Super User

Super User

Bazar ertəsi, 19 Yanvar 2026 14:08

“Biri ikisində” İmir Məmmədlinin essesi ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə İmir Məmmədlinin essesi təqdim edilir.

                                     

                                     

İmir MƏMMƏDLİ

 

SAZLI-SÖZLÜ SİBİR

        

SİMUSİD

        

Mordova vilayətinin Simusid qəsəbəsinin mərkəzi küçəsi ilə mehmanxanaya sarı gedirdim. Seyrək maşınlı küçəni təzəcə keçmişdim, elə mehmanxanaya çatha-çatda qulağıma həzin saz havası gəldi. Sazın avazı qulağımı əvvəlcə torağay qanadı kimi qıdıqladı, sonra sığalladı və yaladı. Diqqət kəsildim.

         Kimsə çox yaxınlıqda “Dilqəmi”ni çalırdı. Səsə tərəf getdim. Sazın səsi məni çəkə-çəkə mehmanxanadan iki ev bu yana gətirdi. Kiçik və köhnə bir evin eyvanında saçı-saqqalı ağarmış bir kişi sazı köksünə basıb arzu dolu gözlərini uzaqlara, bəlkə də, onun nəzərində həsrətini çəkdiyi adam yaşadığı səmtə zilləmişdi. Darvazanın ağzında əyləşib bu qəmli, amma qancoşduran saz havasının iniltisini dinşədim.

         Sazın səsi məni elə cəzb eylədi ki, özümdən asılı olmayaraq bir – heeey! – qışqırdım.

         Çalan adam sazın səsini xırp kəsdi, cəld aləti qoltuğuna vurub özünü evin qapısına çırpdı. Sonra ürkmüş halda arxaya boylandı. Ancaq məni darvazanın ağzında görüb təəccüblü və gərgin baxışlarını üzümə zillədi:

 – Kimi axtarırsan?  – əsəbi səslə soruşdu.

 – Heç kimi. Yoldan keçirdim, sazın səsi məni çəkdi gətirdi,  – dedim. 

 – Azərbaycanlısanmı?  – soruşdu.

 – Azərbaycanlıyam. Sən?

          – Mən də... – kişi bunu deyib eyvanın üç pilləkənini aşağı düşdü. – Niyə qapıda dayanmısan? Buyur, içəri gəl, qonağımız ol, bir fincan çayımızı iç.

Mordovanın Simusid qəsəbəsinin düz ortasında rastlaşdığım yaşlı azərbaycanlı və onun əlindəki saz məni elə maraqlandırmışdı ki, tərəddüd etmədən alçaq darvazacığı necə açıb içəri keçdiyimi  hiss eləmədim. Sanki ayaqlarım qəlbimin səsinə tabe oldu.

                   Kişi əli əsə-əsə salam verib məni bayaq özü oturduğu eyvana qaldırdı.

Öz kətilini mənə təklif edib içəriyə səsləndi...

 – Züleyxa!

Qapı açıldı, oradan rus qızı kimi sarışın bir qız çıxdı.

 – Züleyxa, mənə bir kətil gətir. Sonrasa bizə  pürrəngi çay dəmlə. 

Qız:

 – Yest!    deyib evə qayıdanda kişi:

 – Bu, mənim sonbeşiyimdir, – dedi, – böyüklər hərəsi bir yana səpələniblər, hələ ki yanımızda qalan bir bu, bir də ki kiçik oğlumdur.

Züleyxa stul gətirdi. Bir azdan samovarda pürrəngi çay da gəldi.

Züleyxanın sarışınlığı və Mordovanın mordovalığı olmasa, elə bilərdim, Azərbaycandayam, səciyyəvi bir azərbaycanlı ailəsindəyəm.

 – Qardaş, sirr deyilsə, Mordova hara, bu saz hara? Hardan gəlib bura düşmüsünüz?  – deyə soruşdum.

Kişi köksünü ötürüb:

 – Uzun məsələdir, – dedi.

 – Əslin hardandır? – yenə soruşdum.

 – Gədəbəy aşığıyam,  – dedi, – amma bəxt məni gətirib Mordovaya çıxartdı. O dağlarımızın həsrətindən burnumun ucu göynəyir. Bayaq sənin bir “heeey” kəlmən o illəri yadıma saldı, elə bildim,  Gədəbəy mahalı gəlib qapının ağzında məni haraylayır...

 – Axı aşığın yolu qonşu kəndlərdən, uzağı, rayondan o yana düşməz, sənin yolun çox uzun olub, – dedim.

 – Çox uzun... – deyib köksünü ötürdü, – kolxozun və bütün Azərbaycanınqabaqcıl aşığı idim. Kommunist partiyasının üzvü olan ilk aşıqlardanam. Lenini, Stalini, Marksı, Engelsi, partiyanı, tarktor-kombaynı tərifləməkdən dilim qabar olmuşdu. Deyirdilər, belə getsə, sazını da partiyaya qəbul edəcəyik... Xülasə, bir gün ilk partiya təşkilatının katibi məni yanına çağırıb dedi:

 – Yoldaş aşıq, sazını bərk köklə, səni Moskvaya aparacağıq,  yoldaş Stalinin qarşısında oxuyacaqsan!

         “Stalinin qarşısında oxuyacaqsan” kəlməsini eşidəndə  dilim-dodağım təpidi, dizlərim əsdi. Odur ki, oradaca sazımı köynəyindən çıxarıb “Yanıq Kərəm” havası üstə böyük rəhbərin eşqinə və nəzərdə tutulan görüşümüzün şərəfinə iki beyt oxudum.

         Aşıq bu yerdə sazı sinəsinə basdı, aldı görək nə dedi:

 

Mən gedirəm, qatar yola düzüldü,

Bu səfərə həsrət idim, yüz ildi.

Aşıq gözüm səni gördü, süzüldü,

İstalinim, elə baxma, belə bax!

 

Sənə görə mən kam aldım dünyadan,

Atamızsan, sən əzizsən atadan.

Marks səmadı, sən günəşsən, Lenin – dan,

İstalinim, aşıq gəldi, belə bax!

 

Söz tamam oldu, kontordan evə gəldim. Axşam çimib, səhər arvad-uşaqla vidalaşıb Bakıya, Bakıdan da Moskvaya gəldim... Gədəbəydəcə öləydim, heç gələn günüm olmayaydı.

       Moskva vağzalında bizi işım-işım işıldayan qara maşınlara oturdub düz Kremlin konsert salonuna gətirdilər. Burada da ətraf par-par parıldayırdı.

          Hər kəsə öz yerini, konsert zamanı çalıb-oxuyanın, oxumayıb oynayanın haradan çıxıb işini bitirdikdən sonra hara girəcəyini dönə-dönə göstərdilər, dönə-dönə məşq etdirdilər, dönə-dönə salıb çıxartdılar.

          Hər addımımızı özümüzə əzbərlətdirdikdən sonra səhnənin sol yanında gül-çiçək içində itib-batan lojadakı  kürsünü göstərib dedilər:

 – Yoldaş Stalin bax burada oturacaqdır.

          Öz-özümə dedim, yoldaş Stalinin ağa kefi harada istəyər, orada oturar, bunlar kimdir ki rəhbərə yer göstərirlər? Sonra gördüm, hamı susub, nə rus, nə gürcü, nə də tacik artistləri Stalinin naminə cınqırlarını da çıxarmırlar, düşündüm, əşşi, mənim nə işim var, gədəbəylinin əysisi onsuz da tüstülüdür... Bəlkə də, rəhbərin özü o yeri bələdləyib. Soruşanda ki harda oturarsınız? – ellər atası qalın bığlarını eşə-eşə qartal baxışlarını zala gəzdirib, deyib, bax oranı mənim üçün saxlayın, orda oturaram! Bəlkə də, bilib, bu gün burada bir aşıq da çıxış edəcək və bunu sazın xətrinə belə edib. Qafqazlı balası yaxşı bilir ki, sazı bacardıqca yaxından dinləməlisən ki, tellərin sızıltısını hiss edəsən, ürəyinin alt qatlarına axıdasan.

         Nə isə... Bizi səhnədən çəkdilər.

         Bir də məni sinəmdə saz səhnəyə buraxanda gördüm, Stalin, doğrudan da, gəlib, bax beləcə, sən qarşımda oturduğum kimi, bayaq göstərdikləri yerdə, səhnənin o başında lojada əyləşib.

          Əvvəlcə gözlərimə inanmadım. Baxıb gördüm, yox, odur ki, var. Amma rəhbər çox fikirli və qayğılı idi. Dedim, bu dəqiqə səni şənləndirərəm. O aşıq nə aşıqdır ki, qəmi dəmə, cəfanı səfaya çevirməsin... qafqazlı balasını burda mənə qədər oxunan hənə-mənə mahnılar dərin düşüncələrdən ayıra bilməz. Sazı sinəmə basdım, bir "Koroğlu cəngisi" çaldım ki, çaldığım özümü də cuşa gətirdi. Beləcə çala-oynaya irəliyə tərəf süzdüm. Hesabımı elə tutmuşdum ki,  rəhbərin lojasına çatan kimi başlayacaqdım. Odur ki, oynaya-oynaya bir neçə dəfə dala-qabağa var-gəl etdikdən sonra lojaya lap yaxınlaşıb üzümü fikirli rəhbərə tutub:

           – Ay heeeeey!.. – deyə bir nərə çəkdim. Stalin silkələndi, səksənən sayağı oldu. Sanki yuxudan ayılmışdı, təəccüb və xof dolu gözlərini üzümə zillədi. Onu dərin xəyaldan ayıra bildiyimi görüb daha da fərəhləndim, mahnımı oxuya-oxuya üzü rəhbərə arxaya tərəf süzdüm.

          Səhnənin əks tərəfindəki pərdəyə çatanda hiss etdim ki, pərdənin arasından bir əl uzanıb xələtimin kəmərindəki qatlaq yerindən yapışdı və məni ehmalca arxaya dartdı. Neyləməli, mən də beləcə çala-çala, dal-dala pərdənin arxasına getdim. Həmin əl məni pərdənin arxasında da buraxmadı, konsert salonundan çıxanda da buraxmadı, Kremlin həyətində də buraxmadı, Qızıl meydanda da buraxmadı... Beləcə quyruğumdan darta-darta məni Mordovaya, gördüyün bu Simusit qəsəbəsinə (o zaman bura düşərgə idi) gətirib çıxardı. Buranın adı da elə buna görə Simusit imiş. Bu sözün "siyasi musiqiçilər düşərgəsi" mənasını verdiyini sonradan öyrəndim.

          Əvvəlcə çox darıxdım.  Sonradan burada bir nəfər yerlimizlə tanış oldum, dərdimizi bölüşürük...

 – O yerlimizi nəyə görə sürgün etmişdilər? – maraqla soruşdum.

 – Yerlimiz deyəndə, gürcüstanlıdır, Kaxeti gürcüsüdür, – dedi.

 – O da Stalini səksəndirib? – yenə soruşdum.

 – Xeyr, – dedi, – gürcü olsa da, o, Stalinin üzünü belə görməyib.

 – Bəs onu niyə siyasi musiqiçilər düşərgəsinə gətiriblər? – üçüncü dəfə soruşdum.

 – Polis fıştırığında dövlət himni çalırmış, bu səs gedib Moskvaya çatıb. Mərkəzdəkilər ip kimi çözələnən səsin ucundan tutub onu geriyə tərəf yığa-yığa bir gecə qəflətən himn çalınan qapısını döyüblər. Gecəykən elə himn çaldıra-çaldıra gətirib bura çıxarıblar. Qonşumdu, üç ev o yanda yaşayır. İnanırsanmı, həmin alətdə himn çalmaq qabiliyyəti hələ də qalır. O qanlı-qadalı illərdə də unutmayıbdı. Sağ olsun, o olmasa, qəriblikdə ürəyim partlayardı. Düzdür, get-gedə bizimkilərin sayı artdı. Ona qədər iki qafqazlı axşamlar oturub gözlərimizi üfüqə zilləyərək dərdləşirdik.

          Sovet İttifaqı dağılanda qaça-qaça yanıma gəldi, məni xəlvətə, evin dalına

çəkdi, üzümə müəmmalı-müəmmalı baxdı, bir müddət susdu. Mən də susdum. Bildim, nəsə vacib bir şey demək istəyir. Birdən cibindən keçmişin yadigarı olan həmin polis fıştırığını çıxardı, əlləri əsə-əsə dodaqlarının arasına qoyub insanın iliyinə işləyən bir himn çaldı. Elə çalırdı, elə çalırdı, elə bil dağılmış, yerlə yeksan olmuş ölkə bu dəqiqə ayağa duracaqdı.

 – Uzun illər ərzində bunu unutmamısanmı? – dedim.

          – Gecələr hamı yatanda xəlvətə çəkilib gizlin-gizlin məşq eləyirdim, – dedi.

           Bu ara darvazacıq açıldı və içəri ağbirçək rus qarısı keçdi.

 – Bu, uşaqların anasıdır, – aşıq bizi tanış etdi.

Qadın əlində iki zənbil (görünür, bazardan gəlirdi) mənə "zdravstvuyte!" deyib evə girdi.

– Adı Nataşadır, – aşıq sözünü davam etdirdi, – sürgünümün ikinci ili idi,    Mordva şəhərində siyasi musiqiçi məhbusların festivalı keçirilirdi. Mən sazımla getmişdim, Nataşa isə öz balalaykası ilə çıxış edirdi. Nataşa o zaman gənc, gözəl və şux idi. Onu səhnədə əlibalalaykalı görəndə bir könüldən min könülə vuruldum. An içində Gədəbəy də yadımdan çıxdı, orada gözü yolda qalan arvad-uşağım da. Elan olunmadan, qeyri-ixtiyari sazı döşümə basıb Nataşanın yanına, səhnəyə qalxmağımla çalıb-oxumağım bir oldu.

          Bu yerdə aşıq sazı yenə də sinəsinə basıb aldı görək nə dedi:

              

          Başına döndüyüm alagöz urus,

          Balalaykanı çal, halımı soruş.

          Mən gədəbəyliyəm, adımdı Novruz,

          Yandırma Novruzu, amandı, ay qız.

        

          Bu gözlənilməz şən hadisə hamının ürəyincə oldu. Sazımı-sözümü gur alqışlarla qarşıladılar.

          Nataşa sözlərimi anlayırmış kimi balalaykanı tər sinəsinə basıb aldı gör nə dedi, tərəfindən ərz eləyim, canımız da sağ olsun:

        

          

          Polyubila parnya ya,

          A paren to, bez oqnya,

          Tı kavkazskiy pojar moy,

          Pover, umru bez tebya.

 

          Festival iştirakçıları yenə cuşa gəldilər. Hər bənddən sonra "Ura!" qışqırıb, fit çalırdılar.

          Sarışın xanımın cavabında telli sazı sinəmə basıb gör nə dedim. – Aşıq Novruz sazı sızladıb o zaman dediyini bir də dedi:

 

          Mən sənə mayılam, ay sarı pəri,

          Arvadım olarsan, olaram ərin.

          Mən sönməz atəşəm, o əğyar sərin,

          Öldürmə Novruzu, amandır, ay qız.

 

Mənə ünvanlanan alqışlar və fit səsləri səngiyəndən sonra Nataşa balalaykasını sinəsinə basıb gör nə dedi. Tərəfindən bir də ərz eləyim:

 

           Milıy moy, da milıy, ço,

           S toboy budet qoryaço,

           Tı dlya menya i Mamed,

           I Karapet, i Katso.

 

Yenə sürəkli alqışlar, fit səsləri. Telli sazı bağrıma basıb səhnədə var-gəl edə-edə üzümü Nataşaya tutub bir bənd də dedim.

          Aşıq o zaman dediyini indi bir də dedi:

 

          Başına döndüyüm Mordova eli,

          Odumu coşdurdu məhəbbət yeli,

          Daha dözəmmirəm, olmuşam dəli,

          Söndürmə Novruzu, amandır, ay qız.

 

Uzun sözün qısası, o dedi, mən dedim. Mən dedim, o dedi, amma mətləbimiz ikimizə də aydın idi. Nataşa sözlərimi anlamasa da, istəyimi nər gözləri kimi yanan gözlərimdən yaxşı oxuyurdu, anlayırdı. Razılığını odumun əksi düşən mavi gözləri ilə verirdi.

Həmin gün o sarışın qızı festival səhnəsindən düşürüb birbaşa evə gətirdim. Bu evin yerində o zaman kiçik bir daxma quraşdırmışdım.

İlk gecə Nataşa köz kimi yanan qoynuma girəndə dodaqlarını qulağımın yanına gətirib pıçıldadı:

         – Biz  sazla balalaykanı evləndirdik, balalarımız da saz-balalyka calağı olacaqlar.

Elə də oldu, altı uşağın üçü qarayanızdır, elə bil indicə Azərbaycandan gəliblər, üçü də anaları kimi sarışındır, xasiyyətləri də, həmçinin, yarıbayarıdır. 

         Mən eşitdiklərim barədə düşünə-düşünə çayın fincanda qalan qurtumunu da hortlatdım:

         – İndi ki qayıtmaq olar, bəs niyə vətənə qayıtmırsız? – soruşdum.

          – İndi vətən buradır. Məni ora ilə bağlayan tellər çoxdan çürüyüb töküldü, əvəzində buraya bağlayan tellər yarandı. Mənim orada hər hansı qapıya düşəcək bir açarım yoxdur. Gədəbəydən çıxdığım qapını çoxdan dəyişmiş olarlar. Dəyişmiş olmasalar da, o qapıdan çıxanda üstümdə açar götürməmişəm, elə bilirdim, mahnı oxuyub üç günə geri qayıdacam. Amma yaxşı demişlər, sən saydığını say, gör fələk nə sayır...

         Araya çökən ani sükutdan sonra:

         – İcazə verin, mən gedim, – deyib ayağa durdum. Aşıq qəmli-qəmli gülümsündü:

         – Bir fincan da çayımızı içəydiniz, – dedi.

         – Sağ olun, yorğunam... Səhər obaşdan yola çıxmalıyam, – dedim.

         Ev sahibinin icazəsini gözləmədən üç pilləkəni düşüb darvazacıqdan çıxdım.

         Sazın qəmli səsi mehmanxananın qapısına qədər arxamca süründü.

 

                        

         NƏZƏRDƏ  TUTULMAYAN  DÖNGƏ

        

Atamın acı taleyi, yəqin, sənə İmir Məmmədlinin “Simusid”indən tanışdır. Yadındadırsa, həmin novellasında İmir Stalinin konsert zamanı  necə səksənməsindən  və atamın, yəni aşıq Novruzun böyük rəhbərin səksənməsinin yeganə canlı səbəbi kimi bu Simusid qəsəbəsinə, daha doğrusu, Sibirə sürgün edilməsindən, burada evlənib məskunlaşmasından yazır.

         Xatırlayırsınızsa, İmir həmin yazısında əslən Gədəbəydən olan aşıq Novruzun Sibirdəki  çoxsaylı külfətindən də bəhs edir. Bax atamın ona dediyi kiçik oğul, yəni yeni yurdda aşığın soy-kökünün davamçısı mənəm.

         Nə başını ağrıdım, haqqında oxuduğun həmin o sürgünlər məskəni Simusid qəsəbəsi mən böyüyüb boya-başa çatanda siyasi sürgünlərin və onların törəmələrinin hesabına artıb ətrafa xeyli qol-budaq atmışdı.

         Keçmiş şura dövlətində elə millət tapılmazdı ki, onun bu qəsəbədə bir-iki sürgünü, ümumi axardan kənara sapanı yaşamasın. Çoxluğu ruslar, xaxollar, latışlar və gürcülər təşkil edirdi. Beş-üç azərbaycanlı, bir o qədər də erməni ailəsi var idi. İndi onların sayı artıb ona, on beşə çatıb.

Açığını deyim, qəsəbəmizin say-seçmə kişilərindən olan azərbaycanlı Əhmədin qızını məktəbdə ikən gözaltılamışdım. Qız məndən iki sinif aşağı oxuyurdu.

Anamız rus olsa da, Gədəbəy havasından mayalanan atam millət barədə, Azərbaycan haqqında, güllü-çiçəkli, qaynar bulaqlı Gədəbəy dağları barədə o qədər danışmışdı ki, daha nə bilim. Aşığın dilinə dil gəlməz, kişinin sözlərinin, çeşidli xatirələrinin təsiri altında əvvəl başdan, hələ lap uşaq ikən qərarlaşdırdım ki, Sibirdə də olsa, yalnız öz millətimin qızı ilə evlənəcəm. Əhməd kişinin qızını məktəbdə görüb, aşıqlar demişkən, dəli-divanə kimi vurulandan sonra bu qərarım lap qətiləşdi. Əhməd əmi əslən gəncəli idi.

Günlərin bir günü qızla tanış oldum. Mən də azərbaycanlı olduğumu dedim.

Dedi, bilirəm, aşıq Novruzun oğlusan.

Dedim, belə qərara gəlmişəm ki, arvad alanda yalnız azərbaycanlı alım.

Qız qızardı, başını aşağı saldı. Dərsdən sonra evə qayıdırdıq.

Bir azdan sükutu pozub dedi, mən də yalnız azərbaycanlıya getmək fikirindəyəm, papam deyir, qızıldan oğlan olsun, azərbaycanlı olmasa, vermərəm.

Araya yenə sükut çökdü.

Bu dəfə sükutu mən pozdum. Dedim, ver sumkanı, aparım.

Dedi, sağ ol, ağır deyil, çərşənbə axşamları dərslərimiz az olur...

Xülasə, qızla beləcə dostlaşdıq, gah məktəbdə görüşdük, gah da məktəbdən kənarda.

         Bir gün gördüm, ətrafımız xeyli xəlvətdi.

         Dedim, səni sevirəm.

         Dinmədi. Başını aşağı saldı. Yanaqları odəfəki kimi qızardı.

         Araya gərgin sükut çökdü. Ayaq səslərimiz apaydın eşidilirdi. Cəsarətimi topladım, sükutu pozub  mənə gələrsənmi? – dedim.

         – Burada səndən başqa kim var, kimə gedim? – dedi.

 

         Doğrudan da, azərbaycanlı uşaqların içərisində nə onun babı var idi, nə də mənim. Hamısı bizdən yaşca da, boyca da balaca idi. Amma qızın bir növ məcburiyyət qarşısında qalıb mənə gəlməyə razılıq verməyi bəndənizi qane etmədi.

         – Azərbaycanda olsaq, mənə gəlməzdinmi?  – deyə soruşdum.

 – Bəs kimə gedəcəkdim?  – qız sualımı sualla qarşıladı.

 – Orda azərbaycanlı oğlan azdı? Məməyeyəndən pəpədeyənə hamısı azərbaycanlıdır, – dedim.

         – Mən başa düşmürəm, – dedi, – kimi nəzərdə tutursan?

         – Məsələn, – dedim, – Polad Bülbüloğluna gedərdin, ya mənə?

 

Azərbaycanlılardan yalnız  Polad Bülbüloğlunun adını eşitmişdim, üzünü (televizorda) görmüşdüm. Odur ki, sevdiyim qızı uşaq qısqanclığı ilə yalnız ona qısqana bilərdim.

         Qız çiyinlərini çəkdi:

         – O məni tanımır, almazdı, – dedi.

 – Yox,  sən de görüm, alsaydı, Polad Bülbüloğluna gedərdin, ya mənə gələrdin?  – höcətliklə soruşdum.

         Qız yenə çiyinlərini çəkdi:

         – Polad Bülbüloğlu məndən böyük olar, – dedi.

         – Demək, yenə də mənə gələrdin? – sevincək səslə soruşdum.

Gəncəli balası dinmədi, amma razılıq əlaməti olaraq başını tərpətdi.

O gündən əhd-peyman etdik, ölsək, Sibir torpağının, qalsaq, bir-birimizin olacağımızı dedik.

         Uzun sözün kəsəsi, orta məktəbi bitirdim, Mordovada instituta girdim. Qız da məktəbi bitirən kimi illərcə ürəyimdə gəzdirdiyim fikrimi açıb atama dedim.

         – O kimin qızıdır? – soruşdu.

         – Yuxarı məhəllədə yaşayan Əhməd var ha...  onun qızıdır, – dedim.

         – Ayə, – dedi, – gəncəli Əhmədimi deyirsən?

         – Bəli, – dedim.

Kişi bir sevinmək sevindi, bir sevinmək sevindi, daha bilmədi, nə desin.

Neçə vaxtdır telinə barmaq dəyməyən sazın köynəyini soyundurdu, basdı sinəsinə, o gün axşama qədər çalıb-oxudu. Dediklərindən bəziləri yadımda qalıb:

 

Mən ala bilmədim öz ellimizi,

Rusa doğuzdurdum, ay bala sizi.

Yuxumda çırpınır Xəzər dənizi,

Azəri qızını al, qadan alım.

 

Bizə lazım deyil nə rus, nə xaxol,

Bala, ermənidən, çalış, uzaq ol.

Gedək, elçi gedək, bizə yaxşı yol,

Azəri qızını al, qadan alım.

 

Qoy qapı-bacada öz qanım gəzsin,

Mənə plov bişirsin, əriştə kəssin.

Yeddi oğul doğsun, hay-küyə dözsün,

Azəri qızını al, qadan alım.

 

Beləcə söz  tamam olunca gün axşam oldu. Səhər atam Əhmədi gördü. Danışdılar, vədələşdilər ki, qışağzı qıza elçi gedək, Gəncədən də qızın qohumları, nəslin ağsaqqalları gəlsin, el adəti ilə “hə” desinlər. Sonra da toy eyləyək, qızı versinlər, gətirək evimizə.

Həmin qışı elə gözlədim, elə gözlədim, heç bir baharı elə gözləməmişdim.

Söz vaxtına çəkər, o gün də Sibir qışının qarlı-şaxtalı bir günü idi. İtləri qoşduq xizəyə. Xonçaları bağladıq. Geyindik, kecindik, bərtəndik. Başımızda bir neçə qohum-simuzar xəzəklərdə oturub əmrimizi səbirsizliklə gözləyən qoşqu itlərini elçilik niyyəti ilə Əhmədin evi olan istuiqamətə hayladıq.

Sanki xizəklərə qoşulan itlər də qəlbimizdəki şadyanalıqdan, Əhmədgildə gedən hazırlıqdan xəbardar idilər, quyruqlarını qaldırıb hürüşə-hürüşə yola ceyran kimi düşdülər.

Bizim evdən Əhmədgilin qapısınadək cəmi on-onbeş dəqiqəlik yol olsa da, mənim gözlərimdə bu məsafə xeyli uzandı. Arada bir “heey” qışqırıb itləri ruhlandırırdım ki, bir az sürətlə getsinlər. Atam sazı da götürmüşdü ki, qızgildən “hə” cavabını alandan sonra çalıb-çağırsın, məclisi şənləndirsin. O, yol boyu da boş durmurdu, itlərin surətinə uyğun "Cəngi" çalırdı. Yəqin, yel kimi gedən itləri bu saz havası da ruhlandırırdı.

Elçilik səfərimizin belə gözəl getdiyi bir məqamda qəflətən, daha doğrusu, tərs kimi qənşərimizə pişik çıxdı. Adam-adama qarğıyanda gərək desin ki, səni görüm elçi gedəndə qarşına pişik çıxsın...

Bilmirəm, mənə kim qarğımışdı.

İtlər ani olaraq duruxdular, sanki gözlərinə inanmadılar, sonra hürüşə-hürüşə pişiyin dalınca elə götürüldülər, az qala sərxoş dayım Vanya xizəkdən aşmışdı.

Köpəklərin başını nə qədər çəkdik, olmadı. Bir an içində hara getdiyimizi də unutdular, bayaqkı şənliyimizi də.

Pişik hayana, itlər də o yana. Hürüşə-mırıldaşa yoldan döndülər, pişiyin ardınca, necə deyərlər, davanbasma, orada yaxınlıqda yerləşən Karapetin həyətinə ildırım sürəti ilə girdilər.

Tərs kimi, darvaza, yəni “kalitka” həmin an qarğa balasının ağzı kimi tayba-tay açıq idi.

Karapetin qızı mənim sinif yoldaşım olmuşdu. Özü də yuxarı siniflərdə, məni əməllicə gözaltılamışdı.  Deyirdi, atamın səndən bərk xoşu gəlir.

Erməni olsa da, bu kişi atamın  dostlarından idi.

Pişik qarşıdakı, hasardan aşan kimi elə bil kimsə xizəyin tormozunu basdı, itlər hasara dirənib mırıldaşa-mırıldaşa dayandılar.

Bizi evin pəncərəsindən görən Karapet sevinə-sevinə qənşərimizə çıxdı. Atamın əlindəki telli sazı görüb buraya nə məqsədlə gəldiyimizi lap yəqinlədi:

         – Buyurun, buyurun!  – təmtəraqlı səslə dedi, – xoş gəlmisiniz, səfa gətirmisiniz! Sizdən əziz kimim gələcək? Gəlin, gəlin, gözüm üstdə yeriniz var!

         Əvvəlcə dayılarım xəzəkdən atıldılar. Onların dalınca atam naçar qalıb düşdü.

         Mənim düşmədiyimi görən atam üzümə tər-tərs baxıb:

         – Düş! – dedi.

Düşdüm.

Karapet əlisazlı, xonçalı qonaqları içəri dəvət etdi. Karapetin arvadı əlhəşirə

düşdü:

         – Niyə əvvəlcədən xəbərdarlıq etmədiniz, ay Novruz, – dedi, – biz də bir az hazırlıq görərdik...

         – Nə hazırlıq?!  Hər şey qaydasındadır... Belə daha yaxşıdır... – atam çar-naçar dilləndi.

         – Buyurun, əyləşin, – Karapet sözə qarışdı, – qızım, Haykanuş, gəl bu xonçaları götür!

         Keçmiş sinif yoldaşım üzündə azca cilovlanmış sevinc təbəssümü yandakı otaqdan çıxdı. Hamıya baş əydi. Mənə mənalı-mənalı gülümsünüb salam verdi və xonçaları götürüb mətbəxə apardı.

         Mən başa düşdüm ki, dayılarım rus olduğundan onlar üçün elə bir fərqi yox idi, Əhmədin qızını alardım, ya Karapetin. Atam isə qəfil fakt qarşısında çarəsiz qalmışdı. Həm də dindar adam olduğundan, bəlkə də, bunu taleyin hökmü kimi qəbul edirdi.

         Atam qapının ağzında yazıq-yazıq durduğumu görüb ayağa qalxdı, ev yiyəsindən üzr istəyib məni bayıra çəkdi:

         – Bu həyatda heç nə elə-belə olmur, – dedi, – tale idi ki, bizi yolumuzdan

döndərib bura gətirdi. Bu kişilərin yanında məni rüsvay eyləmə... Karapetnən duz- çörək kəsmişik... Fələk  ki belə istədi, qoy belə olsun. Haykanuş da pis qız deyil...

– Bəs orda, Əhmədgildə bizi gözləyirlər axı! – təkcə bunu deyə bildim.

         – Biz Allahın yazdığı yazını poza bilmərik, – atam sözümü kəsdi, – neynim, ora gedirdim, amma bəxt məni bura gətirib çıxardı. Cınqırın çıxmasın! Düş qabağıma, kirimiş otur! Allahın əmrinə qarşı çıxsan, xeyir tapmazsan. Yaxşı bil ki, o pişiyi ora fələk göndərdi...

         Dinib-danışmadan atamın qabağına düşüb girdim otağa. Atama süfrənin başında, mənə ayağında yer göstərdilər. Oturduq. Atam:

– Karapet, – deyə sözə başladı, – sən bilirsən niyə gəlmişik, daha doğrusu, biz gəlməmişik...  Allah bizi gətirib... Onsuz da bir qız bir oğlanındı...

          – Hər şeyi bilirəm, – Karapeti sevinc üstələdi, atamın sözünü kəsdi, – Haykanuş sənin oğlun barədə mənə dəfələrlə deyib. Bilirəm, yaxşı gəncdir. Qızım da sizə qurban, evim də. Dost idik, nə deyirəm, indi də olaq qohum.

         – Demək hə, deyirsən?  – atam soruşdu.

         – Əşşi, mən bu işə dünəndən hə demişəm. Bir sazını çal bizi şənləndir –Karapet  gülümsündü, – sözlə dediyimizi  sazla da deyək.

         – Allah mübarək eləsin!

– Qoşa qarısınlar!

          – Bir yastıqda qocalsınlar! – süfrə arxasındakılar bir növ ardıcıllıqla dedilər.

         – Oxu, aşıq Novruz, oxu ömrümdə ən xoşbəxt olan bu günün eşqinə, – Karapet təkrarən dedi.

         – Oxu deyirsiniz, oxuyum, – atam bunu deyib telli sazı basdı sinəsinə, aldı görək nə dedi:

         – Gəl, a balam, heeeeey!

 

Başına döndüyüm Karapet qağa,

Bu gün iki ürək dönübdür dağa.

Oğlum qız istədi, getməm uzağa,

Erməni qızını almağa gəldik.

 

Azərbaycan dilini və mahnısını yaxşı bilən Karapet:

 – Ayə, çal, gör mən nə deyirəm, – dedi.

Aldı Karapet:

 

Novruz, tüpürmərəm saqqala, bığa,

Arvad evə olar dirək, onurğa.

Qızım doğar sizə yeddicə dığa,

Azəri oğluna verirəm qızı.

 

         Karapetin cavabında aldı atam, görək nə dedi:

 

         Nə xaxol istərəm, nə rus, nə gürcü,

         Erməni olsun qoy damımın bürcü.

         Mənə kifayətdir evin bir küncü,

         Erməni qızını almağa gəldik.

 

         Söz bu yerdə tamam oldu. Alışdıq, verişdik. Əhmədin qızı üçün gətirdiyim nişan üzüyünü öz əlimlə Haykanuşun barmağına taxdım. Toy gününü təyin etdik. Xizəyimizə oturub itləri evimizə tərəf hayladıq. Sonra eşitdim, Əhmədgildə elçimizi gözləyiblər... gözləyiblər...

         Gəlmədiyimizi görüb paltarlarını soyunmadan yatıblar. Səhər Haykanuşu nişanladığımızı biləndə sevgilimin qəzəblənən əmisi qızı götürüb Gəncəyə aparıb ki, orada əsli-nəcabəti bəlli olan bir azərbaycanlıya ərə versin.

         Qoy heç kəs heç kimi mühakimə etməsin. Ya qismət, deyib, yola düşəndə kimin qənşərinə nəyin çıxacağını heç kəs əvvəlcədən bilmir.

         Amma, necə deyərlər, ölümdən başqa hər şeyin çarəsi var. Mən də düz yeddi ay, yeddi həftə, yeddi gün, yeddi saat (bu, Haykanuşa nişanlı olduğum müddətdir) düşündüm ki, bu qara pişik nəmənədir, onun məngənəsinə düşüm, məni ömürlük buxovlasın. Odur ki, qara pişiyin qara xətti ilə yazını pozmaq, yəni qara pişiyın ətrafıma çəkdiyi qara cızıqdan çıxmaq fikrinə düşdüm. Düşdüm sözü dilimə gəlmişkən, deyim ki, sübh tezdən yola düşdüm, Simusiddən birbaşa Gəncəyə gəlib Əhmədin qızının izinə düşdüm.

         Qız məni görəndə həm sevindi, həm kədərləndi. Kədərləndiyini nədən bildim? Salamımın cavabında verdiyi sualdan:

          – Haykanuş hanı? – deyə soruşdu.

          – Bir bu boyda yolu o sualı eşitmək üçün qət etməmişəm!  – dedim.

          – Bəs nə üçün qət etmisən?  – dedi.

          – Sənin üçün!  – dedim.

          – Bu gün mənə elçi gələcək, – dedi.

          – Elçidən qabaq mən gəlmişəm, – dedim.

          Dinmədi. Başını aşağı salıb susdu.

          Bir addım irəli atıb əlini əlimə aldım. Yenə dinmədi.

          – Gedək! – dedim. Bu dəfə də dinmədi, amma yanıma düşüb gəldi.   Yaxınlıqda taksi tutub Gədəbəyə yola düşdük. Yasamal dağlarını aşdıq. Taksi düz Gədəbəyin mərkəzinə sürdü. Orada qənşərimizə çıxan ağsaqqaldan Aşıq Novruzun dədə yurdunu soruşduq.  Kişi gözlənilməz suala təəccüblənsə də, bizi düz babalarımın yurduna yönəltdi...

         Evliliyimizdən qırx gün, qırx gecə təzəcə keçmişdi ki, bir axşam Əhmədin qızı mavi gözlərini gözlərimin içinə zillədi.

         ­ – Səndən bir şey soruşacam, soruşmasam ürəyim partlayar, – dedi.

          – İkisini soruş, – dedim.

          – Atamgil sənin elçilərini gözlədiyi gün niyə Karapetgilə getdiniz?  – deyə soruşdu.

         Udqundum. Fikrə getdim. Bilmədim, nə cavab verim.

          – Haykanuşdamı sənin elçini gözləyirdi? – cavabsız sualına bir sual da əlavə etdi.

          – Yox.  – dedim.

          – Bəs niyə ora getdiniz?  – deyə sualını təkrarladı.

          – Biz sizə gəlirdik, – dedim və gərgin pauzadan sonra əlavə etdim, – qarşımıza qara pişik çıxdı, xizəyə qoşduğumuz itlər pişiyin arxasınca cumub yoldan sapdılar, pişik Haykanuşun pişiyi çıxdı...

         Əhmədin qızı rahat nəfəs aldı. Ani sükutdan sonra:

          – O pişiyi görmüşəm, – dedi.

         İndi burdayıq, şükür, nə itdən qorxumuz var, nə də qara pişikdən.

         Amma bir daha deyirəm, "Ya Rəbb" deyib yola düşəndə qismətin insanı hara aparıb çıxaracağını heç kəs əvvəlcədən deyə bilməz.

         Bu müdrik kəlam atamın da dilindən düşmür.      

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

                           

 

                                                        

 

 

Bu gün “Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında sizlərə Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbəsi Gültəkin Məmmədovanın “Xaraba xəyallar” adlı hekayəsi təqdim edilir. Mistik bir hekayədir.

 

Salam, mənim adım Ayladı, 20 yaşım var və universitetdə oxuyuram. Sizə öz hekayəmi danışmaq istəyirəm. Hər şey universitet illərindən başlamışdı. Kənddə böyümüşdüm, birdən-birə şəhərə gəlmiş, orada yeni insanlar, yeni mühitə düşmüşdüm. Oraya adaptasiya olmaq mənim üçün bir az çətin idi, ancaq etməli idik, öyrəşəcəkdik.

Bir gün dərs çıxışı bizim və universitetdəki başqa fakültənin uşaqları bir yerə gedib əylənmək istədilər. İçlərindən bir oğlan mənə: — Ayla, sən də gəl, bir az əylənək, — dedi.

Mən onu tanımırdım, o isə məni adımla səsləyirdi. Digər qızlar isə:— Boşuna ağzınızı yormayın, o gələn deyil, — dedilər.

Sanki içimdən bir şey mənim əvəzimə “yox” demədi, “gəlirəm” dedi. Hamısı “o nə yaxşı, əla” dedilər. Getdik, əyləndik. İlk dəfə idi belə bir ortamda idim.

Mənə gəlməyimi təklif edən həmin oğlan mənə yaxınlaşaraq adının Murad olduğunu dedi və:— Ayla, bura gəlməyinə sevindim, — söylədi.

“Hə, çox qəribə olsa da, çox sağ ol” dedim.

— Ayla sənə demək istəyib də çəkindiyim bir mövzu var, — söylədi.— Buyur, Murad, — dedim.

Məndən xoşu gəldiyini, amma bunu eiraf etməyə indiyədək cəsarət duymadığını bildirdi, əslində universitetdə və universitetdən kənar çox rastlaşdığımızı, kitabxanada, mənim ən sevdiyim balaca, amma sakit bir kafedə də məni gördüyünü dedi. Ən əsası isə, mənim kirayədə qaldığım binanın yanındakı binada qaldığını, lakin mənim ona əsla fikir vermədiyimi söylədi.

Çox qəribə idi. Yəni bu qədər rastlaşmışdıq, ancaq heç fikir verməmişdim deyə bu qədər şeyi bilməsi çox qəribə idi. Heç nə demədim. Gün bitdi, onunla evə bir getdik. Mənə qaldığı binanı göstərdi. O binada qalan bəzi tələbələri tanıyırdım, çünki bəzən bir avtobusla gedib-gəlirdik. Ancaq Muradı ilk dəfə idi görürdüm.

Sağollaşdıq, sabah bir də gedərik deyə danışdıq. Beləcə 1 ay keçdi və artıq məndən bir cavab istədiyini dedi. Mən isə “hə” dedim. Belə-belə daha da yaxınlaşdıq. Bir gedir, bir gəlirdik. Sevdiyim kafedə oturur, mən kitab oxuyur, o isə saatlarla mənə baxırdı.

Amma anlam verə bilmədiyim dərəcədə onun yanında həm xoşbəxt idim, həm də çox qəribə bir hiss var idi içimdə. Xeyir, sevgi deyil, tedirginlik, həyəcan, qorxu hissi kimi… Bəzən elə danışırdı, danışdıqları bütün bədənimə qorxu salırdı. Elə davranırdı, sanki robotdur. Elə baxırdı ki, baxışlarında dərinliyə batırdım, ucu-bucağısız bir bataqlığa.

Ancaq günü-gündən sevgim də çoxalırdı. Artıq onsuz yemək belə yemir, su içmir vəziyyətə gəlmişdim. Hər kəslə bağımı kəsmişdim, valideynlərimlə belə. Sanki hər an hər kəs bizi ayıra, zərər verə bilər deyə.

Tam-tamına 6 ay idi birlikdə idik, amma o 6 ay mənə 6 il kimi gəlirdi…

…Bir gün Murad məni yığıb ailəsi ilə tanış etmək istədiyini dedi. Çox sevinmişdi, razılaşdıq. Səhər məni də götürüb evlərinə getdi.

Şəhəri çıxmışdıq, balaca bir kənd idi. Yollar ala-toranlıq olduğu üçün yolları tam görə bilmirdim. Ancaq yol kənarında yıxılmış bir-iki ağac və köhnəlmiş yol nişanı var idi. Evə çatdıq. Çox gözəl qarşıladılar. Anası, atası, bir də balaca bacısı var idi. Çox gözəl süfrə açmışdılar. Evdən qəribə qoxu gəlirdi, amma “hər evin öz qoxusu olur” deyib yola verdim.

Tanış olduq ailəsi ilə, şən idilər. Bacısı isə qəribə idi, çox əcaib baxırdı mənə. Murada:— Bacın məni xoşlamadı, — dedim.

— Yox, o sadəcə tanımadığı insanlara elə davranır, — dedi.

 

Məntiqli idi, razılaşdım. Artıq gec idi, qalxdıq. Qapı ağzında ayaqqabımı geyərkən anasının ona “az qalıb hər şeyi həll et” dediyini eşitdim.

Gəldi, “gəl, gedək” dedi. Çıxdıq yola.

— Anan nəyə az qalıb dedi? İstəmədən eşitdim, — dedim.

— Heç, məktəbi bitməyinə az qalıb, onu deyir, — dedi.

“Yaxşı” deyib razılaşdım. Evə çatdıq. Sabah mənimlə bir şey danışacağını dedi. “İndi danışaq” dedim. “Sabaha qalsın, rahat danışaq, indi yorğunuq” dedi. Buna da razılaşdım. Çünki mədəm çox pis ağrıyırdı və ürəkbulanma var idi.

Evə getdim və nə yemişdimsə qaytardım. Yerimə uzandım. Səhərə kimi həyəcanla yata bilmədim. Görəsən valideynləri nəsə dedi, məni bəyənmədilər? deyə düşündüm.

Səhər oldu, hər zamankı kafedə görüşdük. Mənə məni necə sevdiyini dedi və “sadəcə bunu demək istəyirdim” dedi. Çox qəribə davranırdı.

— Danış, valideynlərin qoymur? Hə, bəyənmədilər? — soruşdum.

— Elə bir şey olmadı, əksinə, bəyəndilər, evlilik planları qurduqlarını bildirdilər, — dedi.

Üzüm güldü, sevindim, onu qucaqladım və “mən də səni sevirəm” dedim. Vaxt keçirdik, evə getdik, telefonla danışdıq. Məni yığacağını dedi və sağollaşdıq. Gözləyə-gözləyə yuxuya qaldım.

Səhər durdum, yığdım, açmadı. Yazdım, baxmadı. Kirayə qaldığı mənzilə  getdim, orada elə birinin olmadığını dedilər. Donub qaldım. Özümü toparlayıb sağollaşdım. Evə getdim, ürəyim partlayırdı, sıxılırdım. Uşaqlardan soruşdum, inanılmaz bir şey söylədilər, onunla əlaqələri olmadığını, heç tanımadıqlarını, əylənməyə getdiyimiz gün birdən-birə ortaya çıxdığını dedilər.

Şok içində idim. Artıq dözə bilmədim, ala-toran yadımda qalan kəndlərinə getdim. Yenə həmin ağaclar və yol nişanları var idi. Taksi sürücüsü buranın yollarını yaxşı tanıdığını dedi. Əslində biz gələndə yollar yaxşı idi, sanki qazılmışdı indi. Az qaldığın deyib, bir az sürətlə sürməyi xahiş etdim.

— Mən neçə ilin taksisiyəm, burada kənd deyə bir yer yoxdur, qızım, — dedi,— Səhv gəlmisən yəqin.

 

— Yox, əminəm, əminəm, — dedim.

Bir az da getdikdən sonra həmin yerə çatdıq, ancaq kənd deyə bir şey yox idi. Xarabalıq, uçmuş evlər, dağınıq yol və qarşımda bir həftə bundan qabaq oturub yemək yediyim ev torpaq, toz içində, uçuq vəziyyətdə idi. Dünyam başıma yıxıldı. Nə yaşadığımı anladım. Orada huşumu itirdim.

Gözlərimi xəstəxana açdım. Uşaqlar yanımda idi.

— Zəngdə axırıncı bizi yığdığın üçün bizə zəng etdilər, səni xəstəxanaya gətirdiklərini dedilər. Biz də uşaqlara deyib sənin yanına gəldik, — dedilər.

Zəhra söylədi:

-O gün sən bizdən Murad haqqında soruşanda mən məktəbdən bir neçə uşaqla Muradı maraqlandım, hətta bir neçə müəllimlə də. Məktəbdə Murad adında birinin olmadığını dedilər. “Yəqin ki, çox Murad var, səhvlik olub” dedim. Muradı ilk gördüyümüz gün, əyləndiyimiz gecə çəkdirdiyimiz şəkli göstərmək istədim. Ancaq şəkildə Muradın olduğu hissədə üzü aydın görünmürdü, kölgə düşmüşdü. Yenə də göstərdim ancaq şəkildən belə onu tanıyan olmadı zatən şəkildə üz belə düşmürdü.

Xəstəxanadan çıxdıq. Artıq 3–4 gün idi heyatdan soyumuş halda sadəcə yatırdım. Qapı döyüldü, açmadım, ancaq dayanmadan döyüldüyü üçün məcbur açdım. Zəhragil idi.

— Muraddan xəbər var? — soruşdum.

— Yox, amma başqa məlumatımız var, gəl otur, — dedilər.

Oturduq.

— Sənin dediyin kəndə getdik, ancaq dağıntılı bir ərazidən başqa heç nə olmadığından, yaxınlıqdakı 30–35 dəqiqəlik məsafədə olan kəndə gedib məlumat aldıq. Elə bir kəndin olduğunu, lakin həmin kənddə illər öncə yaşanan qəribə hadisələrdən, problemlərdən, ölümlərdən, itkilərdən sonra çox az sayda qalan insanların da oranı tərk etdiyini öyrəndik, — dedilər.

Susqun oturmuşdum. Mən nə yaşamışdım? Murad kim idi? Bunlar nə idi? Mən hara getmişdim? Görüşdüyüm kimlər idi? O balaca qızın mənə niyə elə baxdığını, evin qəribə qoxusunu, yediyim mədəmə ağır düşən dadsız yeməyi, Muradın yanında xoşbəxt olsam da, yenə bilmədiyim o qorxunu indi anlayırdım.

 

Mən yoxdan var yaşamışdım. Mən… mən bu neçə ayda heç yaşamamışdım ki. Onun varlığını inkar edə bilmirdim; çünki bunu görən tək mən deyildim. Amma varlığını sübut edəcək heç bir iz də yox idi. Sadəcə susdum, qəbul etdim. Muradla yaşananlar, onunla qurulan xəyallar, gələcək planları, ailəsi ilə etdiyimiz söhbətlər… Hamısı elə onların xarabalıq kəndi kimi xarabaya döndü, viran qaldı

***

Üstündən illər keçib, amma bəzən hələ də onu hiss edirəm. Yanımda olduğunu, gəldiyini…

Necəmi? O evlərində hiss etdiyim qoxu gəlir burnuma — çox ağır, burun sızladan bir qoxu. Qoxu insanın yaddaşında qalan, zamana tabe olmayan yeganə izdir.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

Bazar ertəsi, 19 Yanvar 2026 09:29

“Maraqlı söhbətlər”də zavallı Laos

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yanvarın 19-dan 20-nə keçən gecə biz işğalçı sovet ordusunun dinc əhalimizi gülləbaran etməsinə şahid olmuşuq. Və bugünkü hüzn günündə elə Maraqlı söhbətlərdə də güllə və mərmilərdən danışacağıq.

 

Dünya tarixində ən çox bombalanan ölkə Laosdur. 9 il ərzində ABŞ Laosa 270 milyon bomba atmışdır ki, bu da Laosu  dünya tarixində ən çox bombalanan ölkəyə çevirmişdir.

 1964-cü ildən 1973-cü ilə qədər ABŞ 580 000 bombalama hücumu zamanı Laosa 2 milyon tondan çox hərbi sursat atmışdır ki, bu da  İkinci Dünya Müharibəsi zamanı Almaniya və Yaponiyanın birlikdə atdığı bombalardan  çoxdur. Başqa sözlə  bir təyyarə 9 il ərzində günün 24 saatında hər 8 dəqiqədən bir bomba atıb. Buna görə də Laos adambaşına düşən göstərici baxımından tarixdə ən çox bombalanan ölkə hesab edilir.

Bombalamalar zamanı bir çox kəndlər dağıldı və yüz minlərlə laoslu mülki vətəndaşları evlərindən qaçmağa məcbur oldu. Atılan bombaların  üçdə birinə qədəri isə partlamamış və bu da Laosu daimi mülki itkilərlə dünyanın ən çox partlamamış sursatla çirklənmiş ölkələrindən birinə çevirmişdir. Bombalanma dayandırıldıqdan bəri həmin partlamamış bombalar nəticəsində 20 000-dən çox insan həlak olub və ya yaralanıb.

Qeyd edək ki, bu müharibənin səbəbi Şimali Vyetnamın təchizat xətti olan “Ho Şi Min” cığırını kəsmək və Laosdakı anti-kommunist qüvvələri dəstəkləmək məqsədi daşıyırdı.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Nazim Hikmət:

“Mən bir ceviz ağacıyam Gülhanə parkında,

Nə sən bunun farkındasan, nə polis farkında...”

Sən bunu bilsəydin, yanıma gələrdin, məni əzizlərdin.

Polis bunu bilsəydi, gəlib tutuqlardı.

2.

Oljas Süleymenov: “Şair gərək Allah qədər gözəl olsun bu dünyada...”

Allah qədər gözəl olan şairləri də Allah özü yaradır.

3.

Tənqidimizdə müqayisələr, assosiasiyalar, digər mədəni xətlərə, istiqamətlərə keçid, təəssüf ki, yoxdur. Hansısa bədii əsər hansısa musiqi parçası ilə müqayisə olunubmu?! Hansısa rəsm nümunəsi ilə necə? Ya memarlıq abidəsi ilə? Olunmayıb! Bütöv mədəni hadisəni bizim tənqidçilər görə bilmir. Mən hələ digər ölkə ədəbiyyatlarındakı oxşar kontekstləri demirəm. Yazarkən yalnız bir əsərdən danışan tənqidçi korridada ancaq qırmızı rəngə reaksiya verən öküz kimidir. Bu müqayisədən incimək lazım deyil. Hərdən Baş Allah Zevs də öküz cildində zühur edirdi.

4.

Homerdə və Dədə Qorqudda savaş səhnələri. Biri geniş təfərrüat nümayiş etdirir, ölən və öldürən qəhrəmanların ailə üzvlərinə qədər informasiya verir - bu, Homerdir. O biri tələsir, ixtisarlar edir - bu, Dədə Qorquddur. Biri tam olaraq qeyri-səlis məntiqlə hərəkət edir, təqribi təsvirlər edir - bu, Dədə Qorquddur. O biri qeyri-səlis məntiqi aradan götürməyə, reallığı tam olaraq əks etməyə çalışır. Bu da Homerdir. Əlbəttə ki, Aristotel qeyri-səlis düşüncə ilə dünyaya baxa bilməzdi. Ona tanış olan bədii model səlis düşüncə modeli idi.

5.

Borxesin bir gözəl hekayəsi var. Adı belədir: “Funes - yaddaşın möcüzəsi”. Funes 24 saat ərzində ətrafında nə baş verirsə, hər şeyi yaddaşına yaza bilir. Bütün təfərrüatları ifadə edir. Onun baxışından heç nə qaçıb gizlənə bilmir.

Biz həyatda belə edə bilmirik. Funes reallığı tam olaraq özü ilə qapayan bir örtüdür (hedcdir). Adi adam bunu edə bilməz. Bizlər reallığı ancaq təqribi, adda-budda, bizə uyğun tərəfdən ifadə edə bilirik. Biz qeyri-səlis məntiqlə yaşayırıq. Səlis məntiqlə Funes kimi yaşamaq mümkün olmazdı.

6.

Qırxayaqdan soruşdular ki, sən hərəkət edən zaman hansı ayağını əvvəl, hansını sonra atırsan? Qırxayaq bir xeyli hərəkətsiz qalıb bu sualın cavabını düşündü. Və daha heç bir hərəkət edə bilmədi.

7.

Hər sirrini sanki tanıdığın bu qoca və hiyləgər dünya haqqında “artıq məni heç nə ilə aldada bilməzsən” düşündüyün zaman ən sonunda gözlənilmədən qəfil bir eşqə mübtəla olursan və... sevirsən. Deməli, yenidən aldanırsan.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi nasir Xiyavda yaşayan Qafur İmamzadədir.

 

Qəfur İmamizadə

Xiyav

 

 

QIRMIZIM

 

Uşaqların dördü də ayağa durdu. Mən arxalarında oturub özümü gizlətdim. Həsən beçəni iyirmi metr qabaqda əlində tutmuşdu. Afşinin işarəsi ilə boşladı. Beçəni çağırmaq üçün fit çaldım. Səsimi eşidincə uzun qırmızı boynunu yan-yörəsində gəzdirdi. İlk dönə idi səsimi eşidirdi, özümü görmürdü. Yavaş-yavaş səsə doğru gəlincə adını da çağırdım:

- Qırmızı, Qırmızım!

Haradan olsa gəzib məni tapacağını bilirdim. Boynunun tükü biz-biz olmuş, ürkmüşdü. Afşin dedi:

- Bir zərrə özünü göstərsən uduzubsan ha...

Yenə fit çaldım. Addım-addım səsimi izləyirdi. Üç metrliyimə çatdı. Çürük Nadirin ayaqlarının arasından başımı gördü. Dövr vurub mənə tərəf qaçdı. Üstümə atıldı. Qucağıma alıb pipiyindən öpdüm. Günəşin işığı altında parlayan uzun qırmızı tüklərini sığalladım. Çürük Nadirə tərəf əlimi uzatdım:

- Çöplə gəlsin görək pulu, bir də sən olasan mənnən şərt vurmayasan.

Həsən araya girdi:

- Mənnən də şərt vurursan? – dedi. – Döyüşdürək, beş dəyqəyəcən lar xoruzumun qabağında dura bilsə sən udubsan.

- Yox – dedim. – Hələ bu doqquz aylıqdır. Qoy yekəlsin, deyərəm əmin kənddə nə satır. – deyə uzaqlaşdığımda tər bükük minliyi cibimə basırdım.

Nadir arıq qara gədə idi. Həmişə əlinin içi tərli olurdu. Bu adı bilmirəm kim, haçan üstünə qoymuşdu, bəlkə ona görə idi ki, cibində olan hər şey əzik-büzük idi. Elə bu tərli əllərlə idi məhəllədəki uşaqların hamısını qıdamışdı[1]. Bu il bayramda yığdığım bayramlığın hamısını gül-puçla[2]  bajeldə[3] udmuşdu. Bir aya qədər gədəni görəndə istəyirdim xirtdəyindən yapışıb boğum. O şax pulların hamısı indi çürük ciblərində kifsimişdi. Axırda da burama[4] verdi; gül-puç oynayanda yarıcan bir eşşəkarısını qanadından yapışıb gül yerinə ovucuna qoydum. Əlini yumanda elə vəngildədi ki, böyük qardaşı Qadir höyüllü-höyüllü qapılarını açıb eşiyə çıxdı. Qorxumdan qaçıb evimizə təpildim. İki qardaş gəlib daş qalmadı çırpdılar qapımıza.

Evdə Rza hirslə üzümə baxdı:

- Genə çöldə birinən boğuşubsan hə? Köpəyin gedəsi, sənin hesabıvı əlivə verərəm.

Hələ biçə-biçə[5] durub həyət qapısına getdi. Qapını açcaq həmən ağına-bozuna baxmadan iki qardaş üstünə yumuldular. Durub qorxa-qorxa baxmaq, sonra da Rzanın hirsli-hirsli gəlib mən ilə hesablaşmağını güdməkdən başqa əlimdən heç iş gəlmirdi. Qonşular həyətə tökülüb aralaşdırdılar. Rzanın burnundan qan axırdı. Köynəyinin üzərində Şatır Əhmədin aralayanda unlu əllərinin izləri qalmışdı. Ara boşaldı. Rza həyət qapısını bağladı. Pillələrdən üstə çıxarkən tələsik addımlarının guppultusu otağa doldu. Nənəm evdə yox idi, bacımın ətəyinə sarıldım.

Nənəmgil gələnə qədər işini qurtarıb zirzəmiyə getmişdi. Onlardan yediyinin neçə qatını mənə yedirtdi. Bilirdim zirzəmidə siqaret çəkir.

Axşam nənəm köynəyimi yuxarı çəkib kürəyimdəki çubuğun izlərini gördüyündə ağladı. Ağam hirslənmişdi:

- Ədə səfeh gedə, gəl görüm nə həqqinən uşağı bu günə salıbsan?

Qulağının dibinə bir əfsəri şillə[6] geydirdi. Qalxıb ağamın başına bağırdı:

- Bunnan belə həqqin yoxdu mənə şillə vurasan, bildin? Bu da uşaqdı tərbiyət eləyibsən, indidən düşüb aralıq latlarıynan ayaq olub, sabah da qəşəng qumarbaz olar.

 

Yadıma gələn ilk dönə idi ağamın üzünə dururdu. Lampanın işığı altında üz-üzə durmuşdular. İlk dönə idi Rzanın heykəlini ağamdan uca, səsini isə gur görürdüm. Ağamın səsi titrəyirdi. Ürəyim sıxıldı. Ağzımı açıb bağırdım: "Sən də siqari[7]."

Qorxmasaydım qalanın da deyəcəkdim: "Qızbaz."

Sabahısı gün idi atam məni sevindirsin deyə əlini çiynimə qoydu:

- Sənə bir qırmızı cəngi xoruz alacıyam – dedi.

Sevindiyimdən qucağına atıldım.

 

Həyətdəki ərik ağacının dibində Çürük Nadirdən udduğum minliyin guşələrini safaldırdım. Qırmızım yavaşdan əlimə dimdik vurdu. Acmışdı, naharını istəyirdi. Pəncərədən anamın səsi gəldi:

- Gedə əgər o xoruzu ləkə salsan, elə bu gün Rzaya deyəciyəm tutub başın kəsə ha... O ləki mən nə zəhmətnən əkmişəm.

Üzü ağacların arasından görsənmirdi, qırmızının üzünə baxdım:

- Eşitdin day nə dedi? Deyir şulux eləsən pıx-pıx eliyəcək. İndi qəşəng uşaqlar kimi otur burda, yerindən dəbərmə, gəlim. Bildin?

Əlimi boğazına aparmışdım. Bilirdi şuxluqlaşıram.

Anam istil kasadakı şorbanı mənə uzadanda üzümə baxdı: Xoruzu ləkə boşlayıb gəldin hə?

- Yox.

- Bə harda?

- Oturub orda, güdür naharın aparam. – dediyimdə başını əyib baxdı:

- Səndən gözüm su içmir. Yekələndə elə qırıq çörəkçidən, aşpazdan zaddan həmən olarsan bala.

Əlimdə şorbanı görcək ayağa durdu. Quyruqdan acığım gəlirdi, əti mən yeyirdim, quyruğu o. Çörəyi doğrayanda bir tikə mənim idi, bir tikə onun. Yekə tikəni udanda, həmişə boynunu əyirdi, gülməyim gəlirdi. Çinədanına əlimi vurdum. Top kimi şişmişdi. Tüksüz yerindən qırmızı damarları görünürdü. Boğazından bir cür yavaş səs çıxdı. Bilirdim təşəkkür eləyir. Əlbəttə mən təşəkkür eləyəcəkdim; Çürük Nadirdən intiqamımı ancaq o ala bilmişdi. Əlimi tüklərinin arasında gəzdirdim.

Arxadan kölgə düşdü:

 - Mundarçı. –  Dönüb baxmaq lazım deyildi. Təkcə Rza idi mənə səbəbsiz söyüş verə bilirdi.

- O əlivi bit-birəli cücəyə vurub, yumamışdan nahar yeyirsən hə?

- Bit-birəli olsaydı cücənin ətini o belə çox istəməzdin.

Üzümü ona doğru çevirəndə günəşin tünd işığı gözlərimi qamaşdırdı.

- Dil demə. Mən cücəni yuyulub bişəndən sonra yeyirəm. Onda mikrobları zadı ölür. Sənin kimi mundarçı deyiləm.

- Onda cücənin özü də ölüb.

- Cərə ölüb, cəhənnəmə ölüb.

Cavab vermədim, təzədən üzümə baxdı:

- Şorbanı cücəyə kasanın içində verdin, ya yerdə?

- Yerdə vermişəm, inanmırsan bax, izi də qalır.

Torpağın üstündəki xırda daşların üstünə yaxılan yağ günün altında işıldayırdı. Barmağımı işıldayan xırda daşa tərəf uzatdım.

- Bə kasada niyə vermədin?

- Onda siz kasadan iyrənərdiz. Sizə görə də olmalı olsa, o işi görmərəm.

- Niyə bə sən özün iyrənmirsən?

- Hər cücədən də iyrənsəm, Qırmızıdan iyrənmərəm. – dedim. – Qırmızı mənim cıqqılı qardaşımdı, adam cıqqılı qardaşından iyrənməz ki.– Az qalmışdı bunu da deyəm.

- Bə qabaq niyə bir dəfə kasada vermişdin?

- Onda bilmirdim siz Qırımızıdan iyrənirsiz. O bir dəfədən sonra heç vaxt verməmişəm.

- Hardan bilim düz deyirsən, ya yox?

Gözləri istil kasanın içinə zillənmişdi.  Nə axtardığını Bilirdim. İçində biraz noxud, bir balaca da yeralma qalırdı.

- Kasanın içinə baxa bilərsən. Əgər bir nişanə görsən, düz deyirsən.

- Sabit eləsəm düz deyirəm, nə qayırarsan?

- Axı düz demirsən?

- Bə kasanı niyə uzaqlaşdırdın?

Susdum. Cavabımı özü bilirdi. Sözünün ardını tutdu:

- Sən bilirsən bu xoruznan nə qədər bizim evə zərbə vurubsan? Bu xoruzun hər gün yediyi vər-vəsayılın[8] pulun cəmləsən bilirsən neçəyə çıxar?

- Mən öz payımdan verirəm.

- Sən öz payından verirsən, ancaq özün ac qalırsan. Əvəzində soyuducunu açıb əlivə gələni ağzıva təpirsən. Yəni bu mundar xoruz sənin ağzınla bizim payımızı yeyir.

Qırmızı böyrümdə gözlərini yumub arxayınlıqla yatmışdı. Sevinirdim ki, dilimizdən baş tapmır.

- Yavaş danış, görmürsən yatıb? – deyə cavab verəcəkdim utanmasaydım.

Deyinməyinin ardını tutdu:

- Xalq bir tikə çörək tapa bilmir, burda bizim xoruzumuz quzu əti yeyir. Sən bilirsən bu pul nə zəhmətnən ələ gəlir?

- Qırmızım ət yemir, quyruq yeyir. Sənin də quyruqdan acığın gəlir, pulu da ağam qazanır. – Decək verdiyim cavabdan peşman oldum.

- Deyəsən ağzıvın nömrəsində danışmırsan hə, pulu ki hədərə verirsən; qab-qaşığı niyə bu mundarın ağzına sürtürsən? Əgər məriz[9]  olsaq, sərətan[10]  tutsaq kimin hesabınadı? Genə dədəmiz xərcin verəcək hə? Onda gərək dava-dərman puluna bu evi də sata; niyə, çünki bir mundar xoruz var imiş, bir də iki qarış boyu olmayan dili uzun gedə ki, göylü istirdi ona qonaqlıq verə. Dədövün pulu olsaydı məni evləndirərdi. Mənim evlənmək vaxtımdır, amma bem-bekar aralıqda dolanıram. Cib pulum da yoxdur, başa düşürsən ya yox?

Səsi daha da ucalmışdı. axırda sözü bura çəkəcəyini bilirdim. Əvvəlcə evlənmək məsələsi, sonra o macəra, biraz sonra da hətmən təhdid ilə o məktubu istəyəcək. Məktubu verməyəcəyimə söz vermişdim. O gündən bəri zirzəmidə alma qutularının altında idi.

 

Əlim titrəyə-titrəyə boş qutuları qovzayıb lap altdakı qutunun içinə qoydum. Sonra da özümü bilməməzliyə vurub Afşingil ilə top oynamaq bəhanəsi ilə küçəyə çıxdım. Oynamaq  bəhanə idi. Fikrimin hamısı zirzəmidən gələn o səsdə qalmışdı. Elə bil boş bir qazanın içinə damcı-damcı su tökürdün. Ardınca da ildırım səsinə oxşar boğuq bir səs gəlirdi. Maraqlı olmuşdum. Yavaş-yavaş zirzəminin girəcəyinə yaxınlaşdım. Pillələrdən aşağı endim. Qutulardan laqqıldama səsi gəlirdi. Üst qutulardan bir-ikisi yerə düşdü. Bir qız səsi gəldi:

- Yavaş, yavaş namərd.

Dalısıcan da boğuq ildırım səsi. Addımlarımı daha da yavaşlatdım. Girəcəkdə durdum. Təlisi aralayıb gözümün birini içəri soxdum. Gözlərimə inana bilmirdim. Hövlümdən pillələrdən atılıb yuxarı çıxdım. Otağa girib qapını qıfılladım. Yorğanın altında üzümü basdırdım. Bir az sonra idi qapının qulpu buruldu:

- Aç qapını Yaşar, mənəm, aç. – Dedi.

Özümü yuxuluğa vurdum. Zirzəminin pillələrindən çıxanda ayaqlarımın səsini eşitdiyindən əmin idim.

- Aç Yaşar, mənəm, Rza.

Səsi mehriban olmuşdu. Qorxa-qorxa durub açdım.

- Bə niyə ağlayıbsan Yaşar, nə olub ki?

- Heç zad, xoruzum məriz olub. – deyəndə bu cavabı hardan çıxardığımı özüm də bilmirdim.

- Bunun ağlamağı yoxdu ki. Mənim bir baytar dostum var; sabah apararıq bir iynə vurar, curlanar. Böyük qardaş bə haçan kara gələr? Hələ mən də dedim bəlkə küçədə zadda uşaqlar səni döyüblər; istirdim gedəm hamısının qulağın kəsəm.

Susdum. Təzədən səsə gəldi.

- Əgər ayrı müşkül zad olsa, de ha mənə.

Dilim açılmırdı.

- Yaxcı, mən gedim üst-başımı çırpım. Aşağıda qutuları curlayanda toz-torpaq oldu.

Deyib otaqdan çıxdı. Həyət qapısının ucadan səsi gələndə bildim ki, evdən eşiyə çıxdı. Qaçıb zirzəmiyə girdim. Məktubu alma qutularının arasına düşdüyü yerdən tapdım. Ağ kağızın üstündə iki ayaqqabı izi qalmışdı. Paketini açdım. Zağ-zağ əsirdim. Əlimin titrəməsi kağızı xışıldadırdı. Məktubu kamil oxuya bilmədim; axır sətri qırmızı qələmlə yazılmışdı.

“Ta eyd bayəd be tore rəsmi ezdevac konim. Aşeqe ba vəfayət, Reza.”[11]

Evlənmək kəlməsi yekə yazılmışdı. Böyründə üç-dörd dənə qırmızı ulduz əlaməti var idi.

Sabahısı gün məktəbimizin qabağını kəsdirmişdi. Qapıdan çıxcaq mənə tərəf gəldi:

- Gəlmişəm gedək baytara.

- Yox, - dedim – xoruzum curlanıb.

- Bə nə tez? Elə bir gündə məriz oldu da, curlandı da?

- Hə, bir gündə məriz oldu da, curlandı da.

 yalan dediyimi bilirdi

- Helə olsun. Yaxcı yadıma düşdü Yaşar, sən zirzəmidə kağızdan-zaddan bir şey tapmayıbsan təzəlikdə?

- Nə kağızı?

Dediyimdə kəkələməyə düşdü:

- Heç, dostlarımdan birinin idi.

- Hansı dostuvun? - dediyimdə əsəbiləşdi.

Dostlarının hamısını tanıdığımı bilirdi.

- Məni sual-cavaba çəkmə. Fəqət bir kəlmə, görübsən ya yox?

Addımlarını tündləşdirdi.

- Yox. – dedim.

- Sözündən əminsən? – deyərkən gözümə baxdı.

- Hə. – dedim.

- Əmin olduğundan da əminsən?

- Hə.

- Məsələsi yoxdur.

Əlimi əlində sıxa-sıxa yeriyirdi. Dalı qalmamaq üçün sürətlə addımlamalı idim.

 

Qırmızım hələ böyrümdə arxayınlıqla yatmışdı. Hərdən Rzanın səsi ucaldıqca gözünü açıb sonra yumurdu. Məlum idi sözümüzdən bir kəlmə də başa düşmür. Rzaya dedim ki:

- Əgər bundan sonra beçəyə şorba verməsəm, müşkülün həll olar?

Gözümün içinə baxdı.

- Özüv o yola vurma.

- Hansı yola.

- Bilirsən onu nə qədər çox istirəm?

Sualını birdən-birə soruşdu. Bilirdim “O”-dan mənzuru zirzəmidə “Yavaş” - deyə çığıran ağ qız idi. Məcbur idim soruşam “Kimi?”

- Məni sarıma, zərərüvədi.

Deyəndə, gözümü alnına zilləmişdim. Alnındakı qırışıqları sayırdım.

- Neynək. Sözümü ayrı cur deyirəm. Ağlıvı yığ başıva. Bəzi şeyləri sən çox istirsən, bəzi şeyləri də mən. Ancaq mən hazıram o çox istədiyim şeylərin yolunda min dənə belə xoruzları qurban kəsəm.

İşarə barmağını Qırmızının başına yaxınlaşdırdı. Qırmızı gözünü açdı, daha yummadı. Elə bil bu dönə sözümüzdən baş tapmışdı.

- Əgər istirsən bu mundar xoruzun diri qala, o məktubu gətir ver mənə. bildin ya bilmədin?

 

- Məktub məndə deyil.

- Əgər səndə deyil, onda hardan bilirsən ki, hansı məktubdan danışıram?

Susmalı idim. Bunu çox yaxşı bilirdim.

- Bu beçəni müxtəlif yollarnan aradan apara bilərəm. Məsələn sən mədrəsədə olanda siçan davasını şorba suyuna batırıb qabağına ata bilərəm. Bilirsən, lam-lam udar. Bilirəm o qədər şorba yeyib ki, iyini neçə metrdən bilir. Ancaq heyifdi, rahat iki kilo əti olar. Ağama zərər vurmaq istəmirəm. Sən olmayanda başın kəsib qoyaram pillənin üstünə, onda nənəm  şorbasını bişirməyə məcbur olacaq, sən də ya ətini yeyəcəksən, ya da ac qalacaqsan.

Sözünə ara verdi. Ucadan gülüb üzümə baxandan sonra ardını tutdu:

- Cücənin başı kəsiləndə bilirsən nə cur olur? Pıçağın iti yeri boğazına dəyməyənəcən cücə hələ bilmir nə ittifaq qərardı düşə. Pıçağı sürtələyəndə əvvəldə hulqumu kəsilir, sonra gedir dərinə, boğazın sümüyünə çatanda xırçıldama səsi gəlir; qan fışqırır. Onda yazıq cücə bilir hər şey qurtarıb. Çabalamaq istəyəndə ayaqlarının üstündəki ayağımnan möhkəm fişar verirəm. Lap axırda boynunun dərisini də qopardıb başını bir tərəfə, bədənini bir tərəfə atıram. Dimdiyi iki-üç dəfə açılıb-yumulur. Ancaq bədəni boş yerə o qədər çalıqlayır ki, axırda yorulur, uzanır. Bir dəfə bir xoruzun başın kəsirdim, başsız bədəni qan axa-axa durub qaçdı. Özümün də rəhmim gəldi. On dəyqəyəcən çalıqladı. Ehtimalən səninki də onlardan olacaq. Əlbəttə sənin beçəvi məxsus mərasimdə kəsəcəyəm. Adaxlılıq gecəmdə qonaqlıq verəndə. Sevgilimin təbii ətdən çox xoşu gəlir.

Sevgilisinin özünün bədəni qeyri-təbii idi. Zirzəmidən boylananda dalısı mənə tərəf idi. Ömrümdə o qədər ağ bədən görməmişdim.

Rəssamlıq dəftərimin  səhifələrindən də ağ idi. Əlimdə qara marker olsaydı bədəninin hər yerini qap-qara eləyərdim. Durub küçəyə qaçdım. Qırmızım da başını qovzayıb arxamca qaçdı. Küçə isti idi. Heç kəs yox idi. Başım üstündə günəşə baxdım. Gözlərim doldu. Gözlərimi yumdum.

Sabah səhər yeməyi yemədim. Anam dedi:

- Neynək, çörək-pənir qoyuram, mədrəsədə yeyərsən.

Qaçıb hinin taxta qapısını açdım. Çoxdan idi yolumu güdürdü. Vurnuxmasından bildim. Qabağına iki ovuc Çürük Nadirin pulu ilə aldığım buğdadan tökdüm.

Əlimi başına çəkib həyət qapısına qaçdım. Dönüb anamdan da Qırmızımdan da xudafizləşdim.

Anam deyirdi:

- Mal-qoyunlar, toyuq-cücələrin başları kəsiləndə ağrı çəkmirlər.

"İnanmıram buna." dedim.  "İmkanı yoxdu ki, əgər ağrı çəkməsələr onda onları vuranda qışqırıb qaçmazlar ki. Bir dənə cücəyə balaca təpik vursan quqquldayıb qaçar; mallar movuldayar; qoyunlar bəyildəyər. Yəni deyirlər vurma, ağrıyır." Üzümə baxıb güldü. "Mənə də böyük babam belə demişdi, ancaq mən sənin kimi fikirləşməmişdim. Əlini boynuma salıb sözünün dalısını tutdu:

- Hələ nə olub ki, belə suallar soruşursan, olmaya öz xoruzundan qorxursan?

- Hə. – dedim.

- Genə Rza bir söz deyib? – deyə soruşduğunda cavabım eyni idi:

- Hə.

- Rza qələt eləyib, hələ vaxtı deyil.

Soruşmadım, soruşa bilmədim haçandı vaxtı.

Məktəbdə müəllimimiz dedi bu cur şeylərə çox fikir verməyəm “Bunlar allahın hekmətidir” – deyə.

- Yanı sizin nəzərizə ağrı çəkirlər ya yox? – deyə soruşdum.

- Mən bir yerdə oxumuşam, bəzi filosoflar deyirlər ağrı çəkmirlər.

- Filosoflar ağa?

- Filosoflar o adamlardırlar ki, hər şeyin üstündə çox fikirləşirlər.

- Nə cur bu nəticəyə çatıblar ağa?

- Bəziləri deyir heyvanların ruhu yoxdur.

- Qəbul eləmirəm. – dedim. – Əgər filosofların bi qırmızı xoruzu olsa, biri gəlib ona daş vursa xoruz səs salıb qaçacaq. Çünki təhlükə hiss eləyib. Çünki ağrı çəkib. Daşın da yeri göyərəcək. Eyni bizim bədənimiz kimi ağa.

Yaxınlaşıb əlini başımda gəzdirdi. Üzümə gülümsəyib dedi:

- Bizim bədənimizin proteini bilirsən ki, ətdən təmin olur.

- Yəni məcburuq ətlərin yeyək?

- Yəni belə yaranmışıq. Əlbəttə sən qırmızı xoruzunkundan yeməyə bilərsən də. – dediyində hamı birdən gülüşdü.

- Allah eliyə bilməzdi bizi ayrı cur yarada?

- Hamımız öləcəyik, Heyvanlar bir cur ölür, İnsanlar ayrı cür; fəqət ölümün növü fərq eləyir. – deyərkən gözümün içinə zilləmişdi gözlərini.

- İnsanlar yüz il, həştad[12] il ömür eləyirlər; heyvanlara bir-iki il də fürsət vermirik. Mənim Qırmızım doqquz aylıqdır ağa.

- İnsan da var bir il, bir ay da ömür eləmir. Qalıb qismətinə. Birinci və ikinci dünya savaşında bilirsən neçə milyon adam öldü?

Bilmirdim. İstəmirdim biləm. Dünya savaşında ölən insanların sayısına görə Qırmızımın başının kəsilib o qızın ağappaq bədəninin içində itməsinə izin verməyəcəkdim.

 

Yolda qərarımı verdim. Evə yetişcək həmən mətbəxə getdim. Anam gil otaqdaydılar. Yekə bıçağı götürsəydim şübhəyə düşərdilər. Meyvə bıçağı ilə imtahan eləyəcəkdim. Otağımın qapısını qıfılladım. Kitab-dəftərlərim tör-tökük otağın ortasına dağılmışdı. Rzanın işi idi. Axırda gəlib buraları da axtaracağını bilirdim. Kitabların üstündə uzanıb bıçağını boğazıma apardım. Ucunu xirtdəyimə sürtdüm. Əllərim titrəyirdi. Biraz daha basdım. Ağrını bir hününün sancması kimi boğazımda hiss elədim. Basqını çoxaltdım. Dərin bir göynərti bədənimin hər yerinə elektrik kimi yayıldı. Xırçıldama səsini duymurdum hələ. Basqını daha da artdırdım. Qışqırmamaq üçün zorla saxlaşdırdım özümü. Dişlərimi sıxdım. Hələ hulqumumu kəsməmiş, ağrıdan ağlamaq üzrə idim. Bıçağı uzaqlaşdırdım. Ucundakı qırmızı qanıma baxdım. İlk damcısının boğazımdan aşağı axdığını hiss elədim. Qorxdum. Rəssamlıq dəftərimdən bir səhifə cırıb qanın üstünə tutdum. Uzanıb ağappaq tavana baxdım. Başı kəsilən hər heyvan ölməmişdən bu ağrının yüz qatını duyur. Əvvəlcə kiçik sancı, sonra ağrı çoxalır, çalıqlayır, axırda ölür. Ölüm dadına yetişir, Ancaq Rza deyirdi on dəqiqə çəkdi canı çıxsın, deyirdi başsız bədən durub qaçdı, bədən bir tərəfdə can verirdi, baş bir tərəfdə.

Boğazımın qanı qurumuşdu. Qanlı kağızı götürdüm, ayrı səhifə cırdım. Tüpürcəklə yerini təmizlədikdən sonra zirzəmiyə qaçdım. Alma qutularını bir-bir götürüb yerə qoydum. Lap alt qutunun altındakı məktubu götürüb köynəyimin altında qarnıma qoydum. Rzanın bu mövqeylərdə harda olduğunu bilirdim. Küçədə işıq dirəyinin yanında siqaret çəkirdi. İlk dönə idi siqaretini məndən gizlətmirdi. Məktubu ona tərəf uzaltdığımda inanılmaz qiyafə ilə üzümə baxdı:

- Afərin, indi oldun qəşəy uşaq, bax, gədə bunu əvvəldən gətirəydin daynan.

Əvvəl paketi cırılmış məktuba, sonra gözümün içinə zillədi gözlərini:

- Məktubu oxuyubsan, hə?

Əsəbi idi.

- Hə. – dedim.

Qaşları düyünləndi:

- Boğazuva nə olub ədə?

- Yıxılmışam. dedim. Genə xoruzumun başın kəsəcəksən?

Gözünü boğazımın kəsilmiş yerinə yaxınlaşdırıb baxmaq istədi. Əlimi üstünə tutdum:

- Kimnən savaşıbsan ədə? – deyərkən boğazımda idi gözləri.

- Mədrəsədə yıxıldım. Genə xoruzumu öldürəcəksən?

- Nə cur oldu yıxıldın, fəqət boğazın kəsildi?

- Bilmirəm.

- Məktuba görə birinə bir söz deməyibsən ki?

- Yox, deməmişəm.

- Sənin xoruzunan hələlik işim yox.

- Haçan olacaq?

Əlini çiynimə qoydu:

- Mənzurum budur ki, mən hələ əsgərliyə gedəcəyəm. İki il əsgərliyim çəkəcək. Ondan sonra iş dalısınca olacıyam, bəlkə tapdım, bəlkə tapmadım, ədə kimdi mənə bu vəziyyətdə qız verə? Onacan da sənin xoruzun qocalıb öləcək.

Siqaretindən bir nəfəs alıb üzümə püflədi.

- Demədin boğazıva nə olub.

- Onda xoruzumnan işin olmuyacaq?

- Yox, hələlik olmayacaq.

Məktubu cibinə qoyub siqaretinın kötüyünü arxın suyuna atdı. Su, kötüyü çırpa-çırpa uzaqlaşdırdı.

Soruşmadım haçan olacaq, soruşa bilmədim. Nahar vaxtı idi. Evə qaçmalı idim, bilirdim Qırmzım acıb, naharını gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

 



[1] Qıdamaq: Ümumiyyətdə pul ilə oynayan oyunda udub qarşı tərəfin pulunu ələ keçirmək anlamındadır.

[2] Gül-puç: Uşaq oyunun adıdır.

[3] Bajel: Uşaq oyunun adıdır.

[4] Xirtdəyə işarə edilərək əda olunan bir sözdür; səbrin aşıb-daşmasına işarə edilən bir atmaca anlamında işlənilir.

[5] Hələ biçmək: Təhdid etmək anlamındadır.

[6] Güney Azərbaycda işlənilənilir. Çox şax və bərk vurulan silləyə aiddir.

[7] Siqaretə adət eləyən şəxsə deyilir.

[8] Əşya anlamındadır. Amma burda yemək kimi işlənilibdir.

 

[9] Xəstə anlamındadır.

[10] Xərçəng xəstəliyi anlamındadır.

[11] Bayram ayına qədər gərək rəsmi təntənə ilə evlənək. Vəfalı sevgilin, Rza. – Farscadır.

[12] Səksən anlamındadır.

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Son vaxtlar bir sual getdikcə daha çox səslənir: “Süni zəka yazırsa, yazıçıya nə ehtiyac var?” Bu sual qorxuludur, amma eyni zamanda düşündürücüdür. Çünki texnologiya inkişaf etdikcə incəsənət də öz yerini yenidən axtarmağa başlayır.

 

Bəzən müəllimlərimiz dərsdə deyir ki, bir gün jurnalistika insan sahəsi olmayacaq. Jurnalistləri robotlar, süni zəka əvəz edəcək. Xəbərləri onlar yazacaq, reportajları onlar hazırlayacaq. Bu fikri tez-tez eşidirik. Amma mən belə düşünmürəm.

Süni zəka şeir yaza, hekayə qura, hətta tablo yarada bilir. Amma onun yazdığı mətnlərdə bir çatışmazlıq var - yaşanmışlıq. Süni zəka ağrını təsvir edə bilər, amma onu hiss etmir. Həsrətdən danışa bilər, amma heç kimi gözləmədın. Məhz bu nöqtədə insanla maşın arasındakı sərhəd aydınlaşır.

Robot yazmağı bacara bilər, amma yaşamağı bacarmır. O, bir qəsəbədə nələrin baş verdiyini həqiqətən bilə bilməz. Çünki robot o qəsəbənin içində yaşamır. Bu küçədə kimin kimi niyə öldürdüyünü, bu evdən kimin niyə qaçdığını, bir insanın niyə gecəyarısı arxasına baxmadan evini tərk etdiyini anlaya bilməz. O, yalnız rəsmi məlumatı görər, statistikaya baxar. Amma hadisənin arxasındakı qorxunu, ağrını, susqunluğu görə bilməz.

Ədəbiyyat və jurnalistika təkcə söz oyunu deyil. Bu sahələr insanın iç dünyasının kağıza köçürülmüş halıdır. Bir müəllif yazarkən öz qorxularını, xatirələrini, itkilərini də yazır. Jurnalist isə hadisəni yox, insanı anlatmağa çalışır. Süni zəka isə yalnız ona öyrədilən məlumatların kombinasiyasını təqdim edir. Orada vicdan yoxdur, peşmanlıq yoxdur, gecə yarısı edilən etiraflar yoxdur.

İncəsənət tarix boyu dəyişib, amma bir şeyi heç vaxt itirməyib insanı. Fırça dəyişib, texnika dəyişib, mövzular dəyişib. Amma əsərin mərkəzində həmişə insan dayanıb. Bu gün də elədir. Süni zəka bir alət ola bilər, amma yaradan ola bilməz.

Bəlkə də qorxmalı deyilik. Əksinə, bu dövr yazıçı və jurnalist üçün yeni bir sınaqdır: daha səmimi olmaq, daha cəsarətli yazmaq, daha “insan” qalmaq. Çünki gələcəkdə bizi texnologiyadan yox, ruhsuzluqdan qoruyan məhz incəsənət və söz

 olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

 

 

Bazar ertəsi, 19 Yanvar 2026 13:04

Arxadan vurulan zərbə — xəyanətin ekran dili

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Bəzən bir film sadəcə incəsənət nümunəsi olmur. O, müəyyən bir dövrün düşüncə tərzini, qorxularını və susdurulmuş həqiqətlərini özündə cəmləyən mənəvi sənədə çevrilir. 1977-ci ildə Xalq yazıçısı Elçinin povesti əsasında rejissor Arif Babayev tərəfindən çəkilmiş “Arxadan vurulan zərbə” filmi də məhz belə ekran əsərlərindəndir. Bu filmə baxarkən tamaşaçı təkcə süjeti izləmir — o, dövrün içində dolaşan etimadsızlıq mühitini hiss edir.

 

Bu ekran işi sovet Azərbaycan kinosunda insan münasibətlərinin qaranlıq tərəfinə yönəlmiş nadir nümunələrdəndir. Burada baş verən hadisələr konkret bir cinayət və ya konflikt ətrafında qurulsa da, filmin əsas sualı daha dərindir: insanı insan edən dəyərlər nə zaman sarsılır?

 

Ən təhlükəli düşmən – içimizdə olan

“Arxadan vurulan zərbə”nin əsas ideya xətti bir həqiqəti üzə çıxarır: insanın ən zəif nöqtəsi onun inamıdır. Qəhrəmanlar açıq təhlükəyə qarşı möhkəmdir, amma dost bildiklərinin içində gizlənən xəyanət qarşısında acizdirlər.

Film açıq şəkildə göstərir ki, düşmən bəzən kənardan gəlmir. O, səninlə eyni masada oturur, eyni sözü deyir, eyni yolu gedir. Və məhz bu yaxınlıq xəyanəti daha dağıdıcı edir. Çünki arxadan vurulan zərbə yalnız bədəni yox, ruhu yaralayır.

Arif Babayev bu məqamları dramatik pafosla yox, düşünülmüş səssizliklə təqdim edir. Kamera uzun-uzadı üzlərdə dayanır, baxışlar danışır, sözlər yarımçıq qalır. Bu sükutun içində tamaşaçı anlayır ki, bəzən həqiqət qışqırmır — o, baxışlarda gizlənir.

 

Psixoloji qat və daxili sarsıntı

Filmdəki gərginlik fiziki qarşıdurmadan çox, daxili toqquşmalardan yaranır. Obrazlar bir-birinə şübhə ilə baxmağa başlayır, etibar parçalanır, insan insana yadlaşır. Bu psixoloji aşınma filmin əsas dramatik yükünü daşıyır.

“Arxadan vurulan zərbə” bu baxımdan təkcə detektiv elementlərə söykənən ekran işi deyil. O, insan psixologiyasının sarsılma anlarını təhlil edən ciddi bədii-publisistik əsərdir. Film göstərir ki, davamlı şübhə mühiti insanı tədricən içindən dağıdır.

 

Dövrün ruhu və gizli mesajlar

Filmi yalnız süjet səviyyəsində oxumaq onu yarımçıq başa düşmək deməkdir. Bu ekran əsəri sovet dövrü cəmiyyətində formalaşmış susqunluq, qorxu və etimadsızlıq mühitinin bədii ifadəsidir. Açıq danışmağın təhlükəli olduğu bir zamanda xəyanət səssiz şəkildə normallaşırdı.

Bu mənada “Arxadan vurulan zərbə” dövrün ruhunu dolayısı ilə ifşa edir. Film birbaşa ittiham etmir, amma hər kadrda bir sual var:

bu mühit insanı buna məcbur edir, yoxsa insan özü bu mühiti yaradır?

 

Bu günlə səsləşən məqamlar

Filmin illər keçməsinə baxmayaraq aktuallığını itirməməsinin səbəbi sadədir: insan münasibətlərinin mexanizmi dəyişməyib. Zaman dəyişir, amma xəyanətin forması yox.

Bu gün də “arxadan vurulan zərbələr” var — fərqli adlarla, fərqli üsullarla. Film tamaşaçını məhz buna görə narahat edir: o, keçmişdən danışsa da, bu günün aynasına çevrilir.

 

Son söz

“Arxadan vurulan zərbə” — bir hadisənin yox, bir düşüncə tərzinin filmidir. O, tamaşaçıya hazır hökmlər təqdim etmir, əksinə onu suallarla baş-başa qoyur.

Bəlkə də filmin ən güclü tərəfi elə budur:

o, bizi başqasını ittiham etməyə yox, öz mövqeyimizi düşünməyə vadar edir.

Çünki arxadan vurulan zərbə həmişə başqasından gəlmir.

Bəzən o, susduğumuz yerdən başlayır.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

21-ci əsr insan cəmiyyəti üçün informasiya yalnız bir ehtiyac deyil, həm də həyatın ayrılmaz hissəsinə çevrilib. Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və məlumat axınının sürətlənməsi ilə gənclər artıq uşaq yaşlarından rəqəmsal mühitlə qarşı-qarşıya qalırlar.

 

Bu mühit imkanlarla yanaşı müəyyən riskləri də daşıyır: saxta xəbərlər, manipulyasiya və şəxsi məlumatların təhlükəsizliyi. Belə bir dövrdə gənclərin media savadlılığı yalnız fərdi inkişaf üçün deyil, həm də cəmiyyətin sağlam informasiyaya çıxışının təmin edilməsi üçün həyati əhəmiyyət daşıyır.

Bu esse çərçivəsində rəqəmsal dövrdə informasiya mühitinin gənclər üçün əhəmiyyəti, media savadlılığının rolu və müasir cəmiyyətin bu məsələyə yanaşması təhlil ediləcək. Məqsəd, gənclərin informasiya məkanında daha məsuliyyətli və fəal iştirakçı olmaları üçün strategiyaların müəyyənləşdirilməsidir.

 

Rəqəmsal mühit və informasiyanın transformasiyası

İnformasiya texnologiyaları XXI əsrdə həyatın hər sahəsinə nüfuz edib. Elektron mediadan sosial şəbəkələrə, video platformalardan interaktiv tətbiqlərə qədər geniş vasitələr mövcuddur. Bu, informasiyanın sürətlə yayılmasını təmin etməklə yanaşı, onun müxtəlif formalarda təqdim olunmasına imkan yaradır. Məsələn, vizual, audio və interaktiv məlumatlar gənclərin diqqətini cəlb edir və təhsil prosesinə yeni imkanlar gətirir.

Lakin informasiya bolluğu müəyyən problemlər də yaradır. Sosial media platformalarında saxta məlumatlar, manipulyativ xəbərlər və qərəzli məzmun sürətlə yayılır. Bu, xüsusilə informasiya savadı aşağı olan gənclər üçün risklidir. Dezinformasiyanın yayılması yalnız fərdi zərərə deyil, cəmiyyətin qərarvermə prosesinə də təsir göstərir.

 

Gənclərin media savadlılığı

Media savadlılığı sadəcə “məlumatı oxuya bilmək” deyil, eyni zamanda onun mənbəyini, doğruluğunu və məqsədini qiymətləndirmək bacarığıdır. Bu bacarıq gənclərin tənqidi düşüncə qabiliyyətini inkişaf etdirir və onların rəqəmsal mühitdə məsuliyyətli iştirakçılar olmalarını təmin edir.

Müasir dövrdə media savadlılığının əsas komponentləri bunlardır:

Mənbələrin tanınması: İnformasiyanın haradan gəldiyini müəyyənləşdirmək və etibarlılığını qiymətləndirmək.

Analitik qabiliyyət: Mətn və görüntülərdə gizli mesajları aşkar etmək, qərəz və manipulyasiyanı tanımaq.

Məlumatın təhlili: Müxtəlif mənbələrdən əldə edilən məlumatları müqayisə etmək və düzgün nəticəyə gəlmək.

Etik istifadə: İnformasiyanı paylaşarkən məsuliyyətli davranmaq və şəxsi məlumatların qorunmasına diqqət yetirmək.

Bu bacarıqlar yalnız məktəbdə deyil, həm də ailə və cəmiyyət səviyyəsində öyrədilməlidir. Azərbaycanda bir çox məktəb və universitetdə media savadlılığı proqramları tətbiq edilir, lakin hələ geniş yayılmayıb və praktik nəticələr daha çox inkişaf etməlidir.

 

Rəqəmsal mühitdə sosial məsuliyyət

Gənclərin media savadlılığının artırılması cəmiyyətin informasiya təhlükəsizliyi baxımından vacibdir. Sosial məsuliyyət yalnız qanunları izləmək deyil, həm də informasiyanın düzgün istifadəsi ilə bağlı daxili normativləri əhatə edir.

Rəqəmsal mühitdə məsuliyyətli davranış aşağıdakı yollarla təşviq edilə bilər:

Təhsil proqramlarının praktik yönümlü olması, layihə və seminarlar vasitəsilə gənclərin real situasiyalarda məlumatı təhlil etməyə alışdırılması.

Media təşkilatlarının etik kodekslərinin təbliği və ictimaiyyətin məlumatlandırılması.

Ailənin və ictimai mühitin rolunun gücləndirilməsi, gənclərə rəqəmsal mühitdə etik davranış nümunələrinin göstərilməsi.

Bu yanaşmalar yalnız fərdi inkişaf üçün deyil, eyni zamanda ölkənin informasiya ekosisteminin sağlam qalması üçün vacibdir. Azərbaycanın müasir dövrdə informasiya siyasətində gənclərin fəal iştirakını təşviq etməsi, rəqəmsal savadlılığın artırılması istiqamətində müsbət addımdır.

 

Qlobal təcrübə və Azərbaycanın perspektivi

Qlobal təcrübədə gənclərin media savadlılığının artırılması istiqamətində bir sıra ölkələr öncülük edir. Estoniya, Finlandiya və Kanada məktəb proqramlarında rəqəmsal etik, media analizi və məlumat təhlükəsizliyi dərsləri öyrədir. Bu proqramlar nəzəri biliklərlə məhdudlaşmır, praktik tapşırıqlarla gəncləri real həyatda qarşılaşa biləcəkləri dezinformasiya risklərinə hazırlayır.

Azərbaycan da bu təcrübələrdən yararlanaraq öz təhsil proqramlarını inkişaf etdirə bilər. Bu, ölkənin rəqəmsal transformasiya strategiyasına uyğundur və gənclərin gələcək peşə həyatına hazırlığını artırır. Əlavə olaraq, milli dəyərlərin, ana dilinin və mədəni irsin qorunması üçün media savadlılığı proqramlarında xüsusi bölmələrin daxil edilməsi vacibdir. Bu, gənclərin yalnız informasiya mühitində deyil, həm də milli və mədəni kimliklərini qorumaqda fəal olmalarını təmin edir.

Rəqəmsal dövrdə informasiya gənclərin həyatında və cəmiyyətin inkişafında mərkəzi rol oynayır. Lakin bu imkanlar məsuliyyət və savadlı istifadə olmadan risklərə çevrilə bilər. Gənclərin media savadlılığının artırılması yalnız təhsil və texnologiya məsələsi deyil, həm də milli inkişaf strategiyasının tərkib hissəsi olmalıdır.

Azərbaycanın təhsil sistemi, dövlət siyasəti və ictimai mühitin bu istiqamətdə fəaliyyəti gənclərin rəqəmsal mühitdə daha məsuliyyətli, tənqidi və etik davranışlar nümayiş etdirmələrini təmin edə bilər. Bu, cəmiyyətin informasiya təhlükəsizliyini gücləndirir və gənclərin gələcək həyatında uğur şansını artırır.

Gələcək nəsillər üçün sağlam informasiya mühiti yaratmaq yalnız texnologiya ilə mümkün deyil; bunun üçün tənqidi düşüncəyə, etik prinsiplərə və milli-mədəni dəyərlərə sahib gənclər formalaşdırmaq vacibdir. Media savadlılığı, bu məqsədə çatmaq üçün ən effektiv vasitələrdən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

Yanvar ayının 16-da Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının və Azərbaycan Dövlər Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "İrəvanda xal qalmadı" - kitab və 3 dildə elektron kitabla daxili və xarici platformalarda təbliğat layihəsi çərçivəsində yazıçı Varisin müəllifi olduğu "İrəvanda xal qalmadı" kitabının növbəti təqdimat mərasimi keçirilib.

 

"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, ADAU-nun akt zalında – 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin elan edildiyi tarixi məkanda baş tutan   tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təqdimatmərasiminini açan ADAU-nun rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhər üzrə nümayəndəsi Zəfər Qurbanov Azərbaycan xalqının qismətinə düşən qaçqınlıq və köçkünlük tarixindən bəhs etmiş, qərbi azərbaycanlıların başlarına gətirilən məşəqqətlərə toxunub, o torpaqlara qayıdışın Azərbaycan xalqının haqq işi olmasını dilə gətirib, Qərbi Azərbaycan kökənli insanların öz dədə-baba yuvalarına qayıtmalarıni necə ürəkdən, şiddətlə arzuladıqlarına diqqət yönəldib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini  Adil Tağıyev bir vaxtlar dağlıq və Aran Qarabağın düşmən əsarətində olduğu vaxtları yada salaraq, 44 günlük zəfər nəticəsində çoxuna röya kimi görünən bir işin Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuz tərəfindən gerçəkləşdiyini söyləyib, əmin olduğunu bildirib ki, indi röya kimi görünən bu məsələ də gerçəkləşəcək, gün gələcək, hər bir qərbi azərbaycanlı öz şəxsi avtomobili ilə öz dədə-baba torpaqlarına gedə biləcək.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, bu cür ədəbi layihələr milli yaddaşın qorunması, tarixi həqiqətlərin cəmiyyətə çatdırılması və ideoloji mövqenin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu bu gün aparılan dövlət siyasətinin və milli ideologiyanın mühüm istiqamətlərindən biridir və “İrəvanda xal qalmadı” sənədli romanı bu baxımdan aktual və dəyərli mənbədir.

Çıxışlarda qeyd edilib ki, bu sayaq kitablar yalnız ədəbi əsər kimi deyil, eyni zamanda tarixi yaddaşın qorunmasına xidmət edən ictimai-siyasi məzmunlu nəşr kimi böyük əhəmiyyət daşıyır. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyinin ədəbiyyat vasitəsilə gündəmdə saxlanılması gələcək nəsillərin milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayır.

Qeyd olunub ki, Varis əsərdə bir xalqın doğma yurd yerlərindən zorla didərgin salınmasının mənəvi və tarixi ağrılarını dolğun şəkildə əks etdirib. Bildirilib ki, kitabın üç dildə elektron formatda hazırlanması onun beynəlxalq auditoriyaya çıxış imkanlarını genişləndirir, Azərbaycan həqiqətlərinin xarici platformalarda yayılmasına və obyektiv beynəlxalq ictimai rəyin formalaşmasına xidmət edir. Bu da müasir informasiya müharibəsi şəraitində mədəniyyət və ədəbiyyatın strateji rolunu bir daha nümayiş etdirir.

Tədbirdə kitabın müəllifi, yazıçı Varis də çıxış edərək "İrəvanda xal qalmadı" əsərinin ərsəyə gəlmə səbəbləri, ideya qaynaqları və əsas məqsədi barədə ətraflı məlumat verib. O bildirib ki, kitab İrəvan xanlığının Rus imperiyası tərəfindən işğalı mövzusunu əsas götürərək Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyinə, itirilmiş yurd yerlərinə və tarixi yaddaşın bərpası zərurətinə həsr olunub. Yazıçı vurğulayıb ki, əsərin yazılmasında əsas niyyət tarixi faktları bədii-publisistik üslubda təqdim etməklə milli yaddaşı diri saxlamaq və bu həqiqətləri gələcək nəsillərə ötürməkdir. Varis qeyd edib ki, "İrəvanda xal qalmadı" təkcə keçmişin təsviri deyil, eyni zamanda Azərbaycan xalqının haqlı tarixi mövqeyinin ədəbi ifadəsidir. Müəllif layihəyə meydan açan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, sənədli romanın məsləhətçisi AMEA Tarix və Etnoqrafiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.

Tədbirin yekununda kitabın müəllifi tərəfindən iştirakçılara "İrəvanda xal qalmadı" kitabının imzalanmış nüsxələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

 

"Ədəbiyyat və incəsənət"

(17.01.2026)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Poeziyası başdan-başa intizar notları ilə pərçimlənmiş, ömrü boyu bir gün bu intizarının bitəcəyi ümidi ilə yaşamış şair Mədinə Gülgün. O, 17 yanvar 1926-cı ildə Bakıda əslən Cənubi Azərbaycandan olan dəmiryol işçisinin ailəsində dünyaya gəlib. Bu gün şairin 100 illiyidir.

 

Həsrət ağrısını, vüsal qəmini 

Ayrılıq oduna yananlar bilər. 

Dənizdə qərq olan tənha gəminin 

Tənha fəryadını ümmanlar bilər. 

 

Mənə söyləməyin, az alışıb-yan, 

İnanın daşı da ağladar hicran. 

Dağların ahıdır o çən, o duman, 

Dağların dərdini dumanlar bilər. 

 

Məni sorğulara tutma sən əbəs, 

Arzumu qəlbimdə, baxışımda gəz. 

Könlümü hər naşı oxuya bilməz, 

Onu dünyagörmüş insanlar bilər.

 

Respublika Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi Mədinə Gülgünün 100 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Bazada Mədinə Gülgünün həyat və fəaliyyətinin əsas məqamları, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlar barədə məlumatlar verilir. Həmçinin məlumat bazasında şairə xanımın müəllifi olduğu, tərcümə və redaktə kitablar, Mədinə Gülgün haqqında qələmə alınan nəşrlər və dövrü mətbuat nümunələri yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada  “Xəzan tanımayan həyat”, “Milli poeziyamızın Mədinə Gülgün zirvəsi”, “Vətənə bənd Mədinə Gülgün”, “Balaşın Mədinəsi” kimi məqalələrin tam mətni təqdim edilir.

Məlumat bazasında “İzomateriallar”, “Notlar”, “Şeirlərinə yazılmış mahnılar” “Foto və videoqalereya” kimi bölmələr də nümayiş olunur.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.