahəsində sınamışdır. Yaradıcılığında deyimlər şəklində yazılmış yüzlərlə tək bəndlər "Yarpaqlar" adı altında silsilə təşkil edir.
Mətbuat orqanlarında və sosial şəbkələrdə Zülfi müəllimin ara-sıra yazıları dərc olunmaqdadır. 2016-cı ildən etibarən təqaüddədir.
Hal-hazırda isə Cəlilabad rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvüdür. İki oğlu, üç qızı vardır.
Kitab barədə:
Ziyalı pedaqoq və dəyərli şəxsiyyət Zülfi müəllimin 306 səhifəlik və 300 tirajla buraxılan "Sükutun dili" adlı şeirlər kitabı 2015-ci ildə Bakı şəhərində nəfis şəkildə nəşr edilmişdir.
Bu kitab müəllifin ön sözü, ardınca orta məktəb illərində onun ədəbiyyat müəllimi olmuş Rüstəm Mirzəyevin geniş və maraqlı təqdimatı ilə başlayır. Bundan sonra isə xüsusi fəsillər göstərilməsə də aşağıda təqdim edilən on ayrı fəsillər əsasında müxtəlif mövzular, yanr, forma və vəznlərdə qələmə alınmış bir-birindən gözəl və mənalı şeirləri yer almışdır:
- Yol və yolçu;
- Ruh və bədən;
- İctimai-siyasi;
- İnsan-təbiət;
- Zamanla üz-üzə;
- Yurd sevgisi;
- Satirik;
- Təmsillər;
- Yarpaqlar;
- Bayatılar.
Fəsil və ya bölüm kimi görünən hər başlığın ardınca müxtəlif illərdə həyat, sevgi, zaman, yurd, vətən, dünya, millət, təbiət, siyasət, din və s. mövzularda qələmə aldığı bir-birindən gözəl və dərinmənalı şeirləri təqdim edilir. Şeirlərin əsasən ötən (XX) əsrin 1990-cı illərindən müasir (XXI) əsrin 2011-ci illərinin sonunadək müddət ərzində qələmə alındığı aydınlaşır.
Müəllif həm də yuxarıda təqdim edilən fəsillərdən bəzisinin başlanğıcında giriş kimi dəyərli fikirlərini, fəlsəfi baxışları və öyüd-nəsihətlərini qeyd edir.
Kitaba əvvəldən sonadək diqqət yetirdikdə, bəzi şeirlərin müəllif tərəfindən digər insanlara (şəhidlər, valideyni, həyat yoldaşı, övladları və nəvələri, şagirdləri, müəllimləri, yaxın dostları və digər görkəmli insanlara) ithaf edildiyini təsbit etmək olar. Məsələn: "Elin igid oğlu" şeiri müəllifin istəkli şagirdi polkovnik Atabalaya, "Şəfalı əllər" şeiri sevimli şagirdi - tibb elmləri namizədi həkim Ramizə, "Ölüm hara, sən hara?!" şeiri əziz müəllimi, İsmayıl Şıxlıya, "Sənətin zirvəsi" şeiri Aşıq Zülfiyəyə, "Sevinc dostun, qəm mənim" şeiri dostu və qohumu olan Malik müəllimə, "Vahid vahid idi" şeiri nakam şair Əliağa Vahidə, "Şəhidlərə" şeiri 20 Yanvar şəhidlərinə və "Rahat yat, Araz" şeiri vaxtilə Zülfi müəllimin şagirdi olmuş və hal-hazırda Şatırlı kənd orta məktəbinə adı verilmiş şəhid Araz Qardaşxanova ithaf olunmuşdur.
Heş şübhəsiz, bu qəbil şeir ithafları ilk növbədə şairin öz əzizləri, yaxınları və həyatda ona dəyərli olanlara qarşı xüsusi diqqətinin və qayğıkeşliyinin bariz nümunələri kimi səciyyələndirilə bilər.
Zülfi müəllim zatən doğma elimizin ziyalı və müdrik siması olduğuna görə yaşadığı məkan və zamanda baş verən heç bir olay onun diqqətindən kənarda qalmır. Qələmə aldığı şeirlərində də bunu açıq-aydın müşahidə etmək mümkündür. Buna misal olaraq şairin "İndi növbə məndədir" şeirinin fars şovinistlərinə, "Gözdən asılan pərdə" şeirinin beynəlxalq təşkilatların riyakarlığına, "Belə oğlanlarıq" şeirinin qaçaqmalçılara, "Hacılar, məşədilər çoxalır..." şeirinin sözü ilə əməli bir-birini təsdiq etməyən "dindar"lara, "Günün ekranı" şeirinin bəzi telekanalların öz həddini aşmasına aid yazdığını göstərmək olar...
Müdriklərin söylədiyinə görə, hər bir insan bu fani həyatda yiyələndiyi ixtisas, sənət və peşədən əlavə, həm də bundan bir azacıq çox səviyyədə etika və mədəniyyət sahibi olmağa, etika və mədəniyyətinin öz ixtisası, sənəti və peşəsinə hakim kəsilməsinə çalışmalıdır. Heç şübhəsiz, dəyərli şair və ləyaqətli pedaqoq Zülfi müəllim də bu zümrədən olan dəyərli simalardan biridir. Çünki onun malik olduğu yüksək mədəniyyət və etika müqəddəs müəllimlik peşəsinə, həmçinin, yüksək ixtisas və söz sahibi olduğu ədəbiyyat və poeziya sahəsinə tam hakimdir.
Zülfi müəllimin "Sükutun dili" adlı şeirlər kitabını əvvəldən sonadək oxuduqca insan yorulmur. Çünki onun ehtiva etdiyi şeirlər öz milli mənsubiyyətini dərk etmiş, zaman və məkan xüsusiyyətlərinin fərqində olan, yaşadığı zamanda mövcud olan problemləri yaxından müşahidə edərək ağrı-acı çəkən mərhəmətli və ziyalı bir qəlbə malik olan müdrik bir şair, ziyalı bir şəxsiyyət tərəfindən qələmə alınmışdır. Qəlbdən gələrək dilə və qələmə təzahür edənin isə bir-başa qəlblərə yol tapması inkaredilməz və əzəli bir qanundur. Bütün bunlara əsasən, şəxsən mən Zülfi müəllimin "Sükutun dili" əsərini sadəcə bir şeir kitabı deyil, əslində bu günümüz və gələcəyimiz üçün faydalı olan sirlər xəzinəsi və hikmətnamə kimi dəyərləndirirəm...
Arzu və diləklər:
Bu qısa təqdimatın sonunda Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, ədəbiyyatşünas, veteran pedaqoq, "Həməşəra" Fəxri Diplomu laureatı, ədib, şair Zülfi müəllim Vellidağa Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(20.01.2026)


