“Bəzi təsadüflərin əlində qırmızı bir çətir olur” - Aytən Tunay Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Yenidən Təqdimat rubrikamda sizləri xoş gördük, əziz oxucularımız...

Gənc yazar, eyni zamanda dəyərli pedaqoq Aytən Tunay (Qurbanova) xanımdan “Qırmızı çətir” adlı maraqlı bir hekayəni sizlərə təqdim edirik.

 

 

AYTƏN TUNAY,

“QIRMIZI ÇƏTİR”

 

Payız aylarında Noyştadt küçələri tamam fərqli görünürdü.  Parlaq mavi rəngə boyanmış divarlar, su borularından süzülən yağışın melodiyası... Sərin küləklə sovrulan xırda yağış damcıları rəngarəng binaların üzərinə sanki muncuq dənələri kimi səpələnirdi.

Mən isə “Kunsthofpassage”in rəngli həyətlərindən birində dayanıb ətrafa baxırdım. Həyətdəki “Musiqili ev”dən gələn səslər küçədəki müxtəlif dillərdə danışan turistlərin söhbətinə qarışırdı. Buranın heyrətamiz gözəlliyi qarşısında valeh olmamaq mümkün deyildi.

Amma nədənsə həmin gün gözümdə tez-tez Bakı canlanırdı.

Vətənim... şəhərin mərkəzi, küçələrdən gələn təzə bişmiş çörək qoxusu... Payızda İçərişəhərin dar küçələri,  bir də anamın səsi...

Anamın hər səhər çay süzəndə dediyi sözlər:

- Qızım, çayını süzmüşəm, soyuyacaq.

İndi isə həmin sözlər mənim üçün dünyanın ən isti sözlərindən birinə çevrilmişdi. İnsan uzaqda olanda daha yaxşı anlayırmış ki, Vətən  bəzən elə ananın çay süzərkən səni səslədiyi o isti səsidir...

Birdən hava dəyişdi, güclü külək əsməyə başladı. Birinin əlindən çıxan qırmızı çətir fırlanaraq düz qarşıma gəldi.

Yerimdəcə dayandım. Əyilib çətiri yerdən götürdüm.

Qırmızı rəng yağışlı havada Drezdenin bozluğunun içində o qədər canlı görünürdü ki, bir neçə saniyə əlimdəki çətirə baxdım. Elə bil bu çətir hansısa hekayənin içindən çıxıb qarşıma dayanmışdı.

Birdən arxadan balaca bir əlin mənə toxunduğunu hiss etdim. Arxaya çevriləndə, qarşımda balaca, qara dərili bir qız dayanmışdı. Balaca əlləri ilə ətəyimi yavaşca dartır, gözlərini əlimdəki çətirdən çəkmirdi. Əyilib onun buruq saçlarını sığalladım və onunla eyni hündürlükdə dayandım:

- Bu sənin çətirindir?

Qız gözləri ilə gülümsədi:

- Həə, mənimdi...

Çətiri ona uzatdım.

- Al çətirini, bərk saxla, yaxşı? Yoxsa yağışda islanarsan.

 Deyib yumru yanaqlarından astaca öpdüm.

Qız sevincək çətiri əlinə aldı. Sanki kimsə əlindən alacaqmış kimi balaca barmaqları ilə onu bərk-bərk sıxdı.

- Çox sağ olun...

Sonra utancaq-utancaq gülümsədi.

- Adın nədir? - soruşdum.

- Marina

O, bir qədər sükutdan sonra, əli ilə ətəyini oynada-oynada davam etdi:

- Mərakeşdən gəlmişəm.

- Həə, nə gözəl, Marina. Sənin nə şirin adın var belə...

Marina gülümsədi.

Sonra maraqla üzümə baxıb soruşdu:

- Siz haralısınız?

- Mən, Azərbaycanlıyam. Bakıdan gəlmişəm.

- Bakı?

- Hə.

- Orada da belə yağış yağır?

Gülümsədim.

- Hə, amma Bakının yağışı bir az başqadır.

- Necə?

-  Bakı küləklər şəhəridir.

Marina diqqətlə üzümə baxdı.

- Bakı gözəldir?

- Çoxxx. İsdəsən, bizim ölkəmizə də gələrsən. Səni gəzdirərəm.

Marina sevincək məni dinləyirdi. Mən isə onun yanaqlarını oxşayaraq şirin söhbətimizə davam edirdim:

- Mənim evim oradadır.

Bir anlıq gülümsədim.

- Anam, uşaqlığım, sevdiyim insanlar... Hamısı Bakıda yaşayır.

Marina gülümsəyərək qırmızı çətirini açdı.

- Mən də Mərakeşi sevirəm. Ən çox da “Mavi Şəhəri”. Mən də orda yaşayıram.

- Deməli, sən məni başa düşürsən.

İkimiz də güldük.

Marina bir neçə addım atdıqdan sonra, qəfil geri çevrildi.

- Bir sual da verə bilərəm?

- Əlbəttə, əzizim.

- Sizin adınız nədir?

- Mehriban.

Qız adımı asta səslə təkrarladı:

- Mehriban... Mehriban...

Sonra gülümsəyərək soruşdu:

-Sizin də qırmızı çətiriniz var? - deyib, balaca əllərini yelləyə-yelləyə insanların arasında gözdən itdi.

Mən bir müddət onun arxasınca baxdım. Bir neçə dəqiqə əvvəl tanımadığım balaca bir qız mənə Bakını xatırlatmışdı... Düşüncəli halda küçəni bir az addımlamışdım ki, arxadan bir səs eşitdim:

- Bağışlayın...

Anlamadan arxaya döndüm.

Gənc bir oğlan əlində bir kartı mənə tərəf gəlirdi.

- Bu sizindir?

Hələ nə baş verdiyini anlamamışdım.

- Sizdən düşdüyünü gördüm. - deyib, kartı mənə uzatdı.

Çantama baxdım. Bakı kartım idi. Sanki qiymətli bir əşyanı  tapmış kimi sevindim:

- Ayy, çox sağ olun. Necə düşüb, heç bilməmişəm. Mənimdir deyəsən. - deyib, kartı tələsik götürdüm.

Sonra oğlanın üzünə baxdım. Bir anlıq dayandım.

 Bu sima mənə tanış idi.

Oğlan, təəccüblə gülümsədi:

- Mehriban?

- Araz?..

- Həə, Mehriban, tanıdın sən də məni.

İkimiz də güldük. Bir neçə saniyə hər ikimiz susduq.

Sonra təəccüblə soruşdum:

- Araz, sən burada? - sözümü bitirməmişdim ki:

- Bir həftədir ki, buradayam. İşimlə bağlı gəlmişdim. İndi də şəhəri gəzməyə çıxmışam. Amma səni burada görəcəyim heç ağlıma gəlməzdi.

Əlimdəki karta baxıb güldü.

- Düzü, Drezdendə Bakı kartı tapmağı da..- deyib, gülümsündü.

Mən də gülümsədim.

- Görünür, Bakı məni burada da tək buraxmayıb.

Araz üzümə diqqətlə baxdı.

- Sən dəyişmisən, Mehriban.

-  Amma, sən heç dəyişməmisən.

O güldü.

- Bəs sən haralardasan? Axırıncı dəfə nə vaxt danışdığımızı heç xatırlamıram.

Gözlərimi ondan qaçırdım.

- Çox şey olub, Araz.

Bir an susdu. Sonra soruşdu:

- Həyatında kimsə var?

Sualına cavab vermədim. Sadəcə gülümsədim.

- Bu haqda Bakıda danışarıq.

- Deməli, qayıdırsan?

Bakı kartımı göstərib, gülümsədim.

- Mən də burada magistr oxuyuram. Bakıya, yazda qayıdacağam.

 Araz başını yelləyərək gülümsədi.

 

Bəzi təsadüflərin əlində qırmızı bir çətir olur.

 

Bir il sonra

Bakıya payız yenə öz küləyi  ilə gəlmişdi. Bir il keçmişdi. Amma bəzi ayrılıqların vaxtı olmurmuş...

Anamın ölümündən bir il keçirdi. Artıq onun yoxluğu ilə barışmalı olduğumu düşünürdüm. Mətbəxdə onun fincanını hələ də eyni rəfdə saxlayırdım. Bəzən səhərlər çay süzəndə əlim istər-istəməz ikinci fincana gedəndə, birdən dayanırdım. Fincana baxıb sakitcə kövrəlirdim. Hərdən gecələr yuxumda məni qucaqladığını hiss edirdim...

- Ana... sənə  həsrətəm... - gözümdən süzülən yaşı yavaşca silib, pəncərəyə yaxınlaşdım. Küçə əvvəlki kimi idi. Göyün üzündə yüngül duman vardı. Bakı heç dəyişməmişdi.

Dəyişən mən idim... Telefonumu götürüb qalereyamda anamla çəkdirdiyim son  şəklimizə baxdım.

- Darıxmışam sənin üçün...

Sonra telefonu bağlayıb masanın üzərinə qoydum.

Axşamüstü idi. İçərişəhərdən keçib evə qayıdırdım.

Göyün üzünü qara bulud almışdı. Yağış artıq narın-narın yağmağa başlamışdı. Bir şirniyyat mağazasının qarşısından keçərkən, balaca bir oğlan diqqətimi çəkdi.

O, əlindəki cemli bulkadan xırda parçalar qoparıb, mağazanın küncündəki  balaca ağ pişiyə verirdi. Yanında isə yaşlı bir qadın dayanmışdı. İlk baxışdan nənəsi olduğunu düşündüm.  Üzərində uzun, yaşıl şalı vardı.

 Qadın uşağın qolundan tutdu:

- Kamal, gəl gedək.

Uşaq əlini geri çəkdi:

- Ehh, mən getmək istəmirəm. - deyib, pişiklə oynamağa davam etdi.

- Yağış yağır, birazdan islanacağıq . Gəl.

- Mən, rayona getmək istəmirəm. - oğlan, dodağının altında mızıldandı.

Qadın bir az dayandı, sonra əsəbi halda:

- Kamal, ayağa qalx, gəl. Hara gedəcəyik bəs? Dur gedək evimizə.

Uşaq başını yellədi. Sonra mənə baxdı. Bir neçə saniyə susdu.

- Mənim adım Kamal deyil...

Qaşlarımı çatdım.

Qadın tez uşağın əlindən tutdu. Mənim onlara baxdığımı görüb:

- Uşaqdır da, qızım. Bir azdan özü də nə danışdığını bilməyəcək.

Amma uşaq gözlərini məndən çəkmirdi. Baxışlarında qəribə bir tanışlıq vardı. Elə həmin an yağış güclənməyə başladı.

Uşaq soyuqdan titrəsə də, inadından əl çəkmirdi.

Mən qadına yaxınlaşdım:

- Xanım, uşaq islanır. Belə getsə, xəstələnər. İstəsəniz, mənim evim yaxındadır. Yağış bir az səngiyənə qədər bizdə gözləyə bilərsiniz. Gördüyüm qədəriylə uzaq yol gedəcəksiniz.  Heç olmasa yağış dayanana kimi bizdə qalarsınız.

Qadın əvvəlcə tərəddüd etdi. Sonra yorğun səslə:

- Allah razı olsun, qızım... - deyib, başı ilə razılaşdı.

Uşağın əlindən tutdum. Elə bu vaxt qadın çantasından balaca bir qırmızı çətir çıxarıb uşağın başının üstünə tutdu. Qırmızı çətiri görən kimi addımlarımı yavaşlatdım.

Kunsthofpassage... Marina... Araz... Bir əvvəlki o yağışlı gün...

Bir anlıq ürəyim sıxıldığını hiss etdim. Çətirin tutacağında kiçik, köhnə bir "M"hərfi vardı. Əlimi istər-istəməz sinəmə qoydum. Bəlkə də sadəcə təsadüf idi. Amma nədənsə həmin an bunun təsadüf olmadığını hiss etdim.

Uşaq mənə baxdı, sonra sakitcə soruşdu:

- Sizin adınız Mehribandır?

Bir anlıq dayandım. Gözləmədiyim bir an idi. Çünki mən ona adımı hələ deməmişdim.

- Sən mənim adımı haradan bilirsən? - təəccüblənmiş, soruşdum.

Uşaq sakitcə əlimdən tutdu, amma sualıma cavab vermədi. Əlləri çox üşümüşdü. Balaca barmaqları buz kimi idi.

- Mən sizi tanıyıram... - bir neçə saniyə sonra yenidən dilləndi.

Ürəyimin bu anda daha sürətlə döyündüyünü hiss etdim.

- Haradan tanıyırsan?

Kamal bir müddət susdu. Sonra başını qaldırıb üzümə baxdı.

- Anam sizi tanıyırdı.

Qadının üzündə rəngi birdən-birə dəyişdi.

- Kamal!

Uşaq qorxub susdu. Mən həmin an qadına baxdım.

-Kamalın anası kimdir?

Qadın gözlərini qaçıraraq, cavab vermədi.

- Xanım, xahiş edirəm...

O, gözlərini yerə dikdi.

Sonra astadan dilləndi:

- Sizin ananızı da tanıyırdı...

Bunu eşidəndə, sanki bir anlıq dünyam dayandı. Bir neçə dəqiqə heç birimiz danışmadıq.

- Mənim anamı siz tanıyırdınız?

Qadın başını aşağı saldı.

- Hə...

Mən yenidən soruşdum:

- Kim idi, Kamalın anası?

Qadın susdu.

Yağış aramla yağmağa davam edirdi. Mən isə bir il əvvəl itirdiyim anamın həyatına dair bir həqiqəti ilk dəfə bir yad adamın dilindən eşidirdim. Qadın nəhayət başını qaldırdı. Gözləri dolmuşdu.

 - Qızım... sənlə hər şeyi danışacam.

Çantasından bir şəkli çıxarıb astaca mənə uzatdı.

Şəkli götürüm. Əllərim titrəyirdi. Onu çantama qoydum. Hələ baxmağa cəsarət etmirdim. Qadın şəkli qoyduğum çantama baxıb astadan dilləndi:

- İndi yox, qızım... Evə çatanda baxarsan.

Başımı tərpətdim. Şəkli çıxarıb bir neçə saniyə əlimdə saxladım, amma çevirməyə cəsarət etmirdim. Kamal isə əlimdən tutub sakitcə yanımda dayanmışdı. Qırmızı çətirimiz başımızın üstündə bizi yağışdan qoruyurdu.

Bir il əvvəl Drezdendə qarşıma çıxan həmin qırmızı çətiri xatırladım. O gün Marina mənə evimi, anamı, Bakını xatırlatmışdı. İndi isə eyni yağışlı gündə anamın mənə danışmadığı bir xatirəsini öyrənəcəkdim. Yanağımdan süzülən yaşı astaca silib, şəkli çantama qoydum. “Bəzən cavablar tapmaq üçün insan çox uzaqlara getmirmiş.... Sənin xatirənə də həsrətəm, anacan...” - astadan öz-özümə pıçıldadım.

Kamal başını qaldırıb mənə baxdı:

-Gedək.

 Kamalın əlindən sıxıb, gülümsədim:

-Gedək.

Qırmızı çətirin altında İçərişəhərin yağışlı küçələri ilə addımlamağa başladıq.

O an hələ bilmirdim ki, evə çatanda açacağım həmin şəkil anam haqqında bildiyim bir şeyi dəyişəcək. Amma bir şeyi artıq anlayırdım ki, bəzi insanlar həyatdan getsə də, onların yarımçıq qalan hekayələri bizimlə yaşayır.

Hərdən bu hekayələr qırmızı bir çətirin altında tapır bizi. Bizi yağışdan qoruduğu anlar da olur, bəzən isə küləyin gücünə dayana bilməyib əlimizdən uçub gedir...

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.