İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İndi bizim üçün Cənubi Azərbaycan – Vətənimizin güneyi ilə bağlı hər bir mövzu çox maraqlıdır, diqqətçəkəndir.
XX əsr Cənubi Azərbaycan ədəbiyyatının tanınan nümayəndələrindən biri şair, tərcüməçi, naşir, folklorşünas alim Məhəmmədəli Fərzanənin bu gün doğum günü – anadan olmasının 103-cü ildönümüdür. O, Şimali Azərbaycanda gedən ədəbi-mədəni prosesləri yaxından izləyib, müxtəlif nəşr layihələri həyata keçirib.
Fərzanə çox bilikli, məlumatlı insan deməkdir. 1923-cü ilin 17 yanvar günündə Təbrizin Çayqırağı məhəlləsində, çoxuşaqlı əməkçi ailəsində dünyaya gəlib… O, ilk təhsilini fars dilində alıb. Mədrəsədə oxuduğu illərdə ana dilində oxumağa və yazmağa da həvəs göstərib. Xüsusən, XVII yüzillikdə yaşamış Əlican Qövsi Təbrizinin yaradıcılığına böyük maraq göstərib.
Gənclik illərində hətta “Qövsi” təxəllüsü ilə şeirlər də yazmağa başlayıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabxanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib.
Çobanilər nəslindən olan sinədəftər anasının layla və oxşamaları, əfsanə, nağıl və dastanları onun ilk məktəbi, yaradıcılığının ilham qaynağı olub. Özünün söylədiyinə görə, anası elm və təhsildən, məktəb və kitablardan uzaq bir kənd qızı olduğu halda, sinəsi sanki zəngin xəzinə olub.
Xalq dastanlarını, əfsanə və nağılları, xalq mahnılarını, lətifə və tapmacaları ürəyəyatan, tutumlu səslə, avazla övladlarına söyləyən bu cəfakeş insan heç özü də bilmədən onların dünyagörüşünü formalaşdırıb, ana dili, folklor və şifahi xalq inciləri ruhunda kökləyib...
Mənəvi dünyasının zənginliyinə və bu zənginliyin açdığı cığırla gedərək həyatda, ədəbi aləmdə önəmli mövqe tutmasına görə anasına son nəfəsinədək minnətdar olan Məhəmmədəli Fərzanə bu fədakar insanı şükranlıq duyğusu ilə xatırlayıb. Senet.az saytı qeyd edir ki, xatirədə yazılıb ki:
Anam ağır yaşayışımızdan, çətin gün-güzərandan bəzən bezikərdi. Bu üzüntüləri oxuduğu bayatı, ağı, xalq mahnılarına da çökərdi… Biz onun kədərli səslə oxuduğu belə nəğmə və bayatıları kənddə yaşayan qohum-əqrəbasından, ailə üzvlərindən gözlənilməz, qəfil xəbərlər alanda da eşidərdik. Bəzən ondan soruşardım ki, bu qədər sözü-söhbəti sən haradan, kimdən öyrənmisən? Mənalı-mənalı baxar və deyərdi:
Açdım, açdım gül oldum,
Boy atdım sünbül oldum.
Bir dilbilməz quş idim,
Oxudum bülbül oldum.
Bəli, bütün təhsilimi fars dilində aldığım halda, anamdan öyrəndiyim folklor inciləri məndə lap kiçik yaşlarımdan ana dilimizə dərin sevgi və maraq oyadıb.
Bu sevgi sonrakı illərdə Fərzanənin təhsil aldığı pedaqoji mədrəsədə, camaat arasında, əmək müəssisələrində, karxanalarda öyrəndiyi yeni-yeni atmaca, tampaca, lətifə və xalq mahnıları ilə daha da dərinləşib, bütün ruhunu çulğayıb.
Kitabxanada işləyərkən üstündə "məhv ediləcək kitablar" yazılan bağlama tapıb. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub.
Və əlbəttə ki, kitablar xilas edilib.
Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M. Ə. Qövsi" təxəllüsü ilə çıxış edib.
İlk əsərləri olan "Füzuli lirikasına bir baxış" və "Divani-lüğət-it-türk" əsərində atalar sözü və məsəllər" məqalələri "Vətən yolunda" qəzetində çap olunub. Bu qəzetin redaksiyasında yaradılmış "Şairlər məclisi"-nin üzvü olub. Azərbaycan Milli Hökuməti dövründə bir il ərzində ana dilində 40-a yaxın elmi-publisistik məqalə çap etdirib və folklor nümunələri eləcə də ədəbiyyat tariximizə dair materiallar toplayıb.
1964-cü ildə "Bayatılar" və iki cildlik "Azərbaycan dilinin qrammatikası" kitabları nəşr edilib. 1977-ci ildə qardaşı Yusiflə birlikdə "Fərzanə" nəşriyyat evi yaradıb. Burada 50-dən artıq dərslik, ədəbiyyat və tarix kitabları, o cümlədən milli hökumət dövründə özünün yazdığı "Ədəbi qiraət" adlı dərsliyi, M. Ə. Sabirin "Hophopnamə"si, üçcildlik "Klassik şeirlərdən seçmələr", "Səməd Vurğun", Ə. Babayevanın "Haradasan, dost, harada?" bu nəşriyyatda çap olunub.
1979-cu ildən nəşr olunan Varlıq jurnalının heyətinin ilk üzvlərindən olub və daim bu jurnal üçün məqalələr yazıb. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub.
Nəşr olunmuş kitabları
- Məqalələr
- Bayatılar
- Dədəmin kitabı
- Təmsillər və məsəllər
- Azərbaycan el sözlərı
- Azərbaycan el mahnıları
- Azərbaycan uşaq folkloru
- Molla Nəsrəddin lətifələri
- Azərbaycan aşıqları antologiyası
- Mirzə Baqir Hacizadədən çap olunmuş xatirələr
- Ana dilimiz və milli varlığımız haqqında xatirələr
Fars dilinə tərcümələri
- Rəsul Rzanın şerlərinin farsca tərcüməsi
- Gozidehayi əz Təranehaye (tərcümə) (farsca)
- Azərbaycan dilinin qirameri (qrammatikası)
- Şəhriyar və Heydər Baba (farsca)
- Torkane Parsiquy (farsca şeir yazmış türk şairlərinin antologiyası) (farsca)
Gərgin fəaliyyətdən səhhətində problemlər yaranan M.Fərzanə müalicə üçün bir müddət Almaniyada, sonra İsveçdə yaşamalı olub. 7 yanvar 2006-cı ildə vəfat edib, vəsiyyətinə əsasən, Təbrizdə dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.01.2026)


