Super User
Beş günün əfsanəsi: kinomexaniklikdən milli qəhrəmanlığa ucalan Natiq Qasımov
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Tarix bəzən elə ssenarilər yazır ki, insan ağlının sərhədlərini zorlayan bu real hadisələr qarşısında ən böyük Hollivud rejissorları belə aciz qalır. Bu, gəncliyində Mingəçevirdə kinomexanik işləyən, ekranlarda gördüyü qəhrəmanlara baxıb “Bax gör necə oğullar var, yəqin nə vaxtsa mən də belə qəhrəman olaram” deyən bir azərbaycanlı gəncin hekayəsidir. O gənc fəryad qoparan torpağın səsinə səs verdi və bəlkə də xəyal belə etmədiyi şəkildə Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə yazdırdı. Söhbət Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovdan gedir.
Kilsədə təkbaşına bir tabor: 5 günlük müqavimət
1992-ci ilin mart ayı... Birinci Qarabağ müharibəsinin ən ağır, qanlı günləri yaşanır. Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı strateji əhəmiyyətli alban məbədi uğrunda amansız döyüşlər gedir. "Qarabağ şahinləri" batalyonunun üzvü olan Natiq Qasımovun yanındakı 6 döyüşçü yoldaşı bir-bir şəhid olur. 21 yaşlı Natiq həmin yüksəklikdə tamamilə tək qalır.
Lakin o, geri çəkilmir. Ac-susuz, soyuq məbədin daş divarları arasında təkbaşına mövqe tutaraq düz 5 gün, 5 gecə düşmən hücumlarını dəf edir. Erməni hərbçiləri kilsənin içərisində bütöv bir Azərbaycan taborunun yerləşdiyini və güclü müqavimətlə qarşılaşdıqlarını zənn edirlər. Natiqin göstərdiyi bu qeyri-insani iradə düşmənin canına vahimə salır.
Xocalı sakinləri naminə atılan fədakar addım
Məbədi güclə ələ keçirə bilməyəcəklərini anlayan erməni komandanlığı ən alçaq üsula — girovlara əl atır. Əsir götürdükləri 22 nəfər dinc Xocalı sakinini (qadın və uşaqları) kilsənin qarşısına gətirərək, Natiq təslim olmayacağı təqdirdə hamısını güllələyəcəklərini bəyan edirlər. Xəbəri Natiqə çatdırmaq üçün əsir götürülmüş Xocalı müəllimi Cəfər Cəfərovu kilsəyə göndərirlər.
Natiq Qasımov seçim qarşısında qalır: ya təkbaşına döyüşüb şəhidlik zirvəsinə ucalacaq və girovların ölümünə səbəb olacaq, ya da silahsız soydaşlarının həyatını xilas etmək üçün düşmən qarşısına çıxacaqdı. O, ikinci yolu seçir. Məbədin üzərindəki üçrəngli Azərbaycan bayrağını endirib sinəsinə sıxır və məğrur addımlarla çölə çıxır. Karıxan erməni hərbçiləri kilsədən bütöv bir ordu yox, cəmi bircə nəfər gənc fədainin çıxdığını görəndə böyük bir pərtlik və şok yaşayırlar.
Həmin an italyan fotoqraf Enriko Sarsinin kamerasına əbədi həkk olunur: Saqqallı və silahlı düşmən əhatəsində, mavi idman geyimində, əlindəki bayrağı başı üzərində məğrurcasına daşıyan qorxmaz bir Azərbaycan əsgəri...
Bu, Natiqin canlı olaraq göründüyü son an olur. Erməni səhra komandiri Vitali Balasanyan tərəfindən dindirilən Natiqdən bir daha xəbər alınmır və o, bu günə qədər rəsmi olaraq itkin düşmüş hesab olunur. Onun xatirəsinə vəfa borcu olaraq, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Natiq Qasımova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.
Əfsanənin yeni nəfəsi: süni intellektlə dirilən tarix
Natiq Qasımovun bu misilsiz qəhrəmanlığı illər sonra incəsənətin və müasir texnologiyanın dilində yenidən canlandı. 2026-cı ilin iyun ayında Nizami kino mərkəzində təqdimatı keçirilən "Düşmənə qarşı tək" qısametrajlı filmi Azərbaycan kino sənayesində tarixi bir ilkə imza atdı.
"SOY Production" tərəfindən hazırlanan və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn bu ekran işi tamamilə Süni İntellekt (AI) texnologiyası vasitəsilə ərsəyə gətirilib.
Filmin pərdəarxası: rəqəmsal möcüzə
Milyonlarla kadrın əməyi: Filmin ərsəyə gəlməsi üçün heç bir real çəkiliş aparılmayıb, aktyor, operator və ya qrim ustası çalışmayıb. Süni intellekt mütəxəssisi və ssenari müəllifi Sarvan Hüseynov layihə çərçivəsində 300 minə yaxın şəkil və 20 minə yaxın video material generasiya edib.
80% real faktlar: Layihənin ssenarisi uydurma deyil, Natiq Qasımovun qardaşı Nofəl Qasımovun və qardaşı oğlunun xatirələri əsasında hazırlanıb. Hadisələrin böyük hissəsi real tarixi faktları və Xocalı ətrafındakı coğrafi relyefi dəqiqliklə əks etdirir.
Kinomexanikin kinoya dönüşü: Filmin ən təsirli və mənəvi tərəfi isə onun elə kinoteatrda nümayiş olunması idi. Vaxtilə kinoteatrda lentləri fırladan, başqalarının qəhrəmanlığına baxıb kövrələn Mingəçevirli gənc kinomexanik, indi ən son texnologiyanın köməyilə özünün baş qəhrəman olduğu filmlə böyük ekrana qayıtmışdı.
"Düşmənə qarşı tək" filmi sadəcə texnoloji bir uğur deyil, həm də unudulmaz qəhrəmanımızın ruhuna bəxş edilən ən müasir ehtiram nümunəsidir. Natiq Qasımov 1992-ci ildə o kilsədən əlində bayraqla çıxarkən bəlkə də fiziki olaraq əsir düşdü, lakin göstərdiyi şücaətlə adını əbədiyyətə yazdırdı. Bu gün o, həm dastanlarda, həm də gələcəyin texnologiyalarında bütöv bir xalqın qəlbində "Düşmənə qarşı tək" vuruşan Milli Qəhrəman olaraq yaşamağa davam edir.
“Ədəbiyyat və incəsənət”
(12.06.2026)
Türk Mədəniyyəti və İrsi Fondunda “Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı keçirilib
10 İyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın “Türk dünyasının diplomatiya inciləri” kitab seriyasının yeni nəşrinin – görkəmli ictimai, dövlət və siyasi xadim, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, tarix elmləri doktoru, professor Həsən Həsənovun müəllifi olduğu “Macar-Azərbaycan ortaq etnik kökləri” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, Professor Aktotı Raimkulova qonaqları salamlayaraq, Fondun türk xalqlarının zəngin mədəni irsini həm üzv dövlətlərdə, həm də beynəlxalq müstəvidə ardıcıl şəkildə təbliğ etdiyini vurğulayıb.
Fondun prezidenti çıxışında təşkilatın müşahidəçi ölkəsi olan Macarıstanla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə diqqət çəkib. O, Fondun dəstəyi ilə ilk dəfə olaraq Varşava Universitetində yaradılan “Türk Mədəniyyəti və İrsi Mərkəzi”nin fəaliyyətə başlamasını və Fond ilə Yagellon Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasını Türk mədəni irsinin beynəlxalq akademik mühitdə tanıdılması istiqamətində mühüm addımlar kimi qiymətləndirib.
Çıxışının davamında kitabın müəllifi, professor Həsən Həsənovun tükənməz elmi potensialını və xidmətlərini yüksək qiymətləndirərək, bu fundamental əsərin işıq üzü görməsini Fondun fəaliyyətində mühüm hadisə adlandırıb. Qeyd olunub ki, əvvəllər rus və macar dillərində çap olunmuş bu qiymətli əsər ilk dəfədir ki, Azərbaycan oxucularının ixtiyarına verilir.
Nəşrin tarixçəsinə toxunan kitabın müəllifi, görkəmli diplomat professor Həsən Həsənov tədbirin təşkilinə görə Türk Mədəniyyəti və İrsi Fonduna və bütün iştirakçılara minnətdarlığını bildirib. O, səfir kimi çalışdığı ölkələrdə hər zaman türk irsinin araşdırılmasına xüsusi önəm verdiyini qeyd edərək, bu əsərin Dyula Nemet, Layoş Liqeti, Zoltan Qomboç kimi tanınmış macar alimlərinin türk dili haqqında irəli sürdükləri fikirlərin ümumiləşdirilmiş kompleks elmi təhlili olduğunu və macar-türk münasibətlərinin dərinliyini bir daha ortaya qoyduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Əməkdar İncəsənət xadimi İmayıl Ömərov, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq kafedra müdiri Prof. Sevdagül Əliyeva və Azərbaycan Dillər Universiteti Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri, kulturalogiya üzrə elmlər doktoru Nigar Əfəndiyeva əsərin elmi əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri, eləcə də media təmsilçiləri iştirak ediblər.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı İsmayıl Zülfüqarovun ifasında macar və Azərbaycan musiqi əsərləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)
Tanınmış yazıçı-şair Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimatı keçirilib
İyunun 10-da “Litera” kitab evində müasir Azərbaycan ədəbiyyatının tanınmış siması, yazıçı-şair Qulu Ağsəsin “MİMTA Yayımları” tərəfindən nəşr olunmuş “Saat 6-nı gözləyirəm” adlı yeni kitabının təqdimat mərasimi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə tanınmış ədəbiyyatşünaslar, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və çoxsaylı kitabsevərlər iştirak ediblər.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatları, Aqil Abbas, Elçin Mirzəbəyli, “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu, ədəbiyyatşünas Məti Osmanoğlu çıxış ediblər.
Çıxışçılar Qulu Ağsəsin özünəməxsus yaradıcılıq üslubuna, bədii dilinin dərinliyinə və yeni nəşrin müasir ədəbi mühitdəki önəmli mövqeyinə diqqət çəkiblər.
Qeyd olunub ki, poetik dillə nəsr təfəkkürünün uğurlu vəhdəti olan bu toplu, həyatın mahiyyətini dərk etməyə çalışan oxucular üçün dəyərli bir ədəbi bələdçidir. Yeni nəşr müasir Azərbaycan ədəbiyyatının qiymətli nümunələrindən biri kimi dəyərləndirilir.
Kitabın müəllifi Qulu Ağsəs bildirib ki, kitabın adı 2020-ci il Vətən müharibəsi dövründə yaşanan hisslərdən qaynaqlanır.
O, həmin günlərdə hər zaman səhər saat 6-da qələbə xəbəri eşidəcəyimizə inandığını, bunu tez-tez dilə gətirdiyini və məhz buna görə də kitabı “Saat 6-nı gözləyirəm” adlandırdığını vurğulayıb.
Kitab müəllifin daxili dünyasını, səmimi etiraflarını və qeyri-adi müşahidələrini əks etdirən müxtəlif mövzulu esselərdən ibarətdir.
Qeyd edək ki, “Saat 6-nı gözləyirəm” kitabı artıq “Litera” kitab evi və şəhərin digər kitab mağazalarında oxucuların ixtiyarına verilib.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
Şəki Olimpiya İdman Kompleksində 14-15 yaşlı şəhid övladları üçün yaz düşərgəsi təşkil olunub. 40 şəhid övladını əhatə edən düşərgə Gənclər və İdman Nazirliyinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “Qəbələnd” əyləncə mərkəzinin dəstəyi ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, düşərgənin əsas məqsədi iştirakçıların intellektual, sosial və şəxsi inkişafına dəstək göstərmək, onların yaradıcılıq potensialını və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub.
Açılış mərasimindən sonra müxtəlif komanda oyunları keçirilib, həmçinin Şəki Xan Sarayına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna və Karvansaraya ekskursiya təşkil olunub. Növbəti gün iştirakçılar psixoloji təlim və inkişafyönümlü seanslarda iştirak edib, eləcə də “Qəbələnd” əyləncə mərkəzinə və "Şəki Yayla"sına səfər ediblər.
Şəhid övladları Şəki “ABAD” mərkəzində dulusçuluq, toxuculuq və keramika sahələri üzrə təlimlərə də qatılıblar. “Dayaq” Xeyriyyə Cəmiyyəti tərəfindən “Ağız boşluğu gigiyenası” mövzusunda maarifləndirici təlimlər keçirilib və tibbi müayinələr təşkil olunub.
Bağlanış mərasimindən sonra iştirakçılar üçün Qax rayonunda piknik təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)
Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabının təqdimat mərasimi keçirilib
Yazıçı Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabının təqdimat mərasimi keçirilib. Ədəbiyyatsevərlərin, ziyalıların, oxucuların, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə kitabın məzmunu, ideya-bədii xüsusiyyətləri və müasir Azərbaycan nəsrində tutduğu yer ətrafında geniş fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət” portalına “Parafraz Nəşrləri”ndən verilən məlumata görə, “Parafraz Nəşrləri”nin direktoru, kitabın naşiri Cavid Qədir tədbiri giriş sözü ilə açaraq müəllifin yaradıcılıq fəaliyyətindən danışıb, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb.
Qeyd olunub ki, Cəmilə Məmmədli sözügedən romanda insan talelərini, mənəvi-psixoloji prosesləri, ailə və cəmiyyət münasibətlərini yüksək bədii ustalıqla təsvir edib.
İctimai radionun əməkdaşı, aparıcı Zümrüd Rzayevanın aparıcısı olduğu tədbirdə çıxış edənlər “Qonşu evin işıqları” romanının müasir insanın daxili dünyasına işıq salan, həyatın müxtəlif qatlarını və insan münasibətlərinin mürəkkəbliyini əks etdirən dəyərli nəsr nümunəsi olduğunu bildiriblər. Vurğulanıb ki, kitabda qaldırılan mövzular oxucunu düşündürməklə yanaşı, cəmiyyət üçün aktual olan mənəvi məsələlərə diqqət yönəldir.
Təqdimat zamanı əsərin yaranma tarixçəsi və müəllifin yaradıcılıq axtarışları barədə məlumat verilib. İştirakçılar müəllifə suallar ünvanlayaraq kitabın ideya məzmunu, obrazlar sistemi və süjet xətti ilə bağlı fikirlərini bölüşüblər.
Sonda çıxış edən Cəmilə Məmmədli tədbir iştirakçılarına göstərilən diqqətə görə təşəkkür edib, yeni kitabının ərsəyə gəlməsi prosesindən danışıb və oxucularla görüşdən məmnunluğunu ifadə edib. Müəllif qeyd edib ki, əsərin əsas məqsədi insan həyatının görünməyən tərəflərini, qonşuluq münasibətlərinin, xatirələrin və mənəvi dəyərlərin insan taleyindəki rolunu bədii şəkildə təqdim etməkdir.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)
Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında
ABŞ-nin Nyu York şəhərində yerləşən “Okeana” Teatrında “İpək Yolu – 2026” adlı beynəlxalq mədəniyyət festivalı keçirilib.
Festival Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun, Azərbaycan-Amerika Təşkilatları Alyansının dəstəyi, “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovanın təşkilatçılığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, festivalın əsas məqsədi müxtəlif icmalar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, mədəni irsin qorunması və gənc nəsildə dünya mədəniyyətlərinin müxtəlifliyinə hörmət hissinin formalaşdırılması olub.
300-dən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycan, Çin, Monqolustan, Gürcüstan, İrlandiya, İspaniya, Özbəkistan, Tacikistan və digər ölkələrin mədəniyyətləri, milli adət-ənənələri, musiqi və rəqsləri nümayiş etdirilib.
“My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin yetirmələrinin ifasında “Azərbaycan”, “Nəlbəki”, “Yallı” və Qafqaz rəqsləri böyük maraq, alqışlarla qarşılanıb. Gənc soydaşlarımızın parlaq çıxışları qonaqları ölkəmizin zəngin mədəniyyəti ilə daha yaxından tanış edib.
Filadelfiyadan Arifə Axundovanın rəhbərlik etdiyi “Qafqaz” ansamblının ifasında Azərbaycanın milli rəqsi “Cəngi” festivala xüsusi rəng qatıb.
Festivalda Nyu York şəhərinin baş maliyyə nəzarətçisi Mark Levin və Nyu York ştatının senatoru Stiv Çan bu tədbirin müxtəlif mədəniyyətləri və xalqları bir araya gətirən əhəmiyyətli bir platforma olduğunu vurğulayıblar.
Nyu York Ştat Assambleyasının üzvü Uilyam Kolton isə mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsi və müxtəlif mədəni təşəbbüslərin həyata keçirilməsinə göstərdikləri dəstəyə görə festivalın sponsor və tərəfdaşlarına təşəkkürnamələr təqdim edib.
İştirakçılar istedadlarına və öz xalqlarının mədəni irsinin qorunmasına verdikləri töhfəyə görə rəsmi sertifikatlarla təltif olunublar.
Festival Azərbaycan ilə ABŞ arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, Azərbaycan mədəniyyətinin tanıdılmasına və Azərbaycan diasporunun gənc nəsli arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına töhfə verib.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)
“Seni bende yazarım” deyirdi Özdemir Asaf
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Kendimi sileceksem, bilirim sende varım.
Senin ben yarısıyla seni ben tamamlarım.
Seni sende bütünler, sana sende inanır;
Seni sende siler, seni bende yazarım.
Qardaş Türkiyə ədəbiyyatı ölkəmizdə yetərincə təbliğ edilməlidir. Bizdə türk ədəbiyyatı deyəndə klassiklərdən yalnız Nazim Hikmət, Əziz Nesin, Rəşad Nuri Güntəkin, müasirlərdən də 3-5 yazar, İskəndər Pala, Əlif Şafak, Orxan Pamuk yada düşür. Amma türk ədəbiyyatı o qədər geniş, o qədər zəngindir ki, ona bələd olmaq sadəcə mənəvi həzz yaşadar.
Biz ən azı təqvim üzrə doğum və ğlüm tarixləri üzərindən tanınmış türk yazarları barədə sizlərə biblioqrafik məlumatlar verməyi özümüzə borc bilirik.
Türkiyə yazıçısı və şairi Özdemir Asaf 11 iyun 1923-cü ildə Ankara şəhərində doğulub, boya-başa çatıb. Əsl adı Xalid Özdəmir olub. O ilk və orta təhsilini Qalatasaray liseyində alıb. 1942-ci ildə Kabataş oğlanlar liseyindən məzun olub. İstanbul universitetində öncə Hüquq fakültəsində, sonra İqtisad fakültəsində təhsilini davam etdirib. Lakin bir sıra səbəblərin ucbatından təhsilini 1947-ci ildə yarımçıq qoyub.
O, "Zaman" qəzetində tərcüməçi işləməklə gücünü əmək fəaliyyətinə yönəldib. 1951-ci ildə öz məqalələri ilə mətbuat aləminə daxil olub və ardınca da şeirlərini dərc etdiribdir, tezliklə də özünün ilk şeir kitabını çap etdirib.
Əsərləri
1.Sən sən sən
2.Bir qapı önündə
3.Necəsən
4.Mən deyildim
5.Bugün və Bugün
6.Məndən sonra xosbəxtlik
Özdemir Asaf 28 yanvar 1981-ci il də İstanbul şəhərində vəfat edib. Amma kitablarına tələbat indi də var. Xüsusən, sevgi motivli şeirləri oxunur və sevilir.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)
Doktor Syuzun uşaq şeiri
“Ədəbiyyat və incəsənət” portal UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir. Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.
Bu gün tanış olacağınız şeir Doktor Syuza aiddir. O, Amerika şairidir.
Doktor Syuz
(1904-1991)
ABŞ
Mənim gülüm
Ovcumdakı toxumu
Atdım o gün dibçəyə.
Qoydum günün altına,
Su da verdim içməyə.
Toxumda qaldı gözüm,
Başladı göyərməyə.
Bir də gördüm açıb gül,
Gəlib salam verməyə.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)
Azərbaycan muğam və opera parçalarının mükəmməl ifaçısı
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Az öncə musiqimizin korifeylərindən biri – Teymur Mustafayevin anım günü yazısını hazırlayıb təhvil verdim. Necə deyərlər, qələmimin mürəkkəbi qurumamış daha bir görkəmli musiqiçimizin anım günündən bəhs etməli oluram – bu dəfə Qulu Əsgərovun.
Azərbaycan muğam və opera parçalarının mükəmməl ifaçısı - Qulu Əsgərovu bir cümlə ilə məhz bu cür təqdim edə bilərik.
Və mən bir əlavə də edim. Səhnəmizin ən yaddaşlara hopan Məcnunu da Qulu Əsgərov olubdur. Bu yazını yazanda mən dəfələrlə arxiv lent yazılarına tamaşa edib bu qənaətə gəlmişəm.
11 iyun bu görkəmli sənətkarın anım günüdür.
O, 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olub. Gənc yaşlarında rayon teatrında çıxış edib, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik edib. 1953-cü ildə Gənc istetadların respublika olimpiadasının qalibi olub.
Qulu Əsgərov 1953–1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alıb. Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəyib və muğamın sirlərinə dərindən yiyələnib.
Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilib. Qulu Əsgərov yaradıcı xanəndə olub. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamla ifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaradıb: Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov- "Aşıq Qərib"), Şah İsmayıl (M. Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olub.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olub. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.
Azərbaycanın görkəmli xanındəsi, bəstəkarı, pedaqoqu 1988-ci ildə 60 illik yubileyini gözləyirdi, amma əcəl aman vermədi. 11 iyun 1987-ci ildə o, 59 yaşında Bakıda vəfat etdi.
Özü yoxdur, ifası isə tarix boyu qalacaqdır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)
Onu hamı Teymur əmi deyə çağırırdı
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onu hamı Teymur əmi deyə çağırırdı. Bütün gənc və orta yaş müğənnilərər dayaq, arxa, kömək, məsləhətşi ampluasında idi Teymur əmi.
Teymur Mustafayevin bu gün anım günüdür…
2020-ci il tarixə qəribə təzadlarla dolu il kimi düşdü. Öncə ondan başlayaq ki, bütün dünyada bu il qorxulu koronavirus pandemiyasının başlanğıc ili kimi qəbul edildi. Amma Azərbaycanda bu ilin xüsusi özəlliyi oldu. Məhz bu ilin payızında 30 ilə yaxın düşmən taptağı altında qalan torpaqlarımız azad edildi.
O tarixi günü görməyə əlbəttə ki, məğlubiyyət acısını içində çəkən Teymur Mustafayevin – görkəmli xanəndəmizin də haqqı var idi.
Amma əfsus ki, bu, ona qismət olmadı. Vətən müharibəsinə sayılı günlər qalandar o, dünyadan köçdü.
Gəlin onun ömür-gün kitabçasını vərəqləyək.
Azərbaycan müğənnisi və xanəndəsi Teymur Mustafayev 10 aprel 1939-cu ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunda anadan olub.
Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərib. Onun repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarət olub.
Onun ifa etdiyi muğam və təsniflər AzTV Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olub.
Filmoqrafiya
Teymur Əmi
Muğanın Sarvanı
Bitməyən ömür
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Ustad sənətkar 11 iyun 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)


