Super User
Atlaz Rzayi "Qələm tutan incə əllər"də...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində nöbvə Cəlilabad ədəbi mühitinin gənc nümayəndəsi, şair Atlaz Rzayinindir.
Qısa təqdimat:
Abbasova Atlaz (Atlaz Rzayi): 1991-ci ilin oktyabr ayının 26-da Azərbaycan Respublikasının Salyan rayonunun Yenikənd kəndində əslən Cəlilabaddan olan bir sadə və zəhmətkeş ailədə dünyaya göz açmışdır.
1998-ci ildə Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbinə getmiş və 2009-cu həmin məktəbi uğurla bitirərək orta təhsil haqqında Attestatını almışdır.
Atlaz xanım ali təhsil almasa da uşaq yaşlarından etibarən poeziya sahəsinə həvəs göstərmiş, müxtəlif mövzularda bir-birindən maraqlı şeirlər qələmə almışdır. Onun qələmə aldığı ilk şeiri isə 9 yaşında yazdığı "Ulduzlar" adlı şeir olmuşdur.
Ədəbiyyat sahəsində "Atlaz Rzayi" təxəllüsü ilə tanınan bu xanım şair 2018-ci ildən etibarən "Zərif Kölgələr", "Mustaqil.az" və s. internet portalları, həmçinin, "Ədəbiyyat qəzeti", "Oxu məni" və digər dövrü mətbuatda öz şeirləri ilə çıxış etməkdədir. Bundan başqa son zamanlar Vatsap sosial şəbəkəsi nəzdində təsis edilmiş "Həməşəra Poeziya Məclisi" qrupunun fəal üzvüdür.
Doğma elimizin bu gənc xanım şairi həmçinin, son 8 il ərzində Vətən uğrunda canından keçmiş əziz şəhidlərimizlə bağlı məqalələr yazır. İndiyədək bu sahədə 20-ə yaxın təqdimat yazısı ərsəyə gəlmişdir.
2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə olaraq yazılıb işıq üzü görmüş "Qələm tutan incə əllər" kitabında onun həyat yolu və poeziya nümunələrindən danışılmış, Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə görə, "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür.
Onun bütün bunlardan əlavə, həm də poeziya sahəsində qiraət bacarığı vardır. Belə ki, həm öz qələmə ilə yazdığı şeirləri, həm də digər şairlərin şeirlərini qiraət edərək internet və sosial şəbəkələr üzərindən yayımlayır.
Atlaz xanımın həyatda hobbisi öz ailəsi və əzizləri ilə vaxt keçirmək, milli mətbəximizə aid olan yeməklər hazırlamaq və gəzməkdən ibarətdir. Məlumat üçün qeyd etmək lazımdır ki, xanım şair Atlaz Rzayi 2022-ci ildə ailə həyatı qurmuşdur və hal-hazırda Elif adlı bir qız övladı var.
Bədii ədəbiyyat nümunələri:
Atlaz xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış olaq:
"Səni sevəndə"
Mən səni sevəndə
Tək sənə deyil,
Ağaca vuruldum,
Quşa vuruldum.
Əzdi ayağımı, keçdim yanından
Sevib-oxşadım daşa vuruldum.
Ucaltdı bu sevgi toxundum göyə.
Bir sevgi nəğməsi oxudum göyə.
Torpağı bağrıma basdım, uyudum.
Üstündə tozunu sevgimlə yudum.
Əl verib görüşdüm yağan yağışla,
Qışın yanağında öpüb ayrıldım.
Yazın hörüyünə sevgimi dəntək
Səpib ayrıldım.
Səhranın cadar bağrına
Su oldu, məlhəm oldu,
Bu sevgi bütöv bir dünya-
Mən oldu, sən oldu.
"Səni unuduram"
Yaşa öz ömrünü arın-arxayın,
Səni unuduram, unuduram mən.
Lap elə bir udum su içmək kimi,
Səni unuduram, unuduram mən.
Keçdiyim dağlardan düzə gəlirəm,
Sənə and içdiyim sözə gəlirəm.
Bəlkə bəd nəzərə, gözə gəlirəm?
Səni unuduram, unuduram mən?
Sevginin yarğanı, zirvəsi olur,
Sevginin məlhəmi, zərbəsi olur.
Eşqin də sonuncu nəfəsi olur?
Səni unuduram, unuduram mən.
Son olaraq doğma elimizin tanınmış şairi Atlaz xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
VAQİF SƏMƏDOĞLU, “Susmaq, həmişə susmaq...”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU
“Susmaq, həmişə susmaq...”
Susmaq, həmişə susmaq...
Anayla söhbət edəndə də,
sevdiyinlə görüşən anda da,
hər an, hər yanda
susmaq, eləcə də susmaq...
hər gün dost-aşna söhbətimizin
sükutuna enmək öz səsinlə,
hər gün bülbül kimi ötən
lal insanlarla rastlaşmaq
və görmək,
və bilmək ki,
bu səssiz bağırtı içində
pıçıltıya ehtiyacı var insan oğlunun.
Nə yaman çətindir, İlahi,
danışa-danışa susmaq,
dillənmədən eşidilmək onnan da çətin!
Susmaq, eləcə susmaq...
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
MARAQLI SÖHBƏTLƏRDƏ - Bill Qeytsə dərs vermiş adam
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portallının Qarabağ təmsilçisi
…Məşhur milyarder Bill Qeytsə belə bir sual verdilər:
-Dünyada səndən daha varlısı varmı?
Bill Qeyts cavab verdi:
-Bəli, məndən daha varlı biri var.
Və sonra bir hekayə danışdı.
Budur həmin hekayə:
Zəngin və ya məşhur olmadığım bir dövr idi.
Nyu-York hava limanında idim və bir qəzet satıcısı gördüm.
Bir qəzet almaq istədim, amma qəzet əlimdə olanda başa düşdüm ki, pulum kifayət etmir. Mən də qəzet almaq fikrindən daşındım və satıcıya geri qaytardım. Ona dedim ki, yetərincə pulum yoxdur.
Satıcı dedi: “Bunu sənə pulsuz verirəm.”
Onun israrı ilə qəzetini götürdüm.
3 ay sonra yenə tərs kimi həmin hava limanına endim və yenə qəzet almaq istədim, lakin xırda pulum çatmadı. Satıcı mənə yenə qəzetini pulsuz verdi. Mən imtina etdim və dedim ki, bunu qəbul edə bilmərəm, özümü rahat hiss etmirəm.
O dedi: “Ala bilərsən, qazancımdan sənə verəndə, heç nə itirmirəm.”
Mən də qəzetini götürdüm.
19 il sonra, məşhur və tanınmış olanda, qəfil həmin satıcı yadıma düşdü. Onu axtarmağa başladım və təxminən bir yarım aydan sonra tapdım. Ondan soruşdum:
“Məni tanıyırsanmı?”
Dedi: “Bəli, sən Bill Qeyts’sən!”
Ondan yenə soruşdum: “Mənə pulsuz qəzet verdiyini xatırlayırsanmı?”
Satıcı dedi: “Bəli, xatırlayıram, sənə iki dəfə pulsuz qəzet vermişdim.”
Ona dedim: “Mənə o iki dəfə etdiyin köməyin əvəzini ödəmək istəyirəm. Həyatında nə arzulayırsansa de, sənə verəcəyəm.”
Satıcı dedi: “Cənab Bill Qeyts, sizcə, mənim ovaxtkı köməyimlə sizin indi etmək istədiyiniz kömək eyni ola bilərmi?”
Mən soruşdum: “Niyə?”
Dedi: “Mən sənə kasıb bir qəzet satıcısı ikən kömək etdim. Sən isə indi dünyanın ən zəngin adamı olduğun halda mənə kömək etməyə çalışırsan. Sənin köməyin mənim köməyimlə necə müqayisə oluna bilər?”
O gün anladım ki, həmin qəzet satıcısı məndən daha varlı imiş, çünki kiməsə kömək etmək üçün zəngin olmağı gözləmirdi.
İnsanların anlaması lazımdır ki, həqiqətən zəngin olan çox pulu olan deyil, qəlbi zəngin olandır. Başqalarına kömək etmək üçün varlı bir qəlbə sahib olmaq çox önəmlidir.
Çox şeyin varkən vermək asandır, amma demək olar ki, heç nəyin yox ikən vermək çətindir…!
(Tərcümə edənlər: Xatirə Xatun, Roma Xosrov)
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
İnsanların vaxtın dəyərini anlamağa başlaması vacibdir – ELİSA MASCİA ilə müsahibə
Cahangir NAMAZOV,
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.
Bugünkü qonağımız — tanınmış italyan şairi, yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi və jurnalist, geniş spektrli yaradıcı, bir çox ədəbiyyat mükafatları laureatı, mənəviyyat və ədəbiyyat təbliğatçısı Elisa Masciadı.
— Ədəbiyyat və şe'riyətə marağınız nə vaxt başlayıb? Yaradıcı olmağınıza əsasən sizi istiqamətləndirən amillər hansılardır?
—Mənim ədəbiyyata marağım uşaqlıqdan başlayıb, ibtidai məktəb illərindən oxumağa, yazmağa, eyni zamanda şeirlər oxumağa xüsusi marağım olub. Həmişə yaradıcı yazı və oxumağı inkişaf etdirməyə çalışmışam. Mənim üçün yaradıcı olmaq yalnız ədəbiyyat və sənətlə bağlı deyil, həm də əl işləri – tikiş, toxuculuq, kimi əl sənətləri ilə əlaqədardır.
—İtaliyadakı ədəbiyyat mühitini necə qiymətləndirirsiniz? Orada yaradıcılar üçün hansı imkanlar mövcuddur?
-İtaliya haqqında "şairlər, əvliyalar və səyyahlar ölkəsi" ifadəsi məşhurdur. Lakin bu məşhur deyimə baxmayaraq, mənim fikrimcə, şair olmaq üçün yalnız düşüncələri yazmaq kifayət deyil. İlham və şe'ri üslubdan əlavə, xüsusilə fel və yazı qaydalarına riayət etmək lazımdır. Ən vacib isə oxumaqdır, çünki yalnız oxuyaraq zəngin söz ehtiyatına sahib olmaq mümkündür. Bu isə yalnız uşaqlıqdan başlayaraq davamlı təhsil və məşq yolu ilə olur. İmkanlar, şəxsi davamlı zəhmət və həmkarlarla, mədəniyyət təşkilatlarında ideya mübadiləsi ilə bağlıdır.
—Ədəbiyyat prosesində hansı mərhələni ən maraqlı və həyəcanverici hesab edirsiniz?
—Hər bir yazıçı öz ədəbiyyat yolunda bir neçə mərhələdən keçir. Mənim uşaqlıqdan yazıya xüsusi marağım olub və zamanla hekayələr yazmağa başladım, nəhayət ki, nəşr etdirməyə çalışdım və bu mənim arzum idi. "Hələlik" romanımın nəşrini tam başa çatdıra bilmədim, çünki hələ tamamlanmağa ehtiyacı var. Lakin bu suala cavab olaraq, geriyə baxıb öz ədəbiyyat yolumu qiymətləndirərək deyə bilərəm ki, ən maraqlı mərhələ ilhamdır, ən həyəcanverici mərhələ isə nəşr üçün gözləmə mərhələsidir.
—Müasir oxuma mədəniyyətini necə qiymətləndirirsiniz? Bu mədəniyyəti inkişaf etdirmək üçün nə etməliyik?
—Dünyada ən çox istifadə olunan "maye cəmiyyət" anlayışına əsasən, insanlar oxumağa daha az meyl edir. İnsanların öz vaxtlarını düzgün şəkildə ayırmağı öyrənməsi, həmçinin səbr və vaxtın dəyərini anlamağa başlaması vacibdir. Müasir dövrdə bu, şəxsi və cəmiyyətin inkişafına müsbət təsir edəcəkdir.
—Fərqli ölkələrdən olan yaradıcılarla əməkdaşlıq işinizə necə təsir edib?
—Mənim üçün fərqli ölkələrdən olan həmkarlarımla şeir üslubumu paylaşmaq və öyrənmək çox vacibdir. Bu, təkcə fərqli mədəniyyətlər və yaradıcı yanaşmalar vasitəsilə yeni ilham almağa kömək etmir, eyni zamanda zaman-zaman yeni şeir üslublarını, məsələn, Edwin Antonio Gaona Salinas tərəfindən ixtira edilən Gaonesa və ya Antonio Escobar Mendivez tərəfindən yaradılan Decima üslubunu sınaqdan keçirməyə təşviq edir. Mən heç kimdən təsirlənmirəm, çünki hər şey mənim davamlı araşdırma və öyrənməyim nəticəsində yaranır.
—Ədəbiyyat müsabiqələrində və antologiyalarda iştirak etmək yaradıcı işinizə hansı yeni imkanlar yaratdı?
—Milli və beynəlxalq antologiyalarda iştirak mənim üçün çox vacibdir. Bu, həmkarlarım ilə ideya mübadiləsi aparmaq və birlikdə işləmək, həmçinin bəzən, xeyriyyə məqsədilə satış gəlirlərinin ABEO (onkoloji xəstəliyi olan uşaqlar üçün təşkilat) kimi təşkilatlara həsr edilməsi imkanı yaradır. Bu antologiyalar vasitəsilə daha çox insana müsbət təsir göstərmək mənim yaradıcı fəaliyyətimi daha da inkişaf etdirir.
—Yaradıcı uğurun əsas amilləri nələrdir?
-Yazar olmaq üçün davamlılıq, çox səbr və həmişə öyrənməyə hazır olmaq lazımdır. Mənim yaradıcı planlarıma qatdığım səbr və ilk addımlarda təslim olmamaq çox vacibdir. Həmçinin, nəticələrə nail olarkən sakit olmaq və həvəs göstərməmək lazımdır. Çünki çox vaxt, çətin iş nəticəsində əldə edilən mükafat daha qiymətlidir.
—Sülh və mədəniyyəti təşviq etmək fəaliyyətiniz şəxsi həyatınıza və yaradıcı işinizə necə təsir göstərdi?
-Sülhü təşviq etmək mənim üçün təbii və daxili bir prosesdir. Mənim sülhə olan inamım uşaqlıqdan mövcuddur. Şeir və ədəbiyyat vasitəsilə sülhün yayılması, xüsusilə indi, internet vasitəsilə hər yeri əhatə edə bilər. Bu, oxucuların həyatına sülh və müsbət enerji daxil etməyə, onlarda yeni hisslər oyatmağa kömək edir.
—Yaradıcı cəmiyyətə hansı rol oynayır? Ədəbiyyatın insanların həyatına təsiri haqqında nə düşünürsünüz?
—Yaradıcı cəmiyyət üçün böyük və məsuliyyətli bir rol oynayır. Mənim fikrimcə, yazılarımı oxuyan insanların, onların həyatında və cəmiyyətin inkişafında özlərini tapması, mənim məqsədimdir. Mənim dünyagörüşüm, ədəbiyyat vasitəsilə insanlara müsbət mesajlar göndərməkdir, bunu həm də könüllülük, sevgi və sülhün toxumları olaraq görürəm.
—Yaradıcı proses və şəxsi həyat arasında düzgün tarazlığı necə qoruyub saxlamaq lazımdır?
—Yaradıcı və şəxsi həyat arasında tarazlığı qorumaq üçün gündəlik məşqlər və bir qədər oxumağa və yazmağa vaxt ayırmaq, öz stilini inkişaf etdirmək və daha çox insana təsir göstərmək vacibdir.
—Azərbaycan və İtaliya arasında ədəbiyyat sahəsində əməkdaşlığı necə inkişaf etdirmək olar?
— Bütün dünya ölkələri ilə əməkdaşlıqda ən effektiv yanaşma, hər bir xalqın mədəniyyətini öyrənmək və bu ölkələrin dillərinə tərcümələr vasitəsilə mədəni mübadiləni asanlaşdırmaqdır.
—Azərbaycanı ziyarət etmək istəyirsinizmi?
—Dünyanın bir çox ölkələrini ziyarət etmək istəyərdim, lakin mən hələ də İtaliyada olan gözəl və məşhur yerləri ziyarət etməyi istəyirəm. Əgər qismət olsa, Azərbaycana səyahət etmək niyyətindəyəm. Şərq mədəniyyəti və sənəti, zəngin tarixi və ədəbiyyatı həmişə məni özünə cəlb edib.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Ona hamı sevgi ilə BİZİM BƏHRAM deyir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Uşaqların Bəhram əmisi, bizlərinsə, sadəcə, Bizim Bəhramımız – hamının sevimlisi, şən, nikbin, mehriban, bol istedadlı Bəhram Bağırzadə!
Bu gün onun doğum günüdür, anadan olmasının 53-cü ildönümüdür. Gəlin hamılıqla onu təbrik edək, ona sağlamlıq, bol enerji, tükənməz yaradıcılıq həvəsi arzulayaq.
Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olub. O, 1979–1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası teatr rejissorudur. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK (KVN) komandasının üzvüdür.
1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olmuşdur. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür.
FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.
Bakıda fərdi sərgisi açılıb.
2004-cü ildən "Qalereya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunda yarışlarında "Bakılı Oğlanlar" komandasında çıxışları olub. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir. Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülüb. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
Filmoqrafiya
1. Hər şey yaxşılığa doğru
2. Yerlə göy arasında
3. Yuxu
4. Milli bomba
5. Yoxlama
6. Bir dəfə Qafqazda
7. Halal pullar
8. Adam
9. Vəkil hanı?
10. 3 bacı
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Səhnəmizdə dirçələn dəyərlər: Teatr hara gedir?
Rəqsanə Babayeva,
BeyləqanrayonMədəniyyətMərkəzininrejissoru,"Gənclik" XalqTeatrınınrəhbəri. “Ədəbiyyatvə incəsənət” üçün
Teatr, əsrlərboyuyalnızəyləncə yeriolmayıb — o, xalqıngüzgüsü, düşüncəninvə emosiyanınbirləşdiyiməbədolub. Orada insan həm özünü, həm də toplumunu görür. Səhnədəki bir söz, bir baxış, bir pauza bəzən kitabların, dərslərin verə bilmədiyi dərsi verib. Amma bu gün tamaşaçı zalına baxanda sual yaranır: Teatr hara gedir?
Marağın yenidən oyanışı
Son illərdə teatr tamaşalarına marağın artması ümidverici haldır. Gənclər, sosial medianın səs-küyündən yorulanda, səhnənin canlı enerjisində dinclik tapırlar. Amma maraqla yanaşı, tamaşa məzmunu, estetik dəyəri və ideya yükü barədə mübahisələr də artır. Bir tamaşa gözəl dekorasiyaya malik ola bilər, amma tamaşaçı salondan çıxdıqda yaddaşında yalnız rənglər və musiqi qalırsa, demək ki, orada nə isə əskikdir.
Klassiklərlə müasir arasında körpü
Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, İlyas Əfəndiyev kimi klassiklərin əsərləri səhnəmizdə hələ də öz təravətini qoruyur. Onların mövzuları — vətən sevgisi, ailə dəyərləri, insanlıq — hər dövrdə aktualdır. Lakin gənc rejissorlar bu əsərlərə yeni baxış gətirərkən, bəzən əsas ideyanı estetik eksperimentin kölgəsində qoyurlar. Müasir tamaşalar isə zamanın ritmini tutsa da, dərin ideya yükündən uzaqlaşa bilir. Burada əsas məsələ balansdır: sənətkar həm dövrün ruhunu tutmalı, həm də milli-mənəvi kodlardan uzaqlaşmamalıdır.
Teatrın ideya böhranı
Bəzən teatr məkanı kommersiya təfəkkürünün təsirinə düşür — tamaşa yalnız kassaya işləyir, mövzular isə “bilet satar-satmaz” ölçüsü ilə seçilir. Halbuki teatrın gücü, tamaşaçını düşündürmək, ona həm estetik, həm mənəvi qida verməkdir. Bu, dövlətin də mədəniyyət siyasətində qorumağa çalışdığı ən mühüm prinsiplərdəndir.
Nə etməli?
1. Dramaturgiya məktəbinin gücləndirilməsi – Yeni əsərlər yazan gənc dramaturqlar üçün yaradıcılıq laboratoriyaları.
2. Klassiklərin müasir təqdimi – Səhnə texnologiyasından istifadə etsək də, əsərin ruhunu qorumaq.
3. Region teatrlarının dirçəldilməsi – Mədəniyyətin yalnız paytaxtda deyil, bütün bölgələrdə canlı olması.
4. Teatr təhsili və tamaşaçı tərbiyəsi – Məktəbliləri teatrla erkən yaşda tanış etmək.
Teatr – canlı yaddaş
Teatr, yalnız aktyorların səsi və dekorun gözəlliyi ilə yaşamır. Onun ruhunu ideya, dəyər və milli yaddaş formalaşdırır. Əgər bu gün biz səhnəmizi yalnız “trend” əsərlərlə doldursaq, sabah milli səhnə ənənəmiz zəifləyər. Amma əgər teatrımız həm klassik ruhu, həm də müasir nəfəsi daşıya bilsə, o zaman səhnə həmişə dolu, tamaşaçı həmişə düşüncəli çıxacaq.
Və yadımızda saxlayaq: Teatrı yaşadan aktyor yox, onu seyr edib mənasını dərk edən tamaşaçıdır.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Şəhidlər barədə şeirlər - İlkin Quliyev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid İlkin Quliyev
İlkin Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildən Qərb Universitetinin Kollecində təhsil alırdı.
2020-ci ilin aprel ayından hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 10-da şəhid olmuşdur. Sabunçu rayon Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səndən nişanə qaldı,
Alov, qar əlcəklərin.
Əldən-ələ dolaşır,
Yadigar əlcəklərin.
Anan bağrına basıb
Əlcəyinə yalvarır,
Səsini ondan duyur,
Ətrini ondan alır.
Bütün şəkillərini,
Yığır, toplayır anan.
Səni şəkillərində,
Öpür, qoxlayır anan.
Təkcə ananın deyil,
Vətənin balasısan,
Hamının əzizisən,
Hamının doğmasısan.
Sənin kimi igidlər,
Vətəni azad etdi.
Adın tarixə yazıb,
Ad içində ad etdi.
İndi bizim borcumuz,
Səni unutmamaqdır,
Adını qəlbimizdə,
Əbədi saxlamaqdır.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Osmanlının ilklərə imza atan sultanı – II Əbdülhəmid
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Türk Mədəniyyəti və İrsi Fondunun və “Ədəbiyyat və incəsənət” portalının birgə Türk dünyasının məşhurları layihəsində bu gün sizlərə Osmanlının ilklərə imza atan sultanı – II Əbdülhəmid barədə danışacağıq.
Osman Qazidən, Fateh Mehmetdən, Sultan Bəyazitdən, Yavuz Sultan Səlimdən, Qanuni Süleymandan sonra Osmanlı imperiyasının tərəqqisi naminə cəsarətli addımlar atan, Avropanın xaçlı yürüşünə baxmayaraq onun ayaqda qalması üçün mümkün olmayanların belə mümkünə çevirən siyasi gedişləri, islahat proqramları ilə tarixlə müasirlik arasında körpüyə çevrilən II Sultan Əbdülhəmidi dünyanın məşhur tarixçiləri, təzkirəçiləri “Qızıl Sultan”, “Ulu xaqan” deyə təsvir etdilər.
Osmanlı imperiyasının 34-cü sultanı kimi 33 illik hökümdarlığı dönəmində onun tarixinə, həm də məşhur şəkil kolleksiyaçısı kimi daxil olan II Sultan Əbdülhəmid maraq dairəsinin bu yönü ilə Avropa krallarını, səyyahlarını belə qabaqlayır. Əldə olunan məlumatlardan bəlli olur ki, bu gün Topqapı sarayında eksponat kimi mühafizə olunan 36 min fotoşəkil məhz bu qüdrətli dövlət adamının şəxsi arxivindən əldə olunub. Osmanlı imperiyasında daha çox məktəblər açan, mədrəsələrdə dünyəvi biliklərin tədrisinə nail olan, ilk Avropa tipli Universiteti quran, tibb fakültəsinin təməlini qoyan, əczaçılığın elmi əsaslarla tədrisi tələbi ilə çıxış edən, Osmanlıda ilk dəmir yol xəttinin və stansiyasının layihə rəhbəri kimi tarixdə qalan II Sultan Əbldülhəmid Osmanlının saray və şəhər mədəniyyətini, tarixini və tarixi tikililərini əbədiləşdirmək, o dövrlərin ciddi informasiya daşıyıcısı olan məşhur fotoqrafları ölkəsinə dəvət edir, yaxından tanış olur, və faktları fotolarda əbədiləşdirmək üçün onlarla fikir mübadiləsi aparır, bu gün həm Topqapı sarayını, həm də dünyanın məşhur muzeylərini bəzəyən fotoların çəkilməsinə nail olur.
36 minlik foto kolleksiyası ilə məşhur kolleksiyaçıları belə qabaqladı
Dünyanın dörd bir yörəsindən fotoqraflar dəvət edən, yüksək texnologiyaların imkanlarından istifadə edərək Osmanlı imperiyasının həqiqətlərini fotonun dili ilə tarixin imzasına çevirən II Sultan Əbdülhəmid ilk fotostudiyalar, rəsm emalatxanalarının qurulmasına nail olur. 36 minlik foto kolleksiyası ilə belə Avropanın məşhur kolleksiyaçılarını qabaqlayan II Sultan Əbdülhəmid Osmanlının əsas şəhərlərində fotoemalatxanalar qurdurmaqla yüksək texnologiyaların tətbiqinə meydan vermiş foto dünyasından rəssamlıq sənətinə körpü salmışdır. Onun hakimiyyəti illərinə qədər əksər Osmanlı sultanları rəssamlar və tarixçi təzkirəçilərlə səfərlərə çıxardılar, Sultan Əbdülhəmid onların sırasına fotoqraflar da əlavə etmiş, bununla o, həm də tarixdə ilk dəfə “foto-müxbir” sənətinin təməlini qoymuşdur.
Dünyanın ən zəngin kitabxanasına malik olan Sultan dedektiv janrında qələmə alınan əsərlərə vurğun olub
Türkün qüdrətli sərkərdə-xaqanları qılıncla qurduqları imperiyaları Qələmin və Kəlamın hökmündə idarə ediblər. Özləri də fitri-istedad sahibi olan sərkərdə-xaqanlar baş köşələrində ustad sənətkarlara, təbib-filosoflara, mütəfəkkir şairlərə yer veriblər. Saraylarını sənətin, mədəniyyətin gülzarına çeviriblər. Qədim əlyazmalarının, kitabların üzünün köçürülməsinə, dünyada yayılmasına nail olublar. Mütəfəkkir dövlət xadmi kimi tarixdə qalan II Sultan Əbdülhəmid səkkiz şərq və qərb dilini mükəmməl bildiyindən əsərləri orijinaldan oxumağı sevirmiş. Osmanlı saray mədəniyyətinə aid olan çoxsaylı məxəzlərin və əsərlərin mühafizə olunduğu “Nur Osmaniyyə” kitabxanasında II Sultan Əbdülhəmidin şəxsi kitabxanasına aid çoxsaylı kitablar var. Onlardan biri də, Sultanın Avropadan gətirtdiyi, orijinaldan mütaliə etdiyi “Şerlok Holms” əsəridir. Dedektiv janrın vurğunu olan padişah deyirlər, onu oxumaqla kifayətləməz, orijinaldan tərcümə edib ailə üzvlərinə də oxudarmış. Artur Konandoylun əsərlərini gətirtməklə yanaşı, onun kütləvi mütaliəsi üçün də göstəriş verirmiş. Saray kitabxanalarında “Şerlok Holms” kitabının hələ də bulunması deyilənlərə əyani sübutdur. İnsanlarla təkcə sarayın, siyasətin dili ilə deyil, həm də sənətin, mədəniyyətin, ədəbiyyatın vasitəsi ilə ünsiyyət qurub dil tapan Sultan Avropalı ədibləri sarayına dəvət edən ilk sultan kimi də tarixdə qalır.
Yıldız sarayındakı “Dinləmə odası” Sultan üçün təhlükəsizlik xidmətini əvəz edirdi
Tarixdə bir çox ilklərə imza atan II Sultan Əbdülhəmidə qədər Osmanlı imperiyasında sarayda, ölkədə və xarici dövlətlərdə cərəyan edən hadisələr sultanlara vəzirlər və elçilər vasitəsilə çatdırılardı. Təhlükəsizlik məsələsinə, xüsusən də saraydaxili problemlərə nəzarət məqsədilə Sultan Osmanlı imperiyası tarixində ilk dəfə “Dinləmə Odası” qurdurur. Dövrün yüksək texnologiyaları ilə təchiz olunan oda “Yıldız sayı”nda təşkil edilir. Saraydakı bütün odaların – otaqların divarına gizli səsyazma balonları döşətdirən Sultan bununla sarayın bütün istiqamətlərini iradəsinə tabe edir. Bununla, o, adını Osmanlı tarixinə, həm də təhlükəsizlik xidmətinin qurucu padşahı kimi yazır. Bu səbəbdən də o, “Avropada gizli məlumatlarla idarəçiliyə nail olan Ceyms Bond kimi xatırlanır”.
Osmanlıda ilk Uşaq xəstəxanasının qurucusu
“Siyasəyin atası”, elmin, mədəniyyətin himayədarı kimi şöhrətlənən II Sultan Əbdülhəmid Osmanlı imperiyası tarixinə adını həm də ölkə səhiyyəsinin modern üsulla qurucusu, təbabətin Avropa standartlarına uyğunlaşdırılması ilə ilklərə imza atan padşah kimi daxil oldu. Adı ilə bağlı “Həmidiyyə etfal” xəstəxanasını qurmaqla o, Osmanlıda ilk Uşaq xəstəxanasını açdı. Bu gün yüksək texnologiyalarla təchiz olunan, Avropanın nüfuzlu universitetlərində təhsil alan təbiblərlə təmin edilən, dünya şöhrəti qazanan, Beynəlxalq Səhiyyə Təşkilatının sertifikatlarına layiq görülən məşhur klinika və xəstəxanaları ilə tanınan Türkiyə Cümhuriyyətinin səhiyyə tarixində hadisə olan “Həmidiyyə etfal” xəstəxanasını qurmaqla II Sultan Əbdülhəmid Avropanı 150, Şərqi, Türk dünyasını yüz illərlə qabaqlamış, uşaqların sağlığı ilə bağlı ilk xəstəxananın qurulması üçün fərman imzalamışdır ki, bu səbəbdən də, o, Osmanlı tarixində siyasətin sultanı, Təbabətin hamisi olaraq qalır.
Osmanlıda telefon, poçt xidməti və elektriklə işləyən cihazlar onun adı ilə bağlıdı
Tarixin bütün dönəmlərində varlığı ilə dünyanın dizini titrədən, kralların, imperatorların, şahların, padşahların qorxulu röyasına çevrilən Osmanlı sultanları həm də maraq dairələri, icad və kəşfləri ilə şöhrət tapdılar. Onların əksəriyyətinin zərgərlik, misgərlik, oyma sənəti və xəttatlıq nümunələri bu gün də dünyanın məşhur sərgi salonlarını bəzəyir.
İlklərə imza atan, Avropa dəyərlərinin ölkəsində intişar tapmaasına çalışan, bunun üçün cəsarətli addımlar atan II Sultan Əbdülhəmidin bir özəlliyi də var: Tarixə adını həm də, ilk telefonun, poçt xidmətinin, elektriklə çalışan cihazların Osmanlıya gətirilməsi də, məhz bu islahatçı padşahın adı ilə bağlıdır. Avropadakı texniki tərəqqini, elmi yenilik və nailiyyətlərin ölkəsindən tətbiq olunmasına çalışan II Sultan Əbdülhəmid Edisonun kəşflərini diqqətlə izləməklə kifayətlənməmiş, onun bir çoxunun Osmanlıda intişarına, tətbiqinə nail olmuşdur. 1878-ci ildə Yaponiyaya göndərilə “Ərtoğrul fırkateyni” səfərini xatırlamaq kifayətdir ki, onun əzəmətini anlayıb dərk edəsən. Bu səfər II Sultan Əbdülhəmidin Uzaq Şərq düşüncələrinin konturlarını müəyyənləşdirmişdir. Bu səfər II Sultan Əbdülhəmidin Şərqin elmi-texniki nailiyyətlərinin Osmanlıya gətirilməsi ilə yanaşı Şərq və Qərbin elmi texnologiyalar istiqamətində vəhdətinin bəşəriyyətə töhfə olunduğunu sübut etmişdir. Səfər çərvivəsində Sultanın Yapon imperatoru Men Ji ilə qurduğu dostluq Osmanlının Uzaq Şərqdə ilk diplomatik münasibətlərinin təməlinə çevrilmişdir. Sultanın və imperatorun təməlini qoyduğu dostluq-əməkdaşlıq münasibətləri iki ölkə arasında bu gün də davam etməkdədir. Üstəlik dünyanın inkişaf etmiş bu qüdrətli dövlətində Sultan Əbdülhəmidin adı “Sultan Əbdülhəmid xan” künyəsi ilə hörmət, ehtiram ünvanına çevrilmişdir.
Yaddaşı – hafizəsi ilə dünyaya meydan oxuyan Sultan
Ensiklopedik biliyi, analitik təfəkkürü ilə türkün qüdrətli sərkərdə-xaqanlarının sırasında yer alan II Sultan Əbdülhəmid yaddaşı-hafizəsi ilə bir ilkə imza atmışdı. İşə aldığı, işdən çıxardığı, hansı əlamətinə görə önə çəkdiyi bütün məmurların, o cümlədən saray əhlinin adını, soyadını, yaşını, yörəsini əzbər bilən Sultan, Orduda hətta neçə min əsgərin olduğunu, hansı bölükdə nə qədər əsgər xidmət etdiyini, səhər, günorta, axşam yeməklərində nə ilə qidalandığını bilməklə yanaşı, o, hansı yörədə kimin, hansı tarixdən görəvə başladığını, üstəlik il və ilçələrin hansı köydə başlayıb, harada başa çatdığını da əzbər bilirmiş. Hələ bu harasıdır? Bu elmi-irfan çeşməsi olan Sultan mütaliə etdiyi əsərlərdən gətirdiyi nümunələrin kitabın, təzkirə və əlyazmanın neçənci səhifəsində olduğunu da unutmazmış.
Sarayında müxtəlif vəzifələri icra edən insanların vəzifələri, hətta keçmişdə gördükləri işləri dəqiqliyi ilə bilən, onların keçmişi, nəsil-nəcabəti ilə bağlı məsələləri də yaddan çıxarmayan II Sultan Əbdülhəmid əsil olmayan insanı sarayına almazmış. Yəni Nadir şah Əfşar kimi, onun dövlətçilik təlimində əsil-kök, nəsil-nəcabət, intellektual potensial əsas şərtlərdən olub. Sarayın və ölkənin hamam, kanalizasiya və aşxanalarına xüsusi nəzarət etdirən Sultan dırnaqları çirkli, saçı dağınıq, pinti adamları bu iki yerdən nəinki saraydan uzaqlaşdırar, şəhərdən çıxartdırar, uzaq köylərə göndərərmiş. Bu səbəbdən də onun dönəmində çirkli küçələri, səliqəsiz, üst-başı tökülən adamları görmək ağılagəlməz hal imiş. Sultanın xofu, həm də təmizlik, səliqə-səhman sevgisinin özü belə bir ilk imiş. Məmləkətdə hamı ona layiq olmağa, bənzəməyə çalışarmış.
Ruhu təmiz, hafizəsi dərin adam
Yaddaşı, yaddaşı qədər də iradəsi möhkəm olan Sultanı bu gün də Osmanlı mənbələri “ruhu təmiz adam” deyə xatırlayır. “Dünyanın bütün dövlətləri ayağına gəlsə də, bütün xəzinələrini qucağıma töksə də, Qüdsdən bir daş parçası belə vermərəm. Sultan dədələrin torunuyam!” nidası ilə tarixdə qalan, Avropanın diqtəsi, idarəsi ilə hakimiyyətdən devriləndə belə, mənsub olduğu millətin cəsarət, ləyaqət nümunəsi kimi tarixdə qalan, millətin, məmləkətin tərəqqisi üçün ilklərə imza atan, Qanuni Süleymandan sonra Osmanlı tarixində ilk Anayasanın – “Qanuni Asasi”nin Məclisi Məbusanda təsdiqinə nail olan, Kıbrıs adasının əldə saxlanılması üçün ingilislərin üzərinə yeriyən, Osmanlının 34-cü sultanı kimi 1876-cı ildən 1909-cu ilə qədər 33 il ölkəsinə rəhbərlik edən sultanlarını sevgi ilə yad edir.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
Karaqanda Akademik Musiqili Komediya Teatrı (Qazaxıstan) dost ölkələrin incəsənət kollektivlərini ənənəvi “DosStar” payız operetta və musiqi festivalına dəvət edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AzərTAC-ın Karaqanda vilayəti administrasiyasının mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, festival artıq 14-cü dəfədir təşkil edilir. Bu il musiqisevərlər üçün bayram sentyabrın 19-dan 21-dək keçiriləcək.
Festivalda altı ölkədən: Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Tacikistan və Macarıstandan olan artistlər iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)
Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı ilə açacaq
Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş geniş konsert proqramı ilə açacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də keçiriləcək konsert proqramında mərkəzin iki kollektivi - Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) və Cahangir Cahangirov adına Xor (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) çıxış edəcək. Proqrama dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri daxildir.
Konsertdə görkəmli bəstəkarın ölməz əsərləri ifa olunacaq, operaları və operettaları əsasında maraqlı kompozisiyalar təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(04.09.2025)


