Sən gəlməz oldun… Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dedin, durnalarla gələrəm mən də,

Durnalar qayıtdı sən gəlməz oldun.

Saraldı yarpaqlar çöldə, çəməndə,

Payız fəsli çatdı sən gəlməz oldun.

 

Deyirdin qapına qonaram quş tək,

Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun,

Yaşamaq eşqiylə vəcdə gələrək

Quşlar yuva qurdu sən gəlməz oldun.

 

Bu gün məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilən Azərbaycan şairəsi, əməkdar incəsənət xadimi Mədinə Gülgünün doğum günüdür.

Mədinə Gülgün deyəndə dərhal yadımıza Güney Azərbaycan düşür.

O, 1926-cı il yanvarın 17-də Bakıda anadan olub. Əslən Ərdəbildəndir.  İbtidai təhsilini Bakıda alıb. 1938-ci ildə ailəsi ilə birlikdə SSRİ vətəndaşı olmadıqları üçün deportasiya olunublar və Ərdəbil şəhərinə köçüblər. Bir müddət Ərdəbil şəhərində yaşadıqdan sonra Təbriz şəhərinə köçüblər. Atası həbs olunduqdan sonra Mədinə Ələkbərzadə toxuculuq karxanasında fəaliyyət göstərib.

1941-ci ildə "Ziddi-faşist" təşkilatına üzv olub. 1944-cü ildən ədəbi fəaliyyətə başlayıb. "Biz kimik?" şeiri 1944-cü ildə "Xavəre-nou" qəzetində çap olunub. Daha sonra şeirlərini əsasən "Ələkbərzadə" soyadı ilə "Vətən yolunda" qəzetində çap etdirib. Cəfər Xəndanın məsləhəti ilə özünə Cəfər Cabbarlının "Od gəlini" pyesindəki "Gülgün" personajından "Gülgün" təxəllüsü götürüb. 1945-ci ilin yanvar ayında Təbrizdə yaradılan "Şairlər məclisi"nin üzvü olub.

 

"21 Azər" hərəkatında iştirak edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin və partiyanın Qadınlar Təşkilatının üzvü olub. Şeirləri Təbrizdə çap olunan "Vətən Yolunda", "Azərbaycan" kimi qəzetlərdə yayımlanıb. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Mədinə Gülgün də bu konqresdə müxbir kimi iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.

Azərbaycan Milli Hökuməti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində və Təbriz Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Yazdığı "Sənə gülmək yaraşır", "Açıldı səhər", "Təbriz", "Sədadət bayrağı" şeirləri Azərbaycan Milli Hökumətinin qərarı ilə nəşr olunan VI sinif məktəb dərsliyinə salınıb. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Mədinə Gülgün Azərbaycan SSR-yə mühacirət edib. Əvvəlcə Culfa şəhərində yaşayıb. Orda olduğu müddətdə demokratlar tərəfindən bərpa olunan Təbriz radiosunda fəaliyyət göstərib. Azərbaycan türkcəsində və farsca fəaliyyət göstərən radionun hədəf kütləsi Cənubi Azərbaycan əhalisi olub. Bir neçə müddətdən sonra Mədinə Gülgün Bakıya köçürülüb.

Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Mədinə Gülgün də bu cəmiyyətin üzvü olub. 1948–1952-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə Bakıda işıq üzü görüb. Bu kitabda 1945–1949-cu illər ərzində yazdığı şeirlər toplanıb. Azərbaycan Milli Hökumətinin baş prokuroru olan və hökumət dağıldıqdan sonra dar ağacından asılan Firudin İbrahimi haqqında yazdığı poema 1963-cü ildə Azərnəşr tərəfindən nəşr olunub.

Ümumilikdə Bakıda və Moskvada "Təbrizin baharı" (1950), "Savalanın ətəklərində" (1950), "Sülhün səsi" (1951), "Yadigar üzük" (1953), "Təbriz qızı" (1956), "Firudin" (poema) (1963), "Çinar olaydı" (1968), "Dünyamızın sabahı" (1974), "Arzu da bir ömürdür" (1976), "Yora bilməz yollar məni" (1978), "Durnalar qayıdanda" (1983), "Könlümü ümidlər yaşadır" (1984) "Dünya şirin dünyadır" (1989) və onlarla digər şeir kitabları nərşr olunub. 1958-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv olub.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960, 1974, 1986), "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (1970), "Şərəf nişanı" ordeni (1980), "Əmək veteranı" medalı və başqa medallarla təltif olunub. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Mədinə Gülgün Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, "Azərbaycan" jurnalı redaksiya heyətinin və Yazıçılar İttifaqına qəbul komissiyasının üzvü olub. Sonrakı illərdə isə SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsinin plenum üzvü və Asiya və Afrika ölkələri həmrəyliyi Azərbaycan Respublika Komitəsinin üzvü olub.

Bir çox lirik şeirlərinə Azərbaycanda mahnılar bəstələnib. "Sən gəlməz oldun" şeirinə Ələkbər Tağıyev, "Məhəbbət olmayanda", "Apar məni", şeirlərinə Cavanşir Quliyev mahnı bəstələyib. 1949-cu ildə Cahangir Cahangirovun bəstələdiyi "Arazın o tayında" vokal-simfonik poeması Əli Tudə və Mədinə Gülgünün sözlərinə yazılıb.

Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub. 2012-ci ildə Mədinə Gülgünün və Balaş Azəroğlunun şəxsi əşyaları Azərbaycan İstiqlal Muzeyinə təhvil verilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.