Super User
“Gülçöhrə və Əsgər” tamaşasının möhtəşəm premyerası – Kamal Abdulla yenə də təəccübləndirdi
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası oldu. Son illərdə Azərbaycan nəsrinə “Yarıçmıq əlyazma” kimi roman, Azərbaycan dramaturgiyasına “Sehirbazlar dərəsi” kimi tamaşa verməklə mədəniyyət xəzinəmizi zənginləşdirən Xalq yazıçımız növbəti dəfə hamımızı xoş mənada təəccübləndirdi, zövqümüzü oxşadı. Bu dəfə musiqili tamaşa ilə, özü də mədəniyyətimizin qızıl incisi sayılan Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamı olaraq hazırlanan bir tamaşa ilə.
“Gülçöhrə və Əsgər” ikihissəli musiqili dramının dünənki premyerasını Azərbaycan Prezidentinin qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, Prezident Administrasiyasının Siyasi Partiyalar və qaninvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər tanınmış dəvlət xadimləri izləyirdilər.
Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərov, dirijoru Fəxrəddin Atayev, baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanovdur, bəstəkarı Cavanşir Quliyevdir.
Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Atilla Məmmədov, aktyorlar Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Nicat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.
İndisə gəlin tamaşa barədə AzərTAC-a verilən bəzi rəylərə diqqət yetirək:
Cavanşir Quliyev, tamaşanın bəstəkarı, Əməkdar incəsənət xadimi:
-Bu əsər “Arşın mal alan”dan fərqli olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli təcrübə oldu”.
Səmədzadə Xasiyev, Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı:
-Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı baxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir.
Elnarə Nağdəliyeva, Telli obrazının ifaçısı:
-Obrazın daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım. Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə Fransaya qədər uzanan çətin yola çıxır.
Tamaşadan sonra Kamal Abdulla və yaradıcı heyət alqışlara və gül-çiçəyə qərq oldular. Bu, premyeraya toplaşanların ən dəruni rəğbət hisslərindən xəbər verirdi.
Bəli, teatarımız tarixində növbəti hadisə baş tutdu, dahi Üzeyir Hacıbəylinin məşhur komedik əsərinə olduqca maraqlı dramatik interpretasiya.
Tamaşa barədə ətraflı təhlil yazıları da verəcəyik.
Fotolar AzərTAC-ındır.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Akademiyasının 15 illik yubiley mərasimində iştirak edib
18 noyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Akademiyasının 15-ci ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən tədbirdə iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı xanım Raimkulova Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, ötən 15 il ərzində Akademiya Türk dünyasının tarixi, dili, mədəniyyəti və mənəvi irsinin araşdırılmasını prioritetə çevirərək, bu sahədə aparıcı elmi mərkəzlərdən birinə çevrilmişdir.
Çıxışının davamında Türk Mədəniyyəti və İrsi Fondunun Türk Akademiyası ilə birgə həyata keçirdiyi layihələrin Türk xalqlarının tarixi-mədəni irsin qorunmasına verdiyi töhfələri qeyd edərək, bu səmərəli əməkdaşlığın gələcəkdə daha geniş təşəbbüslərlə davam edəcəyinə inamını ifadə edib.
Tədbirdə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyənin hökumət təmsilçiləri, elmi qurumların və ali təhsil müəssisələrinin rəhbərləri, həmçinin Türk Dövlətləri Təşkilatı (TDT), TÜRKSOY, TÜBA, TÜBİTAK, YTB, YUNESKO Türkiyə Milli Komissiyası və digər nüfuzlu qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Yubiley mərasimi çərçivəsində kitab və foto sərgi də təşkil olunub, Türk dövlətləri arasında əlaqələrin inkişafı mövzusunda panel müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir
18 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya naziri Şaza Fatima Xavajanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, görüş zamanı Pakistanın paytaxtı İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin təsis olunması istiqamətində icra edilməkdə olan işlərlə əlaqədar geniş müzakirələr aparılıb.
Pakistanlı nazir “ASAN xidmət” mərkəzinin qurulması istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, pilot mərkəz fəaliyyətə başladıqdan sonra Pakistanın digər bölgələrində də “ASAN xidmət” mərkəzlərinin yaradılacağını bildirib.
Xatırladaq ki, cari ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə İslamabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.
Nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın, ASAN İnnovativ İnkişaf Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edib
Noyabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Özbəkistan Gənc Tamaşaçılar Teatrının hazırladığı “Муха-Цокотуха” adlı musiqili tamaşa nümayiş olunub.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibinin AzərTAC-a verdiyi məlumatına görə, hər iki teatr arasında mədəni əməkdaşlıq haqqında imzalanmış ikitərəfli memoranduma əsasən nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Malika İskandarova, quruluşçu rəssam Yevgeniya Biserova, bəstəkar Baxodir Zokirovdur.
Tamaşadan əvvəl rejissor, Əməkdar artist Nicat Kazımov çıxış edərək Özbəkistan teatrının yaradıcı heyətini və tamaşaçıları salamlayıb. Daha sonra Özbəkistan Gənc Tamaşaçılar Teatrının baş rejissoru və tamaşanın quruluşçu rejissoru Malika İskandarova səhnəyə dəvət olunub. O, bu kimi qarşılıqlı əməkdaşlığın yaradıcılıq və mədəniyyət müstəvisində müsbət töhfələr verəcəyini qeyd edib.
Daha sonra uşaqların böyük marağına və sevincinə səbəb olan tamaşa təqdim olunub.
Korney Çukovskinin nağılı əsasında hazırlanan eyniadlı səhnə əsərində Fayzulla Askarov, Abdullax İsmoilov, Şaxnoza Sultanova, Şerzod Axmedov, Feruza Atakuziyeva, Firuz Xudayberdiev, Uluqbek Rustamov, Nargiz Rustamova, Dilnavoz İsmatullaeva, Dilnavoz Axmedova iştirak edirlər.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Vətən müharibəsinin şəhid və qazilərinin əmanətlərinin İstanbul səfəri başa çatıb
Vətən müharibəsində şanlı Zəfərin 5 illiyi münasibətilə şəhid və qazi övladlarının İstanbul şəhərinə səfəri başa çatıb.
Daha öncə xəbər verdiyimiz kimi iştirakçılar Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Anım mərasimində, şəhid Anıl Kaan Aybek adına məktəbdə keçirilən xatirə tədbirində iştirak edib, eləcə də Gaziosmanpaşa Kaymakamlığında görüş keçiriblər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfər çərçivəsində daha bir görüş Gaziosmanpaşa Kızılay şöbəsindəİstanbul Valisi Davut Güllə olub. Görüş zamanı iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan və Türkiyə şəhid və qazi övladlarının bu kimi görüşlərinin xalqlarımız arasında sarsılmaz birliyin göstəricisi olduğu vurğulanıb. Bu əməkdaşlığın gələcəkdə də qarşılıqlı səfərlərin təşkil olunacağı bildirilib.Gaziosmanpaşa kaymakamlığında iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.
Onlar İstanbulda Yerəbatan Sarnıcı muzeyində, Topqapı sarayında, Dolmabahçe sarayında, Ayasofya Camisində olublar. Bununla yanaşı Beşiktaş stadion turu, Üsküdar sahildə gəzinti, İstanbul boğazında gəmi ilə səyahət təşkil edilib.
Qeyd edək ki, səfər zamanı Vətən müharibəsinin şəhid və qazilərinin övladlarını Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, “YAŞAT” Fondunun məsul əməkdaşı Aqşin Balahəsənli müşayiət ediblər.
Bu səfər şəhid və qazi övladlarının qardaş Türkiyə ilə tanışlığı, həmçinin Vətən müharibəsi qəhrəmanlarının ailələrinə göstərilən diqqət və qayğının daha bir nümunəsi kimi dəyərləndirilir.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Atasının davamçısı olan övladlar və ya tibb işçisi olmaq çox şərəflidir
Ağalar İdrisoğlu,
Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist. “Ədəbiyyat və incəsənət” üçün
Mən həmişə belə fikirləşmişəm ki, tibb sahəsində çalışan həkimlər, tibb işçiləri və hətta orada işləyən texnki işçilər belə Ulu Tanrının yerdə olan elçiləridir. Axı Ulu Tanrı onlara insanların taleyini tapşırıb. Adicə texniki işçi belə xəstəyə etinasız olsa, bu, həmin xəstəyə pis təsir edir. Tale də mənə həmişə bu insanların ən müsbət cəhətlərini görməyi nəsib eləyib. Təkcə özüm xəstəxanada yatanda və xəstəliyimlə bağlı onlara müraciət edəndə yox, ən yaxın adamlarımı xəstəxanaya aparanda belə onlardan yalnız böyük diqqət, qayğı və xoş münasibət görmüşəm.
Məndən Bakıda, yəni paytaxda işləyən tibb işçiləri inciməsin, Sumqayıt səhiyyəsində çalışanlar mənə elə gəlir ki, bu sahədə daha diqqətcil, qayğıkeş və mehribandırlar. Çünki Sumqayıtda bu sahəyə çox savadlı həkim, öz işinin peşəkarı və yüksək təşkilatçı insan Elnur həkim Azadxanov rəhbərlik edir. O, Sumqayıt səhiyyəsinə rəhbərlik etdiyi gündən əlindən gələni edir ki, bu şəhərdə səhiyyə yüksək səviyyədə olsun və bu sahədə çalışanlar da xəstələrə qarşı çox cavabdehli olsunlar. Mən Sumqayıtdakı bütün tibb müəssisələrində bunun bir daha şahidi oluram. Bəli. Rəhbər yerində olanda və öz işini biləndə bu çox yaxşı olur.
Sumqayıtdakı 1 nömrəli xəstəxanada və onun poliklinkikaslnda olanda, burada çalışanların da təkcə mənə qarşı yox, bütün xəstələrə böyük mehribançılığını görürəm. Bu yaxınlarda həmin xəstəxananın poliklinikasında olanda, Qangötürmə otağında bir xanım mənə mehribançlıqla yaxınlaşıb salam verdi və məni çox yaxşı tanıdığını da bildirdi. Təvazökarlıqdan uzaq olsa da mən respublikada həm yazıçı, həm rejissor-altyor və jurnalist kimi üzdə olan insanlardan biriyəm. Məni hətta küçədə tanıyıb yaxınlaşan, salam verən insanları da çox görürəm. Amma həmin xanım belə dedi:
-Mən sizi təkcə rejissor-aktyor, yazıçı-jurnalist kimi yox, həm də atamın dostu kimi tanıyıram.
-Atanız kimdir,-deyə mən ona sual verdim.
-Mən, Məhərrəm həkim Kazımovun qızıyam.
Bu vaxt gözlərim qarşısında nurani, gülərüz, uca boylu, çox mehriban, müdrik insan olan Məhərrəm həkim canlandı. Həmin vaxtlar biz cavan idik. O, ağ saçlı, uca boylu və təkcə xəstəxanada yox, həm də xəstələr arasında böyük nüfuz sahibi olan xeyirxah şəxsiyyət idi. Və xanımın sifətinə baxanda gördüm ki, bir suyu elə Məhərrəm həkimə oxşayır. O, təkcə həkim yox, həm də çox təşkilatçı insan idi. Belə ki, Məhərrəm Kazımov uzun illər 1 nömrəli xəstəxanada baş həkimin müavini olmuşdu. Şəhərin bütün işlərində də yaxından iştirak edirdi.
-Mənim adım Səadətdir. Bu adı atam qoyub və istəyib ki, mən hər işlərimdə səadətə çatam... Amma səadətə çatmaq indiki zəmanədə çox çətindir...
-Səadət xanım. Niyə elə deyirsiz? Bayaq mən dəhlizdə dayananda otaqdan çıxan xəstələr sizin haqqınızda çox xoş sözlər deyirdilər. Hamısı da bu sözləri deyirdi:
-Çox mehriban tibb bacısıdır. Özü də işinin peşəkarıdır. Adamdan qanı elə ustalıqla alır ki, heç adamın ruhu da incimir.
Mənim bu sözlərimdən sonra Səadət xanım gülümsünüb belə dedi:
-Atam həmişə deyirdi ki, xəstə tibb işçisinə müraciət edəndə onu özünə pənah qapısı bilir. Ona görə də xəstəni öz doğman kimi qəbul eləməlisən və çox diqqətlə qulaq asmalısan ki, hər şeyi sənə deyə bilsin. Səni özünə ən mərhəm adam bilsin. Mən də həmişə atamın bu vəsiyyətinə əməl edirəm. Artıq iyirmi ildir ki, bu sahədə çalışıram və təvazökarlıqdan uzaq olsa da sevinirəm ki, həmişə hamı məndən razı qalıb.
- Səadət xanım mən çox istərdim ki, sizin haqqınızada yazım və qoy oxucularımız da görsünlər ki, atasının davamçısı olan, öz sənətinin vurğunu olan necə tibb işçiləri var.
Əvvəlcə razılaşmaq istəmədi, amma mən təkid edəndən sonra razılaşdı. Beləliklə, əziz oxucular Sədaət xanım haqqında sizə qısa məlumat verim.
Qısa arayış: Səadət Məhərrəm qızı Babayeva 1974-cü ilin noyabr ayının 17-də Sumqayıt səhərində anadan olub. O, Sumqayıt şəhərindəki 28 nömrəli tam orta məktəbi bitirib. Həkimlik sənətinə sevgi onda rəhmətlik atası sayəsində yaranıb. Belə ki, həmin vaxtlar atası Məhərrəm Kazımov çox tanınan bir insan idi. Məhz buna görə də belə məşhur həkimin qızı olamaq ona həmişə qürur verirdi. Axı Sumqaylt səhiyyəsində Məhərrəm həkimin oz dəsti xətti və ensiklopedik tibbi biliyi vardı. Səadət xanım da, qardaşı İlham da tibb sahəsində ondan cox sey öyrənirdilər. Qardaşı İlham, həkim olub və bu gün də atası Məhərrəm həkimin bir vaxtlar işlədiyi 1 nömrəli xəstəxananın Dializ şöbəsinin həkimidir. Səadət xanımın da arzusu həkim olmaq olub. Məhz buna görə də Moskavaya gedib və orada əla qiymətlərlə Tibb İnstitutuna daxil olub. Amma ayrı-ayrı səbəblərdən iki il sonra təhsilini yarımçıq qoyub, Azərbaycana qayıdıb və burada məktəbəqədər tərbiyəçi təhsilini alıb. Amma tibb sahəsində çalışmaq ona rahatlıq verməyib. Məhz buna görə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində olan və Sumqayıtda yerləşən Əziz Əliyev adına Tibb Texnikumuna daxil olub. 2005-ci ildə həmin texnikumun “mamallq isi” ixtisasl uzrə fakültəsini bitirb. Amma tibb bacısı işləmək arzusu çox olduğuna görə həmin vaxtdan o da bir vaxtlar atasının işlədiyi və baş həkimin müavini olduğu 1 nömrəli xəstəxananın poliklinikasında tibb bacısı kimi fəaliyyətə başlayıb. Bu il onun tibb bacısı kimi fəaliyyətinin iyirmi ili tamam olub. Əlbəttə, iyirmi il böyük müddətdir. Artıq insan öz işində püxtələşir.
-Səadət xanım, sizin atanız Məhərrəm həkim çox yaxşı həkim idi və Sumqayıt səhiyyəsi üçün əvəzsiz işlər görmüşdü. Bir övlad kimi bu haqda nə deyə bilərsiniz?
- Mənim övlad kimi atamı tərifləməyim bəlkə də etik cəhətdən düz deyil. Amma atam uzun illər həm həkim, həm şöbə müdiri və həm də baş həkimin müavini olduğuna görə Sumqayıt camaatı ilə həmişə təmasda olub. Şəhərin bütün ictimai işlərində yaxından iştirak edib. Ona görə də bura gələn yaşlı xəstələr biləndə ki, mən Məhərrəm həkimin qızıyam mənə çox böyük hörmətlə, sevgi ilə yanaışırlar. Bu, mənim üçün ən böyük mükafatdır. Həm də belə məşhur həkimin qızı olmaq da məndə özümə qarşı böyük cavabdehlik yaradır. Çalışıram ki, öz işimlə həm kollektivdə, həm də xəstələr arasında həmişə hörmət qazanım. Atamın başını uca edim.
-Siz Moskvada təhsil alırdınız. Valideynləriniz də bununla fəxr edirdilər. Bəs necə oldu ki, təhsilinizi yarımçıq qoyub, Vətənə qayıtdınız və tibb bacısı olmağa qərar verdiniz?
- Bəli. Həkim olmaq böyük arzum idi. Əla qiymətlərlə də Moskvada ali məktəbə qəbul olmuşdum. Amma sən saydığını say, gör tale nə sayır... Ailə vəziyyətilə əlaqədar olaraq, təhsilimi yarımçıq qoydum. Bəli. Əgər Moskvada təhsilimi bitirmiş olsaydım, indi mən də saylb- secilən həkimlərdən biri olardım. Əfsus ki, həyatda hər şey biz arzuladıgımız kimi nəticələnmir.. . Bəli, bitirsəydim... kas ki... Amma ali məktəbi bitirə bilmədim ...
Ancaq düşünürəm ki, ən ali zirvə gozəl ailə basçısı olmaqdı və bu yük çox erkən yaşlarımdan mənim çiynimə düşdü. Beləliklə, bu gün mən ali zərvədə olan bir anayam. İki igid oğul böyütmüşəm. Böyük oğlum Emin Kazlmov 44 günlük Vətən müharibəsində iştirak edib. Çoxlu orden, medallar alıb və Zəngilanda üç rəngli bayarağımızı qaldıran igidlərimizdən biri olub. İkinci oğlum Mehdi ( Mixaylo) bu gün Azərbaycan ordusunda layiqincə xidmət edir. Deməli, hər iki oğlum Vətən qarşısında öz borclarını yerinə yetiriblər. Ana üçün məgər bunadna da böyük fəxaraət olarmı?
- Siz Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxanada çox cavabdehli bir sahədə çalışırsıznız. Bu xəstəxanaya da daha çox xəstələr gəlir. Hər gün də sizə çoxlu xəstələr müraciət edir. Mən görəndə siz onları necə səbrlə, mehribanlıqla qarşıalyıb, onlardan qan görürüsüz və necə mehribançılıqla da yola salırsız, buna heyran qalıram. Açığı özü də heç kim qan vermək istəmir. Əsasən də kişilər qan verməkdən qorxurlar. Siz bunu necə edirsiniz ki, heç kim sizdən narazı qalmır? Siz bilən əsl tibb işçisi necə olmalıdır?
- ( Gülümsünür) Tibb sahəsində çalışan insanlar ona müraciət edən xəstələrə öz doğmaları kimi yanaşmasalar, bu sahədə uğur qazana bilməzlər. Bunu mən atamda görmüşəm və çalışıram ki, onun nəsihətlərinə, vəsiyyətlərinə əməl eləyim. Bəli. Bu gün xəstəxanalara müraciət edən insanlarımız çoxdur. Axı biz otuz il Qarabağ kimi cənnətməkan torpaqların dərdini çəkmişik. Oradan Sumqayıta gələn yüz minlərlə qaçqınları, köçkünləri görmüşük. Hələ üstəgəl Qərbi Azərbaycandan da üç yüz mindən çox qaçqın, köçkünlərimiz olub. Onların da böyük bir hissəsi Sumqayıtda məskunlaşıb. Mənim atam Qərbi Azərbaycandan idi. Onun necə torpaq həsrəti çəkdiyini biz hər zaman görürdük. Deməli, həmin cənnətməkan yerlərimizdən zorla çıxarılan insanlarımızda stresslər, depressiyalar yaranıb. Stress və depressiya da çoxlu xəstəliklərin ilk ocağı olur... Çoxlu xəstəliklər yaradır. Ona görə də bizə müraciət edən xəstələrə biz ən əziz doğmamız kimi baxırıq ki, onlar bizdən narazı olmasınlar. Özü də sizi inandırım. Əgər tibb işçisi bir xəstəyə laqeyd yanaşsa, həmin xəstə bir də həmin tibb işçisisnin yanına getməz. Həm də həmin tibb işçisi haqqında həmişə pis danışar. Deməli, xəstələrimiz bizim ən böyük təbliğatçılarımızdır. Ona görə də əsl tibb işçisi özünü Böyük Yaradanın yerdə elçisi bilməli və xəstələrə də belə mehribançılqla yanaşmaldır.
-Sizin xəstəxananın baş həkimi Mətləb həkim Musayev həm yaxşı təşkilatçı, həm yaxşı həkim və həm də böyük ziyalıdır. Həddindən artıq səbrə malik bir insandır və xəstəxanaya müraciət edən insanlarla da çox mehribandır. Bəs onun iş yerində işçilərə münasibəti necədir?
- Xəstəxanamızın bas həkimi Mətləb Musayev uzun illər bu xəstəxanada həkim işləyib. Yəni bu xəstəxananın “mətbəxini” yaxşı bilir. COVİD-19 dəhşətli xəstəliyi vaxtı onu bu xəstəxanaya baş həkim vəzifəsinə irəli şəkdilər. İnanın ki, o, hər gün, günün 24 saatını xəstəxanada olurdu və bu işə çox böyük səbrlə, peşəkarlıqla rəhbərlik edirdi. O, özü iki dəfə COVİD xəstəliyinə tutulsa da bu çətin işdən geri çəkilmədi. Bütün həkimləri, tibbi işçilərini, texniki işçiləri bu işə həvəsləndirdi ki, hamı xəstələrin sağalması üçün əlindən gələni etsinlər. Mən özüm də həmin vaxtı bütün günü burada olurdum. Yaxşı işimə görə həmin vaxtı mənə fəxri fərman da verdilər. Məhz buna görə də bizim xəstəxanada bütövlükdə respublika üzrə COVİD-19-dan ölən xəstələr çox az oldu.
Mətləb həkim bütün işçilərə qarşı çox səmimi insandır. Və həm də bizə ozguvənimizə stimul verir. Biz də çalışırıq ki, öz işimizlə onun etimadını doğruldaq. Deməli, belə mehriban, hamıya eyni gözlə baxan, öz işinin peşəkarı, yüksək təşkilatçı insanla çox işlər görmək olar və biz də həmin işi görürük. Məhz buna görə də bütün xəstələr bizim xəstəxanadan razı gedirlər. Bilirsiniz ki, rəhbər yerində olanda məhz belə də olur. Elə Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Elnur həkim Azadxanov da bu şöbəyə rəhbərlik etdiyi gündən əlindən gələni edir ki, bu şəhərdə səhiyyə yüksək səviyyədə olsun. Elnur həkim də, Mətləb həkim də hər ikisi dəyərli insanlardır. Onlar gozəl urəyə malik xeyirxah olduqlarına görə, bu şəhərdəki bütün tibb müəssisələrində çalışanlar özguvənlik qazanıblar. Və onların simasında da butun həkimlərimizə, tibb işçilərimizə öz minnətdarlığımı bildirirəm . Məhz buna görə də xəstələr də həmişə həkimlərimizdən, tibb işçilərimizdən razılıq edirlər. Uzun illərdir ki, Sumqayıt səhiyyəsi respublikada birinciliyi qoruyub saxlayır. Bu, elə özü böyük fəxarətdir.
-Siz böyük ziyalı və vətənpərvər insanın tərbiyəsini alıbsınız. Atanız təkcə yaxşı həkim və zıyalı yox, həm də vətənpərvər insan idi. Biz artıq Qarabağdakı qələbəmizin beş illiyini qeyd edirik. Bu haqda siz nə deyə bilərsiniz?
-Bəli. Qarabağdakı qələbəmizdən, Zəfər sevincimizdən beş il ötür. Bu qələbəni, Zəfər sevincini bizə yaşadan şəhidlərimizə hər bir azərbaycanlı borcludur. Şəhidlər bizim qürur yerimizdir. Biz həmişə onları böyük ehtiramla yad edib, onlara rəhmət diləyirik. Qazilərimizə can sagllgl arzulayırıq. Əlbəttə, bu qələbəni əldə etməyimizdə əsas qüvvə və insan Ali Baş Komandanımız cənab İlham Əliyev olub. Bunu heç bir azərbaycanlı yadından çıxarmamalıdır. 44 gunluk Vətən muharibəsi mənim də həyatıma, sağlamlığıma boyuk təsir edib. Belə ki, boyuk oglum Emin Kazlmov da bu cətin muharibənin, canlı mubarizənin qəhrəmanlarlndan biridir. Açığı həmin 44 gündə demək olar ki, mən yatmadım. Həmişə televizorun qarşısında əyləşib və Qarabağda gedən müharibəni böyük həyəcanla, bir əsgər anası kimi izləyirdim. Təkcə öz oğluma görə yox, döyüşdə olan bütün oğullara görə həyacanla izləyirdim. İgidlərimiz torpaqlarımızı qarış-qarış azad etdikcə və bu haqda deyildikcə sevinirdim və həmişə də sevnc göz yaşı axıdırdım.
Sevinirəm ki, üç rəngli bayragımızın Zəngilanda dalgalanmasına, ucalmasına səbəb olan igidlərdən biri də məhz mənim oğlum Emindir. Kiçik oglum Mehdi (Mixaylo) da bu gün Cəbrayılda sərhəddə keşik çəkən sərhəd qosunlarında xidmət edir. Mən azərbaycanlı analarımızı, qadınlarımızı dünyanın ən qüdrətli anaları cərgəsində görürəm. Çünki onlar belə igid övladlar yetişdirib, Vətənə əmanət veriblər. Bilirsiniz ki, tibb aləmində belədir ki, oğlanlar məhz anaların genlərinin daha çox daşıyıcısıdırlar. Deməli, bizim övladlarımız-oğullarımız igidliyə görə Tomris, Taclı bəyim, Həcər xanım, Tuti Bikə kimi nənələrimizdən dərs alıblar. Onların davamçılarıdırlar. Amma ermənilər Anahid kimi tərbiyəsizin davamçılarıdırlar... Bu 44 günlük Vətən müharibəsində bizdən bir nəfər belə fərari olmadı, amma ermənilərdən on mindən çox fərari oldu. Bu da mənim yuxarıda dediklərimə bir sübutdur.
-Bu gün xəstəlik çox artıb. Mən hər dəfə xəstəxanada olanda ora gələn xəstələrin günü-gündən çox olduğunun şahidi oluram. Siz tibb sahəsində böyük təcrübəsi olan mütəxəssis kimi insanların xəstələnməməsi və xəstəxanaya gəlməməsi üçün onlara nə təkliflər verərdiniz?
- Mən bayaq yuxarıda xəstəliklərin artamsının səbəblərini dedim. Otuz illik Vətən həsrəti, qaçqınlıq, köçkünlük sağlamlığımıza öz təsirini göstərib... Bir tərəfdən də yediyimiz qidaların təmiz olmaması, insanlarımızın yoxsulluq içində yaşaması, uşaq pullarının verilməməsi istər-istəməz insanlarımıza təsir edir. Təbiətin də çirkin olması öz növbəsində. Dünyada bu qədər müharibələrin olması da hamıya təsir edir. Bütün bunlar da ayrı-ayrı xəstəliklər yaradır. İnsanlarımızın xəstələnməməsi üçün hər kəs öz həkimi olmalı və ən azından ildə iki dəfə tam müayinədən keçməlidir. Yediyi yeməklərə fikir verməlidir. Dünya şöhrətli məşhuh təbib İbn Sina dediyi kimi, hər bir insan yediyi yeməyi orqanizminə dərman bilməlidir. Çox yeməməlidir. Hər bir yeməyində də pəhriz saxlamalıdır.
Tibb sahəsində çalışanlar da öz işlərini sevməli və öz sənətlərinin peşəkarı olmalıdırlar ki, xəstələrə lazım olan kimi xidmət edə bilsinlər. Mən də öz isimi sevirəm. Mənim işim həm çətin, həm də məsuliyyətlidir. Belə ki, Qanalma otagına orqanizmində olan butun xəstəliklərlə bagll muraciət edirlər həddindən artıq çoxdur. Ona görə də çallsıram hər kəsi oz dogmam kimi qarsılayım və böyük segi ilə də yola sallm. İşlədiyim xəstəxananı və mənimlə çallsan kollektivimizi də çox sevirəm. İşimlə, peşəmlə qurur duyuram. Sevilən tibb bacısı olmaq və xəstələrin hörmətini qazanmağa çalışıram. Həmişə də şöbəmizin adını yuksək tutmaga çalışıram. Hər hansı ağrı ilə otağımıza girib qan verən adamın üzündə gülüş, sevinc yaradlb, səadət bəxs edə bilirəmsə o zaman adımın Səadət olmagına çox sevinirəm. Dünyanın belə qarışıq vaxtında, qazan kimi qaynadığı dövrdə hər bir insanın xoş sözə, diqqətə, mehribançılığa böyük ehtiyacı var.Məşhur rus yazıçısı Fyodor Dostoyevskinin belə maraqlı kəlamları var: “Dünyanı gözəllik xilas edəcək”. “Dünyada qalib olmaq istəyirsənsə, əvvəl özünə qalib ol”. Ona görə də hər bir insan səbrlə, dözümlə özünə qalib gəlib, sağlamlığını qoruya bilər və güzəranını da yaxşılaşdırar. Əgər biz başa düşə bilsək ki, dünyada ən böyük var-dövlət sağlamlıqdır, onda özümüzə fikir verərik. Sağlamlığımızı da qoruyarıq.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
“Böyük Zaman və onun ətrafında hər biri öz balaca, çəlimsiz vaxtı ilə atılıb-düşən bizlər...” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Balığı at dəryaya, bunu balıq da bilməlidi, bunu xaliq də bilməlidi, bunu dəryadakı o biri balıqlar da bilməlidi.
2.
Nazim Hikmət: “Arıya bənzər bir yeri yox, amma yenə də bənzəyir arıya.” Dərinliyinin hüdudu olmayan misralar şairi - Nazim Hikmət.
3.
Məqamın sirri vardı - donuqluğundaydı.
4.
“ Üç almayla nağıl sehri açılmaz.
Sehr əgər sehrdisə - sirdi.
Yol da elə. Kömək edir az-maz,
Yaşamağa kömək edir. Edirdi!”
5.
Böyük Zaman və onun ətrafında hər biri öz balaca, çəlimsiz vaxtı ilə atılıb-düşən bizlər...
6.
Demokratiya ölkəni yox, ölkə demokratiyanı doğmalıdır.
7.
Volter: “Mən sənə nifrət edə bilərəm, amma mən həyatımı verərəm ki, sən öz fikirlərini sərbəst şəkildə ifadə edə biləsən.”
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
ANAR, “Son bahar şeiri”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
SON BAHAR ŞEİRİ
“Bu sevda nə sevdadır”,
İnsanın ağlını başından alır,
Bir gün hər şey dağılır, çökür,
Sevgidən kədərli şeirlər qalır.
Nə sən günahkarsan, nə mən gühahkar,
Qismətim bax belə yazılıb, yəqin.
Mənim İLK saydığım təkrarmış, təkrar,
Köhnə kinoları seyr etmək təkin.
Mən də bu sevgiyə aldanmış idim,
Bu sevgi də, demə, növbəti yalan.
Bir başqa sevgidə yaşanılandan
Mənə ötənlərdən mirastək qalan.
Mənə söylədiyin o incə sözlər
Öncə söylənibmiş bir başqasına.
Ürək param-parça parçalanmasın,
Necə tab gətirsin, səbr etsin buna?!
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
“Biri ikisində” – Dauletkerey Kapoğlunun şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Dauletkerey KAPOĞLU
(Monqolustan)
9 avqust 1977-ci ildə Monqolustan Respublikasında anadan olub. Əl-Fərabi adına Qazax Milli Universitetini bitirib. “Çiyələk düşməyənədək”, “Ağ ala-qaranlıq” kitablarının müəllifidir.
***
Muştuluğumu ver!
Bu gün ağcaqayın çiçəklədi.
Nurundan göydəki ay da parıldadı.
Lakin cövlan edən şimal küləyi
yavaş-yavaş təzə ağacın
“əllərini” göyə qaldırdı.
Aprelin gözəlliyini
müşahidə etdiyim zaman
külək ruhumu titrədir...
Burada ağcaqayın çiçəklədi.
Lakin mən
Altayda qoyub gəldiyim
yalnız ardıc ağacı üçün darıxıram...
Uyğunlaşdırdı: Rəsmiyyə Sabir
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Çölçü Obasında ışıq... - HEKAYƏ
Eltən Törəçi,
dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün
Meşə cığırı boyu çiyində yol çantası, əlində ağac, saqqallı, əynində çölə uyğun geyim olan bir adam yeriyirdi.
Ətrafına elə heyranlıqla baxırdı ki, elə bil gözündən hansısa yarpağın tərpənişini, meşədə rastına çıxan quşların budaqdan budağa qonmaq üçün qısa uçuşunu qaçırsaydı dünya dağılacaqdı...
Acgözlüklə ətrafına baxa-baxa yeriyərək, meşənin içərisindəki talada üç yurd çadırı olan Çölçü obasına çatdı. Obanın girişində təxmini üç metr hündürlüyündə gözətçi çardağı var idi. Gözətçi onu görən kimi böyük davula iki üç dəfə vurdu...
Obanın ortasındakı çadırdan uzun ağ saqqallı gümrah bir kişi çıxdı, qonağı görüb gülümsədi...
-Ooooo, Tufan bəy, Çölçü Obasına xoş gəldiniz, Sizi görmək nə xoş... Çölçülərim qonağımızın çantasına yardım edin.
Obadakı Çölçülər ona yaxınlaşıb çantanı aldılar və saxsı kuzədə su verdilər. Qonaq suyu içib yaxınlaşmaqda olan ağsaqqala sayğıyla yüngülcə baş əydi, sağ əlini sinəsinə qoyub:
-Xoş gördük, Çölçü Bilgəm... Məndə sizi özləmişdim, dedim gəlim Sizlə bir az çağlayaq…
-Buyur gəl, oğlum. Qəhvəni ocağa qoyum, danışaq...
Çölçü Bilgənin başında quzu dərisindən qəhvəyi rəngdə bir börk, əynində börkün rənginə uyğun əski türk biçimində bir qaftan, baş barmağında oxçu üzüyü, qollarında dəri və iplərdən hörülmüş biləkliklər, üzündə və qollarında qəribə döymələr vardı. O qəhvə qabını ocağa qoyub, göytürk tamğaları ilə bəzədilmiş üzərinə bəyaz qoyun dərisi atılmış taxtdan olan qoltuqlu oturacağına əyləşdi.
-Hə, oğlum, buyur otur görək, indi Çölçülərimiz yeməyi hazırlasın biz də ona qədər anlayaq görək sənin beynini bulandıran hansı sıxıntılardır ?
Yol Tufan bəyi yormuşdu, uzun saçları üzünə tökülmüş saqqalı dolaşmışdı... 25-28 yaşlarında olmasına rəğmən yaşlı görünürdü. Üzü tutqun, gözləri isə sönük idi. O, dərindən nəfəs alıb Çölçü Bilgənin göstərdiyi oturacağa əyləşdi. Üst köynəyinin cibindən bir kiçik kəndir çıxarıb saçlarını arxadan bağladı, saqqalını əli ilə tumarlayıb səliqəyə salmağa çalışdı. Bilgənin ona diqqətlə baxdığını görüb dərin nəfəs aldı, sözünə başladı.
-Mən son aylarda çox sıxılıram, Bilgəm, şəhərin hay-küyü, televizyalardakı verilişlərdə bilərək və bilməyərək yayılan dayaz fikirlər məni qorxudur, ətrafımda artıq heç kim heç kimin üzünə belə baxmır, dostlarımla görüşürəm guya danışmaq üçün, hamının əlində bir telefon internetdən bağımlı olur gündən günə... Dayaz danışıqlar, axmaq zarafatlar...Hələ saytları, qəzetləri demirəm... Məmləkətdə bir ovuc ziyalı, aydın saydığım adamlar var, bunlar da bir-biri söz savaşına giriblər, düşük-düşük mövzuların üstündə didişirlər... sosial şəbəkələrdə atmaca atan atana... Bezmişəm...
Çölçü Bilgə gülümsündü.
-Dur oğlum, ayağa qalxaq. Oxun-yayın yanındadır? Gedək bir az ox ataq, sənin hal-hazırda fikirlərin çox dağınıqdır, bir az durulmağın və beynini bu danışığa kökləməyin gərəkdir.
Çölçü Obasının üç tərəfində meşə, bir tərəfində isə iki sərt qayalıqlı dağla əhatələnmişdi. Bu iki dağın arasından tökülən şəlalədən sağ tərəfə axan çaya gedirdi. Çayın üstündə su dəyirmanı, sahilində isə bumbuz sulu bulağı var idi.
Obanın ərazisində at, mal-qara və qaz, toyuqlar üçün ayrıca tövlələr var idi. Çölçülərin ərazidə əkin sahəsi, yaradıcılıq işləri üçün emalatxana, təndirxana və digər gərəkli tikililəri var idi. Onlar kənardan heç nəyə ehtiyac duymamaq üçün gərəkli yaşam biçimi yaratmışdılar. Çölçülərin arasında demək olar ki, hər ixtisaslı adamlar var idi, elm adamları, həkimlər, sənətkarlar, müəllimlər.
Onlar Çölçü Obasının dağa yaxın tərəfində yerləşən ox təlimi meydançasına gəldilər. Burda buta formasında üç hədəf var idi. Əvvəlcə yayları əlləri ilə tumarlayıb qızışdırmağa başladılar, çünki girişi dərhal taxmaq yaya zərər vura bilərdi. Girişi yaya taxıb atış duruşunu aldıqdan sonra ox atmağa başladılar.
Tufanın atdığı oxlar çox az hallarda hədəfə saplanırdı. Çölçü Bilgə ona diqqətlə baxır, boşa gedən oxdan sonra onun necə hirsləndiyini, əllərinin əsdiyini izləyirdi. Birdən gülümsəyib ucadan dedi:
-Dur oğlum, dərin bir nəfəs al! Beynindəki sıxıntıları unut... İplər gəriləndə düyünləri açmaq olmaz, rahatlan, sakitləş, durul... Nəfəs al, ətrafa bir bax, ağaclara, göy üzünə bax, gör onlar necə sakitdirlər. Oxu və kamanı yerə qoy... Bilgə Kağan kimi bardaş qurmanı istəyirəm. Hər əlinin üç barmağını birləşdir, öz çağlama edək...
Tufan bəy bardaş qurub gözlərini yumdu, hər iki əlinin üç barmağı sinəsinin önündə birləşdirərək, özünü durultmağa, özünə axmağa, öz çağlamağa başladı. Bu ritualı ona Çölçü Bilgə öyrətmişdi. O, ürəyinin necə döyündüyünü barmaqlarının ucunda duymağa başladı, ürəyinin hər ritminə uyğun nəfəs almağa və ritmləri yavaşlatmağa başladı... Bir azdan o, uçmaq çağında idi... Ruhu durulurdu sanki. Çölün gözəlliyini özünə toplayırdı... Saniyələr içində qulaqları daha çox səs eşitməyə, burnu daha çox qoxu duymağa başladı... Özünü unudub sanki oturduğu torpağın bir hissəsinə, üzərinə kölgə salan ağacın bir budağına çevrilmişdi... Tufan bəy sakitləşmiş, durulmuş, üzünə qəribə bir işıq qonmuşdu... O, gözlərini açdı. Çölçü Bilgə gülümsədi...
-Hə, Bəyim, atışa hazırsan, Hu!!!
Tufan bəy kamanında olan oxları bir-bir hədəfə qondurdu...
Gülümsəyib “həə, danışmağa hazıram Bilgəm” dedi!
Onlar ocağın başına qayıdanda Çölçü Bilgənin yanında öyüd alan Çölçülərdən biri artıq qəhvəni hazırlamış və taxta fincanlara süzmüşdü...
Çölçü Bilgə Çölçünün üzünə gülümsəyib, var olasan paşam, - dedi və fincanını götürüb qəhvəsindən bir qurtum içdi, Tufan bəyə sağ tərəfində yer göstərdi...
-Buyur Tufan bəyim, - dedi...
Tufan bəy qəhvəsini götürdü, bir qurtum içib sözünə başladı...
-Bilgəm, mənim canımı sıxan odur ki, toplumumuzdakı aydın, ziyalı dediklərimizin içində hələ də başqa millətlərin mədəniyyətinin köləsi olanlar var. Onlar millətimizə aşağıdan yuxarı baxır, toplumu öz tənqidi fikirləri ilə əzməyə davam edirlər. Onsuz da biz torpaqlarımızı itirdiyimiz üçün millət olaraq bir məğlub kompleksi içindəyik, düzdü heç birimiz bunu etiraf etmək istəmirik, amma içimizdəki bu yarımçıqlıq hissi bizi didib parçalayır. Biz çıxış yolu kimi Çölçü yaşam biçimini ortaya qoyuruq, millətin ruh yüksəkliyini qaldırmaq üçün çıxış yolları göstəririk, onlar bizi dinləmək belə istəmirlər. Anladıqları halda anlamamazlıq göstərir bizə qarşı aqressivləşirlər, sadəcə bizə deyil, özlərinə də...
Çölçü Bilgə dedi:
-Oğlum, çağdaş toplumdakı aydınların demək olar ki, hamısı o olduqları yerlərə öz özlərini yetişdirərək, bir çox əngəlləri aşaraq gəliblər. Bizim dövlətimiz gəncdir, 70 ilə yaxın bizi ruslar idarə edib, bu adamlar bəlli işlər görə bilmək üçün nələrindən keçiblər heç ağlına da gələ bilməz. Bizim toplumun üzərində aparılan manipulyasiya əməliyyatları çox sərt olub, adımız türkdən, tatara sonra da azərbaycanlıya çevrilib, əlifba iki-üç dəfə dəyişdirilib, düşünən beyinlər sovetin vaxtında repressiyaya uğrayıb, bu ərəfədə folklorumuzda əfsanələr, nağıllar, atalar sözləri, dastanlar, musiqimiz dəyişdirilib, bizi özümüzdən çıxarmağa çox çalışılıb. İndi üzdə olan aydınlar isə bütün bu mədəni işğala rəğmən yaşamlarında vətən, millət düşüncəsində qalıblarsa bu günümüzə sevinməliyik. Onların bizə qatılacağı gün uzaqda deyil, hər insan bir qıfıllı qapıdır, doğru açarı tapana qədər çalışmaq gərəkdir.
Bu gün çağdaş toplumda qloballaşma adı manipulyasiya davam edir. Milli düşüncə, dövlət sevgisi, ailə sevgisi yerinə xarici peyk kanallarında, internetdə və xarici kinolarda bütün dünyada fərdiyyətçi insan modeli formalaşdırılmağa çalışılır, fərdi inkişaf təlimçiləri meydan sulayır, vəhşi kapitalist düşüncə yayılır, adamları alış-veriş manqurtuna çevirən neyromarketinq hiylələri çoxalır - bunlar hər biri ailə, toplum dəyərlərini darmadağın etməyə, törəni tam bitirməyə çalışır. Bu gün sivilizasiyası ilə öyünən böyük dövlətlərdə belə cinsi ayrıseçkilik, irçilik, millətçilik gizli-aşkar hökm sürür. Biz bunları görürük.
Amma unutma oğlum, biz küllərimizdən yenidən doğuluruq, hər gün keçdikcə özümüzü daha yetişdiririk, dövlətimiz güclənir, təcrübə qazanır. Biz Çölçülər heç kimə yeni heç nə öyrətmirik, təkcə unudulanları xatırladırıq.
Biz Çölçülərik, insanları, toplumu bu mədəni beyin işğalının, manipulyasıyanın Çölünə çıxartmağa çalışırıq, özümüzə qaytarmağa çalışırıq, öncə öz millətimizi dövlətimizi sevməyə çağırırıq. Biz heç kimdən yüksəkdə deyilik, heç kimdə bizdən yüksək deyil.
Tufan bəy diqqətlə Çölçü bilgəni dinləyir, bu arada içində düşünürdü, bunları mən də bilirəm, Bilgəm bunları mənə niyə təkrarlayır...
Çölçü Bilgə gülümsündü:
-Bəyim, düşünürsən ki bunları bilirsən, mən sənə təkrar-təkrar nəsə deyirəm, hə?
Tufan bəy özünü itirdi...
-Bilgəm, düzü həə, amma Siz bunu hardan bildiniz?
Çölçü Bilgə:
-Tufan bəy, bax, bizim ən birinci əngəlimiz içimizdəki məndir. Bizim bəzən bildiyimiz hesab etdiyimiz, amma əslində bilmədiyimiz bilgilər var. Bilgini yaşamında işlədə bilmirsənsə demək ki tam öyrənməmisən, yarımçıqsan...
Tufan bəy qızardı, başını aşağı saldı...
Çölçü Bilgə:
-Bəyim, başını aşağı salma, dik tut... Yolda hələ yenisən, yeni davam edirsən... Elə biz də öyrənirik, ancaq biz hələ də yarımçığıq... Dünya hər gün dönür, döndükcə yenilənir... Biz də çağlamalıyıq hər gün...
Tufan bəyin gözləri işıqlandı...
-Bilgəm, mən öyüdümü aldım, icazənizlə mən gedim...
Çölçü Bilgə başını buladı...
-Yox, bəyim, bu gecə Çölçü Obasında qalacaqsan... Gecə ulduzların altında uyuyub, yenilənib, yeni enerji ilə yüklənib, geri dönəcəksən. Çağdaş toplum öz köklərindən qopub, bizim işimiz onları yenidən Çölə qaytarmaq və onları yeniləyəcək enerjini onlarla paylaşmaqdır. Onlar çağlayınca yaşamımız çox daha gözəlləşəcək...
Tufan bəy səhər Obanı tərk etdiyində artıq daha əmin addımlarla gedirdi...
Gözlərindəki işıq sanki səhərin alatoranlığında yolunu işıqlandırırdı...
O bu işığı beton cəngəlliklərin içərisində yaşamağı unutmuş, süni qəliblərin içində boğulan, yaşamlarını monitorlardan izləyənlərin içində sönmüş Çölçü ruhunu alovlandırmağa aparırdı...
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)


