Nazilə Gültac, şair, yazıçı, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün
Şair Namiq Dəlidağlını 30 il olar ki, tanıyıram, şeirlərini, publisistik yazılarını oxuyuram.
Həmişə işgüzar, dostcanlı, bir az da qayğılı görmüşəm onu. Namiq Dəlidağlının bir şəxsiyyət kimi yaradıcılıq müstəvisi, poetik dünyası çox məzmunludur. Qələmə aldığı şeirlər də, publisistik yazıları da obraz və motivlərlə zəngindir.
Ədəbiyyata, sözə bağlı, poetik zəminlərə köklənən bir ömür yaşayır Namiq. Hərdən soruşurlar - ömür yolu hardan başlayır? Namiq kimi qələm adamlarının ömür yolu sözdən, sənətdən başlayır. Ömrünü-gününü, gecəsini-gündüzünü yazıb yaratmağa həsr edən şairin ürəyi vətəni kimi həmişə qübarlı olub. Doğulduğu ulu Kəlbəcərin ecazkar təbiətindən rişələnən şair könlü həmişə ucalıqlara pərvaz edib və etməkdədir.
Onun şeirlərinin çoxu vətənpərvər ruhdadır, şeirlərinin daxilində bir yanğı, hayqırtı gizlənib. Qəlbindəki vətən eşqi uzun illər yandırıb-yaxıb şairin misralarını, vətən həsrətli dərdini.
Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən,
sınıxdığını duydum,
saralan otlarından,
qorxub boynuna
sarılan otlarından.
Şairin içindəki qübarı görməyimizə elə bu misralar bəs edir. 2016-cı ildə qələmə alıb bu şeiri. Adı “Apreldə Vətənə yazılan şeir”dir. Qələbəyə, igid oğullara inam var həm də bu şeirdə.
...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
Onun adı Savaşdı-
Onun adı Qələbə.
Namiq Dəlidağlı həm də təbiətə, yurda bağlı şairdir. Ana vətənin yaralanan təbiəti, dağılan yurd yerləri onun ağrıyan yeri olub.
Bir el künc - bucağa qısılı qalıb,
bir köz yaramıza basılı qalıb,
əlimiz nə vaxtdan uzalı qalıb,
gülü solan, gözü dolan dağlara.
(“Dağlara”)
Bu dərdləri daşıyan şairin artıq üzü gülür, yurdu yağı düşməndən təmizlənib. Bu yolda canını, qanını fəda edən oğullarla öyünür artıq.
Baxıram, qəbirlər sıralanıbdı,
bu cərgə möhkəmdi, bu cərgə mətin.
Düşməni heç zaman öyünə bilməz,
belə şəhidləri olan millətin,
belə igidləri olan millətin!
(“Şəhidlərə”)
Manevr.az saytına da rəhbərlik edir, qələm dostlarının yaradıcılığına güzgü tutur, yayınlayır. Dostlarının uğuruna sevinir, alqışlayır. Daima axtarışdadır bu yorulmaz insan. Ədalətsizliklərə qarşı həmişə sözünü çəkinmədən deyən şair, həqiqətinə, öz qəlbinə söykənib yazıb-yaradır. Dərviş ruhuyla bir yola çıxıb:
Olub - keçəni əynimdən,
gündüz- gecəni əynimdən,
soyunub məni əynimdən ,
özümdən çıxıb gedirəm.
Hər zaman yaltaqlığa, ikiüzlülüyə nifrətini bildirirb Namiq Dəlidağlı. Cılız, saxta adamlara, kürsülərə çıxıb yalandan vədlər verərək, xalqın adından danışanlara qarşı barışmaz mövqedən çıxış edərək, şeirlərində, yazılarında onları hər zaman qamçılayır. Bu da Namiqin bir fərd olaraq, vətəndaş mövqeyindən irəli gəlir.
Sus, danışma,
yekə başını və
yekə qarnını sürü düşürt o kürsüdən,
Cılız adam (yekə adam)...
Yurd göynərtisi,
yurddaş dərdi – bunlar ki,
sənlik deyil...
(“Cılız adam”)
Şair bildirir ki, uca kürsülərə insanlığı qaldırmaq lazımdır. Çünki, hər bir şeyin fövqündə ilk olaraq insanlıq və insaniyyətlilik dayanır. Yaşantılardan doğan reallıqlar şeirlərinin ana xəttini təşkil edir. Gördüklərini şeir dilində yazaraq, onlara yeni bir ruh verir, poetik ahəng qatır.
Kəpənək sevgisini ən ilahi eşqə bənzədərək, eşqin zirvəsinə can atır.
Bir çimdik canınla
Necə sevirsən
bu qədər gülləri,
çiçəkləri sən?
Necə qanın qaynayır
sənin gülə-çiçəyə,
sənin ki, qanın yoxdur,
qansız da sevgi olar?
...Mənim qanım olsa da,
Sənin kimi sevmədim nə gülü,
nə çiçəyi, nə də ki, adamları...
Sənin sevgin dünyada
ən ilahi bir eşqdir
O, burada özünə yalan danışır. Hiss olunur ki, özü də ruhən divanə şairdir, eşqin varlığına səcdədə yaşayır.
Ağrı-acıdan siyirlib, gözəl ideyaların fövqünə yüksəlmək, daima irəliyə, sabaha ümid dolu bir yüklə qədəm qoymaq hər ürəyin işi deyil. O ürək Namiq Dəlidağlıda var. Ürəyi ilə yola getməyən Namiq Dəlidağlıda.
Səni qınamıram, səni ürəyim,
dəmir deyilsən ki, daş deyilsən ki?!
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!...
Üstündən bir qoşun dərd ötürmüşəm:
vaxtsız ata dərdi, torpaq itkisi.
Dizini qırmağa bəs elədi, bəs-
adını çəkdiyim dərdin iksi...
...Ağrı yetişdikcə göynəyir sinə,
kədər şirin - şirin yeyir ürəyi.
Hərdən də təsəlli verirlər mənə-
xəstə olmalıdır şair ürəyi.
İstedadlı şair Namiq Dəlidağlı və onun yaradıcılığı haqqında çox söz demək olar, çünki o, buna layiqdir. Üzümü şair qardaşıma tutub deyirəm, - ürəyini qoru, o bir şair ürəyidir.
Namiq Dəlidağlı ömrünün yetkinlik çağındadır. Ona gözəl günlər, şəxsi həyatında, ədəbi fəaliyyətində uğurlar, sevinclər arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)