Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, MM Mədəniyyət Komitəsinin üzvü
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkənin uzunmüddətli mədəni inkişaf strategiyasını müəyyən edən mühüm sənəddir. Bu Konsepsiyanın əhəmiyyəti bir neçə əsas istiqamətdə ifadə olunur. Mən bu yazımda qısaca olaraq həmin istiqamətlərə toxunmaq istəyirəm.
Öncə milli-mənəvi dəyərlərin qorunması və davamlılığı məsələsinə toxunaq. Konsepsiya Azərbaycan xalqının tarixi-mədəni irsinin, milli kimliyinin və mənəvi dəyərlərinin qorunmasını dövlət siyasətinin prioriteti kimi təsbit edir. Qloballaşma şəraitində milli mədəniyyətin assimilyasiyadan qorunması və gələcək nəsillərə ötürülməsi baxımından bu sənəd strateji əhəmiyyət daşıyır.
Mədəniyyətin dövlət inkişafında aparıcı rolunun tanınması toxunmaq istədiyim ikinci istiqamətdir. “Azərbaycan Mədəniyyəti – 2040” mədəniyyəti yalnız estetik və yaradıcı sahə kimi deyil, ictimai-siyasi, sosial və iqtisadi inkişafın vacib tərkib hissəsi kimi təqdim edir. Bu yanaşma mədəniyyətin milli təhlükəsizlik, vətəndaş həmrəyliyi və sosial sabitliklə birbaşa bağlı olduğunu göstərir.
Mədəniyyətin müasir çağırışlara uyğunlaşdırılması “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının digər diqqətçəkən cəhətidir. Konsepsiya rəqəmsallaşma, innovasiya və yeni texnologiyaların mədəniyyət sahəsinə inteqrasiyasını nəzərdə tutur.
Bu isə həm mədəni irsin rəqəmsal qorunması, həm müasir mədəni məhsulların yaradılması, həm gənclərin mədəni proseslərə daha fəal cəlb olunması kimi vacib hədəfləri reallaşdırmağa imkan verir.
Sənədin mühüm əhəmiyyətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda mədəni irsin bərpası və yenidən canlandırılmasıdır. Bu, təkcə dağıdılmış abidələrin bərpası deyil, həm də həmin ərazilərin yenidən Azərbaycanın mədəni həyatına inteqrasiyası deməkdir.
Beynəlxalq mədəni inteqrasiya və “yumşaq güc” siyasətini özündə ehtiva etməsi isə səhədin növbəti diqqətşəkən tərəfidir. Konsepsiya Azərbaycanın dünya mədəniyyət məkanında mövqeyinin möhkəmləndirilməsini, mədəni diplomatiyanın gücləndirilməsini və ölkənin beynəlxalq imicinin formalaşmasında mədəniyyətin rolunu artırmağı hədəfləyir. Bu, Azərbaycanın multikultural və tolerant ölkə kimi tanıdılmasına xidmət edir.
Heç şübhəsiz ki, mədəniyyət deyəndə, sovet ideologiyasının ənənəvi yanaşmasının təzadları hələ də özünü göstərməkdədir. Bu sahə sırf dövlət himayəsində olan qeyri rentabelli sahə kimi qələmə verilir. Halbuki dünyada mədəniyyətin bir çox sahələri, xüsusən kino, musiqi və ədəbiyyat böyük gəlir gətirən sahələr kimi fərqlənirlər. Məhz bu neqativ yanaşmanı, qeyri adekvat düşüncə tərzini nəzərə alsaq, konsepsiyanın yaradıcılıq industriyalarının inkişafına yönəli direktivləri, əlbəttə ki, olduqca əhəmiyyətlidir.
“Azərbaycan Mədəniyyəti – 2040” yaradıcılıq industriyalarını (kino, musiqi, dizayn, nəşriyyat, mədəni turizm və s.) iqtisadi dəyər yaradan sahələr kimi ön plana çıxarır. Bu isə mədəniyyətin iqtisadi potensialının reallaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.
Fikirlərimizi yekunlaşdırsaq, ümumilikdə, “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasımilli kimliyin qorunması,mədəniyyətin müasir inkişaf modeli,postmünaqişə dövründə mədəni dirçəliş,beynəlxalq nüfuzun artırılması
baxımından strateji yol xəritəsi rolunu oynayır.
Bu sənəd Azərbaycanın mədəni inkişafının gələcək onilliklər üçün sistemli, məqsədyönlü və davamlı şəkildə qurulmasına xidmət edir. Və bu da mədəniyyətlə bağlı hər bir insana sevinc gətirir, onda gələcəklə bağlı pozitiv fikirlər formalaşdırır.
“Ədəbiyyat və incəsənət”
(17.01.2026)


