Super User

Super User

Çərşənbə axşamı, 16 İyun 2026 14:03

“Maraqlı söhbətlər”də bir məktubun hikməti

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yaşlı, ahıl bir kişi hər il olduğu kimi bu il də kartof əkmək üçün bağındakı torpağı belləməli idi. Ancaq bu çox çətin bir iş idi. Yeganə oğlu neçə il idi ki,həbsdə idi. Onun günahsız olduğunu bilsə də,əlindən bir iş gəlmirdi. Nəhayət, qərara alır ki, oğluna məktub yazsın:

"Əziz oğlum! Bu il deyəsən kartof əkmək üçün torpağı belləyə bilməyəcəyəm. Çünkiözümü çox pis hiss edirəm. Qollarımda taqət yoxdur, daha əvvəlki gücüm də qalmayıb. Kömək umacağım bir adam yoxdur. Əgər yanımda olsaydın, bu qədər çətinlik çəkməzdim. Hörmətlə atan."

Kişi bir neçə gündən sonra oğlundan bir məktub alır:

"Salam ata! Allah xətrinə bu işdən vaz keç. Bağa yaxın getmə. Əgər polislər bağda nə gizlətdiyimdən xəbər tutsalar, məni də zibilə salarsan, özünü də bədbəxt edərsən."

Üstündən bir neçə gün keçmiş ahıl kişi yenə oğluna məktub yazası olur:

"Əziz oğlum! Sənin məktubundan sonra həyətimizə bir dəstə polis gəldi. Hər yeri qazıb tökdülər. Bağın altını-üstünü çevirdilər. Nəsə axtarırdılar. Deyəsən tapa bilmədilər. Axırda da söyə-söyə getdilər."

Bir həftə keçməmiş yaşlı ata oğlundan yenə bir məktub alır:

"Hə, əziz ata! Torpağı mən qazdırdım. İndi gedib rahatca kartof əkə bilərsən. Bağışla kisənə bundan artıq kömək edə bilmədim."

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2026)

Çərşənbə axşamı, 16 İyun 2026 10:13

"Nə? Harada? Nə zaman?" Ağdamda

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

15 İyun – Azərbaycan Milli Qurtuluş Günü münasibətilə təhsil işçiləri arasında keçirilən "Nə? Harada? Nə zaman?" intellektual yarışı böyük coşqu və yüksək rəqabət mühitində baş tutub.

 

Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin dəstəyi və "İmarət" İntellektual Klubunun təşkilatçılığı ilə Ağdam şəhərində- tarixi İmarət Kompleksində ilk dəfə reallaşan bu yarışda rayonun intellektual təhsil işçilərindən ibarət 10 komanda öz bilik və zəka gücünü sınayıb.

Gərgin və maraqlı keçən mübarizənin yekununda qalib gələn komandalar bunlar olub:

1-ci yer "Titikaka" komandası

2-ci yer "Şahbulaq" komandası

3-cü yer "Qurtuluş" komandası

Başda qaliblər olmaqla, yarışda yüksək dünyagörüşü və komanda ruhu nümayiş etdirən bütün təhsil işçilərini ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Zəka gücümüz, bilik yolumuzdur!

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2026)

Çərşənbə axşamı, 16 İyun 2026 15:10

Bərdəli Hacı Şərifin nəticəsi...

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İnternetdə bu səhifədən o səhifəyə, o səhifədən bu səhifəyə keçə-keçə təsadüfən qarşıma XIX əsrdə Bərdədə yaşamış Hacı Şərif adlı bir mülkədar haqqında məlumat çıxdı. Araşdırıb gördüm ki, o vaxt Bərdə camaatı məscid tikdirmək istəyəndə Hacı Şərif öz torpaq sahəsindən məscid üçün yer ayırıb və məscidin tikilməsində maddi dəstəyini əsirgəməyib. Hacının digər xeyirxahlıqları haqqında məlumat toplayandan sonra isə, bu gün onun törəmələrindən kimlərin yaşadığını öyrənməyə başladım...

 

Və məlum oldu ki, Gövhər Baxşəliyeva Hacı Şərif kişinin nəticəsidir. Bilirsinizmi Gövhər Baxşəliyeva kimdir? Bir vaxtlar AMEA-nın vitse-prezidenti olmuş, filologiya elmləri doktoru, professor, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü...

O, 1954-cü ilin noyabr ayının 26-da dünyaya gələndə həftənin şənbə günü olub. Elə buna görə də şənbə günü doğulan bütün insanlar kimi yüksək səbir, məsuliyyət və güclü iradəyə sahibdir. Kənardan zabitəli görünsə də, daxilən çox etibarlı, nizam-intizamlı xanımdır və ağıllı məsləhətçidir. Elə bir insandır ki, üzərinə götürdüyü məsuliyyəti sona qədər yerinə yetirməyə çalışır. Doğrudur, hər kəsə asanlıqla inanmır, amma güvəndiyi insanlara qarşı çox vəfalıdırlar. Nizam-intizamı çox sevsə də, ona qarşı edilən xəyanəti və haqsızlığı bağışlamır və münasibəti birdəfəlik kəsir...

Deyir ki:- “6 yaşıma qədər Bərdədə yaşamışam. Lakin atamın işilə əlaqədar Bakıya köçməli olduq. Buna baxmayaraq, o vaxtları çox yaxşı xatırlayıram. Xüsusilə may bayramlarında maraqlı gəzintilər təşkil olunurdu. Bəli, biz ata-babadan Bərdədə yaşamışıq. Nənəmlə məşhur İmamzadə məqbərəsini ziyarət etdiyim indi də yadımdadır. Atam mühafizəkar insan olub. Əsl müsəlman kişisi. Baxmayaraq ki, rus məktəbində oxumuşam, atam heç vaxt müsəlman qızı olduğumu unutdurmayıb. Məktəbdə axşamlar yığıncaq keçiriləndə qardaşlarıma oğlan olduqları üçün icazə versə də, atam heç vaxt mənim belə yığıncaqlarda iştirak etməyimə icazə verməyib. Amma təhsil almağıma böyük önəm verib. Birmənalı olaraq deyirdi ki, qız uşaqlarının təhsil alması oğlan uşaqlarının təhsil almasından da vacibdir. Oğlan lazım gələrsə gedib daş da daşıya bilər. Qız uşağı isə gərək yaxşı təhsil alsın ki, həyatda heç kimdən asılı olmasın. Mənə gözəl təhsil və tərbiyə verdiyinə görə atama çox minnətdaram...”

1977-ci ildә ADU-nun Şərqşünaslıq fakültəsini fәrqlәnmә diplomu ilә bitirәrәk Azәrbaycan Elmlәr Akademiyası Şәrqşünaslıq İnstitutunda işә başlayıb. Baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, «Şәrq filologiyası» şöbәsinin müdiri vәzifәlәrindә çalışıb. 1993-cü ildәn Şәrqşünaslıq İnstitutunun elmi işlәr üzrә direktor müavini, 2002-ci ildәn direktoru vәzifәsindә çalışır. 2004-cü ildə professor elmi adı alıb, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib...

...Qürurlu və qətiyyətli xanımdır. Əgər onunla ünsiyyət qura bilmisinizsə unutmayın ki, ondan heç nə gizlədə bilməyəcəksiniz. O, sizi şüuraltınızdakı ən dərin qatlara qədər oxuya bildiyi üçün, hər şeyin fərqindədir. Bir də, qarşısındakı insanı artıq dəyişdirə, düz yola istiqamətləndirə bilməyəcəyini başa düşdükdə onu tək buraxır. Çox gözəl dostdur. Onunla səfərə, səyahətə çıxmaq, ortaq iş görmək bir başqa aləmdir. Sizi heç vaxt yarı yolda qoymazyacaq. Əgər onunla dost ola bilmisinizsə, bu o deməkdir ki, siz özünüzə həmişə sadiq olan əbədi bir dost qazanmısınız...

1984-cü ildә “Müasir Suriya ədəbiyyatında vətənpərvərlik” mövzusunda namizədlik, 1996-cı ildә isə “Əbül-l-Fərəc əl-İsfəhaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı” mövzusunda elmlər doktorluğu işini müdafiə edib. “Qızıl qәlәm” mükafatı laureatıdır. Klassik vә müasir әrәb әdәbiyyatı, әrәbdilli Azәrbaycan әdәbiyyatı, müqayisәli әdәbiyyatşünaslıq, әdәbi әlaqәlәr vә mәnbәşünaslıq üzrә mütәxәssisdir. Onun elmi әsәrlәri orijinallığı, zәnginliyi, dәrin nәzәriliyi vә konseptuallığı ilә seçilir. O, 4 fundamental monoqrafiyanın, 20-dən çox kitabın, 220-dәn yuxarı elmi mәqalә vә mәruzәlәrin müəllifidir...

“Orta məktəbdən uşaqları gələcək həyata öyrətmək lazımdır. Oğlan uşaqları bilməlidirlər ki, ailə qurduqdan sonra birbaşa öz qadınına cavabdehdir. İndiki oğlanların bəziləri evlənən kimi çətinliklə qarşılaşanda qorxub geri çəkilirlər...”- söyləyir.

O, ölkənin ictimai-siyasi hәyatında da fәal iştirak edib. II, III, IV və V çağırış Milli Mәclisin deputatı olub. 2001-ci ildən 2005-ci ilədәk Azәrbaycan Respublikası Milli Mәclisinin sәdr müavini vəzifəsində çalışıb...

...Adı kimi qiymətli xanımdır. Axı “Gövhər” sözü klassik mənşəli olub, əsasən qiymətli daş, cəvahir və ya mirvari mənasında işlədilir. Birbaşa mənası belə olsa da, məcazi mənası isə saflıq, dəyər, mənəvi zənginlik və ya istedad deməkdir. Hətta bu kəlmə klassik ədəbiyyatda parıldayan, işıq saçan mənalarında da işlədilir. Həyatına az adam buraxır və onların hər biri ilə dərin münasibət qurur. Qarşı tərəfin problemlərini ürəkdən dinləyir, problemlərin həlli yollarını tapmağa çalışır. Amma çox emosionaldır. Buna baxmayaraq duyğularını, daxili aləmini yaxşı gizlətməyi bacarır. Kənardan baxanda onun soyuq baxışları və narahatedici özünəarxayın rəftarı bu qadında emosiyadan heç bir əsər-əlamət olmadığı təəssüratı yaratsa da, bu, aysberqin yalnız görünən hissəsidir. O, hər şeydən əvvəl qadın olduğunu yaxşı bilir...

Xülasə, o, ulu babası mülkədar Hacı Şərif kişinin qazandığı savabların və eləcə də Allaha dualarının himayəsindədir. Allah sevdiyi bəndələrinin törəmələinə də zamindir...

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2026)

 

Gülxarə Əhmədova,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Azərbaycanın minilliklərin süzgəcindən keçmiş qədim və zəngin tarixi sübut edir ki, bu müqəddəs torpağın hər qarışı xalqımızın qəhrəman övladlarının sarsılmaz iradəsi, sonsuz fədakarlığı və canları bahasına qoruduqları azadlıq idealları sayəsində bu günə qədər yaşadılmışdır. Bu müqəddəs diyar, əsrlər boyu saysız-hesabsız qəhrəmanlıq dastanlarına şahidlik etmiş, hər bir daşı, hər bir qayası Vətən sevgisinin və azadlıq eşqinin əbədi izlərini özündə yaşatmışdır. Bu izlər, xalqımızın müstəqillik uğrunda apardığı mübarizələrin, şanlı zəfərlərin və ağır itkilərin sarsılmaz nişanələridir.

 

Bu şərəfli mirasın əsasını qoyanlar isə müharibə iştirakçıları, şəhidlər və qazilərdir. Onlar, millətin qürur mənbəyi, tarixin canlı şahidləri və gələcək nəsillər üçün işıqlı bir yolgöstərən olaraq xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Onların fədakarlığı sayəsində bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlayır, gələcəyə inamla addımlayır.

Şəhidlik, Azərbaycan xalqının milli şüurunda, mənəviyyatında və dəyərlər sistemində ən uca məqam, əlçatmaz və müqəddəs bir zirvədir. Bu uca məqam sadəcə fiziki bir sonluq deyil, əksinə, Vətən, torpaq, namus və şərəf uğrunda şüurlu şəkildə canından keçərək əbədiyyətə qovuşmaqdır. Müqəddəs dinimiz də şəhidliyi sadəcə bir ölüm deyil, bir diriliş və haqqın dərgahına ucalmaq kimi dəyərləndirərək, bu uca məqama çatanların heç vaxt ölmədiyini, onların ruhunun daim bizimlə olduğunu müjdələyir. Şəhidlər, Vətənə olan sonsuz məhəbbətlərini ən ali fədakarlıqla - öz canları ilə sübut edən, qanları ilə bu torpağın toxunulmazlığını və müqəddəsliyini bir daha təsdiqləyən əbədiyaşar qəhrəmanlardır. Onların tökülən hər damla qanı bu torpağın hər qarışına hoparaq, onu bizlər üçün daha əziz, daha toxunulmaz və daha müqəddəs bir vətənə çevirir.

Xalqımızın inancına görə, şəhidlər ölmür, onlar Vətən ağacının dərin köklərinə çevrilərək ona həyat verir, budaqlarına güc qatır və azadlıq çiçəklərinin ətrində yaşayırlar. Onların əziz xatirəsi hər bir azərbaycanlının qəlbində sönməyən bir məşəl kimi yanır, gələcək nəsillərə vətənpərvərlik ruhunu, fədakarlıq və qəhrəmanlıq ideallarını aşılayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin də vurğuladığı kimi, “Şəhidlik Vətən, torpaq və böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin azadlığına və xoşbəxtliyinə bağışlamaqdır”. Onlar ölümsüzlük zirvəsinə ucalaraq adlarını tarixin qızıl səhifələrinə silinməz hərflərlə həkk etmişlər. Şəhidlərimizin yolu bizim üçün həm kədər, həm də sonsuz qürur mənbəyidir.

Qazilər - Vətən uğrunda gedən amansız döyüşlərdə yaralanan, sağlamlıqlarını bu müqəddəs amal yolunda fəda edən, lakin ruhları əyilməz, mübarizə əzmi sarsılmaz qalan canlı tariximizin şahidləridir. Onların bədənlərində daşıdıqları hər bir yara izi, Vətənə olan sonsuz sədaqətin, ali fədakarlığın və bənzərsiz qəhrəmanlığın şərəf nişanəsidir. Qazilər müharibənin bütün acılarını, itkilərini və çətinliklərini ən yaxından hiss edən, lakin bütün bunlara baxmayaraq, gələcəyə böyük ümidlə baxan, xalqına mənəvi güc və ilham verən fədakar insanlardır.

Onlar Vətən müharibəsi zamanı “ya şəhid, ya da qazi olmaq” əqidəsini özlərinə həyat qayəsi seçərək düşmən qarşısında sinə gərən igidlərimizin canlı abidələridir. Hər bir qazi, öz canı və qanı bahasına Vətənin azadlığını və ərazi bütövlüyünü təmin edən, gənc nəslə vətənpərvərlik ruhunu, milli qüruru aşılayan canlı bir məktəb, bir müəllimdir. Onların göstərdiyi bu böyük fədakarlıq cəmiyyətimizdə hər zaman ən yüksək səviyyədə qiymətləndirilir. Azərbaycan dövləti tərəfindən hər bir qazimiz xüsusi diqqət, qayğı və hörmətlə əhatə olunur, onların sosial rifahı və sağlamlığı daim prioritet məsələ kimi saxlanılır. Qazilər keçdikləri o çətin və şərəfli yola baxmayaraq, hər an xalqının yanında olmağa, Vətəninin keşiyində durmağa və dövlətçiliyimizi qorumağa hazırdırlar. Onların varlığı xalqımızın məğlubedilməzliyinin rəmzidir.

Azərbaycanın müasir müstəqillik yolu Birinci Qarabağ müharibəsinin ağır və şərəfli sınaqlarından keçmişdir. 1990-cı illərin əvvəllərində, dövlətçiliyimizin bərpası ərəfəsində vətənimizin hər qarışı üçün silaha sarılan igidlərimiz - şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçıları - xalqımızın əyilməz iradəsinin simvoluna çevrildilər. O dövrün şəhidləri torpaq uğrunda canından keçməyin nə qədər müqəddəs olduğunu öz qanları ilə sübut edərək, xalqımızın milli yaddaşında əbədi bir məşəl yandırdılar. Ağır döyüşlərdə sağlamlığını itirən, hər bir yarası bir qəhrəmanlıq nişanı olan qazilərimiz və səngərlərdə düşmənə sinə gərən müharibə iştirakçıları ən çətin şəraitdə, qeyri-bərabər döyüşlərdə belə Azərbaycanın milli mənliyini qorudular. Onlar illərlə qəlblərində daşıdıqları o müqəddəs amalı, vətən eşqini və qisas hissini gənc nəslə ötürərək, 30 il boyunca qələbə ruhunu sönməyə qoymadılar. Bu fədakar insanların hər biri gələcək böyük zəfərin mənəvi memarları, xalqımızın qürur mənbəyidir.

Birinci Qarabağ müharibəsinin çətin sınaqlarından keçərək adlarını əbədiyyətə həkk edən igidlərimiz gələcək nəsillər üçün bir məktəb yaratdılar. Şuşanın müdafiəsində göstərdiyi igidliklə dastan yazan Albert Aqarunov, Ağdamın sarsılmaz müdafiəçisi və fədakar komandiri Allahverdi Bağırov, nizami ordumuzun quruculuğunda müstəsna xidmətləri olan peşəkar hərbçi Şirin Mirzəyev, Xocalı fəryadına səs verərək son nəfəsinə qədər dinc əhalini qoruyan Əlif Hacıyev və təkbaşına bir orduya meydan oxuyaraq xalqın döyüş ruhunu yenidən alovlandıran Mübariz İbrahimov Azərbaycanın əyilməzlik rəmzinə çevrildilər.

Məhz bu sarsılmaz iradənin və nəsillərdən-nəsillərə ötürülən müqəddəs intiqam hissinin məntiqi davamı olaraq, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik tarixində bənzəri olmayan, şanlı və yeni bir qəhrəmanlıq salnaməsi həkk etdi. Bu müqəddəs müharibə, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda aparılan haqq mübarizəsi idi.

Bu şərəfli yolda minlərlə igid oğul və qızımız ən ali məqama  - şəhidlik zirvəsinə ucaldı, minlərlə qazimiz isə Vətənə zəfərlə qayıdaraq xalqımızın tükənməz qürur mənbəyinə çevrildi. Onlar, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və xalqımızın tapdanmış hüquqlarını geri qaytarmaq uğrunda göstərdikləri misilsiz şücaətlərlə adlarını tarixin yaddaşına əbədi olaraq həkk etdilər.

Qəhrəmanlıq estafetini şərəflə qəbul edən Vətən müharibəsi iştirakçıları isə müasir tariximizin ən parlaq zəfərini qazandılar. Əsgəri ilə çiyin-çiyinə səngərdə ucalan, xalqın böyük sevgisini qazanan general-mayor Polad Həşimov, Şuşa əməliyyatında mühüm rol oynayan, Xüsusi Təyinatlıların sarsılmaz komandiri general-leytenant Hikmət Mirzəyev, Aprel döyüşlərindən başlayan zəfər yolunu şəhadəti ilə taclandıran polkovnik Şükür Həmidov, öz məlahətli səsi və vətən sevgisi ilə qələbənin simvoluna çevrilən Xudayar Yusifzadə və gənc yaşına rəğmən göstərdiyi qeyri-adi şücaəti ilə əfsanələşən Cəbrayıl Dövlətzadə hər bir azərbaycanlının qəlbində əbədi məskən saldılar. Müqəddəs Şuşanın azad olunması uğrunda canını fəda edən cəsur kəşfiyyatçı Şahin Allahyarov kimi qəhrəmanlarımızın ən böyük arzuları gerçəkləşdi: üçrəngli, ay-ulduzlu bayrağımız illərdir həsrət qaldığımız o torpaqlarda yenidən qürurla dalğalanmağa başladı.

Lakin unudulmamalıdır ki, vətənimizin azadlıq salnaməsi təkcə adları burada qeyd olunan qəhrəmanlarla bitmir; bu şanlı tarix hər bir qarış torpaq uğrunda canını sipər edən, qanı ilə bayrağımızı ucaldan, adı bəlli və ya naməlum qalan minlərlə cəsur şəhidimizin, qazimizin və əsgərimizin ortaq fədakarlığı və sarsılmaz birliyi ilə yazılmışdır.

Bu müharibə təkcə hərbi qələbə deyil, həm də Azərbaycan xalqının sarsılmaz birliyini, polad kimi möhkəm qətiyyətini və Vətənə olan sonsuz sevgisini bütün dünyaya nümayiş etdirən bir qüdrət nümayişi idi. Hər bir şəhidimiz və qazimiz bu möhtəşəm Zəfərin memarı, qazanılmış böyük Qələbənin əbədi və sarsılmaz simvoludur. Onların qəhrəmanlığı sayəsində Azərbaycan bu gün qalib dövlət kimi başını dik tutur.

Azərbaycanın müharibə iştirakçıları, şəhidləri və qaziləri xalqımızın milli qürur mənbəyi, dövlətçiliyimizin və gələcəyimizin sarsılmaz təməlidir. Onların göstərdiyi misilsiz fədakarlıq, sarsılmaz qəhrəmanlıq və Vətənə olan sonsuz, təmənnasız sevgisi heç vaxt unudulmayacaq, nəsillərdən-nəsillərə ötürülərək əbədi yaşayacaqdır. Onların əziz xatirəsi hər zaman uca tutulacaq, hər bir gənc azərbaycanlı üçün həyat və vətənpərvərlik örnəyi olacaqdır. Azərbaycan xalqı məhz bu fədakar qəhrəmanların sayəsində bu gün dünyada başı dik, alnıaçıq və qürurla yaşayır.

Biz onlardan miras qalan ən böyük əmanəti - müstəqil, ərazi bütövlüyü bərpa olunmuş və qüdrətli Azərbaycanı göz bəbəyimiz kimi qorumağı özümüzə borc bilirik. Onların ruhu şad, məkanları cənnət olsun; tökülən hər damla qanları böyük Zəfərlə müqəddəs amalına çatdı. Bu müqəddəs və şərəfli yolda canından keçən, sağlamlığını fəda edən hər bir qəhrəmanımızın adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə, silinməz izlərlə əbədi həkk olunmuşdur. Onlar bizim dünənimizin, bu günümüzün və parlaq gələcəyimizin sönməz ulduzlarıdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2026)

Meltem Demirkıran, İstanbul.

Tərcümə edən və uyğunlaşdıran: Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

Leyli və Məcnun, Fərhad və Şirin, Kərəm və Əsli, Romeo və Culietta, Əli və Nino…

Ədəbiyyat və kino mümkünsüz eşqləri sadəcə anlatmır; onları zamanın fövqünə daşıyır. Romeo və Cülyetta necə fərdi bir faciəni universal bir dilə çevirmişdisə, Ali və Nino da oxşar bir yol izləyərək eşqi coğrafiya və siyasət üzərindən yenidən tanımlayır. Ancaq bu film klassik romantik hekayənin sərhədlərini aşır. Çünki burada eşq sadəcə iki insan arasında deyil, iki ayrı dünyanın arasında yaşanır.

 

Bu hekayənin məkan qarşılığı isə Batumi şəhəridir. Qara dənizin şərq sahilində yerləşən və tarix boyu Osmanlı imperiyası ilə Rusiya imperiyası arasında dəfələrlə əl dəyişdirən bu şəhər sadəcə fon deyil; filmin dramatik strukturunu müəyyən edən əsas elementdir. Osmanlı dövründə “Batum”, bəzi mənbələrdə isə “Batoum” olaraq tanınan bu şəhər, bu gün Gürcüstan sərhədləri daxilində müasir liman şəhəri kimi varlığını davam etdirir.

Bu tarixi qatmanlılıq filmin əsas mövzusu olan kimlik parçalanmasını həm vizual, həm də narrativ baxımdan gücləndirir. Filmin mərkəzi simvolu isə Batumidə yerləşən məşhur Ali and Nino Statue heykəlidir. Bu heykəldə qadın və kişi fiqurları hər on dəqiqədən bir bir-birinə yaxınlaşır, qısa anlıq qovuşur və yenidən uzaqlaşırlar. Heykəldə Əli və Ninonun qollarının olmaması onların heç zaman tam mənada bir-birlərinə çata bilməməsinin simvoludur.

Ali və Nino heykəli göstərir ki, bu hekayə sinemadan kənarda da güclü metafora çevrilməyi bacarır. Hər on dəqiqədən bir yaxınlaşıb yenidən ayrılan iki fiqur filmin dramatik quruluşunun birbaşa vizual qarşılığıdır. Bu, klassik sevgi hekayələrindəki “qovuşma” anlayışının şüurlu şəkildə rədd edilməsidir.

Filmin əsaslandığı Ali və Nino romanı ədəbi baxımdan Şərq-Qərb qarşıdurmasını mərkəzə alarkən, rejissor Asif Kapadia bu mövzunu kinoda daha vizual bir dilə çevirir. Kapadianın seçdiyi geniş planlar coğrafiyanın personajlar üzərində yaratdığı təzyiqi hiss etdirir, rəng palitrası və məkan istifadəsi isə mədəni fərqliliyi estetik bir səviyyəyə daşıyır.

Ssenarist Christopher Hampton isə bu böyük tarixi fonu şəxsi bir faciəyə çevirməyi bacarır.

Film azərbaycanlı zadəgan ailəsindən olan Əli Xan Şirvanşir və gürcü aristokrat ailəsinin qızı Nino arasındakı sevgi hekayəsini danışır. Dünyaları fərqli olan iki gənc sanki sevgiləri vasitəsilə bir körpüdə görüşürlər. Onların eşqi məktəb illərində başlayır. Əli Xan Şirvanşir müsəlman azərbaycanlı bir gəncdir, Nino isə xristian aristokrat ailəsinin qızıdır.

Sevginin sərhəd tanımadığını göstərən bu film, real hadisələrdən ilham alan Kurban Said romanı əsasında ekranlaşdırılmışdır. Dövrün Sovet sistemini və Azərbaycanın istiqlal mübarizəsini əks etdirən filmdə Adam Bakri son dərəcə güclü aktyor oyunu nümayiş etdirir.

Adam Bakrinin performansı filmin emosional ağırlıq mərkəzini təşkil edir. O, Əli Xan Şirvanşir obrazını romantik qəhrəman kimi deyil, daxili qarşıdurmalar yaşayan bir insan kimi təqdim edir. Kamera tez-tez onun üzündə dayanır və bu da tamaşaçını personajın zehni parçalanmasına ortaq edir.

Əlinin vətən və sevgi arasında etdiyi seçim klassik bir “fədakarlıq” hekayəsindən daha çox ideoloji məcburiyyət kimi təqdim olunur.

María Valverde isə Nino obrazına daha sakit, amma daxildən güclü bir xarakter qazandırır. Ninonun dəyişimi filmin dramatik xəttini daha da gücləndirir. Onun qərb həyatının komfort zonasından Şərqin sərt reallığına keçidi sadəcə fiziki yox, həm də psixoloji qırılmadır.

Bu qırılma xüsusilə məkan dəyişiklikləri ilə paralel şəkildə inkişaf edir. Saray mühitindən dağ kəndlərinə keçid personajın daxili transformasiyasını vizuallaşdırır.

Filmdə Halit Ergenç və Ekin Koç kimi aktyorların iştirakı hekayənin mədəni müxtəlifliyini gücləndirir və filmin beynəlxalq kimliyini tamamlayır.

Ancaq film bütün bu güclü aktyor heyətinə baxmayaraq daha çox “personaj filmi” olmaqdan çox “atmosfer filmi” kimi ön plana çıxır.

Texniki baxımdan yanaşdıqda, Ali və Nino filminin ən güclü tərəfi vizual dilidir. Geniş coğrafi çəkilişlər, müharibə səhnələrindəki realizm və dövr dekorasiyası tamaşaçını birbaşa tarixi atmosferin içinə çəkir.

Lakin hekayənin tempi zaman-zaman yavaşlayaraq klassik dramatik yüksəliş gözləntisini qırır. Bu da filmi ənənəvi romantik dram janrından ayıran vacib xüsusiyyətlərdən biridir.

Ali və Nino sadəcə bir sevgi hekayəsi danışmır; sevginin hansı şərtlər daxilində yaşaya biləcəyini sorğulayır. Film coğrafiyanın və tarixin insan taleləri üzərində necə müəyyənedici rol oynadığını sərt şəkildə xatırladır.

Bu baxımdan film romantik bir hekayədən daha çox siyasi faciəyə yaxınlaşır.

Və bəlkə də məhz buna görə bu hekayə hələ də yaşayır…

Bir heykəldə dönür,

bir filmdə yenidən danışılır,

bir kitabda dərinləşir…

Amma ən çox da yarım qaldığı yerdə məna qazanır.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2026)

 

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Tarixdə elə günlər var ki, onlar sadəcə bir tarix kimi yadda qalmır; həmin günlər bütöv bir xalqın taleyinə çevrilir, gələcəyini müəyyən edir və millətin həyatında dönüş nöqtəsi yaradır. Azərbaycan xalqı üçün belə müqəddəs və unudulmaz günlərdən biri də Qurtuluş Günü – 15 İyun Milli Qurtuluş Günüdür. Bu tarix Azərbaycanın dövlətçilik tarixində yenidən doğuluşun, sabitliyin, xalq birliyinin və milli iradənin qələbəsi kimi yaşayır.

 

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra xalq böyük ümidlərlə gələcəyə baxırdı. Uzun illərdən sonra azad yaşamaq, öz dövlətini qurmaq, öz bayrağını yüksəltmək hər bir azərbaycanlının ən böyük arzusu idi. Lakin müstəqilliyin ilk illəri gözlənildiyindən daha ağır keçdi. Ölkədə siyasi qarşıdurmalar yaranmış, hakimiyyət uğrunda mübarizə güclənmiş, iqtisadi vəziyyət pisləşmiş, xalqın rifahı aşağı düşmüşdü. Xarici təhlükələr, daxildə isə yaranmış xaos Azərbaycanı olduqca təhlükəli vəziyyətə sürükləyirdi. Hətta dövlət müstəqilliyinin itirilməsi qorxusu yaranmışdı.

Belə çətin bir dövrdə xalq anlayırdı ki, ölkəni bu böhrandan çıxarmaq üçün güclü iradəyə, siyasi təcrübəyə və xalq sevgisinə sahib olan bir liderə ehtiyac var. Azərbaycan xalqı üzünü öz böyük oğluna – Heydər Əliyev çevirdi.

1993-cü ilin 15 iyun tarixində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifə açdı. Həmin gün ölkədə yaranmış siyasi böhranın qarşısı alınmağa başladı. Dövlət idarəçiliyində nizam yarandı, xalqın gələcəyə olan inamı yenidən formalaşdı. Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu və məhz buna görə həmin gün tariximizə Milli Qurtuluş Günü kimi həkk olundu.

Heydər Əliyev yalnız siyasi lider deyildi. O, xalqının taleyini öz taleyi hesab edən, dövlətçiliyi hər şeydən üstün tutan uzaqgörən rəhbər idi. Onun hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa edildi, ordu quruculuğuna başlanıldı, iqtisadi islahatlar həyata keçirildi və Azərbaycan beynəlxalq aləmdə öz yerini möhkəmləndirməyə başladı.

Bu gün Azərbaycan güclü dövlətdirsə, dünyada söz sahibi kimi tanınırsa, bunun təməlində məhz o dövrdə atılmış mühüm addımlar dayanır. Çünki dövlət yalnız sərhədlərlə qorunmur. Dövlət xalqın birliyi, milli dəyərlərə bağlılıq və düzgün idarəçilik sayəsində ayaqda qalır.

15 İyun biz gənclərə də böyük mesaj verir. Tarixi unutmaq olmaz. Keçmişini bilməyən xalq gələcəyini sağlam qura bilməz. Bugünkü nəsil anlamalıdır ki, müstəqillik sadəcə əldə edilmir, onu qorumaq da böyük məsuliyyət tələb edir. Dövlətə sevgi, vətənə bağlılıq və milli dəyərlərə hörmət hər bir vətəndaşın əsas borcudur.

Qurtuluş Günü bir daha sübut etdi ki, xalq və lider bir olduqda ən ağır sınaqlardan belə keçmək mümkündür. Azərbaycan tarixinin bu mühüm günü bizə göstərir ki, bəzən bir insanın qətiyyəti bütöv bir millətin gələcəyini xilas edə bilir.

Bu gün 15 İyuna baxarkən biz sadəcə keçmişi xatırlamırıq. Biz bu günü Azərbaycanın güclənməsinin başlanğıcı, xalqımızın ayaqda qalmasının simvolu və gələcək nəsillərə ötürüləcək böyük bir tarixi dərs kimi dəyərləndiririk.

Çünki Qurtuluş yalnız bir günün adı deyil. Qurtuluş — xalqın öz dövlətini, öz gələcəyini və öz taleyini qorumağı bacardığı tarixi zəfərdir.

Azərbaycan tarixində bəzi günlər var ki, onlar zaman keçdikcə daha da dəyər qazanır. 15 İyun da məhz belə tarixdir — bir xalqın ümidsizlikdən ümidə, qarışıqlıqdan sabitliyə, təhlükədən inkişafa doğru atdığı ən böyük addım.

15 İyun – Azərbaycanın xilası, dövlətçiliyimizin qorunması və gələcəyə açılan yolun başlanğıcıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.06.2026)

 

 

Şənbə, 13 İyun 2026 22:10

Yeni başlanğıcların simvolu

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Deyir ki:- “Azərbaycan və Rusiya hökuməti əlaqələrin inkişafında maraqlıdır. Bu maraq da hər iki ölkə prezidentlərinin siyasi iradəsi ilə bağlıdır, onların verdiyi göstərişlərə uyğun olaraq aparılır. Hökumətlər tərəfindən yaradılan şəraitdən iş adamları mütləq istifadə etməlidirlər. Biz bir yerdə sahibkarları daha aktiv fəaliyyət göstərməyə, Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yaranmış geniş potensialdan daha səmərəli istifadə etməyə çağırırıq...”

 

Mənşəcə fars dilinə aid, amma dilimizə qədim dövrlərdə keçən “Şahin” kəlməsi təkcə yırtıcı quş növünü ifadə etmir həm də, məcazi mənada cəsarət, qürur və mərdliyi təmsil edir. Eyni zamanda hərbi təyyarəçilərə verilən obrazlı addır...

Bir zamanlar onunla eyni məhəllədə yaşayan ermənilər onun özü və ailəsi haqqında maraqlı məlumatlar paylaşıblar. Dediklərinə görə, onun doğulub böyüdüyü ailə Noyemberyan rayonunun Cuvevan kəndində yeganə azərbaycanlı ailə olub. Guya anası kənddə hamıya qızıl üzük paylayırdı. Hətta Cuvevanlılardan biri iddi edir ki: “O, ermənicə əla bilirdi, onunla mübahisə etmək olmurdu”. Sinif yoldaşlarından biri isə deyir ki, onun adı sinif jurnalında "Şagin" kimi yazılırmış. Orta məktəbi də qızıl medalla bitirib, məktəbin sevimlisi olub...

 

Nə isə, indi keçək onun tərcümeyi halına. O, 1965-ci ilin iyun ayının 13-də Ermənistan adlanan Qərbi Azərbaycanda dünyaya gəlib. Atası Abdulla Mustafayev Qazax qəzasının Qaymaqlı kəndindəndir.1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. 1991–1992-ci illərdə "Spektr" kiçik müəssisəsində baş mühasib, 1992–1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi vəzifələrində çalışıb. 1999–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000–2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003–2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005–2006-cı illərdə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006–2008-ci illərdə Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini vəzifələrində işləyib. 2008–2013-cü illərdə Azərbaycan Respublikasının İqtisadi inkişaf naziri, 2013–2016-cı illərdə isə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri olub və 2016-cı ildə İqtisadiyyat naziri vəzifəsinə təyin edilib. 2019-cu ildən isə Baş nazirin müavini vəzifəsində çalışır. Bəli, bəli, söhbət Şahin Mustafayevdən gedir. “Şöhrət” və “1-ci dərəcəli Vətənə xidmətə görə” ordenləri ilə təltif olunan, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin müəllimdən...

 

...O dünyaya gələndə həftənin bazar günü olub. Elə ona görə də təbii liderlik qabiliyyəti, yüksək ambisiyası və ətrafa saçdığı parlaq enerjisi ilə seçilir. Təbii cazibəsi sayəsində diqqət mərkəzində olmağı sevir və hər zaman rəhbər olmağa layiqdir. Xəyal gücü yüksəkdir, qarşısına qoyduğu hədəflərə çatmaq üçün əzmlə çalışır. Daxili gücünə güvənən adamdır. Yaxınlarını qorumaq üçün hər cür səxavət göstərə bilir. Şəxsi azadlığına çox önəm verir və bəzən də öz qüruru ilə üz-üzə qalır...

 

Bəli, iyunun 13-ü 61 yaşı tamam olur. 61 rəqəmi mələklərin numerologiya sistemində yeni başlanğıcların, ailə həyatındakı müsbət dəyişikliklərin və ruhsal inkişafın simvolu hesab olunur. Bu rəqəm, keçmişdə qurulan möhkəm təməllər üzərində irəliyə doğru cəsarətli addımlar atmağı ifadə edir. Quranda isə 61-ci surə Saff surəsidir. Həmin surənin 1-ci və 2-ci ayələrində deyilir: “Ey iman gətirənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz? Etməyəcəyiniz şeyləri deməyiniz Allah dərgahında nifrətlə qarşılanar.” O ki qaldı, Mendeleyevin cədvəlinə, burada 61-ci element Prometiumdur. O, lantanidlər qrupuna daxil olan radioaktiv və nadir torpaq metalıdır. Təbiətdə çox az miqdarda tapılır və əsasən uranın parçalanma məhsulu olaraq laboratoriyalarda süni yolla əldə edilir...

Xülasə, Şahin Müstafayevin ad günü mübarək olsun!..

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2026)

 

Bazar, 14 İyun 2026 12:00

Ellər uzadacaq şair ömrünü...

(Xalq şairi Səməd Vurğunun Şəmkirdəki 120 illik yubileyinə həsr olunmuş tədbirindən təəssüratlar)

 

Ramiz Göyüşov,

AYB-nin üzvü.

“Ədəbiyyat və incəsənət”

 

 

Bu günlərdə Şəmkirdə yaddaqalan bir gün yaşadıq...

Söhbət Şəmkir Rayon Kimya-Biologiya Təmayüllü Liseydə, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbirdən gedir...

 

...1997-ci il mart ayının 11-də Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr olunmuş yubiley gecəsində, xalqımızın Ümummilli lideri Heydər Əliyev özünün yubiley nitqində deyirdi: “Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: Əziz şairimiz! Sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. Bu gün mən bir daha bəyan edirəm ki, biz Səməd Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik...”. Bu kəlamlar səslənən vaxtdan 30 il keçir... və Ulu öndərin kəlamları öz təsdiqini tapmaqda davam edir...

Bu il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə böyük şairimizin 120 illik yubileyi ölkəmizin hər yerində qeyd edilir. Əslində Vurğunsevərlər, ümumiyyətlə poeziyasevərlər üçün bu il “Vurğun ili”dir...

Hələ sağlığında istər Azərbaycan ədəbi və ictimai mühitində öz müasirləri arasında, istərsə də o zamanın Sovet İttifaqına daxil olan respublikaların xalqlarının ən görkəmli sənətkarları arasında böyük şöhrət qazanmış, vətəni Azərbaycanı sonsuz məhəbbətlə sevən, bu qədər yüksək nüfuza malik ikinci bir şəxs göstərmək çətindir.

O, öz varlığı, istedadı, zəkası, dünyagörüşü, vətənsevərliyi, intellektual səviyyəsi, ünsiyyətcilliyi, səxavəti, cəsarəti və mərdliyi ilə hamıdan seçilirdi və bu keyfiyyətləri ilə mənsub olduğu Azərbaycan xalqına şöhrət, hörmət, nüfuz gətirirdi. Səviyyəsindən asılı olmayaraq, Səməd Vurğun iştirak edən istər rəsmi, istərsə də ziyafət məclislərində aparıcı, söz sahibi, tədbirin təşkilatçısı rolunda çıxış edirdi.

Səməd Vurğun istər Azərbaycan ədəbiyyatında, istər ictimai həyatında, istərsə də xalq arasında əfsanələşmiş nadir şəxsiyyətlərdən biridir.

Onun fiziki yoxluğundan 70 il keçir. Lakin xalq hələ də onun həyatından, yaradıcılığından, elmi və ictimai fəaliyyətindən xatirələr, əfsanələr danışılır.

Ötən bu illər ərzində Səməd Vurğuna olan ümumxalq məhəbbət azalmır, bu məhəbbət yeni nəsillərə ötürülür və O, xalqımızın, vurğunsevərlərin qəlbində yaşamaqdadır...

...Biz—Liseydə keçirilən yubiley tədbirinin iştirakçıları, Xalq şairinə olan böyük məhəbbətin bir daha şahidi olduq.

 

Tədbirə bir-neçə gün bundan əvvəl Liseyin direktoru Səməndər Həsənovdan dəvət almışdıq...

Məktəbin girişi qapısından, həyət-bacasından, sinif otaqlarına, Akt salonunadək hər yerdə bir səliqə-səhman, nizam-intizam hökm sürür, xoş bir ab-hava adamı öz ağuşuna alırdı.

Düşünürəm ki, təhsildə, təlim-tərbiyədə əldə etdiyi uğurlara görə respublikamızın təhsil ocaqları arasında öncül yerlərindən birini tutan bu təhsil müəssisəsinin kimya biologiya təmayüllü lisey olmasına baxmayaraq, ədəbiyyat və poeziyaya, o cümlədən Səməd Vurğun yaradıcılığına marağın yüksək səviyyədə olması təqdirəlayiq və örnək hal kimi qiymətləndirilməlidir...

Həmin gün liseyə böyük şairimiz Səməd Vurğunun ruhu hakim kəsilmişdi.

Təbii ki, tədbirin ən mötəbər iştirakçıları, həmin tədbiri ərsəyə gətirən liseyin pedaqoji kollektivi və şagirdləri idi.

Bununla belə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin və onun müavini Aynur Abdullayevanın, Şəmkir Rayon Təhsil Sektorunun müdiri Elşən Ələsgərovun, Bakıdan, Gəncədən, Qazaxdan, Kəlbəcərdən və ətraf rayonlardan gələn tanınmış elm, ədəbiyyat, poeziya və sənət adamlarının iştirakı tədbirə xüsusi bir sanbal verirdi və qeyd etməyi zəruri hesab edirəm ki, Rayon İcra Hakimiyyətinin və təhsil sektorunun rəhbərliyinin tədbirə bu yanaşması, dövlət başçısının yerlərdə apardığı siyasətə və böyük şairin xatirəsinə münasibətin təzahürü idi.

Azərbaycan Respublikasının Dövlət Himninin möhtəşəm sədaları, qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etməklə başlanan tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Rəşad Tağıyevin böyük şairin həyatı, yaradıcılığı və fəaliyyəti barədə yığcam, əhatəli və mükəmməl çıxışı tədbir iştirakçılarının marağına və alqışına səbəb oldu. Çıxış edən qonaqların - filologiya elmləri doktoru, professor Rustam Kamalın, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Ramiz Göyüşovun, Rafail İncəyurd-İsmayılovun, Mustafa Rasimoğlunun, ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlünün, Azərbaycan Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Qalib Rəhimlinin, Gəncə Dövlət Universitetinin müəllimi Vüsal Hicranın, Əməkdar Mədəniyyət İşçisi, şair Məzahir Hüseynzadənin çıxışlarında səslənən fikirləri böyük şairin şəxsiyyətinin, yaradıcılığının, elmi və ictimai fəaliyyətinin, Azərbaycan sevgisinin, ədəbiyyatımız qarşısında xidmətlərinin, ictimai fikir tarixində yerinin indiki və gələcək nəsillərə çatdırmağa yönəlmişdi və yubiley iştirakçıları, xüsusilə gənclər tərəfindən rəğbətlə qarşılandı.

 

Tədbirin ən maraqlı hissəsi liseyin şagirdləri tərəfindən hazırlanmış səhnələrlə, şairin məşhur şeirlərinin səsləndirilməsi ilə bağlı idi. Şagirdlər tərəfindən şairin “Vaqif” dramından səhnə, “Ananın öyüdü”, “Şair nə tez qocaldın sən” şeirləri əsasında hazırlanmış kompozisiyalar, səslənən məşhur şeirləri, səmimi, maraqlı idi və şagirdlərin Xalq şairinin irsinə sevginin nümayişi və onların istedadının təzahürü idi.

Tədbirdə sazla söz qoşa addımlayırdı. Göyçə-Kəlbəcər aşıq mühitinin tanınmış nümayəndələri Mirəli Mehdiyev və Yolçu Salmanlı öz maraqlı ifaları ilə tədbir iştirakçılarına xoş bir ovqat bəxş etdilər. Tədbirin aparıcısı, liseyin müəllimi Məhəmməd İsmayıloğlu öz maraqlı təqdimatları ilə tədbirə xüsusi bir ovqat bəxş edirdi.

Təvəzökarlıqdan uzaq da olsa qeyd edirəm ki, tədbirdə, mənim tərəfimdən yazılmış, Böyük şairin 120 illik yubileyinə həsr edilmiş və yubileyi ərəfəsində işıq üzü görmüş “Ellər yaşadacaq şair ömrünü” kitabımın həmin tədbirdə Liseyin direktoru Səməndər müəllimə hədiyyə etməyimdən bir qürur hissi keçirdim.

Bütünlüklə arxasında gərgin zəhmətin məhsulu olan tədbir Xalq şairi Səməd Vurğuna olan sevgidən yaranmışdı və şairə olan el məhəbbətinin təzahürü idi. Bu möhtəşəm tədbirə görə liseyin direktoru Səməndər Həsənova, müəllim və şagird kollektivinə bir vurğunsevər kimi bir daha təşəkkürümü bildirirəm. Şairin məşhur şeirindən bir bənd yada düşür:

                         

                           Ellər uzadacaq şair ömrünü,

                           Min il yaşasam da ölməyəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2026)

 

 

Bazar, 14 İyun 2026 11:08

Onların səhnəsi bitdi...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onu görər-görməz rejissor Oqtay Mirqasımovun eyniadlı filmindəki rolunu xatırlayaraq deyirəm:

– “Günaydın, mələyim!”

– Günaydın... (gülümsəyir)

– “Günaydın, mələyim”də gənc aktrisanı sıxışdıran hegemon, qəddar aktrisa rolunu canlandırırsınız. Təzə-təzə sənətə gələndə özünüzə qarşı həminmünasibətigörmüşdünüz?

– 1978-ciildə AkademikMilliDramTeatrınınovaxtkı baş rejissoruTofiqKazımov Əkrəm Əylisinin “Quşuuçanbudaqlar” tamaşasındaoynamaq üçünməniteatradəvətetdi. Ozamanmən İncəsənət İnstitutunun üçüncü kursundaoxuyurdum. Tamaşayakənardandəvətolunanyeganə aktrisamənidim. Məmmədrza Şeyxzamanov, MirvariNovruzova, HəsənağaTurabov, SəməndərRzayev, Hacı İsmayılov, YaşarNuri, İlhamNamiqKamallabərabərhəmintamaşada çıxış edəcəkdim. ŞeyzamanovlaMirvarixanımdahayaşlı nəsil, Turabovgilortanəsilsayılırdı və xoşbəxtidimki, nəsillərinmüştərəkişində mənimdə adımvaridi. “Quşuuçandağlar”dansonraortanəslidemirəm, ammayaşlı nəsilməni özününkü kimiqəbuletdi, doğmamünasibətgöstərdi. Birincitamaşadansonramənə müxtəliftamaşalardarollarverdilər. Bilirdimki, institutubitirəndənsonrateatrtəyinatımı tələbedəcək. Belə də oldu, həmin vaxtdan doğma teatrdayam…

 

Bunlar jurnalist Nadir Yalçının tanınmış aktrisa Bəsti Cəfərova ilə müsahibəsindən fraqmentlərdir.

Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb.

Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan, böyük sənətkar Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb.

Bəsti Cəfərova Akademik Milli Dram Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), Yuğ Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb.

Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Həmin teatrın səhnəsində Səltənət ("Quşu uçan budaqlar", Ə. Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R. Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S. Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı") və s.

Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanan Pəri ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Gülay ("Ər və arvad" Mar Bayğıyev), Alina ("Astana", Anatoli Dudarev), Rəna ("Analar" Əzizə Cəfərzadə), Ağabəyim ağa ("Güllələnmiş heykəllər" Hüseynbala Mirələmov) əsərlərinin tamaşalarında də əlvan rollarla iştirak edib.

Bəsti Cəfərova 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. 2013-cü ildə pedaqoji fəaliyyətlə məşğul olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor elmi adına layiq görülüb. 30 aprel 2014-cü ildə Prezident mükafatına və 6 may 2016-cı ildə isə Prezidentin Fərdi Təqaüdünə layiq görülüb.

28 oktyabr 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 29 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. 2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.

 

Teatr səhnəsində rolları

- Səltənət ("Quşu uçan budaqlar", Əkrəm Əylisli)

- Nazlı ("Əliqulu evlənir", Sabit Rəhman)

- Luiza Bruk ("Səhra yuxuları", Anar)

- Ripsime ("Şərqli diş həkimi", Akop Paronyan)

- Zeynəb və Arzu ("Kimdir haqlı?", Bəxtiyar Vahabzadə)

- Pakizə ("Mirzə Şəfi", Nəbi Xəzri)

- Qadın ("Sizi deyib gəlmişəm...", Anar)

- Bənövşə ("Nişanlı qız", Sabit Rəhman)

- Əsmər ("Günah", Rəhman Əlizadə)

- Bədidə və Nigar ("Qanlı Nigar", Sadıq Şendil)

 

Filmoqrafiya

- Ömrün yolları (film, 1982)

- Astana (film, 1986)

- Qürbətdən gələn səda (film,1987)

- Solğun çiçəklər (film, 1987)

- Analar (film, 1988)

- Yaramaz (film, 1988)

- Canavar balası

- Doğan Günəş (film, 2002)

 

Bir daha qeyd etdiyim müsahibəyə qayıdaq…

– Mərhum rejissor Vaqif İbrahimoğlu ilə də yaradıcılıq əlaqələriniz olub. Halbuki o tamam fərqli rejissor düşüncəsinə sahib idi.

– Azdramaya təyinatımı alandan sonra Vaqif İbrahimoğlu məni Rəsul Rzanın “Qanun” adlı pyesi əsasında ssenariləşdirilmiş televiziya tamaşasının məşqlərinə dəvət etdi. Mən institutda tamam başqa məktəb keçmişdim. Vaqif İbrahimoğlu isə tamam fərqli metodlarla işləyirdi. “Tədris” teatrının nəzdində “Eksperimental” teatr yaratmışdı.

O mənə dedi ki, gəl, mənim teatrımda məşq elə, bu sənin üçün yaxşı olacaq. Razılaşdım və məşqlərə qoşuldum. O vaxtlar elə bilirdim Vaqif məndən 20-25 yaş böyükdür. Sonralar universitetdə müəllim işləyən zaman Elmi Şuranın iclasında məni 50, Vaqifi 60 yaş münasibətilə təbrik edəndə bildim ki, bizim, cəmi, 10 yaş fərqimiz var...

Hərdən ondan məsləhət istəyirdim, çox pis vaxtlarda mənəvi dəstək olurdu. Onunla dostluğumuz yaradıcılıq müstəvisində də uğurlu oldu. Vaqif mənə Ekzüperinin “Balaca şahzadə”sində üç rol – fənərçi, çöl çiçəyi və qızılgül rollarını həvalə etdi. Baş rol da verə bilərdi, amma dedi ki, sən onsuz da Azdramada baş rolları oynayacaqsan, sənə aktrisa kimi “sınmaq” lazımdır...

 “Tədris” teatrında Vaqif İbrahimoğlunun “Mən Dədə Qorqud” tamaşasında da oynamışam. 1981-ci ildə Xalq yazıçısı Anarın “Səhra yuxuları” tamaşasını qurmaq üçün Vaqifi Azdramaya dəvət etdilər və o həmin tamaşada mənə də rol verdi. 1989-cu ildə Həsənağa Turabov Vaqifə imkan yaratdı, 4-cü səhnədəki böyük məşq zalımızı ona verdi və o, “Yuğ” teatrının əsası qoydu və mən paralel olaraq, “Yuğ”da işə başladım.

Bir mövsüm “Yuğ”da “Heydərbabaya salam” tamaşasında oynadım. Vaqif mənə dedi ki, Azdramada ştatdan ayrıl, bütün gücünü “Yuğ”a həsr et. Razılaşmadım, ənənəvi teatr mənim üçün doğma idi. Vaqif müəllimin tamaşalarının fəlsəfi qatı dərin idi. Amma mən onların içində olmuşdum deyə, hər şeyi başa düşürdüm. Bununla belə, mən “Yuğ”çu olmadım...

– Sizinlə həmsöhbət olmaq maraqlı idi.

– Minnətdaram...

O zabitənin və ciddiyyətin arxasında dayanan insanpərvərliyi hiss etdiyim üçün Bəsti Cəfərovadan məmnun ayrıldım. Bizim səhnəmiz bitdi. O isə növbəti tamaşanın məşqinə hazırlaşırdı...

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2026)

Bəhruz Məmmədov,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,NaxçıvanMuxtarRespublikasınınəməkdarmüəllimi, dosent.

“Ədəbiyyat və incəsənət”

 

“Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur.”

HEYDƏR ƏLİYEV

 

“Biz öz taleyimizin sahibiyik. Azərbaycan xalqı heç vaxt öz iradəsindən dönməyəcək və müstəqilliyini əbədi yaşadacaqdır.”

İLHAM ƏLİYEV

 

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində taleyüklü əhəmiyyətə malik hadisələr sırasında 15 İyun – Milli Qurtuluş Günü xüsusi yer tutur. Bu tarix yalnız siyasi hakimiyyət dəyişikliyini ifadə etmir, eyni zamanda müstəqil Azərbaycan dövlətinin mövcudluğunun qorunması, dövlətçilik ənənələrinin bərpası və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm dönüş nöqtəsi kimi xarakterizə olunur. Məhz 1993-cü ilin iyun hadisələri nəticəsində Azərbaycan dövlətçiliyi dağılmaq təhlükəsindən xilas olmuş, sonrakı dövrdə ölkənin siyasi sabitliyi, iqtisadi inkişafı və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradılmışdır.

XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ilk illərdə ciddi siyasi, iqtisadi və hərbi çağırışlarla üzləşmişdi. Dövlət idarəçiliyində təcrübəsizlik, daxili siyasi qarşıdurmalar, iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü və separatizm meyilləri ölkəni dərin böhran vəziyyətinə sürükləmişdi. Xüsusilə 1993-cü ilin iyununda yaranmış vəziyyət Azərbaycan dövlətçiliyinin gələcəyini ciddi sual altına qoymuşdu. Hakimiyyət institutlarının fəaliyyət qabiliyyətini itirməsi, vətəndaş qarşıdurması təhlükəsinin real xarakter alması və ölkənin müxtəlif bölgələrində separatçı meyillərin güclənməsi dövlətin parçalanması riskini artırmışdı.

Belə mürəkkəb və taleyüklü şəraitdə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkədə siyasi sabitliyin bərpasına, dövlət idarəçiliyinin yenidən qurulmasına və milli maraqlara əsaslanan inkişaf strategiyasının formalaşdırılmasına imkan yaratdı. Sonrakı dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində vətəndaş qarşıdurması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatizm meyillərinin qarşısı alındı və dövlət hakimiyyətinin vahid mərkəzdən idarə olunması təmin edildi.

Milli Qurtuluşdan sonra başlanmış dövlət quruculuğu prosesi Azərbaycanın gələcək inkişaf modelinin əsaslarını formalaşdırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atıldı, demokratik təsisatların inkişafına şərait yaradıldı, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan islahatlar həyata keçirildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü.

Azərbaycanın müasir inkişaf konsepsiyasının mühüm istiqamətlərindən biri də milli iqtisadiyyatın gücləndirilməsi olmuşdur. 1994-cü ildə imzalanan və ölkənin iqtisadi tarixində dönüş nöqtəsi hesab edilən “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etdi, xarici investisiyaların cəlb olunmasına geniş imkanlar açdı və ölkənin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. Neft strategiyasından əldə olunan gəlirlərin məqsədyönlü şəkildə insan kapitalının inkişafına, infrastruktur layihələrinə və sosial rifahın yüksəldilməsinə yönəldilməsi Azərbaycanın dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət etdi.

Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilmişdir. Son iyirmi ildən artıq müddətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı siyasi, iqtisadi və hərbi güc mərkəzlərindən birinə çevrilmişdir. Ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi, nəqliyyat-logistika imkanlarının inkişaf etdirilməsi və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın qlobal nüfuzunun artmasına mühüm töhfə vermişdir.

Azərbaycan dövlətçiliyinin inkişaf tarixində yeni mərhələnin əsasını təşkil edən ən mühüm hadisələrdən biri 2020-ci ildə qazanılmış tarixi Zəfərdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu. Bu qələbə təkcə hərbi uğur deyil, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunması, tarixi ədalətin bərpası və milli dövlətçilik ideyasının təntənəsi kimi qiymətləndirilir.

2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə nəticələndi. Bununla da ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa edildi və müstəqillik tarixində ilk dəfə olaraq dövlət hakimiyyətinin suverenliyi tam şəkildə təmin olundu. Beləliklə, 1993-cü ildə Milli Qurtuluşla başlayan dövlətçilik missiyası 2023-cü ildə tam suverenliyin bərpası ilə öz məntiqi zirvəsinə çatdı.

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq proqramları həyata keçirilir, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir, müasir şəhərsalma və iqtisadi inkişaf modelləri tətbiq olunur. Qarabağ və Şərqi Zəngəzur ölkənin sosial-iqtisadi inkişafının yeni lokomotivinə çevrilməkdədir.

Tarixi proseslərin təhlili göstərir ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixinin başlanğıc nöqtəsi olmaqla yanaşı, ölkənin sonrakı inkişaf trayektoriyasını müəyyən edən fundamental siyasi hadisədir. Bu gün müstəqilliyini möhkəmləndirmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan Respublikası regional və qlobal miqyasda söz sahibi olan nüfuzlu dövlət kimi çıxış edir. Əldə olunmuş bütün nailiyyətlərin əsasında isə xalqın iradəsi, milli birlik, güclü dövlətçilik ənənələri və Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi tarixində yalnız keçmişin xatirəsi deyil, həm də dövlətçiliyimizin davamlılığını, milli həmrəyliyi və gələcəyə inamı ifadə edən mühüm ideoloji-siyasi dəyərdir. Milli Qurtuluşdan başlanan yol Azərbaycanı Zəfərə, Zəfər isə tam Suverenliyə aparmışdır. Bu gün Azərbaycan xalqı həmin tarixi yolun nəticəsi olaraq qalib, güclü və müstəqil dövlətin vətəndaşı olmaq qürurunu yaşayır.

 

“Ədəbiyyat və incəsənət!”

(14.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.