Super User
Qısa yazaq, oxucular xoşbəxt olsun! – ƏDƏBİ TƏNQİD
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
(“Düşüncə döngələri” silsiləsindən IX yazı)
-Mən bütün dünyadan küsəndə, yadıma sən düşürsən...
-Mənsə, dünyanı sevəndə, hələ yaşamaq istəyəndə adını pıçıldayıram...
-Hansımız haqlıyıq?-dedi oğlan.
-İkimiz də...-gülümsədi qız.
...Və onlar ikisi də bilirdilər ki, dünya fani, insan gəldi-gedər, ömür yolu üzü bircə yana, özü də, gedər-gəlməzdir...
***
Tanış gəldimi bu rəsm? Bilirəm, hamımız bu rəsmin qəhrəmanı, rəssamı, baxıb heyran olanıyıq. İncəsənət bir ana olsaydı, bütün balalarını başına yığıb onlara rəsmdən danışsaydı, mahnı oxusaydı, onlara bayatı çəkə-çəkə yaxası butalı nimtənələr, çiyni çinli arxalıqlar tiksəydi, nə olardı? Hə, yenə söz qalib gələrdi! Dolayısı ilə, incəsənətin bütün balaları ondan söz əmir! Ədəbiyyat budur!
***
Təranə Vahidin röyalarında söz elə eynidir - tanıdığımız. Hərdən Təranə Vahid yaradıcılığının qapısını döyür, qonaqpərvərliyini bildiyimizdən ərk eləyir, fəlsəfəsindən nuş edirik. Sonra da günlərlə düşürük düşüncə döngələrinin canına. Yüyürhayüyür, qaçhaqaç ki, özünə çatasan... Ay çatdın ha! Siz elə bilirsiniz ki, nağıllarda bizi aldadıblar “fikir hər şeydən yüyrəkdir” deyəndə? Yox... Biz özümüz özümüzü aldatmağa meyilliyik. Bizdən öndə gedən bizdir fikrimiz.
***
Bu noyabrda Təranə Vahidin yaradıcılıq qapısından içəridə qısa hekayələr tapdım. “Sarı ovqat”a büründüm, Telli arvadla birgə ömür boxçamı açdım, içindəkilərə baxıb o ki var ağladım. Anamın saçlarına təzə-təzə dən düşəndə şeirlərindən birində yazmışdı: “Saçımda ağ kağızın boz kölgəsi...” Mən də şeirimdə arzu tutmuşdum: “...O kölgə heç canlanmasın!” Ömür boxçamda bu payız nə axtarsam, əlimə bu iki misra gəldi. Ağladım. Sonra kiridim, elə Telli arvad kimi qıvraqlaşdım, durub eşiyə çıxdım, Şəkinin nəm havasından doyunca çəkdim ciyərlərimə, baxdım zəfəranların çiçək açmağı unudan yaşıllığına, onların başını sığallayan sapsarı zoğal yarpaqlarına və Telli arvadın dediyini dedim: “Adam da bu gözəllikdə dünyanı qoyuf ölərmi?!”
***
“Sevginin şəkli” qoyub qısa hekayələrindən birinin adını Təranə Vahid. “Fırça toxunmamış ağ kətan sevginin şəkli idi...”-yazıb. Bundan sonrasını xatırlamaq istəməyib. Yoxsa o da bilirdi ki, həmin kətan ünvanına çatmamış rəssam peşmanlayıb. Əl dəyməmiş, bəmbəyaz sevgi şəkli olmaz ki! Bu bütövlükdə, bu mübhəmlikdə sevginin özü olar. İnsansa sevgini öz bildiyi kimi “düzəltməyə”, “rəngləməyə” qadir olduğunu sanır. İnsan nəfsi sevgini olduğu kimi qəbul etməz ki!
Sevməyin peyğəmbərlik olduğunu hayqıran səslə razıyam amma... (“Səs” hekayəsi). O boyda Eynşteyn soyadını verməkdən imtina etdiyi, sevmədiyi, böyüməsi üçün qohumlarının üstünə atdığı qızına ünvanladığı məktubunda yazırdı: “Kainatda ən böyük güc sevgidir!” Məncə, Dino Bussati Eynşteynə ironiya etdiyi hekayəsini yazanda özünü Lieserl`in yerinə qoymuş, yazıçı hünəriylə dahidən qisasını belə almışdı. Nə isə... Eynşteyn Vestministrdəki saata baxaraq nisbiliyi anlayanda düşünən insan olmağın zirvəsinə qalxmış, qızına yazdığı məktubda üzrxahlıq etmək əvəzinə sevgini öyəndə peyğəmbərliyə umsunmuşdu...
***
“Təbəssüm” hekayəsində Təranə Vahid itirilən insanlığın harada gizlədilməsi haqqında ipucular verib. Və mən yenə Tolstoy babanın öz obrazı olaraq yaratdığı Levin`i xatırladım. O Levin ki, həyatı hər rəngiylə görməyi bacarırdı. Həyatın hər künc-bucağı haqqında düşüncələrə dalırdı. Problemləri tanıyır, onları həll etməyə çalışır, bacarmayanda da geri durmur, başqa üsulları sınaqdan çıxarırdı. “Anna sevimli obrazımdır” deyənləri anlamadığım bundandır. Düzdür, Tolstoy babaya Anna kimi mükəmməl ədəbi obraz yaratdığına görə təşəkkür düşür, amma Levin daha gözəl, işlənməsi üçün daha çox vaxt və düşüncə tələb edən obrazdır axı. Buna görə Tolstoy babaya təşəkkür etmək azdır. Ayrı nəsə etməliyik onun üçün. Adı çəkiləndə ehtiramla gülümsəmək... Hə, bu, təşəkkürdən daha uca mükafatdır!
Təranə xanım bizə bu ipucuları verir: Anna`nı tanıyın, Levin`i anlayın. Yoxsa hər şey tərsinə dönəcək, xüsusən, gənc qızlarımız Anna`nı anladığını düşünəcək, Levin`i tanımayacaq. İnsanlıq uçuruma doğru bir addım daha yaxınlaşacaq...
***
Hamımızın bildiyi nağıldır “Həqiqətlə yalan haqqındakı ən gerçək nağıl”. Bilirik, amma hər gün unuduruq. Bu nağılı hər gün yenidən xatırlamağa ehtiyacımız var. Təranə Vahid yazıçı missiyasına sadiq qalaraq bizə bunu xatırlatmağa tələsib.
“Adam əlçatmazları arzulayanda yaxınlığındakı reallığı qəbul edə bilmir”. Narıngül Nadirin “Çilli qız” povestindədir bu cümlə. Yəni bəzən özümüz həqiqətlə yalanın yerini dəyişirik ki, guya xoşbəxtlik uyduraq özümüzdən. Bir anlamda xoşbəxtlik yalanın ən böyüyü deyilmi? Həqiqət olaraq qəbul etsək, bu iki sözü əzbərləməliyik: “Xoşbəxtlik individualdır!” Xoşbəxtlik zövq məsələsidir və “zövqlər müzakirə olunmaz”. Belə də deyə bilərik. Gördünüzmü, xoşbəxtlik haqqında belə, uydura-uydura söhbəti “n” qədər uzatmaq mümkündür. Qısa yazaq, oxucular xoşbəxt olsun!
***
Təranə Vahidin “Ovcumdakı güzgü” qısa hekayəsi analara həsr olunub. Gəncəçayın sahilində, Abbas Səhhətin məzarı olan adsız parka darvazası açılan bir köhnə məhlədə kirayədə qalırdıq. Ev sahibəmizin yaşı səksəni ötmüşdü. Sonra başqa evə köçdük. Günlərin bir günü ev sahibəmizin qızı anama zəng edib ki, “anam ölüm ayağındadır, səni arzulayır”. Anam gedib. Yaşlı qadın gözlərini aça bilmirmiş. Deyiblər: “Gəldi arzuladığın...” Qadın əlini irəli uzadıb. Anam əlini qadının ovcuna qoyub. Qadın anamın əlini barmaqlarıyla yoxlayıb, sonra dərindən nəfəs dərib, deyib: “Hə, odur... Onun əlidir. Qabarından tanıdım”. O axşam qadın son nəfəsini verib...
Hekayədir, hətta romandır qabar əllər... Harada onlardan danışılsa, bilin ki, söhbət analardan gedir.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)
)
Bu gün Qarakənd terorundan 34 il ötür
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycana məxsus və göyərtəsində yüksək rütbəli dövlət xadimlərinin, millət vəkili və jurnalistlərin olduğu "Mi-8" hərbi helikopteri erməni hərbi dəstələri tərəfindən vuruldu.
Terror aktı nəticəsində aralarında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, nazir müavini Qurban Namazəliyev Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayevin də olduğu ümumilikdə 22 nəfərdən ibarət olan sərnişin və şəxsi heyyətin hamısı həlak olub.
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya
çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.
Helikopter saat 14:42- radələrində Qarakənd kəndi yaxınlığında 300 metr yüksəklikdə vurulur. Baş vermiş faciə barədə İrəvan radiosu saat 16:15, Tehran radiosu 16:40-da Moskva radiosu 17:00 da xəbər yaysa da, faciə barədə xəbərin Azərbaycanın Prezident Aparatına saat 19:55 -də çatdığı bildirilir.
Terror aktının baş vermə səbəblərini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokrurona qarşı uçuşun düzgün idarə olunmaması və insan tələfatı maddəsi ilə cinayət işi açılır.
Bu günə qədər cavabsız qalan suallardan biri də odur ki, niyə onları hərbi vertalyot müşayiət etmirdi, münaqişə bölgəsi olduğu halda niyə ehtiyyat tədbirləri görülməmişdi?
Helikopterin qara qutusunu araşdırmaq üçün azərbaycanlı mütəxəssisləri yaxına buraxmırlar. Hadisədən bir neçə gün sonra hadisənin baş vermə səbəblərini öyrənmək üçün qara qutunu Rusiyaya göndərirlər. Halbuki qara qutunu Gəncədəki helikopter zavodunda da açmaq olardı. Sonralar isə Rusiyaya göndərilən qara qutudan heç bir səs sorağ çıxmır.
Bu gün həm də Ağdam rayonunun erməni işğalından azad edildiyi gündür.
Belə ki, Qarakənd terorunun 29-cu il dönümündə, yəni 2020-ci il (44 günlük müharibə dövründə) noyabrın 20-də Ağdam rayonu erməni işğalından azad edilmişdir.
Ağdam rayonu 23:07:1993- cü il tarixində ermənilər tərəfindən işğal olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)
“Eniş olmasa, zirvə də olmaz” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Eniş olmasa, zirvə də olmaz.
2.
“İlkin qardaşlığı duman içində
Qaralan yol kimi xatırlayaq biz.
Elə sarılaq ki, bir-birimizə
Bir ürək, bir beyin, bir adam olaq. …
Uzaqdan Allah da baxıb kövrələ,
Cənnətdə mələklər “Amin!” deyələr…”
3.
Əsl söz yazıya daxil edilmək üçün tapılan söz deyil. Əsl söz sonsuz lüğətin içində axtarılan və tapılmayan sözdür.
4.
Allah özü günahımızdan keçsin. Yəni, cəzamızı versin.
5.
Eynşteyn: “Nisbilik nəzəriyyəsinə görə qatar Cenevrə vağzalına yaxınlaşmır, Cenevrə vağzalı qatara yaxınlaşır.” Dahi alim bunu nisbilik nəzəriyyəsindən bayılan, amma onu anlamayan qadınlar üçün demişdi.
6.
İngilis dilində “sən” əvəzliyi yoxdur deyənlər bəlkə də yanılırlar. Bəlkə də bu dildə “siz” əvəzliyi yoxdur.
7.
K.Şennonun informasiya kanalında “küylər” adlandırdığı maneələr, əslində, “təmiz” mətnin içinə daraşan üslubi məqamlardır.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)
ANAR, “Təhminə” filmindən mahnı”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
“TƏHMİNƏ” FİLMİNDƏN
MAHNI
Görüşdük nə çətin,
Ayrıldıq nə asan.
Hardasan, həyatım,
Varmısan, yoxmusan?
Əlvida, o günlər,
Ulduzlu gecələr, əlvida.
Ömrümdən nə qaldı, nə qaldı,
Vəfasız dünyada...
Mən səni izlədim,
Günahtək gizlədim,
Hər səhər, hər axşam,
Hər gecə, hər günduz
Gözlədim.
Əlvida, o günlər,
Ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı, nə qaldı,
Vəfasız dünyada.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)
“Biri ikisində” – Əli Çağlanın şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Əli ÇAĞLA
(Cənubi Azərbaycan)
16 iyun 2002-ci ildə, Təbriz şəhərində doğulmuşdur. O, WOW Yazarlar Birliyinin Güney Azərbaycan təmsilçisidir. “Ədəbiyyat və incəsənət” portalının da həmçinin.
LAMPADA YANAN QARANLIQ
Buzun üstünə basa-basa rezin dabanlı ayaqqabımı
Evə girirəm...
Silkələyirəm başıma yağan xatirələri,
Qarderobdan asıram “MƏN”-i
Neçə “MƏN”-lərin kənarından...
Otağın lampalarını yandırıram,
Yandırıram qaranlıqları...
Lampaları yandırardım
Gecələr gözlüyünü tapa bilməyəndə anam,
“İşıqlığa çıxasan” deyərdi...
Anam illərcə gözlüyünü
İşıqlıqda tapmışdı
Mən isə işıqlığı gələcəyin
Qaranlıq vadilərində axtarıram hələ də...
Baxın!
Dünyanı gözlüyü ilə işıqlandıranın oğlu,
Otağını bir lampa ilə işıqlandıra bilmir...
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)
Müəllimin artan iş yükü şagirdlərdən də yan keçmir - AKTUAL
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bəzən qarşımıza iş elanları çıxır. Məsələn, menecer vəzifəsi üzrə vakansiya! Amma tələblərə baxanda görürsən ki, tələb olunan yalnız menecerlik deyil. Həm mühasib, həm xadimə, həm resepsionist, həm də tərcüməçi vəzifələrinin öhdəliyini birdən üzərinə yıxmaq istədikləri birini axtarırlar. Günümüzdə Təhsil Nazirliyinin də müəllimlərdən gözləntisi eyni cürdür.
Əvvəlki dövrlərdə təhsil sistemi daha stabil idi. Bu günkü kimi tez-tez dəyişmirdi və texnologiya da bu cür inkişaf etməmişdi. Müəllimlərin iş yükü də daha az idi.
Normalda yeniliklər və texnologiya insanların işini asanlaşdırmalı və işi daha sürətli yerinə yetirməyə xidmət etməlidir. Amma bu gün müəllimlərin iş yükünə baxdıqda bunun tam əksini görürük. Texnologiya inkişaf etdikcə və sistem yeniləndikcə, paralel olaraq müəllimlərin iş yükü də artır. Ölkəmizdə isə bunun təməl daşı kurikulumla birlikdə qoyuldu.
Əvvəllər müəllim məlumat verən, dərsi tədris edən və şagirdi qiymətləndirən şəxs idi Amma bu gün kurikulumla birlikdə müəllimin öhdəliyinə qoyulan bir çox əlavə işlər - sənədləşmələr, hesabatlar, monitorinqlər, elektron jurnallar və s.- onu əsas işdən, yəni tədrisdən uzaqlaşdırır. Müəllim bütün enerjisini öhdəliyindəki əlavə işlərə sərf etdiyi üçün dərsi izah etməyə enerjisi qalmır və nəticədə şagirdlərə lazımi diqqəti və qayğını göstərə bilmir.
Və məsələ burasındadır ki, bu prosesin tək zərərçəkəni müəllimlər deyil, sadaladıqlarım şagirdlər üçün də keçərlidir.
Müəllimlərlə birlikdə şagirdlər də sistemdəki dəyişikliklərdən təsirlənir.
Bitməyən summativ və formativ qiymətləndirmələr uşaqları yorur, davamlı stres və narahatlıq yaşamalarına səbəb olur.
Layihələr və təqdimatlar uşaqların vaxtını alır, onları yorur; onlayn platformalar və onlayn testlər isə göz yorğunluğuna və diqqət dağınıqlığına səbəb olur. Hələ bəzi fənnlərdə dərslərin məzmununun yaş səviyyəsi ilə uyğun gəlməməsindən və ağırlığından danışmıram.
Uşaq həyatında oyun çox mühümdür, amma bu günkü təhsil sistemi uşağın oyun və istirahət vaxtını demək olar ki, tamamilə azaldır.
Müəllimlər gərgin və yorğun olduqda dərsləri yüksək enerji ilə tədris edə bilmirlər; bu isə uşaqların öyrənmə istəyinə və dərs müddətində sərgilədikləri performansa birbaşa təsir edir.
Qısacası, müəllimin çiyninə düşən yükün ağırlığı və nəticələri şagirdlərdən də yan keçmir.
Dərs kitablarından əlavə dərs resurslarının çoxluğu və onların doğurduğu problemlər haqqında ümumiyətlə danışmaq istəmirəm.
Amma düşünmək lazımdır bu resurslar dərs kitablarının yetərsiz olmasından başqa nəyi göstərir? Yoxsa yalnız uşağın dərs çantasını ağırlaşdırmaqdan, əlavə kitab bazarına xidmət etməkdən və valideyndə "ala bilməsəm uşağım geri qalacaq" düşüncəsini formalaşdırmaq üçünmü yaradılıb?
Sonda onu da qeyd etmək istərdim ki, məsələyə yalnız məktəb müəllimləri nöqteyi-nəzərindən deyil baxçalarda çalışan tərbiyəçi- müəllimlər nöqteyi-nəzərindən də yanaşmaq lazımdır.
Çünki artan iş yükü sənədləşmələr, hesabatlar və s tərbiyəçi-müəllimlər üçün də keçərlidir. Və nəzərə alaq ki, tərbiyəçi müəllimlərin həm fiziki, həm də psixoloji iş yükü çox ağırdır və baxçalardakı fiziki risklər də daha yüksəkdir.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)
Göyçə mahalının mədəni irsi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Göyçə mahalının mədəni irsi yüz illər boyu Azərbaycan türklərinin formalaşdırdığı zəngin maddi və mənəvi dəyərlər sistemini əhatə edir və Qərbi Azərbaycanın ən qədim etno-mədəni regionlarından biri kimi tanınır. Mahalda yaşayış eramızdan əvvəlki dövrlərdən etibarən formalaşmış, arxeoloji tədqiqatlar burada kurqanlar, tunc dövrü yaşayış yerləri, qayaüstü təsvirlər və qədim məzarlıq komplekslərinin mövcudluğunu sübut etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Göyçə ətrafı abidələri üzrə apardığı araşdırmalar göstərir ki, bu ərazi qədim türk tayfalarının e.ə. II minillikdən başlayaraq fasiləsiz məskunlaşdığı bir mədəni məkandır. Kurqan tipli abidələr, daş qoç fiqurları və runik işarəvari simvollar bölgənin erkən türk mədəniyyətinə bağlılığını nümayiş etdirir.
Mahalda orta əsrlər dövründə mədəni həyat İslam və türk ənənələri əsasında inkişaf etmişdir. Əhalinin böyük hissəsi ticarət, maldarlıq, sənətkarlıq və balıqçılıqla məşğul olurdu; Göyçə gölünün qoynunda yerləşən kəndlər qədim Azərbaycan kənd memarlığının tipik nümunələrini qoruyurdu. Azərbaycan etnoqrafiyasını araşdıran elmi mənbələr (o cümlədən Q. Qeybullayevin “Azərbaycan türklərinin təşəkkülü tarixi” əsəri) Göyçə mahalının əhalisinin dil, adət, inanclar və maddi irs baxımından Azərbaycan türklərinin ümumi mədəni kompleksinə tam uyğunluq təşkil etdiyini təsdiqləyir.
Göyçənin ən görkəmli maddi mədəniyyət nümunələri arasında məscidlər, türbələr, qəbiristanlıqlar, daş qoç və qoçbaşı fiqurları, karvansara və körpülər xüsusi yer tutur. XIX əsrin ortalarında İ. Şopenin İrəvan quberniyası haqqında statistika əsərində Göyçə mahalında yüzlərlə azərbaycanlı kəndinin mövcudluğu, bu kəndlərdə məscid və dini-mədəni ocaqların fəaliyyəti qeyd olunur. Eyni dövrdə rus etnoqrafı K. Patkanov bölgədəki qəbirüstü daşların üzərindəki tamğaların və təsvirlərin türk mənşəli olduğunu elmi şəkildə təsdiqləmişdir. Bu tamğalar — ox, yay, qoçbaşı, ay-ulduz, rəmzi təsvirlər Göyçə türklərinin qədim inanclarının və sosial status anlayışlarının maddi ifadəsi idi.
Aşıq yaradıcılığı Göyçə mahalının mənəvi-mədəni həyatının ən parlaq təzahürlərindən biri olmuşdur. Aşıq Ələsgər, Mirzə Bayram, Aşıq Şenlik kimi ustadların fəaliyyəti Göyçəni Azərbaycan aşıq sənətinin mərkəzlərindən birinə çevirmişdir. Aşıq Ələsgərin yaradıcılığı yalnız Göyçə mahalının deyil, bütün Azərbaycan mədəniyyətinin zirvələrindən biridir və onun poeziyasında Göyçə yaşayış tərzi, insan xarakteri, yaylaq-qışlaq həyatı, göl mənzərəsi və türk dünyagörüşü real və bədii biçimdə əks olunub. Göyçə aşıq məktəbinin poetik dili, ritmik quruluşu, dastan ənənəsinin qorunması və improvizasiya ustalığı elmi tədqiqatlarda ayrıca araşdırılan mədəni fenomen hesab olunur.
Regionun folkloru — nağıllar, bayatılar, mifoloji təsəvvürlər, mərasimlər və mövsüm ayinləri özünəməxsusluğu ilə seçilir. Qışın qarşılanması, Novruz mərasimləri, toy və yas ənənələri Göyçə icmalarında xüsusi formalar almışdı. Folklor materiallarında Göyçə gölünün su ruhu, göl ətrafı pirlər, müqəddəs sayılan təpələr və ağac kultu kimi inanclar geniş yayılmışdır. Bu elementlər türk mifoloji təbəqələrinin davamı olaraq bu gün də elmi mənbələrdə qeyd edilir.
Göyçə mahalının memarlıq irsi də diqqətəlayiqdir. Qarşıqlama qapıları, eyvanlı evlər, daşdan tikilmiş yaşayış binaları, küləklərə qarşı yönləndirilmiş xüsusi dam quruluşları regionun sərt iqliminə uyğunlaşdırılmış mədəni memarlıq nümunələridir. AMEA-nın memarlıq tədqiqatlarına görə Göyçə kəndləri Şərqi Anadolu və Qarabağ memarlıq məktəblərinin oxşar xüsusiyyətlərini özündə birləşdirir: daş konstruksiya, ağac örtüklü iç otaqlar, saxsı-torpaqdan hazırlanmış təsərrüfat qurğuları, tandır ənənəsi və həyət tipli ev formaları.
İslam mədəniyyətinə bağlı dini-memarlıq nümunələri bölgənin mühüm parçası idi. Göyçənin müxtəlif kəndlərində XVIII–XIX əsrlərə aid məscidlər, mədrəsələr və pirlər mövcud olmuşdur. Onların böyük qismi 1905–1906 hadisələri, 1918–1920 təqibləri və xüsusilə 1988-ci ildən sonra dağıdılmış, izləri silinmişdir. Azərbaycan Milli Arxiv İdarəsinin foto və sənəd materialları göstərir ki, mahala aid çoxsaylı qəbiristanlıqlar, qoç heykəlləri və epigrafik kitabələr XX əsrin sonlarında məhv edilmiş və mənbələrin mühüm hissəsi yalnız köhnə arxiv sənədlərində və tədqiqat kitablarında qorunub.
Göyçə mahalının mədəni irsi bütövlükdə Azərbaycan xalq mədəniyyətinin integral hissəsidir və bu irsin formalaşması bölgənin türk etno-mədəni məkanının davamlılığını sübut edir. Göyçə təkcə coğrafi məkan deyil, musiqi, söz sənəti, arxitektura, sənətkarlıq və yaşayış tərzinin bütöv bir ansamblı kimi formalaşmış tarix-mədəniyyət zonasıdır. Bu irs zaman-zaman müharibələr, deportasiyalar və etnik təmizləmə siyasətləri nəticəsində ciddi zərər görmüş, lakin xalq yaddaşında, aşıq sənətində, folklorda və yazılı mənbələrdə bu gün də yaşayır.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)
Türk musiqi mədəniyyəti: kopuzdan muğama
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası haqqında olan layihəsində bügünkü təqdimat Türk musiqi mədəniyyəti barədədir.
Türk musiqi mədəniyyəti tarix boyu həm etnik identikliyin formalaşmasında, həm də mədəni yaddaşın qorunmasında əsas daşıyıcılardan biri olmuşdur. Bu mədəniyyətin inkişaf xətti ən qədim dövrlərdən başlayaraq müxtəlif coğrafiyalarda – Orta Asiya, Qafqaz, Anadolu, Sibir və Şərqi Avropada – köçəri və oturaq həyat tərzinin təsiri altında formalaşmışdır. Türk musiqi ənənəsinin əsas başlanğıc nöqtəsi kimi qəbul edilən kopuz və onu müşayiət edən dastan–qoşuq mədəniyyəti həm qəhrəmanlıq epikalarının, həm dini-mifoloji təsəvvürlərin, həm də sosial münasibətlərin ifadə vasitəsi olmuşdur. Kopuzun qədimliyi Orxon-Yenisey yazılarında, “Kitabi-Dədə Qorqud”da, həmçinin Sibir və Orta Asiya etnoqrafik materiallarında qeyd edilir. Bu alət yalnız musiqi deyil, həm də informasiyanı nəsildən-nəslə ötürən bir vasitə funksiyasını yerinə yetirmiş və ozan-aşıq ənənəsinin formalaşmasına təməl yaratmışdır.
Kopuzdan inkişaf edən aşıq sənəti türk musiqi mədəniyyətinin ən davamlı xəttini təşkil edir. Aşıqlar poetik mətnlə musiqini birləşdirərək həm sosial hadisələri, həm qəhrəmanlıq motivlərini, həm də mənəvi-fəlsəfi düşüncələri ifadə etmişlər. Bu ənənə yalnız folklor səviyyəsində deyil, həm də peşəkar musiqi mühitində formalaşan müəyyən sistemləşmiş janrların yaranmasına təsir göstərmişdir. Aşıq ifaçılığı zamanla sazın daha geniş yayılması ilə yeni musiqi formalarını ortaya çıxarmış, melodik xətt isə improvizasiya üzərində qurulmuş geniş dəyişim imkanına malik olmuşdur. Bu inkişaf xətti həm Anadolu, həm Azərbaycan, həm də Orta Asiya bölgələrində müxtəlif üslubların formalaşmasına səbəb olmuşdur.
Türk musiqi mədəniyyətinin daha inkişaf etmiş mərhələlərində dini dəyərlərlə bağlı musiqi formaları da geniş yayılmışdır. Xüsusilə türk-islam mədəniyyətinin təşəkkülündən sonra zikir, ilahi, mevlid və digər dini musiqi növləri vahid musiqi dilinin formalaşmasına təsir etmişdir. Bu mərhələdə türk melodik düşüncəsi həm şifahi ənənə, həm də yazılı musiqi mədəniyyətinin sintezində inkişaf etmişdir. Sufi musiqisi – xüsusilə Yəsəvi ənənəsinin davamçıları tərəfindən qorunan zikir melodiyaları – Orta Asiyadan Anadoluya qədər geniş coğrafiyada türk musiqi duyumunun emosional və mətnə bağlı ifadəsini gücləndirmişdir.
Musiqi mədəniyyətinin inkişaf xəttində şəhər mühitinin yaranması ilə daha mürəkkəb və peşəkar janrlar formalaşmış, bunların içində ən yüksək zirvələrdən biri muğam sənəti olmuşdur. Muğam türk musiqi mədəniyyətinin şifahi ənənədən yazılı və nəzəri sistemə keçidini təmin edən ən əsas janrdır. Muğamın formalaşması Orta Asiya timbirlərinin, Yaxın Şərq modal düşüncəsinin və yerli türk melodik prinsiplərinin qarşılıqlı təsiri əsasında baş vermişdir. Bu musiqi sistemi yalnız melodik quruluş deyil, həm də poetik mətn, improvizasiya qaydası, emosional inkişaf ardıcıllığı və icraçının yaradıcılıq azadlığını birləşdirən kompleks bir mədəni modellə xarakterizə olunur. Muğam ifaçılığı ilə aşıq sənəti arasında ortaq olan təməl xüsusiyyət məhz improvizasiya prinsipi və musiqinin sözlə birgə inkişaf etməsidir; lakin muğam daha mürəkkəb lad sistemi və nəzəriyyəyə əsaslanan struktura malikdir.
Türk musiqi mədəniyyətinin kopuzdan muğama qədər keçdiyi yol, əslində, türk dünyasının tarixi-coğrafi inkişaf xəttinin musiqidə əks olunmuş formasıdır. Köçəri ozan musiqisi ilə şəhər muğam ənənəsinin eyni mədəni xəttin müxtəlif mərhələləri kimi inkişaf etməsi türk musiqisinin çoxqatlı və zəngin strukturunu göstərir. Bu ardıcıllıq həm keçmişin irsini qoruyan, həm də müasir dövrdə yeni yaradıcılıq formalarına açıq olan davamlı bir mədəni sistemin mövcudluğunu təsdiqləyir.
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)
O, teletənqidçi Əli Mirəliyevdir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bir vaxtlar estradamızda bəyənilən ifaları ilə seçilib. Indisə onu müxtəlif şou tipli teleproqramlarda tənqidçi qismində görürük. Müasir şou-biznesi yıxıb sürüyür, öz dövrlərindən tez-tez sitat çəkir.
Əli Mirəliyev 20 noyabr 1948-ci ildə Bakıda anadan olub. 1972-ci ildən "Dan ulduzu" ansamblının, Səid Rüstəmov adına orkestrin, Dövlət Mahnı Rəqs Ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti olub. Gülağa Məmmədov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, İslam Rzayev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Rəşid Behbudov, Xan əmi, Müslüm Maqomayev kimi sənətkarlarla çıxış edib.
Uşaq yaşlarından Rübabə Muradova və Qulu Əsgərov kimi ifaçıların ansamblında çalışaraq, onların ifalarından sözlərin düzgün tələffüzünü, mahnının notada işlənməsi və digər konstruksiyalara nəzər yetirib. Bu, onun gələcəkdə müğənni kimi formalaşmasına böyük təsir göstərib. Televiziyada yarım saatlıq və ya daha artıq sistemlə konsert proqramı təşkil edən ilk müğənnilərdəndir. Uzun müddət "Səadət", "Xatirə" və "Dan ulduzu" ansamblları ilə konsertlər təşkil edib.
"Gecələr bulaq başı", "Ay işığında", "Səni unuda bilmirəm", "Ay gecikən məhəbbətim" (İ. Kərimov bəstəsi), "Yaraşaydım", "Sevgilim" (C. Cahangirov bəstəsi), "Yox, mən səni görməmişəm", "Şirvan bayatıları", "Qayıt, gəl", "Sən olmuşam", "Oynadı qızlar", "Həkim qız", "Sənsiz yaman darıxmışam", "Kimdir günahkar?", "Kainat dünyası", "Nazəndə sevgilim", "Hardasan gəncliyim", "Haray-haray", "Yeddi mətləbdən biri", "Gedək üzü küləyə", "Bir könül sındırmışam" və s. kimi mahnıları ilə sevilib.
Bir müddət müğənni Ruhəngiz Musəvi ilə tərəf müqabili olub, "Azad, firavan" (1982), "Şirin arzular", "Aylar gözəl, illər gözəl", "Şirindilli oğlan" "Qonşular", "Evləri köndələn yar" (1987) kimi mahnıları birgə ifa ediblər. Elmira Rəhimova, Ruhəngiz Allahverdiyeva, Xədicə Abbasova, Natavan Şeyxova, Firuzə İbadova, İlhamə Quliyeva, Züleyxa Mirismayılova, Zöhrə Abdullayeva və s. kimi qadın sənətkarlarla duet ortağı olmuşdur.
1999-cu ildə şəxsi istəyi ilə böyük səhnə fəaliyyətini sonlandırıb. 2006-cı ildə isə öz səhnə fəaliyyətini bərpa edib. Əli Mirəliyev 1992-1994-cü illərdə Müsavat Partiyası üzvü olub. 2017-2019-cu illərdə "Səhər-Səhər" verilişində Elgiz Əkbərlə birlikdə aparıcı kimi çalışıb.
Trenddə olan diringi mahnı müəllifləri, haydı, Əli Mirəliyev gəlir!
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)
Düşüncəyə nəfəs verən qələm
Ehtiram Sevənli,
Şair, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan ədəbi-publisistik mühitində öz mövqeyni tutmuş fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" Mətbu Orqanının baş redaktoru, AJB və AYB-nin üzvü, yazıçı-publisist İlqar İsmayılzadə barədə həm düşüncənin dərinliyinə enməyi bacaran yazıçı- publisist, həm də sözün məsuliyyətini daşıyan ziyalılarımızdan biridir. Fəlsəfə üzrə fəlsəfə doktoru kimi o, intellektual yanaşmanı ədəbi zövqlə birləşdirir və yazılanlara həm məntiqi əsas, həm də poetik nəfəs qatır.
İlqar İsmayılzadə haqqında yazmağa başlayan hər kəs anlayır ki, o, təkcə peşə sahibi deyil, həm də qələm adamı olmaq nə deməkdir sualının ən canlı cavabıdır.
Təsisçi və baş redaktoru olduğu "Həməşəra" mətbu orqanı onun yaradıcılığının əsas platformasına çevrilib. Bu mətbu ocaq təkcə informasiya məkanı deyil, sözə dəyər verən insanların toplandığı ədəbi və düşüncə mühiti kimi formalaşıb.
İlqar müəllimin redaktorluq prinsiplərində dəqiqlik, obyektivlik və yüksək mədəniyyət hər zaman ön plandadır.
Cənub bölgəsində fəal fəaliyyət göstərməsi onu regional ədəbi mühitin aparıcı simalarından birinə çevririb. Kitab təqdimatları, mədəni tədbirlər, elmi toplantılar və publisist yazıları ilə o, bölgədə mədəni düşüncənin dirçəlişinə mühüm töhvələr verir.
İlqar İsmayılzadəni fərqləndirən əsas cəhət onun zəngin intellekti və təvazökar insanlığı, səmimiyyəti və işinə bağlılığı, həmçinin, sözü və fikri ilə yaratdığı etibar hissidir ki, bütün bunlar onu həm oxucular, həm də ziyalı çevrəsi üçün xüsusi edən keyfiyyətlırdir.
Bu gün İlqar İsmayılzadə Azərbaycan publisistikasında həm fikrin dərinliyini, həm də sözün mənəvi yükünü daşıyan imzalardandır. Onun yaradıcılığı, elmi fəaliyyəti və mədəni missiyası çağdaş ədəbiyyatımıza dəyər qatan mühüm ziyalı obrazını formalaşdırlr.
O, qəlbin səsini ağılla, ağlın işığını səmimiyyətlə birləşdirən nadir insanlardandır. İlqar müəllimin yaradıcılığına toxunan hər oxucu bir az daha saflaşır, bir az da düşüncəli olur. Onun qəlbindən gələn sözlər oxucunun ruhunda uzun müddət yaşayan izlər buraxır. Onun qələmi yalnız söz yaratmır, həm də insanın içindəki sükutu danışdırır. Onun hər sətri oxucuya "daha yaxşı ola bilərik" inamını təlqin edir. O, yazdıqları ilə insanı həm gerçəkliyə qaytarır, həm də ümidə aparır.
İlqar İsmayılzadə həm də "Ədəbiyyat və İncəsənət "portalının Cənub (regional) təmsilçidir. "Həməşəra"vasitəsi ilə o, mədəni-ədəbi bir platforma qurub, regionda mədəni dialoqa, publisistikaya, ədəbi dəyərlərin qorunmasına töhvə verir.
Onun kitabları, məqalələri və elmi işləri barədə daha dərin məlumat almaq üçün "Həməşəra" jurnalı, "Ədəbiyyat və İncəsənət" portalındakı arxivlər və ya Azərbaycan Yazıçılar Birliyinin rəsmi arxivləri faydalı ola bilər.
İlqar müəllimin çox sahəli fəaliyyəti və elmi işlərində öz adımdan və onun yaradıcılığına diqqət yetirən böyük oxucu kütləsi adından uzun ömür arzulayıram. Həmişə imzası ilə adı daha uca zirvələrdən gəlsin. Azərbaycanın ədəbi mühitində bundan da çox daha layiqli yerini tutsun.
Mən inanıram ki, onun sözləri və elmi işləri zamanın unuda bilmədiyi izlər kimi qalacaqdır. Böyük hörmət və xoş arzularla,
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)


