Super User

Super User

Cümə, 12 İyun 2026 10:43

Antidepressant kitab

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

İstedadlı yazıçı, publisist, şair Aysel Əlizadənin “Qanun” nəşriyyatında işıq üzü görən “Xoşbəxtlik haqqında” kitabı həm də antidepressantdır.

Bu sadəcə bir kitab deyil, özünü qaranlıqda hiss edən insanın qaranlıqdan işığa doğru yolunun  bələdçisidir.

 

Bu sözləri şair-publisist Kamalə Abiyevaya məxsusdur, o, kitabın redaktorudur.

Kitab “Adam həmişə xoşbəxt ola bilməz. Xoşbəxtlik ötəridir-deyirlər. İlahi! Niyə “bədbəxtlik ötəridir”demirlər?”-sualını cavablandırmağa kömək edir.
Avtobioqrafik, psixoloji publisistika janrında olan “Xoşbəxtlik haqqında”- antidepressant kitabının üz qabığının dizaynı rəssam-dizayner Günel Dənizə, mətn dizaynı Günay Seyidovaya məxsusdur.

Korrektor Aygül Yelmarlıdır.   

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)                       

 

 

“Ədəbiyyat və incəsənət” portalının “İsti-isti” rubrikasında sizlərə yeni, mürəkkəbi hələ qurumamış şeirlər təqdim edirik. Bu dəfə sizlərə Türkiyədə yaşayıb yaradan Həyat Şəminin “De ki mübarək olsun” şeiri təqdim edilir. Şeirin yazılma tarixi 9 iyun 2026-cı ildir.

 

 

HƏYAT ŞƏMİ

DE Kİ MÜBARƏK OLSUN

 

Şeir yüklü ürəyim,

Yükün mübarək olsun,

Ağırlaşıb daşırsan,

Çəkin mübarək olsun.

 

Hər kəsdən qoca sözdü,

Səs daxma, baca sözdü,

Enən ipucu sözdü-

Çəkim, mübarək olsun...

 

Yer fani sığınacaq,

Ömür son dayanacaq,

Yerimdə söz qalacaq -

Töküm, mübarək olsun!

 

Söz içində bişirəm,

Toxum kimi şişirəm,

Xam torpaqdı ağ sinəm,

Əkim, mübarək olsun.

 

Sözə ərk eləyirəm,

Ərki bərk eləyirəm...

Rəbbim, dərk eləyirəm -

De ki mübarək olsun.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

Cümə, 12 İyun 2026 11:00

Yaxın görünən uzaqlıq

 

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 

Bir neçə gün bundan əvvəl səmada ecazkar astronomik hadisə insanların diqqətini cəlb etdi, əminəm ki, mənim kimi bir çox yaradıcıların bu mənzərə qarşısında təxəyyülləri danışdı. İki planet - Venera və Yupiter arasında yüz milyonlarla kilometr məsafə olsa da, onları bir-birinə yaxın görürdük. Kainat bizə sanki nağıl söyləyirdi: Biri var, biri yox...

 

Biz onları yaxın - mehriban görürdük, amma onlar heç də yaxın deyildi. Amma bu nağılda bir gerçəklik gizlənirdi.

Bəzən bir dam altında yaşayan iki nəfər "yaxın" görünür, elə səmanın nümayiş etdirdiyi optik illüziya kimi.

Lakin əslində onların hər biri bir planetin "sakinidir".

Ayrı-ayrı qatarların sərnişini, ayrı-ayrı şəhərlərin sakini.

Qoşa addımlasalar da, yolları ayrıdır, ruhları da barışmır.

Uzaqdan, xoşbəxt, daxilən isə dünyanın ən bədbəxt sakinləridir.

Bir düşünün, biri yazdırsa, biri payızdır.

Yazın al-əlvan çiçəklərini payız öz soyuq nəfəsi ilə xəzələ çevirir.

Biri yaydırsa, biri qışdır.

Qış acımadan isti qəlbi buza döndərir -döyünmə-söyləyir.

Biri sevincdir, biri kədər.

Biri gecə, biri gündüz.

Bəs bunun əksini necə düşünürsünüz?

Yəni aralarında böyük məsafə olsa da, görünməz tellərlə bağlı olanların cazibəsini.

Bu böyük məsafə o cazibəni məhv edə bilmir.

Ruhlar eyni, istək eyni, xəyal eyni.

Niyyət eyni, duyğu eyni.

Bölünmüş ruh parçaları, bu parçalar birləşməsə də, vəhdəti hiss edir. Fəsillərin, ayların, illərin gücü çatmaz bu ruhları yadlaşdırmağa.

O doğmalıq, o bağlılıq əbədi sədaqət andına həmişə sadiqdir.

Onların görüş yeri yağış damlalarındadır. Onların görüş yeri aşiqlərin göz yaşlarındadır, onların görüş yeri üfüq xəttindədir.

Fiziki var olan hər şeyin sonu var, amma sevən ruhun işığı zamanın fövqündə yaşayar!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Poeziyamızın günəşi – Səməd Vurğun” adlı ədəbi-bədii gecə keçirilib.

 

Tədbirdə Oğuz rayonunun şair və yazarları, ziyalılar, kitabxana əməkdaşları və fəal oxucular, məktəblilər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də böyük şairin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən, yaradıcılığının milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan bəhs ediblər.

Tədbir çərçivəsində şairin həyat və yaradıcılığını əks etdirən kitab və foto sərgisinə baxılıb. Daha sonra iştirakçılara Səməd Vurğunun zəngin ədəbi irsini əks etdirən ədəbi-bədii kompozisiya təqdim olunub, şairin vətənpərvərlik mövzusunda şeirləri səsləndirilib, sözlərinə yazılan musiqi nömrələri ifa edilib.

Tədbirin əsas məqsədinin gənc nəslə milli-mənəvi dəyərlərimizi aşılamaq, klassik ədəbi irsimizi təbliğ etmək və böyük söz ustadının yaradıcılığını geniş oxucu kütləsinə tanıtmaq olduğu vurğulanıb.

Sonda kitabxana fəaliyyətində fəal iştirak edən kitabxanaçılara və tədbirdə maraqlı çıxışları ilə fərqlənən fəal oxuculara Oğuz rayon MKS-nin rəhbərliyi tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

 

 

                                                                          

 

 

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

-Yaradıcılığınıza aid bir sıra əsərləri gözdən keçirdikdə pessimist əhval-ruhiyyə hiss etdik. Bu nə ilə bağlıdır?

-Deməzdim, çünki siz bütün əsərlərimə təbii ki, baxa bilməmisiniz. Ancaq yaradıcılıq prosesində əhval-ruhiyyə də öz təsirini təbii ki, göstərir. Ovqatdan asılıdır.

Bir müsahibədən.

 

Azərbaycan Respublikasının xalq rəssamı Xanlar Əhmədov 12 iyun 1946-ci ildə Bakıda anadan olub. Əsasən dəzgah və monumental heykəltaraşlıq sahəsində işləyən rəssam bir sıra məşhur monumental layihələrin müəllifidir. Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb.

Bu cür heykəltaraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar. Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.

 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Onunəsərlərisırasındabirsıragörkəmli şəxsiyyətlərinevmuzeyləri üçünhazırladığı xatirə lövhələridə çoxdur. H.Cavidə həsretdiyiev-muzeyiningiriş qapısı önündəkikompozisiyalı qorelyefgörkəmlisənətkarındahisözustasınaməhəbbətinintəzahürüdür. Bundanbaşqa Ə.Əzimzadə, H.Cavid, C.Cabbarlı, Q.Xalıqov, S.Bəhlulzadə kimisənətnəhənglərininxatirə lövhələridə X.Əhmədovungərginəməyininməhsuludur.

 

 

Mükafatları

"Humay" mükafatı

Azərbaycan Respublikasının əməkdar rəssamı

 

X.Əhmədovun maraqlı işləri sırasında “Azadlıq prospekti” metrostansiyasının foyesini də misal göstərmək olar: “Bu il mən Arif Qazıyev və qardaşım Zakir Əhmədovla birgə “Azadlıq prospekti” metrostansiyası ilə bağlı sifariş işlərini yerinə yetirdik. Orda çox böyük həcmli relyef əsərlər var. Metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri biz hazırlamışıq”, -deyir rəssam.

Qayıdaq müsahibələrə.

DAŞKƏND BARƏDƏ

-Siz bir müddət təhsilinizi Daşkənddə davam etdirmisiniz. Bilirik ki, bir çox hallarda o dövrdə sənət adamları Moskva mühitində təhsilə önəm verirdi. Bəs siz nə üçün Daşkəndi seçdiniz?

-Mən uşaq yaşlarımdan ürək ağrıları və revmatizmadan əziyyət çəkirdim. Ona görə də mənim orqanizmim Rusiya iqliminə uyğunlaşa bilmirdi. Həkimlərin məsləhəti ilə mən təhsilimi Daşkənddə davam etdirdim. Bəxtimdən orada müəllimlərimizn əksəriyyəti Pribaltika ölkələrindən, həmçinin Moskva və Leninqraddan idi.

Məkanı nəzərə almasaq, mən elə Moskva təhsili almışam. Mən orada təhsilimi bitirdikdən sonra Bakıya gəldim. Burada SSRİ Rəssamlar İttifaqının nəzdində aspirantura təhsili vardı. Burda Ömər Eldarovun rəhbərliyi altında həmin aspiranturanı da bitirdim. Bu, birbaşa Moskva ilə bağlı bir təhsil prosesi idi.

-Daşkənd mühiti sizə nə verdi?

-Dil və mühit mənə yaxın idi. Bundan başqa bu mühit Şərq arxitektura sənətini təlqin edirdi. Müəllimlərimin Rusiyadan olması da bu mühitlə gözəl bir tandem yaratmışdı. Şimal və Şərq mühiti birgə mənə çox gözəl təsir edirdi.

SƏRGİLƏR BARƏDƏ

-Rəssamlar daha çox Avropada sərgi keçirməyə can atırlar. Bəs Xanlar Əhmədov üçün bu nə dərəcədə əhəmiyyətlidir?

-Rəssam üçün adi balaca bir kafedə belə sərgi keçirmək önəmli bir hadisədir. Harada nümayiş olunmasından asılı olmayaraq əgər rəssam öz əsərlərini camaata sərgiləyirsə, bu böyük bir qəhrəmanlıq tələb edir. Yəni biri var bir əsərlə çıxış edirsən, biri də var ki, sən fərdi sərgi keçirirsən. Əlbəttə, Şərqlə Qərbin bir az fərqli cəhətləri var.

Mən Qərb ölkələrində demək olar ki, tək-tək əsərlərlə çıxış etmişəm. Bilirsiniz ki, Avropada sərgi keçirmək çox bahalıdır. Mən istənilən ölkədə Azərbaycanı layiqincə təmsil etməyə can atıram. Sərginin harada keçirilməsindən asılı olmayaraq, çalışıram bilinsin ki, nümayiş olunan əsərlər Azərbaycan heykəltəraşına məxsusdur. Yəni məni heç kimlə səhv salmasınlar. Bu mənim iş prinsipimdə ən başlıca məqsəddir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

Cümə, 12 İyun 2026 08:03

Azərbaycanın Dostoyevskisi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ondan başlayaq ki Xalq yazıçısı İsa Muğanna haqqında müxtəlif dövrlərdə Azərbaycanın, eləcə də dünyanın tanınmış dövlət, elm və ədəbiyyat xadimləri olduqca yüksək fikirlər səsləndiriblər. Ümummilli lider Heydər Əliyev İsa Muğannanın yaradıcılığını Azərbaycan ədəbiyyatının mühüm hadisələrindən biri kimi qiymətləndirirdi. O, yazıçının 70 illik yubileyi münasibətilə imzaladığı sərəncamda İsa Muğannanı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi adlandırmış, onun əsərlərinin xalqın mənəvi dünyasının zənginləşməsinə xidmət etdiyini vurğulamışdı.

Azərbaycan Prezidenti İlham Əliyev isə İsa Muğannanın 90 illik yubileyi haqqında sərəncamında yazıçının Azərbaycan nəsrinin inkişafındakı müstəsna xidmətlərini qeyd etmiş, onun milli-mənəvi dəyərlərin qorunmasına və ədəbi fikrin zənginləşməsinə böyük töhfələr verdiyini bildirmişdi...

 

Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun İsa Muğanna haqqında dediyi söz xüsusilə məşhurdur:“Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik.”

Bu fikir İsa Muğannanın təkcə Azərbaycan deyil, bütövlükdə türk dünyası ədəbiyyatındakı nüfuzunu göstərən, ən çox sitat gətirilən qiymətləndirmələrdən biridir.

Xalq yazıçısı, AYB sədri Anar İsa Muğannanın vəfatı zamanı demişdi:“Mən İsanı bizim ədəbiyyatda Mirzə Cəlillə bərabər öz ustadım sayırdım.”

Anarın fikrincə, İsa Muğanna XX əsr Azərbaycan nəsrinin ən qüdrətli simalarından biri idi və onun itkisi milli ədəbiyyat üçün böyük boşluq yaratdı.

Akademik, AMEA-nın prezidenti İsa Həbibbəyli yazırdı:“Çətin və mürəkkəb mərhələdə İsa Hüseynov canlı həyat nəfəsi üstündə köklənmiş maraqlı, cəlbedici əsərləri ilə böyük ədəbiyyat yarada bilmişdir.”

O, həmçinin İsa Muğannanı “Azərbaycan altmışıncılarının möhtəşəm proloqu” adlandırmışdı.

Başqa bir qiymətləndirməsində isə qeyd etmişdi ki:“Bütövlükdə İsa Hüseynov əsərləri ilə çətin ideoloji mühit çərçivəsində də ciddi yazıçı sözü deməyin mümkünlüyünü isbat edə bilmişdir.”

Xalq şairiFikrətQocadeyirdi:“Ədəbiyyatakeçiddönəminin əsasyazıçılarındanbiri İsaMuğannaidi.”

O, xüsusilə “Tütək səsi” və digər əsərlərinin bir nəslin estetik zövqünün formalaşmasında mühüm rol oynadığını vurğulayırdı.

Xalq yazıçısı Elçin müxtəlif çıxışlarında İsa Muğannanı Azərbaycan nəsrində yeni bədii təfəkkür yaradan sənətkarlardan biri kimi dəyərləndirirdi. Onun fikrincə, İsa Muğannanın yaradıcılığı milli nəsrin inkişafında ayrıca mərhələ təşkil edir və yazıçının əsərləri zaman keçdikcə daha dərindən anlaşılır.

İsa Muğanna haqqında deyilən fikirləri ümumiləşdirsək, onu ən çox aşağıdakı ifadələrlə xarakterizə ediblər:

  • Azərbaycan nəsrinin yeniləşdiricisi;
  • fəlsəfi nəsrin böyük ustadı;
  • milli ədəbiyyatda yeni mərhələ yaradan yazıçı;
  • insan mənəviyyatının dərinliklərini araşdıran sənətkar;
  • “Azərbaycanın Dostoyevskisi”.

***

Bu gün iyunun 12-sidir və Azərbaycan SSR xalq yazıçısı İsa Muğanna barədə elə-belə danışmırıq. Bu gün dahi yazıçının anadan olmasının tam 98-ci ildönümüdür və inşallah, dğvlət səviyyəsində möhtəşəm 100 illik keçirilməsinə səbirsizlənirik.

***

İsa Muğanna (Hüseynov) 12 iyun 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, Ssenari şurası üzvü, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor  vəzifələrində çalışıb.

 

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.

 

Əsərləri

1. "Bizim qızlar" pyesi

2. "Dan ulduzu" pyesi

3. Hekayələr

4. Ömrümdə izlər

5. Pyeslər

6. Yanar ürək

7. Doğma və yad adamla

8. Cəhənnəm

9. Qəbiristan

10. "Saz" povest

 

Mükafatları

1."Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2.Azərbaycan SSR Xalq yazıçısı

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

4. "Nəsimi" mükafatı

5. "İstiqlal" ordeni

6. "Şərəf nişanı" ordeni

7. "Qırğızıstan Yazıçılar İttifaqı" diplom və prizi.

 

 

Filmoqrafiya

- Arvadım mənim, uşaqlarım mənim

- Dəli Kür

- İyirmialtılar

- Qərib cinlər diyarında

- Liderlik missiyası. 1-ci hissə

- Nəsimi

 

İsa Muğanna Uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb. 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat edib. Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu dəfə Gülüş klubunda uzun illər insanları güldürən unudulmaz aktyorumuz, Azərbaycan SSR xalq artisti Hacıbaba Bağırov barəsində danışacağıq. Bu gün onun doğum günü -anadan olmasının 94-cü ildönümüdür.

Uşaq vaxtı onun çəkildiyi bir tamaşa tez-tez rastıma çıxardı. “Sonqulunun son məhəbbəti”. Onun söylədiyi “Bu yenə nöş belə oldu, Çibuş” sözləri isə dillər əzbəri idi...

 

Hacıbaba Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb.

 Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib. 1959–1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub.

Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub.

Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z,Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.

Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

 

Filmoqrafiya

1. Kişilər

2. Sehrli çıraq

3. Salam, Zeynəb

4. General

5. Müşavirə

6. Aktrisanın təbəssümü

7. Bir az da Bahar bayramı

8. Məhəllə 2 Moskvada

 

Mükafatları

- Respublikanın Əməkdar Artisti

- Azərbaycan Xalq Artisti

- "Şöhrət" ordeni

- Qızıl Dərviş

 

Hacıbaba Bağırov da bir çox komediya aktyorları kimi həyatda xarakter baxımından ciddi şəxsiyyət olub. Məsələ burasındadır ki, aktyorlar o, teatra daxil olan kimi qeyri-iradi olaraq özlərini yığışdırırmışlar. Buna baxmayaraq, rəhbəri olduğu teatrın aktyorlarına ən yaxın olan da H.Bağırov imiş.

 Hətta bəzən aktyorun prebleminə görə səlahiyyət sahiblərinə zəng vurub xahişlərdə bulunmağı da özünə ar bilməzmiş. Medianın yazdığına görə, onu direktor kimi belə xarakterizə edirlər:

“Hacıbaba müəllimin dövründə teatrda böyük-kiçik yeri daha çox bilinirdi. Çünki özü də sənətkar idi və aktyorun nə istədiyini bilirdi”.

 

Xanım Qafarova, Rəsmiyyə Nurməmmədova kimi aktrisaları sənətkarın tələbəsi saymaq olar. Bu iki aktrisanın yetişməsində onun xüsusi xidmətləri olub.

Çoxları bilmir ki, H.Bağırov ömrünün 4-5 ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son “ünsiyyəti” olub.

Deyirlər, insan öz ölümünü hiss edir. Sənətkarın kollektivlə sonuncu görüşündə səsləndirdiyi fikirlər “ölüm-itim dünyasıdı, birdən görüşmərik…” olub.

Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə bir müddət xəstəxanada yatan sənətkar 2006-ci il oktyabr ayının 4-də 74 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“İlkdəfə 32 yaşımdaolanda ƏləkbərMuradovun "Güllələnmə təxirə salınır" filminə çəkilmişəm. Film 10 ilsonraərsəyə gəldi. Mənə ilkdəfə kinoyapasportverənisə rejissorEldarQuliyevolub. Onunquruluş verdiyi "Girov" filminə çəkildim, ofilmlə tanındım. Gördülərki, nəsə edə bilirəmvə ondansonramənhərilepizoddaolsa, azı 1-2 filmə çəkilirəm..”

 

Qurban İsmayılovdeyirki, AzərbaycanDövlətGənclərTeatrınınbədiirəhbərivə direktoruHüseynağaAtakişiyevhəmişə aktyorkimionuqoruyub:

“AzərbaycanDövlət İncəsənət İnstitutundatəhsilaldığımillərdə tanınmağımdarejissorBəhramOsmanovunböyükroluolub. O, 4-cü kursdamənə ilkdəfə rolverdivə mənirektordantutmuş hamı tanıdı. SonraH.Atakişiyevinyanınagetdim, onunlaişlədim. H.Atakişiyevdeyirdiki, heç nəyə fikirverməyin, başınızı aşağı salın, işinizigörün.

İndiməncavanlaradeyirəmki, talantı varsa, başını aşağı salsın, işinigörsün. Özümü onlaranümunə göstərə bilərəm. Aclığabaxmadanişləmişəm. Oadları, mükafatları elə-belə almamışam. Əgər özişinlə məşğulsansa, mütləqmükafatını alacaqsan”.

 

Qurban İsmayılov 12 iyun 1960-cı ildə Ağcabədi rayonunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət "Nəsimi" folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən "I Eksperimental Tamaşalar Festivalı"nda S. Mrojekin "Mühacirlər" əsərində ifa etdiyi 2-ci mühacir roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb. 1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

 

2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb. 9 may 2012-ci il tarixdə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına, 10 dəfə Prezident Mükafatına layiq görülüb.

2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına, 2017-ci ildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb.

2017-ciildə psixolojidramjanrında çəkilən, ailə münaqişəsindənbəhsedən "Ataocağı" serialındaNazimdayı obrazını yaradanQurban İsmayılovekranişininəntəsirlisəhnəsindənsözaçaraqbildirirki, həminsəhnədə rəqsetməkistəməyib:

“Seriala 2017-ci ildə başlamışdıq, 6 il davam edib. Serialda diqqəti çəkən səhnə 78-ci seriyadadır. Həmin səhnədə qızı vəfat edən Nazim tabutun önündə rəqs etməlidir. Rejissor Rüfət Şahbazov təkidlə tabutun qarşısında rəqs etməyimi istədi. Etiraz etsəm də xeyir olmadı. Çünki tədbirlərin birində məni "Ləzginka" oynayan görmüşdü. Dedi ki, biz o musiqini verəcəyik, sən rəqs et. Razılaşdım, “babalı sənin boynuna" deyib, rəqs etdim. Bir aktyor kimi mənə verilən tapşırığı yerinə yetirdim.

O səhnədən hələ də danışılır, hələ də "YouTube"da izlənilir. Bu dərəcədə təsirli alınacağını gözləmirdim. Sən demə, Türkiyə PKK-yə qarşı Suriyada əməliyyat keçirəndə İrandakı kürd kökənli bir nəfər götürüb o videonu paylaşıb. Guya türklər Suriyada kürd qızını öldürüblər və bu kürd havalanıb tabutun qarşısında oynayır. Sonra təkzib verildi, yığışdırdılar videonu”.

Aktyor xarici film istehsalçılarının “Studentı International” (2006, rejissor Olqa Perunovskaya / Rusiya) serialında Salambəy rolunda, “Raami” (2007, rejissor Babək Şirinsifət / İran) filmində sürücü rolunda, “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov / Rusiya) serialında Əlipaşa rolunda, “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində qazı rolunda, “Sakitlik dənizi” (2016, rejissor İsmayıl Səfərli / Rusiya) qısametrajlı filmində də çəkilib.

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Teatr səhnəsindəki rolları

- Leyli və Məcnun (M. Füzuli) — müəllif

- Qurbanəli bəy (C. Məmmədquluzadə) — Qurbanəli bəy

- Ölülər (C. Məmmədquluzadə) — Hacı Həsən ağa

- Hamlet (V. Şekspir) — Hamlet

- Maqbet (V. Şekspir) — Maqbet

- Yay gecəsində yuxu (V. Şekspir) — Gövdə Nik

- Tədbirə qarşı tədbir (V. Şekspir) — komendant

- Qətl günü (Y. Səmədoğlu) — Doktor Mahmud

- Generalın son əmri (V. Səmədoğlu) — Stalin

- İntihar (V. Səmədoğlu) — Aşot

- IV Kin (Q. Qorin) — Edmund Kin

- Nerostratı unudun (Q. Qorin) — Nerostrat

- Bir az gəlirmisiz (Ə. Nesin) — Mateh usta

 

Filmoqrafiya

- Altı nömrəli palata (film, 1994)

- Güllələnmə təxirə salınır! (film, 2002)

- Bir anın həqiqəti (film, 2003)

- Lal (film, 2003)

- Oyun (film, 2003)

- Girov (film, 2005)

- Yalan (film, 2005)

- Rami (film, 2007)

- Günaydın, mələyim! (film, 2008)

- Qala (film, 2008)

- Teatral həyat (film, 2009)

- İstanbul reysi (film, 2010)

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mən onu nə balerina kimi, nə pedaqoq kimi tanımışam. Klinikasında da heç olmamışam. İntəhası, “Gün keçdi” filminə baxıb da adını öz yaddaş kitabçama yazmışam. Əsmər rolu onu peşəkardan da peşəkar aktrisa kimi qələmə verir. Halbuki, o filmlərə hobbisi kimi çəkildiyini deyir...

 

Leyla Fərruz qızı Şıxlınskiya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Xoreoqrafiya məktəbində, GİTİS-in teatrşünaslıq fakültəsində təhsil alıb. M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində balerina kimi, "Dyagilev-balet" truppasının baletmeysteri (1990–1992) kimi çalışıb. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib.

Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir. 1999-cu ildə "Leyla Şıxlinskayanın Klinikası"nın təsisçisi və bir müddət rəhbəri olub.

Rusiya istehsalı olan "Qırmızı və qara" (1976, rejissor Sergey Gerasimov) çoxseriyalı filmində xanım de Fervak rolunu ifa edib. Sənətşünaslıq elmləri namizədi (1987), sənətşünaslıq elmləri doktoru, Əməkdar artist (1993), Xalq artistidir. "Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını ifa edib. Leyla Şıxlinskaya Həsən Məmmədova tərəf müqabil kimi "Gün keçdi" bədii filmində də çəkilib.

Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.

 

Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur edib və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olub. 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə, 1993-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1998-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülüb.

 

Filmoqrafiya

- Arşın mal alan (film, 1965) — Gülçöhrə

- Bağ mövsümü (film, 1985) — Əminə

- Cazibə qüvvəsi (film, 1964) — Nərgiz

- Dantenin yubileyi (film, 1978) — Yaqut

- Dədə Qorqud (film, 1975) — Banuçiçək

- Gün keçdi (film, 1971) — Əsmər

- Xatirələr sahili (film, 1972) — Rəna

- Qəm pəncərəsi (film, 1986) — Zeynəb

- Qızıl qaz (film, 1972) — Şəfiqə

- Oxuyur Müslüm Maqomayev (film, 1971) — Tatyana Larina

- Ömrün ilk saatı (film, 1973) — Azərin sevgilisi

- Şahid qız (film, 1990) — Leyla

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

​

Tarix bəzən elə ssenarilər yazır ki, insan ağlının sərhədlərini zorlayan bu real hadisələr qarşısında ən böyük Hollivud rejissorları belə aciz qalır. Bu, gəncliyində Mingəçevirdə kinomexanik işləyən, ekranlarda gördüyü qəhrəmanlara baxıb “Bax gör necə oğullar var, yəqin nə vaxtsa mən də belə qəhrəman olaram” deyən bir azərbaycanlı gəncin hekayəsidir. O gənc fəryad qoparan torpağın səsinə səs verdi və bəlkə də xəyal belə etmədiyi şəkildə Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə yazdırdı. Söhbət Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovdan gedir.

 

​Kilsədə təkbaşına bir tabor: 5 günlük müqavimət

​1992-ci ilin mart ayı... Birinci Qarabağ müharibəsinin ən ağır, qanlı günləri yaşanır. Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı strateji əhəmiyyətli alban məbədi uğrunda amansız döyüşlər gedir. "Qarabağ şahinləri" batalyonunun üzvü olan Natiq Qasımovun yanındakı 6 döyüşçü yoldaşı bir-bir şəhid olur. 21 yaşlı Natiq həmin yüksəklikdə tamamilə tək qalır.

​Lakin o, geri çəkilmir. Ac-susuz, soyuq məbədin daş divarları arasında təkbaşına mövqe tutaraq düz 5 gün, 5 gecə düşmən hücumlarını dəf edir. Erməni hərbçiləri kilsənin içərisində bütöv bir Azərbaycan taborunun yerləşdiyini və güclü müqavimətlə qarşılaşdıqlarını zənn edirlər. Natiqin göstərdiyi bu qeyri-insani iradə düşmənin canına vahimə salır.

 

​Xocalı sakinləri naminə atılan fədakar addım

​Məbədi güclə ələ keçirə bilməyəcəklərini anlayan erməni komandanlığı ən alçaq üsula — girovlara əl atır. Əsir götürdükləri 22 nəfər dinc Xocalı sakinini (qadın və uşaqları) kilsənin qarşısına gətirərək, Natiq təslim olmayacağı təqdirdə hamısını güllələyəcəklərini bəyan edirlər. Xəbəri Natiqə çatdırmaq üçün əsir götürülmüş Xocalı müəllimi Cəfər Cəfərovu kilsəyə göndərirlər.

​Natiq Qasımov seçim qarşısında qalır: ya təkbaşına döyüşüb şəhidlik zirvəsinə ucalacaq və girovların ölümünə səbəb olacaq, ya da silahsız soydaşlarının həyatını xilas etmək üçün düşmən qarşısına çıxacaqdı. O, ikinci yolu seçir. Məbədin üzərindəki üçrəngli Azərbaycan bayrağını endirib sinəsinə sıxır və məğrur addımlarla çölə çıxır. Karıxan erməni hərbçiləri kilsədən bütöv bir ordu yox, cəmi bircə nəfər gənc fədainin çıxdığını görəndə böyük bir pərtlik və şok yaşayırlar.

​Həmin an italyan fotoqraf Enriko Sarsinin kamerasına əbədi həkk olunur: Saqqallı və silahlı düşmən əhatəsində, mavi idman geyimində, əlindəki bayrağı başı üzərində məğrurcasına daşıyan qorxmaz bir Azərbaycan əsgəri...

​Bu, Natiqin canlı olaraq göründüyü son an olur. Erməni səhra komandiri Vitali Balasanyan tərəfindən dindirilən Natiqdən bir daha xəbər alınmır və o, bu günə qədər rəsmi olaraq itkin düşmüş hesab olunur. Onun xatirəsinə vəfa borcu olaraq, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Natiq Qasımova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.

 

​Əfsanənin yeni nəfəsi: süni intellektlə dirilən tarix

​Natiq Qasımovun bu misilsiz qəhrəmanlığı illər sonra incəsənətin və müasir texnologiyanın dilində yenidən canlandı. 2026-cı ilin iyun ayında Nizami kino mərkəzində təqdimatı keçirilən "Düşmənə qarşı tək" qısametrajlı filmi Azərbaycan kino sənayesində tarixi bir ilkə imza atdı.

​"SOY Production" tərəfindən hazırlanan və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn bu ekran işi tamamilə Süni İntellekt (AI) texnologiyası vasitəsilə ərsəyə gətirilib.

 

​Filmin pərdəarxası: rəqəmsal möcüzə

​Milyonlarla kadrın əməyi: Filmin ərsəyə gəlməsi üçün heç bir real çəkiliş aparılmayıb, aktyor, operator və ya qrim ustası çalışmayıb. Süni intellekt mütəxəssisi və ssenari müəllifi Sarvan Hüseynov layihə çərçivəsində 300 minə yaxın şəkil və 20 minə yaxın video material generasiya edib.

​80% real faktlar: Layihənin ssenarisi uydurma deyil, Natiq Qasımovun qardaşı Nofəl Qasımovun və qardaşı oğlunun xatirələri əsasında hazırlanıb. Hadisələrin böyük hissəsi real tarixi faktları və Xocalı ətrafındakı coğrafi relyefi dəqiqliklə əks etdirir.

​Kinomexanikin kinoya dönüşü: Filmin ən təsirli və mənəvi tərəfi isə onun elə kinoteatrda nümayiş olunması idi. Vaxtilə kinoteatrda lentləri fırladan, başqalarının qəhrəmanlığına baxıb kövrələn Mingəçevirli gənc kinomexanik, indi ən son texnologiyanın köməyilə özünün baş qəhrəman olduğu filmlə böyük ekrana qayıtmışdı.

​"Düşmənə qarşı tək" filmi sadəcə texnoloji bir uğur deyil, həm də unudulmaz qəhrəmanımızın ruhuna bəxş edilən ən müasir ehtiram nümunəsidir. Natiq Qasımov 1992-ci ildə o kilsədən əlində bayraqla çıxarkən bəlkə də fiziki olaraq əsir düşdü, lakin göstərdiyi şücaətlə adını əbədiyyətə yazdırdı. Bu gün o, həm dastanlarda, həm də gələcəyin texnologiyalarında bütöv bir xalqın qəlbində "Düşmənə qarşı tək" vuruşan Milli Qəhrəman olaraq yaşamağa davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.