Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Dünən xalqımız növbəti – sayca 36-cı 20 Yanvarı qeyd elədi.
20 Yanvar – təqvim içində, daha doğrusu, təqvim üstündə bir tarixdir. Hər gün tarix olmur, hər tarix bir günə sığıb yaşamır. 20 Yanvar – zamanın içində donmuş bir fəryad, xalqın sinəsinə çəkilmiş qanlı xəttdir. Bu xətt çəkildiyi gündən bizi həm keçmişə bağlayır, həm də gələcəyə aparır. İllər keçir, amma 1990-cı ilin o gecəsi – Bakının üstünü qaplayan qaranlıq, “avtomat” rejiminə salınmış ölüm maşınlarının güllə səsləri, tank tırtıllarının gecəni yarıb keçməsi – yaddaşdan silinmir.
Və silinməməlidir!
Biz artıq 20 Yanvarı faciədən ötələrdə – milli oyanışın ləyaqət mərhələsi kimi tanıyırıq. Özünü, sözünü və gördüyünü tanıyan xalq tarixini də tanıyır. Bu baxış bu gün daha aydındır: Zəfərdən sonra 20 Yanvar müstəqilliyin bərpasına aparan yolun ən ağır, ən qanlı pilləsi kimi görünür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Bakıya yeritdiyi ordu qadın–uşaq–qoca demədən dinc əhaliyə atəş açdı. Məqsəd küçələri nəzarətə almaqdan çox daha fərqli – xalqın iradəsini sındırmaq, azadlıq istəyini boğmaq idi. Tarix isə bir daha göstərdi ki, güllə milli iradəni öldürə bilmir.
Bu gecədən sonra imperiya Azərbaycanda mənəvi-siyasi dayaqlarını itirdi. Xalqın qorxusu yox oldu; qorxunun yerini qəzəb, qəzəbin yerini milli şüur aldı. Yəni 20 Yanvar – qorxunun öldüyü gündür.
Haşiyə:
20 Yanvarın doğurduğu nəticələr Azərbaycanla məhdudlaşmadı. SSRİ-dən ayrılan respublikaların müstəqillik tarixində 20 Yanvar şəhidlərinin qan haqqı var. Qazaxıstandakı Jeltoqsan hadisələrində şəhid olan qazax qardaşlarımızın, Tiflisdə “qanlı bazar”da həlak olan gürcü qonşularımızın taleyi eyni mənəvi-siyasi zəncirin həlqələridir. Bununla belə, hadisənin miqyası, səbəbləri və doğurduğu nəticələr baxımından 20 Yanvar SSRİ-nin bilavasitə əcəl zəngi oldu.
1990-cı ildə bu şanlı tarix Bakıda yazıldı; ondan 30 il sonra isə 44 günlük savaşla Türk dünyası birliyinin qaçılmazlığı təsdiqləndi. 2020-ci ildə Şuşaya, 2023-cü ildə Xankəndinə, Xocalıya sancılan bayrağımız Turan ellərinə salam söylədi.
Mühacir istiqlalçı şairimiz Almas Yıldırım bir zamanlar Anadoludan üzü bəri necə də təsirli səslənmişdi:
“…Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Kür səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa, oy!..
Azərbaycan, mənim eşsiz yurdum, oy!
Ölməz eşqim, içimdəki dərdim, oy”!
Bu salamlar Xəzəri ötüb Türküstana yetdiyi kimi, Şuşadan, Xankəndidən, Xocalıdan qanadlanan müqəddəs bayraqlı salamlarımız da Turana yetişdi.
(Haşiyənin sonu)
***
20 Yanvardan dərhal sonra Moskvada açıq mövqe sərgiləyən Ümummilli lider Heydər Əliyev xalqın səsinə çevrildi – təsəllisinə, ümidinə çevrildi. Onun yanvarın 21-də verdiyi bəyanat təkcə siyasi etiraz deyildi, əlbəttə; əlbəttə, bu, milli vicdanın tribunası idi. Məhz həmin mövqe sonradan 20 Yanvara dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsinin ideoloji əsasını yaratdı.
1994-cü ildə Milli Məclisin qərarı ilə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi tanındı. Bu qərar faciəni tarixdən silmək istəyənlərə verilmiş bir siyasi və mənəvi cavab idi. Ən böyük cavab isə yeddi onillik sonra bərpa edilmiş dövlət müstəqilliyimizin qorunması, gücləndirilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası oldu!
20 Yanvar şəhidlik və şanlı dirəniş məktəbi 2020-ci ildə Şuşada, 2023-cü ildə Xankəndidə qaldırılan bayraqda, suverenliyin tam bərpasında öz yüksək səciyyəsinə çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirmək haqqında duyğulu sözlərini, Şuşanın azadlığı müjdəsini məhz Şəhidlər Xiyabanından xalqa müraciətlə duyurdu. Bu, necə deyərlər, zamanın öz ədalətini bərpa etməsi aktı, faktı idi.
Şəhidlər Xiyabanında yanan Əbədi Məşəl gələcək nəsillərə verilmiş and-ismarıcdır. Dövlətin bu yaddaşa göstərdiyi diqqət, şəhid ailələrinə və 20 Yanvar əlillərinə yönəlmiş sosial siyasət – tarixi yaddaşın canlı saxlanmasının praktik ifadəsidir.
O soyuq, o qanlı gecədə şəhadət şərbəti içənlər bu gün qalib dövlətin mənəvi sütunlarını yaratmış oldu. Azadlığın verilmədiyini, qazanıldığını; bu qazancın bədəli ağır olsa belə, milli ləyaqətin uca tutulmasının necə şərəfli məsuliyyət olduğunu 20 Yanvar bizə öyrətdi.
20 Yanvar – Ümumxalq Hüzn Günüdür. Amma bu hüznün içində sarsılmaz bir qürur var. O qürur gələcəyin vicdanına səslənir: biz sınmadıq, boyun əymədik, azad olduq!
Şair demiş, “Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!”
Azadlığa axışımızın aqibəti xeyir oldu.
Gəlin şəhid şair Ülvi Bünyadzadənin dillər əzbəri ANDını yada salaq:
“Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm;
bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam;
Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam;
öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim”. (10.09.1989)
Bu isə şəhid Milli Qəhrəmanımız Mübariz İbrahimovun son məktubudur:
“Canım, atam və anam.
Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”. (2010)
1990… 2010… 2020… And… Məktub… Zəfər!..
Müzəffər Ali Baş Komandan bütün andları və məktubları Qələbə irsinə çevirdi; bütün ahları və matəm günlərini, tarixi qələbələrlə əvəzlədi. – “Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir”!
Şəhidlər ölmədi, Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(21.01.2026)


