“Maraqlı söhbətlər”də kanoeçi ata və oğul Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1924-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarına kanoe yarışları da daxil edilmişdi. Dörd nəfərlik kanoe yarışlarında qızıl medala ən böyük namizəd ABŞ komandası idi. Bu komandadakı dörd nəfərdən biri də gənc Bill Heyvens idi. Yarış günlərinə az qalmış Bill xəbər alır ki, həyat yoldaşı ilk uşağını onların Olimpiadada yarışacağı günlərdə dünyaya gətirəcəkdir.

 

Üstəlik, o illər Parisdə Amerikaya yüksək sürətlə uçan təyyarələr yox idi. Yalnız yavaş sürətlə üzən gəmilər var idi. İndi Bill çıxılmaz vəziyyətdə qalmışdı. O, ya komandada qalaraq, Olimpiya Oyunlarında iştirak etməli, ya da komandadan çıxaraq həyat yoldaşının yanında qalmalı idi. Əslində, Billin həyat yoldaşı da onun Parisə getməsini istəyirdi. Çünki, Olimpiya Oyunlarında iştirak etmək onun ən böyük arzusu idi.

Uzun tərəddüddən sonra nəhayət Bill ürəyinin səsinə qulaq asdı və komandadan çıxaraq, həyat yoldaşının yanında qalmağı qərara aldı.

Bill komandadan ayrılandan sonra dörd nəfərlik kanoe komandası Parisə getdi və yarışda qalib gələrək qızıl medal qazandı. Billin həyat yoldaşı isə uşağı gec dünyaya gətirdi. Hətta o qədər gec ki, Bill həm yarışlarda iştirak edə, həm də həyat yoldaşı uşaq dünyaya gətirənə qədər evə gələ bilərdi. Buna görə də hamı az qala bir ağızdan Billə ”Heyf,çox heyf...”-deyirdi. Ancaq Billin onlara tək bir cavabı var idi: ”Peşiman deyiləm.”

Və bütün ömrü boyu da peşmanlıq hiss etmədi. Çünki Bill Heyvens həyatda onun üçün nəyin daha vacib olduğunu yaxşı bilirdi.

Bu hadisədən 28 il sonra Bill oğlu Frankdan bir teleqraf alır. Teleqrafda bu sözlər yazılmışdı: ”Ata! Artıq sevinə bilərsən, gəlirəm. Və mən dünyaya gələrkən ala bilmədiyin qızıl medalı sənə gətirirəm.”

Bəli, onun oğlu Frank Heyvers ABŞ kanoe komandasının iştirak etdiyi 1952-ci il Helsinki Olimpiadasında qalib gəlmiş və atasının Paris Olimpiadasında ala bilmədiyi qızıl medalı o almışdı...

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.