Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.
Payız fəslinin sarı boyası ilə ömrümüz davam edir.
Bu aylarda poeziya ilə isinənləri "Bir şair və bir şeir" rubrikası tonqal kimi ətrafına toplayır.
Beləliklə, qonağımız Şamil Ənvəroğlunun "Bizi unutma, Tanrım" adlı şeirini Sizə təqdim edirik.
ŞAMİL ƏNVƏROĞLU,
“BİZİ UNUTMA, TANRIM”
Bizi unutduğun yerdən yazıram sənə, Tanrım!
Demək istəyirəm ki,
bir boşluğa yığılmış axar su kimiyəm!
Bu yer mənimki deyil!
Yad nəfəslər duyuram ətrafımda!
Yad əllər toxunur əllərimə,
itkin düşən bədənimi axtarıram ümidsizcə...
Mənim deyil bu ömür, bu dünya,
bu adamlar...
Nəsə yanlış olmalı?!
Səssizəm, çaşqınam...
sınıq ümidlərin batdığı sabahlar kimiyəm-
xəstəyəm, qırğınam...
Bir qaranlıq otağın küncündən boylanıram sənə.
Demək istəyirəm ki,
beynimdə bir yalnızlıq simfoniyası,
qəlbimdə bir həsrət nəğməsi səslənir neçə vaxtdır, aramsız və nədənsiz...
Hər dəfə qapı səsinə diksinirəm, Tanrım!
Yenə də gələn ağrılar olacaq deyə yeyirəm içimi.
Demək istəyirəm ki,
gələnlərim heç xoş nəsə olmadı ki...
ya susmayan hıçqırıqlar döydü qapını,
gözü yaşlı, sözü yaşlı,
ya da aldanıb sınmış adamlar,
sürüşkən ayaqlı, yüngül başlı...
Zamanla göz yaşına düşüb üzməyi də öyrəndim.
Bir vaxtlar bir damla acıda boğulurdum çarəsizcə,
indi isə, nə dəryalar üzürəm, nə dəryalar...
Demək istəyirəm ki,
yanlışlığın deyil də, yaxşılığın əsarətinə düşdüm,
yaxşı olmaqdan da bezərmiş insan.
Və də içimdə bir dəli üsyan var bütün pisliklərə...
Sanki min illərin dərviş yolçusuyam, Tanrım!
Elə ağır yorğunam ki,
əsir torpaq misali,
nə alan var, nə verən,
elə ağır susqunam ki,
sahibsiz məzar kimi,
nə gələn var, nə gedən...
Bir az mənasız ümidləri yaşamaqdan yoruldum,
bir az "dəyməz"miş deyilən insanları daşımaqdan,
bir az da heç enişləri olmayan yoxuşları dırmaşmaqdan...
Sındı...
əlimdən düşüb sındı sən verən ümidlər də, Tanrım!
qəlbimdən düşüb sınan sevdalar kimi.
Üzümüzdən uzaq düşdü təbəssümlər, gülüşlər,
əməlindən yetim qalan qupquru sözlər kimi...
İnsan olmaq nə qədər də zormuş, Tanrım!
Ya "olmaz"ları görə-görə ölür adam,
ya dərd yükünü çəkə-çəkə,
ya da bir nankoru sevə-sevə ölür adam...
Demək istəyirəm ki...
Ya da boş ver, susuram...
Zatən görürsən özün,
hər şeyi də, hər kəsi də...
Ancaq səndən bircə xahişim var, Tanrım!
Bircə xahişim...
Əgər imkan varsa,
əgər bacara bilsən MƏNİ UNUTMA!
“Ədəbiyyat və incəsənət”
(05.10.2026)


